Yehova fəryadlarımızı eşidir
«Rəbbin gözü salehlərin üzərindədir, qulaqları onların fəryadlarına açıqdır». MƏZ. 34:15
1, 2. a) Bu gün insanların çoxu hansı hissləri keçirir? b) Bu bizi nə üçün heyrətləndirmir?
İZTİRAB... Bu hiss sizə tanışdırmı? Əgər belədirsə, onda tək deyilsiniz. Milyonlarla insan həyatın gündəlik çətinliklərinin öhdəsindən gəlmək üçün mübarizə aparır. Bəzilərinə bu, demək olar ki, dözülməz görünür. Onların hissləri: «Taqətim kəsildi, çox əzilmişəm, ürəyimdəki iztiraba görə ah-zar edirəm. Ürəyim çırpınır, gücüm tükəndi, gözlərimin nuru da söndü» deyən Davudun hisslərinə çox oxşayır (Məz. 38:8, 10).
2 Məsihçi olduğumuz üçün, həyatın sıxıntıları bizi heyrətə salmır. Çünki biz başa düşürük ki, ‘ağrılar’ İsanın ‘iştirakının’ (YD) qabaqcadan deyilən əlamətinin bir hissəsidir (Mark 13:8; Mat. 24:3). ‘Ağrılar’ kimi tərcümə olunan yunan sözü ümumilikdə fəlakət və ya sıxıntılara aid edilə bilər. Bu söz yaşadığımız «çətin» zəmanədə insanların iztirablarının necə şiddətli olduğunu dəqiqliklə təsvir edir! (2 Tim. 3:1).
Yehova iztirablarımızı görür
3. Allahın xalqı nəyi yaxşı başa düşür?
3 Yehovanın xalqı yaxşı başa düşür ki, onlar bu fəlakətlərdən müdafiə olunmayıblar və çox ehtimal ki, vəziyyət get-gedə daha da pisləşəcək. Allahın xidmətçiləri olan bizlər, bəşəriyyətin üzləşdiyi çətinliklərdən başqa, imanımızı sarsıtmağa çalışan ‘düşmənimiz olan şeytanla’ da mübarizə aparırıq (1 Pet. 5:8). İnsan çox asanlıqla «rüsvayçılıq qəlbimi qırdı, gör necə biçarəyəm. Çox axtardım, halıma yanan tapılmadı, hey axtardım, təsəlli verən olmadı» deyən Davud kimi eyni hisslərə qapıla bilər (Məz. 69:20).
4. İztirab çəkərkən bizə nə təsəlli verir?
4 Davud tamamilə ümidsiz olduğunumu nəzərdə tuturdu? Xeyr. Elə həmin məzmurda onun sonra dediyi sözlərə diqqət yetirək: «Rəbb fəqirləri eşidir, Öz əsir xalqına xor baxmır» (Məz. 69:33). Hərdən özümüzü iztirablarımızın əsiri kimi hiss edə bilərik. Yaxud bizə elə gələ bilər ki, vəziyyətimizi əsl mənada başa düşən yoxdur və bu, doğrudan da belə ola bilər. Ancaq Yehovanın çəkdiyimiz iztirabları başa düşdüyünü bilmək, Davud kimi, bizə də təsəlli verə bilər (Məz. 34:15).
5. Süleyman padşah nəyə əmin idi?
5 Davudun oğlu Süleyman Yerusəlimdəki məbədin həsrolunma mərasimində bunu vurğuladı. (2 Salnamələr 6:29-31 ayələrini oxu.) O, Yehovaya yalvardı ki, ‘öz bəlası və dərdi’ üçün Ona müraciət edən hər bir səmimi qəlbli insanı eşitsin. Allah iztirab içində olan bu insanların dualarına necə hay verəcəkdi? Süleyman bildirdi ki, o, Allahın duaları dinləməklə yanaşı, həm də onlara kömək edəcəyinə əmindir. Nəyə görə? Ona görə ki, O, sözün əsl mənasında ‘insanın ürəyində’ nə olduğunu bilir.
6. Qayğıların öhdəsindən necə gələ bilərik və nə üçün?
6 Biz də ‘öz bəla və dərdlərimizə’, şəxsi iztirablarımıza görə Yehovaya dua edə bilərik. Onun bizim nə çəkdiyimizi başa düşdüyünü və qayğımıza qaldığını bilmək, bizə təsəlli gətirəcək. Həvari Peter: «Bütün qayğınızı Onun üzərinə qoyun, çünki sizin qayğınıza qalan Odur» deyərək bunu təsdiq etmişdir (1 Pet. 5:7). Yehova bizimlə baş verənlərə etinasız yanaşmır. İsa Yehovanın məhəbbət dolu qayğısını belə vurğulamışdır: «Məgər iki sərçə quşu bir assariyə satılmırmı? Və Atanızın hökmü olmadıqda, onlardan heç biri yerə düşməz. Sizin isə başınızdakı saçlar da belə sayılmışdır. Odur ki, qorxmayın; siz bir çox sərçədən daha dəyərlisiniz» (Mat. 10:29-31).
Yehovanın köməyinə arxalanın
7. Hansı köməyi alacağımıza əmin ola bilərik?
7 Əmin ola bilərik ki, biz iztirab içində olanda Yehova bizə kömək etmək istəyir və O buna qadirdir. «Allah bizə sığınacaqdır, qüvvətdir, dar gündə çox kömək edir» (Məz. 34:15-18; 46:1). Allah bizə necə kömək edir? Görün 1 Korinflilərə 10:13 ayəsində nə yazılıb: «Allah sadiqdir; O, gücünüzdən artıq imtahan olunmanıza razılıq verməz, lakin imtahan ilə yanaşı, qurtuluşu da təmin edəcəkdir ki, tab gətirə biləsiniz». Yehova ya problemi aradan qaldıra bilər, ya da tab gətirə bilməmiz üçün güc verə bilər. Hər iki halda Yehova bizə kömək edəcək.
8. Allahın köməyindən necə faydalana bilərik?
8 Biz bu köməkdən necə faydalana bilərik? Görün bizə nə məsləhət verilir: «Bütün qayğınızı Onun üzərinə qoyun». Bu o deməkdir ki, biz bütün qayğılarımızın məsuliyyətini, məcazi mənada, Yehovaya veririk. Biz daha narahat olmamağa çalışır və Onun ehtiyaclarımızı ödəyəcəyinə səbirlə etibar edirik (Mat. 6:25-32). Bu cür etibar bizdən həlimlik, öz gücümüzə və müdrikliyimizə arxalanmamağı tələb edir. «Allahın güclü əlinin himayəsi altında» təvazökar olmaqla biz Allahın yanında nə qədər kiçik olduğumuzu qəbul edirik. (1 Peter 5:6 ayəsini oxu.) Bu da öz növbəsində Allahın yol verdiyi hər şeyin öhdəsindən gəlməyə kömək edir. Biz problemin dərhal həll olunmasını istəyə bilərik, ancaq biz inanırıq ki, Yehova bizim xeyrimizə nə vaxt və necə hərəkət edəcəyini yaxşı bilir (Məz. 54:7; Yeşaya 41:10).
9. Davud hansı qayğı yükünü Yehovaya verməli idi?
9 Davudun Məzmur 55:22 ayəsindəki sözlərini xatırlayın: «Sən qayğı yükünü Rəbbə ver, qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz». Davud bu sözləri yazarkən güclü iztirab içində idi (Məz. 55:4). Məlumdur ki, Davud bu məzmuru oğlu Avşalom padşahlığı ələ keçirmək istəyəndə yazmışdır. Davudun ən çox etibar etdiyi müşaviri Avşalomla əlbir oldu. Davud həyatını xilas etmək üçün Yerusəlimdən qaçmaq məcburiyyətində qaldı (2 Şam. 15:12-14). Hətta bu çətin vəziyyətdə də Davud Allaha etibar edirdi və onun ümidləri boşa çıxmadı.
10. Sıxıntılarla üzləşəndə nə etməliyik?
10 Davud kimi, bizə də üzləşdiyimiz hər bir sıxıntıya görə duada Yehovaya müraciət etmək vacibdir. Gəlin həvari Pavelin bununla bağlı bizi nəyə təşviq etdiyini nəzərdən keçirək. (Filipililərə 4:6, 7 ayələrini oxu.) Belə səmimi duanın nəticəsi nə olacaq? ‘Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərimizi və düşüncələrimizi qoruyacaqdır’.
11. «Allahın... sülhü» ürəklərimizi və düşüncələrimizi necə qoruyur?
11 Dua etsək vəziyyətimiz dəyişəcəkmi? Ola bilər. Ancaq başa düşməliyik ki, Yehova dualarımıza həmişə bizim istədiyimiz kimi cavab vermir. Bununla belə, sıxıntılar bizi üstələməsin deyə, dua bizə daxili rahatlığımızı qorumağa kömək edəcək. Pis hisslərdən ürəyimiz sıxılanda «Allahın... sülhü» bizə sakitlik gətirə bilər. Şəhəri düşmən hücumundan qoruyan hərbi qarnizon kimi «Allahın... sülhü» də ürəyimizi və düşüncələrimizi qoruyacaq. O, həm də şübhələrə, qorxuya və pis fikirlərə qalib gəlməyə kömək edəcək, tələsik və düşüncəsiz hərəkətlər etməkdən bizi qoruyacaq (Məz. 145:18).
12. İnsanın qəlb rahatlığını necə qoruya biləcəyini nümunə əsasında göstərin.
12 İnsan sıxıntı içində olanda qəlb rahatlığını necə qoruya bilər? Bizim vəziyyətimizə oxşar nümunəni nəzərdən keçirək. Tutaq ki, kiminsə müdiri çox kobuddur. Ancaq işçi gedib öz narahatlığını şirkətin sahibilə bölüşə bilər. Şirkətin sahibi xeyirxah və ağıllı adamdır. O, işçini əmin edir ki, vəziyyəti başa düşür və tezliklə müdiri vəzifəsindən azad edəcək. İşçi özünü necə hiss edəcək? O, müdirin sözlərinə inandığı və tezliklə nə baş verəcəyini bildiyi üçün, müəyyən müddət ərzində çətinliklərlə üzləşməli olsa belə, işini davam etdirəcək. Bunun kimi, biz də bilirik ki, Yehova vəziyyətimizi başa düşür və O bizi əmin edir ki, tezliklə «bu dünyanın rəisi... çölə atılacaqdır» (Yəh. 12:31). Bu necə də təsəllivericidir!
13. Dua etməklə yanaşı nə etməliyik?
13 Bəs problemimizi duada Yehovaya danışmaq kifayət edirmi? Əlbəttə ki yox. Bizdən daha çox şey tələb olunur. Dualarımıza uyğun hərəkət etməliyik. Şaul padşah Davudu öldürmək üçün evinə adam göndərəndə Davud dua etdi: «Ey Allahım, məni düşmənlərimdən qurtar, əleyhdarlarımın əlindən hifz et. Məni şər iş görənlərdən xilas et, məni qaniçənlərdən azad et» (Məz. 59:1, 2). Dua etməklə yanaşı, Davud həm də arvadının sözünə qulaq asdı və xilas olmaq üçün lazımi addımlar atdı (1 Şam. 19:11, 12). Buna bənzər tərzdə, biz də sıxıntılarımızın öhdəsindən gəlmək və ola bilsin, vəziyyətimizi yaxşılaşdırmaq üçün praktiki müdriklik üçün dua edə bilərik (Yaq. 1:5).
Tab gətirmək üçün gücü haradan ala bilərik?
14. Sıxıntılı anlarda tab gətirməyə bizə nə kömək edə bilər?
14 Ola bilər, iztirablı anlarımız dərhal aradan qaldırılmasın. Belə vəziyyət, hətta bir müddət davam edə bilər. Belə olan halda bizə tab gətirməyə nə kömək edəcək? Birincisi, yadda saxlayın ki, çətinliklərə baxmayaraq, Yehovaya sədaqətlə xidmət edəndə Onu sevdiyimizi sübut edirik (Həv. iş. 14:22). Əyyubu ittiham edərkən Şeytanın dediyi sözləri yadınıza salın: «Əyyub Allahdan boş yerəmi qorxur? Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi? Əlinin bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb. İndi bir əl uzadıb onun var-yoxunu əlindən al, o, gözünün qabağında mütləq Sənə lənət edəcək» (Əyy. 1:9-11). Əyyub öz nöqsansızlığı ilə Şeytanın ittihamlarının ağ yalan olduğunu sübut etdi. Sıxıntılı vəziyyətlərə tab gətirməklə, bizim də Şeytanın yalançı olduğunu sübut etmək imkanımız yaranır. Dözümlü olmağımız öz növbəsində ümidimizi və etibarımızı möhkəmləndirir (Yaq. 1:4).
15. Hansı nümunələr bizi möhkəmləndirə bilər?
15 İkincisi, unutmayın ki, «dünyadakı qardaşlarınız da eyni əzabları çəkirlər» (1 Pet. 5:9). Bəli, «siz hər insanın başına gələndən başqa bir imtahana məruz qalmadınız» (1 Kor. 10:13). Buna görə də, diqqətinizi öz çətinliklərinizə cəmləşdirməkdənsə, başqalarının nümunələri üzərində düşünərək güc və cəsarət əldə edə bilərsiniz (1 Salon. 1:5-7; İbr. 12:1). İztirablara sədaqətlə tab gətirən şəxslərin nümunəsi üzərində düşünməyə vaxt ayırın. Sizin vəziyyətə oxşar vəziyyətlə üzləşən adamların həyat hekayələrini ədəbiyyatlarımızdan tapıb oxumusunuzmu? Bunlar sizi çox möhkəmləndirə bilər.
16. Müxtəlif sınaqlarla üzləşən zaman Allah bizi necə möhkəmləndirir?
16 Üçüncüsü, yadda saxlayın ki, Yehova «mərhəmətli Ata və hər cür təsəlli verən Allahdır. O, bizə hər sıxıntımızda təsəlli verir ki, biz də hər cür sıxıntı içində olanlara, Allahın bizə verdiyi təsəlli ilə təsəlli verə bilək» (2 Kor. 1:3, 4). Sanki Allah yanımızda dayanıb ki, təkcə indiki deyil, «hər sıxıntımızda» bizi ruhlandırsın və möhkəmləndirsin. Bunun sayəsində biz sonra ‘hər cür sıxıntı içində olan’ başqa adamlara təsəlli verə bilərik. Pavel bu sözlərin doğruluğunu öz şəxsi təcrübəsində hiss etmişdi (2 Kor. 4:8, 9; 11:23-27).
17. Müqəddəs Kitab bizə həyatın çətinliklərinin öhdəsindən gəlməyə necə kömək edir?
17 Dördüncüsü, bizdə Allahın Kəlamı olan Müqəddəs Kitab var. O, «təlim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin» (2 Tim. 3:16, 17). Allahın Kəlamının sayəsində biz sadəcə olaraq ‘hər cür xeyirli iş üçün təchiz edilmirik’, həm də onun köməyilə biz həyatın çətinliklərinin öhdəsindən gəlirik. Yunan dilindən «təchiz etmək» kimi tərcümə edilən söz hərfi mənada «yaraqlandırılmış» mənasını verir. Bu sözü qədim zamanlarda səyahətə çıxmaq üçün hər şeylə təchiz edilmiş qayıq və ya hansı iş üçün düzəldilmişdisə, onu yerinə yetirən dəzgah haqqında işlədirdilər. Eyni tərzdə, Yehova bizi Kəlamı vasitəsilə qarşımıza çıxan istənilən çətinliyin öhdəsindən gəlmək üçün lazım olan hər şeylə təmin edir. Buna görə də deyə bilərik: «Əgər Allah buna yol verirsə, deməli, Onun köməkliyi ilə tab gətirə bilərəm».
Bütün iztirablarımızdan qurtuluş
18. Diqqətimizi nəyin üzərində cəmləşdirsək, bundan sonra da sədaqətlə tab gətirə bilərik?
18 Beşincisi, Yehovanın tezliklə bəşəriyyəti bütün iztirablardan azad edəcəyini heç vaxt yaddan çıxarmayın (Məz. 34:19; 37:9-11; 2 Pet. 2:9). Nəticə etibarilə, Allah bizi təkcə indiki iztirablardan xilas etməyəcək, həm də əbədi həyatı verəcək. Bu həyat ya İsa ilə birlikdə göylərdə, ya da yerüzü Cənnətdə əbədi yaşamaq deməkdir.
19. Sədaqətlə tab gətirmək necə mümkündür?
19 Hələ ki, o vaxt gəlib çatmayıb, biz bu pis dünyanın sıxıntıları ilə mübarizə aparmağa davam etməliyik. Bütün bunların bir daha olmayacağı vaxtı necə də həsrətlə gözləyirik! (Məz. 55:6-8). Gəlin yadımızda saxlayaq ki, sədaqətlə tab gətirməyimiz Şeytanın yalançı olduğunu sübut edir. Qoy dualarımız və qardaşlarımızın da eyni sınaqlarla üzləşdiyini yadda saxlamağımız bizə daim güc versin. Allahın Kəlamından məharətlə istifadə edərək bundan sonra da tam təchiz edilmiş olun. Heç vaxt yol verməyin ki, ‘hər cür təsəlli verən Allahın’ məhəbbət dolu qayğısına etibarınız sarsılsın. Yadda saxlayın ki, Yehovanın «gözü salehlərin üzərindədir, qulaqları onların fəryadlarına açıqdır» (Məz. 34:15).
Cavab verə bilərsinizmi?
• Davud çətinliklərlə üzləşəndə hansı hissləri keçirirdi?
• Süleyman padşah nəyə əmin idi?
• Yehovanın yol verdiyi çətinliklərin öhdəsindən necə gələ bilərik?
[13-cü səhifədəki şəkil]
Süleyman əmin idi ki, Yehova iztirab içində olan xalqının dadına çatacaq
[15-ci səhifədəki şəkil]
Davud duada öz qayğı yükünü Yehovaya verdi, sonra isə duasına uyğun davrandı