Yehovanın Kəlamı canlıdır
“Saylar” kitabından diqqətəlayiq fikirlər
MİSİRDƏN çıxdıqdan sonra israillilər teokratik xalq oldular. Bir azdan onlar Və’d edilmiş diyara daxil ola bilərdilər, lakin vəziyyət dəyişdi. Bunun əvəzinə, onlar 40 il “böyük və qorxunc çöldə” dolaşmalı oldular (Təsniyə 8:15). Nəyə görə? Cavabı Müqəddəs Yazıların tarixi nəql edən “Saylar” kitabından tapa bilərik. Oradan biz Yehova Allahı dinləməyin və Onun nümayəndələrinə hörmət etməyin lazım olduğunu açıq şəkildə qavramalıyıq.
Musa tərəfindən səhrada və Moab düzənliyində yazılmış “Saylar” kitabı 38 ili və 9 ayı — b. e. ə. 1512-ci ildən 1473-cü ilə qədərki dövrü əhatə edir (Saylar 1:1; Təsniyə 1:3). Bu kitab öz adını, 38 il müddətində israillilərin iki dəfə siyahıya alınmasından götürür (1-4, 26-cı fəsillər). Kitabdakı mə’lumat üç hissəyə ayrılır. Birinci hissədə Sina dağının ətəyində baş verən hadisələrdən söz edilir. İkinci hissədə israillilərin səhrada gəzdikləri zaman yaranan hallar təsvir olunur. Və sonuncu hissədə Moab düzənliyindəki hadisələr diqqəti cəlb edir. “Saylar” kitabını oxuyarkən sən özündən soruşa bilərsən: “Bu hadisələrdən hansı ibrət dərsini götürə bilərəm? Bu kitaba daxil olan prinsiplərdən hansını mən tətbiq edə bilərəm?”
SİNA DAĞININ ƏTƏYİNDƏ
İki dəfə siyahıya alınmadan birincisi hələ israillilər Sina dağının ətəyində olduqları zaman keçirilir. Levililəri nəzərə almasaq, 20 yaşından yuxarı olan kişilərin sayı 603 550 nəfərdir. Siyahıya alınma, görünür, hərbi məqsədlə edilir. Xalqın ümumi sayı qadın, uşaq və levililər də daxil olmaqla, üç milyondan artıq ola bilərdi.
Siyahıya alınmadan sonra israillilər keçid haqqında, levililərin vəzifələrinə, çadırda xidmətə və karantinə dair göstərişlər, habelə qısqanclıqla bağlı hadisələrə və Nəzirilik və’dlərinə dair qanunlar alırlar. 7-ci fəsildə qurbangahın təqdisi ilə bağlı İsrail rəhbərlərinin gətirdikləri təqdimələrə dair mə’lumat var, 9-cu fəsildə isə Pasxa mərasimi müzakirə olunur. İsraillilər həmçinin düşərgəni qurmağa və yola düşməyə dair də göstərişlər alırlar.
Müqəddəs Kitab suallarına cavablar:
2:1, 2 — İsraillilərin səhrada öz çadırlarının yanında qoyduqları “əlamətlər” nə idi? Müqəddəs Yazılarda bu əlamətlərin hansı mə’na kəsb etdiyi deyilmir. Lakin onlar müqəddəs hesab edilmir və onlara heç bir dini mə’na verilmirdi. Əlamətlər praktiki məqsədlərə qulluq edirdi — onlar insanlara çadırı harada qurmağı müəyyən etməkdə kömək edirdi.
5:27 — Zina edən qadının hansı mə’nada “budu düşürdü”? “Bətn, bel” mə’nasını daşıya bilən “bud” sözü reproduktiv orqanlara aiddir (Təkvin 46:26). “Budu düşəcək” ifadəsi bu orqanların fəaliyyətdən düşməsini nəzərdə tutur ki, bunun da nəticəsində hamiləlik qeyri-mümkün idi.
Bizim üçün ibrət dərsləri:
6:1-7. Nəzirilər üzümdən və ondan hazırlanan hər cür məhsuldan və spirtli içkilərdən imtina edirdilər, bu isə fədakarlıq tələb edirdi. Qadınlar ərlərinə və ya atalarına tabe olduqları kimi, onlar da Yehovaya tabe olduqlarını göstərmək üçün saçlarını uzadırdılar. Nəzirilər özlərini təmiz saxlayırdılar, onlar yaxın qohumlarının belə cəsədinə yaxınlaşmalı deyildilər. Məsələ fədakarlığa, Yehovaya və Onun göstərişlərinə tabe olmağa çatanda müasir tammüddətli xidmətçilər də eynilə fədakarlıq ruhu əks etdirirlər. Bə’zi tə’yinatlar uzaq ölkəyə getməyi tələb edə bilər ki, bu səbəbdən ailənin üzvlərindən kiminsə yasına gəlmək çətin və yaxud ümumiyyətlə mümkün olmaya bilər.
8:25, 26. Yaşlı levililər mütləq xidməti dayandırırdılar, bununla bu kişilərin yaşına hörmət edilir, həmçinin levililərə məxsus olan vəzifə başqa münasib adamlara həvalə oluna bilərdi. Bununla belə, yaşlılar başqa levililərə könüllü kömək edə bilərdilər. Padşahlığın təbliğçiləri üçün yaş məhdudiyyəti olmasa da, bu qanunun əsasını təşkil edən prinsip bizə çox şey öyrədir. Əgər məsihçi qocalıq ucbatından müəyyən vəzifələri yerinə yetirmək iqtidarında deyilsə, o, gücü çatan xidmət növündə iştirak edə bilər.
SƏHRADA DOLAŞMAQ
Nəhayət çadırın üzərindən bulud qalxdıqda israillilər yola düşürlər; bu yol onları 38 il və bir-iki aydan sonra Moab düzənliyinə gətirib çıxaracaqdı. Yehovanın Şahidləri tərəfindən nəşr olunan “Yaxşı məmləkətə” baxın” adlı broşüranın 9-cu səhifəsindəki (rus.) xəritənin köməyi ilə onların qət etdikləri yolu izləmək faydalı olardı.
Kadeşə gedən yolda Paran səhrasında azı üç dəfə deyingənlik baş qaldırır. Birinci hadisə onunla qurtarır ki, Yehova od göndərib xalqın içindən bə’zilərini məhv edir. İkinci dəfə israillilər ət istəyərək şikayət edirlər, Yehova da onlara bildirçinlər göndərir. Miryamla Harunun Musaya qarşı deyinmələri isə ona gətirib çıxarır ki, Miryam bir müddətliyə cüzam xəstəliyinə tutulur.
Musa Və’d edilmiş torpağı diqqətlə nəzərdən keçirmək üçün Kadeşdən 12 nəfər kişini göndərir. Onlar 40 gündən sonra qayıdırlar. Onlardan on nəfərin gətirdiyi pis xəbərə inanan xalq Musanı, Harunu və sadiq müjdəçilər olan Yeşu ilə Kalebi daşqalaq etmək istəyir. Yehova xalqı vəba ilə öldürmək qərarına gəlir, lakin Musa xalqın adından çıxış edir; o zaman Allah bəyan edir ki, siyahıya alınanların hamısı ölüb qurtarana qədər israillilər 40 il səhrada dolaşacaqlar.
Yehova əlavə qayda-qanunlar verir. Korah və başqaları Musaya və Haruna qarşı qalxırlar, lakin üsyançıların yarısını od məhv edir, yarısını da torpaq udur. Növbəti günü bütün camaat Musa ilə Haruna qarşı deyinməyə başlayır. Bunun nəticəsində Yehova 14 700 nəfəri məhv edir. Allah baş kahin olaraq kimi seçdiyini göstərmək üçün elə edir ki, Harunun əsası çiçək açır. Bundan sonra Yehova levililərin vəzifələrinə və xalqın təmizlənməsinə dair başqa qanunlar da verir. Qırmızı düyənin külünün istifadə edilməsi, İsa Məsihin qurbanı vasitəsilə mümkün olan təmizlənməni təmsil edir (İbranilərə 9:13, 14).
İsraillilər Kadeşə qayıdırlar, orada Miryam vəfat edir. Xalq yenidən Musa ilə Haruna qarşı deyinməyə başlayır. Hansı səbəbə görə? Su yoxdur. Musa ilə Harun xalqa mö’cüzəli şəkildə su verirlər, lakin bu zaman Yehovanın adını izzətləndirməyi nəzərdən qaçırırlar. Bu səbəbdən onlar Və’d edilmiş diyara daxil olmaq imkanından məhrum edilirlər. İsraillilər Kadeşdən yola düşürlər və Harun Hor dağında vəfat edir. Xalq Edomu dolaşaraq, yorğunluqdan qətiyyətsizlik göstərməyə və Allahla Musaya qarşı deyinməyə başlayır. Yehova cəza olaraq zəhərli ilanlar göndərir. Musa yenidən israillilərin adından çıxış edir və Allah ona misdən ilan düzəldib, uzun ağaca yapışdırmağı buyurur ki, ilan vurmuş insanlar ona baxaraq şəfa tapa bilsinlər. İlan, əbədi həyatı ala bilməyimiz üçün İsa Məsihin dirəyə mismarlanacağını təmsil edirdi (Yəhya 3:14, 15). İsraillilər Amori padşahları Sihon və Oqu məğlub edib, onların torpaqlarına sahib olurlar.
Müqəddəs Kitab suallarına cavablar:
12:1 — Miryamla Harun Musaya qarşı nəyə görə deyinirdilər? Onların deyinmələrinin əsl səbəbi, görünür, Miryamın daha böyük səlahiyyətə can atması idi. Səhraya Musanın yanına arvadı Tsippora gələn zaman, Miryam, ola bilər, artıq düşərgədə öndə gedən qadın olmayacağından ehtiyat edirdi (Çıxış 18:1-5).
12:9-11 — Nəyə görə yalnız Miryam cüzama tutuldu? Çox ehtimal ki, Harunu da öz tərəfinə çəkərək, deyingənliyə səbəbkar o olmuşdu. Harun öz günahını boynuna alaraq düzgün əhval-ruhiyyə təzahür etdirdi.
21:14, 15 — Burada söhbət hansı kitabdan gedir? Müqəddəs Yazılarda onu yazanların mə’lumat götürdükləri müxtəlif kitablar xatırlanır (Yeşu 10:12, 13; 1 Krallar 11:41; 14:19, 29). “Rəbbin Cəngləri kitabı” da onlardan biri idi. Bu kitabda Yehovanın xalqının apardığı müharibələrə dair tarixi mə’lumatlar vardı.
Bizim üçün ibrət dərsləri:
11:27-29. Musa, başqaları Yehovaya xidmətdə şərəfli vəzifə alan zaman necə münasibət göstərməyə dair gözəl nümunədir. Musa qısqanclıqla öz izzətini qorumaq əvəzinə, Eldadla Medadın peyğəmbərlik etmələrinə sevinirdi.
12:2, 9, 10; 16:1-3, 12-14, 31-35, 41, 46-50. Yehova tələb edir ki, müəyyən etdiyi hakimiyyətə xidmətçiləri hörmət göstərsinlər.
14:24. Bizi günaha yönəldən bu dünyaya qarşı durmaq üçün, “başqa bir ruh”, yə’ni başqa əhval-ruhiyyə inkişaf etdirmək olduqca vacibdir. Bizim ruhumuz dünyanın ruhundan fərqlənməlidir.
15:37-41. İsraillilərin paltarlarının ətəklərindəki xüsusi saçaqlar onlara, bir xalq kimi Allaha xidmət etmək və Onun əmrlərinə tabe olmaq başqalarından ayrıldıqlarını xatırlatmalı idi. Biz də Allahın normalarına uyğun yaşayıb, bu dünyadan seçilməli deyilikmi?
MOAB DÜZƏNLİYİNDƏ
İsraillilər Moab düzənliyində dayandıqları zaman moablılar dəhşətə gəlir. Moab padşahı Balak, israillilərə lə’nət oxumaq üçün Balamı də’vət edir. Lakin Yehova Balamı onlara xeyir-dua verməyə məcbur edir. Sonra Moablı və Midyanlı qadınların vasitəsilə israilli kişiləri əxlaqsızlığa və bütpərəstliyə cəlb edirlər. Nəticədə Yehova 24 000 günahkarı məhv edir. Finehas Yehovaya olan qeyrətini təzahür etdirən zaman fəlakət sona yetir.
İkinci siyahıya alınmadan aydın olur ki, birinci dəfə siyahıya alınanlardan Yeşu və Kalebdən savayı heç kim sağ qalmamışdır. Yeşu Musanın xələfi tə’yin edilir. İsraillilər müxtəlif təqdimələrə və əhdlərə dair göstərişlər alırlar. Onlar habelə Midyanlılardan qisas alırlar. Rubenin, Qadın qəbilələri və Manassenin qəbiləsinin yarısı İordan çayının şərqində məskən salır. Sonra israillilərə İordan çayını necə keçməyə və torpaqlara necə sahib olmağa dair göstərişlər verilir. Və’d edilmiş diyarın sərhədləri ətraflı surətdə müəyyən edilir. Miras alınmış torpaqlar püşk ilə bölünməlidir. Levililərə 48 şəhər vermək lazımdır, onlardan da 6-sı sığınacaq şəhəri olacaqdır.
Müqəddəs Kitab suallarına cavablar:
22:20-22 — Yehovanın qəzəbi Balama qarşı nə üçün alovlanır? Yehova Balam peyğəmbərə deyir ki, o, israilliləri lə’nətləməsin (Saylar 22:12). Amma buna baxmayaraq, peyğəmbər Balakın adamlarına qoşulub, tam qətiyyətlə İsraili lə’nətləməyə gedir. Balam Moab padşahını razı salıb, ondan mükafat almaq istəyirdi (2 Peter 2:15, 16; Yəhuda 11). O, İsrail xalqına xeyir-dua vermək məcburiyyətində qaldıqdan sonra belə, Baala ibadət edən qadınların israilli kişiləri yoldan çıxarmalarını məsləhət etməklə də padşahın iltifatını qazanmağa çalışırdı (Saylar 31:15, 16). Beləliklə, Allahın Balama qarşı qəzəbinin səbəbi peyğəmbərin olduqca acgöz olması idi.
30:6-8 — Məsihçi öz arvadının əhdlərini ləğv edə bilərmi? Bizim günlərdə Yehova öz xidmətçilərinin əhdlərinə ayrı-ayrılıqda baxır. Misal üçün, Yehovaya həsr olunma — hər kəsin şəxsən verdiyi əhddir (Qalatiyalılara 6:5). Ərin belə bir əhdi ləğv etməyə haqqı yoxdur. Digər tərəfdən, qadın, əlbəttə ki, Allahın Kəlamına və ərinə dair vəzifələrinə zidd gedən əhdlər verməli deyil.
Bizim üçün ibrət dərsləri:
25:11. Finehas Yehovaya ibadətdə qeyrət göstərməklə bizə necə də gözəl nümunə vermişdir! Yığıncağın təmizliyini qorumaq istəyi bizi təşviq etməli deyilmi ki, bizə mə’lum olan əxlaqsızlığa dair məsihçi ağsaqqallarını xəbərdar edək?
35:9-29. Bilmədən kiminsə ölümünə bais olan şəxs evini qoyub, sığınacaq şəhərinə qaçmalı və bir müddət orada yaşamalı idi. Bu bizə, həyatın müqəddəs olduğunu və ona hörmət etməyin vacibliyini öyrədir.
35:33. Günahsız qanın tökülməsi ilə murdarlanan torpaq, ancaq o qanı tökənin qanı ilə təmizlənə bilər. Necə də ədalətlidir ki, Yehova yer üzünü Cənnətə çevirməzdən əvvəl, pisləri məhv edəcəkdir! (Süleymanın məsəlləri 2:21, 22; Daniel 2:44).
Allahın Kəlamı tə’sirlidir
Biz Yehovaya və Onun xalqı arasında məs’ul vəzifəyə tə’yin olunan kəslərə hörmətlə yanaşmalıyıq. Bu fikir “Saylar” kitabında aydın şəkildə vurğulanır. Bu, müasir yığıncaqda sülh və birliyi qorumaq üçün necə də vacibdir!
“Saylar” kitabında qələmə alınmış hadisələr göstərir ki, öz ruhaniliyinə e’tinasız yanaşan insanlar deyingənlik, əxlaqsızlıq və bütpərəstlik kimi günahlara nə qədər asan düşə bilərlər. Müqəddəs Yazıların bu kitabında yazılmış ayrı-ayrı nümunələr və ibrət dərsləri, Yehovanın Şahidlərinin yığıncaqlarındakı Xidməti görüşün “Yerli tələbatlar” bəndinin əsası kimi götürülə bilər. Şübhəsiz ki, Allahın Kəlamı həyatımızda “canlı və tə’sirli”dir (İbranilərə 4:12).
[30 və 31-ci səhifələrdəki şəkil]
Çadırın üzərindəki bulud vasitəsilə ilə Yehova israillilərə nə vaxt yola düşməyə və düşərgəni nə vaxt qurmağa işarə edirdi.
[26-cı səhifədəki şəkillər]
Yehova bizim itaətkarlığımıza layiqdir və Onun nümayəndələrinə bizim hörmət etməyimizi gözləyir.