Yehova «gözünü açar», hamıya diqqətlə baxar
«[Yehova] gözünü açar, bəşər övladlarına diqqətlə baxar» (MƏZ. 11:4).
1. Bizi necə insanlar cəlb edir?
SƏNƏ səmimi maraq göstərən insanlar barədə nə düşünürsən? Onlardan nə isə soruşanda fikirləri ilə dürüst bölüşürlər. Sən dara düşəndə böyük məmnuniyyətlə kömək edirlər. Məsləhətə ehtiyacın olanda onu məhəbbətlə verirlər (Məz. 141:5; Qalat. 6:1). Məgər bu cür insanlar səni cəlb etmirmi? Yehova və Onun Oğlu səninlə səmimi-qəlbdən maraqlanırlar. Üstəlik, onların göstərdiyi maraq istənilən insanın marağından qat-qat üstündür, niyyətləri isə təmizdir. Onlar sənə ‘əbədi [«həqiqi», haşiyə] həyata nail olmağa’ kömək etmək istəyirlər (1 Tim. 6:19; Vəhy 3:19).
2. Yehova Öz xidmətçiləri ilə nə dərəcədə maraqlanır?
2 Məzmurçu Davud Yehovanın bizə olan dərin marağını növbəti sözlərlə ifadə etmişdi: «[Yehovanın] görən gözləri var, gözünü açar, bəşər övladlarına diqqətlə baxar» (Məz. 11:4). Bəli, Allah bizə sadəcə baxmır, O bizə diqqətlə baxır, yəni bizi yoxlayıb araşdırır. Davud həmçinin yazmışdı: «Gecə ikən qəlbimi yoxlayıb araşdırdın... heç nə tapmadın» (Məz. 17:3). Yehovanın onunla dərindən maraqlandığının Davuda bəlli olmasını aydın görürük. O bilirdi ki, əgər günaha sövq edən fikirləri özündən atmasa və ürəyini hiyləgərliyə meyl etdirsə, Yehovanı kədərləndirəcək və Onun iltifatından məhrum olacaq. Davud üçün Yehova real idi. Bunu sənin üçün də demək olarmı?
Yehova ürəkləri görür
3. Yehovanın bizim qeyri-kamilliyimizə tarazlı münasibəti nədən görünür?
3 Yehovanı əsasən bizim daxilən necə insan olduğumuz, yəni ürəyimiz maraqlandırır (Məz. 19:14; 26:2). O, məhəbbətdən irəli gələrək kiçik qüsurlarımıza fikir vermir. Misal üçün, İbrahimin arvadı Sara ürəyində güldüyünü inkar edəndə insan cildində gələn mələk onun qorxduğunu və utandığını nəzərə alıb, onu yüngülvarı məzəmmət etdi (Yar. 18:12-15). Qəbilə başçısı Əyyub ‘özünü Allahdan saleh sayanda’ Yehova onu Öz xeyir-duasından məhrum etmədi, çünki Əyyubun Şeytanın əlindən nə qədər əziyyət çəkdiyindən xəbərdar idi (Əyy. 32:2; 42:12). Bundan başqa, Yehova sarfatlı dul qadının İlyas peyğəmbərə çəkinmədən dediyi sözlərindən də incimədi. Bu qadının yeganə övladını itirdiyinə görə kədər içində olduğunu Allah başa düşürdü (1 Pad. 17:8-24).
4, 5. Yehova Avimelekə necə xeyirxahlıq göstərdi?
4 Yehova ürəklərə diqqətlə baxdığı üçün hətta Ona iman etməyənlərə də xeyirxahlıq göstərir. Gəlin görək Yehova filiştlilərin Gerar şəhərinin padşahı Avimeleklə necə davrandı. İbrahimlə Saranın ər-arvad olduğundan bixəbər olan Avimelek arvadı olsun deyə Saranı yanına gətirtdi. Lakin Avimelek Saraya toxunmazdan öncə Yehova yuxuda ona dedi: «Mən də bilirəm ki, sən bunu sadədilliklə etdin. Buna görə də səni ona toxunmağa qoymayaraq Mənə qarşı günah etməkdən saxladım. İndi isə qadını ərinə qaytar, çünki o, peyğəmbərdir. Sənin üçün dua edər, salamat qalarsan» (Yar. 20:1-7).
5 Əlbəttə, Yehova bütlərə ibadət edən Avimeleklə sərt davrana bilərdi. Ancaq Allah bu halda onun dürüst davrandığına fikir verdi. Yehova bunu nəzərə alaraq padşaha bağışlanmaq və ‘salamat qalmaq’ üçün nə etməli olduğunu dedi. Məgər belə Allaha sən də ibadət etmək istəməzdinmi?
6. İsa Atasını nədə təqlid edirdi?
6 İsa şagirdlərinin yaxşı cəhətinə fikir verməklə və onların səhvlərini bağışlamağa hazır olmaqla Atasını mükəmməl təqlid edirdi (Mark 10:35-45; 14:66-72; Luka 22:31, 32; Yəh. 15:15). İsanın bu münasibəti Yəhya 3:17 ayəsindəki sözləri ilə həmahəngdir: «Allah Öz Oğlunu dünyaya ona görə göndərməmişdir ki, O, dünyaya hökm etsin. Amma ona görə göndərmişdir ki, dünya Onun vasitəsilə xilas edilsin». Bəli, Yehovanın və İsanın bizə olan məhəbbəti dərin və sönməzdir. Bu ondan görünür ki, onlar bizim həyata nail olmağımızı istəyirlər (Əyy. 14:15). Məhəbbətin bu cür təzahüründən Yehovanın bizə nə üçün diqqətlə baxdığını, necə münasibət göstərdiyini və gördüklərinə əsasən necə davrandığını aydın başa düşürük. (1 Yəhya 4:8, 19 ayələrini oxu.)
Yehova məhəbbətlə bizi müşahidə edir
7. Yehova bizi hansı məqsədlə müşahidə edir?
7 Yehovanın bir balaca səhvimizə görə bizi cəzalandırmaq məqsədi ilə göydən bir polis kimi müşahidə etməsini düşünmək necə də yanlışdır! Şeytan bizi ittiham edir və öz mənfəətimizi güddüyümüzü iddia edir (Vəhy 12:10). Hətta başqalarının ayağına pis niyyətlər yazır (Əyy. 1:9-11; 2:4, 5). Allah haqqında məzmurçu demişdi: «Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsaydın, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?» (Məz. 130:3). Əlbəttə ki, heç kim! (Vaiz 7:20). Yehova, sevimli uşaqlarını zərərdən qorumaq istəyən qayğıkeş valideyn kimi, bizi mərhəmət və xeyirxahlıqla müşahidə edir. Qeyri-kamil və zəif olduğumuzu bizə tez-tez xatırlatması sayəsində özümüzü fəlakətlərdən qoruya bilirik (Məz. 103:10-14; Mat. 26:41).
8. Yehova Öz xidmətçilərinə təlim-tərbiyəni və göstərişləri necə çatdırır?
8 Allahın məhəbbəti həm Müqəddəs Yazılar, həm də «sadiq və ağıllı qul»un hazırladığı ruhani qida vasitəsilə təqdim etdiyi təlim-tərbiyə və göstərişlərdə ifadə olunur (Mat. 24:45; İbr. 12:5, 6). Həmçinin Yehova məsihçi yığıncağı və «insanlar timsalında hədiyyələr» vasitəsilə də bizə kömək edir (Efes. 4:8, YD). Bundan savayı, Yehova bizim Onun bir ata kimi verdiyi təliminə necə hay verməyimizə diqqət yetirir və əlavə kömək göstərir. Məzmur 32:8 ayəsində deyilir: «Sənə təlim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq». Buna görə də Yehovaya hər zaman qulaq asmağımız necə də vacibdir! Yehovanı sevən Müəllimimiz və Atamız kimi qəbul edərək Onun qarşısında təvazökar olmalıyıq. (Matta 18:4 ayəsini oxuyun.)
9. Biz hansı xüsusiyyətlərdən qaçınmalıyıq və nə üçün?
9 Gəlin heç zaman yol verməyək ki, təkəbbür, imansızlıq və ya «günahın hiyləsi» bizi «daşürəkli» etsin (İbr. 3:13, İ–93; Yaq. 4:6). Adətən belə xüsusiyyətlər insan özündə yanlış fikirlər və arzular inkişaf etdirəndə yaranır. Nəticədə o, Müqəddəs Kitabdan verilən münasib məsləhətləri belə rədd edə bilər. Ən dəhşətlisi odur ki, belə insan münasibətini dəyişmədiyi və yolundan dönmədiyi təqdirdə Allahın düşməninə çevrilə bilər. Bu isə həqiqətən acınacaqlı vəziyyətdir! (Sül. məs. 1:22-31). Gəlin Adəmlə Həvvanın ilk övladı Qabilin nümunəsinə nəzər salaq.
Yehova hər şeyi görür və buna müvafiq davranır
10. Yehova nəyə görə Qabilin təqdimini qəbul etmədi və o buna necə yanaşdı?
10 Qabil və Habil Yehovaya təqdimlər gətirəndə Onu yalnız onların ənamı yox, həmçinin niyyətləri də maraqlandırırdı. Qardaşların ürəklərini görən Yehova Habilin imanla gətirdiyi təqdimini qəbul etdi, Qabilin təqdimini isə qəbul etmədi, çünki onun təqdimində imanının zəifliyi büruzə olunurdu (Yar. 4:4, 5; İbr. 11:4). O bu hadisədən ibrət almaq və öz münasibətini dəyişmək əvəzinə, qardaşına bərk qəzəbləndi (Yar. 4:6).
11. Qabil ürəyinin hiyləgər olduğunu necə göstərdi və biz bundan nə öyrənirik?
11 Yehova Qabilin münasibətinin təhlükəli olduğunu görüb, ona nəzakətlə dedi: «Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi?» Əfsuslar olsun ki, Qabil öz Yaradanının məsləhətinə məhəl qoymadı və qardaşını öldürdü. Onun ürəyinin pis olduğu daha sonra da — Allahın: «Qardaşın Habil haradadır?» — sualına: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?» — deyə hörmətsizcəsinə və sərt verdiyi cavabından görünür (Yar. 4:7-9). Ürək necə də hiyləgər ola və hətta Allahın birbaşa verdiyi məsləhəti inkar edə bilərmiş! (Yer. 17:9). Buna görə, gəlin belə hadisələrdən ibrət alaq və yanlış fikir və istəkləri tez rədd edək. (Yaqub 1:14, 15 ayələrini oxu.) Əgər bizə Müqəddəs Yazılardan məsləhət verirlərsə, gəlin ona görə minnətdar olaq və bunu Yehovanın məhəbbətinin təzahürü kimi qəbul edək.
Gizli qalan günah yoxdur
12. Yehovanın günahkara qarşı münasibətində nə əks olunur?
12 Bəziləri düşünə bilərlər ki, əgər onların düzgün olmayan hərəkətlərini heç kim görmürsə, cəzasız qalacaqlar (Məz. 19:12). Əslində, gizli günah deyilən şey yoxdur. «Onun qarşısında gizli qalan məxluq yoxdur, əksinə Onun gözləri önündə hər şey çılpaq və açıqdır. Ona hesabat verəcəyik» (İbr. 4:13). Yehova ən dərin motivlərimizi diqqətlə araşdıran Hakimdir və günahkara qarşı münasibətində mükəmməl ədalət əks olunur. O, ‘rəhmli və lütfkar, hədsiz səbirli, bol məhəbbətli və sədaqətli’ Allahdır. Tövbə etməyənlərə gəldikdə isə, insanlar ‘qəsdən günah işlədəndə’, yaxud hiyləgərliyə və fitnəkarlığa əl atanda onları ‘cəzasız qoymur’ (Çıx. 34:6, 7; İbr. 10:26). Bunun doğrudan da belə olduğunu Yehovanın Akan, Hananya və Şapira ilə necə davrandığından görə bilərik.
13. Akanın səhv düşüncəsi onun pis davranışına necə səbəb oldu?
13 Akan birbaşa Allahın göstərişini pozaraq Yerixo şəhərindən olan qəniməti mənimsədi və ola bilsin, ailəsi ilə əlbir olub çadırında gizlətdi. Günahı üzə çıxanda Akan: ‘Mən İsrailin Allahı Rəbbə qarşı günah etdim’, — deyərək hərəkətin ciddiliyini anladığını göstərdi (Yeşua 7:20). Qabil kimi, Akan ürəyində pislik yetişdirdi. Akanın hadisəsində əsas amil tamahkarlıq idi və bu onun oğru olmasına səbəb oldu. Yerixodan əldə edilən qənimət Yehovaya məxsus olduğu üçün Akan, əslində, Allahdan oğurladı və bu ona və ailəsinə həyatları bahasına başa gəldi (Yeşua 7:25).
14, 15. Allah nəyə görə Hananya və Şapiranı cəzalandırdı və biz bundan nə öyrənirik?
14 Hananya və onun arvadı Şapira Yerusəlimdəki erkən məsihçi yığıncağının üzvü idilər. Eramızın 33-cü ilindəki Pentikost bayramından sonra uzaq yerdən gəlib Yerusəlimdə qalan yeni məsihçilərin fiziki tələbatlarını ödəmək üçün yığıncaq pul yığmaq qərarına gəldi. Onların ehtiyacları könüllü ianələrin hesabına ödənilirdi. Hananya öz tarlasını satıb pulunun bir qismini ianə etdi. Amma o və arvadı özlərini elə apardılar ki, guya pulun hamısını ianə veriblər. Şübhə yoxdur ki, bu ər-arvad yığıncaqda xüsusi hörmət qazanmaq istəyirdi. Lakin onların hərəkəti fitnəkarlıq idi. Yehova möcüzəli tərzdə bu yalanı həvari Peterə açdı, o da Hananyanın yalanını ifşa etdi. Elə həmin an Hananya yıxılıb öldü. Çox keçməmiş Şapira da öldü (Həv. iş. 5:1-11).
15 Bu ər-arvad ani zəifliyin qurbanı olmadı. Onlar hər şeyi əvvəlcədən ölçüb-biçdilər və həvariləri aldatmağa cəhd edərək yalana əl atdılar. Ən dəhşətlisi isə, onlar ‘müqəddəs ruha və Allaha yalan söylədilər’. Yehova yığıncağı ikiüzlülükdən qorumaq üçün onun keşiyində durmağa hazır olduğunu açıq-aydın göstərir. Doğrudan da, «yaşayan Allahın əllərinə düşmək dəhşətlidir!» (İbr. 10:31).
Həmişə nöqsansızlığını qoru
16. a) Şeytan Allahın xalqını yoldan çıxarmağa necə çalışır? b) Sizin ərazidə yaşayan insanları yoldan çıxarmaq üçün İblis hansı üsullara əl atır?
16 Şeytan bizi yoldan çıxarmaq və Yehovanın lütfünü itirməyimiz üçün əlindən gələni edir (Vəhy 12:12, 17). İblisin pis niyyətləri əxlaqsızlığın və zorakılığın baş alıb getdiyi bu dünyada açıq-aydın əks olunur. İndi pornoqrafiyanı kompüter və digər texnika vasitəsilə asanlıqla əldə etmək mümkündür. Gəlin heç vaxt Şeytanın hücumlarına təslim olmayaq. Əksinə, «kamillik yolunda müdrik olacağam... Təmiz ürəklə evimdə yaşayacağam» sözlərini yazan məzmurçu Davudun əhval-ruhiyyəsini təqlid edək (Məz. 101:2).
17. a) Nəyə görə Yehova günahları əvvəl-axır aşkara çıxarır? b) Biz nə etməyə qəti qərarlı olmalıyıq?
17 Bu gün Yehova ciddi günahın və hiyləgərliyin üstünü keçmişdə etdiyi kimi möcüzəli şəkildə açmır. Amma O, hər şeyi görür və öz vaxtında və münasib üsulla gizlini aşkara çıxarır. Pavel demişdi: «Bəzi insanların günahları aşkardır və onlardan qabaq məhkəməyə gedirlər, digərlərinin günahları isə sonradan bəlli olur» (1 Tim. 5:24). Yehovanın pis əməlləri aşkara çıxarmasının əsas səbəbi məhəbbətdir. O, yığıncağı sevir və onun təmizliyini qorumaq istəyir. Üstəlik, O, günah işlədən, amma həqiqətən tövbə edənlərə mərhəmət göstərir (Sül. məs. 28:13). Buna görə də, gəlin Allaha sadiq qalmağa və özümüzü bütün pozucu təsirlərdən qorumağa çalışaq.
Ürəyini qoru
18. Padşah Davud oğlunda Allaha qarşı hansı hisslərin olmasını istəyirdi?
18 Davud padşah oğlu Süleymana dedi: «Allahını tanı, səmimi qəlbdən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir» (1 Saln. 28:9). Davud istəyirdi ki, oğlu Allaha inanmaqla kifayətlənməsin. O, Süleymanın Yehovaya Öz xidmətçiləri ilə dərindən maraqlandığına görə minnətdar olmasını istəyirdi. Sən də buna görə Yehovaya minnətdarsanmı?
19, 20. Məzmur 19:7-11 ayələrinə əsasən, Yehovaya yaxınlaşmağa Davuda nə kömək etdi və biz onu necə təqlid edə bilərik?
19 Yehova Onunla yaxın münasibətlərinin olmasını istəyənlərin Ona yaxınlaşacaqlarını və Onun gözəl xüsusiyyətləri haqqındakı biliyin ürəklərini isidəcəyini bilir. Buna görə, Yehova istəyir ki, biz Onunla və gözəl şəxsiyyəti ilə yaxından tanış olaq. Biz bunu necə edirik? Onun Kəlamını öyrənməklə və xeyir-dualarını dadmaqla (Sül. məs. 10:22; Yəh. 14:9).
20 Sən Allahın Kəlamını hər gün minnətdarlıqla və dua edərək oxuyursanmı? Müqəddəs Kitab prinsipləri ilə yaşamağın faydasını görürsənmi? (Məzmur 19:7-11 ayələrini oxu.) Əgər belədirsə, sənin Yehovaya imanın və məhəbbətin get-gedə artacaq. O isə öz növbəsində səninlə əl-ələ gəzərək sənə daha yaxın olacaq (Yeşaya 42:6; Yaq. 4:8). Bəli, Yehova səni həyata aparan dar yolda xeyir-dualandıraraq və ruhani cəhətdən müdafiə edərək Öz məhəbbətini sübut edəcək (Məz. 91:1, 2; Mat. 7:13, 14).
Necə cavab verərdiniz?
• Yehova nəyə görə bizə diqqətlə baxır?
• Nəyə görə bəzi insanlar Allaha düşmən olmuşlar?
• Yehovanın bizim üçün real olduğunu necə göstərə bilərik?
• Allah qarşısında ürəyimizi necə qoruya bilərik?
[4-cü səhifədəki şəkil]
Qayğıkeş valideyn kimi, Yehova bizi necə müşahidə edir?
[5-ci səhifədəki şəkil]
Hananyanın nümunəsindən hansı ibrəti alırıq?
[6-cı səhifədəki şəkil]
Yehovaya səmimi-qəlbdən xidmət etməyə bizə nə kömək edəcək?