Daxilinizdən gələn səsə qulaq asın
‘Qanuna malik olmayan qeyri-yəhudilər təbiətən Qanuna əməl edirlər’ (ROMALILARA 2:14).
1, 2. a) Bir çoxları başqaları naminə nə etmişlər? b) Başqalarına göstərilən qayğıya dair Müqəddəs Kitabda hansı nümunələr var?
METRONUN platformasında 20 yaşlı gənc oğlanın epilepsiya tutması baş verdi və o, relslərin üstünə yıxıldı. Orada dayananlardan bir nəfər qızlarının əlini buraxıb aşağı tullandı, oğlanı relslərin arasına saldı və özü də onun üstünə uzandı. Bu zaman yaxınlaşan qatar güc-bəla ilə tormoz verərək düz onların üstündə dayandı. Bəlkə də kimlərsə onu qəhrəman adlandırardı, o isə demişdi: «Hər birimiz düz olan şeyləri etməliyik. Mən bunu şan-şöhrət, ad qazanmaq üçün deyil, xeyirxahlıqdan irəli gələrək etdim».
2 Yəqin siz də başqalarına kömək etmək üçün özünü təhlükəyə atan adamlar tanıyırsınız. Məsələn, çoxları İkinci Dünya müharibəsi zamanı yad adamları gizlədərək, həyatlarını təhlükəyə atmışlar. Həvari Pavelin 275 nəfərlə bir yerdə Siciliya yaxınlığında Maltada düşdükləri gəmi qəzasını da yadınıza salın. Yerli əhali «qeyri-adi bir insanpərvərlik» göstərərək qəriblərin köməyinə çatdı (Həvarilərin işləri 27:27–28:2). Yaxud da israilli qızı götürək. Düzdür, bəlkə də o, həyatını təhlükəyə atmamışdı, ancaq onu əsir tutan suriyalının xeyirxahlıqla qayğısına qalmışdı (2 Padşahlar 5:1-4). Həmçinin İsanın xeyirxah samariyalı haqqında məşhur məsəli üzərində düşünün. Kahin və levili yarı ölü vəziyyətində olan yəhudinin yanından düz keçsə də, samariyalı ona kömək etmək üçün yolundan qaldı. Bu məsəl əsrlər boyudur ki, bütün mədəniyyətlərdən olan insanların ürəyini riqqətə gətirir (Luka 10:29-37).
3, 4. Fədakarlığın belə çox insanlara xas olması təkamül nəzəriyyəsi haqqında nə deyir?
3 Düzdür, biz çoxlarının ‘rəhmsiz, yaxşılığın düşməni’ olduğu ‘çətin anlarda’ yaşayırıq (2 Timoteyə 3:1-3). Ancaq buna baxmayaraq, hələ də xeyirxah hərəkətlərin, o cümlədən, özümüzə qarşı edilən xeyirxahlığın şahidi olmuruqmu? Hətta özünü təhlükəyə atmaq bahasına olsa belə, insanlara kömək etmək istəyi o qədər təbiidir ki, bə’ziləri onu «insanlıq» adlandırırlar.
4 Öz zərəri bahasına belə kömək etmək istəyi bütün irqlərdə, mədəniyyətlərdə müşahidə olunur və bu, insanların, təkamül nəticəsində heyvanlardan yaranması iddiasına ziddir. Birləşmiş Ştatların insan genomunu (DNT) oxumaq üzrə hökumət proqramına rəhbərlik edən genetik alim Frensis S. Kollins demişdir: «İnsanların bir-birinə fədakarlıqla yardım etməyə hazır olması təkamülçülər üçün ən böyük problemdir. [...] Bunu hər xudbin genin özünü əbədiləşdirmək cəhdləri ilə izah etmək mümkün deyil». O həm də qeyd etmişdir: «Bə’ziləri yad və heç bir əlaqələri olmayan insanlar üçün fədakarlıq edirlər. [...] Bu heç Darvin nəzəriyyəsi ilə izah edilə bilənə oxşamır».
«Vicdanın səsi»
5. Çox vaxt insanlarda nəyi müşahidə edirik?
5 Doktor Kollins bizim fədakarlığımızın bir cəhətini göstərir: «Hətta təmənnasız olsa belə bizi başqalarına kömək etməyə səsləyən vicdanımızın səsidir»a. Onun vicdanı xatırlatması, həvari Pavelin vurğuladığı bir amili yadımıza salır: «Qanuna malik olmayan qeyri-yəhudilər təbiətən Qanuna əməl etdikdə, Qanuna malik olmadıqları halda öz qanunlarını özləri qoymuş olurlar. Onlar bununla göstərirlər ki, Qanunun tələbləri onların ürəklərində yazılmışdır. Vicdanları buna şahiddir və düşüncələri onları gah ittiham, gah da müdafiə edir» (Romalılara 2:14, 15).
6. Nə üçün bütün insanlar Allahın qarşısında məs’uliyyət daşıyırlar?
6 Romalılara məktubunda Pavel göstərir ki, insanlar Allah qarşısında məs’uliyyət daşıyırlar, çünki Onun mövcudluğu və keyfiyyətləri gördüyümüz şeylərdən bəllidir. «Dünya yaranandan bəri» bu belə olmuşdur (Romalılara 1:18-20; Məzmur 19:1-4). Düzdür, çoxları Yaradana əhəmiyyət verməyərək pozğun həyat tərzi sürür. Ancaq Allahın iradəsi odur ki, insanlar Onun salehliyini e’tiraf edib, pis işlərindən dönsünlər (Romalılara 1:22–2:6). Belə etməyə yəhudilərin tutarlı səbəbi var idi — Allah onlara Musanın vasitəsilə qanun vermişdi. Lakin ‘Allahın sözlərinə’ malik olmayan insanlar belə Allahın mövcudluğunu e’tiraf etməli idilər (Romalılara 2:8-13; 3:2).
7, 8. Nəyə görə demək olar ki, ədalət hissi bütün insanlara xasdır və bu nəyə işarə edir?
7 İnsanın daxilən səhvi və düzü ayırd etmək hissinə malik olması, hamının Allahın varlığını e’tiraf edib, ona uyğun davranması üçün inandırıcı səbəbdir. Bizim ədalət hissimiz vicdanımızın olduğunu göstərir. Təsəvvür edin: bir neçə uşaq yelləncəkdə yellənmək üçün növbəyə durub. Sonra bir uşaq heç kimə əhəmiyyət vermədən qabağa keçir. O birilər yer-yerdən deyirlər: «Bu ki cığallıqdır!» İndi özündən soruş: «Necə olur ki, hətta uşaqların da çoxu qeyri-iradi olaraq ədalət hissinə malik olduqlarını göstərirlər?» Onların belə etməsi əxlaqi hisslərə malik olduqlarını göstərir. Pavel yazırdı: «Qanuna malik olmayan qeyri-yəhudilər təbiətən Qanuna əməl etdikdə, Qanuna malik olmadıqları halda öz qanunlarını özləri qoymuş olurlar». Diqqət yetirsək, o, «əgər etsələr» demirdi, sanki bu hərdən bir baş verən şey idi. O tez-tez baş verən şeyi nəzərdə tutaraq, «etdikdə», başqa sözlə «edən zaman» dedi. İnsanların ‘təbiətən Qanuna əməl etməsi’ o deməkdir ki, daxili əxlaqi hisslər onları Allahın yazılı qanununda oxuduğumuza uyğun davranmağa təşviq edir.
8 Bu meyl bir çox yerlərdə insanlara xasdır. Kembric Universitetinin professoru qeyd etmişdi ki, babillilərin, misirlilərin, yunanların, eləcə də Avstraliya aborigenlərinin və hindilərin əxlaq normalarında «zülmü, qatilliyi, xəyanət və yalanı mühakimə edən, yaşlılara, uşaqlara və xəstələrə xeyirxahlıq göstərmək haqqında qanunlar var». Doktor Kollins yazır: «Nəyin düzgün, nəyin yanlış olması anlayışı bütün dünyada, insan nəslinin bütün üzvlərində mövcuddur». Bu, Romalılara 2:14 ayəsini yadınıza salmırmı?
Vicdanın səsi necə xəbərdarlıq edir?
9. Vicdan nədir və o nəyi isə etməzdən əvvəl bizə necə kömək edə bilər?
9 Müqəddəs Kitab göstərir ki, vicdan hərəkətlərimizi nəzərdən keçirib, onları qiymətləndirmək bacarığıdır. Sanki daxildən gələn səs hərəkətin düzgün, ya səhv olduğunu söyləyir. Pavel daxilindəki bu səsi xatırladaraq deyirdi: «Vicdanım da Müqəddəs Ruh vasitəsilə söylədiklərimi təsdiq edir» (Romalılara 9:1). Məsələn, əxlaqi məsələlərlə bağlı seçim edərkən bu səs qabaqcadan danışa bilər. Vicdan gələcək hərəkətləri təhlil etməyə və onu edəcəyimiz təqdirdə özümüzü necə hiss edəcəyimizi təsəvvür etməyə kömək edə bilər.
10. Çox vaxt vicdan özünü necə büruzə verir?
10 Vicdan əksər vaxtlarda nəyi isə etdikdən sonra özünü büruzə verir. Davud Şaul padşahdan qaçanda Allahın məsh olunmuş padşahına qarşı hörmətsizlik etməyə əlinə fürsət düşdü və o bu fürsətdən istifadə etdi. Bundan sonra «Davudun ürəyi ağrıdı» (1 Şamuel 24:1-5; Məzmur 32:3, 5). Bu hekayətdə «vicdan» sözü işlədilmir; ancaq Davudun keçirdiyi hisslər onun vicdanının səsi idi. Bizlərdən hər birimiz vicdan əzabı çəkmişik. Nə isə etmiş, sonra tutduğumuz işə görə narahat olaraq, həyəcan keçirmişik. Vergiləri ödəməyən bə’zi insanları vicdanları elə narahat edib ki, sonralar onlar borclarını ödəmişlər. Başqalarının vicdanı onları öz həyat yoldaşlarına qarşı etdikləri xəyanəti e’tiraf etməyə məcbur etmişdir (İbranilərə 13:4). Ancaq insan öz vicdanına uyğun davrananda, məmnunluq və sülh tapır.
11. Təkcə vicdanımızın səsinə qulaq asmaq nə üçün təhlükəli ola bilər? Nümunə çəkin.
11 Bəs təkcə öz vicdanımızın rəhbərliyi kifayət edirmi? Düzdür, vicdanın səsinə qulaq asmaq yaxşıdır, ancaq onun səsi bizi azdıra da bilər. Bəli, ‘daxili varlığımızın’ səsi bizi aldada bilər (2 Korinflilərə 4:16). Belə bir nümunəyə nəzər salaq. Müqəddəs Kitabda Məsihin «iman və qüdrətlə dolu» sadiq xidmətçisi Stefan haqqında danışılır. Bə’zi yəhudilər Stefanı Yerusəlimdən kənara çıxarıb, ölənə qədər daşladılar. Sonralar həvari Pavel kimi tanınan Şaul yaxınlıqda dayanıb, «Stefanın öldürülməsinə razı olmuşdu». Görünür, həmin yəhudilər düzgün hərəkət etdiklərinə elə əmin idilər ki, vicdanları onları heç narahat etmirdi. Yəqin ki, Şaul da eyni vəziyyətdə idi, çünki bundan sonra o, ‘hələ də Rəbbin şagirdlərinə qarşı ölüm və təhdidlərlə nəfəs alırdı’. Aydındır ki, bu zaman vicdanının səsi onu aldadırdı (Həvarilərin işləri 6:8; 7:57–8:1; 9:1).
12. Vicdanımıza nə tə’sir edə bilər?
12 Şaulun vicdanına tə’sir edən nə idi? Ehtimal ki, amillərdən biri onun ətrafdakılarla sıx ünsiyyəti idi. Yəqin çoxumuz telefonla səsi atasının səsinə çox oxşayan adamla danışmışıq. Atanın səsinin tonu müəyyən dərəcədə irsən oğula keçə bilər, ancaq atanın danışıq tərzinin də ona tə’siri ola bilər. Eyni tərzdə, İsaya nifrət edən və onun tə’limlərini inkar edən yəhudilərlə sıx ünsiyyət Şaula tə’sir edə bilərdi (Yəhya 11:47-50; 18:14; Həvarilərin işləri 5:27, 28, 33). Bəli, Şaulun dostları onun daxilindən gələn səsə, vicdanının səsinə tə’sir edə bilərdi.
13. Düşdüyü mühit insanın vicdanına necə tə’sir edə bilər?
13 Yaşadığı yerdən asılı olaraq, insan müəyyən ləhcə və ya dialekti mənimsədiyi kimi, yaşadığı mühit və ya mədəniyyət də onun vicdanını formalaşdıra bilər (Matta 26:73). Buna bənzər şey qədim aşşurlularla da baş vermişdi. Döyüşkənlikləri ilə tanınan aşşurluların oyma relyeflərində əsirlərə necə işgəncə verdikləri təsvir olunur (Nahum 2:11, 12; 3:1). Yunusun günlərində yaşayan ninevalılar haqqında deyilir ki, onlar ‘sağ əllərini sol əllərindən ayıra bilmirdilər’. Bu o demək idi ki, onlar Allahın nöqteyi-nəzərindən nəyin düzgün, nəyin yanlış olduğunu ayırd edə bilmirdilər. Təsəvvür edin, həmin mühit Ninevada böyüyüb boya-başa çatan adamın vicdanına necə tə’sir edirdi! (Yunus 3:4, 5; 4:11). Eynilə bu gün də ətrafdakıların əhval-ruhiyyəsi insanın vicdanına tə’sir edə bilər.
E’tibarlı vicdan
14. Vicdanımız Yaradılış 1:27 ayəsində deyilənləri necə əks etdirir?
14 Yehova Adəmlə Həvvaya vicdan bəxş etmişdi və biz vicdanı onlardan miras almışıq. Yaradılış 1:27 ayəsində deyilir ki, insanlar Allahın surətində yaradılmışlar. Bu, Allahın bədən quruluşunu nəzərdə tutmur, çünki O ruhdur, biz isə ətdən və qandanıq. Allahın surətində yaradılmağımız o deməkdir ki, bizə Allahın keyfiyyətləri, o cümlədən, daxili əxlaqi hiss və vicdan verilmişdir. Bu amil göstərir ki, vicdanımızın e’tibarlı olması üçün onu tərbiyə etməliyik. Biz bunu Yaradan haqqında öyrənməklə və Ona yaxınlaşmaqla edə bilərik.
15. Atamızı tanımaq hansı faydanı gətirir?
15 Müqəddəs Kitab göstərir ki, Yehova müəyyən mə’nada hamımızın Atasıdır (Yeşaya 64:8). Göydə və ya yerüzü cənnətdə yaşamaq ümidinə malik olmalarından asılı olmayaraq, bütün sadiq məsihçilər Allaha Ata kimi müraciət edə bilərlər (Matta 6:9). Biz Atamıza daha yaxın olmağı arzulamalı və buna görə də Onun nöqteyi-nəzərini və normalarını öyrənməliyik (Yaqub 4:8). Lakin çoxlarını bu heç də maraqlandırmır. Bu insanlar İsanın: «Siz heç bir zaman nə Onun səsini eşitdiniz, nə də Onun üzünü gördünüz. Və Onun sözü sizdə qalmır», dediyi yəhudilərə bənzəyirlər (Yəhya 5:37, 38). Biz Allahın səsini eşitməmişik, ancaq Onun sözünə malik ola bilər, beləliklə də Ona oxşayar və Onun hisslərinə şərik ola bilərik.
16. Yusifin hadisəsi vicdanı tərbiyə etmək və onun səsinə hay vermək haqda nə göstərir?
16 Bunu Potifarın evində Yusifin başına gələn hadisə göstərir. Potifarın arvadı onu yoldan çıxarmağa çalışırdı. Yusifin dövründə nə Müqəddəs Yazılar var idi, nə də On Əmr verilmişdi, buna baxmayaraq Yusif qadına belə cavab verdi: «Mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?» (Yaradılış 39:9). O, sadəcə olaraq ailəsini kədərləndirməmək üçün belə etmədi; ailəsi ondan uzaqda yaşayırdı. Ən əsası, o, Allahı razı salmaq istəyirdi. Yusif Allahın nikaha dair normalarını bilirdi: bir kişi bir qadınla evlənməli və ikisi «bir bədən» olmalıdır. Həm də yəqin o, Avimelek Rivqanın ərli qadın olduğunu biləndə necə münasibət göstərdiyini eşitmişdi; Avimelek başa düşürdü ki, Rivqanı almaq səhv hərəkət olardı və xalqı günaha batardı. Sonda Yehovanın verdiyi xeyir-dualar Onun əxlaqsızlığa dair nöqteyi-nəzərini göstərmişdi. Yusifin bütün bunları bilməsi, görünür, miras aldığı vicdanının səsini gücləndirərək, onu cinsi əxlaqsızlığı rədd etməyə təşviq etdi (Yaradılış 2:24; 12:17-19; 20:1-18; 26:7-14).
17. Səmavi Atamızı təqlid etmək nəyə görə bizə Yusifdən daha asandır?
17 Əlbəttə, indi bizim üçün daha asandır. Bizdə Müqəddəs Yazıların hamısı var, oradan biz Atamızın düşüncə tərzini, hisslərini, nədən razı qaldığını və nəyi qadağan etdiyini öyrənə bilərik. Müqəddəs Yazıların dərinliyinə nə qədər çox vararıqsa, Allaha bir o qədər çox yaxınlaşar və Onun kimi ola bilərik. Belə edəndə vicdanımızın səsi Atamızın düşüncə tərzi ilə daha çox uzlaşacaq və Allahın iradəsinə daha çox müvafiq olacaq (Efeslilərə 5:1-5).
18. Keçmişdə pis tə’sirlərə mə’ruz qalmış olsa belə, vicdanımızı e’tibarlı etmək üçün nə edə bilərik?
18 Bəs bizi əhatə edən mühitin vicdanımıza göstərdiyi tə’sir haqqında nə demək olar? Ola bilsin, bizə qohumlarımızın və ya böyüdüyümüz mühitin düşüncə tərzi və hərəkətləri tə’sir etmişdir. Beləliklə, vicdanımızın səsi boğulmuş və ya təhrif olunmuşdur. Sanki o, ətrafımızdakı adamların ləhcəsini götürüb. Düzdür, keçmişimizi dəyişdirə bilmərik, ancaq özümüzə vicdanımıza yaxşı tə’sir göstərəcək dostlar və mühit seçə bilərik. Yehova Ataya oxşamaq üçün uzun müddət çalışan sadiq məsihçilərlə müntəzəm olaraq bir yerdə olmaq vacibdir. Yığıncaq görüşləri, görüşlərdən əvvəl və sonra həmimanlılarla ünsiyyət etmək bunun üçün ə’la imkan yaradır. Biz həmimanlılarımızın Müqəddəs Kitaba əsaslanan düşüncə tərzini və hərəkətlərini, o cümlədən Allahın baxışlarına və yollarına uyğun tərbiyə edilmiş vicdanlarının səsinə qulaq asmaq hazırlığını görə bilərik. Bu bizə kömək edəcək ki, vaxt keçdikcə vicdanımızı Müqəddəs Kitab prinsiplərinə uyğunlaşdıraraq Allahın surətini daha çox əks etdirək. Vicdanımızın səsini Yehova Atanın prinsipləri ilə həmahəng edəndə və həmimanlılarımızın yaxşı nümunəsini izləyəndə, vicdanımız daha e’tibarlı olacaq və biz onun dediyinə qulaq asmağa daha çox meylli olacağıq (Yeşaya 30:21).
19. Vicdanla bağlı hansı suallar diqqətə layiqdir?
19 Ancaq bir çoxları vicdanlarının səsinə uyğun davranmaq üçün hər gün mübarizə aparmalı olurlar. Növbəti məqalədə məsihçilərin üzləşdiyi bir neçə vəziyyəti nəzərdən keçirəcəyik. Belə vəziyyətləri araşdıraraq vicdanın rolunu, insanların vicdanının nə üçün müxtəlif olduğunu və onun səsinə daha yaxşı necə cavab verə biləcəyimizi aydın görə bilərik (İbranilərə 6:11, 12).
[Haşiyə]
a Eyni tərzdə Harvard Universitetinin astronomiya üzrə elmi tədqiqat işləri ilə məşğul olan professor Ouen Ginqrix yazır: «İnsanların fədakarlığı elə sual yaradır ki, ona heyvanlar aləmini müşahidə etməklə elmi cavab tapmaq mümkün deyil. İnandırıcı cavabı başqa yerdən tapmaq olar. Bu, özünə vicdanı daxil edən Allahın verdiyi insanlıq keyfiyyətləri ilə bağlıdır».
Siz nə öyrəndiniz?
• Nəyə görə nəyin düzgün, nəyin yanlış olduğunu söyləyən daxildən gələn səs, yə’ni vicdan bütün millətlərdən olan insanlarda var?
• Nə üçün təkcə vicdanımızın səsinə qulaq asmaq təhlükəlidir?
• Vicdanımızı necə tərbiyə edə bilərik?
[23-cü səhifədəki şəkillər]
Davud vicdan əzabı çəkirdi...
...tarsuslu Şaulun vicdanı isə susmuşdu.
[14-cü səhifədəki şəkil]
Biz vicdanımızı tərbiyə edə bilərik.