«Mən kimdən vahimələnim?»
«Mənimlə döyüşsələr də, arxayınam» (MƏZ. 27:3).
AŞAĞIDA GƏTİRİLƏN AYƏLƏRƏ ƏSASƏN, BİZƏ CƏSARƏT İNKİŞAF ETDİRMƏYƏ NƏ KÖMƏK EDƏCƏK?
1. Biz 27-ci məzmurun köməyilə hansı sualların cavabını tapacağıq?
DÜNYADA vəziyyətin pisləşdiyi bir vaxtda biz təbliğ fəaliyyətimizi nəyə görə genişləndiririk? Bütün dünyada ciddi iqtisadi problemlərin tüğyan etməsinə baxmayaraq, nə üçün biz böyük sevinclə vaxtımızın və gücümüzün çox hissəsini təbliğ işinə sərf edirik? Çoxları gələcəkdən qorxduğu bir halda, biz necə cəsur qala bilirik? Davud padşahın Allahdan ilham alaraq yazdığı 27-ci məzmur bu suallara cavab verir.
2. Vahimə hissi insana necə təsir edir, bəs biz nəyə əminik?
2 Davud məzmurunu bu sözlərlə açır: «Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, mən kimdən vahimələnim?» (Məz. 27:1). Qorxu hissi insanı zəiflədə, vahimə isə daha ciddi fəsadlar törədə bilər. Ancaq Yehovadan qorxan insan vahiməyə düşməməlidir (1 Pet. 3:14). Əgər Yehovanı qalamız hesab ediriksə, «əmin-amanlıqda yaşayacaq, rahatlıq tapacaq, pislikdən [qorxmayacağıq]» (Sül. məs. 1:33; 3:25). Nəyə görə?
«RƏBDİR NURUM, QURTULUŞUM!»
3. Hansı mənada Yehova bizim nurumuzdur, lakin bizdən nə tələb olunur?
3 «Rəbdir nurum» metaforası Yehovanın bizi cahillikdən və ruhani zülmətdən azad edən Allah olduğuna işarə edir (Məz. 27:1). Həqiqi işıq bizə yolumuzdakı təhlükələri, yaxud maneələri görməyə kömək edir, lakin onları aradan qaldırmır. Biz gördüklərimizi nəzərə alaraq müdrik davranmalıyıq. Eynilə, Yehova bizə dünyada baş verən hadisələrin məğzini açıqlayır, üstəlik, bu sistemdəki təhlükələrdən xəbərdar edir. Onun bizə öyrətdiyi Müqəddəs Kitab prinsipləri hər zaman işə yarayır, bizdən isə sadəcə olaraq öyrəndiklərimizi tətbiq etmək tələb olunur. Biz belə edəndə həm düşmənlərimizdən, həm də müəllimlərimizdən daha müdrik davranırıq (Məz. 119:98, 99, 130).
4. a) Davudun əminliklə: «Rəbdir... qurtuluşum», — deməsinə səbəb nə idi? b) Yehova xüsusilə nə vaxt bizim qurtuluşumuz olacaq?
4 Davudun Məzmur 27:1 ayəsindəki sözləri göstərir ki, o, Yehovanın keçmişdə onu necə qurtardığını, yəni xilas etdiyini unutmurdu. Misal üçün, Yehova onu aslan və ayı pəncəsindən xilas etmişdi. Yehovanın köməyi ilə Davud həm də nəhəng Qolyatın üzərində qələbə çalmışdı. Daha sonra Şaul padşah bir neçə dəfə Davudu nizə ilə divara yapışdırmağa cəhd göstərəndə Yehova hər dəfə onun dadına çatırdı (1 Şam. 17:37, 49, 50; 18:11, 12; 19:10). Buna görə də Davudun əminliklə: «Rəbdir... qurtuluşum», — deməsi heç də təəccüblü deyil. Yehova Davudun qurtuluşu olduğu kimi, müasir xidmətçilərinin də qurtuluşu olacaq. Necə? Onları qarşıdan gələn «böyük müsibətdən» xilas etməklə (Vəhy 7:14; 2 Pet. 2:9).
YEHOVANIN HƏR DƏFƏ SƏNƏ NECƏ KÖMƏK ETDİYİNİ UNUTMA
5, 6. a) Xatirələr cəsarət inkişaf etdirməkdə hansı rolu oynayır? b) Yehovanın keçmişdə Öz xalqını necə xilas etdiyini xatırlamaq sənə cəsarətli olmağa necə kömək edir?
5 Bizə cəsarət inkişaf etdirməyə kömək edəcək vacib amil barədə Məzmur 27:2, 3 ayələrində yazılıb. (Ayələri oxu.) Davud keçmişdə Yehovanın onu necə xilas etdiyini xatırlayırdı (1 Şam. 17:34—37). Bu xatirələr ona ən ağır sınaqlar qarşısında əminlik verirdi. Sən də başına gələn hadisələrdən eyni nəticə çıxarırsanmı? Misal üçün, səni narahat edən problem barədə usanmadan dua etdikdən sonra Yehovanın sənə təqiblərin öhdəsindən gəlmək üçün necə müdriklik və güc verdiyini hiss etmisənmi? Yaxud da sənə sevinclə xidmət etməyinə əngəl törədən maneənin necə aradan qaldırıldığını və ya qarşında geniş fəaliyyət qapısının necə açıldığını xatırlayırsanmı? (1 Kor. 16:9). İndi bunlar yadına düşəndə hansı hissləri keçirirsən? Məgər bu xatirələr Yehovanın köməyilə daha ciddi maneələrin və bədbəxtliklərin öhdəsindən gələcəyinə dair əminliyini möhkəmləndirmir? (Rom. 5:3—5).
6 Bəs əgər hansısa qüdrətli bir dövlət Yehovanın Şahidlərinin təşkilatının kökünü kəsmək fikrinə düşsəydi, biz nə edərdik? Bir çox müasir hökmdarlar buna cəhd göstərmişlər, lakin onlar müvəffəqiyyətsizliyə uğramışlar. Əgər biz Yehovanın keçmişdə Öz xalqını necə xilas etdiyini yadımızda saxlasaq, bu, bizə gələcəyə əminliklə baxmağa kömək edəcək (Dan. 3:28).
TƏMİZ İBADƏTİ QİYMƏTLƏNDİR
7, 8. a) Məzmur 27:4 ayəsinə əsasən, Davud Yehovadan nə diləyirdi? b) Yehovanın böyük ruhani məbədi nədir və biz orada necə ibadət edirik?
7 Bizə cəsarətli olmağa kömək edən digər vacib amil həqiqi ibadəti sevməyimizdir. (Məzmur 27:4 ayəsini oxu.) Davudun günlərində «Rəbbin evi» deyildikdə, müqəddəs məskən nəzərdə tutulurdu. Davud oğlu Süleymanın gözəl məbəd tikməsi üçün qabaqcadan tədarük görmüşdü. Əsrlər sonra İsa qeyd etmişdi ki, Yehovaya məqbul tərzdə ibadət etmək üçün bu möhtəşəm məbədə getməyə artıq heç bir ehtiyac olmayacaq (Yəh. 4:21—23). Həvari Pavel ibranilərə ünvanladığı məktubunun 8-dən 10-dək fəsillərində izah etmişdi ki, artıq böyük ruhani məbəd fəaliyyət göstərməyə başlayıb. Bu, eramızın 29-cu ilində İsa vəftiz olunarkən özünü Yehovanın iradəsini yerinə yetirməyə təqdim etdiyi zaman baş verib (İbr. 10:10). Bu böyük ruhani məbəd İsanın fidyə qurbanlığı vasitəsilə Allaha münasib tərzdə yaxınlaşmağa kömək edən quruluşu təmsil edir. Biz bu ruhani məbəddə necə ibadət edirik? Yehovaya «sidqi-ürəkdən və imandan doğan tam qətiyyətlə» dua etməklə, ümidimiz barədə cəsarətlə təbliğ etməklə, eləcə də yığıncaq görüşlərində və ailəvi ibadət zamanı birgə toplaşaraq həmimanlılarımızı ruhlandırmaqla (İbr. 10:22—25). Həqiqi ibadəti qiymətləndirməyimiz bu keşməkeşli son günlərdə bizi möhkəmləndirir.
8 Bütün dünyada Yehovanın sadiq xidmətçiləri fəaliyyət dairələrini genişləndirirlər: yeni dillər öyrənir və Padşahlığın təbliğçilərinə daha çox ehtiyac olan ərazilərə köçürlər. Allahın bu xidmətçilərinin əməllərindən bəlli olur ki, məzmurçu kimi, onların da Yehovadan bir istəkləri, bir arzuları var. Onlar hər nə olursa-olsun, Yehovanın calalına baxmaq və müqəddəs xidmətdə iştirak etmək istəyirlər. (Məzmur 27:6 ayəsini oxu.)
ALLAHIN KÖMƏYİNƏ GÜVƏN
9, 10. Məzmur 27:10 ayəsi bizi nəyə əmin edir?
9 Davud Yehovanın köməyinə tam güvəndiyini növbəti sözlərlə bildirir: «Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər» (Məz. 27:10). «Birinci Şamuel» kitabının 22-ci fəslindən belə bir nəticəyə gəlirik ki, Davudun valideynləri heç vaxt onu tərk etməmişdilər. Lakin hal-hazırkı dövrdə çoxlarının ailələri onlardan rəhmsizcəsinə üz döndərib. Bu insanların çoxu kömək və müdafiəni qayğıkeş məsihçi yığıncağında tapmışlar.
10 Əgər Yehova Öz xidmətçilərinə başqaları onları atdığı zaman dayaq olmağa hazırdırsa, məgər digər sınaqlarla üzləşəndə onlara kömək etməyəcək? Məsələn, əgər biz ailəmizi maddi cəhətdən təmin etməklə bağlı narahatçılıq keçiririksə, məgər Yehovanın bizə kömək edəcəyinə əmin olmalı deyilik? (İbr. 13:5, 6). O, bütün sadiq xidmətçilərinin şəraitlərinə və tələbatlarına bələddir.
11. Yehovaya güvənməyimiz başqalarına necə təsir göstərə bilər? Nümunə çəkin.
11 Gəlin Liberiyada yaşayan və Müqəddəs Kitabı öyrənən Viktoriya adlı bir qadının nümunəsinə baxaq. Onunla yaşayan kişi onu və üç uşağını atıb getdi. Evsiz-eşiksiz və işsiz qalmasına baxmayaraq, o, ruhən inkişaf edib vəftiz oldu. Viktoriya vəftiz olandan sonra onun 13 yaşlı qızı içi pulla dolu olan bir pul kisəsi tapdı. Pula tamahları düşməsin deyə onu saymamaq qərarına gəldilər. Onlar dərhal pul kisəsinin sahibi olan əsgərlə əlaqə saxladılar. Əsgər onlara dedi ki, əgər bütün insanlar Yehovanın Şahidləri kimi dürüst olsaydılar, dünya daha yaxşı, daha təhlükəsiz olardı. Viktoriya Müqəddəs Kitabdan ona Yehovanın yeni dünya haqqındakı vədini göstərdi. Bacının dürüstlüyündən təsirlənən əsgər həmin pul qabından ona mükafat olaraq böyük məbləğdə pul verdi. Həqiqətən də, Yehovanın Şahidlərinin Allahın onların qayğısına qalmağa qadir olduğuna dair əminliyi onlara bütün dünyada dürüst insanlar kimi ad qazandırıb.
12. Maddi çətinliklərə baxmayaraq, Yehovaya xidməti davam etdirməklə biz nəyi göstərmiş oluruq? Nümunə çəkin.
12 İndi isə Syerra–Leonedən olan Tomas adlı bir vəftiz olunmamış təbliğçinin nümunəsinə nəzər salaq və onun keçirdiyi hissləri təsəvvür etməyə çalışaq. Tomas məktəbdə müəllim işləməyə başlamışdı, lakin sənədləşmə ilə bağlı iş başa çatmamış o, təxminən bir il maaşını ala bilmirdi. İllik məvacibini almazdan öncə Toması məktəbin direktoru ilə — keşişlə söhbət gözləyirdi. Keşiş ona izah etdi ki, Yehovanın Şahidlərinin etiqadları onlarınkı ilə üst-üstə düşmür. O təkid edirdi ki, Tomas öz əqidəsi ilə iş arasında seçim etsin. Tomas işdən çıxmağı və illik məvacibindən imtina etməyi seçdi. Sonradan o, radio və mobil telefonların təmiri ilə bağlı yeni iş tapdı. Bu və buna bənzər digər nümunələr göstərir ki, pulsuz-parasız qalmaq qorxusu çoxlarını vahiməyə sala bilər, ancaq biz əminik ki, hər şeyi yaradan və hər zaman xalqının qayğısına qalan Yehova heç vaxt bizi tərk etməyəcək.
13. Maddi cəhətdən əziyyət çəkən ölkələrdə Padşahlıq işi necə inkişaf edir?
13 Həyat şəraitinin çətin olduğu bir çox ölkələrdə təbliğçilər, adətən, nəzərəçarpacaq dərəcədə aktivdirlər. Buna səbəb nədir? Bir filialdan belə bir məktub gəlib: «Müqəddəs Kitabı öyrənməyə razılıq verən insanların çoxu işsizdir, buna görə də Allahın Kəlamını araşdırmaq üçün onların vaxtı çox olur. Qardaşların da təbliğə getməyə vaxtları çoxdur. İnsanlara, xüsusilə də ən pis şəraitdə yaşayanlara bizim son günlərdə yaşadığımızı deməyə ehtiyac yoxdur, hər şey onların gözü qabağındadır». Hər təbliğçinin, orta hesabla, üçdən çox insana Müqəddəs Kitabı öyrətdiyi bir ölkədə 12 ildən çox xüsusi təyinatlı müjdəçi kimi xidmət edən bir qardaş yazır: «Bir çox təbliğçilər sadə həyat tərzi sürürlər və onların diqqətini yayındıran şeylər azdır, buna görə də ümumilikdə onların sahə xidmətinə və insanlarla Müqəddəs Kitab öyrənməsi keçirməyə daha çox vaxtları var».
14. Böyük izdiham Yehovanın müdafiəsindən necə yararlana bilər?
14 Yehova söz verib ki, xalqını, bir qrup şəklində, həm fiziki, həm də ruhani zərərdən qoruyacaq, xilas edəcək və yardım göstərəcək. Biz Onun vədinə etibar edirik (Məz. 37:28; 91:1—3). «Böyük müsibətdən» sağ çıxacaq izdiham, həqiqətən də, böyük olmalıdır (Vəhy 7:9, 14). Buna görə də Yehova heç vaxt yol verməyəcək ki, kimsə bu axır günlərdə həmin izdihamı qrup şəklində məhv etsin. Onlar təqiblərə dözmək və Yehova ilə münasibətlərini qoruyub saxlamaq üçün lazım olan hər şeylə təmin olunacaqlar. Və böyük müsibətin son mərhələsində Yehova Öz xalqını müdafiə edəcək.
«YA RƏBB, YOLUNU MƏNƏ ÖYRƏT»
15, 16. Allahın göstərişlərinə riayət etmək hansı faydanı gətirir? Nümunə çəkin.
15 Cəsarətli qalmaq üçün bizim daima Yehovanın təlimlərinə ehtiyacımız var. Bu, Davudun yalvarış duasından görünür: «Ya Rəbb, yolunu mənə öyrət, düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et» (Məz. 27:11). Bu duaya uyğun davranmaq Yehovanın təşkilatı vasitəsilə aldığımız hər bir Müqəddəs Kitab göstərişinə diqqət yetirmək və onları dərhal tətbiq etmək deməkdir. Lazımsız borclardan azad olan bir çox bacı-qardaşlar təsdiq edirlər ki, həyatı sadələşdirməyə dair verilən müdrik məsləhətləri tətbiq etmək iqtisadi böhranın tüğyan etdiyi bu dövrdə onlara çox kömək etmişdir. Saxlaya bilmədikləri əşyaları özlərinə yük etmək əvəzinə, bu bacı-qardaşlar onlardan azad olub xidmətlərini genişləndirmişlər. Hər birimiz özümüzdən soruşmalıyıq: «Müqəddəs Kitabda, eləcə də sadiq və ağıllı nökərin nəşrlərində oxuduğum hər şeyi — hətta bunun üçün nədənsə keçmək lazım gəlsə belə — tətbiq edirəmmi?» (Mat. 24:45).
16 Əgər Yehovanın bizə göstərişlər verməsinə və salehlik yolu ilə aparmasına yol versək, qorxmağımıza heç bir səbəb olmayacaq. Birləşmiş Ştatlardan olan daimi pioner ona və bütün ailəsinə tammüddətli xidmətdə qalmağa kömək edəcək bir işə ərizə verəndə müdiri ona dedi ki, diplomsuz o, bu işi heç cür ala bilməz. Əgər bu, səninlə baş versəydi, tammüddətli xidmətdə olmaq üçün ali təhsildən imtina etdiyinə görə heyfslənərdinmi? İki həftədən sonra həmin müdir işdən çıxarıldı və orada işləyən başqa bir müdir isə qardaşımızdan məqsədləri barədə soruşdu. Qardaş müdirə onun və həyat yoldaşının Yehovanın Şahidləri olduqlarını, tammüddətli xidmət etdiklərini və bu xidməti davam etdirmək istədiklərini söylədi. Ancaq qardaş sözünü davam etdirmək istəyəndə müdir dedi: «Mən sizin başqalarından fərqləndiyinizə fikir vermişəm! Mənim atam ölüm ayağında olanda sizin iki həmimanlınız hər gün onun yanına gəlib Müqəddəs Kitabı oxuyurdu. Mən də o vaxtdan özümə söz vermişdim ki, əgər əlimə nə vaxtsa Yehovanın Şahidlərindən birinə kömək etmək fürsəti düşsə, mütləq ondan istifadə edəcəyəm». Səhərisi gün qardaş o biri müdirin ona vermək istəmədiyi işi aldı. Yehova bizi əmin edir ki, Padşahlıq işini həyatımızda birinci yerə qoyanda O da bizim maddi ehtiyaclarımızın qayğısına qalacaq (Mat. 6:33).
İMAN VƏ ÜMİD VACİBDİR
17. Nəyin sayəsində biz gələcəyə əminliklə baxa bilərik?
17 Daha sonra Davud iman və ümidin vacibliyi haqda danışır: «Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, buna şübhəm yoxdur» (Məz. 27:13). Həqiqətən də, Allahın verdiyi ümid olmasaydı və 27-ci məzmurdakı fikirləri başa düşməsəydik, indi həyatımız necə olardı? Buna görə də gəlin durmadan Yehovadan güc diləyək və Ondan xahiş edək ki, Har-Magedonda bizi xilas etsin. (Məzmur 27:14 ayəsini oxu.)
[23–cü səhifədəki şəkil]
Davud Yehovanın onun həyatını necə qurtardığını xatırlayırdı. Bu xatirələr ona güc verirdi
[25–ci səhifədəki şəkil]
İqtisadi çətinliklərə xidmətimizi genişləndirmək üçün bir fürsət kimi baxırıqmı?