ON BEŞİNCİ FƏSİL
O, Allahın xalqının müdafiəsinə qalxdı
1—3. a) Nəyə görə şahın hüzuruna yaxınlaşdıqca Əstəri qorxu bürüyür? b) Bu fəsildə Əstərlə bağlı hansı suallara cavab tapacağıq?
ƏSTƏR Şuş sarayının həyətinə yaxınlaşdıqca ürəyi az qalır köksündən çıxsın. O, özünü sakitləşdirməyə çalışır. Amma bu, elə də asan deyil. Saraydakı hər şey — kərpic divarlar üzərindəki rəngbərəng qanadlı öküz, şir, oxatan təsvirləri, oyma naxışlı sütunlar, əzəmətli heykəllər, həmçinin qalanın başıqarlı Zaqros dağlarının yanındakı hündürlükdə yerləşməsi, suyu duru Xoasp çayının görüntüsü insanda heyrət doğurur. Bütün bunlar ora gələnlərə Əstərin hüzuruna getdiyi şəxsin çox əzəmətli olduğunu xatırlatmaq üçündür. Özünü «böyük şah» adlandıran bu adam Əstərin əridir.
2 Əri?! Əslində, heç bir mömin yəhudi qızı Ahaşveroş kimi adama ərə getmək istəməzdia. Ahaşveroş Allahın göstərişinə tabe olub arvadı Saranın məsləhətinə qulaq asan İbrahim peyğəmbər kimi olmağa çalışan ər deyildi (Yar. 21:12). Əstərin Allahı Yehova haqda, Onun qanunları barədə Ahaşveroşun, demək olar, heç bir məlumatı yox idi. O, Fars qanunları ilə yaşayırdı. Bu qanunlara əsasən, Əstərin indi edəcəyi iş qadağandır. Əstər nə etməyə hazırlaşır? Qanuna əsasən, kim dəvətsiz Fars şahının hüzuruna gələrsə, onu ölüm gözləyir. Əstər şahdan dəvət almayıb. Amma yenə də şahın hüzuruna gedir. Yəqin içəri həyətə, şahın taxtından görünən yerə yaxınlaşdıqca ölümə yaxınlaşdığını hiss edir. (Əstər 4:11; 5:1 ayələrini oxu.)
3 Nəyə görə Əstər həyatını təhlükəyə atır? Bu gözəl insanın imanından nə öyrənə bilərik? İlk öncə gəlin görək necə olub ki, Əstər Fars imperiyasının məlikəsi kimi yüksək mövqeyə qalxıb.
Əstər kim idi?
4. Əstər barədə nə bilirik?
4 Əstər ata-anasını itirmişdi. Onun valideynləri haqda məlumatımız çox azdır. Onlar qızlarına Hədəssə adını qoymuşdular. Bu ibrani adının mənası mərsindir (ağ çiçəkli kol bitkisi). Valideynləri vəfat edəndən sonra onu əmisi oğlu Mərdəhay övladlığa götürmüşdü. O, Əstərdən çox böyük idi. Mərdəhay onu öz qızı kimi böyütmüşdü (Əst. 2:5—7, 15).
5, 6. a) Mərdəhay Əstəri necə tərbiyə etmişdi? b) Mərdəhayla Əstərin yaşayışını təsvir edin.
5 Mərdəhayla Əstər Fars imperiyasının paytaxtına sürgün edilmiş yəhudi xalqından idilər. Yəqin dinlərinə və riayət etdikləri qanunlara görə insanların onlara münasibəti yaxşı deyildi. Amma əmisi oğlu Əstərə xalqını dəfələrlə zülm-sitəmdən qurtarmış, yenə də qurtarmağa hazır olan mərhəmətli Yehova Allah haqda danışırdı və bu, şübhəsiz, onları bir-birinə daha da yaxınlaşdırırdı (Lav. 26:44, 45). Onların arasında məhəbbət və sədaqət bağları yaranmışdı.
6 Müqəddəs Kitabdan görünür ki, Mərdəhay Şuş qalasında məmur idi, şah qulluqçuları ilə birgə qala darvazasının yanında otururdu (Əst. 2:19, 21; 3:3). Əstərin uşaqlığının necə keçdiyini bilmirik. Amma əminliklə deyə bilərik ki, o, yaşca özündən böyük olan əmisi oğlunun qayğısına qalır, ev işləri ilə məşğul olurdu. Ehtimal ki, evləri şah sarayının yanında yox, çayın o biri tərəfində, kasıb məhəllədə yerləşirdi. Ola bilsin, Şuş bazarına gedib zərgərlərin qızıldan, gümüşdən düzəltdikləri zinət əşyalarına, tacirlərin satışa çıxardığı mallara baxmaq onun xoşuna gəlirdi. Əstər heç ağlına belə, gətirməzdi ki, gün gələcək bütün bunlar onun üçün adi bir şey olacaq. O, təsəvvür etmirdi ki, gələcəkdə onu nələr gözləyir.
Gözəl qız
7. Vaşti nəyə görə məlikəlikdən məhrum olmuşdu və sonra nə baş verdi?
7 Bir gün Şuşda aləm bir-birinə dəydi. Şahın ailəsində baş verən qalmaqal dildən-dilə dolaşmağa başladı. Şah Ahaşveroş əyan-əşrəfini yığıb onlara böyük ziyafət veribmiş, süfrəyə ləziz təamlar, şərab düzdürübmüş. Şahın arvadı Vaşti isə qadınlar üçün qurulmuş ziyafətdə imiş. Ziyafət vaxtı şah məlikə Vaştini hüzuruna çağırtdırmış, Vaşti isə şahın sözünü yerə salıb gəlməmişdi. Qonaqlar qarşısında alçalmış şahın qəzəbi kükrəmiş, məsləhətçiləri ilə məşvərət etmişdi ki, məlikəni necə cəzalandırsın. Beləcə, şahın qərarı ilə Vaşti məlikəlikdən məhrum olmuşdu. Odur ki, şahın xidmətçiləri bütün məmləkəti gəzib-dolaşıb gözəl qızlar axtarırdılar. Bu qızlardan biri məlikə olacaqdı (Əst. 1:1—2:4).
8. a) Nəyə görə Mərdəhay Əstərdən ötrü narahat olurdu? b) Müqəddəs Kitabın gözəlliyə münasibətini nəzərə alaraq, nə etməliyik? (Həmçinin Məsəllər 31:30 ayəsinə bax.)
8 Əstər böyüyür, günü-gündən gözəlləşirdi. Təsəvvür etmək olar, hər dəfə ona baxanda Mərdəhayın ürəyi necə dağa dönürdü. Bir tərəfdən də ona görə narahatçılıq keçirirdi. Müqəddəs Kitabda deyilir: «Əstər şux qamətli gözəl bir qız idi» (Əst. 2:7). Allahın Kəlamı gözəlliyə tarazlı yanaşır. Orada gözəllik tərif olunur, amma bu da qeyd edilir ki, insanda gözəlliklə yanaşı, hikmət və təvazökarlıq da olmalıdır. Əks halda, insanın ürəyində qürur və təkəbbür kimi mənfi xüsusiyyətlər yarana bilər. (Məsəllər 11:22 ayəsini oxu.) Bəlkə, siz də bunun şahidi olmusunuz. Bəs Əstər necə, gözəl olduğu üçün qürurlandı? Bunu vaxt göstərəcəkdi.
9. a) Padşahın xidmətçiləri nə etdilər və nəyə görə ayrılıq Mərdəhayla Əstər üçün çətin idi? b) Nəyə görə Mərdəhay Əstərin bütpərəstə ərə getməsinə icazə vermişdi? (Həmçinin çərçivəyə bax.)
9 Əstər şah üçün qız axtaran adamların diqqətini çəkdi. Onlar Əstəri Mərdəhayın evindən götürüb çayın o tayındakı əzəmətli saraya apardılar (Əst. 2:8). Ayrılıq həm Əstər üçün, həm Mərdəhay üçün çətin idi, axı onlar ata-bala kimi idilər. Əlbəttə, Mərdəhay istəməzdi ki, qızlığı, şah da olsa, imansıza ərə getsin. Amma onun əlindən heç nə gəlmirdib. Sözsüz ki, Əstər getməmişdən əvvəl Mərdəhayın məsləhətlərinə diqqətlə qulaq asmışdı. Şuş qalasına yaxınlaşdıqca Əstərin ağlında min bir sual dolaşırdı. Onu qabaqda nə gözləyirdi?
«Əstər onu görən hər kəsin hüsn-rəğbətini qazanmışdı»
10, 11. a) Düşdüyü mühit Əstərə necə təsir edə bilərdi? b) Mərdəhayın Əstərdən nigaran olduğu nədə görünür?
10 Əstər tamamilə ona yad olan bir dünyaya düşmüşdü. O, Fars imperiyasının dörd bir bucağından toplanmış qızların əhatəsində idi. Onların adət-ənənələri, dilləri və baxışları çox fərqli idi. Qızlar hərəmağası Həqayın nəzarəti altında gözəllik qulluğu keçməli idi. Bir il ərzində onlara ətirli yağlarla sığal çəkiləcəkdi (Əst. 2:8, 12). Bu cür mühit, bu cür şərait onları ancaq özlərinə bəzək-düzək verməyə, öyünməyə, rəqabətə sövq edə bilərdi. Bəs bu mühit Əstərə necə təsir etdi?
11 Mərdəhay qədər Əstəri düşünən yox idi. Müqəddəs Kitabda yazılıb ki, o, hər gün Əstərin halından xəbər tutmaq üçün hərəmxananın qarşısına gedirdi (Əst. 2:11). Yəqin xidmətçilər Əstər barədə nəsə bir xəbər gətirəndə o, bir ata kimi onunla qürur duyurdu. Onu fərəhləndirən nə idi?
12, 13. a) Əstər yan-yörəsində olan adamlara necə təsir bağışlamışdı? b) Əstərin hansı hərəkəti Mərdəhayı çox sevindirirdi?
12 Əstər o dərəcədə Həqayın ürəyinə yatmışdı ki, Həqay ona iltifat göstərib qulluğuna yeddi qız vermiş və hərəmxananın ən gözəl hissəsini ona ayırmışdı. Həmçinin Müqəddəs Kitabda deyilir: «Əstər onu görən hər kəsin hüsn-rəğbətini qazanmışdı» (Əst. 2:9, 15). Onlara bu cür təsir edən nə idi: yalnız onun gözəlliyi? Xeyr! Əstəri bəzəyən yalnız gözəlliyi deyildi.
13 Məsələn, Müqəddəs Yazılarda deyilir: «Əstər Mərdəhayın tapşırdığı kimi, xalqı və nəsli barədə heç nə danışmadı» (Əst. 2:10). Mərdəhay ona məsləhət görmüşdü ki, ehtiyatlı olsun, yəhudi olduğunu heç kimə deməsin. Çünki o bilirdi ki, sarayda yəhudilərə pis yanaşırlar. Əstərin ondan uzaqda da ağıllı davrandığını və itaətkar olduğunu eşidəndə, sözsüz ki, Mərdəhay çox sevinirdi.
14. Bugünkü gənclər Əstərdən nədə örnək ala bilərlər?
14 Bugünkü gənclər də valideynlərini və onları böyüdən insanları sevindirə bilərlər. Valideynləri yanlarında olmayanda, hətta dayaz düşüncəli, əxlaqsız, zorakı insanların əhatəsində olanda da, onlar təsir altına düşməyib Allahın qanunlarına bağlı qala bilərlər. Belə davranan gənclər Əstər kimi Yaradanın ürəyini sevindirirlər. (Məsəllər 27:11 ayəsini oxu.)
15, 16. a) Əstər şahın ürəyini nə ilə fəth etdi? b) Nəyə görə yeni həyata alışmaq Əstərə çətin ola bilərdi?
15 Şahın hüzuruna çıxmaq növbəsi Əstərə çatdı. Ona təklif etdilər ki, özünü bəzəmək üçün nə lazımdırsa götürsün. Əstərsə sadə qız idi, Həqayın məsləhət bildiyi şeylərdən savayı heç nə götürmədi (Əst. 2:15). Yəqin o düşünürdü ki, şahın ürəyini fəth etmək üçün yalnız gözəllik kifayət deyil, ən vacibi sarayda az rast gəlinən sadəlik və həlimlikdir. Görəsən, o, düz fikirləşirdi?
16 Müqəddəs Kitabda yazılıb: «Şah Əstəri digər qızlardan çox sevdi. Bütün qızlar içində şahın ən çox xoşuna gələn və hüsn-rəğbətini qazanan o oldu. Şah məlikə örpəyini onun başına qoydu və onu Vaştinin yerinə məlikə etdi» (Əst. 2:17). Yəqin bu sadə yəhudi qızına yeni həyata alışmaq elə də asan deyildi. Axı indi o, məlikə idi, dünyanın ən qüdrətli hökmdarının arvadı idi! Görəsən, bu şöhrət onun başını gicəlləndirmədi ki? Qətiyyən!
17. a) Əstər atalığına itaət etdiyini necə göstərdi? b) Nə üçün Əstər bu gün bizim üçün gözəl örnəkdir?
17 Əstər məlikə olsa da, atalığı Mərdəhayın itaətindən çıxmırdı. O, milliyyətini sirr saxlayırdı. Əstər bir məsələdə də Mərdəhaya itaət etmişdi. Mərdəhayın tapşırığı ilə şaha ona qarşı sui-qəsd qurulduğunu xəbər vermişdi və sui-qəsdin qarşısı alınmışdı (Əst. 2:20—23). O həmçinin təvazökar və itaətkar olmaqla Allaha iman etdiyini göstərirdi. Əstər bizim üçün gözəl örnəkdir. Çünki zəmanəmizdə itaətkarlığa dəyər verən azdır, itaətsizliyə və üsyankarlığa isə adi yanaşılır. Lakin Əstər kimi imanlı insanlar itaətkarlığı yüksək qiymətləndirirlər.
Əstərin imanı sınağa çəkilir
18. a) Mərdəhay nəyə görə Həmana baş əymirdi? (Həmçinin haşiyəyə bax.) b) Allahın bir çox sadiq bəndələri Mərdəhaydan nədə örnək alırlar?
18 Şah Ahaşveroş Həman adlı bir əyanın rütbəsini qaldırdı. Onu baş vəzir təyin etdi. Beləcə, Həman şahın baş məsləhətçisi və Fars imperiyasında ikinci adam oldu. Şah əmr verdi ki, hər kəs Həmanın qarşısında baş əysin (Əst. 3:1—4). Mərdəhay bu əmrə tabe ola bilməzdi. O başa düşürdü ki, şaha tabe olmaq lazımdır, amma bir şərtlə ki, Allaha hörmətsizlik etməsin. İş orasındadır ki, Həman aqaqlı idi. Görünür, o, İşmuil peyğəmbərin qətlə yetirdiyi Əmalik padşahı Aqaqın nəslindən idi (1 İşm. 15:33). Əmaliqələr mənfur xalq idi, onlar Yehova Allaha və Onun xalqına düşmən kəsilmişdilər. Allah bütün bu xalqı məhvə məhkum etmişdic (Qan. 25:19). Mömin bir yəhudi hansısa əmaliqənin qarşısında necə baş əyə bilərdi? Mərdəhay bunu edə bilməzdi. O, Həmana baş əymirdi. Həvarilərin işləri 5:29 ayəsində deyilir: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik». Bu günə kimi Allahın bir çox sadiq bəndələri, həm qadınlar, həm kişilər bu sözlərə əsasən davranıb həyatlarını təhlükə altına atmışlar.
19. Həman nə etmək istəyirdi və o, şahı nəyə inandırmağa çalışdı?
19 Mərdəhayın ona baş əymədiyini görən Həman özündən çıxdı. Təkcə Mərdəhayı öldürməklə onun qəzəbi soyuyan deyildi. O, Mərdəhayın xalqının, bütün yəhudilərin kökünü kəsmək fikrinə düşdü. Yəhudiləri pis qələmə verərək şahdan yəhudiləri qırmağa rüsxət aldı. O, yəhudilərin adını çəkməyib şaha dedi ki, xalqlar arasına səpələnmiş bu xalqın şaha bir xeyri yoxdur. Ən betəri isə onlar şahın qanunlarına tabe olmurlar, təhlükəli və üsyankar xalqdırlar. Həmçinin Həman bütün səltənətə səpələnmiş cəmi yəhudiləri qırmaq üçün şah xəzinəsinə külli miqdarda pul qoyacağını söylədid. Onda şah Ahaşveroş möhür üzüyünü Həmana verdi ki, ağlında tutduğu fərmanı möhürləyib təsdiqləsin (Əst. 3:5—10).
20, 21. a) Həmanın fərmanı yəhudilərə və Mərdəhaya necə təsir etdi? b) Mərdəhay Əstərə nə etməyi buyurdu?
20 Yəhudilərə ölüm hökmü çıxarıldı. Tezliklə çaparlar bu fərmanı böyük imperiyanın dörd bir tərəfinə çatdırdılar. Bu xəbər Yerusəlimə çatanda camaatın nələr keçirdiyini bir təsəvvür edin. Babil əsarətindən qayıdan yəhudilər şəhəri hələ bərpa etməmişdilər, onları qoruyan divarlar yox idi. Yəqin bu bəd xəbəri eşidəndə Mərdəhayın gözünün qabağına onlar, Şuşdakı dostları və qohum-əqrəbası gəldi. Dərddən başını itirmiş Mərdəhay yaxasını cırıb çul geyindi, başına kül tökdü, şəhərin ortasında acı-acı ağladı. Bu arada Həman şahla yeyib-içirdi, başlarına bəla gətirdiyi yəhudilərin və onların Şuşdakı dostlarının qəm-qüssəsi onun vecinə deyildi. (Əstər 3:12—4:1 ayələrini oxu.)
21 Mərdəhay başa düşürdü ki, qırğının qabağını almalıdır. Amma necə? Əstər Mərdəhayın nə vəziyyətdə olduğunu eşidəndə ona paltar göndərdi. Lakin o, sakitləşmək bilmirdi. Ola bilsin, əvvəllər Mərdəhay başa düşmürdü, nəyə görə Yehova Allah Əstərin ondan ayrılmasına və bütpərəst hökmdarın məlikəsi olmasına izin verib. İndi isə hər şey ona gün kimi aydın idi. Mərdəhay məlikəyə xəbər göndərib dedi ki, xalqının müdafiəsinə qalxsın, gedib şahla danışsın, ondan mərhəmət diləsin (Əst. 4:4—8).
22. Nəyə görə Əstər şahın hüzuruna getməyə qorxurdu? (Həmçinin haşiyəyə bax.)
22 Bu xəbəri eşidəndə Əstərin canına qorxu düşdü. Onun imanı ciddi sınağa çəkilirdi. O, qorxurdu və qorxduğunu Mərdəhaya açıq-aşkar söylədi. Mərdəhaya şahın qanununu xatırlatdı və dedi ki, şahın hüzuruna dəvətsiz gələn adamı ölüm hökmü gözləyir. Yalnız şah qızıl əsasını ona uzatsa, o sağ qala bilər. Xüsusilə də şahın sözünü yerə salıb onun hüzuruna gəlməyən Vaştinin aqibətini düşündükcə yəqin Əstər sağ qalacağına heç ümid etmirdi. O, Mərdəhaya bildirdi ki, şah otuz gündür onu hüzuruna çağırmır. Uzun müddət onu hüzuruna çağırmadığı üçün, bəlkə də, düşünürdü ki, şah artıq onu bəyənmire (Əst. 4:9—11).
23. a) Mərdəhay Əstəri necə cəsarətləndirdi? b) Nəyə görə Mərdəhay bizim üçün gözəl örnəkdir?
23 Mərdəhay Əstərə qəti cavab göndərdi və bu cavab onu cəsarətləndi. O, Əstərə söylədi ki, əgər bir tədbir görməsə, Allah başqa bir yolla yəhudiləri xilas edəcək. Bəs Əstər qırğın başlayanda canını necə qurtaracaq? Mərdəhayın sözlərindən onun Yehova Allaha tam güvəndiyini görürük. O əmin idi ki, Allah heç vaxt xalqının məhv olmasına yol verməyəcək və vədlərini mütləq yerinə yetirəcək (Yuş. 23:14). Mərdəhay Əstərə dedi: «Kim bilir, bəlkə, sən elə bu gün üçün məlikə olmusan» (Əst. 4:12—14). Mərdəhay bizim üçün gözəl örnəkdir. O, bütün qəlbi ilə Yehova Allaha güvənirdi. Bəs biz? (Məs. 3:5, 6).
İmanın ölüm qorxusu üzərində qələbəsi
24. Əstərin imanlı və cəsarətli olduğu nədən görünür?
24 Hərəkətə keçmək vaxtı gəlib çatdı. Əstər Mərdəhaya xəbər göndərdi ki, soydaşları ilə birgə üç gün oruc tutsun. Sonra əlavə etdi: «Ölməliyəmsə, qoy ölüm». Bu bir neçə söz onun imanlı və cəsarətli olduğunu göstərir (Əst. 4:15—17). Yəqin Əstər həyatı boyunca bu üç gün ərzində olduğu kimi coşqun dua etməmişdi. Budur, məqam yetişdi. Əstər şahın xoşuna gəlmək üçün ən gözəl məlikə əlbisəsini geyindi və onun hüzuruna getdi.
25. Əstərin şahın hüzuruna getdiyi səhnəni təsvir edin.
25 Gəlin fəslin əvvəlinə qayıdaq. Əstər şahın hüzuruna gedir. Onun necə həyəcan keçirdiyini, ürəkdən, coşqun dua etdiyini təsəvvür edin. O, içəri həyətə girir, oradan Ahaşveroşun oturduğu taxt görünür. Yəqin o, şahın üzündəki ifadəni oxumağa çalışır. Bəlkə də, Əstər həyətdə durub gözləməli olur və bu vaxt ona bir ömür qədər uzun gəlir. Dəqiqələr bir-birini əvəz edir, nəhayət şah onu görür. Şah təəccüblənir, lakin üzündə xoş ifadə yaranır. Şah qızıl əsasını Əstərə tərəf uzadır (Əst. 5:1, 2).
26. a) Biz nəyə görə Əstər kimi cəsarətli olmalıyıq? b) Əstər daha nə etməli idi?
26 Şah məlikəni dinləməyə hazırdır. Əstər Allaha sadiq qalmaqla və Allahın xalqına görə özünü təhlükəyə atmaqla Allahın bütün xidmətçilərinə gözəl nümunə qoyub. Əstər biz məsihilər üçün əsil örnəkdir. İsa peyğəmbər demişdi ki, onun davamçıları fədakar məhəbbətlə tanınacaqlar. (Yəhya 13:34, 35 ayələrini oxu.) Belə məhəbbət göstərmək üçün, adətən, Əstər kimi cəsarətli olmaq lazım gəlir. Həmin gün Əstər Allahın xalqının müdafiəsinə qalxdı, amma bu, işin başlanğıcı idi. Görəsən, o, şahı sevimli məsləhətçisi Həmanın fitnəkar olduğuna necə inandıracaq? Əstər xalqını necə xilas edəcək? Bu sualların cavabını növbəti fəsildə tapacağıq.
a Ahaşveroşun b.e.ə. V əsrin əvvəllərində Fars imperiyasını idarə etmiş I Kserks olduğu hesab edilir.
b 16-cı fəsildəki «Əstərlə bağlı suallar» adlı çərçivəyə bax.
c Ehtimal ki, Həman sonuncu əmaliqələrdən biri olub. Padşah Hizqiyyənin vaxtında sağ qalan əmaliqələri qırmışdılar (1 Saln. 4:43).
d Həman şaha on min gümüş talant, müasir pulla yüz milyonlarla dollar vəd etmişdi. Əgər Ahaşveroş, doğrudan da, I Kserks olubsa, onda Həmanın təklifi onun üçün çox cəlbedici ola bilərdi. Çünki yunanlara qarşı çoxdan qət etdiyi, amma nəticədə ağır məğlubiyyətə uğradığı müharibəyə başlamaq üçün Kserksə külli miqdarda pul lazım idi.
e I Kserks dəyişkən və qəddar adam kimi tanınırdı. Yunan tarixçisi Herodot Kserksin yunanlara qarşı müharibəsindən bəzi məqamları yazıb. Şahın əmrilə Hellespont (Dardanel) boğazında gəmilərdən ibarət üzən körpü düzəldilmişdi. Körpü fırtına ucbatından parçalananda şah mühəndislərin boynunu vurdurmuşdu. Həmçinin adamlarına əmr etmişdi ki, lənət oxuna-oxuna suyu qamçılasınlar və bu yolla Hellespont boğazını «cəzalandırsınlar». Elə həmin yürüşdə varlı bir adam ondan oğlunu ordudan azad etməyi xahiş etmişdi. Kserks isə oğlanı iki yerə böldürüb başqalarına dərs olsun deyə, cəsədini nümayişə qoymuşdu.