Gəlin Böyük Davud və Süleyman olan İsanı qiymətləndirək
«Süleymandan daha böyüyü buradadır» (MAT. 12:42).
1, 2. Nəyə görə Şamuelin Davudu padşah kimi məsh etməsi insan nöqteyi-nəzərindən qəribə görünə bilərdi?
BU İNSAN zahirən padşaha bənzəmirdi. O, Şamuel peyğəmbərin gözündə adi gənc çoban idi. Bundan əlavə, onun yaşadığı Bet-Lexem şəhəri o qədər də məşhur deyildi. Müqəddəs Kitabda bu şəhər «Yəhuda nəsillərinin kiçiyi» adlandırılırdı (Mik. 5:2). Buna baxmayaraq, Şamuel kiçik bir şəhərdən olan bu sadə gənci İsrailin padşahı kimi məsh etməyə hazırlaşırdı.
2 Gənc Davud atası Yesseyin məsh edilmək üçün Şamuelin yanına gətirdiyi ilk oğlu deyildi; o nə ikincisi, nə də ki üçüncüsü idi. Hətta Şamuel sadiq Yesseyin evinə onun oğullarından birini xalq üzərinə növbəti padşah kimi məsh etməyə gələndə onun səkkiz oğlundan ən kiçiyi olan Davud evdə yox idi. Lakin Yehova Davudu seçmişdi, ən vacibi də elə bu idi (1 Şam. 16:1-10).
3. a) Yehovanın insanda diqqət yetirdiyi ən vacib şey nədir? b) Davud məsh edildikdən sonra nə baş verdi?
3 Yehova Şamuelin görə bilmədiyini görürdü. O, Davudun ürəyinin vəziyyətinin nə yerdə olduğunu bilirdi və ondan razı idi. Allah üçün əhəmiyyət kəsb edən insanın zahiri görünüşü yox, daxilən necə olmasıdır. (1 Şamuel 16:7 ayəsini oxu.) Şamuel Yesseyin yeddi oğlundan heç birinin seçilmədiyini başa düşəndə xahiş etdi ki, çöldən onun ən kiçik oğlunu çağırsınlar. Müqəddəs Kitabda oxuyuruq: «Yessey adam göndərib onu [Davudu] içəri gətirtdi. Oğlan alyanaq, gözləri gözəl, üzü göyçək idi. Rəbb Şamuelə dedi: “Dur, onu məsh et, çünki seçilmiş budur”. Şamuel yağ buynuzunu götürüb qardaşları arasında onu məsh etdi və o gündən başlayaraq Davudun üzərinə Rəbbin Ruhu qüvvə ilə endi» (1 Şam. 16:12, 13).
Davud Məsihin sələfi olmuşdur
4, 5. a) İsa ilə Davud arasında olan bəzi oxşarlıqları sadalayın. b) Nəyə görə İsanı Böyük Davud adlandırmaq olar?
4 Davuddan təxminən 1 100 il sonra İsa da Bet-Lexemdə anadan olmuşdu. Bir çoxlarının gözündə o da padşaha oxşamırdı. Yəni o, bir çox israillilərin gözlədiyi padşah deyildi. Lakin Davud kimi, o da Yehovanın seçilmişi və sevimlisi idia (Luka 3:22). İsanın da ‘üzərinə Rəbbin Ruhu qüvvə ilə enmişdi’.
5 Lakin onlar arasında oxşarlıqlar bununla bitmir. Məsələn, Davuda məsləhətçisi Axitofel, İsaya isə həvarisi Yəhuda İskaryot tərəfindən xəyanət edilmişdi (Məz. 41:9; Yəh. 13:18). Həm Davud, həm də İsa Yehovaya ibadət edilən yerə qeyrətlə yanaşırdı (Məz. 27:4; 69:9; Yəh. 2:17). İsa həmçinin Davudun varisi idi. İsanın doğulmasından əvvəl mələk onun anasına demişdi: «Rəbb Allah Ona atası Davudun taxtını verəcəkdir» (Luka 1:32; Mat. 1:1). Məsih haqqında bütün peyğəmbərliklər insanların uzun müddət yolunu gözlədikləri İsanın, yəni məsh olunmuş Padşahın üzərində yerinə yetməli olduğu üçün o, Davuddan qat-qat böyük idi (Yəh. 7:42).
Çobanımız olan Padşahın ardınca gedin
6. Nəyə görə demək olar ki, Davud yaxşı çoban idi?
6 İsa həm də çobandır. Yaxşı çobanı fərqləndirən xüsusiyyətlər hansılardır? O, sədaqətlə və cəsarətlə öz sürüsünün qayğısına qalır, onu otarır və müdafiə edir (Məz. 23:2-4). Cavanlıqda Davud çobanlıq edirdi və atasının qoyunlarının qayğısına çox yaxşı qalırdı. Sürü təhlükəyə düşəndə o, hünər göstərərək həyatını təhlükəyə atır, qoyunları aslanın və ayının pəncəsindən qurtarırdı (1 Şam. 17:34, 35).
7. a) Davud nəyin sayəsində padşah vəzifəsinə hazır idi? b) İsa Yaxşı Çoban olduğunu necə göstərdi?
7 Çöllərdə və təpələrdə qoyunları otardığı illər Davudu İsrail xalqının qayğısına qalmaq kimi ciddi vəzifəyə və məsuliyyətə hazırladıb. (Məz. 78:70, 71). İsa da öz işləri ilə nümunəvi çoban olduğunu göstərdi. O, ‘kiçik sürüsünün’ və ‘başqa qoyunlarının’ qayğısına qalmaq üçün lazım olan gücü və rəhbərliyi Yehovadan alır (Luka 12:32; Yəh. 10:16). Buna görə də İsa Yaxşı Çobandır. O, öz qoyunlarını o dərəcədə yaxşı tanıyır ki, hər birini adı ilə çağırır. İsa qoyunlarını elə çox sevir ki, yer üzündə olanda onların uğrunda canını belə əsirgəmədi (Yəh. 10:3, 11, 14, 15). Yaxşı Çoban kimi, İsa Davudun heç vaxt edə bilməyəcəyi işi həyata keçirir. Onun fidiyə qurbanlığı bəşəriyyətə ölümdən azad olmaq üçün yol açıb. İsanın öz ‘kiçik sürüsünə’ göylərdə ölməz həyat, ‘başqa qoyunlarına’ isə canavarabənzər yırtıcılardan azad olan və salehliyin ömür sürdüyü yeni dünyada əbədi həyatı verməsinə heç nə mane ola bilməz. (Yəhya 10:27-29 ayələrini oxu.)
Fateh Padşahın ardınca gedin
8. Davud nəyin sayəsində fateh padşah oldu?
8 Davud padşah Allahın xalqının torpaqlarını düşmənlərdən qoruyan igid cəngavər idi və Yehova «Davuda getdiyi hər yerdə zəfər qazandırdı». Davud İsrailin sərhədlərini Misir çayından Fərat çayınadək genişləndirdi (2 Şam. 8:1-14). Yehovanın verdiyi qüvvə sayəsində o ən əzəmətli hökmdar oldu. Müqəddəs Kitabda deyilir: «Davudun şöhrəti bütün ölkələrə yayıldı və Rəbb onun qorxusunu bütün millətlərin ürəyinə saldı» (1 Saln. 14:17).
9. İzah edin: təyin olunmuş Padşah kimi İsa necə qalib oldu?
9 Davud padşah kimi, İsa da yer üzündəki xidməti zamanı cəsur olduğunu göstərmişdi. İsa təyin olunmuş Padşah kimi cinlərə tutulmuş insanları onların pəncəsindən azad edərək cinlərin üzərində hakimiyyətə malik olduğunu nümayiş etdirdi (Mark 5:2, 6-13; Luka 4:36). Hətta baş düşmən Şeytan İblisin onun üzərində heç bir hakimiyyəti yoxdur. Yehovanın köməyi ilə İsa Şeytanın hakimiyyəti altında olan dünyaya qalib gəldi (Yəh. 14:30; 16:33; 1 Yəh. 5:19).
10, 11. İsanın göylərdəki Cəngavər Padşah rolu nədən ibarətdir?
10 İsa ölüb göylər həyatına dirildildikdən təxminən 60 il sonra həvari Yəhya İsanın göylərdəki Cəngavər Padşah roluna dair peyğəmbərlik görüntüsü aldı. Yəhya yazır: «Baxıb gördüm ki, bir ağ at durub, belindəki atlının da əlində yay var. Ona bir tac verildi və o, fateh kimi yola çıxdı ki, fəth etsin» (Vəhy 6:2). Ağ atın belindəki atlı İsadır. «Tac» ona 1914-cü ildə səmavi Padşahlıqda Padşah kimi taxta oturanda verildi. Sonra «o, fateh kimi yola çıxdı». Bəli, Davud kimi, İsa da fəth edən padşahdır. Allahın Padşahlığının Padşahı kimi taxta çıxdıqdan qısa müddət sonra o, Şeytana qalib gəldi və onu cinləri ilə birlikdə yerə atdı (Vəhy 12:7-9 ). Onun zəfərlə at çapması tamamilə «fəth» edənədək, yəni Şeytanın pis sistemini yerlə yeksan edənədək davam edəcək. (Vəhy 19:11, 19-21 ayələrini oxu.)
11 Lakin, Davud kimi, İsa da şəfqətli padşahdır və o, Har-Megidonda ‘böyük izdihamı’ xilas edəcək (Vəhy 7:9, 14). Üstəlik, İsanın və onun dirilən 144 000 həmvarisinin rəhbərliyi altında «həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır» (Həv. iş. 24:15). Yer üzündə yaşamaq üçün dirildilənlərin əbədi yaşamaq imkanları olacaq. Onları necə də gözəl həyat gözləyir! Gəlin hamımız daim ‘yaxşılıq etməyə’ qəti qərarlı olaq ki, bütün yer kürəsi Böyük Davudun saleh və xoşbəxt təbəələri ilə dolanda biz də onların sırasında olaq (Məz. 37:27-29).
Süleyman hikmət üçün etdiyi duasına cavab alır
12. Süleyman nə haqda dua etmişdi?
12 Davudun oğlu Süleyman da İsanı təmsil edirdic. Süleyman padşah olanda Yehova yuxuda ona görünərək istədiyi hər şeyi verəcəyini söylədi. Süleyman daha çox var-dövlət, hakimiyyət və uzun ömür istəyə bilərdi. Lakin o, şəxsi mənfəət güdmədən Yehovaya dedi: «İndi mənə hikmət və bilik ver ki, bu xalqa nə edib-etməyəcəyimi bilim, çünki bu qədər böyük olan bu xalqına kim hökm edə bilər?» (2 Saln. 1:7-10). Yehova Süleymanın duasını cavabsız qoymadı. (2 Salnamələr 1:11, 12 ayələrini oxu.)
13. Nəyə görə demək olar ki, müasirləri arasında Süleyman kimi hikmətlisi yox idi və onda olan hikmət kimdən idi?
13 Süleyman Yehovaya sadiq olduğu müddətdə öz müasirləri arasında ən müdrik şəxs sayılırdı. «O, üç min məsəl söyləmişdi» (1 Pad. 4:30, 32, 34). Onların bir çoxu qələmə alınıb və hikmət sorağında olanlar tərəfindən indiyədək yüksək qiymətləndirilir. Səba mələkəsi Süleymanın hikmətini yoxlamaq və onu ‘tapmacalarla sınamaq’ üçün təxminən 2 400 kilometr məsafə qət etmişdi. Süleymanın dediklərini eşidəndə və padşahlığının firavanlığını görəndə onu heyrət bürüdü (1 Pad. 10:1-9). Müqəddəs Kitab Süleymanın müdrikliyinin kimdən olduğunu açıqlayaraq deyir: «Süleymanın ürəyinə Allahın qoyduğu hikməti eşitmək üçün hamı onun üzünü görmək istəyirdi» (1 Pad. 10:24).
Hikmətli Padşahın ardınca gedin
14. İsa hansı mənada ‘Süleymandan daha böyükdür’?
14 Yalnız bir nəfərin müdrikliyi Süleymanın müdrikliyindən üstün idi. Bu, özünü ‘Süleymandan daha böyük’ adlandıran İsa Məsih idi (Mat. 12:42). İsa ‘əbədi həyatın sözlərini’ söyləyirdi (Yəh. 6:68). Misal üçün, İsanın Dağüstü təbliğində söylədiyi sözlər Süleymanın məsəllərindəki prinsiplərə daha çox aydınlıq gətirir. Süleyman Yehovanın xidmətçilərinə xoşbəxtlik gətirən bir sıra şeyləri sadalamışdır (Sül. məs. 3:13; 8:32, 33; 14:21; 16:20). İsa isə qeyd etmişdir ki, həqiqi xoşbəxtlik Yehovaya ibadətlə bağlı şeylərdən və Allahın Öz vədlərini yerinə yetirməsindən irəli gəlir. O demişdi: «Ruhən yoxsullar nə bəxtiyardırlar! Çünki Səmavi Səltənət onlarındır» (Mat. 5:3). İsanın təlimlərindəki prinsiplərə əməl edənlər «həyat mənbəyi» olan Yehovaya daha yaxın olurlar (Məz. 36:9; Sül. məs. 22:11; Mat. 5:8). Məsih «Allahın müdrikliyi»nin təcəssümüdür (1 Kor. 1:24, 30). Allahın Padşahlığının Padşahı kimi, İsa Məsih ‘anlayış ruhuna’ malikdir (Yeşaya 11:2).
15. Allahın müdrikliyindən necə faydalana bilərik?
15 Böyük Süleymanın davamçıları olan bizlər ondakı ilahi hikmətdən necə faydalana bilərik? Müqəddəs Kitab Allahın hikmət xəzinəsi olduğu üçün biz onu, xüsusilə də İsanın dediyi kəlmələri diqqətlə öyrənmək və üzərində düşünmək üçün səy göstərməliyik (Sül. məs. 2:1-5). Üstəlik, təkidlə Allahdan müdriklik diləməliyik. Allahın Kəlamı bizi əmin edir ki, kömək üçün etdiyimiz səmimi dualar cavabsız qalmayacaqdır (Yaq. 1:5). Müqəddəs ruhun köməyi ilə biz Allahın Kəlamında olan müdriklik mirvarilərini tapacağıq. Bu müdriklik bizə çətinliklərin öhdəsindən gəlməyə və müdrik qərarlar qəbul etməyə kömək edə bilər (Luka 11:13). Süleyman həmçinin ‘xalqa bilik öyrədən’ «vaiz» və ya orijinal mətnə əsasən, «yığıncaq təşkil edən» adlanırdı (Vaiz 12:9, 10). Məsihçi yığıncağının Başı olan İsa da öz xalqını bir yerə toplayır (Yəh. 10:16; Kolos. 1:18). Buna görə də biz müntəzəm şəkildə təlim aldığımız yığıncaq görüşlərində iştirak etməliyik.
16. Süleyman və İsa arasında hansı oxşarlıq var?
16 Süleyman padşah öz hökmranlığı dövründə çox işlər görmüşdür. O, bütün ölkədə tikinti işləri aparırdı: onun nəzarəti altında saraylar tikilir, yollar salınır, su kəmərləri çəkilir, anbar şəhərləri, döyüş arabalarının və süvarilərin olduğu şəhərlər tikilirdi (1 Pad. 9:17-19). Padşahın gördüyü bu işlərdən bütün ölkə yararlanırdı. İsa da memardır. O, öz yığıncağını «daşın üzərində» qurub (Mat. 16:18). İsa həm də yeni dünyada aparılacaq tikinti işlərinə nəzarət edəcək (Yeşaya 65:21, 22).
Sülh Padşahının ardınca gedin
17. a) Süleymanın hökmranlığı nə ilə yadda qaldı? b) O nəyə nail ola bilməzdi?
17 Süleymanın adı «sülh» mənası daşıyan sözdən əmələ gəlir. O, ölkəni Yerusəlimdən (mənası «ikili sülhə malik olmaq» deməkdir) idarə edirdi. Onun 40 illik hökmranlığı zamanı bütün İsraildə misilsiz sülh hökm sürürdü. Müqəddəs Kitabda həmin illər haqqında deyilir: «Onun [Süleymanın] bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı» (1 Pad. 4:25). Süleyman nə qədər müdrik olsa da, öz təbəələrini xəstəliyin, günahın və ölümün qandallarından azad edə bilməzdi. Böyük Süleyman isə öz təbəələrini bütün bunlardan qurtaracaq. (Romalılara 8:19-21 ayələrini oxu.)
18. Məsihçi yığıncağı hansı xeyir-duaya malikdir?
18 Hətta bu gün də məsihçi yığıncağında sülh hökm sürür. Biz əsil mənada ruhani cənnətdə yaşayırıq. Biz həm Allahla, həm də insanlarla sülhə malikik. Görün, bugünkü vəziyyətimiz haqqında Yeşaya hansı peyğəmbərliyi söyləmişdi: «Onlar qılınclarından kotan, nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək» (Yeşaya 2:3, 4). Allahın müqəddəs ruhuna uyğun yaşayaraq biz ruhani cənnəti daha da gözəlləşdiririk.
19, 20. Sevinmək üçün hansı səbəblərimiz var?
19 Lakin gələcək bundan da gözəl olacaqdır. İsanın rəhbərliyi altında misli görünməmiş sülh içində yaşayacaq itaətkar insanlar kamilliyə çatanadək tədricən ‘çürüklüyə olan köləlikdən azad olunacaqlar’ (Rom. 8:21). Minillik Hökmranlığın sonunda axırıncı imtahandan keçəndən sonra onlar «ölkəni [«yeri», YD] mülk olaraq alacaq, əmin-amanlığın bolluğundan zövq tapacaq» (Məz. 37:11; Vəhy 20:7-10). Məsih İsanın hökmranlığı Süleymanın hökmranlığından təsəvvüredilməz dərəcədə gözəl olacaq!
20 İsraillilər Musanın, Davudun və Süleymanın hökmranlığı altında sevindiyi kimi, biz də Məsihin rəhbərliyi altında daha çox sevinəcəyik (1 Pad. 8:66). Biz Yehovaya necə də minnətdarıq ki, O, vahid Oğlunu — Böyük Musa, Davud və Süleyman olan İsanı yer üzünə göndərmişdi!
[Haşiyələr]
a Ehtimal ki, Davudun adının mənası «sevimli» deməkdir. İsa vəftiz olunanda və görkəmini dəyişəndə Yehova göydən danışaraq onu Öz ‘sevimli Oğlu’ adlandırdı (Mat. 3:17; 17:5).
b Eyni zamanda, Davud öz çobanına etibar edən bir quzu idi. O, Böyük Çoban olan Yehovadan müdafiə və rəhbərlik gözləyirdi. Davud tam əminliklə demişdi: «Rəbb mənim çobanımdır, möhtac olmaram» (Məz. 23:1). Vəftizçi Yəhya İsanı «Allah Quzusu» adlandırmışdır (Yəh. 1:29).
c Maraqlıdır ki, Süleymanın ikinci adı «Yahın sevimlisi» mənasını daşıyan Yedidyahdır (2 Şam. 12:24, 25).
İzah edə bilərsinizmi?
• Hansı mənada İsa Davuddan böyükdür?
• Hansı mənada İsa Süleymandan böyükdür?
• Böyük Davud və Süleyman olan İsada ən çox qiymətləndirdiyin nədir?
[31-ci səhifədəki şəkil]
Süleymanın Allahdan aldığı hikmət Böyük Süleymanın hikmətini təmsil edirdi
[32-ci səhifədəki şəkil]
İsanın hökmranlığı Süleymanın və Davudun hökmranlığından təsəvvüredilməz dərəcədə gözəl olacaq!