Gözlərinizi fani şeylərdən çəkin!
«Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et» (MƏZ. 119:37).
1. Bizə bəxş edilən görmə qabiliyyəti nə dərəcədə vacibdir?
BİZ necə də əsrarəngiz görmə qabiliyyətinə malikik! Bir göz qırpımında ətrafımızda olan hər şeyi və bütün rəngləri görə bilirik. Onun sayəsində əziz dostlarımızı tanıyır və xoşagəlməz təhlükələri sezirik. Gözəlliyi və təbiətin möcüzələrini heyranlıqla seyr edir, Allahın mövcudluğuna dair çoxsaylı sübutları görür və Onun izzətinə valeh oluruq (Məz. 8:3, 4; 19:1, 2; 104:24; Rom. 1:20). Görmə qabiliyyəti, məlumatı beyinə ötürən vacib bir vasitə kimi, Yehova haqqında bilik əldə etməkdə və Ona iman inkişaf etdirməkdə böyük rol oynayır (Yeşua 1:8; Məz. 1:2, 3).
2. Nəyə görə biz baxdığımız şeylərə diqqət yetirməliyik və bununla əlaqədar məzmurçunun xahişindən nə öyrənə bilərik?
2 Ancaq gözlə gördüyümüz şeylər bizə zərər də gətirə bilər. Gözlərlə beyin arasındakı əlaqə o qədər güclüdür ki, gördüyümüz şeylər ürəyimizdə arzu və istəklərin yaranmasına təkan verə, eləcə də onları gücləndirə bilər. Şeytan İblisin idarə etdiyi pozğun və xudbin dünyada yaşadığımız üçün ətrafımız, gözucu baxsaq belə, bizi asanlıqla poza biləcək təsvirlərlə doludur, üstəlik, biz hər gün Şeytanın güclü təbliğat atəşinə məruz qalırıq (1 Yəh. 5:19). Buna görə də təəccüblü deyil ki, məzmurçu: «Qoyma gözlərim fani şeylərə baxsın, Öz yolunda mənə həyat bəxş et»,— deyə yalvarırdı (Məz. 119:37).
Gözlərimiz bizi necə yoldan çıxara bilər?
3-5. Müqəddəs Kitabın hansı nümunələri göstərir ki, gözlərimizin bizi şirnikdirməsinə yol vermək təhlükəlidir?
3 Gəlin ilk qadın Həvva ilə nə baş verdiyinə nəzər salaq. Şeytan ona «xeyirlə şəri bilmə ağacının meyvəsindən» yeyərsə, gözlərinin ‘açılacağını’ dedi. Görünür, bu fikir Həvvaya yaman maraqlı gəlmişdi. ‘Ağacın meyvəsinin yemək üçün yaxşı, gözə xoş göründüyünü’ görən Həvvanın qadağan olunmuş meyvədən yemək istəyi daha da artdı. Onun ağaca tamahla baxması Allahın əmrini pozması ilə nəticələndi. Əri Adəm də itaətsizlik göstərib bütün bəşəriyyəti fəlakətə sürüklədi (Yar. 2:17; 3:2—6; Rom. 5:12; Yaq. 1:14, 15).
4 Nuhun günlərində də bəzi mələklər gördükləri şeylərin təsiri altına düşdülər. Onlar barədə Yaradılış 6:2 ayəsində deyilir: «Allah oğulları gördülər ki, insan qızları çox gözəldir və bəyəndikləri hər qızı özlərinə arvad etdilər». İnsan qızlarına şəhvətlə baxmaları üsyankar mələklərdə insanlarla cinsi əlaqədə olmaq kimi qeyri-təbii arzu oyatdı və bunun nəticəsində onların qəddar övladları dünyaya gəldi. O zaman insanların şər əməlləri, Nuh və onun ailəsini çıxmaq şərtilə, bütün bəşəriyyətin məhvinə gətirib çıxardı (Yar. 6:4—7, 11, 12).
5 Bu hadisələrdən əsrlər sonra yaşayan israilli Akanın gözləri onu zəbt edilmiş Yerixo şəhərindən bir neçə əşya oğurlamağa şirnikdirdi. Allah isə əmr etmişdi ki, Onun xəzinəsinə qoyulmalı olan müəyyən əşyalardan başqa, hər şey məhv edilsin. O, israillilərə xəbərdarlıq etmişdi: «Məhv edilməyə həsr olunmuş şeylərdən çəkinin ki, heç nə götürməyəsiniz». Akan itaətsizlik göstərəndə israillilər Ay şəhəri yaxınlığında məğlubiyyətə uğradılar, bəziləri isə həyatlarını itirdilər. Akan ifşa edilənə qədər oğurluq etdiyini boynuna almadı. Sonra o dedi: «[Həmin əşyaları] görəndə onlara tamah salıb götürdüm». Gözlərinin istəyi ucbatından o, ‘bütün malı’ ilə birlikdə məhv edildi (Yeşua 6:18, 19; 7:1—26). Akan qadağa edilmiş şeylərə ürəyində tamah saldı.
Gözlərinin hara baxdığına və arzularına fikir ver
6, 7. Şeytan bizi tələsinə salmaq üçün çox vaxt hansı ‘fitnəyə’ əl atır və reklamçılar ondan necə istifadə edirlər?
6 Həvva, üsyankar mələklər və Akan kimi, bu gün bəşəriyyət də eyni şirnikdirici təsirlərə məruz qalır. Bəşəriyyəti azdırmaq üçün Şeytanın əl atdığı «fitnələrindən» ən güclüsü «gözlərin ehtirası»dır (2 Kor. 2:11; 1 Yəh. 2:16). Müasir reklamçılar çox gözəl bilirlər ki, gözlə gördüklərinin insanlara həmişə güclü təsiri olub. «Gözlər insanların hissləri arasında ən güclü şirnikdirici vasitədir,— deyə marketinq üzrə Avropanın aparıcı ekspertlərindən biri qeyd edir. — Görmə qabiliyyəti çox vaxt başqa hisslərə üstün gəlir və insanı sağlam şüura zidd olan hərəkətə sövq edir».
7 Təəccüblü deyil ki, reklamçılar bizə gözlər vasitəsilə təsir göstərmək və satdıqları malı almaq və ya təklif etdikləri xidmətlərdən istifadə etmək arzusu oyatmaq üçün hər tərəfdən məharətlə hazırlanmış reklam yağdırırlar! Reklamın insanlara göstərdiyi təsiri araşdıran bir amerikalı tədqiqatçı qeyd etmişdir ki, reklam «sadəcə məlumat çatdırmaq üçün yox, ən vacibi — insanda müəyyən hisslər oyatmaq və onu müəyyən hərəkətə təşviq etmək üçün nəzərdə tutulub». Bunun üçün çox vaxt ehtiras oyadan obrazlardan istifadə olunur. «Seks gəlir gətirir» deyimi bəzi ölkələrdə çox məşhurdur. Buna görə də baxdığımız şeylərə, eləcə də ürəyimizi və beynimizi nələrlə qidalandırdığımıza nəzarət etmək necə də vacibdir!
8. Müqəddəs Kitabda gözlərimizə nəzarət etməyin vacibliyi necə vurğulanır?
8 Həqiqi məsihçilər gözlərin ehtirasına və cismani arzulara qarşı sığortalanmayıb. Buna görə də Allahın Kəlamı bizi gözlərimizə, eləcə də arzu və istəklərimizə nəzarət etməyə təşviq edir. (1 Kor. 9:25, 27; 1 Yəhya 2:15—17 ayələrini oxu.) Saleh Əyyub da başa düşürdü ki, gözlərin gördüyü ilə arzular arasında birbaşa əlaqə var. O demişdi: «Gözlərim üçün əhd etmişəm, gözüm bir qıza baxarmı?» (Əyy. 31:1). Əyyub nəinki qadına toxunmaqdan imtina edirdi, hətta beynində şəhvani fikirlərin yaranmasına belə yol vermirdi. İsa beyinin əxlaqsız fikirlərdən təmiz olmasının vacibliyini «bir qadına şəhvətlə baxan hər adam, artıq ürəyində onunla zina etmiş olur» deməklə vurğuladı (Mat. 5:28).
Qaçmalı olduğumuz fani şeylər
9. a) İnternetdən istifadə edərkən nəyə görə xüsusilə ehtiyatlı olmalıyıq? b) Pornoqrafiyaya hətta ötəri baxmaq nə ilə nəticələnə bilər?
9 Yaşadığımız dünyada pornoqrafiyaya ‘baxmaq’ — xüsusilə də İnternetdə — get-gedə adi hala çevrilir. Belə saytları axtarmaq lazım deyil, onlar özü səni tapır! Necə? Monitorda qəflətən ədəbsiz şəkil və ya reklam peyda ola bilər. Yaxud elektron poçtumuza gələn məktubu açarkən çətinliklə bağlanan pornoqrafik şəkil çıxa bilər. Onu silməzdən öncə insan ona ötəri baxsa da, şəkil artıq onun beynində həkk olunur. Pornoqrafiyaya ani baxış belə acı nəticələrə gətirə bilər. Bu, insana vicdan əzabı çəkdirə bilər və ona beynindən əxlaqsız səhnələri silmək üçün daima mübarizə aparmaq lazım gələ bilər. Ən pisi isə kiminsə pornoqrafiyaya bilərəkdən baxmağa davam etməsidir, o, ürəyindəki pozğun istəkləri mütləq öldürməlidir. (Efeslilərə 5:3, 4, 12 ayələrini oxu; Kolos. 3:5, 6.)
10. Nəyə görə pornoqrafiya toruna uşaqlar daha tez düşürlər və ona baxmaq nə ilə nəticələnə bilər?
10 Uşaqlar pornoqrafiyaya hər şeyi bilmək həvəsindən irəli gələrək baxa bilərlər. Belə hal baş verərsə, bu, onların cinsi münasibətlərə dair baxışlarına uzun müddət təsir göstərə bilər. Bir məlumata əsasən, bu, gənclərin cinsi normalara təhrif olunmuş baxışlarından tutmuş «sağlam və səmimi münasibətləri qorumaqda çətinliyin yaranmasına, qadınlara qeyri-real baxmalarına və xüsusilə də, təhsilə, dostluq və ailə münasibətlərinə maneçilik törədən pornoqrafiyaya aludə olmalarına» gətirib çıxara bilər. Sonra evlilikdə onun fəsadları daha ağır ola bilər.
11. Pornoqrafiyaya baxmağın təhlükəli olduğunu göstərən nümunə çəkin.
11 «Mən Yehovanın Şahidi olmazdan öncə son qoymalı olduğum zərərli vərdişlərdən ən çətini pornoqrafiyaya aludəçilik idi,— deyə məsihçi bir qardaş yazır. — Təsadüfən hansısa qoxunu hiss edəndə, musiqiyə qulaq asanda, bir şey görəndə, hətta nə haqdasa fikirləşəndə həmin şəkillər beynimdə yenidən canlanır. Mən hər gün durmadan mübarizə aparmalı oluram». Digər qardaş isə uşaqlıqda valideynləri evdə olmayanda atasının pornoqrafik jurnallarına baxırdı. O yazır: «Həmin şəkillərin mənim körpə zehnimə təsiri çox pis olub! Üstündən 25 il keçsə də, onların bəziləri hələ də beynimdə dolaşır. Nə qədər mübarizə aparsam da, onlardan canımı qurtara bilmirəm. Onlar barədə fikirləşməsəm də, yenə də vicdan əzabı çəkirəm». Əgər biz belə əzabverici hisslər keçirmək istəmiriksə, bu kimi fani şeylərə baxmamaq necə də müdriklikdir! Bəs buna necə nail olmaq olar? Bunun üçün insan «hər düşüncəni Məsihə itaət etsin deyə əsir» etməyə çalışmalıdır (2 Kor. 10:5).
12, 13. Məsihçilər hansı fani şeylərə baxmamalıdırlar və nəyə görə?
12 Qaçmalı olduğumuz digər «iyrənc» və ya fani şey insanı pul və var-dövlət dalınca qaçmağa sövq edən, cadugərlik, zorakılıq, qanlı və ölüm səhnələri ilə dolu olan əyləncələrdir. (Məzmur 101:3 ayəsini oxu.) Məsihçi valideynlər Yehovanın qarşısında məsuliyyət daşıdıqları üçün uşaqlarının evdə nəyə baxdıqlarına nəzarət etməlidirlər. Əlbəttə, heç bir həqiqi məsihçi bilə-bilə spiritizmə baş qoşmaq istəməzdi. Bununla belə, valideynlər bilməlidirlər ki, bəzi filmlərdə, seriallarda, videooyunlarda, hətta komikslərdə və uşaqlar üçün kitablarda sehirbazlıq əks olunur (Sül. məs. 22:5).
13 Gənc və ya yaşlı olmağımızdan asılı olmayaraq, gözlərimiz gerçəkliyə bənzər zorakı və qanlı süjeti olan videooyunlardan zövq almamalıdır. (Məzmur 11:5 ayəsini oxu.) Biz Yehovanın mühakimə etdiyi istənilən şeyə fikrimizi cəmləməməliyik. Unutma ki, Şeytanın məqsədi bizim düşüncələrimizi ələ keçirməkdir (2 Kor. 11:3). Əyləncə zərərsiz olsa da, ona həddən artıq çox vaxt sərf etsək, bu, ailəvi ibadətə, gündəlik Müqəddəs Kitab oxunmasına və görüşlərə hazırlaşmağa ayırdığımız vaxtı əlimizdən ala bilər (Filip. 1:9, 10).
İsanın nümunəsini izləyin
14, 15. Şeytanın Məsihi çəkdiyi üçüncü sınaqda diqqətəlayiq olan nədir və İsa ona necə qarşı dura bildi?
14 Əfsuslar olsun ki, yaşadığımız dünyada fani şeyləri heç görməmək mümkün deyil. İblis hətta İsaya da bu kimi şeyləri sırımağa çalışırdı. O, üçüncü dəfə İsanı Allahın iradəsini yerinə yetirməkdən çəkindirməyə cəhd edəndə onu «çox yüksək bir dağın zirvəsinə gətirdi və Ona dünyanın bütün ölkələrini və onların şan-şöhrətini göstərdi» (Mat. 4:8). Şeytan buna nəyə görə əl atdı? Şübhəsiz, o, gözlərin güclü təsirindən öz məqsədləri üçün istifadə etmək istəyirdi. Onun fikrincə, İsanın dünya padşahlıqlarının calalına bircə dəfə baxması kifayət idi ki, ürəyində şöhrət qazanmaq arzusu yaransın. Bəs belə şirnikdirici təklif alan İsa necə davrandı?
15 İsa o tərəfə heç gözünün ucu ilə də baxmadı. O, ürəyində pis arzuların yaranmasına yol vermədi. İblisin təklifini rədd etmək üçün İsaya onu götür-qoy etmək lazım gəlmədi. O, dərhal cavab verdi: «Rədd ol, şeytan!» (Mat. 4:10). İsanın həyatındakı məqsədi Allahın iradəsini yerinə yetirmək idi və o, diqqətini Yehova ilə münasibətlərinə cəmləyərək buna uyğun cavab verdi (İbr. 10:7). Nəticədə, İsa Şeytanın məkrli planını puç etdi.
16. İsanın Şeytanın şirnikdirici təkliflərini rədd etməsindən nə öyrənə bilərik?
16 İsanın nümunəsindən çox şey öyrənmək olar. Birincisi, heç kim Şeytanın hiylələrindən sığortalanmayıb (Mat. 24:24). İkincisi, diqqətimizi cəmlədiyimiz şeylər arzularımızı yaxşı, ya da pis istiqamətə yönəldərək onları gücləndirməyə qadirdir. Üçüncüsü, Şeytan bacardığı qədər çalışacaq ki, «gözlərin ehtirası»ndan istifadə edərək bizi azdırsın (1 Pet. 5:8). Dördüncüsü, biz də Şeytana müvəffəqiyyətlə qarşı dura bilərik, xüsusilə də əgər dərhal hərəkətə keçsək (Yaq. 4:7; 1 Pet. 2:21).
Gözünüzü «sağlam» saxlayın
17. Nəyə görə qarşımıza fani şeylərin çıxacağını oturub gözləmək yox, nə edəcəyimizi qabaqcadan qərara almaq müdriklik olardı?
17 Yehovaya həsr olunarkən verdiyimiz anda fani şeylərdən uzaq durmaq vədi də daxildir. Allahın iradəsini yerinə yetirəcəyimizə and içməklə biz məzmurçunun sözlərinə qoşuluruq: «Ayağımı hər pis yoldan kənar qoydum ki, sözlərinə bağlı qalım» (Məz. 119:101). Qarşımıza fani bir şeyin çıxacağını oturub gözləmək müdriklik olmazdı, nə edəcəyimizi əvvəlcədən qərara almalıyıq. Biz Müqəddəs Yazılarda hansı əməllərin mühakimə olunduğunu yaxşı bilirik. Şeytanın fitnələrindən də bixəbər deyilik. Şeytan İsanı daşları çörəyə çevirmək üçün nə zaman dilə tutmağa başladı? O, qırx gün-qırx gecə oruc tutub ‘aclıq’ hiss edəndən sonra (Mat. 4:1—4). Şeytan bizim nə vaxt zəif və şirnikdirici təkliflərə uymaq ehtimalımızın daha çox olduğunu sezməyə qadirdir. Buna görə də buna indi diqqət yetirməyin əsil vaxtıdır. Bunu təxirə salma! Əgər Yehovaya həsr olunarkən verdiyimiz andı daima yadda saxlasaq, fani şeylərdən çəkinməyə qəti qərarlı olacağıq (Sül. məs. 1:5; 19:20).
18, 19. a) «Sağlam» gözlə «şikəst» göz arasındakı fərqi göstərin. b) Nəyə görə daima dəyərli şeylər barədə düşünmək vacibdir və bununla əlaqədar Filipililərə 4:8 ayəsində hansı məsləhət verilir?
18 Hər gün gözlərimizə təsir edən və bizi yayındıran şeylərin sayı günbəgün artmaqdadır. Buna görə də İsanın gözlərimizi «sağlam» saxlamağa dair verdiyi məsləhətinə riayət etmək həmişəkindən daha vacibdir (Mat. 6:22, 23). «Sağlam» göz tamamilə bir məqsədə — Allahın iradəsini yerinə yetirməyə cəmlənib. «Şikəst» göz isə fitnəkar və tamahkardır; onu yalnız fani şeylər cəlb edir.
19 Yadda saxla ki, gözlər düşüncəni, düşüncələr isə ürəyi qidalandırır. Buna görə daima dəyərli şeylər barədə düşünmək necə də vacibdir. (Filipililərə 4:8 ayəsini oxu.) Gəlin biz də məzmurçunun duasına qoşularaq deyək: «Qoyma gözlərim fani şeylərə baxsın». Bu duaya uyğun davransaq, əmin ola bilərik ki, Yehova ‘Öz yolunda [bizə] həyat bəxş edəcək’ (Məz. 119:37; İbr. 10:36).
Aşağıdakı şeylər barədə nəyi yadda saxlamalıyıq?
• Göz, düşüncə və ürək arasında hansı əlaqə var?
• Pornoqrafiyaya baxmaq nəyə görə təhlükəlidir?
• Gözümüzü «sağlam» saxlamaq nə üçün vacibdir?
[23-cü səhifədəki şəkillər]
Məsihçilər hansı fani şeylərə baxmaqdan çəkinməlidirlər?