FƏSİL 13
Həyat ənamına hörmət
1. Bizi kim yaradıb?
YEHOVA «var olan Allahdır» (Ərəmya 10:10). Bizi yaradan, yoxdan var edən Odur. Müqəddəs Kitabda deyilir: «Hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcud oldu və yaradıldı» (Vəhy 4:11). Bəli, həyatı bizə bəxş edən Yehova Allahdır. Həyat Onun bizə verdiyi gözəl nemətdir. (Zəbur 36:9 ayəsini oxuyun.)
2. Xoşbəxtliyimiz nədən asılıdır?
2 Allah bizə yaşamaq üçün hər şey verib, məsələn, bizi qida və su kimi şeylərlə təmin edib (Həvarilərin işləri 17:28). O, bizim yalnız mövcud olmağımızı yox, həyatdan həzz almağımızı istəyir (Həvarilərin işləri 14:15—17). Həyatda xoşbəxt olmaq istəyiriksə, Allahın qanunlarına tabe olmalıyıq (Əşiya 48:17, 18).
HƏYAT ALLAHIN GÖZÜNDƏ MÜQƏDDƏSDİR
3. Qabil qardaşı Habili öldürəndə Allah nə etdi?
3 Müqəddəs Kitabdan öyrənirik ki, Yehova Allah hər bir insanın həyatına böyük dəyər verir. Misal üçün, Adəmlə Həvvanın böyük oğlu Qabil kiçik qardaşı Habilə qəzəblənəndə Yehova ona qəzəbini cilovlamağı məsləhət görmüşdü. Amma Qabil Allahın sözünü qulaqardına vurdu. O, qardaşına o dərəcədə qəzəbləndi ki, «üstünə hücum çəkib onu öldürdü» (Yaradılış 4:3—8). Yehova qardaşını öldürdüyünə görə Qabili cəzalandırdı (Yaradılış 4:9—11). Bundan belə qənaətə gəlirik ki, qəzəb və nifrət çox təhlükəlidir, çünki qəddarlığa və zorakılığa səbəb olur. Bu cür xasiyyətli insanlar əbədi yaşamayacaqlar. (1 Yəhya 3:15 ayəsini oxuyun.) Əgər Yehova Allahı razı salmaq istəyiriksə, bütün insanlarla hörmət və sevgi ilə rəftar etməyi öyrənməliyik (1 Yəhya 3:11, 12).
4. Allahın Musa peyğəmbər vasitəsilə verdiyi qanundan nə öyrənirik?
4 Bu hadisədən bir neçə min il sonra Allah Musa peyğəmbər vasitəsilə verdiyi Tövratda həyatın Onun gözündə nə dərəcədə dəyərli olduğunu göstərmişdi. Orada belə bir əmr var idi: «Adam öldürməyin» (Qanunun təkrarı 5:17). Qəsdən adam öldürən şəxsə ölüm cəzası kəsilirdi.
5. Allah aborta necə yanaşır?
5 Bəs Allah aborta necə yanaşır? Hətta ana bətnindəki uşağın belə həyatı Yehova Allahın gözündə çox dəyərlidir. Yehovanın İsrail xalqına verdiyi qanuna əsasən, kimsə hamilə qadına xətər yetirsəydi və nəticədə, qadının bətnindəki uşaq ölsəydi, xətər yetirən insan öldürülməli idi. (Çıxış 21:22, 23 ayələrini oxuyun; Zəbur 127:3.) Buradan məlum olur ki, abort etmək günahdır. (27-ci əlavəyə baxın.)
6, 7. Həyata dəyər verdiyimizi necə göstərə bilərik?
6 Bəs biz həyata dəyər verdiyimizi necə göstərə bilərik? Nə özümüzün, nə də başqalarının həyatını təhlükəyə atan heç bir şey etməməliyik. Siqaret və qəlyan çəkmək, narkotikdən istifadə etmək haramdır, çünki bunlar orqanizm üçün zərərlidir, hətta insanı öldürə bilər.
7 Həyatı və bədəni bizə bəxş edən Allahdır, buna görə də biz canımızı qorumalı, ona zərər yetirməməliyik. Əks təqdirdə, Allahın gözündə natəmiz sayılacağıq (Romalılara 6:19; 12:1; 2 Korinflilərə 7:1). Əgər həyatımızın qədrini bilmiriksə, bizə bu həyatı verən Yehova Allaha ibadət edə bilmərik. Düzdür, pis vərdişlərdən azad olmaq çətin ola bilər, amma çalışsaq, Yehova Allah mütləq bizə kömək edəcək. Axı biz Onu razı salmaq istəyirik.
8. Özümüzün və başqalarının həyatını təhlükəyə atmamaq üçün nə etməliyik?
8 Gördüyümüz kimi, həyat çox dəyərli ənamdır. Buna görə də əlimizdən gələni etməliyik ki, həm özümüzün, həm də başqalarının həyatını təhlükəyə atmayaq. Məsələn, avtomobil, motosiklet və sairə nəqliyyat vasitələrini sürəndə ehtiyatlı olmalıyıq. Təhlükəli və zorakı idman növləri ilə məşğul olmamalıyıq (Zəbur 11:5). Evimizi elə vəziyyətdə saxlamalıyıq ki, heç kimə zərər dəyməsin. Allah israillilərə əmr etmişdi: «Ev tikəndə damına məhəccər çəkin ki, kimsə damdan yıxılmasın və qanı sizin boynunuzda qalmasın» (Qanunun təkrarı 22:8).
9. Heyvanlarla necə rəftar etməliyik?
9 Heyvanlarla necə rəftar etməyimiz belə, Allah üçün əhəmiyyətlidir. Qida və geyim məqsədilə, eləcə də insan həyatı üçün təhlükə yaradırsa, Allah heyvanı öldürməyə icazə verir (Yaradılış 3:21; 9:3; Çıxış 21:28). Ancaq heyvanlarla qəddar davranmaq, onları idman məqsədilə öldürmək qadağandır (Məsəllər 12:10).
HƏYATI MÜQƏDDƏS TUTUN
10. Haradan bilirik ki, qan həyatı təmsil edir?
10 Qan Yehova Allahın gözündə müqəddəsdir, çünki qan həyatı təmsil edir. Qabil Habili öldürəndən sonra Allah ona dedi: «Qardaşının qanı torpaqdan Mənə fəryad edir!» (Yaradılış 4:10). Habilin qanı onun həyatını təmsil edirdi, buna görə də qardaşını öldürdüyü üçün Yehova Qabili cəzalandırdı. Nuhun tufanından sonra Yehova Allah qanın həyatı təmsil etdiyini bir daha təsdiq etdi. Allah Nuh peyğəmbərə və onun ailəsinə heyvan əti yeməyi halal buyuranda dedi: «Yerdə yaşayan bütün heyvanları yeyə bilərsiniz. Bitkilər kimi, bunların da hamısını sizə verirəm». Amma onlara bir şeyi haram buyurdu: «Heyvanın ətini onun canı olan qanı ilə yeməyin» (Yaradılış 1:29; 9:3, 4).
11. Allah İsrail xalqına qanla bağlı hansı əmri vermişdi?
11 Allah Nuh peyğəmbərə qanı yeməməyi buyurandan təxminən 800 il sonra Öz xalqına yenidən əmr etdi: «Əgər israillilərdən, yaxud aranızda yaşayan yadellilərdən kimsə ova çıxıb əti yeyilən vəhşi heyvan, yaxud quş ovlayarsa, qanını axıdıb üstünü torpaqla örtməlidir». Sonra Allah dedi: «İsrail oğullarına buyurmuşam ki, onlar heç bir canlının qanını yeməsinlər» (Lavililər 17:13, 14). Yehovanın tələbi dəyişməmişdi, O istəyirdi ki, xalqı qanı müqəddəs tutsun. Onlar ət yeyə bilərdilər, qanı isə yemək qadağan idi. Onlar yemək məqsədilə heyvan kəsəndə qanını torpağa axıtmalı idilər.
12. Məsihilər qana necə yanaşırlar?
12 İsa Məsihin ölümündən bir neçə il sonra, məsihilərin Tövratdakı hansı qanunlara əməl etməli olduqlarını müəyyən etmək üçün həvarilər və Yerusəlimdəki məsihi icmasının ağsaqqalları görüş təşkil etdilər. (Həvarilərin işləri 15:28, 29 ayələrini oxuyun; 21:25.) Yehovanın köməyilə onlar başa düşdülər ki, qan həmişəki kimi Allahın gözündə müqəddəsdir və məsihilər də qanı müqəddəs tutmalıdırlar. Erkən məsihilər qanı nə yeməməli, nə də içməməli idilər; qanı yaxşı axıdılmamış heyvanın ətini də yemək olmazdı. Bu əmri pozmaq bütpərəstliyə və əxlaqsızlığa bərabər sayılırdı. O vaxtdan etibarən məsihilər qandan qida kimi istifadə etmirdilər. Bəs bu qanun hələ də qüvvədədir? Bəli. Yehova Allah bu gün də qanı müqəddəs tutmağı tələb edir.
13. Nəyə görə məsihilər qan köçürmürlər?
13 Bəs məsihilərə qan köçürmək olarmı? Yehova bizə qandan qida kimi istifadə etməyi qadağan edib. Əgər həkim xəstəyə içki içməyi qadağan edibsə, xəstə içkini venaya vura bilər? Təbii ki, yox! Eynilə, qan yeməmək və içməmək əmrinə qan köçürməmək də daxildir. (28-ci əlavəyə baxın.)
14, 15. Həyat ənamına hörmətlə yanaşmaq və qan məsələsində Allaha tabe olmaq nəyə görə vacibdir?
14 Bəs əgər həkim deyirsə ki, qan köçürməsək öləcəyik, onda nə etməliyik? Hər kəs Allahın qanla bağlı qanununa tabe olub-olmamağa özü qərar verməlidir. Məsihilər Allahın bəxş etdiyi həyat ənamına dərin hörmətlə yanaşırlar, buna görə də həyatlarını xilas etmək üçün başqa müalicə üsulları axtarırlar; amma qətiyyən qan köçürmürlər.
15 Həyat Allahın gözündə çox dəyərli olduğu üçün biz sağlamlığımızı qorumağa çalışırıq. Amma qanköçürməyə qətiyyən razılaşa bilmərik. Allahın əmrini pozaraq ömrümüzü uzatmağa çalışmaq nə dərəcədə düzgündür? İsa Məsih demişdi: «Həyatını xilas etmək istəyən onu itirəcək, amma həyatını mənim uğrumda itirən onu qazanacaq» (Mətta 16:25). Biz Yehovanı sevdiyimiz üçün Ona tabe oluruq. Allah nəyin bizim xeyrimizə olduğunu daha yaxşı bilir. Biz də, Yehova Allah kimi, həyata böyük dəyər verir və onu müqəddəs tuturuq (İbranilərə 11:6).
16. Allahın xidmətçiləri nəyə görə Ona tabe olurlar?
16 Allahın sadiq xidmətçiləri Onun qanla bağlı qanununa tabe olmaq əzmindədirlər. Onlar qandan nə qida kimi, nə də müalicə vasitəsi kimi istifadə etmirləra. Amma həyatlarını qorumaq üçün başqa müalicə üsullarına müraciət edirlər. Onlar əmindirlər ki, həyatı bəxş edən Yaradan insan üçün nəyin daha faydalı olduğunu hamıdan yaxşı bilir. Bəs siz bu fikirlə razısınız?
QANDAN DÜZGÜN İSTİFADƏ
17. Allah israillilərə yalnız hansı məqsədlə qandan istifadə etməyə icazə vermişdi?
17 Allah Musa peyğəmbər vasitəsilə verdiyi qanunda israillilərə buyurmuşdu: «Can qandadır. Mən onu qurbangah üçün təyin etmişəm ki, onunla canınız üçün kəffarə verəsiniz [yaxud əfv diləyəsiniz]; yalnız qan kəffarə ola bilər, çünki can qandadır» (Lavililər 17:11). İsraillilər günah edəndə Yehovanın onları bağışlaması üçün heyvan gətirib kahinə verirdilər ki, onu qurban kəssin və qanından qurbangahın üstünə töksün. Allah israillilərə qandan yalnız bu məqsədlə istifadə etməyə icazə vermişdi.
18. İsa Məsihin qurbanlığı sayəsində qarşımızda hansı imkan açılıb?
18 İsa Məsih bəşərin günahlarının bağışlanması üçün birdəfəlik öz canını, yəni qanını qurban verdi. Bununla Allah-Taala heyvan qurbanları ilə bağlı qanunu ləğv etdi (Mətta 20:28; İbranilərə 10:1). İsanın həyatı o qədər dəyərli idi ki, Allah onun qurbanlığı sayəsində bütün insanlara əbədi yaşamaq imkanı verdi (Yəhya 3:16; İbranilərə 9:11, 12; 1 Butrus 1:18, 19).
19. Bütün insanların qanından təmiz olmaq üçün nə etməliyik?
19 Yehova Allaha bəxş etdiyi həyat ənamına görə nə qədər şükür etsək azdır! İndi bütün insanların Məsihə iman gətirib əbədi yaşamaq imkanı var. Biz bu xəbəri hamıya çatdırmağa can atırıq. Biz insanları sevdiyimiz üçün əlimizdən gələni edirik ki, əbədi həyata aparan yolu onlara göstərək (Hizqiyal 3:17—21). Onda həvari Bulus kimi biz də deyə biləcəyik ki, hər kəsin qanından təmizik, çünki Allahın niyyətini insanlara bütövlüklə çatdırmaqdan boyun qaçırmamışıq (Həvarilərin işləri 20:26, 27). Bəli, insanlara Yehova Allah barədə və həyatın Onun üçün nə qədər dəyərli olduğu haqda danışanda həyata və qana dərin hörmətlə yanaşdığımızı göstəririk.
a Qanköçürmə ilə bağlı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Allahın məhəbbətindən ayrılmayın» kitabının 77—79 səhifələrinə baxın.