TƏLİM MƏQALƏSİ 45
Bir-birimizə xüsusi məhəbbət göstərək
«Mənə Yehovanın məhəbbətini göstər» (1 İŞM. 20:14).
NƏĞMƏ 107 İlahi məhəbbət örnəyi
İCMALa
1, 2. Bir-birimizə xüsusi məhəbbət göstərmək üçün hansı səbəblərimiz var?
BİR-BİRİMİZƏ xüsusi məhəbbət göstərmək üçün əsaslı səbəblərimiz var. Bunlardan bəziləri hansılardır? «Məsəllər» kitabındakı növbəti ayələr bu suala cavab verir: «Xeyirxahlığı, sədaqəti əldən buraxma... Onda Allah da, bəndə də üzünə xoş baxar». «Xeyirxah adam özünə xeyir edir». «Salehliyə, lütfkarlığa can atan həyata... yetişər» (Məs. 3:3, 4; 11:17; 21:21)b.
2 Bu ayələrdən aydın görmək olar ki, dindaşlarımıza əməldə məhəbbət göstərmək üçün əsaslı səbəblərimiz var. Birincisi, məhəbbət göstərməyimiz bizi Yehovanın gözündə dəyərli edir. İkincisi, bu bizim özümüzün xeyrinədir. Məsələn, dindaşlarımızla aramızda möhkəm dostluq münasibəti yaranır. Üçüncüsü, bunun sayəsində gələcəkdə bol nemətlər, o cümlədən əbədi həyat mükafatını alacağıq. Bir dəfə Yonatan Davuddan xahiş etmişdi: «Həm sağlığımda, həm də öləndən sonra mənə Yehovanın məhəbbətini göstər» (1 İşm. 20:14). Biz də bir-birimizə məhəbbət göstərməliyik və gördüyümüz kimi, bunun üçün əsaslı səbəblərimiz var.
3. Bu məqalədə hansı suallara cavab tapacağıq?
3 Bu məqalədə dörd suala cavab tapacağıq. Kimlərə xüsusi məhəbbət göstərməliyik? «Rut» kitabından məhəbbət haqda nə öyrənirik? Məhəbbətimizi necə göstərə bilərik? Məhəbbət göstərmək hansı bəhrəni gətirir?
KİMLƏRƏ XÜSUSİ MƏHƏBBƏT GÖSTƏRMƏLİYİK?
4. Məhəbbət göstərməkdə Yehovaya necə bənzəyə bilərik? (Mark 10:29, 30).
4 Ötən məqalədən öyrəndiyimiz kimi, Yehova yalnız Onu sevənlərə və Ona qulluq edənlərə xüsusi, tükənməz məhəbbət göstərir (Dən. 9:4). Biz «Allahın sevimli övladları kimi Ona bənzəməyə» çalışırıq (Efes. 5:1). İman bacı-qardaşlarımıza qarşı dərin və tükənməz məhəbbət yetişdirmək istəyirik. (Mark 10:29, 30 ayələrini oxuyun.)
5, 6. Bütün insanlara göstərilən məhəbbəti nümunə əsasında izah edin.
5 Yəqin razılaşarsınız ki, bu cür məhəbbəti daha dərindən başa düşsək, dindaşlarımızla münasibətdə onu daha yaxşı təzahür etdirəcəyik. Bunun üçün gəlin görək dindaşlarımıza göstərdiyimiz məhəbbət bütün insanlara göstərdiyimiz məhəbbətdən nə ilə fərqlənir. Bir nümunəyə baxaq.
6 Həvari Bulusun gəmi qəzasına düşdüyü vaxtı xatırlayın. Onlar gəmi qəzasından xilas olub Malta adasının sahilinə gəlib çıxmışdılar. Malta camaatının Bulusgillə heç bir tanışlığı yox idi. Amma onlara misilsiz insanpərvərlik göstərdilər (Həv. 28:2, 7). Malta camaatı dara düşmüş istənilən adamla belə davranardı. Buna görə də deyə bilərik ki, onların göstərdiyi məhəbbət bütün insanlara qarşı göstərilən məhəbbətdir.
7, 8. a) Məhəbbət göstərməyə insanı nə təşviq edir? b) Nəyə görə «Rut» kitabına nəzər salacağıq?
7 İndi isə gəlin Davudla Yonatanın nümunəsi əsasında görək dindaşlarımıza qarşı necə məhəbbət göstərməliyik. Yonatanın atası Davudu öldürmək istəsə də, Davud Yonatana məhəbbət göstərmişdi. Yonatanın ölümündən illər sonra da Davud Yonatanın oğlu Mefiboşetə məhəbbət göstərmişdi. Sözsüz ki, Davud hər adamla belə davranmazdı. Onun Yonatanla möhkəm dostluq münasibəti var idi, buna görə ona xüsusi məhəbbət göstərmişdi (1 İşm. 20:9, 14, 15; 2 İşm. 4:4; 8:15; 9:1, 6, 7).
8 Həmçinin «Rut» kitabından da məhəbbət haqqında çox şey öyrənə bilərik. Bu kitabda adı çəkilən bəzi insanlar məhəbbət xüsusiyyətini necə göstərmişdilər? Onlardan öyrəndiyimizi öz yığıncağımızda necə tətbiq edə bilərik?c
«RUT» KİTABINDAN MƏHƏBBƏT HAQDA NƏ ÖYRƏNİRİK?
9. Nəyə görə Naimə düşünürdü ki, Yehova ondan üz döndərib?
9 «Rut» kitabında Naimə haqqında, onun gəlini Rut və ərinin qohumu olan Buəz haqqında danışılır. Buəz mömin bir insan idi. İsraildə qıtlıq olanda Naimə, həyat yoldaşı və iki oğulları Muaba köçmüşdülər. Orada olarkən Naimənin əri vəfat etdi. Daha sonra oğulları evləndi, amma əfsus ki, onlar da öldü (Rut 1:3—5; 2:1). Bu bəlalar Naiməni getdikcə daha dərin kədərə qərq etmişdi. Yaşadığı faciələrə görə onun qəlbi qubar bağlamışdı. Hətta elə düşünürdü ki, Yehova ona düşmən kəsilib. O, belə sözlər demişdi: «Yehovanın mənə qəzəbi tutub». «Qüdrət Sahibi həyatımı acı etdi». «Yehova mənə düşmən kəsildi, Qüdrət Sahibi başıma bədbəxtlik gətirdi» (Rut 1:13, 20, 21).
10. Yehova Naimənin kəskin sözlərinə necə yanaşdı?
10 Yehova Naimənin bu cür kəskin sözlərinə necə yanaşdı? O, Naimədən üz döndərmədi, əksinə, ona şəfqət göstərdi. Yehova başa düşür ki, «zülm hikmətlini dəli edər» (Vaiz 7:7). Amma Naiməyə Yehovanın onunla olduğunu görməyə kömək etmək lazım idi. Yehova ona necə kömək etdi? (1 İşm. 2:8). O, Rutu yönləndirdi ki, Naiməyə məhəbbət göstərsin. Rut səmimi qəlbdən qayınanasına kömək etdi ki, o, mənəvi cəhətdən dirçəlsin və Yehovanın sevgisinə əmin olsun. Rutdan nə öyrənirik?
11. İman bacı-qardaşlarımızı dərdli olanlara dayaq olmağa nə təşviq edir?
11 Məhəbbət dərdli olanlara kömək etməyə təşviq edir. Rut Naiməyə bağlı qaldığı kimi, bu gün də iman bacı-qardaşlarımız depressiyada və kədər içində olan dindaşlarının yanında olurlar. Onlar bacı-qardaşlarını sevir və əllərindən gələn köməyi göstərməyə hazırdırlar (Məs. 12:25; 24:10). Həvari Bulus da bizə bunu nəsihət etmişdi: «Qəmginlərə təskinlik verin, zəiflərə dayaq olun və hamıya qarşı səbir göstərin» (1 Salon. 5:14).
12. Ruhdan düşmüş bacı-qardaşımıza dayaq olmağın ən gözəl yolu hansıdır?
12 Ruhdan düşmüş dindaşınıza dayaq olmağın ən gözəl yolu onu dinləməkdir, məhəbbətimizə əmin etməkdir. Yehovanın quzusuna göstərdiyiniz diqqət Onun nəzərindən yayınmır (Zəb. 41:1). Məsəllər 19:17 ayəsində deyilir: «Fağıra lütf eləyən Yehovaya borc verir, Allah da ona əvəzini verər».
13. Rut Orpadan nə ilə fərqlənirdi və nəyə görə Rutun hərəkəti məhəbbətdən qaynaqlanırdı? (Üz qabığındakı şəklə baxın.)
13 Məhəbbətin nə olduğunu daha yaxşı başa düşmək üçün gəlin Naimənin ərinin və iki oğlunun ölümündən sonra baş verənlərə nəzər salaq. Naimə xəbər tutur ki, Yehova Öz xalqına rəhm edib və onlara çörək verib. Buna görə də doğma yurduna qayıtmaq qərarına gəlir (Rut 1:6). İki gəlini də onunla birlikdə yola düşür. Yolda Naimə onları üç dəfə dilə tutur ki, evlərinə, Muaba qayıtsınlar. Bəs gəlinlər nə edir? «Orpa qayınanasını öpüb ondan ayrıldı. Rut isə onunla qaldı» (Rut 1:7—14). Orpa geri qayıtmağa qərar verməklə ondan nə gözlənilirdi onu etdi, Rut isə ondan gözləniləndən artığını etdi. O da geri qayıda bilərdi. Naimənin yanında qalmağa heç kim onu məcbur etmirdi (Rut 1:16, 17). Amma o, Naiməyə məhəbbətdən irəli gələrək onu qoyub getmədi. Biz Rutdan nə öyrənirik?
14. a) Bacı-qardaşlarımız məhəbbətdən irəli gələrək nələr edir? b) İbranilərə 13:16 ayəsinə əsasən, hansı qurbanlarımız Yehovaya xoşdur?
14 Məhəbbət daha artığını etməyə təşviq edir. Keçmişdə olduğu kimi, bu gün də bacı-qardaşlar dindaşlarına məhəbbət göstərirlər. Onlar bu məhəbbəti hətta şəxsən tanımadıqları dindaşlarına göstərirlər. Məsələn, haradasa təbii fəlakət baş verəndə onlar dərhal kömək etmək üçün təşəbbüs göstərirlər. Yığıncaqda kimsə maddi sıxıntı çəkəndə onun ehtiyacına uyğun yardım edirlər. Birinci əsrdə yaşamış makedoniyalılar kimi, onlar da gözləniləndən artığını edirlər. Onlar imkanı zəif olan dindaşlarına kömək etmək üçün qurbanlar verirlər, «hətta artıqlaması ilə səxavət» göstərirlər (2 Kor. 8:3). Yehova xalqı arasında bu cür məhəbbətin hökm sürdüyünü görəndə, təsəvvür etmək olar, nə qədər çox sevinir! (İbranilərə 13:16 ayəsini oxuyun.)
MƏHƏBBƏTİMİZİ NECƏ GÖSTƏRƏ BİLƏRİK?
15, 16. Rut kömək etmək qərarının qəti olduğunu necə göstərdi?
15 Rutla Naimənin hadisəsindən özümüz üçün çox şey öyrənə bilərik. Gəlin bir neçə sahəyə baxaq.
16 İsrarlı olun. Rut qayınanası Naiməyə deyəndə ki, onunla birgə Yəhudaya getmək istəyir, Naimə əvvəl-əvvəl razılaşmamışdı. Amma Rut kömək əlini o dəqiqə geri çəkmədi. Bəs bunun nəticəsi nə oldu? «Naimə görəndə ki, Rutun onunla getmək qərarı qətidir, daha ona heç nə demədi» (Rut 1:15—18).
17. Dindaşımızdan köməyimizi əsirgəməməyə bizə nə kömək edə bilər?
17 Nə öyrənirik? Ruhdan düşən insana kömək etmək üçün səbir lazımdır. Gəlin ondan tez əlimizi üzməyək. Köməyə ehtiyacı olan bacı, ola bilsin, əvvəl-əvvəl köməyimizi qəbul etməsin, amma məhəbbət bizi təşviq edəcək ki, yenə də ona dəstək olaqd (Qal. 6:2). Ümid edirik ki, bir gün bacı bizim dost əlimizi tutub, onu qəm dəryasından çıxarmağımıza izin verəcək.
18. Çox yəqin, hansı sözlər Rutun qəlbinə dəymişdi?
18 Hər sözü ürəyinizə yaxın buraxmayın. Naimə ilə Rut Beytləhmə çatanda Naimə keçmiş qonşuları ilə görüşdü. Onlara belə dedi: «Buradan dolu çıxdım, Yehova isə məni əliboş qaytardı» (Rut 1:21). Təsəvvür edirsiniz, Rut Naimənin bu sözlərini eşidəndə hansı hissləri keçirmişdi? O, Naimə üçün nələr etməmişdi?! Onunla birlikdə ağlamışdı, ona təsəlli vermişdi, onunla birlikdə günlərlə yol gəlmişdi. Bütün bunların qarşılığında Naimə deyir ki, «Yehova... məni əliboş qaytardı». Bu sözlərlə Naimə yanında duran Rutun dəstəyini heç etdi. Yəqin, bu, Rutun qəlbinə dəymişdi, amma buna baxmayaraq, o, yenə də Naimənin yanında qaldı.
19. Dindaşımız qəlbimizi yaralasa da, ona dayaq olmağa bizə nə kömək edə bilər?
19 Nə öyrənirik? Bu gün də, ola bilər ki, hansısa dərdli bacıya dayaq olmaq üçün əlimizdən gələni edirik. Amma o, elə sözlər deyir ki, qəlbimizi yaralayır. Buna rəğmən, biz çalışırıq, onun dediklərini ürəyimizə salmayaq, əksinə, köməyə möhtac olan bacımıza dayaq olaq. Həmçinin Yehovadan kömək istəyirik ki, ona təsəlli verməyimiz üçün bizə yol göstərsin (Məs. 17:17).
20. Ruta Naiməyə kömək etməkdən usanmamağa nə güc verdi?
20 Dindaşınızı ruhlandırın. Rut Naiməyə məhəbbət göstərdi. Amma indi Rutun özünün ruhlanmağa ehtiyacı var idi və Yehova da onu Buəz vasitəsilə ruhlandırdı. Buəz Ruta belə dedi: «Qoy Yehova sənə bunun əvəzini versin! Qanadları altına sığındığın İsrailin Allahı Yehovadan bol-bol mükafat alasan!» Bu sözlər Ruta qol-qanad verdi. O, Buəzə dedi: «Sən bu qarabaşına təsəlli, ürək-dirək verdin» (Rut 2:12, 13). Buəzin yerində dediyi sözlər Ruta güc verdi ki, Naiməyə dayaq olmaqdan usanmasın.
21. Əşiya 32:1, 2 ayələrinə əsasən, ağsaqqallar nə edir?
21 Nə öyrənirik? Başqalarına məhəbbət göstərənlərin bəzən özlərinin də ruhlanmağa ehtiyacı olur. Buəz Rutu tərifləyib bildirmişdi ki, etdiyi yaxşılıq nəzərdən yayınmır. Eynilə, bu gün də ağsaqqallar başqalarına dayaq olan bacı-qardaşların zəhmətini görürlər və onları qiymətləndirdiklərini bildirirlər. Ağsaqqalların dediyi tərif sözləri bacı-qardaşlara güc verir ki, dindaşlarına dayaq olmağa davam etsinlər. (Əşiya 32:1, 2 ayələrini oxuyun.)
MƏHƏBBƏT GÖSTƏRMƏK HANSI BƏHRƏNİ GƏTİRİR?
22, 23. Naimənin düşüncəsi necə dəyişdi və nəyə görə? (Zəbur 136:23, 26).
22 Daha sonra Buəz Rutla Naiməyə pay verir (Rut 2:14—18). Naimə Buəzin belə bir səxavət göstərməsinə necə yanaşır? O deyir: «Dirilərdən və ölülərdən məhəbbətini əsirgəməyən Yehova ona xeyir-dua versin» (Rut 2:20a). Naimənin fikirləri yerlə-göy qədər dəyişmişdi! Bundan əvvəl «Yehova mənə düşmən kəsilib» deyən Naimə indi sevinclə deyir ki, Yehova «məhəbbətini əsirgəməyən» Allahdır. Naimənin düşüncəsi nəyin sayəsində bu dərəcədə dəyişmişdi?
23 Nəhayət, Naimə öz həyatında Yehovanın əlini görməyə başlamışdı. Yəhudaya qayıtdığı yol boyunca Yehova Rut vasitəsilə ona dayaq olmuşdu (Rut 1:16). Həmçinin Naimə Yehovanın dəstəyini başqa cür də gördü. Üzərinə qohumluq borcu düşən Buəz bu iki qadına səxavətlə pay verdie (Rut 2:19, 20b). Yəqin Naimə belə düşünürdü: «İndi başa düşdüm ki, Yehova heç vaxt məni atmayıbmış, O, həmişə mənim yanımda olub!» (Zəbur 136:23, 26 ayələrini oxuyun.) Sözsüz ki, Naimənin ürəyi minnətdarlıqla dolub daşırdı, sevinirdi ki, Rutla Buəz ona dayaq olmaqdan vaz keçmədi. Təsəvvür edirsiniz, Naimənin indiki vəziyyətinə görə onların üçü də necə xoşbəxt idi?!
24. Dindaşlarımıza ən əsas nəyə görə məhəbbət göstərmək istəyirik?
24 «Rut» kitabından məhəbbət barədə nə öyrənirik? Məhəbbət bizi təşviq edir ki, dərdli bacı-qardaşlarımıza kömək etməkdən tez vaz keçməyək. Həmçinin məhəbbət bizi onlara dəstək olmaqdan ötrü nələrisə qurban verməyə təşviq edir. Ağsaqqallar yığıncaqdakılara dayaq olan bacı-qardaşları tərifləməli, onları ruhlandırmalıdır. Dindaşımızın ruhən dirçəldiyini görəndə biz çox sevinirik (Həv. 20:35). Bəs məhəbbət göstərməyimizin ən başlıca səbəbi nədir? Biz «məhəbbəti bol olan» Allahımız Yehovaya bənzəmək və Onu razı salmaq istəyirik (Çıx. 34:6; Zəb. 33:22).
NƏĞMƏ 130 Bir-birimizi bağışlayaq
a Yehova istəyir ki, biz yığıncaqdakı bacı-qardaşlara xüsusi məhəbbət göstərək. Bunun üçün gəlin Yehovanın qədimdəki xidmətçilərinin bu xüsusiyyəti necə təzahür etdirdiyini öyrənək və görək biz onlara necə bənzəyə bilərik. Bu məqalədə Rutdan, Naimədən və Buəzdən danışacağıq.
b Bu ayələrdə xeyirxahlıq və lütfkarlıq kimi tərcümə olunan sözlər ibrani sözü xeseddir.
c Bu məqalədən tam faydalanmaq üçün sizi təşviq edirik ki, «Rut» kitabından 1 və 2-ci fəsilləri oxuyasınız.
d Bu məqalədə Naimənin nümunəsini araşdırdığımız üçün köməyə ehtiyacı olan bacılardan danışılır. Amma buradakı fikirlər qardaşlara da aiddir.
e Buəzin üzərinə düşən qohumluq haqqı ilə bağlı ətraflı məlumat almaq üçün «İman örnəkləri» kitabının «Ləyaqətli qadın» adlı 5-ci fəslinə baxın.