YEDDİNCİ FƏSİL
Evdə üsyankar varmı?
1, 2. a) İsa, yəhudi din rəhbərlərinin sədaqətsiz olduqlarını göstərmək üçün, hansı məsəli söylədi? b) İsanın məsəlindən yeniyetmələr haqqında nə öyrənə bilərik?
ÖLÜMÜNDƏN bir neçə gün əvvəl, İsa bir qrup yəhudi din rəhbərlərinə düşündürücü sual verdi. O soruşdu: “Bəs siz necə düşünürsünüz? Bir kişinin iki oğlu vardı; və gəlib birincisinə: “Oğlum, bu gün get üzüm bağında işlə”, dedi. O da cavab verib: “İstəmirəm” — dedi. Lakin sonra peşman olub getdi. Kişi ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O, cavab verib: “Gedirəm, ağam!” — dedi və getmədi. İkisindən hansı atasının istəyini yerinə yetirdi?” Yəhudi din rəhbərləri cavab verdilər: “Birincisi” (Matta 21:28–31).
2 İsa bu məsəllə, yəhudi rəhbərlərinin sədaqətsiz olduqlarını qeyd etdi. Onlar, məsəldəki ikinci oğul kimi, Allahın iradəsini yerinə yetirməyi və’d edir, və’dlərinə isə əməl etmirdilər. Lakin bir çox valideynlər təsdiq edə bilərlər ki, İsanın məsəli ailə həyatı haqqında yüksək biliyə əsaslanmışdı. Onun bu məsəldə çox gözəl tərzdə təsvir etdiyi kimi, gənclərin nə haqda düşündüklərini demək və ya necə davranacaqlarını əvvəlcədən duymaq çox vaxt çətin olur. Yeniyetməlik dövründə uşaq bir çox problemlər törədə bilər, böyüdükdən sonra isə məs’uliyyətli, hamının hörmətinə layiq bir şəxs olur. Yeniyetməlik dövrünün üsyankarlıq problemi haqqında söhbət edərkən, bunu yadda saxlamaq lazımdır.
KİMİ ÜSYANKAR ADLANDIRMAQ OLAR?
3. Nə üçün valideynlər öz uşaqlarını üsyankar kimi qələmə verməyə tələsməməlidirlər?
3 Bə’zən, valideynlərinə qarşı açıq–aşkar üsyan qaldıran yeniyetmələr haqqında eşitmək olar. Ola bilsin, siz özünüz elə bir ailə tanıyırsınız ki, orada yeniyetmə idarəolunmaz kimi görünür. Lakin uşağın üsyankar olub olmadığını müəyyən etmək həmişə asan olmur. Bundan əlavə, bir ailədə böyüyən uşaqların bə’zilərinin üsyankar olduğunu, digərlərinin isə olmadığını anlamaq çətindir. Əgər valideynlər uşaqlarından birinin üsyankar olmağa doğru getdiyini hiss edərlərsə, nə etməlidirlər? Bu suala cavab vermək üçün, gəlin əvvəlcə müzakirə edək görək, kimi üsyankar adlandırmaq olar.
4—6. a) Kimə üsyankar demək olar? b) Yeniyetmə hərdənbir itaətsizlik edəndə, valideynlər nəyi yadda saxlamalıdırlar?
4 Sadə sözlərlə desək, üsyankar — üzərində olan hakimiyyətə bilərəkdən və inadkarlıqla tabe olmayan, yaxud ona qarşı müqavimət göstərən və onu qəbul etməyən adamdır. Əlbəttə, “ağılsızlıq uşağın” ürəyindədir (Süleymanın məsəlləri 22:15). Buna görə də, uşaqların hamısı hərdənbir valideynlərinin və ya başqalarının hakimiyyətinə müqavimət göstərirlər. Bu, xüsusilə yeniyetməlik dövründə uşağın fiziki və emosional cəhətdən inkişaf etdiyi bir vaxtda baş verir. Həyatda baş verən dəyişikliklər hər bir insanda stressə səbəb olur, yeniyetməlik dövrü isə başdan–başa dəyişiklikdən ibarətdir. Sizin yeniyetməniz, istər qız, istərsə də oğlan olsun, uşaqlıq dövrünü tərk edir və yetkinliyə qədəm qoyur. Buna görə yeniyetməlik illərində uşaqlarla valideynlər arasında çətinliklər yarana bilər. Çox vaxt valideynlər qeyri–iradi olaraq bu keçid dövrünü gecikdirməyə çalışırlar, yeniyetmələr isə onu tezləşdirməyə cəhd edirlər.
5 Üsyankar yeniyetmə, valideynlərinin qiymətləndirdiyi şeyləri qəbul etmir. Lakin unutmayın ki, bir neçə itaətsiz davranışa üsyan demək olmaz. Ruhani işlərə gəldikdə isə, bə’zi uşaqlar Müqəddəs Kitab həqiqəti ilə əvvəlcə az maraqlanar, bəlkə də heç maraq göstərməzlər, lakin bununla belə onlar üsyankar olmaya bilərlər. Uşağınızı üsyankar kimi qələmə verməyə tələsməyin.
6 Yeniyetməlik dövründə bütün uşaqlarmı valideynlərinin hakimiyyətinə qarşı üsyan edirlər? Xeyr, heç də belə deyil. Həyat təcrübəsi göstərir ki, həqiqi üsyankarlıq yeniyetmələrin çox az qisminə xasdır. Bəs inadkarcasına üsyankarlığı davam etdirən uşaqla necə davranmaq lazımdır? Onun bu cür davranmasına səbəb nə ola bilər?
ÜSYANKARLIĞIN SƏBƏBLƏRİ
7. Şeytanın rəhbərliyi altında olan dünya uşağı üsyankarlığa necə yönəldə bilər?
7 Üsyankarlığın əsas səbəbi, Şeytan dünyasının tə’siridir. “Bütün dünya... şəririn hakimiyyəti altındadır” (1 Yəhya 5:19). Şeytanın hakimiyyəti altında olan dünya, məsihçilərin mübarizə aparmalı olduqları əxlaqsız mədəniyyət inkişaf etdirir (Yəhya 17:15). Bu mədəniyyət, əvvəlkinə nisbətən, daha çox pozğun, təhlükəlidir və həddindən artıq pis tə’sirə malikdir (2 Timoteyə 3:1–5, 13). Əgər valideynlər öz uşaqlarına tə’lim vermir, onları xəbərdar və müdafiə etmirlərsə, yeniyetmələr “indi itaətsiz insanlarda fəal olan ruhun hökmranın”ın tə’siri altına asanlıqla düşə bilərlər (Efeslilərə 2:2). Bu, həmyaşıdlar tərəfindən göstərilən təzyiqə də aiddir. Müqəddəs Kitabda deyilir: “Ağılsızların dostu zərər görər” (Süleymanın məsəlləri 13:20). Buna bənzər tərzdə, bu dünyanın ruhu ilə nəfəs alan insanlarla dostluq edən, ehtimal ki, həmin ruhun tə’siri altına düşür. Ən gözəl həyat yolunun təməli Allahın prinsiplərinə itaət etməkdən ibarət olduğunu dərk etmələri üçün, gənclərin daima köməyə ehtiyacları var (İşaya 48:17, 18).
8. Hansı səbəblər uşağı üsyankar olmağa yönəldə bilər?
8 Üsyankarlığın başqa bir səbəbi, evdəki mühit ola bilər. Məsələn, əgər valideynlərdən biri içki düşkünü və narkomandırsa, yaxud həyat yoldaşı ilə amansız davranırsa, bu, uşağın həyata olan nöqteyi–nəzərini təhrif edə bilər. Müəyyən dərəcədə sakit ailələrdə belə, uşaq valideynlərinin onunla maraqlanmadığını hiss edəndə də üsyan qaldıra bilər. Lakin yeniyetmələrin üsyanı həmişə kənardan olan tə’sirlərlə əlaqəli deyil. Allahın prinsiplərinə əsasən yaşayıb, çox şeydə uşaqlarını dünyanın tə’sirlərindən müdafiə etsələr də, bə’zi uşaqlar valideynlərinin malik olduqları dəyərləri inkar edirlər. Bu nəyə görə baş verir? Bəlkə də, problemlərimizin başqa bir səbəbi olan qeyri–kamillik üzündən. Pavel demişdir: “Necə ki, günah tək bir adam [Adəm] vasitəsilə və ölüm günah vasitəsilə dünyaya girdi, eləcə də ölüm bütün insanlara keçdi; çünki hamı günah işlətmişdir” (Romalılara 5:12). Adəm eqoist üsyankar idi və bütün nəslinə pis miras saxladı. Bə’zi yeniyetmələr, eynilə ulu babaları kimi, üsyankar olurlar.
GÜZƏŞTƏ GEDƏN ELİ VƏ SƏRT REHOBOAM
9. Uşağın tərbiyəsindəki hansı tarazlaşdırılmamış münasibət onun üsyanına səbəb ola bilər?
9 Yeniyetməlik dövründə üsyankarlığa gətirib çıxaran başqa bir səbəb, valideynlərin uşağın tərbiyəsinə tarazlaşdırılmamış münasibət göstərmələridir (Koloslulara 3:21). Uşaqlarının tərbiyəsinə vicdanla yanaşan valideynlərin bə’ziləri, onlara sərt məhdudiyyətlər qoyur və cəzalandırırlar. Digərləri isə güzəştə gedir və təcrübəsiz yeniyetmələrinə, onları müdafiə edəcək prinsipləri aşılamırlar. Burada tarazlığı qorumaq asan deyil. Uşaqlar fərqli olduqları kimi, onların tələbatları da fərqlidir. Birinin nəzarətə olan ehtiyacı digərindən daha artıq ola bilər. Bununla belə, Müqəddəs Kitabdakı iki misal, həddindən artıq güzəştə getməyin və çox sərt olmağın təhlükəli nəticəsini görməyə kömək edəcəkdir.
10. Yaxşı baş kahin olduğu halda, Eli nəyə görə zəif ata idi?
10 Qədim İsraildə yaşayan Eli adlı baş kahinin uşaqları vardı. Eli 40 il idi ki xidmət edirdi və şübhəsiz olaraq, Allahın Qanununu çox yaxşı bilirdi. Göründüyü kimi, Eli gündəlik kahinlik vəzifəsini sədaqətlə yerinə yetirirdi, hətta ehtimal ki, Allahın Qanununu oğulları Hofni ilə Finehasa sə’ylə öyrədirdi. Lakin Eli öz oğullarına həddindən artıq yumşaq yanaşırdı. Hofni və Finehas kahinlik vəzifəsini icra edirdilər, eyni zamanda onlar yalnız öz iştahalarının və əxlaqsız ehtiraslarının tə’min edilməsinin qeydinə qalan “alçaq adamlar” idilər. Müqəddəs yerdə biabırçı işlər görmələrinə baxmayaraq, Elinin onları xidmətdən azad etməyə cəsarəti çatmırdı. O, sadəcə olaraq onlara ötəri töhmət verirdi. Eli öz yumşaqlığı ilə Allahdan çox oğullarına hörmət etmiş olurdu. Bu ona gətirib çıxardı ki, Elinin oğulları Yehovaya olan təmiz ibadətə qarşı üsyan etdilər və nəticədə Elinin bütün ailəsi fəlakətə uğradı (1 Samuel 2:12–17, 22–25, 29; 3:13, 14; 4:11–22).
11. Valideynlər Elinin pis nümunəsindən hansı ibrət dərsini ala bilərlər?
11 Bunlar baş verəndə Elinin oğulları artıq yetkin yaşında idilər, lakin bu hadisədən görünür ki, tərbiyəyə e’tinasız yanaşmaq təhlükəlidir. (Süleymanın məsəlləri 29:21 ilə müqayisə edin.) Bə’zi valideynlər məhəbbəti, güzəştə getməklə dəyişik salır, dəqiq, tutarlı və şüurlu qayda–qanunlar tə’yin edərək, uşaqlarından onlara riayət etmələrini tələb etmirlər. Belə valideynlər, Allahın prinsipləri tapdalansa da, məhəbbətə əsaslanan cəza tədbirləri tətbiq etmirlər. Buna bənzər güzəşt nəticəsində, uşaqlar necə ki valideynlərə, eləcə də istənilən hər bir hakimiyyətə qarşı hörməti itirə bilərlər. (Vaiz 8:11 ilə müqayisə edin.)
12. Hakimiyyətdən istifadə edərkən Rehoboam hansı səhvə yol verdi?
12 Rehoboam isə hakimiyyətdən istifadə edərkən həddi aşmağa dair başqa bir nümunədir. O, İsrailin birləşmiş padşahlığının axırıncı padşahı idi, lakin yaxşı padşah deyildi. Rehoboam, atası Süleymanın ədalətsizliyinə görə xalqı narazılıq bildirən bir ölkəni miras almışdı. Rehoboam, tabeliyində olanlara anlayışlamı yanaşdı? Xeyr! Xalq Rehoboamdan, üzərlərinə qoyulan yükün bir hissəsini götürməsini xahiş edəndə, o, yaşlı məsləhətçilərin məsləhətinə qulaq asmadı və xalqın üzərindəki yükü daha da artırmağı əmr etdi. Rehoboamın təkəbbürlüyü, şimalda olan on qəbilənin üsyanına səbəb oldu və padşahlıq iki hissəyə bölündü (1 Krallar 12:1–21; 2 Tarixlər 10:19).
13. Valideynlər, Rehoboamın səhvindən necə çəkinə bilərlər?
13 Müqəddəs Kitabın Rehoboam haqqında verdiyi mə’lumatdan valideynlər bir neçə vacib ibrət dərsi ala bilərlər. Onlar duada Yehovanı axtarmalı və öz tərbiyə üsullarını Müqəddəs Kitabın prinsipləri əsasında yoxlamalıdırlar (Məzmur 105:4). Vaiz 7:7 ayəsində deyilir: “Qəsbkarlıq hikmətli adamı dəli edər”. Yaxşı düşünülmüş məhdudiyyətlər yeniyetmələrin inkişaf etməsinə imkan verir və onları pislikdən qoruyur. Lakin sərtlik və həddindən artıq qoyulan məhdudiyyətlər, uşaqların özünə və öz qüvvəsinə kifayət qədər əmin olaraq böyümələrinə mane olur. Əgər valideynlər kifayət qədər sərbəstliklə, qəti və dəqiq müəyyənləşdirilmiş məhdudiyyətlər arasında tarazlığa can atırlarsa, yeniyetmələrin əksəriyyəti üsyankarlığa az meylli olacaqlar.
UŞAĞIN QEYDİNƏ QALARAQ, ÜSYANIN QARŞISINI ALMAQ OLAR
14, 15. Valideynlər uşaqlarının böyüməsinə necə münasibət göstərməlidirlər?
14 Valideynlər uşaqlarının necə böyüdüklərini görərək sevinirlər, lakin uşağın get–gedə daha sərbəst olması və özünə güvənməsi onları narahat edə bilər. Əgər bu keçid dövründə uşaq bə’zən inadkarlıq edərsə və ya sizinlə əməkdaşlıq etmək istəməzsə, təəccüblənməyin. Yadda saxlayın ki, məsihçi valideynlərin məqsədi, uşağını yetkin, təmkinli və məs’uliyyətli məsihçi kimi böyütməkdir. (1 Korinflilərə 13:11; Efeslilərə 4:13, 14 ilə müqayisə edin.)
15 Nə qədər çətin olsa da, valideynlər, yeniyetmənin daha çox sərbəst olmaq xahişinə mənfi münasibət göstərmək vərdişindən imtina etməlidirlər. Hər necə olursa–olsun, uşaq bir şəxsiyyət kimi böyüməlidir. Nisbətən kiçik olmalarına baxmayaraq, bə’zi yeniyetmələrdə tam yetkin nöqteyi–nəzərlər formalaşmağa başlayır. Məsələn, Müqəddəs Kitabda gənc padşah Yoşiya haqqında deyilir: “Hələ gənc ikən [təxminən 15 yaşında], atası Davudun Allahını aramağa başladı”. Diqqətə layiq olan bu gəncin məs’uliyyətli şəxs olduğu aydındır (2 Tarixlər 34:1–3).
16. Uşaqlara daha böyük məs’uliyyət e’tibar edildikdə, onlar nəyi dərk etməlidirlər?
16 Eyni zamanda azadlıq, məs’uliyyətli olmaq mə’nasını da daşıyır. Buna görə də yetkinliyə qədəm qoyan uşağınıza, özünün bə’zi qərar və davranışlarının nəticəsini dadmağa imkan verin. “İnsan nəyi əkərsə, onu da biçəcəkdir” prinsipi yalnız böyüklərə deyil, yeniyetmələrə də tətbiq ediləndir (Qalatiyalılara 6:7). Uşaqları bütün problemlərdən daima qorumaq olmaz. Əgər uşağınız yol verilməz bir iş görmək istəyərsə, bəs onda necə? Məs’uliyyətli bir valideyn kimi, “xeyr” deməlisiniz. Və siz razılıq vermədiyiniz şeyin səbəbini izah edərkən, heç bir şey sizin “xeyr” sözünüzü “bəli” sözünə dəyişməməlidir. (Matta 5:37 ilə müqayisə edin.) Bununla bərabər, “xeyr” sözünü rahat və inandırıcı tərzdə deməyə çalışın, çünki “həlim cavab hirsi yatırar” (Süleymanın məsəlləri 15:1, MKŞ).
17. Yeniyetmələrin nəyə ehtiyacı ola bilər və valideynlər onlara necə kömək etməlidirlər?
17 Gənclər məhdudiyyətlər və qayda–qanunlara hər vaxt məmnuniyyətlə razı olmasalar da, tərbiyədə olan ardıcıllıq onların müdafiəsinə xidmət edir. Qayda–qanunların, valideynlərin əhval–ruhiyyəsinə görə tez–tez dəyişilməsi qarışıqlığa gətirib çıxarır. Bundan əlavə, yeniyetmələr cəsarətsizliyin, utancaqlığın və özünə əminsizliyin öhdəsindən gəlməkdə lazımi ruh yüksəkliyi və kömək alırlarsa, onlar daha çox müvazinətli böyüyəcəklər. Yeniyetmələr, valideynlərinin onlara göstərdikləri layiqli e’tibarı da qiymətləndirirlər. (İşaya 35:3, 4; Luka 16:10; 19:17 ilə müqayisə edin.)
18. Yeniyetmələr haqqındakı hansı mə’lumat valideynlərə təsəlli verə bilər?
18 Evdə sülh, tarazlıq və məhəbbət hökmranlıq edirsə, bunun adətən uşaqlara yaxşı tə’sir bağışlamasını bilmək valideynlərə təsəlli verə bilər (Yaqub 3:17, 18; Efeslilərə 4:31, 32). İçki düşkünlüyündən, zorakılıqdan və ya hər hansı zərərli bir tə’sirdən əzab çəkən ailədə tərbiyə almalarına baxmayaraq, bir çox yeniyetmələr ailədəki pis mühitə üstün gəlir və yaxşı insanlar kimi böyüyürlər. Buna görə də, sizin qayğıkeşliyiniz dərrakəli məhdudiyyətlərlə və Müqəddəs Kitabın prinsiplərinə əsaslanan nəsihətlərlə müşayət olunsa belə, ailədə yeniyetmələrinizin özlərini təhlükəsiz hiss edə biləcəkləri mühit yaratsanız və evdə məhəbbət, şəfqət və diqqət görəcəklərini anlamaqda onlara kömək etsəniz, uşaqlarınız sizin fəxr edəcəyiniz insanlar kimi böyüyəcəklər. (Süleymanın məsəlləri 27:11 ilə müqayisə edin.)
UŞAQLAR DARA DÜŞƏNDƏ
19. Valideynlər, gəncləri gedəcəkləri yola görə tərbiyə etməli olsalar da, uşağın özü hansı məs’uliyyəti daşıyır?
19 Valideynlik vəzifəsini layiqincə yerinə yetirməyin, əlbəttə ki, böyük əhəmiyyəti var. Süleymanın məsəlləri 22:6 ayəsində deyilir: “Uşağı gedəcəyi yola görə yetişdir, yaşlı olunca da ondan ayrılmaz”. Bəs, yaxşı valideynləri olmasına baxmayaraq, ciddi problemlərlə qarşılaşan uşaqlar haqqında nə demək olar? Bu mümkündürmü? Bəli. Bu məsəlin sözlərini, uşaqların valideynlərinə tabe olmaq və onları dinləmək vəzifələrini qeyd edən başqa ayələrin işığında nəzərdən keçirmək lazımdır (Süleymanın məsəlləri 1:8). Ailədə birliyin hökm sürməsi üçün, valideynlər və uşaqlar Müqəddəs Kitabın prinsiplərinin tətbiq edilməsində əməkdaşlıq etməlidirlər. Valideynlərlə uşaqlar birgə qüvvə sərf etməzlərsə, çətinliklər yaranacaqdır.
20. Düşüncəsizlik üzündən uşaqlar səhvə yol verən zaman, valideynlər bu məsələyə müdrikliklə necə yanaşa bilərlər?
20 Yeniyetmə səhvə yol verəndə və çətinliyə düşəndə valideynlər buna necə münasibət göstərməlidirlər? Belə hallarda gəncin köməyə daha çox ehtiyacı olur. Əgər valideynlər, qarşılarında duran şəxsin təcrübəsiz bir yeniyetmə olduğunu unutmurlarsa, baş vermiş hadisəni başa düşmək onlara asan olacaqdır. Pavel, yığıncaqdakı yetkin məsihçilərə məsləhət edirdi: “Əgər bir adam bir cinayət üstə tutulsa belə, siz ruhanilər, onu həlimlik ruhu ilə islah edin” (Qalatiyalılara 6:1). Valideynlər, düşüncəsizliyi ucbatından səhvlərə yol verən yeniyetməyə qarşı da eyni tərzdə yanaşa bilərlər. Yeniyetmənin etdiyi hərəkətin nəyə görə düzgün olmadığını və eyni səhvi təkrarlamaqdan necə uzaq dura biləcəyini aydın surətdə izah edərkən, valideynlər dəqiq başa salmalıdırlar ki, onlar yeniyetmənin özünü deyil, onun yanlış hərəkətini pis hesab edirlər. (Yəhuda 22, 23 ilə müqayisə edin.)
21. Uşaqları ciddi günah işlədiblərsə, məsihçi yığıncağından nümunə götürərək, valideynlər buna necə reaksiya göstərməlidirlər?
21 Yeniyetmənin günahı çox ciddidirsə, bəs onda necə? Onda uşağa xüsusi kömək və təcrübəli rəhbərlik lazımdır. Yığıncağın bir üzvü ağır günah işlətdikdə, ona məsləhət görülür ki, tövbə edib, kömək üçün ağsaqqala müraciət etsin (Yaqub 5:14–16). Tövbə etdikdən sonra, ruhən möhkəmlənməsi üçün ağsaqqallar ona kömək edirlər. Baş vermiş hadisəni ağsaqqallarla müzakirə etmək lazım gəlsə də, ailədə günah işlədən yeniyetməyə kömək etməkdə valideynlər cavabdehdirlər. Əgər uşaqlardan biri ciddi günah işlədibsə, əlbəttə ki, valideynlər bunu ağsaqqallar şurasından gizlətməyə çalışmamalıdırlar.
22. Uşaqları ciddi səhvə yol verərsə, valideynlər Yehovadan nümunə götürərək, hansı münasibəti qoruyub saxlamağa çalışacaqlar?
22 Uşağı ilə əlaqədar ciddi problem adama olduqca çox əzab verir. Ümidsizliyə qapılan valideynlərdə, acıqlı halda inadcıl uşaqlarını hədələmək arzusu yarana bilər, lakin bu cür davranış uşağı sadəcə qəzəbləndirəcəkdir. Yeniyetmənin gələcəyinin, belə çətin anlarda ona göstərilən münasibətdən asılı ola biləcəyini unutmayın. Həmçinin yadda saxlayın ki, Yehova, həqiqət yolundan uzaqlaşmış xalqını bağışlamağa hazır idi, bunun üçün onlar sadəcə olaraq tövbə etməli idilər. Yehovanın məhəbbət dolu sözlərini dinləyin: “Rəbb deyir: İndi gəlin və davamızı görək; suçlarınız qırmızı boya kimi olsa da, qar kimi bəyaz olar; qırmızböcəyi kimi qızıl olsa da, yun kimi olar” (İşaya 1:18). Valideynlər üçün necə də gözəl nümunədir!
23. Uşaqlarından biri ciddi günah işlədərsə, valideynlər nə etməli və nədən uzaq olmalıdırlar?
23 Buna görə də, yolundan sapmış yeniyetməni, öz həyat tərzini dəyişməyə təşviq etməyə çalışın. Təcrübəli valideynlərdən və yığıncağın ağsaqqallarından düzgün məsləhət istəyin (Süleymanın məsəlləri 11:14). Çalışın ki, düşünülməmiş davranışa, uşağınızın yenidən yanınıza qayıtmasını çətinləşdirəcək sözə və ya hərəkətə yol verməyəsiniz. Qarşısıalınmaz qəzəbdən və acı sözlərdən çəkinin (Koloslulara 3:8). Ümidinizi itirməyin (1 Korinflilərə 13:4, 7). Pisliyə nifrət edin, lakin eyni zamanda uşağınıza qarşı rəhmsiz və sərt olmayın. Ən vacibi, uşaqlarınıza gözəl nümunə verməyə cəhd etmək və Allaha olan güclü imanınızı qorumağa çalışmaqdır.
BİLƏRƏKDƏN ÜSYANKARLIQ RUHUNU ƏKS ETDİRƏN YENİYETMƏ İLƏ MÜBARİZƏ
24. Bə’zən məsihçi ailəsində hansı fəlakət baş verir və valideynlər buna necə münasibət göstərməlidirlər?
24 Bə’zi hallarda aydın olur ki, yeniyetmə üsyan etməyi və məsihçilik dəyərlərini tamamilə rədd etməyə qəti surətdə qərar verib. Belə olduqda, diqqətinizi ailənin digər üzvlərinin firavanlığını qorumağa və ya bərpa etməyə yönəltməlisiniz. Ehtiyatlı olun ki, bütün qüvvənizi, digər uşaqlarınızın zərərinə olaraq, yalnız üsyankar uşağa sərf etməyəsiniz. Problemi ailənin digər üzvlərindən gizlətmək əvəzinə, məsələni münasib tərzdə onlarla müzakirə edin və ailəni sakitləşdirməyə çalışın. (Süleymanın məsəlləri 20:18 ilə müqayisə edin.)
25. a) Uşaq bilərəkdən üsyankarlıq edərsə, məsihçi yığıncağı üçün tə’yin edilmiş nümunəyə əsasən, valideynlərə hansı addımları atmaq lazım gələ bilər? b) Uşaqlarından biri üsyankarlıq edirsə, valideynlər nəyi yadda saxlamalıdırlar?
25 Həvari Yəhya, yığıncaqdakı islaholunmaz üsyankar haqqında deyirdi: “Onu evə buraxmayın və ona salam verməyin” (2 Yəhya 10). Valideynlər, həddi–büluğa çatmış və tamamilə idarə olunmayan uşaqlarına münasibətdə də eyni mövqeyi tuta bilərlər. Belə bir addım nə qədər çətin və acı olsa da, ailənin başqa üzvlərini qorumaq üçün bə’zən gərəklidir. Ailənizi mühafizə etmək və ona qarşı diqqətli olmaq lazımdır. Buna görə də dəqiq və eyni zamanda dərrakəli surətdə müəyyən edilmiş hərəkət normalarına riayət etməyə davam edin. Digər uşaqlarınızla ünsiyyətdə olun. Onların məktəbdəki və yığıncaqdakı işləri ilə maraqlanın. Bundan əlavə, onlara başa salın ki, üsyankar uşağın hərəkətləri xoşunuza gəlməsə də, sizdə ona qarşı nifrət hissi yoxdur. Uşağı deyil, pis əməlləri mühakimə edin. Yaqubun iki oğlu qəddarlıqları ucbatından bütün ailəni fəlakətə uğradan zaman, Yaqub oğullarını deyil, onların qarşısıalınmaz qəzəbini lə’nətlədi (Təkvin 34:1–31; 49:5–7).
26. Uşaqlarından biri üsyankar olarsa, yaxşı valideynlər nədə təsəlli tapa bilərlər?
26 Ailənizdə baş verənlərə görə özünüzü günahkar hesab edə bilərsiniz. Lakin Yehovanın məsləhətinə riayət edərək, dua vasitəsilə imkan daxilində əlinizdən gələni etmisinizsə özünüzə əziyyət verməyə səbəb yoxdur. Heç bir valideynin kamil olmadığını və yaxşı valideyn olmaq üçün əlinizdən gələni etdiyiniz barədə düşünərək, təsəlli tapın. (Həvarilərin işləri 20:26 ilə müqayisə edin.) Ailədə inadkar bir üsyankarın olması çətin sınaqdır, lakin sizin ailədə belə bir şey baş veribsə, əmin olun ki, Yehova Allah sizi başa düşür və öz xidmətçilərini heç zaman tərk etmir (Məzmur 27:10). Buna görə də, ailənizi qalan uşaqlarınız üçün təhlükəsiz, ruhani bir liman olaraq qorumağa qəti qərarlı olun.
27. Qeyb olmuş oğul haqqındakı məsəli yada salaraq, valideynlər hər zaman nəyə ümid edə bilərlər?
27 Bundan başqa, heç vaxt ümidinizi itirməyin. Yolundan sapmış uşağınızın tərbiyəsinə sərf etdiyiniz qüvvə, nəticədə onun ürəyinə tə’sir göstərə bilər və ağlını başına cəm edər (Vaiz 11:6). Bə’zi məsihçi ailələri sizin kimi eyni hissləri yaşayıblar və hərdən valideynlər, İsanın qeyb olmuş oğul məsəlindəki ata kimi, yolunu azmış uşaqlarının geri qayıtdıqlarını görüblər (Luka 15:11–32). Eyni nəticə sizin ailədə də baş verə bilər.