Özbaşınalıq hökm sürən dünyada uşaqların tərbiyəsi
VALİDEYNLƏRİ almaq istəməsə də, hansısa oyuncağı aldırmaq üçün onlara yalvar-yaxar edən, yaxud valideynlərinin: «Dinc dur!» — deməsinə baxmayaraq, ora-bura qaçıb oynamaq istəyən uşağı görmüsünüzmü? Yəqin fikir vermisiniz ki, belə hallarda valideynlər uşaqlarının rifahını düşünürlər. Amma çox vaxt onlar uşağın istədiyini edirlər. Uşağının zar-zar ağlamasına dözməyən valideyn onun yalvarışına təslim olur.
Görünür, bir çox valideynlər düşünürlər ki, yaxşı ana və ya ata olmaq uşağın hər istəyini yerinə yetirmək deməkdir. Misal üçün, Birləşmiş Ştatlarda 12-17 yaşlarında olan 750 uşaq arasında sorğu keçirilmişdir. Sual belə idi: valideynlər onlara «yox» deyəndə reaksiyaları necə olur? Uşaqların təxminən 60 faizi dedi ki, təkid etməyə davam edir. Haradasa 55 faizi bunun sayəsində adətən istədiyinə nail olduğunu dedi. Onların valideynləri düşünə bilərlər ki, övladlarının istədiyi hər şeyi etməyə icazə verməklə onları sevdiklərini göstərirlər. Bu həqiqətən də belədirmi?
Gəlin qədimdə yazılmış hikmətli bir məsəli nəzərdən keçirək: «Kim ərköyün qul böyütsə, axırda bu ona dərd verər» (Süleymanın məsəlləri 29:21). Əlbəttə, uşaq qul deyil. Amma yəqin razılaşarsınız ki, bu prinsip uşaqların tərbiyəsinə də tətbiqediləndir. Valideynlər uşağı ərköyün böyütsə, onun istədiyi hər şeyi alsa, «bu ona dərd verər», yəni uşaq tərbiyəsiz, tərs və naşükür olacaq.
Bunun əksinə olaraq, Müqəddəs Kitab valideynlərə məsləhət edir: «Uşağa tərbiyə ver ki, layiqli yol tutsun» (Süleymanın məsəlləri 22:6). Müdrik valideynlər aydın, sabit və münasib qaydalar qoymaqla və onların yerinə yetirilməsinə nəzarət etməklə bu məsləhətə əməl edirlər. Onlar düşünmürlər ki, uşağı sevmək onu özbaşına buraxmaq deməkdir. Həmçinin uşağın ağlayıb-sızladığını və mısmırığını salladığını görüb ona güzəştə də getmirlər. Əksinə, belə valideynlər İsanın: «Sözünüz: “Bəli, Bəli”, “Xeyr, Xeyr” olsun», — dediyi hikmətli məsləhətinə uyğun davranırlar (Matta 5:37). Bəs onda uşağa tərbiyə vermək nə deməkdir? Gəlin bir nümunə əsasında bu sualın cavabını araşdıraq.
‘Əldəki oxlara bənzər’
Müqəddəs Kitab valideyn ilə uşaq arasındakı münasibəti təsvir edərək, uşağa valideynin rəhbərliyi lazım olduğunu göstərir. Məzmur 127:4, 5 ayələrində deyilir: «İnsanın gənc ikən övladları olarsa, bir igidin əlindəki oxlara bənzər. Oxdanı bu cür dolu olan nə bəxtiyardır!» Uşaqlar oxla, valideyn isə igidlə müqayisə edilir. Oxlarının hədəfə təsadüfən düşməyəcəyini bilən oxatan kimi, qayğıkeş valideynlər də anlayırlar ki, uşağın tərbiyəsini başlı-başına buraxmaq lazım deyil. Onlar «oxlarının» daşa dəyməsini istəmirlər, əksinə, arzu edirlər ki, övladları böyüyüb xoşbəxt, məsuliyyətli və müdrik olsunlar, lazımsız problemlərdən qaçsınlar və dəyərli məqsədlərə nail olsunlar. Lakin bunları sadəcə arzulamaq kifayət deyil.
Oxun hədəfə düşməsi üçün nə lazımdır? Onu yaxşı düzəltmək, yaxşı vəziyyətdə saxlamaq və var qüvvə ilə hədəfə doğru atmaq lazımdır. Eynilə, uşaqlarımızın böyüyüb uğur qazanmalarını istəyiriksə, onları hazırlamalı, müdafiə etməli və hədəfə doğru istiqamətləndirməliyik. Gəlin uşaqların tərbiyəsində vacib rol oynayan bu üç məqamı bir-bir nəzərdən keçirək.
Oxu yaxşı düzəltmək lazımdır
Qədim zamanlarda oxların düzəldilməsinə ciddi yanaşırdılar. Ehtimal ki, oxları yüngül ağac növlərindən hazırlayırdılar, onları əllə yonurdular və çalışırdılar ki, onlar mümkün qədər düz olsun. Oxun ucu iti olmalı idi. Onun düz uçması və hədəfə düşməsi üçün arxa ucuna lələklər bərkidirdilər.
Eynilə, valideynlər də uşaqlarının bu oxlar kimi düz olmalarını və məqsədlərindən yayınmamalarını istəyirlər. Buna görə də müdrik valideynlər uşaqlarının ciddi səhvlərinə göz yummurlar, əksinə, onların öhdəsindən gəlməkdə uşaqlarına məhəbbətlə kömək edirlər. Hər bir uşağın tərbiyəsi xeyli qüvvə tələb edir, çünki ‘səfehlik uşağın qəlbindən yapışıb’ (Süleymanın məsəlləri 22:15). Buna görə Müqəddəs Kitab valideynlərə yeri gələndə uşaqları cəzalandırmağı məsləhət edir (Efeslilərə 6:4). Həqiqətən də, cəza uşağın düşüncə tərzinin, xasiyyətinin formalaşmasında və islah edilməsində mühüm rol oynayır.
Buna görə təəccüblü deyil ki, Süleymanın məsəlləri 13:24 ayəsində deyilir: «Oğlundan kötəyi əsirgəyən sanki ona nifrət edər, oğlunu sevən ona düzgün tərbiyə verər». Burada tərbiyə kötəyi ifadəsi altında uşağı islah etmək üçün istifadə olunan müxtəlif üsullar nəzərdə tutulur. Valideyn uşağını məhəbbətlə cəzalandırmaqla onun səhvlərini düzəltməyə çalışır ki, onlar dərin kök salıb, uşaq boya-başa çatanda başına bəla olmasın. Övladını cəzalandırmayan valideynlər, sanki, ona nifrət edirlər, cəzalandıranlar isə onu sevdiklərini göstərmiş olurlar.
Bundan başqa, qayğıkeş valideyn həm də müəyyən qaydanı hansı məqsədlə təsis etdiyini övladına başa salır. Göründüyü kimi, uşağa tərbiyə verməyə yalnız qaydalar təsis etmək və uşağın onlardan kənara çıxdığı halda onun necə cəzalandırılacağını demək daxil deyil. Ən vacibi, həmin qaydaların nəyə görə qoyulduğunu başa düşməkdə uşağa kömək etməkdir. Müqəddəs Kitabda qeyd edilir: «Qanan oğul qanunu yerinə yetirər» (Süleymanın məsəlləri 28:7).
Oxa bərkidilən lələklər ox kamandan buraxıldıqdan sonra onun düz uçmasına kömək edir. Bunun kimi də, ailə Banisinin Müqəddəs Kitabdakı öyüd-nəsihəti, uşaqlar ata ocağını tərk etdikdən sonra da onlara ömür boyu fayda gətirə bilər (Efeslilərə 3:14, 15). Bəs valideynlər necə əmin ola bilərlər ki, Allahın öyüd-nəsihəti onlara «bərkidilib»?
Musanın dövründə Allahın israilli valideynlərə verdiyi məsləhətə diqqət yetirin: «Sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit» (Qanunun təkrarı 6:6, 7). Gördüyümüz kimi, valideynlər iki şeyə əməl etməlidirlər. Əvvəlcə, onlar özləri Allahın Kəlamını öyrənməli və yazılanlara əməl etməlidirlər, başqa sözlə, Allahın qanunlarını sevməlidirlər (Məzmur 119:97). Onda onlar ayənin ikinci hissəsində deyilənlərə əməl edə, yəni Allahın qanunlarını ‘övladlarının şüuruna yaxşı-yaxşı yeridə’ bilərlər. Onların vacib olduğunu uşaqların ürəyinə həkk etmək üçün qanunları yaxşı öyrətmək və tez-tez təkrarlamaq lazımdır.
Aydındır ki, Müqəddəs Kitab prinsipləri köhnəlməyib. Müasir dünyada da onları uşaqlara aşılamağın və ciddi səhvlərini məhəbbətlə islah etməyin böyük faydası var. Bu üsullar, dəyərli «oxların» yetkinliyə doğru düz və davamlı uçması üçün olduqca vacibdir.
Oxdana qoyulan oxlar
Gəlin Məzmur 127:4, 5 ayələrindəki məsələ bir daha qayıdaq. Xatırlayırsınızsa, oxatan oxları ‘oxdana’ yığırdı. Hazır oxları qorumaq lazım gəlirdi. Bu ona görə edilirdi ki, hazır oxlar əyilib sınmasın. Maraqlıdır ki, Müqəddəs Kitab peyğəmbərliyində Məsih Atasının ‘oxdanında saxlanılan’ iti ox adlanır (Yeşaya 49:2). Ən qayğıkeş Ata olan Yehova Allah sevimli Oğlu İsanı təyin edilən vaxtda öldürüləcəyinə qədər ona dəyə biləcək bütün zərərlərdən qorudu. İsa öləndə Yehova qoymadı ki, ölüm ona düzəlməz zərər vursun və onu dirildib, əbədi yaşaması üçün göylərə qaytardı.
Yaxşı valideynlər də uşaqlarını pozğun dünyanın zərərlərindən qorumağa çalışırlar. Hərdən valideynlər uşaqlarına pis təsir göstərə biləcək bəzi şeyləri qadağan etməli ola bilərlər. Məsələn, müdrik valideynlər Müqəddəs Kitabın «pis dostluq yaxşı əxlaqı pozar» prinsipinə ciddi yanaşırlar (1 Korinflilərə 15:33). Övladlarını Müqəddəs Yazıların əxlaq normalarına qiymət qoymayan adamlarla ünsiyyət etməkdən qorumaqla valideynlər, bəlkə də, onları ciddi, hətta ölümlə nəticələnə biləcək bir çox səhvlərdən qoruya bilərlər.
Uşaqlar valideynlərin onlara göstərdikləri qayğını heç də həmişə qiymətləndirmirlər. Onlar hərdən inciyirlər, çünki uşaqları qorumaq üçün bəzən onlara «yox» demək lazım gəlir. Uşaqların tərbiyəsi üzrə kitablar yazan tanınmış bir mütəxəssis deyir: «Uşaqlar bunu heç vaxt büruzə verməsələr də, hətta buna görə indi minnətdar olmasalar da, əslində istəyirlər ki, valideynləri onları təhlükəsiz və sabit həyatla təmin etsinlər. Biz valideynlər onlara sərhədlər qoymaqla və vəzifəmizə məsuliyyətlə yanaşmaqla bunu edə bilərik».
Bəli, uşaqlarınızı həqiqətən də sevdiyinizi, onları əmin-amanlıqdan, əxlaqi təmizlikdən və Allah qarşısında yaxşı addan məhrum edə biləcək hər şeydən müdafiə etməklə göstərə bilərsiniz. Onlar böyüyəndə, ehtimal ki, bu və ya digər qaydaları nəyə görə qoyduğunuzu başa düşəcək və onları məhəbbətlə təhlükələrdən müdafiə etdiyinizə görə sizə minnətdar olacaqlar.
Oxa istiqamət vermək
Fikir verin ki, Məzmur 127:4, 5 ayələrində valideyn ‘igidə’ bənzədilir. Bu o deməkdirmi ki, yalnız ata övladlarına yaxşı tərbiyə verə bilər? Əsla yox. Bu nümunədəki prinsip həm ataya, həm də anaya, həmçinin uşağını tək böyüdən valideynlərə də tətbiq edilir (Süleymanın məsəlləri 1:8). Bəs nəyə görə burada ‘igid’ sözü istifadə olunur? Çünki oxu atmaq üçün çoxlu güc-qüvvə lazım idi. Qədim zamanlarda kamanları bəzən mislə örtərdilər. Buna görə də oxu atmaq üçün əsgər var qüvvəsini toplayıb ‘kamanı çəkməli’ idi (Yeremya 50:14, 29). Bundan aydın görürük ki, oxu hədəfə tuşlamaq və onu atmaq üçün çoxlu güc-qüvvə və səy tələb edilirdi!
Uşaqları tərbiyə etmək üçün də çox qüvvə tələb olunur. Ox atılmadan hədəfə düşə bilmədiyi kimi, uşaqlar da özbaşına tərbiyəli böyüyə bilməzlər. Əfsuslar olsun ki, bir çox valideynlər bunu dərk etmirlər. Onlar qüvvə sərf etmək əvəzinə, asan yol seçirlər. Belə valideynlər yol verirlər ki, xeyirlə şərin nə olduğunu, əxlaq normaları və cinsi münasibətlər barədə uşaqlarına televizor, məktəb və həmyaşıdları öyrətsin. Onlar uşaqlarına istədikləri hər şeyə icazə verirlər. «Yox» demək çətin olanda sadəcə «hə» deyirlər və buna bəraət qazandırmaq üçün uşaqlarının xətrinə dəymək istəmədiklərini söyləyirlər. Əslində isə, valideynlər uşaqlarını özbaşına buraxmaqla onlara böyük zərər yetirirlər.
Uşaq böyütmək çox çətindir. Allahın Kəlamında yazılan məsləhətləri əldə rəhbər tutaraq bu işə can yandırmaq çox səy tələb etsə də, mükafatı buna dəyər. Valideynlər üçün olan bir jurnalda deyilir: «Tədqiqatlar göstərir ki, qayğıkeş, lakin qərarında güzəştə getməyən, yəni uşaqlarına dəstək olan, amma onları müəyyən çərçivələr daxilində böyüdən valideynlərin uşaqları, həddindən artıq mülayim və ya sərt valideynlərin uşaqları ilə müqayisədə, dərslərini daha yaxşı oxuyur, başqaları ilə yola gedir, özlərinə hörmət edir və demək olar ki, xoşbəxtdirlər» («Parents»).
Valideynlər üçün daha yaxşı mükafat var. Yuxarıda biz Süleymanın məsəlləri 22:6 ayəsinin birinci hissəsini nəzərdən keçirdik: «Uşağa tərbiyə ver ki, layiqli yol tutsun». Lakin görün bu ayənin ikinci hissəsində ürəyi riqqətə gətirən hansı sözlər yazılıb: «O qocalanda da bu yoldan dönməz». Bəs bu ayənin əsasında demək olarmı ki, bütün valideynlərin səyləri uğurla nəticələnəcək? Yox, bu həmişə belə olmur. Sizin uşağınız da iradə azadlığına malikdir və böyüyəndə öz seçimini etməli olacaq. Amma bu ayə valideynləri bir şeyə əmin edir. Nəyə?
Əgər uşaqlarınızı Müqəddəs Kitab məsləhətlərinə uyğun böyüdürsünüzsə, deməli, siz onların ən yaxşı bəhrə verə bilmələri üçün, yəni onların böyüyüb xoşbəxt, məsuliyyətli olmalarına və həyatlarında məmnunluq tapmalarına münasib mühit yaradırsınız (Süleymanın məsəlləri 23:24). Buna görə var qüvvənizlə bu dəyərli «oxları» hazırlayın, müdafiə edin və səylə hədəfə doğru yönəldin. Siz heç vaxt peşman olmayacaqsınız!
[9-cu səhifədəki şəkil]
Valideynlər uşaqlarının istədikləri hər şeyi almaqla onları sevdiklərinimi göstərirlər?
[11-ci səhifədəki şəkil]
Qayğıkeş valideynlər bu və ya digər qaydaları nə üçün qoyduqlarını izah edirlər
[11-ci səhifədəki şəkil]
Yaxşı valideynlər uşaqlarını pozğun dünyanın zərərli təsirindən qorumağa çalışırlar
[12-ci səhifədəki şəkil]
Uşaqları böyütmək çətin olsa da, mükafatı buna dəyər