Məsləhətləri necə verirsən?
Sənə nə vaxtsa məsləhət almaq üçün müraciət ediblərmi? Məsələn, sənə: «Mən nə edim? Filan şənliyə gedim? Karyera qurum? Ailə qurmaq məqsədilə filankəslə görüşməyim münasibdir?» — kimi suallar veriblərmi?
Səmimi-qəlbli insanlar səndən xahiş edə bilərlər ki, dostları, ailə üzvləri və hətta Yehova ilə münasibətlərinə təsir göstərə biləcək məsələlərlə əlaqədar qərar qəbul etməyə onlara kömək edəsən. Verdiyin cavab nəyə əsaslanacaq? Adətən, başqalarına məsləhət verərkən bunu necə edirsən? İnsanın verdiyi sual ciddi və ya az əhəmiyyətli olmasından asılı olmayaraq, Süleymanın məsəlləri 15:28 ayəsində deyildiyi kimi, «saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər». Gəlin görək beş Müqəddəs Kitab prinsipi bizə məsləhət verməkdə necə yararlı ola bilər.
1 Real vəziyyəti görməyə çalış
«Eşitməzdən qabaq cavab vermək səfehlik və rüsvayçılıqdır» (SÜL. MƏS. 18:13).
Yaxşı məsləhət vermək üçün biz köməyə ehtiyacı olan insanın vəziyyətini və nöqteyi-nəzərini bilməliyik. Tutalım, bir nəfər sənə zəng edib sizə gəlməyin ən asan yolunu öyrənmək istəyir. Ona kömək etmək üçün sən, ilk növbədə, nəyi bilməlisən? Onun hal-hazırda harada olduğunu öyrənmədən ona kömək edə bilərsənmi? Əlbəttə ki, yox! Eynilə, düzgün rəhbərlik vermək üçün məsləhət istəyən insanın «yerini», yəni vəziyyət və nöqteyi-nəzərini müəyyən etmək lazımdır. Bəlkə, cavabımıza təsir edə biləcək vəziyyəti yüngülləşdirən bəzi amillər var? Vəziyyət barədə ətraflı məlumat əldə etmədən məsləhət versək, insan hətta çaş-baş qala bilər (Luka 6:39).
Məsləhətə ehtiyacı olan insanın nələri araşdırdığını öyrən. Həmin insana növbəti sualları vermək müdriklik olardı: «Səncə, bu məsələdə hansı Müqəddəs Kitab prinsipləri tətbiqediləndir? Qarşında olan seçimlərin müsbət və mənfi tərəfləri hansılardır? Bu məsələ ilə bağlı hansı axtarışlar etmisən? Başqaları, məsələn, yığıncaq ağsaqqalları, valideynlərin və ya səninlə Müqəddəs Kitabı öyrənən təbliğçi sənə hansı məsləhəti verib?»
Bu suallara verdiyi cavablarından biz həmin insanın məsələni araşdırmaq üçün artıq nələr etdiyini müəyyən edəcəyik. Həmçinin, ola bilsin, başqaları da ona nəsə deyiblər və bizə həmin məsləhətləri də nəzərə almaq lazımdır. Ola bilsin, həmin insan sadəcə olaraq «qulaqlarına xoş [gələn]» məsləhəti verəcək insanı axtarır (2 Tim. 4:3).
2 Tez-tələsik cavab verməkdən qaçın
«Qoy hər bir insan eşitməyə hazır olsun, danışmağa... tələsməsin» (YAQ. 1:19).
Bəzən yaxşı niyyətdən irəli gələrək tez-tələsik cavab veririk. Bəs necə fikirləşirsən, əksər hallarda, xüsusilə də hərtərəfli araşdırmadığımız mövzu ilə bağlı bu cür məsləhət verməyimiz düzgündür? Süleymanın məsəlləri 29:20 ayəsində deyilir: «Düşünmədən danışana baxmısanmı? Axmağa ondan artıq ümid var».
Məsləhət verməzdən öncə, onun Allahın Kəlamındakı müdrikliyə tam əsaslandığına əmin ol. Özündən soruş: «Bu dünyanın düşüncə tərzi və ruhu mənim düşüncələrimə təsir etməyib ki?» (1 Kor. 2:12, 13). Yadda saxla ki, məsləhət verərkən yalnız yaxşı niyyət kifayət deyil. Həvari Peter İsanın çətin tapşırığı barədə öyrənəndə ona: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!» — deyə məsləhət verdi. Peterin reaksiyasından nə öyrənirik? Hətta səmimi insan belə, ehtiyatı əldən verərsə, «Allahın yox», insanın fikirlərini irəli sürə bilər (Mat. 16:21—23, İncil, 1996). Buna görə də danışmazdan öncə fikirləşmək çox vacibdir! Məgər bizim təcrübəmiz Allahın hikməti ilə müqayisədə olduqca məhdud deyil? (Əyy. 38:1—4; Sül. məs. 11:2).
3 Təvazökarlıqla Allahın Kəlamındakılara əməl et
«Özümdən heç bir şey etmədiyimi biləcəksiniz. Ata məni necə öyrədibsə, mən də elə danışıram» (YƏH. 8:28).
Məsləhət verəndə: «Sənin yerində olsaydım... edərdim», — deyəcəksənmi? Hətta məsləhət istəyən insanın sualının cavabı asan olsa da, həmin vaxt İsa kimi təvazökarlıq göstərsən, müdrik davranmış olarsan. O, dünyada yaşayan hər bir insandan qat-qat müdrik və təcrübəli olmasına baxmayaraq, demişdi: «Mən özümdən danışmamışam, məni göndərən Ata mənə nə haqda danışmağı əmr edib» (Yəh. 12:49, 50). İsanın təlim və məsləhətləri həmişə Atasının iradəsinə uyğun idi.
Məsələn, izdiham İsanı həbs etməyə gələndə şagirdlər ondan soruşdular ki, onun uğrunda vuruşsunlar, yoxsa yox. Bu barədə Luka 22:49 ayəsində oxuyuruq. Onlardan biri qılınca əl atdı. Bu hadisələr haqda Matta 26:52—54 ayələrində də yazılıb. Lakin orada əlavə olaraq qeyd olunur ki, İsa hətta belə bir gərgin vəziyyətdə həmin şagirdi ilə Yehovanın iradəsi barədə mülahizə yürütməyə vaxt tapdı. Yaradılış 9:6 ayəsindəki prinsipdən, eləcə də 22-ci məzmurda və «Yeşaya» kitabının 53-cü fəslində yazılan peyğəmbərliklərdən İsanın xəbəri var idi, buna görə də o, bu vəziyyətdə həyatları xilas edən və Yehovaya məqbul olan müdrik rəhbərlik verə bilmişdi.
4 Teokratik kitabxanandan istifadə et
«Evindəki qulluqçulara vaxtlı-vaxtında yemək paylarını vermək üçün ağanın onların üzərində qoyduğu sadiq və ağıllı nökər görəsən, kimdir?» (MAT. 24:45).
İsa zəruri ruhani qida paylamaq işi ilə məşğul olan etibarlı nökər sinfi təyin edib. Vacib məsələ ilə əlaqədar kiməsə məsləhət və ya rəhbərlik verməzdən öncə, Müqəddəs Kitaba əsaslanan nəşrlərin köməyilə hərtərəfli araşdırma aparmağa vaxt ayırırsanmı?
«Gözətçi Qülləsi nəşrlərinin indeksi» və «Gözətçi Qülləsinin kitabxanası»a zəngin və aydın məlumatlar xəzinəsinin açarıdır. Bu açardan istifadə etməmək necə də böyük səhv olardı! Burada məsləhət axtaran insanlar üçün faydalı olacaq minlərlə mövzuların və məqalələrin siyahısı gətirilir. Başqalarına Müqəddəs Kitab prinsiplərini araşdırmağa və Allahın Kəlamı əsasında mülahizə yürütməyə kömək etməkdə nə dərəcədə məharətlisən? GPS (Yerləşmə yerini müəyyən edilməsi üzrə qlobal peyk sistemi) insana harada olduğunu müəyyən etməyə və düzgün istiqaməti seçməyə kömək etdiyi kimi, axtarış aparmaq üçün nəzərdə tutulan bu alətlərin sayəsində biz yolumuzu aydın görür və həyata aparan bu yolda necə möhkəm durmağı dəqiq bilirik.
Bir çox ağsaqqallar təbliğçiləri «İndeks»dən və «Gözətçi Qülləsinin kitabxanası»ndan istifadə edərək nəşrlərimizdə axtarışlar aparmağı öyrədirlər ki, onlar özləri Müqəddəs Kitab əsasında mülahizə yürüdə bilsinlər. Bunun sayəsində təbliğçilər nəinki cari problemlərini həll edir, həm də axtarışlar aparmaq və Yehovanın təqdim etdiyi ruhani qidaya etibar etmək vərdişini inkişaf etdirirlər. Bununla onlar «qavrayış[lar]ını daima işlətməklə onu yaxşını pisdən ayırmağa» öyrəşdirirlər (İbr. 5:14).
5 Başqalarının yerinə qərar vermə
«Hər kəs öz məsuliyyət yükünü daşıyacaq» (QALAT. 6:5).
Sonda hər bir insan hansı məsləhətə riayət etməyi özü seçməlidir. Yehova Onun prinsiplərinə riayət edib-etməyəcəyimizə dair bizə seçim azadlığı verir (Qanun. t. 30:19, 20). Elə vəziyyətlər də var ki, bir neçə Müqəddəs Kitab prinsiplərini əhatə edir və belə hallarda məsləhət axtaran insan qərarı özü verməlidir. Bizdən məsləhət istəyən insanın vəziyyətini və yaşını nəzərə alaraq, özümüzdən soruşmalıyıq: «Ümumiyyətlə, bu məsələ ilə bağlı məsləhət verməyə ixtiyarım varmı?» Yaxşı olardı ki, bəzi məsələləri yığıncaq ağsaqqalları həll etsin və əgər bizdən məsləhət istəyən kəs gənc və ya uşaqdırsa, valideynlərinə müraciət etsin.
[Haşiyə]
a Hal-hazırda «Gözətçi Qülləsinin kitabxanası» (CD-ROM) 39, «Gözətçi Qülləsi nəşrlərinin indeksi» isə 45-dən çox dildə var.
[8–ci səhifədəki şəkil/çərçivə]
Ailəvi ibadət üçün mövzular
Bu yaxınlarda sənə verilən sualların cavabını nəyə görə öyrənmə zamanı araşdırmayasan? Kömək üçün sənə yaxınlaşan insanın sualına cavab olacaq hansı məqalələri və Müqəddəs Kitab prinsiplərini tapa bilərsən? Tutalım, bacı və ya qardaş evlənmək məqsədilə kiminləsə görüşmək barədə səndən məsləhət istəyir. «İndeks» və ya «Gözətçi Qülləsinin kitabxanası»nın köməyilə bu sualla birbaşa bağlılığı olan mövzulara bax. Məsələn, «İndeks»də «Görüş» və ya «Nikah» adlı başlıqlara nəzər yetirmək olar. Sonra isə həmin insanın vəziyyətinə münasib olan mövzulara bax. Əsas başlığın altında olan «Həmçinin bax» yarımbaşlığındakı mövzulara da diqqət yetir, çünki orada səni maraqlandıran konkret vəziyyətlə bağlı daha çox məlumatın harada yerləşdiyini tapmaq olar.
[9–cu səhifədəki çərçivə]
Yehovanın təşkilatı vasitəsilə təqdim etdiyi alətlərdən istifadə edərək biz həm ən yaxşı məsləhətləri tapa, həm də verə bilərik. Vaiz 12:11 ayəsində qeyd olunur: «Hikmətlilərin sözləri çoban çubuğu kimi, topladıqları sözləri bərk vurulmuş mıxlar kimidir; o sözlər bir Çoban tərəfindən verilir». «Çoban çubuğu» heyvana istiqamət vermək üçün istifadə edildiyi kimi, məhəbbətdən irəli gələrək verilən etibarlı məsləhətlər də səmimi insanlara düzgün yolla getməyə kömək edir. «Bərk vurulmuş mıxlar» tikilini dayanıqlı edir. Buna bənzər şəkildə, yaxşı məsləhətlər yaxşı nəticə verə bilər. Müdrik insanlar «Çoban»ımız olan Yehovanın «sözləri»nə, yəni müdrik məsləhətlərinə riayət etməkdən sevinc duyurlar.
Məsləhət verməkdə Çobanımızdan nümunə götür. Biz məsləhət üçün bizə üz tutan həmimanlılarımızı məmnuniyyətlə dinləyir və imkanımız olanda onlara kömək edirik. Məsləhətlərimiz, həqiqətən də, Müqəddəs Kitab prinsiplərinə əsaslanarsa, başqalarına fayda gətirə və əbədi həyata nail olmağa onlara kömək edə bilər.