Yehovanın camalına baxın
Çətinliklər bizi sarsıda bilər. Onlar bizim fikirlərimizi özünə qul edə, gücümüzü tükədə, eləcə də həyata olan baxışımıza təsir edə bilər. Qədim İsrailin padşahı Davud çoxlu çətinliklərlə üzləşmişdi. O, bunların öhdəsindən necə gəldi? Təsirli məzmurunda Davud cavab verir: «Rəbbə fəryad qoparıb haray salıram, Rəbbə yalvararaq haray salıram. Hüzuruna şikayətimi tökürəm, qarşısında əziyyətimi söyləyirəm. Ruhdan düşəndə hansı yolda olduğumu bildin». Bəli, Davud kömək üçün təvazökarlıqla Yehovaya dua edirdi (Məz. 142:1—3).
Çətin anlarında Davud təvazökarlıqla Yehovadan imdad diləyirdi
Başqa bir məzmurda Davud oxuyur: «Rəbdən bir arzum, bir istəyim var: bütün ömrüm boyu Rəbbin evində yaşayım, məbədində Rəbbin camalına baxım, Ona pərəstiş edim» (Məz. 27:4). Davud levili deyildi, amma onun həqiqi ibadətin mərkəzinə çox yaxın olan müqəddəs həyətin çölündə dayandığını təsəvvür edin. Davudun ürəyi minnətdarlıqla o qədər dolub-daşırdı ki, o, qalan ömrünü burada keçirmək və beləcə, «Rəbbin camalına [baxmaq]» istəyirdi.
«Camal» sözü «xoşagələn və ya məmnunedici düşüncə və hisslər»lə bağlıdır. Davud Yehovanın ibadət üçün təsis etdiyi quruluşu həmişə qiymətləndirib. Yaxşı olar ki, özümüzdən soruşaq: «Mən də Davudun keçirdiyi hissləri keçirirəmmi?»
ALLAHIN QURULUŞUNA PƏRƏSTİŞ EDİN
Bizim günlərdə Yehovanın Ona yaxınlaşmaq üçün təsis etdiyi quruluş fiziki məkanda cəmlənməyib. Əksinə, bu, özünə Allahın böyük ruhani məbədini — həqiqi ibadət üçün təsis olunmuş müqəddəs quruluşu daxil edira. Əgər bu quruluşa pərəstiş etsək, onda biz də «Rəbbin camalına [baxa]» bilərik.
Yandırma qurbanları üçün qurulan tunc qurbangah məskənin — Hüzur çadırının girişinin qarşısında yerləşirdi (Çıx. 38:1, 2; 40:6). Bu qurbangah göstərir ki, Allah məmnuniyyətlə İsanın insan həyatını qurban olaraq qəbul edib (İbr. 10:5—10). Bunun bizim üçün hansı məna kəsb etdiyi üzərində bir düşünün! Həvari Pavel yazmışdı: «Hələ düşmən ikən biz Oğulun ölümü vasitəsilə Allahla [barışmışıq]» (Rom. 5:10). İsanın tökülən qanına iman gətirməklə biz Allahın dostu olmaq lütfünə və etibarına layiq görülə bilərik. Bunun sayəsində bizim Yehova ilə dostluğumuz möhkəmlənir (Məz. 25:14).
Günahlarımız yuyulduğu üçün biz «Yehovadan təravət mövsümü» əldə edirik (Həv. iş. 3:19). Bizim vəziyyətimiz keçmiş hərəkətlərinə görə peşman olan və ona kəsilən ölüm hökmünün icrasını gözləyərkən özündə qətiyyətlə dəyişiklik edən məhbusun vəziyyətinə oxşayır. Bunu görən xeyirxah hakim onun günahlarını silir, yəni ona kəsilən ölüm hökmünü ləğv edir. Bunun həmin məhbusa necə yüngüllük və sevinc gətirdiyini bir təsəvvür edin! Eynilə, həmin hakim kimi, Yehova da tövbə edən insanlara lütf göstərir və onları ölüm hökmündən azad edir.
QOY HƏQİQİ İBADƏT SİZƏ SEVİNC GƏTİRSİN
Davudun Yehovanın evində müşahidə etdiyi həqiqi ibadətə bütün İsrail xalqının birgə toplaşması, Qanunun oxunması və izah edilməsi, eləcə də kahinlər və levililər tərəfindən müqəddəs xidmətin həyata keçirilməsi daxil idi (Çıx. 30:34—38; Say. 3:5—8; Qanun. t. 31:9—12). Qədim İsraildəki həqiqi ibadətin bu səciyyəvi cəhətləri indi də dəyişilməz olaraq qalır.
Qədimdə olduğu kimi, bu gün də «nə yaxşıdır, nə xoşdur qardaş olub bir yaşamaq!» (Məz. 133:1). Ümumdünya qardaşlığımız sürətlə inkişaf edir (1 Pet. 2:17). Yığıncaq görüşlərimizdə Allahın Kəlamı oxunur və izah edilir. Yehova təşkilatı vasitəsilə zəngin təlim proqramı təqdim edir. Həmçinin şəxsi və ailəvi ibadət zamanı istifadə etməyimiz üçün çap edilmiş bol ruhani qidalar var. Rəhbərlik Şurasının bir üzvü demişdi; «Yehovanın Kəlamı və mənası üzərində düşünmək, onu dərk etmək üçün axtarışlar aparmaq həyatımı ruhani sərvətlərlə zənginləşdirir və ürəyimi məmnunluq hissi ilə doldurur». Bəli, «bilikdən [könlümüz] xoş olar» (Sül. məs. 2:10).
Hal-hazırda hər gün Yehovanın xidmətçiləri Ona məqbul dualar edirlər. Bu cür dualar Yehovanın hüzurunda ətirli buxur kimidir (Məz. 141:2). Təvazökarlıqla etdiyimiz duaların Yehovanı məmnun etdiyini bilmək bizə böyük sevinc bəxş edir.
Musa duasında demişdi: «Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et, əllərimizin zəhmətini uğurlu et» (Məz. 90:17). Biz xidmətimizi canla-başla yerinə yetirəndə Yehova işimizi xeyir-dualandırır (Sül. məs. 10:22). Biz insanlara həqiqəti öyrənməyə kömək edə bilərik. Ola bilsin, uzun illərdir ki, xidmətdə laqeyd münasibətlə qarşılaşırıq, xəstəlikdən əziyyət çəkirik, emosinal ağrı keçiririk və ya təqiblərlə üzləşirik (1 Salon. 2:2). Bütün bunlara rəğmən, biz həmişə «Rəbbin camalına» baxır və Atamızın göstərdiyimiz səylərdən olduqca razı qaldığını dərk edirik.
Davud oxuyurdu: «Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, püşkümə düşən Səndən asılıdır. Qismətimə gözəl yerlər düşdü» (Məz. 16:5, 6). Davud öz payı, yəni Yehova ilə sıx münasibətlərə və Ona xidmət etmək üstünlüyünə malik olduğu üçün minnətdarlığını bildirmişdi. Davud kimi, biz də çətinliklərə tab gətirməli oluruq, amma bizim çoxlu xeyir-dualarımız olur! Buna görə də gəlin həqiqi ibadətdən zövq almağa davam edək və həmişə Yehovanın ruhani məbədinə pərəstiş edək.
a «Gözətçi qülləsi» jurnalının 1996-cı il 1 iyul sayının 14—24-cü səhifələrinə (rus.) bax.