Əlavələr
1 YEHOVA
Yehova — Allahın adıdır və «olmasına səbəb olur» mənasını daşıyır. Yehova Külli-İxtiyar Allahdır və hər şeyin yaradanıdır. O, hər bir niyyətini həyata keçirməyə qadirdir.
Qədim ibrani dilində Allahın adı dörd samitlə yazılıb, Azərbaycan dilində isə YHVH samitləri ilə verilir. Allahın adı Tövratın orijinal mətnində təxminən 7000 dəfə yazılıb. Bütün dünyada insanlar Allahın adını müxtəlif cür tələffüz edirlər, hər kəs öz dilində necə qəbul olunubsa, o cür tələffüz edir.
2 MÜQƏDDƏS KİTABDAKI «HƏR KƏLMƏ ALLAHDANDIR»
Müqəddəs Kitabı insanlar yazsa da, o Allahın Kitabıdır. Necə ki müdir fikirlərini katibəyə diktə edib yazdırır, eləcə də Allah Öz müqəddəs ruhu vasitəsilə Müqəddəs Kitabı yazan müqəddəs bəndələrinə Öz fikirlərini çatdırmış və onlar bu fikirləri qələmə almışlar. Allah Kəlamındakı sözləri müxtəlif yollarla, vəhylər və röyalar vasitəsilə çatdırıb.
3 PRİNSİPLƏR
Prinsip — insana düzgün qərar verməyə kömək edən Müqəddəs Kitab təlimidir. Məsələn, «pis dostlar yaxşı əxlaqı pozur» prinsipi göstərir ki, münasibət saxladığımız insanlar bizə pis və ya yaxşı təsir göstərir (1 Korinflilərə 15:33). «İnsan nə əkərsə, onu da biçəcək» prinsipindən isə görünür ki, hərəkətlərimizin nəticəsindən qaça bilmərik (Qalatiyalılara 6:7).
4 PEYĞƏMBƏRLİK
İlahi vəhy, yaxud vəhyin əyan edilməsi peyğəmbərlik adlanır. Peyğəmbərlik ilahi nəsihət, əmr, hökm, yaxud gələcək hadisələr barədə məlumatdan ibarət olur. Allah həmçinin peyğəmbərliklər vasitəsilə Öz niyyətini açır. Müqəddəs Kitabda yazılan peyğəmbərliklərin əksəriyyəti artıq yerinə yetib.
5 MƏSİH HAQQINDA PEYĞƏMBƏRLİKLƏR
Məsihlə bağlı çoxsaylı peyğəmbərliklər İsanın üzərində yerinə yetib. «Məsih haqqında peyğəmbərliklər» adlı çərçivəyə baxın.
▸ Fəs. 2, abz. 17, haş.
6 ALLAHIN YER ÜZÜ İLƏ BAĞLI NİYYƏTİ
Yehova Allah Yer kürəsini yaratmışdı ki, ora cənnət olsun və orada Onu sevən insanlar yaşasın. Allah bu niyyətindən dönməyib. Tezliklə, O, yer üzündən bütün pislikləri yox edəcək və Öz xidmətçilərinə əbədi həyat verəcək.
7 ŞEYTAN İBLİS
Şeytan Allaha asi çıxan mələkdir. Yehova Allaha qarşı durduğu üçün o, Şeytan (mənası «əleyhdar») adlanır. Allaha qara yaxdığı və insanları yoldan çıxartdığı üçün ona həmçinin İblis (mənası «şərçi», «böhtançı») adı verilib.
8 MƏLƏKLƏR
Allah-Taala mələkləri insandan çox-çox əvvəl yaradıb. Onlar göydə yaşamaq üçün yaranıblar. Mələklərin sayı yüz milyondan çoxdur (Dənyal 7:10). Hər birinin adı və özünəməxsus xüsusiyyətləri var. Sadiq mələklər sitayiş qəbul etmir. Onlar müxtəlif dərəcələrə mənsub olub, müxtəlif vəzifələri icra edirlər, məsələn, Yehova Allahın hüzurunda xidmət edir, Onun sözünü çatdırır, yerdəki qullarını müdafiə və hidayət edir, hökmlərini yerinə yetirir, müjdəçilik işini dəstəkləyirlər (Zəbur 34:7; Vəhy 14:6; 22:8, 9). Gələcəkdə mələklər Armageddon döyüşündə İsa Məsihin tərəfində vuruşacaqlar (Vəhy 16:14, 16; 19:14, 15).
9 GÜNAH
Yehova Allahın bəyənmədiyi və Onun iradəsinə zidd olan hisslər, fikirlər və hərəkətlər günah adlanır. Günah insanın Allahla münasibətlərini korladığı üçün Allah nəyin günah olduğunu açıqlayan qanunlar və prinsiplər verib. Onlara əməl etməklə günahdan qaça bilərik. Allah başlanğıcda hər şeyi kamil yaratmışdı. Amma Adəmlə Həvva Allahın sözündən çıxaraq günah etdilər və buna görə də artıq kamil deyildilər. Onlar tədricən qocaldılar və öldülər. Günah ulu valideynimiz Adəmdən bizə keçdiyi üçün biz də qocalıb ölürük.
10 ARMAGEDDON
Allahın Şeytan dünyasını və bütün pislikləri məhv edəcəyi müharibə Armageddon adlanır.
11 ALLAHIN PADŞAHLIĞI
Allahın Padşahlığı Yehova Allahın göydə qurduğu hökumətdir. İsa Məsih bu hökumətin padşahıdır. Gələcəkdə Allah bu Padşahlığın vasitəsilə bütün pislikləri aradan qaldıracaq. Dünyanı Allahın Padşahlığı idarə edəcək.
12 İSA MƏSİH
Allah hər şeydən əvvəl İsanı yaradıb. Yehova onu yer üzünə göndərdi ki, bütün insanlar uğrunda canını fəda etsin. İsa öldürüləndən sonra Allah onu diriltdi. Hal-hazırda İsa göydə Allahın Padşahlığında padşah vəzifəsini yerinə yetirir.
13 70 HƏFTƏ HAQDA PEYĞƏMBƏRLİK
Müqəddəs Kitabda Məsihin nə vaxt zühur edəcəyi əvvəlcədən xəbər verilmişdi. Bu hadisə 69 həftə adlanan dövrün tamamında baş verməli idi. Bu dövr b. e. ə. (bizim eradan əvvəl) 455-ci ildə başladı və b. e. (bizim era) 29-cu ilində tamam oldu.
Haradan bilirik ki, bu dövr eramızın 29-cu ilində başa çatıb? 69 həftə b. e. ə. 455-ci ildə, Nəhəmya Yerusəlimə gəlib oranı bərpa etməyə başlayanda başlandı (Dənyal 9:25; Nəhəmya 2:1, 5—8). «Həftə» sözünü eşidəndə, adətən, insanın ağlında 7 rəqəmi canlanır. Bu peyğəmbərlikdəki həftələr bildiyimiz yeddi gündən ibarət həftələr deyil, yeddi ildən ibarət həftələrdir. Çünki peyğəmbərliklərdə günlər başqa qayda ilə hesablanır, yəni «hər gün üçün bir il» hesablanır (Saylar 14:34; Hizqiyal 4:6). Bu qaydaya əsasən, əgər həftələrin hər biri yeddi ildən ibarətdirsə, deməli, 69 həftə 483 ilə bərabərdir (69 x 7 = 483). B. e. ə. 455-ci ildən bu yana 483 il hesablasaq, gəlib eramızın 29-cu ilinə çıxırıq. Məhz həmin il İsa vəftiz olunaraq Məsih oldu! (Luka 3:1, 2, 21, 22).
Məsih haqqında deyilən peyğəmbərlikdə yeddi il davam edən daha bir həftə barədə yazılıb. Bu həftə, yəni bu müddət ərzində Məsih öldürülməli idi və bu hadisə eramızın 33-cü ilində baş verdi. Eramızın 36-cı ilinin əvvəlində Allahın Padşahlığı haqqında müjdə yalnız yəhudilərə deyil, bütün xalqlara da təbliğ olunmalı idi (Dənyal 9:24—27).
14 ÜÇ ÜQNUM
Müqəddəs Kitaba əsasən, Yehova Allah Yaradandır və O, hər şeydən əvvəl İsanı yaradıb (Koloslulara 1:15, 16). İsa Allah deyil. O, heç vaxt özünü Allaha bərabər tutmayıb. Əksinə, o deyirdi ki, «Ata məndən üstündür» (Yəhya 14:28; 1 Korinflilərə 15:28). Lakin bəzi dinlər Allahı Üç üqnum kimi qəbul edir, yəni Onun üç şəxsdən — Ata, Oğul və müqəddəs ruhdan ibarət olduğunu düşünürlər. Müqəddəs Kitabda «Üç üqnum» sözü yazılmayıb. Bu təlim Allahın Kəlamına əsaslanmır.
Müqəddəs ruh şəxs deyil, o, Allahın Öz istəyini həyata keçirmək üçün istifadə etdiyi qüvvədir. Məsələn, Müqəddəs Kitabda erkən məsihilər haqqında yazılıb: «Onların hamısı müqəddəs ruhla doldu». Həmçinin Yehova demişdi: «Hər cür insanın üzərinə ruhumu tökəcəyəm» (Həvarilərin işləri 2:1—4, 17).
15 XAÇ
Nəyə görə Yehovanın Şahidləri ibadətdə xaçdan istifadə etmirlər?
Xaç uzun müddət saxta dinin ibadət obyekti olub. Qədimdə xaç təbiət qüvvələrinə sitayişdə və bütpərəstliyin əxlaqsız ayinlərində istifadə olunub. Məsihin ölümündən sonra ilk 300 il ərzində onun davamçıları xaça sitayiş etməyiblər. Sonralar isə Roma imperatoru Konstantin xaçı xristian dininin rəmzi edir. O dövrdə xaç vasitəsilə insanları xristianlığa cəlb edirdilər. Xaçın İsa Məsihlə heç bir əlaqəsi yoxdur. Bir ensiklopediyada deyilir: «Xaça həm xristianlıqdan öncəki, həm də qeyri-xristian mədəniyyətlərində də rast gəlinir» («New Catholic Encyclopedia»).
İsa Məsih xaç üzərində ölməyib. «Xaç» və ya «çarmıx» kimi tərcümə olunan yunan sözü şaquli dirəyi, evlərin təməlində qoyulan sütunu və ya payanı bildirir. Bir kitabda belə izahat gətirilir: «[Əhdi-Cədidin] yunanca mətnində bunun iki şalbandan ibarət olduğuna heç bir işarə yoxdur» («The Companion Bible»). Bəli, İsa şaquli dirəyin üzərində edam olunub.
Yehova insanların təsvirlər və ya rəmzlər vasitəsilə Ona ibadət etməsini istəmir (Çıxış 20:4, 5; 1 Korinflilərə 10:14).
16 İSA MƏSİHİ ANMA MƏRASİMİ
İsa Məsih davamçılarına onun ölümünü anmağı buyurmuşdu. Onlar bu mərasimi ildə bir dəfə, qədimdə israillilərin Pasxa bayramını qeyd etdiyi tarixdə, nisan ayının 14-də keçirirlər. Mərasimdə iştirak edənlərin hamısı İsanın bədənini və qanını təmsil edən çörək və şərabı bir-birinə ötürürlər. İsa ilə birlikdə göydə padşah olacaq şəxslər çörəkdən və şərabdan dadırlar. Yer üzündə əbədi yaşamağa ümid edənlər isə çörək və şərabdan dadmır, sadəcə bu mərasimdə iştirak edirlər.
17 RUH
Müqəddəs Kitabın Azərbaycanca «Yeni Dünya Tərcüməsi»ndə «ruh» kimi tərcümə olunan ibranicə ruax və yunanca pnevma sözü müxtəlif mənaları daşıyır. Bu sözlər hər zaman külək və canlılarda olan həyat qüvvəsi kimi gözəgörünməz qüvvəyə aid işlənir. Bu sözlər həmçinin ruhani varlıqlara, Allahın qüvvəsinə, yəni müqəddəs ruha aid də işlənə bilər (Çıxış 35:21; Zəbur 104:29; Mətta 12:43; Luka 11:13).
Bəzi dinlərin inancına görə, insan öləndə ruha çevrilib əcdadlarının ruhuna qovuşur. Bəzi insanlar inanır ki, ruhların onlara ya xeyri dəyə bilər, ya da ziyanı.
Ölən doğmalarımızın ruhunun yaşaması fikri Müqəddəs Kitaba əsaslanmır. Əksinə, orada deyilir ki, insan öləndə bütün fəaliyyəti dayanır. Müqəddəs Kitabda açıq-aydın şəkildə deyilir: «Dirilər öləcəklərini bilir, lakin ölülər heç nə bilmir. Artıq onlara heç bir muzd verilmir, çünki onların xatirəsi də unudulub. Onların sevgisi də, nifrəti də, paxıllığı da yox olub. Günəş altında görülən heç bir işdə artıq payları yoxdur... Məzarda nə iş, nə niyyət, nə elm, nə də hikmət var» (Vaiz 9:5, 6, 10). Həmçinin orada yazılıb ki, insan öləndə «torpağa qayıdır, düşüncələri həmin gündəcə yox olur» (Zəbur 146:4; Yaradılış 3:19).
Göründüyü kimi, Müqəddəs Kitaba əsasən, insan öləndən sonra onun ruhu yaşamağa davam etmir. Beləcə, ölülər bizə nə kömək edə bilər, nə də ziyan yetirə bilər.
18 HİNNOM VADİSİ
(İbranicə geh-hinnom. «Cəhənnəm» sözü də bu ifadədən əmələ gəlmişdir.) Qədim Yerusəlimin yaxınlığında yerləşən bu vadidə zibil yandırırdılar. Hinnom vadisində insanların və ya heyvanların diri-diri yandırıldığına, yaxud onlara işgəncə verildiyinə heç bir dəlil yoxdur. Beləcə, həmin yer insan ruhlarının alovda yanıb əbədi işgəncə çəkdiyi gözəgörünməz məkanın simvolu ola bilməz. İsa Məsih Hinnom vadisinə atılmışlar barədə danışanda onların əbədi məhv olmasını nəzərdə tuturdu (Mətta 5:22; 10:28).
19 İSANIN ÖYRƏTDİYİ DUA
İsa Məsih şagirdlərinə dua etməyi öyrətmişdi. O demişdi ki, davamçıları aşağıdakı şeylər barədə dua etməlidirlər:
«Qoy adın müqəddəs tutulsun»
Bu sözlərlə Yehovadan xahiş edirik ki, Öz adını bütün şər-böhtandan təmizləsin və nəticədə, göydə və yerdə olan bütün varlıqlar Onun adını uca tutsun və bu ada ehtiram bəsləsin.
«Qoy Padşahlığın gəlsin»
Bu sözlərlə dua edirik ki, Allahın qurduğu hökumət Şeytanın şər dünyasını məhv etsin, dünyanı idarə etsin və yer üzünü cənnətə çevirsin.
«Qoy Sənin iradən... yerdə... yerinə yetsin»
Bu sözlərlə dua edirik ki, Allahın yer üzü ilə bağlı niyyəti yerinə yetsin və beləcə, Yehova insanı yaradanda niyyət etdiyi kimi, itaətkar, kamil insanlar cənnətdə əbədi yaşasın.
20 FİDYƏ
Yehova Allah insanları günah və ölümdən xilas etmək üçün fidyə verib. Fidyə Adəmin itirdiyi kamil həyatı qaytarmaq və insanların Yehova Allahla münasibətlərini bərpa etmək üçün ödənilməli idi. Allah İsanı yer üzünə göndərdi ki, günahlı bəşəriyyət uğrunda canını fəda etsin. İsanın ölümü sayəsində bütün insanların qarşısında kamilliyə və əbədi həyata qovuşmaq imkanı açılıb.
21 1914-CÜ İL — MÜHÜM TARİX
«Dənyal» kitabının 4-cü fəslinə əsasən, Allah Öz Padşahlığını 1914-cü ildə qurub.
Peyğəmbərlik. Yehova Allah Navuxodonosor padşaha yuxuda kəsilmiş nəhəng ağac göstərir. Padşah görür ki, ağac «yeddi dövr» böyüməsin deyə kötüyü dəmir və mislə çəmbərlənir. Bu dövr keçəndən sonra ağac yenə böyüyəcəkdi (Dənyal 4:1, 10—16).
Bu peyğəmbərliyin bizə hansı aidiyyəti var? Ağac Allahın hakimiyyətini təmsil edir. Yehova uzun illər ərzində İsrail xalqı üzərində Yerusəlimdəki padşahlar vasitəsilə hökmranlıq edib (1 Salnamələr 29:23). Təəssüf ki, bu padşahlar Allaha sadiq qalmadılar, buna görə də onların hakimiyyətinə son qoyuldu. B. e. ə. 607-ci ildə Yerusəlim yerlə yeksan oldu. Həmin andan etibarən peyğəmbərlikdəki «yeddi dövr» başlandı (2 Padşahlar 25:1, 8—10; Hizqiyal 21:25—27). İsa: «Xalqlara verilən vaxt qurtarana qədər Yerusəlim xalqların tapdağı altında qalacaq», — deyəndə məhz bu «yeddi dövrü» nəzərdə tuturdu (Luka 21:24). Belə çıxır ki, İsa yerdə yaşayanda «yeddi dövr» hələ başa çatmamışdı. Yehova söz vermişdi ki, «yeddi dövrün» sonunda bir Padşah təyin edəcək. Bu yeni Padşahın, İsa Məsihin hakimiyyəti bütün dünyada yaşayan Allahın xalqına əbədi nemətlər bəxş edəcək (Luka 1:30—33).
«Yeddi dövr» neçə müddət davam etməli idi? «Yeddi dövr» 2520 il davam etmişdi. Əgər b. e. ə. 607-ci ildən bu yana 2520 il hesablasaq, 1914-cü ilə gəlib çıxırıq. Həmin il Yehova Allah İsa Məsihi göydə Öz Padşahlığının Padşahı təyin edib.
Yəqin sizə maraqlıdır, 2520 ili haradan götürmüşük. Müqəddəs Kitabda yazılıb ki, üç dövr yarım 1260 günə bərabərdir (Vəhy 12:6, 14). Deməli, ikiqat artıq davam edən «yeddi dövr» 2520 günə bərabər olur. Peyğəmbərliklərdə günlərin hesablanma qaydasına, yəni «hər gün üçün bir il» qaydasına əsasən, 2520 gün 2520 il edir (Saylar 14:34; Hizqiyal 4:6).
22 BAŞ MƏLƏK
Müqəddəs Kitabda yalnız bir baş mələk haqqında danışılır. Bu baş mələyin adı Mikayıldır (Dənyal 12:1; Yəhuda 9).
Mikayıl Allahın sədaqətli mələklərindən ibarət ordunun başçısıdır. Vəhy 12:7 ayəsində yazılıb: «Mikayıl öz mələkləri ilə əjdahaya qarşı və əjdaha da öz mələkləri ilə onlara qarşı vuruşdu». «Vəhy» kitabında deyilir ki, Allahın ordusunun başçısı İsa Məsihdir. Bundan belə nəticəyə gəlirik ki, Mikayıl İsanın digər adıdır (Vəhy 19:14—16).
23 AXIRZAMAN
Allahın Padşahlığının Şeytan dünyasını məhv etməsindən əvvəlki dövr «axırzaman» adlanır. Peyğəmbərlik olunmuşdu ki, bu dövr ərzində yer üzündə əlamətdar hadisələr baş verəcək. Bu dövr Müqəddəs Kitabda həmçinin «dövrün yekunu» və «insan Oğlunun hüzuru zamanı» adlanır (Mətta 24:3, 27, 37). «Axırzaman» 1914-cü ildə göydə Allahın Padşahlığı qurulanda başlayıb və Armageddonda Şeytan dünyası məhv olanda başa çatacaq (2 Timutiyə 3:1; 2 Butrus 3:3).
24 DİRİLMƏ
Allahın ölən insanı həyata qaytarması dirilmə adlanır. Müqəddəs Kitabda doqquz nəfərin dirilməsi barədə yazılıb. Allahın İlyas, Əlyəsə, İsa, Butrus və Bulus kimi sadiq qulları ölüləri dirildiblər. Sözsüz ki, bu möcüzələri onlar Allahın qüdrəti ilə edirdilər. Yehova Allah söz verir ki, «həm salehləri, həm də qeyri-salehləri» dirildəcək (Həvarilərin işləri 24:15). Allahın Kəlamında həmçinin deyilir ki, bəzi insanlar göydə yaşamaq üçün diriləcək. Allah tərəfindən seçilmiş bu insanlar İsa Məsihlə birgə göydə yaşayacaqlar (Yəhya 5:28, 29; 11:25; Filippililərə 3:11; Vəhy 20:5, 6).
25 CİNDARLIQ (SPİRİTİZM)
Cinlərlə bilavasitə, yaxud cindar, ovsunçu və ruhçağıran vasitəsilə əlaqə yaratmaq cindarlıq, yəni spiritizm adlanır. Cindarlıqla məşğul olan insanlar inanırlar ki, öləndən sonra insan başqalarına güclü təsir etməyə qadir olan ruha çevrilir. Amma bu ağ yalandır. Cinlərlə əlaqə yaratmaq günahdır, çünki onlar insanları Allahın yolundan azdırırlar. Cindarlığa həmçinin astrologiya, falçılıq, magiya, okkultizm, cadugərlik, mövhumatçılıq və fövqəlbəşər qüvvələrə inanc daxildir. Bir çox kitablar, jurnallar, ulduz falı, filmlər, təsvirlər, hətta mahnılar sehrbazlığı, cinləri, yaxud fövqəltəbii şeyləri zərərsiz və ya maraqlı bir şey kimi qələmə verir. Bir çox yas mərasimləri, məsələn, müəyyən günləri qeyd etmək, ölənin adına yemək bişirmək bilavasitə və ya dolayısı ilə cindarlıqla bağlıdır. Adətən, ruhlarla əlaqə yaradan insanlar uyuşdurucu maddələr qəbul edirlər (Qalatiyalılara 5:20; Vəhy 21:8).
26 YEHOVA ALLAHIN HAKİMİYYƏTİ
Yehova Allah Qüdrət Sahibidir və Kainatın yaradanıdır (Vəhy 15:3). Buna görə də O, hər şeyin Sahibidir, hər şeyin ixtiyarı Ondadır və O, bütün xilqətin Ağasıdır (Zəbur 24:1; Əşiya 40:21—23; Vəhy 4:11). O, bütün xilqət üçün qanunlar təsis edib. Yehovanın başqalarına səlahiyyət vermək ixtiyarı var. Biz Allahı sevməklə və Ona tabe olmaqla Onun hakimiyyətinin tərəfini tutduğumuzu göstəririk (1 Salnamələr 29:11).
27 ABORT
Abort — hələ dünyaya gəlməmiş uşağı qəsdən, bilə-bilə öldürməkdir. Bədbəxt hadisə nəticəsində ana bətnində uşağın ölməsi və ya qadının uşaq salması bura aid deyil. Artıq mayalanma başlayan andan uşaq sadəcə ananın bədəninin bir hissəsi yox, ayrıca bir insan sayılır.
28 QANKÖÇÜRMƏ
İnsan bədəninə xalis qanın və ya onun dörd əsas komponentindən birinin köçürülməsi qanköçürmə adlanır. Bu tibbi prosedur zamanı ya insanın öz qanı, ya da başqasının qanı orqanizmə köçürülür. Qanın əsas dörd komponenti bunlardır: plazma, eritrositlər (qırmızı qan), leykositlər (ağ qan) və trombositlər.
29 TƏRBİYƏ
Müqəddəs Kitabda istifadə olunan «tərbiyə» sözü sadəcə olaraq cəza sözünün sinonimi deyil. Tərbiyə etmək öyüd-nəsihət, təlim-tərbiyə və düzəliş vermək deməkdir. Yehova heç vaxt insanları kobud şəkildə və qəddarcasına tərbiyə etmir (Məsəllər 4:1, 2). Yehova Allah tərbiyə verməkdə valideynlərə çox gözəl nümunədir. Onun itaətkar bəndələrinə verdiyi tərbiyə o qədər səmərəli və xeyirlidir ki, onlar hətta Onun tərbiyəsini sevirlər (Məsəllər 12:1). Yehova Öz xidmətçilərini sevir və onlara təlim-tərbiyə verir. Allahın verdiyi öyüd-nəsihət xidmətçilərinə yanlış fikirlərini düzəltməyə, Onu razı salan şəkildə düşünməyə və davranmağa kömək edir. Bəs valideyn uşağını necə tərbiyə etməlidir? Əvvəlcə uşağı başa salmaq lazımdır ki, nəyə görə o, itaətkar olmalıdır. Həmçinin uşağa Yehovaya, Onun Kəlamına məhəbbət aşılamaq və prinsipləri başa salmaq lazımdır.
30 CİNLƏR
Cinlər fövqəlbəşər gücə malik, gözəgörünməz ruhani varlıqlardır. Bunlar şər mələklərdir, çünki Allahın itaətindən çıxıb Onun düşməninə çevriliblər (Yaradılış 6:2; Yəhuda 6). Onlar Şeytana qoşulub Allaha qarşı üsyan ediblər (Qanunun təkrarı 32:17; Luka 8:30; Həvarilərin işləri 16:16; Yaqub 2:19).