Yehova Allah hər dərdimizdə bizə təsəlli verir
«Hər cür təsəlli Allahı... hər dərdimizdə bizə təsəlli verir» (2 KOR. 1:3, 4).
1, 2. Yehova bizə çətinliklərlə üzləşəndə necə kömək edir və Onun Kəlamı bizi nəyə əmin edir?
BİR subay qardaşı 1 Korinflilərə 7:28 ayəsində yazılan bir fikir maraqlandırırdı. Orada yazılıb ki, ailə quranlar «həyatda yeni çətinliklərlə üzləşəcəklər». Bu qardaş Stefan adlı ailəli və yaşlı ağsaqqaldan soruşmuşdu: «Burada söhbət hansı çətinliklərdən gedir? Ailə qurası olsam, bu çətinlikləri necə aşa bilərəm?» Suala cavab verməzdən əvvəl Stefan qardaş onun diqqətini həvari Bulusun söylədiyi başqa bir fikrə yönəldir. Bulus yazmışdı ki, Yehova «hər cür təsəlli Allahı»dır və «hər dərdimizdə bizə təsəlli verir» (2 Kor. 1:3, 4).
2 Həqiqətən də, Yehova Allah çətinliklə üzləşəndə bizə təskinlik verir, çünki mehriban bir ata kimi bizi çox sevir. O, Öz Kəlamı vasitəsilə bizə kömək edir və yol göstərir. Yəqin siz də öz həyatınızda dəfələrlə bunun şahidi olmusunuz. Əmin ola bilərik ki, Yehova keçmişdə olduğu kimi, bu gün də Öz xidmətçilərinin, yəni bizim yaxşılığımızı düşünür. (Ərəmya 29:11, 12 ayələrini oxuyun.)
3. Bu məqalədə hansı sualları araşdıracağıq?
3 Problemin səbəbini biləndə onun öhdəsindən gəlmək insana daha asan olur. Bu fikri nikaha və ailə həyatına da aid etmək olar. Buna görə də növbəti suala cavab tapmaq lazımdır: Bulus «yeni çətinliklər» deyəndə nəyi nəzərdə tuturdu? Bəs Allahın həm qədimdə, həm də bizim dövrdə yaşayan hansı xidmətçilərinin nümunəsi bizə təsəlli verə bilər? Bu sualların cavabı bizə problemlərin öhdəsindən gəlməyə kömək edəcək.
«YENİ ÇƏTİNLİKLƏR»
4, 5. Həvari Bulusun dediyi «yeni çətinliklər»ə bəzən nələr səbəb olur?
4 Gəlin bəşəriyyətin beşiyində, ilk ailəni yaradanda Allahın dediyi sözləri yadımıza salaq: «Kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və onlar bir bədən olacaq» (Yar. 2:24). Təəssüf ki, bu gün miras aldığımız günah ucbatından yeni ailə quran cütlüklə valideynlər arasında müəyyən çətinliklər yaranır (Rom. 3:23). Məsələn, qadın ərə gedəndə valideynin tabeliyindən çıxıb ərinin tabeliyinə keçir, çünki Allah əri qadının başçısı təyin edib (1 Kor. 11:3). Bəzən təzə ailə quranlara bu həqiqətlə barışmaq çətin olur. Lakin qadın Müqəddəs Kitabdakı göstərişə boyun əyməli, qəbul etməlidir ki, onun başı valideynləri yox, əridir. Hərdən təzə ailə quran insanlara yeni qohumları ilə yola getmək çətin olur və buna görə də onlar yeni çətinliklər yaşayırlar.
5 Daha bir çətinlik ailədə uşağın olması ilə bağlı yarana bilər. Düzdür, ər və arvad uşaqlarının olacağını biləndə sevinirlər. Amma hamiləlik dövründə və uşaq olandan sonra səhhətlə bağlı yarana biləcək problemləri fikirləşəndə narahat olurlar. Bunun maddi tərəfi isə narahatçılığı daha da artırır. Uşaq dünyaya gələndən sonra ailə həyatında vəziyyət dəyişir. Qadının diqqəti ancaq uşağa cəmlənir, o, bütün günü körpəsinin qayğısına qalır. Qadının fikri-zikri ancaq uşaqda olduğu üçün əksər kişilər özlərini atılmış hiss edir. Bir tərəfdən də artıq ata olduqları üçün onların yükü artır. İndi onlar ailənin yeni üzvünün maddi və mənəvi cəhətdən qeydinə qalmalıdırlar.
6—8. Uşaq sahibi olmaq arzusu həyata keçməyəndə insan hansı hissləri keçirir?
6 Amma bəzi cütlükləri başqa problem narahat edir. Onlar uşaq istəyirlər, amma uşaqları olmur. Hamilə qala bilmədiyi üçün qadın özünü mənəvi cəhətdən əzilmiş hiss edir. Ailə qurmaq və uşağın olması çətinliksiz ötüşmədiyi kimi, uşağın olmaması da «yeni çətinliklər» yaradır (Məs. 13:12). Qədimdə uşağı olmayan qadına pis baxırdılar. Buna görə də Yaqubun arvadı Rəhilə görəndə ki, bacısının uşaqları olur, amma onun olmur əzab çəkirdi (Yar. 30:1, 2). Əksər ailələrin çoxuşaqlı olduğu ərazidə xidmət edən xüsusi təyinatlı müjdəçilərdən camaat tez-tez nəyə görə uşaqlarının olmadığını soruşur. Müjdəçilər məntiqli səbəb gətirsələr də, vəziyyəti nəzakətli şəkildə başa salsalar da, adətən, insanlardan bu cür cavab eşidirlər: «Yaxşı həkim tanıyıram. İstəsəniz, sizi apararam».
7 Ana olmaq İngiltərədən olan bir bacının ən böyük arzusu idi. Amma vaxt keçir onun bu arzusu heç cür çin olmurdu. Bacı başa düşəndə ki, ana olmaq arzusuna ancaq cənnətdə çatacaq özünü çox pərişan hiss edirdi. Bacı ilə əri övladlığa uşaq götürmək qərarına gəldi. Bacı deyir: «Düzdür, bu yolla uşaq böyütməyin dadını duyacaqdım. Amma başa düşürdüm ki, uşaq götürmək öz övladını dünyaya gətirməyin yerini verə bilməz».
8 Müqəddəs Kitabda deyilir: «Qadın uşaq doğmaqla qorunacaq» (1 Tim. 2:15). Bu o demək deyil ki, qadın sadəcə, uşaq dünyaya gətirməklə və ya uşaq böyütməklə əbədi həyata nail olacaq. Bu ayənin mənası odur ki, uşaqlı qadının başı uşaq böyütməyə və ailə qayğılarına qarışdığı üçün dedi-qodu ilə məşğul olmağa və camaatın işinə qarışmağa vaxtı olmur (1 Tim. 5:13). Ailəli qadın ailə həyatında və nikahda başqa çətinliklərlə də üzləşə bilər.
9. Nəyə görə insan üçün həyat yoldaşının itkisi ağır dərddir?
9 Evliliklə bağlı çətinlikləri fikirləşəndə çox az adam tapılar ki, həyat yoldaşının ölümünü ağlına gətirsin. Çoxlarının yaşadığı bu acı ən ağır dərdlərdən biridir. Həyat yoldaşını itirən məsihi ailə quranda nikahının əbədi sürəcəyini düşünürdü, nikahda bu cür çətinliyin də olacağını ağlına belə gətirmirdi. Biz İsa Məsihin ölülərin dirilməsi ilə bağlı verdiyi vədə ürəkdən inanırıq (Yəh. 5:28, 29). Bu vəd həyat yoldaşını itirən insan üçün çox güclü təsəlli ola bilər. Beləcə, mehriban Atamız Yehova Allah dərdi olanlara Kəlamı vasitəsilə güc və təskinlik verir. Gəlin görək Yehova bir neçə xidmətçisinə necə təsəlli verib və bunun onlara hansı faydası olub.
DƏRDLİ GÜNLƏRİMİZDƏ, O, BİZƏ TƏSƏLLİ VERİR
10. Hənnə necə təsəlli tapdı? (Məqalənin əvvəlindəki şəklə baxın.)
10 Əlqənanın sevimli həyat yoldaşı Hənnənin də böyük dərdi var idi. Onun uşağı olmurdu. Ərinin ikinci arvadı Fəninənin isə çoxlu uşağı var idi. (1 İşmuil 1:4—7 ayələrini oxuyun.) Hənnə sonsuz olduğu üçün Fəninə onu illərlə ələ salırdı. Bu vəziyyət Hənnəni tamam üzür, onun dərdini daha da ağırlaşdırırdı. O, dərdini Yehovaya danışmaqla təskinlik tapırdı. Bir dəfə Hənnə Yehovaya xeyli dua etmişdi. Görəsən, o gözləyirdimi ki, Yehova onun diləyini yerinə yetirəcək? Ola bilsin, gözləyirdi. Bəlkə də o, buna ümid etmirdi, amma dua edəndən sonra «artıq onun çöhrəsində kədər» yox idi (1 İşm. 1:12, 17, 18). Hənnə əmin idi ki, Yehova Allah ya ona övlad bəxş edəcək, ya da bu boşluğu başqa bir yolla dolduracaq.
11. Çətinliklə üzləşəndə necə təsəlli tapa bilərik?
11 Nə qədər ki, qeyri-kamilik və Şeytanın əlində olan bu dünyada yaşayırıq çətinliklərdən və problemlərdən qaça bilmərik (1 Yəh. 5:19). Amma bu bizi qorxutmamalıdır, çünki Yehova «hər cür təsəlli Allahı»dır. Həyatda üzləşdiyimiz çətinliklərin öhdəsindən gəlmək üçün Allahdan duada kömək istəməliyik. Hənnə Yehovaya ürəyini açıb boşaltmışdı. Biz də problem yaşayanda Yehovaya hisslərimizi, sadəcə, danışmaqla kifayətlənməməliyik. Biz Ona yalvarmalıyıq, hisslərimizi hərarətli dualarla Ona çatdırmalıyıq (Filip. 4:6, 7).
12. Qadın peyğəmbər Hənnəyə sevincini itirməməyə nə kömək edirdi?
12 İnsanın dərdi nə qədər ağır olur-olsun, Yehova ona təskinlik verməyə qadirdir, fərqi yoxdur bu dərdə səbəb uşağın olmamasıdır, yaxud həyat yoldaşının vəfatı. Luka 2:37 ayəsində Hənnə adlı 84 yaşlı qadın peyğəmbərdən söz açılır. O ərə gedəndən yeddi il sonra ərini itirmişdi. Müqəddəs Kitabda onun uşağının olub-olmadığı ilə bağlı heç bir məlumat yoxdur. Bəs görəsən, bu yaşa qədər Hənnə nə ilə məşğul olub? Yuxarıda gətirilən ayədən bu suala cavab tapa bilərik. Orada deyilir: «O, həmişə məbəddə olurdu, oruc tutub dua edir, gecə-gündüz ibadət edirdi». Göründüyü kimi, Hənnə Allaha ibadətdə təskinlik və sevinc tapırdı.
13. Doğmalarımızdan ehtiyac duyduğumuz köməyi almayanda yaxın dostlar bu tələbatı necə təmin edə bilər? Nümunə çəkin.
13 Bacı-qardaşlarla sıx münasibət saxlasaq, özümüzə əsl dostlar və sirdaşlar tapa bilərik (Məs. 18:24). Bu fikrə sübut olaraq Pola adlı bacının nümunəsinə baxa bilərik. Pola deyir ki, onun beş yaşı olanda anası Yehovanın yolundan uzaqlaşır. Buna görə o, çox pis olur. Ona bu vəziyyətlə barışmaq çox çətin idi. Amma yığıncaqlarından Enn adlı bir bacı ona təskinlik tapmağa kömək edir. Onun köməyi ilə Polanın Yehova ilə münasibətləri möhkəmlənir. Pola deyir: «Enn mənim qohumum olmasa da, doğma adamım kimi mənə məhəbbət göstərirdi. Bu mənə Yehovanın yolunda möhkəm qalmağa kömək etdi». Pola bu gün də xidmətdə fəaldır. İndi o çox xoşbəxtdir, çünki yenə anası ilə birgə bir yığıncaqda Yehovaya xidmət edir. Enn də Polaya görə çox sevinir, çünki onu Yehovanın yolunda bir ana kimi tərbiyə edib.
14. Başqalarına təsəlli vermək insanın özünə nədə kömək edir?
14 Maraqlı məqamdır ki, başqalarına məhəbbət göstərəndə və təsəlli verəndə insan eyni zamanda özünə kömək etmiş olur, onun içindəki kədər keçib gedir. Həm ailəli, həm subay bacılar təsdiq edə bilər ki, Yehova ilə əməkdaşlıq edərək başqalarına müjdəni çatdırmaq insana əvəzsiz sevinc gətirir. Bu bacılar Allahın iradəsini yerinə yetirərək Ona şərəf gətirməyə can atırlar. Hətta bəziləri üçün təbliğ işi məlhəm kimidir. Hər birimiz, istər ərazimizdəki, istər yığıncağımızdakı insanlara məhəbbət göstərməklə yığıncaqdakı birliyi möhkəmləndiririk (Filip. 2:4). Həvari Bulus bu sahədə gözəl nümunədir. O, Salonikidəki bacı-qardaşlar üçün «körpələrini əmizdirib əzizləyən ana kimi» olmuşdu. Bulus onlara həqiqət yolunda bir növ atalıq etmişdi. (1 Salonikililərə 2:7, 11, 12 ayələrini oxuyun.)
AİLƏLƏRƏ KÖMƏK
15. Uşaqlarla dərs keçmək kimin məsuliyyətidir?
15 İndi isə gəlin görək yığıncağımızdakı ailələrə necə kömək edə bilərik. Bəzən Müqəddəs Kitabı yeni öyrənən insanlar yetkin məsihilərdən xahiş edirlər ki, uşaqları ilə, hətta azyaşlılarla Müqəddəs Kitab dərsi keçsinlər. Allahın Kəlamına əsasən, uşaqlara Allah haqqında bilik vermək valideynin məsuliyyətidir (Məs. 23:22; Efes. 6:1—4). Müəyyən vəziyyətlərdə kiminsə köməyinə, doğrudan da, ehtiyac yaranır, hətta bu köməyi göstərmək mütləq olur. Amma yenə də dərsi valideyn özü keçməlidir. Çünki valideyn uşaqla sıx ünsiyyət etməli və uşağını yaxından tanımalıdır.
16. Başqasının uşağına dərs keçən məsihi nəyi yadda saxlamalıdır?
16 Hərdən valideyn qərara gəlir ki, uşağı ilə başqası dərs keçsin. Bu halda dərs keçən təbliğçi ehtiyatlı olmalıdır ki, uşağa valideynlik etməsin. Bəzən ata-anası Yehovanın yolunda olmayan uşaqlarla dərs keçməli oluruq. Bu halda da yadda saxlamalıyıq ki, uşağa dərs keçmək onunla valideyn kimi rəftar etməyə ixtiyar vermir. Bu cür dərslər uşağın öz evində valideynin və ya yetkin məsihinin yanında, yaxud dərs keçmək üçün münasib olan ictimai yerdə keçirilməlidir. Bu halda heç kim təbliğçini yanlış bir hərəkətdə ittiham edə bilməz. Ümid edirik ki, vaxt gələcək bu uşaqların valideynləri Allahın onların üzərinə qoyduğu məsuliyyəti özləri yerinə yetirəcəklər.
17. Uşaqlar ailəyə necə dayaq ola bilər?
17 Yehova Allahı sevən və Onun əmrlərinə riayət edən gənclər ailənin dayağıdır. Məsələn, onlar valideynlərinə hörmət edir və ailəyə maddi cəhətdən dəstək olurlar. Bu uşaqlar ibadətdə də doğmalarına dəstək ola bilər. Misal üçün, Şeysin nəslindən olan və daşqından əvvəl yaşamış Ləmek Yehovaya ibadət edirdi. O, oğlu Nuh barədə belə demişdi: «Bu uşaq Yehovanın lənətlədiyi torpağa görə çəkdiyimiz əziyyəti və əlimizin zəhmətini yüngülləşdirəcək». Allah daşqından sonra torpağın üzərindən lənəti götürəndə bu sözlər yerinə yetdi (Yar. 5:29; 8:21). Bu gün Yehova Allaha sədaqətlə xidmət edən uşaqlar da ailə üzvlərinə çətinliklərin öhdəsindən gəlməyə və daşqından da böyük fəlakətdən, Armageddondan sağ çıxmağa kömək edə bilər.
18. Biz nəyin sayəsində istənilən çətinliyə dözə bilərik?
18 Bu gün hər birimizin müxtəlif dərdi və problemi olsa da, Yehova Allaha ucaltdığımız dualar, Müqəddəs Kitabda adı çəkilən imanlı insanların nümunəsi və bir-birimizlə sıx ünsiyyət bizə təsəlli tapmağa kömək edir. (Zəbur 145:18, 19 ayələrini oxuyun.) Yehova Allahın hər bir dərdə təsəlli verməyə qadir olduğunu bilmək bizə indi üzləşdiyimiz istənilən çətinliyə dözməyə güc verir və bizi gələcək çətinlikləri mətanətlə qarşılamağa hazırlayır.