DÖRDÜNCÜ FƏSİL
«Sən hara getsən, mən də ora gedəcəyəm»
1, 2. a) Rutla Naimənin səfərini təsvir edin. b) Nəyə görə onlar dərdlidirlər? c) Bu səfər onların hər biri üçün hansı mənanı daşıyır?
RUT qayınanası Naimə ilə küləkli, dərəli-təpəli Muab çöllüyündən keçən yolla gedir. Onlar ucu-bucağı görünməyən bu yerdə iki qara nöqtə kimi görünürlər. Gün batmaq üzrədir. Rut qayınanasına baxa-baxa düşünür ki, artıq gecələmək üçün bir yer tapmaq lazımdır. O, qayınanasını canından artıq sevir, onun yolunda hər şeyə hazırdır.
2 Bu qadınların ikisi də dərdlidir. Naimə neçə illərdir ki, duldur. İndi dərdinin üstünə bir dərd də gəlib, bu yaxınlarda oğulları Kilyunla Məhlunu itirib. Rutun da dərdi böyükdür, çünki Məhlun onun əri idi. Rutla qayınanası İsrailin Beytləhm şəhərinə gedirlər. Onlar eyni yerə getsələr də, bu səfər hər biri üçün fərqli məna daşıyır. Naiməni qarşıda doğma yurdu, Rutu isə naməlum həyat gözləyir. Rut hər şeyini — qohum-əqrəbasını, doğma yurdunu, adət-ənənələrini və allahlarını arxada qoyub gedir. (Rut 1:3—6 ayələrini oxu.)
3. Bizə Rutun imanını örnək götürməyə nə kömək edəcək?
3 Görəsən, nəyə görə bu cavan gəlin hər şeyini qoyub gedir? Yeni həyata başlamaq və Naimənin qeydinə qalmaq üçün Rut haradan güc tapacaq? Bu sualların cavabı bizə həyatın çox sahəsində muabi Rutdan örnək götürməyə kömək edəcək. (Həmçinin «Kiçik şah əsər» adlı çərçivəyə bax.) Amma əvvəlcə gəlin görək, onlar nəyə görə bu uzun səfərə, Beytləhmə yola çıxıblar.
Ailəni sarsıdan bəla
4, 5. a) Nəyə görə Naiməgil Muaba köçmüşdülər? b) Muabda Naimə hansı çətinliklərlə qarşılaşmışdı?
4 Rut Ölü dənizin şərqində yerləşən kiçik Muab diyarında böyüyüb boya-başa çatmışdı. Bu bölgənin əksər hissəsini seyrək meşələrdən ibarət hündür yaylalar və onları bir-birindən ayıran dərin vadilər təşkil edirdi. Muab bərəkətli bir diyar idi. Hətta İsraildə qıtlıq hökm sürən vaxt öz bərəkətini itirməmişdi. Rut əri Məhlunla və onun ailəsi ilə elə bu qıtlıq zamanı tanış olmuşdu (Rut 1:1).
5 Naimənin əri Əliməlik İsraildəki qıtlıq ucbatından arvadını və iki oğlunu götürüb qürbət elə, Muab diyarına köçmüşdü. Sözsüz ki, bu köç bütün ailənin imanını təhlükə altına qoymuşdu, çünki Qanuna görə, hər bir israilli Yehova Allahın seçdiyi müqəddəs yerdə müntəzəm olaraq Ona ibadət etməli idi (Qan. 16:16, 17). Naimə öz imanını qoruyub-saxlamışdı. Amma bir gün o, ağır zərbə aldı, əri Əliməlik vəfat etdi (Rut 1:2, 3).
6, 7. a) Nə üçün təxmin edə bilərik ki, oğullarının muabi qadınlarla evlənməsi Naiməni narahat etmişdi? b) Naimənin gəlinləri ilə rəftarı nə üçün təqdirəlayiqdir?
6 Bu azmış kimi, Naimə bir zərbə də aldı, oğlunun ikisi də muabi qızla evləndi (Rut 1:4). Naimə bilirdi ki, ulu babaları İbrahim peyğəmbər oğlu İshaqı öz xalqından olan, Yehova Allaha ibadət edən qızla evləndirmək üçün əlindən gələni etmişdi (Yar. 24:3, 4). Musanın Qanununda da yazılmışdı ki, israillilər yadelli xalqlara nə qız verməli, nə də onlardan qız almalıdırlar. Yoxsa onlar Allahdan uzaqlaşıb, bütlərə sitayiş edərdilər (Qan. 7:3, 4).
7 Amma buna baxmayaraq, Məhlun və Kilyun muabi qız aldılar. Bəlkə də Naimə bu evliliyə razı olmamışdı, bununla belə, görünür, gəlinləri Rutla Orpaya məhəbbət və mehribanlıq göstərməyə çalışırdı. Ola bilsin, o ümid edirdi ki, bəlkə, bir gün onlar da Yehova Allaha ibadət edərlər. Bu barədə dəqiq məlumatımız olmasa da, bir şeyi əminliklə deyə bilərik ki, gəlinləri onu sevirdi. Onların arasındakı isti münasibət başlarına gələn bəlaya tab gətirməyə kömək etmişdi. Belə ki, bu cavan gəlinlərin hər ikisi dünyaya övlad gətirməmiş dul qalmışdı (Rut 1:5).
8. Rutu Yehova Allaha nə cəlb etmişdi?
8 Rutun əvvəlki dini ona bu dərdə dözməyə kömək edə bilərdimi? Çətin ki. Muabilər başda Kəmuş olmaqla, çoxsaylı allahlara sitayiş edirdilər (Say. 21:29). Onlar o dövrdəki başqa dinlərdə olduğu kimi, uşaqları qurban gətirmək də daxil, bir çox vəhşi və qəddar ayinlər icra edirdi. Lakin Rut Məhlunla Naimədən eşitmişdi ki, İsrailin Allahı Yehova mehriban və mərhəmətli Allahdır. Ona ibadət qorxuya yox, məhəbbətə əsaslanır. Öz allahları ilə Yehova arasındakı fərq Ruta güclü təsir bağışlamışdı. (Qanunun təkrarı 6:5 ayəsini oxu.) Ruta üz verən ağır itki yəqin onu Naiməyə daha da yaxınlaşdırmışdı. Yaşlı qayınanası Qüdrət Sahibi Yehovadan, Onun xariqüladə işlərindən, xalqına məhəbbətindən, mərhəmətindən danışanda o, diqqətlə qulaq asırdı.
9—11. a) Naimə, Rut və Orpa nə qərara gəldilər? b) Onların başına gələn bəlalardan nə öyrənirik?
9 Naimənin qulağı səsdə idi, el-obasından xəbər gözləyirdi. Günlərin bir günü, yəqin ki, bir tacirdən, İsraildə aclığın bitdiyini eşitdi. Yehova xalqına nəzər salıb, Beytləhm yenidən öz adını (mənası «çörək evi») doğruldub. Beləliklə, Naimə doğma yurduna qayıtmaq qərarına gəldi (Rut 1:6).
10 Bəs Rutla Orpa nə edəcək? (Rut 1:7). Başlarına gələn bəla onları Naimə ilə daha da doğmalaşdırmışdı. Amma Rutu qayınanasına doğmalaşdıran təkcə bu deyildi. Naimə mehriban münasibəti və Yehova Allaha güclü imanı ilə Rutun ürəyini fəth etmişdi. Beləcə, bu dul qadınların üçü də Yəhudaya yola düşdü.
11 Bu əhvalatdan görünür ki, pis adamın da, yaxşı adamın da başına bəla gələ bilər (Vaiz 9:2, 11). Həmçinin buradan öyrənirik ki, itki üz verəndə təsəlli üçün ətrafımızdakı insanlara, ələlxüsus da, Naimənin ibadət etdiyi Allaha, Yehova Allaha pənah gətirənlərə üz tutmalıyıq (Məs. 17:17).
Rutun məhəbbəti
12, 13. a) Nəyə görə Naimə Rutun və Orpanın öz evlərinə qayıtmasını istəyir? b) Rutla Orpa əvvəlcə nə deyir?
12 Muabdan uzaqlaşdıqca Naimə narahat olmağa başlayır. Yanı ilə gedən gəlinləri barədə, ona və oğullarına göstərdikləri məhəbbət barədə düşünür. Onlara yük olmaq istəmir, onsuz da onlara çətindir. O düşünür: «Onlar el-obalarını qoyub mənimlə Beytləhmə getsələr, onlara nə gün ağlayacağam?»
13 Naimə gəlinlərinə deyir: «Qayıdın, ananızın evinə gedin. Qoy Yehova mərhumlara və mənə göstərdiyiniz məhəbbətin əvəzində sizdən məhəbbətini əsirgəməsin». Həmçinin onlara Yehovadan yeni ailə, yeni həyat diləyir. Müqəddəs Kitabda deyilir: «Sonra o, gəlinlərini öpdü və onlar hönkür-hönkür ağlamağa başladılar». İndi başa düşmək olar nəyə görə Rutla Orpa Naiməni bu qədər çox sevir. Çünki o, qayğıkeş və mehribandır. Naimənin sözlərindən sonra hər ikisi israr etməyə başlayır: «Yox, biz də səninlə xalqının yanına gedirik» (Rut 1:8—10).
14, 15. a) Orpa hansı qərara gəlir? b) Rutu geri qaytarmaq üçün Naimə onu necə dilə tutur?
14 Amma Naiməni fikrindən daşındırmaq elə də asan deyil. O, gəlinlərini başa salmaq istəyir ki, İsraildə onların qayğısına qala bilməyəcək. Çünki onun nə qeydinə qalan əri var, nə onları alacaq başqa oğulları, nə də yenidən ərə gedib uşaq doğmağa ümidi. Naimə deyir ki, onlara bir gün ağlaya bilmədiyi üçün ürəyi ağrıyır. Onun sözləri Orpanın ağlına batır. Muabda onun anası, qohum-əqrəbası və ata evi var. Görünür, ən yaxşısı Muabda qalmaqdır. Beləcə, Orpa qüssə içində qayınanasını öpüb vidalaşır və geri qayıdır (Rut 1:11—14).
15 Bəs Rut nə edəcək? Naimənin sözləri ona da aiddir. Müqəddəs Kitabda deyilir: «Rut isə onunla qaldı». Yəqin Naimə yoluna davam edəndə Rutun arxadan gəldiyini hiss edir və onu dilə tutur: «Bax, dul qalmış eltin öz xalqının, öz allahlarının yanına qayıtdı. Sən də onunla qayıt» (Rut 1:15). Naimə bu ayədə vacib bir fikri vurğulayır. Orpa təkcə xalqının yanına yox, «allahlarının» da yanına qayıtdı. O, Kəmuşa və başqa allahlara qulluq etməyi seçdi. Bəs Rut?
16—18. a) Rutun məhəbbəti nədən görünür? b) Məhəbbətlə bağlı Rutdan nə öyrənirik? (Həmçinin Rutla Naimənin təsvir olunduğu şəklə bax.)
16 Bu çöl-biyabanda Naiməylə təkbətək qalan Rut onun gözlərinə baxanda düzgün qərar verdiyinə bir daha əmin olur. Rut Naiməyə və onun ibadət etdiyi Allaha hədsiz məhəbbət bəsləyir. O deyir: «Səni atıb getməyi, geri qayıtmağı məndən istəmə. Sən hara getsən, mən də ora gedəcəyəm, harada qalsan, orada qalacağam, xalqın xalqım olacaq, sənin Allahın mənim Allahım olacaq. Sən harada ölsən, mən də orada öləcəyəm və məni orada dəfn edəcəklər. Əgər ölümdən başqa bir şey məni səndən ayırarsa, qoy Yehova cəzamı versin» (Rut 1:16, 17).
17 Rutun bu sözlərinin üstündən üç min il keçib, amma bu kəlmələr hələ də çoxlarının yaddaşındadır. Bu sözlərdə məhəbbət kimi gözəl xüsusiyyət öz əksini tapır. Rutun məhəbbəti o qədər güclü, o qədər sarsılmaz idi ki, Naiməylə dünyanın o başına belə, getməyə hazır idi. Onları yalnız ölüm ayıra bilərdi. O, Muabda olan hər şeyi, hətta əvvəllər sitayiş etdiyi allahları belə, unutmağa hazır idi. Naimənin xalqı onun xalqı olacaqdı. Orpadan fərqli olaraq, Rut tam səmimiyyətlə deyə bilərdi ki, Naimənin Allahı Yehova onun da Allahı olacaqa.
18 Beləcə, Rutla Naimə Beytləhmə uzun səfərlərini ikilikdə davam edirlər. Hesablamaya görə, onların səfəri bir həftə çəkə bilərdi. Şübhəsiz, onlar bu dərdli vaxtlarında bir-birinə dayaq olmuşdular.
19. Rutdan örnək alaraq ailə üzvlərimizə, dostlarımıza və bacı-qardaşlarımıza məhəbbətimizi necə göstərə bilərik?
19 Dünyada elə adam yoxdur ki, dərdi olmasın. Müqəddəs Kitabda bizim zəmanə «son dərəcə çətin bir vaxt» adlanır. Başımıza hər cür bəla gələ bilər, əzizlərimizi belə, itirə bilərik (2 Tim. 3:1). Bu gün Rutda olan xüsusiyyət, məhəbbət daha vacibdir. İnsanları bir-birinə sıx bağlayan, aralarında qırılmaz tellər yaradan məhəbbət bu zülmət dünyada insanı yaxşılıq etməyə sövq edən böyük qüvvədir. Bu xüsusiyyət bizə nikahda, ailədə, dostluq münasibətlərində və yığıncaqda gərəkdir. (1 Yəhya 4:7, 8, 20 ayələrini oxu.) Biz özümüzdə məhəbbət yetişdirməklə Rutdan örnək almış oluruq.
Rutla Naimə Beytləhmdə
20—22. a) Muabda başına gələnlər Naiməyə necə təsir edib? b) O, başına gələnlərlə bağlı nə düşünür? (Həmçinin Yaqub 1:13 ayəsinə bax.)
20 Məhəbbətdən danışmaq asandır, əsas məsələ onu əməldə göstərməkdir. Rut məhz belə də etdi. O, təkcə Naiməyə yox, ibadət etdiyi Yehova Allaha da məhəbbətini əməldə göstərdi.
21 Nəhayət Rutla Naimə Beytləhmə gəlib çatır. Bu kənd Yerusəlimdən 10 kilometr cənubda yerləşir. Görünür, burada Naiməni və onun ailəsini hamı tanıyır, çünki hamı onun qayıtmasından danışır. Onu görən qadınlar deyirlər: «Bu, Naimə deyil?» Bəli, Muabda yaşadığı illər onu çox dəyişib. O illərin ağrı-acısı onun çöhrəsindən, duruşundan sezilir (Rut 1:19).
22 O, qohum-əqrəbasına, qonum-qonşusuna həyatın ona necə ağır zərbə vurduğundan danışır. Dərdi elə böyükdür ki, yazıq Naimə deyir: «Mənə Naimə [mənası: «səfam»] deməyin. Mənə Mara [mənası: «acı»] deyin». Uzun illər əvvəl yaşamış Əyyub peyğəmbər kimi, Naimə də düşünür ki, başına gələn bədbəxtliklər Yehova Allahdandır (Rut 1:20, 21; Əyy. 2:10; 13:24—26).
23. a) Rut nə haqda düşünür? b) Musanın Qanununda kasıblarla bağlı nə deyilir? (Həmçinin haşiyəyə bax.)
23 Rutla Naimə Beytləhmdə məskunlaşır. Rut həm özünü, həm də qayınanasını dolandırmaq barədə düşünməyə başlayır. O öyrənir ki, Yehova Allahın İsrail xalqına verdiyi Qanunda kasıblara əl tutmaq buyrulur. Belə ki, kasıblar biçin zamanı biçinçilərin ardınca gedib yerə tökülən və qıraq-bucaqda bitən sünbüllərdən başaq yığa bilərlərb (Lav. 19:9, 10; Qan. 24:19—21).
24, 25. a) Rut Buəzin zəmisinə girəndə nə edir? b) O dövrdə başaq necə yığılırdı?
24 Müasir təqvimlə təxminən aprel ayıdır. Arpa biçini başlayıb. Rut zəmi-zəmi düşüb başaq yığmaq üçün yer axtarır. Təsadüfən Naimənin ərinin qohumu Buəzin, zəngin bir torpaq sahibinin zəmisinə girir. Qanuna görə, Rutun icazə almadan başaq yığmağa ixtiyarı var. Lakin o, biçinçilərin üstündə duran nəzarətçidən icazə alır və dərhal işə başlayır (Rut 1:22—2:3, 7).
25 Gəlin təsəvvür edək: Rut biçinçilərin ardınca gedir. Onlar oraqla sünbül biçir, Rut isə əyilib yerə düşən və biçinçilərin biçmədiyi sünbülləri yığır, onlardan dərz bağlayır və aparıb bir yerə yığır ki, sonra döysün. Bu, uzun, yorucu işdir, gün qızdıqca adamı lap əldən salır. Rut isə durmadan işləyir. Təkcə alnının tərini siləndə və işçilərin kölgələndiyi çardağın altına girib çörək yeyəndə dayanır.
26, 27. Buəz necə insandır və o, Rutla necə rəftar edir?
26 Yəqin Rut gözləmirdi ki, kimsə ona fikir verər. Amma sən demə, ona fikir verən var imiş. Buəz Rutu görüb nəzarətçidən onun kim olduğunu soruşur. Buəz mömin insandır. O, işçilərini: «Yehova qolunuza qüvvət versin!» — deyib salamlayır. Ola bilsin, onların arasında günəmuzd işləyənlər, hətta yadellilər var. İşçilər də onu eyni cür salamlayır. Yehova Allahı sevən bu yaşlı kişi Ruta ata kimi yanaşır (Rut 2:4—7).
27 Buəz Ruta «qızım» deyə müraciət edir və ona deyir ki, bundan sonra da gəlib onun zəmilərində başaq yığsın. Həmçinin biçinçilər onu incitməsinlər deyə, qarabaşlarına yaxın işləməyi məsləhət görür. Nahar vaxtı ona yemək verir. (Rut 2:8, 9, 14 ayələrini oxu.) Sonra onu tərifləyib ürəkləndirir. Gəlin görək necə.
28, 29. a) Rut necə ad qazanıb? b) Rut kimi Yehova Allaha sığındığınızı necə göstərə bilərsiniz?
28 Rut Buəzdən ona, yadelli bir qadına nəyə görə lütf göstərdiyini soruşur. Buəz isə cavabında Rutun qayınanasına etdiyi yaxşılıqlardan xəbərdar olduğunu söyləyir. Yəqin Naimə Beytləhm qadınlarına Rutu tərifləyib, bu da gəlib Buəzin qulağına çatıb. Buəz bunu da eşidib ki, Rut öz allahlarını atıb Yehova Allaha ibadət edir. Buna görə də belə deyir: «Qoy Yehova sənə bunun əvəzini versin! Qanadları altına sığındığın İsrailin Allahı Yehovadan bol-bol mükafat alasan!» (Rut 2:12).
29 Sözsüz ki, bu sözlər Rutu çox ürəkləndirir! O, anasının qanadları altına sığınan bala quş kimi Yehova Allaha sığınıb. Rut bu xoş sözlərə görə Buəzə təşəkkürünü bildirir və axşama qədər zəmidə işləyir (Rut 2:13, 17).
30, 31. Biz zəhmətkeş olmaqda, məhəbbət göstərməkdə və naşükür olmamaqda Rutdan necə örnək ala bilərik?
30 İmanını əməldə göstərən Rut maddi böhranın hökm sürdüyü bu zəmanədə yaşayan bizlərə gözəl örnəkdir. Rut fikirləşmirdi ki, dul olduğuna görə başqaları ona kömək etməyə borcludur. Əksinə, onun üçün edilən hər şeyi qiymətləndirirdi. Sevimli qayınanasına baxmaq üçün Rut səhərdən axşama qədər yorulmadan işləyirdi və bu iş aşağı səviyyəli iş olsa da, bundan utanmırdı. Həm də Rut məsləhətə qulaq asdı. Buna görə də o, yaxşı adamların arasında işləyirdi və ona dəyib-dolaşan yox idi. Başlıcası, o, heç vaxt yaddan çıxarmırdı ki, ən etibarlı sığınacaq Qayğıkeş Yaradan Yehova Allahdır.
31 Gəlin Rut kimi, biz də məhəbbət göstərək, onun kimi təvazökar, zəhmətkeş olaq və heç vaxt naşükür olmayaq. Onda bizim də imanımız başqaları üçün gözəl örnək olar. Bəs Yehova Allah Rutla Naimənin qayğısına necə qaldı? Növbəti fəsil bu suala cavab verir.
a Maraqlıdır ki, Rut digər yadellilərdən fərqli olaraq, sadəcə «Allah» demədi, Allahın adını çəkdi. «İzahlı Müqəddəs Kitab»ın şərhində deyilir: «Yazıçı bu yolla yadelli qadının tək olan Allaha ibadət etdiyini vurğulayır» («The Interpreter’s Bible»).
b Bu qanun Rutun vətənindəki qanunlardan fərqlənirdi. O vaxt Yaxın Şərqdə dul qadınlarla pis rəftar edirdilər. Bir mənbədə deyilir: «Qadın əri öləndə oğullarının himayəsinə keçirdi. Oğulları olmadıqda isə özünü ya köləliyə satmalı, ya fahişəlik etməli, ya da ölməli idi».