Yehovanın Kəlamı canlıdır
«Zəbur» kitabının üçüncü və dördüncü hissələrindən diqqətəlayiq fikirlər
ALLAHA duasında məzmurçu soruşur: «Məhəbbətin məzardamı, sədaqətin Həlak yerindəmi bəyan olunacaq?» (Məzmur 88:11). Cavab aydındır: yox. Həyatımızı itirsək, Allaha həmd edə bilmərik. Yehovaya həmd etmək — yaşamaq üçün əsaslı səbəbdir və bizə həyat bəxş etdiyi üçün Ona həmd etməliyik.
«Zəbur» kitabının üçüncü və dördüncü hissələrində — 73-106-cı məzmurlarda Yaradana və Onun adına həmd etmək üçün çoxlu səbəblər gətirilir. Bu məzmurların üzərində düşündükdə ‘Allahın kəlamına’ görə minnətdarlığımız artır və Ona daha da çox və daha yaxşı mədhlər söyləməyə təşviq olunuruq (İbranilərə 4:12). Gəlin «Zəbur» kitabının üçüncü hissəsini diqqətlə araşdıraq.
«MƏNİM ÜÇÜN ALLAHA YAXINLAŞMAQ YAXŞIDIR»
Üçüncü hissənin ilk 11 məzmurunu ya Asəfin özü, ya da ailə üzvlərindən kimsə yazmışdır. 73-cü məzmurda nəyin sayəsində Asəfin nöqteyi-nəzərinin dəyişməsi və yanlış yola düşməməsi izah olunur. O, düzgün nəticəyə gəlir: «Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır» (Məzmur 73:28). Məzmurçu 74-cü məzmurda Yerusəlimin dağıdılmasına görə ah-zar edir. 75, 76 və 77-ci məzmurlarda Yehova ədalətlə hökm edən, həlimləri qurtaran və duaları eşidən bir şəxs kimi təsvir olunur. 78-ci məzmurda Musa peyğəmbərin günlərindən Davudun günlərinəcən israillilərin tarixi nəzərdən keçirilir. 79-cu məzmurda mə’bədin dağılmasına görə kədər ifadə olunur. Növbəti məzmur Allahın xalqının bərpa olunması haqda duadır. 81-ci məzmur Yehovaya tabe olmağa çağırışdır. 82-ci və 83-cü məzmurlarda satqın hakimlərə və düşmənlərinə ədalətli hökm çıxarması üçün Allaha yalvarışdır.
Qorah oğulları oxuyurlar: «Qəlbim həyətinin həsrətindədir» (Məzmur 84:2). 85-ci məzmurda məzmurçu Babil əsarətindən qayıdanlara xeyir-dua verməyi Allahdan xahiş edir. Orada ruhani xeyir-duaların cismani xeyir-dualardan nə qədər dəyərli olduğu qeyd olunur. 86-cı məzmurda Davud Allahdan onu qorumasını və ona yol göstərməsini xahiş edir. Sion və orada doğulanlar barədə mahnı olan 87-ci məzmurdan sonra 88-ci məzmurda Yehovaya dua qələmə alınıb. Davudla bağlanan əhddə ifadə olunan Yehovanın sevgi dolu xeyirxahlığı 89-cu məzmurda qeyd olunur. Bu məzmuru, Süleymanın günlərindəki dörd müdrikdən biri olduğu güman edilən Etan tərtib etmişdir (1 Padşahlar 4:31).
Müqəddəs Kitab suallarına cavablar:
73:9 — Pislər «ağızlarını göylərin əleyhinə açırlar, dillərinin sözləri dünyanı gəzib-dolaşır» nə deməkdir? Pislər nə yerdə, nə də göydə olanlardan heç kimə hörmət göstərmədikləri üçün ağızları ilə Allaha küfr etməkdən, dilləri ilə insanlara böhtan atmaqdan çəkinmirlər.
74:13, 14 — Yehova ‘dəniz əjdahalarının başlarını və Livyatanın başlarını’ nə vaxt əzdi? «Misir padşahı fir’on» «öz çayları içində yatan böyük əjdaha» adlanır (Yezekel 29:3). Livyatan, ehtimal ki, fir’onun güclü döyüşçülərini təmsil edir. Onların başlarının əzilməsi, ola bilsin ki, Yehova israilliləri Misir köləliyindən azad edərkən, fir’on və ordusunun məğlubiyyətə uğradığına işarə edir.
75:4, 5, 10 — «Buynuz» nəyi təmsil edir? Heyvanların buynuzu güclü silahdır. Beləliklə, «buynuz» məcazi mə’nada hakimiyyət və ya qüvvə deməkdir. Yehova Öz xalqının ‘buynuzunu’ dikəltməklə onu ucaldır, ‘pis adamların buynuzlarını’ isə ‘qırır’. Biz ‘buynuz çıxartmaqdan’, yə’ni qürurlu və təkəbbürlü olmaqdan qaçınmalıyıq. Yüksəldənin Yehova olduğu üçün, yığıncaqdakı hər bir işi Allahın tapşırığı kimi qəbul etməliyik (Məzmur 75:7).
76:10 (KM) — ‘İnsanın qəzəbi’ Yehovaya necə həmd edər? Allah Onun xidmətçiləri olduğumuz üçün insanların öz qəzəbini üzərimizə tökməsinə izin verəndə, bu, yaxşı nəticə verə bilər. Tab gətirdiyimiz çətinliklər bizi müəyyən şeylərə öyrədir. Yehova iztirablara, onlardan nə isə öyrənə biləcəyimiz qədər yol verir (1 Peter 5:10). ‘İnsan qəzəbinin artığını sən bağlayırsan’. Bəs əgər əzablarımız ölümlə nəticələnərsə, onda necə? Bu da Allaha izzət gətirər, çünki bizim Allaha sadiqliyimizi görənlər Onu izzətləndirməyə başlaya bilərlər.
78:24, 25 — Nəyə görə manna ‘göylərin taxılı’ və ‘mələklərin çörəyi’ adlanmışdır? Bu ifadələrdən heç biri mannanın mələklərin yeməyi olduğunu bildirmir. O göydən gəldiyi üçün ‘göylərin taxılı’ adlanır (Məzmur 105:40). Mələklər göydə yaşadıqları üçün ‘mələklərin çörəyi’ ifadəsi sadəcə ona işarə edə bilər ki, məskəni göylərdə olan Allah onu verirdi (Məzmur 11:4). Ehtimal ki, Yehova mannanı israillilərə mələklər vasitəsilə verirdi.
82:1, 6 — Kimlər ‘allahlar’ və ‘Haqq-Taala övladları’ adlandırılırlar? İfadələrin hər ikisi İsraildəki hakimlərə aiddir. Bu münasibdir, çünki onlar Allahın nümayəndələri və təmsilçiləri kimi xidmət edirdilər (Yəhya 10:33-36).
83:2 — «Əleyhinə qalxır» ifadəsi hansı mə’nanı daşıyır? Bu hərəkət müqavimət göstərmək, döyüşmək və sıxışdırmaq məqsədilə güc tətbiq etməyə və hərəkətə hazır olmağa işarə edir.
Bizim üçün ibrət dərsləri:
73:2-5, 18-20, 25, 28. Biz pislərin firavanlığına həsəd aparmamalı və onların həyat tərzini mənimsəməməliyik. Onlar ‘sürüşkən yerdə’ dururlar. Onların sonu ölümdür. Üstəlik, nə qədər ki, hakimiyyət qeyri-kamil insanların əlindədir, bizim pisliyin kökünü kəsmək sə’ylərimiz boşa çıxacaq. Əgər Asəf kimi biz də ‘Allaha yaxınlaşaraq’ və Onunla dostluqdan sevinc əldə edərək pisliyə qarşı dururuqsa, müdrik hərəkət edirik.
73:3, 6, 8, 27. Məğrurluq, təkəbbürlük, başqalarına istehza etmək bə’zən sərfəli görünsə belə, biz bu kimi xüsusiyyətlərdən uzaq olmalıyıq.
73:15-17. Əgər hansısa fikirlər bizə rahatlıq vermirsə, öz narahatçılığımızı hamı ilə bölüşməli deyilik. Bizim ‘belə danışmağımız’, sadəcə başqalarını ruhdan salacaq. Bizi narahat edən şeyləri sakitcə götür-qoy etməli və Allahın xalqı ilə ünsiyyət etməklə öz suallarımıza cavab axtarmalıyıq (Süleymanın məsəlləri 18:1).
73:21-24. Pislərin zahirən əmin-amanlıq içində yaşadıqları üçün qəzəblənmək hiss və instinktlə hərəkət edən şüursuz heyvanların hərəkətinə bənzəyir. Biz isə Yehovanın ‘sağ əlimizdən tutduğuna’ və kömək etdiyinə tam əmin olaraq Onun rəhbərliyinə riayət etməliyik. Bundan əlavə, Yehova bizi ‘şərəfə çatdıracaq’, yə’ni Onun dostu olmağımıza icazə verəcəkdir.
77:6. Ruhani həqiqətlərə səmimi maraq göstərir və onları axtarırıqsa, şəxsi öyrənməyə və düşünməyə vaxt ayırmaq lazımdır. Buna görə də, bə’zən tənha yerə çəkilmək vacibdir.
79:9. Yehova bizim dualarımızı, xüsusilə də Onun adının müqəddəs tutulması ilə bağlı olan duaları dinləyir.
81:13, 16. Yehovanın səsini dinləyənlər və Onun yolu ilə gedənlər bol-bol xeyir-dualar alacaqlar (Süleymanın məsəlləri 10:22).
82:2, 5. Ədalətsizlik ‘yerin təməllərini sarsıdır’ və cəmiyyətin sabitliyini pozur.
84:1-4, 10-12. Məzmurçular Yehovaya ibadət yerini yüksək qiymətləndirir və xidmətdəki imtiyazlarından məmnunluq duyurdular. Bu, bizim üçün necə də gözəl nümunədir!
86:5. Biz Yehovanın bağışlamağa hazır olduğuna görə Ona necə də minnətdar olmalıyıq! Allah günahkarın hərəkətində tövbəyə işarə edən və bağışlamağa əsas verən əlamət axtarır.
87:5, 6. Yerüzü Cənnətdə yaşayanlar göylər həyatına dirildilənlərin adlarını biləcəklərmi? Ayədən göründüyü kimi, çox güman ki, bu mümkündür.
88:13, 14. Hərdən dualarımıza dərhal cavab almırıq. Bə’zi hallarda, görünür, Yehova bizim Ona sadiqliyimizin səmimiliyini sübut etməyimizi istəyir.
«ONA ŞÜKÜR EDİN, İSMİNƏ ALQIŞ SÖYLƏYİN»
Gəlin «Zəbur» kitabının dördüncü hissəsini nəzərdən keçirək. Burada da Yehovanı mədh etməyin səbəbləri gətirilir. Davud 90-cı məzmurda tez ötüb keçən insan həyatını ‘əsrlərin Hökmdarının’ ömrü ilə müqayisə edir (1 Timoteyə 1:17). Məzmur 91:2 ayəsində Musa Yehovanı öz sığınacağı, qalası — təhlükəsizlik Mənbəyi adlandırır. Növbəti məzmurlarda Allahın gözəl keyfiyyətləri, yüksək fikirləri və mö’cüzəli işləri mədh edilir. Məzmurlardan üçü «Rəbb hökmranlıq edir» sözləri ilə başlayır (Məzmur 93:1; 97:1; 99:1). Məzmurçu Yehovanı Yaradanımız adlandıraraq, bizi ‘Ona şükür etməyə və isminə alqış söyləməyə’ təşviq edir (Məzmur 100:4).
Allah qorxusu olan hökmdar işləri necə idarə etməlidir? Davudun yazdığı 101-ci məzmurda buna cavab verilir. Növbəti məzmurda deyilir ki, Allah «yoxsulların duasına qulaq asacaq, yalvarışlarına xor baxmayacaq» (Məzmur 102:17). 103-cü məzmurda Yehovanın sevgi dolu xeyirxahlığına və mərhəmətinə diqqət yetirilir. Allahın çoxsaylı mö’cüzəli işlərinə işarə edərək məzmurçu ucadan deyir: «Ya Rəbb, əməllərin çoxdur! Hər birini müdrikliklə etmisən» (Məzmur 104:24). «Zəbur» kitabının dördüncü hissəsinin sonuncu iki mədh nəğməsində Yehovaya mö’cüzəli işlərinə görə şükür edilir (Məzmur 105:2, 5; 106:7, 22).
Müqəddəs Kitab suallarına cavablar:
91:1, 2 — ‘Haqq-Taalanın pənahında yaşamaq’ nə deməkdir? ‘Haqq-Taalanın pənahı’ — ruhani zərərdən müdafiə verən bir vəziyyətdir, yə’ni ruhani cənnətdir. Bu yer Allaha güvənməyənlərə mə’lum deyil. Yehovanı öz ‘sığınacağımız və qalamız’ etdiyimiz, Onu Kainatın Hökmdarı kimi izzətləndirdiyimiz və Padşahlıq haqqındakı xoş xəbəri təbliğ etdiyimiz halda Onun pənahında yaşamış oluruq. Biz özümüzü təhlükəsizlikdə hiss edirik, çünki əminik ki, Yehova bizə kömək etməyə həmişə hazırdır (Məzmur 90:1).
92:12 — Nəyə görə demək olar ki, «salehlər xurma ağacıtək çiçəklənəcək»? Xurma ağacı olduqca çox bar gətirən ağacdır. Salehin xurma ağacına bənzəməsi, Yehovanın onu bəyəndiyini və həmin adamın yaxşı işləri də daxil olmaqla «yaxşı meyvə» verdiyini göstərir (Matta 7:17-20).
Bizim üçün ibrət dərsləri:
90:7, 8, 13, 14. Günah həmişə həqiqi Allahla münasibətlərə xələl gətirir. ‘Gizli günahlarımızı’ Ondan gizlətmək mümkün deyil. Amma əgər səmimi qəlbdən tövbə edib, günahlı yolumuzu tərk edəriksə, yenidən Yehovanın xeyirxahlığını qazanacağıq və O ‘bizə doyunca məhəbbət göstərəcək’.
90:10, 12. Həyat qısa olduğundan biz günlərimizin qədrini bilməliyik. Necə? «Ürəyimizi hikmətli» etməklə, yə’ni günlərimizi əbəs yerə deyil, Yehovanı razı salmaq məqsədilə müdrik yaşamaqla. Bunun üçün ruhani işlərə üstünlük vermək və vaxtımızdan müdrikliklə istifadə etmək gərəkdir (Efeslilərə 5:15, 16; Filipililərə 1:10).
90:17. Yehovanın ‘əllərimizin zəhmətini uğurlu etməsi’ və xidmətdə göstərdiyimiz sə’ylərə xeyir-dua verməsi üçün dua etmək münasibdir.
92:14, 15. Allahın Kəlamını sə’ylə araşdıraraq və Yehovanın xalqı ilə müntəzəm ünsiyyət edərək qocalar «təravətli, yamyaşıl», yə’ni ruhən qüvvətli qalırlar, onlar, həmçinin yığıncaq üçün çox dəyərlidirlər.
94:19. Daxili narahatçılıq müxtəlif səbəblər üzündən olur. Allahın Kəlamındakı ‘təsəllilər’ haqda oxumaq və üzərində düşünmək bizə qəlb rahatlığı gətirəcək.
95:7, 8. Müqəddəs Kitab öyüdlərini dinləməklə, onlara diqqət yetirməklə və həvəslə riayət etməklə, ürəyimizin inadcıl olmasına yol verməyəcəyik (İbranilərə 3:7, 8).
106:36, 37. Bu ayələr bütpərəstliklə cinlərə qurban gətirmək arasında bağlılıq olduğunu göstərir. Bu ona işarə edir ki, bütlərə və ya təsvirlərə sitayiş edən insan cinlərin tə’sirinə düşə bilər. Müqəddəs Kitab bizi təşviq edir: «Övladlarım, özünüzü bütlərdən qoruyun!» (1 Yəhya 5:21).
«Yaha həmd edin!»
«Zəbur» kitabının dördüncü hissəsinin sonuncu üç nəğməsi «Rəbbə [«Yaha», YD] həmd edin!» sözləri ilə bitir. Sonuncu məzmur isə bu sözlərlə başlayır (Məzmur 104:35; 105:45; 106:1, 48). «Yaha həmd edin!» ifadəsinə «Zəbur» kitabının dördüncü hissəsində tez-tez rast gəlinir.
Əlbəttə, Yehovaya həmd etmək üçün bizim səbəblərimiz çoxdur. 73-106-cı məzmurların üzərində düşündükdə ürəyimiz səmavi Atamıza qarşı minnətdarlıq hissi ilə dolub daşır. Onun bizim üçün etdikləri və gələcəkdə edəcəkləri üzərində düşünmək, səmimi qəlbdən bizi ‘Yaha həmd etməyə’ təşviq edir!
[20-ci səhifədəki şəkil]
Asəf kimi, biz də ‘Allaha yaxınlaşaraq’ pisliyə qarşı dura bilərik.
[21-ci səhifədəki şəkil]
Fir’on Qırmızı dəniz yaxınlığında məğlubiyyətə uğradı.
[21-ci səhifədəki şəkil]
Mannanın nəyə görə ‘mələklərin çörəyi’ adlandığını bilirsinizmi?
[23-cü səhifədəki şəkil]
Daxili narahatçılıqların öhdəsindən gəlməkdə bizə nə kömək edər?