Dualarımız bizim haqqımızda nə deyir?
«Ey duaları eşidən, bütün bəşər hüzuruna gələcək» (MƏZ. 65:2).
1, 2. Nəyə görə Yehovanın xidmətçiləri Ona əminliklə dua edirlər?
YEHOVA sadiq xidmətçilərinin yalvarışlarına heç vaxt biganə yanaşmır. Biz əmin ola bilərik ki, O, dualarımıza qulaq asır. Hətta eyni vaxtda milyonlarla Yehovanın xidmətçisi Allaha dua edərsə, O, hər birinin duasını eşitməyə qadirdir.
2 Davud Allahın onun yalvarışlarını eşitdiyinə əmin olduğu üçün oxuyurdu: «Ey duaları eşidən, bütün bəşər hüzuruna gələcək» (Məz. 65:2). Bəli, Davudun duaları cavabsız qalmırdı, çünki o, Yehovanın sadiq xidmətçisi idi. Yaxşı olardı ki, özümüzdən soruşaq: «Dualarım Yehovaya etibar etdiyimi və təmiz ibadətin həyatımda birinci yeri tutduğunu göstərirmi? Dualarım mənim haqqımda nə deyir?»
Təvazökarlıqla dua edin
3, 4. a) Yehovaya hansı əhval-ruhiyyə ilə dua etməliyik? b) Ciddi günah işlətdiyimizə dair ‘fikirlər’ bizi rahat buraxmırsa, nə etməliyik?
3 Əgər dualarımızın eşidilməsini istəyiriksə, onda Allaha təvazökarlıqla dua etməliyik (Məz. 138:6). Davud kimi, biz də Yehovadan xahiş etməliyik ki, bizi yoxlasın. O demişdi: «Ey Allah, məni yoxla, qəlbimi öyrən, Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil. Gör qəlbimdə pisliyə yol verirəmmi? Əbədi yolda mənə rəhbər ol!» (Məz. 139:23, 24). Gəlin sadəcə dua etməklə kifayətlənməyək, həmçinin Allahın bizi sınaqdan keçirməsinə yol verək və Kəlamı vasitəsilə verdiyi məsləhətlərə tabe olaq. Əbədi həyata gedən yolda yeriməyə kömək etməklə Yehova «əbədi yolda» bizə rəhbər ola bilər.
4 Bəs əgər ciddi günah işlətdiyimizə dair ‘fikirlər’ bizi rahat buraxmırsa, onda necə? (Məzmur 32:1-5 ayələrini oxu.) Ağac yayın qızmar çağında quruduğu kimi, günahlı vicdanın səsini boğmaq da bizi taqətdən sala bilər. Davud günahı ucbatından sevincini itirmiş və ola bilsin, xəstələnmişdi. Lakin günahlarını Allahın qarşısında etiraf etdikdən sonra o, böyük rahatlıq tapdı. «Üsyankarlığı bağışlanan»da və Yehova tərəfindən «günahı əfv olunan»da Davudun keçirdiyi sevinc hissini bir təsəvvür edin! İnsanın Allah qarşısında günahını etiraf etməsi ona rahatlıq gətirə bilər və məsihçi ağsaqqalların köməyi ilə yenidən ruhani sağlamlığına qovuşa bilər (Sül. məs. 28:13; Yaq. 5:13-16).
Allaha niyaz və şükür edin
5. Yehovaya niyaz etmək nə deməkdir?
5 Əgər hər hansı səbəbdən güclü narahatçılıq keçiririksə, yaxşı olardı ki, Pavelin məsləhətinə diqqət yetirək: «Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, dua və niyaz edərək, öz xahişlərinizi Allaha şükranla bildirin» (Filip. 4:6). «Niyaz» — təvazökarlıqla Allaha edilən yalvarışdır. Xüsusilə də təhlükəli anlarda və ya təqiblər zamanı biz Yehovadan kömək və rəhbərlik diləməliyik.
6, 7. Dualarımızda Yehovaya şükür etmək üçün hansı səbəblərimiz var?
6 Yalnız bizə lazım olan şeylər barədə Yehovaya dua edəriksə, bu, bizim motivlərimiz haqqında nəyi üzə çıxarar? Pavel deyir ki, biz Allaha xahişlərimizi «şükranla» bildirməliyik. Əlbəttə, Davud kimi, bizim də minnətdar olmağa səbəblərimiz var. O deyirdi: «Ya Rəbb, əzəmət, qüdrət, cəlal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və hökmdar olaraq hər şeydən ucasan. [...] ...Ey Allahımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik» (1 Saln. 29:11-13).
7 Xatirə Gecəsini təsis etdiyi axşam İsa yeməyə, çörəyə və şəraba görə Allaha şükür etdi (Mat. 15:36; Mark 14:22, 23). Bunlardan başqa, biz «bəşər övladlarına göstərdiyi xariqələrinə», «adil hökmlərinə» və Kəlamı vasitəsilə çatdırdığı xəbərə görə də Yehovaya ‘şükür etməliyik’ (Məz. 107:15; 119:62, 105).
Başqaları üçün dua edin
8, 9. Nəyə görə həmimanlılarımız üçün dua etməliyik?
8 Əlbəttə, biz özümüz üçün dua edirik, ancaq bununla yanaşı, biz başqaları üçün, hətta tanımadığımız məsihçilər üçün də dua etməliyik. Həvari Pavel Kolosda yaşayan həmimanlılarının hamısını tanımasa da, onlara yazırdı: «Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun. Sizin üçün daim dua edərək, Rəbbimiz İsa Məsihin Atası Allaha şükür edirik; çünki sizin Məsih İsaya imanınız və bütün müqəddəslərə olan məhəbbətinizdən xəbərdar olduq» (Kolos. 1:3, 4). Pavel Salonikdəki məsihçilərə görə də dua edirdi (2 Salon. 1:11, 12). Bacı-qardaşlarımız üçün etdiyimiz bu kimi dualar bizim necə insan olduğumuz və onlara necə münasibət bəslədiyimiz haqda çox şey deyir.
9 Məsh olunmuş məsihçilər və onların əməkdaşları olan ‘başqa qoyunlar’ üçün etdiyimiz dualar Allahın təşkilatının maraqlarını düşündüyümüzü göstərir (Yəh. 10:16). Pavel həmimanlılarından onun üçün dua etmələrini xahiş edirdi ki, «Müjdənin sirrini... bildirmək üçün» ona danışmaq bacarığı verilsin (Efes. 6:17-20). Başqa məsihçilər üçün biz bu cür dua edirikmi?
10. Başqaları üçün dua etmək bizə necə təsir edə bilər?
10 Başqaları üçün etdiyimiz dualar onlara olan münasibətimizi dəyişə bilər. Kimdənsə xoşumuz gəlmədiyi halda onun üçün dua ediriksə, ona olan münasibətimiz dəyişə bilər (1 Yəh. 4:20, 21). Belə dualar birliyimizi möhkəmləndirir. Üstəlik, aramızda məsihçi məhəbbətinin olduğunu göstərir (Yəh. 13:34, 35). Bu keyfiyyət Allahın ruhunun səmərəsinin bir hissəsidir. Ruhun səmərəsinə daxil olan məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik və özünə hakim olmaq kimi keyfiyyətləri təzahür etdirmək üçün duada Yehovadan müqəddəs ruh diləyirikmi? (Luka 11:13; Qalat. 5:22, 23). Belə etdiyimiz təqdirdə, sözlərimiz və hərəkətlərimiz ruha görə rəftar etdiyimizə və yaşadığımıza şəhadət edəcək. (Qalatiyalılara 5:16, 25 ayələrini oxu.)
11. Nəyə görə demək olar ki, başqalarının bizim üçün dua etmələrini xahiş etmək münasibdir?
11 İşdir, xəbər tutsaq ki, uşaqlarımız məktəbdə yoxlama işi zamanı şparqalkadan istifadə etməyə meyillidirlər, onda onlar üçün dua etməli, həmçinin Müqəddəs Kitab əsasında onlara köməklik göstərməliyik ki, dürüst davransınlar və yanlış hərəkət etməsinlər. Pavel Korinfdəki məsihçilərə demişdi: «Allaha dua edirik ki, pis iş görməyəsiniz» (2 Kor. 13:7). Təvazökarlıqla edilən bu cür dualar Yehovaya xoşdur və bizim barəmizdə Ona çox şeyi deyir. (Süleymanın məsəlləri 15:8 ayəsini oxu.) Həvari Pavel kimi, biz də başqalarından bizim üçün dua etmələrini xahiş edə bilərik. «Bizim üçün dua edin; — deyə o yazır,— çünki biz əminik ki, vicdanımız təmizdir, çünki hər cəhətcə özümüzü yaxşı aparmağa can atırıq» (İbr. 13:18).
Dualarımız bizim haqqımızda daha nələr deyir?
12. Dualarımızın əsas mövzusunu nə təşkil etməlidir?
12 Dualarımız Yehovaya sevinclə və səylə xidmət etdiyimizi göstərirmi? Dualarımızın əsas mövzusunu Allahın iradəsinin yerinə yetməsi, Padşahlıq haqqında xoş xəbərin təbliği, Yehovanın ali hökmranlığının bəraət qazanması və adının təqdis olunması təşkil edirmi? Bizim, əsas etibarilə, bu haqda dua etməli olduğumuzu İsanın nümunəvi duasının başlanğıcında dediyi sözlərdən görmək olar: «Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun. Səltənətin gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun» (Mat. 6:9, 10).
13, 14. Dualarımız bizim haqqımızda nə deyir?
13 Dualarımız niyyətlərimizi, maraqlarımızı və arzularımızı üzə çıxarır. Yehova bizim əslində necə insan olduğumuzu yaxşı bilir. Süleymanın məsəlləri 17:3 ayəsində deyilir: «Qızıl-gümüş isti kürədə yoxlanar, Rəbb isə ürəyi araşdırar». O, bizim ürəyimizdə olanları görür (1 Şam. 16:7). Yığıncaq görüşlərimizə, xidmətimizə və ruhani bacı-qardaşlarımıza necə münasibət bəslədiyimizdən agahdır. Məsihin ‘qardaşları’ haqqında nə düşündüyümüz Ona məlumdur (Mat. 25:40). O, haqqında dua etdiyimiz şeyləri həqiqətən də istəyib-istəmədiyimizi və ya duamızın sadəcə təkrarlanan söz yığını olub-olmadığını bilir. Çünki İsa demişdir: «Dua etdiyiniz zaman bütpərəstlər kimi boş sözlər [«eyni sözləri təkrar-təkrar», YD] söyləməyin; zira onlar sanırlar ki, çox danışmaqla eşidiləcəklər» (Mat. 6:7).
14 Duada istifadə etdiyimiz ifadələr həmçinin Allaha nə dərəcədə etibar etdiyimizi göstərir. Davud deyirdi: «Sən [Yehova] mənim pənahgahımsan, düşmənə qarşı möhkəm qülləsən. Qoy sonsuzadək çadırında yaşayım, qanadlarının altında pənah tapım» (Məz. 61:3, 4). Məcazi dildə desək, Allah çadırını üzərimizdə quranda biz özümüzü təhlükəsizlikdə və Onun qayğıkeş əlləri altında olduğumuzu hiss edirik (Vəhy 7:15). İmanımız sınağa çəkiləndə Yehovanın bizimlə olduğuna tam əmin olaraq Ona dua etmək bizə necə də təsəlli gətirir! (Məzmur 118:5-9 ayələrini oxu.)
15, 16. Dua bizə yığıncaqda əlavə məsuliyyətlər almaq arzusu ilə bağlı nəyi müəyyən etməyə kömək edə bilər?
15 Niyyətlərimiz barədə səmimi-qəlbdən dua etsək, Yehova onları ayırd etməkdə bizə kömək edəcək. Məsələn, Allahın xalqı arasında nəzarətçi kimi xidmət etmək istəyi həqiqətənmi başqalarına fayda gətirmək və Padşahlığın maraqlarının irəliləməsi üçün əlimizdən gələni etmək istəyindən irəli gəlir? Yoxsa biz başqaları üzərində ‘rəislik etmək’ və ya ‘hökm sürmək’ arzusundayıq? Yehovanın xalqı arasında belə şeylərə yer yoxdur. (3 Yəhya 9, 10; Luka 22:24-27 ayələrini oxu.) Əgər ürəyimizdə düzgün olmayan arzular yaranıbsa, Yehova Allaha səmimiyyətlə dua etsək, O, bizə onları aşkar etməyə və dərin kök salmamış özümüzdə dəyişikliklər etməyə kömək edə bilər.
16 Yəqin, məsihçi qadınlar ərlərinin xidməti köməkçi, sonra isə ağsaqqal olmalarını çox istəyirlər. Bu bacılar nümunəvi davranmağa çalışmaqla şəxsi dualarında ifadə etdikləri hisslərinə uyğun hərəkət etməlidirlər. Bu, çox vacibdir, çünki ailə üzvlərinin davranış və danışıq tərzi ailə başçısı barədə yığıncağın hansı fikirdə olmasına təsir edəcək.
Başqalarının adından dua etmək
17. Nəyə görə dua edən zaman təkliyə çəkilmək münasibdir?
17 İsa Atasına təklikdə dua etmək üçün çox vaxt camaatdan uzaqlaşırdı (Mat. 14:13; Luka 5:16; 6:12). Bizim də təklikdə olmağa ehtiyacımız var. Çox güman ki, sakit şəraitdə dua etməklə Yehovanı razı salan və Ona sadiq qalmağa kömək edəcək qərarlar qəbul edəcəyik. İsa başqalarının adından da dua edirdi. Yaxşı olardı ki, biz bunu necə düzgün etməli olduğumuzu nəzərdən keçirək.
18. Yığıncağı duada təqdim edən qardaşlar hansı amilləri yadda saxlamalıdırlar?
18 Görüşlərimizdə sadiq kişilər yığıncağın adından dua edirlər (1 Tim. 2:8). Hər belə duanın axırında həmimanlılar «qoy elə olsun» mənasını daşıyan «amin» sözünü deməlidirlər. Lakin bunun üçün onlar gərək deyilənlərlə razı olsunlar. İsanın nümunəvi duasında təəccüb doğuran və ya nəzakətsiz heç bir şey yoxdur (Luka 11:2-4). Bundan əlavə, o, hər bir dinləyicisinin bütün tələbat və ya problemlərini təfsilatı ilə sadalamadı. Şəxsi məsələləri hamı qarşısında yox, təklikdə etdiyimiz dualara daxil edə bilərik. Eləcə də bir qrup insanı təqdim etdiyimiz duaya məxfi məlumatları daxil etməkdən qaçınmalıyıq.
19. Ümumi dua zamanı hansı davranış tərzi münasibdir?
19 Ümumi dua zamanı Allah qarşısında ehtiram dolu qorxu təzahür etdirməliyik (1 Pet. 2:17). Başqa vaxt və başqa yerdə normal qəbul olunan müəyyən hərəkətlər yığıncaq görüşündə münasib olmaya bilər (Vaiz 3:1). Məsələn, götürək, bir nəfər dua zamanı hamının əl-ələ tutmasını istəyir. Bu, bəzilərinin, eləcə də yığıncağa təzə gələn insanların hisslərinə toxuna və ya diqqətlərini yayındıra bilər. Bəzi ər-arvadlar ehmalca bir-birlərinin əlindən tuta bilərlər, lakin ümumi dua zamanı onlar bir-birini qucaqlayırsa, bu vaxt onları təsadüfən görən kimsə buna görə büdrəyə bilər. Onlarda elə hiss yarana bilər ki, cütlüyün fikri-zikri Yehovaya ehtiram göstərməkdə yox, öz romantik münasibətlərindədir. Yehovaya dərin ehtiram hissindən irəli gələrək, gəlin ‘hər şeyi Allahın izzəti üçün edək’ və kiminsə diqqətini yayındıran, şoka salan, yaxud büdrədən hərəkətlərdən qaçınaq (1 Kor. 10:31, 32; 2 Kor. 6:3).
Nə haqda dua etməliyik?
20. Romalılara 8:26, 27 ayələrini necə izah edərdiniz?
20 Bəzən şəxsi dualar zamanı söz tapmaqda çətinlik çəkə bilərik. «Biz lazım olduğu kimi dua etməyi bacarmırıq,— deyə Pavel etiraf edir,— Ruh Özü isə ifadə olunmaz ahlarla bizim üçün vəsatət edir. Ürəkləri tədqiq edən Allah isə Ruhun nə düşündüyünü bilir» (Rom. 8:26, 27). Yehova bir çox duaları Müqəddəs Yazılara daxil etmək qərarına gəlib. O, bu ilhamlanmış duaları bizim etmək istədiyimiz dualarımız kimi qəbul edir və onları yerinə yetirir. Allah həm bizi tanıyır, həm də ruh vasitəsilə Müqəddəs Kitab yazıçılarını qələmə almağa təşviq etdiyi sözlərin mənasını bilir. Ruh bizim üçün ‘vəsatət edəndə’ Yehova bizim xahişlərimizə cavab verir. Lakin Allahın Kəlamı ilə nə qədər yaxından tanış olsaq, bir o qədər də Ona dua edərkən söz tapmaqda çətinlik çəkməyəcəyik.
21. Növbəti məqalədə söhbət nədən gedəcək?
21 Öyrəndiyimiz kimi, dualarımız haqqımızda çox şey deyir. Məsələn, dualarımız bizim Yehovaya nə dərəcədə yaxın olduğumuzu və Allahın Kəlamını nə dərəcə yaxşı bildiyimizi göstərə bilər (Yaq. 4:8). Növbəti məqalədə Müqəddəs Kitabda yazılan bəzi duaları və orada işlənən ifadələri nəzərdən keçirəcəyik. Bu, dualarımıza necə təsir edə bilər?
Necə cavab verərdiniz?
• Hansı əhval-ruhiyyə ilə Yehovaya dua etməliyik?
• Nəyə görə həmimanlılarımız üçün dua etməliyik?
• Dualarımız özümüz və məqsədlərimiz haqqında nəyi üzə çıxarır?
• Ümumi dua zamanı hansı davranış tərzi münasibdir?
[4-cü səhifədəki şəkil]
Müntəzəm olaraq Yehovaya həmd edir və minnətdarlığını bildirirsənmi?
[6-cı səhifədəki şəkil]
Ümumi dua zamanı davranışımız həmişə Yehovaya izzət gətirməlidir