Onlar Məsihi tapdılar!
«Biz Məsihi tapmışıq» (YƏH. 1:41).
1. Andreasın Məsihi tapdıqlarını deməsinə səbəb nə idi?
VƏFTİZÇİ YƏHYA iki şagirdi ilə yan-yana dururdu. İsa yaxınlaşanda o nida etdi: «Allahın Quzusu budur!» Andreas və başqa bir şagird dərhal İsanın ardınca gedib bütün günlərini onunla keçirdilər. Bir qədər sonra Andreas qardaşı Şimon Peteri tapıb ona həyəcanla dedi: «Biz Məsihi tapmışıq», sonra da onu İsanın yanına apardı (Yəh. 1:35—41).
2. Məsih haqda peyğəmbərlikləri araşdırmağa davam etməyimiz bizə hansı faydanı gətirəcək?
2 Andreas, Peter və başqalarının Müqəddəs Yazıları dərindən araşdırmaq üçün çoxlu imkanları oldu. Əlbəttə ki, bütün bunlar nazaretli İsanın vəd olunmuş Məsih olduğuna dair imanlarını möhkəmləndirdi. Məsih barədə peyğəmbərlikləri araşdırmağa davam etdikcə Allahın Kəlamına və Onun Məsh olunmuşuna qarşı bizim də imanımız möhkəmlənəcək.
«Bax! Sənin Padşahın gəlir»
3. İsa təntənəli surətdə Yerusəlimə daxil olanda hansı peyğəmbərliklər yerinə yetdi?
3 Məsih təntənəli surətdə Yerusəlimə daxil olacaqdı. Zəkəriyyənin peyğəmbərliyində deyilmişdi: «Ey Sion qızı, böyük sevinclə coş, ey Yerusəlim qızı, hayqır! Bax padşahın sənə tərəf gəlir. O, ədalətli və xilaskardır. O, itaətkardır və bir eşşəyə — eşşəyin balası olan sıpaya minib gəlir» (Zək. 9:9). Məzmurçu yazmışdı: «[Yehovanın] ismi ilə gələnə alqış olsun!» (Məz. 118:26). Bu peyğəmbərliyin yerinə yetməsi üçün İsa camaatın hərəkətlərini idarə edə bilməzdi. Onlar öz istəkləri ilə böyük sevinclə onu ucadan salamlayanda bu peyğəmbərliyi yerinə yetirdilər. Bu hadisəni oxuyanda həmin səhnəni və insanların sevinc dolu səslərini təsəvvür etməyə çalışın. (Matta 21:4—9 ayələrini oxu.)
4. Məzmur 118:22, 23 ayələrinin necə yerinə yetdiyini izah edin.
4 İsanın Məsih olduğuna dair çoxsaylı sübutlar olsa da, çoxları onu qəbul etməyəcəkdi. Bununla belə, o, Allah üçün əziz idi. Onun barəsində qabaqcadan deyilmişdi: «[Sübutları görə-görə onlara inanmayan] adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik» (Yeşaya 53:3; Mark 9:12). Lakin Allah məzmurçunu növbəti sözləri yazmağa ilhamlandırmışdı: «Bənnaların rədd etdiyi daş guşədaşı olub. Bu, Rəbbin işi idi» (Məz. 118:22, 23). İsa bu ayələri ona düşmən kəsilən din rəhbərlərinin diqqətinə çatdırdı; Peter isə bu sözlərin Məsihin üzərində yerinə yetdiyini söylədi (Mark 12:10, 11; Həv. iş. 4:8—11). İsa məsihçi yığıncağının «təməl daşı» oldu. Allah qorxusu bilməyən insanlar tərəfindən rədd edilməsinə baxmayaraq, İsa Allahın seçilmişi idi və Onun üçün çox əziz idi (1 Pet. 2:4—6).
Onu ələ verdilər və tərk etdilər!
5, 6. Məsihin ələ verilməsi ilə əlaqədar hansı peyğəmbərlik söylənilmişdi və bu peyğəmbərlik necə yerinə yetdi?
5 Qabaqcadan deyilmişdi ki, yoldaşlarından biri Məsihi ələ verəcək. Davud peyğəmbərlik etmişdi: «Etibarlı saydığım ən yaxın dostum, çörəyimi yeyən mənə xəyanət etdi» (Məz. 41:9). Kiminləsə çörək kəsən insan onun dostu hesab olunurdu (Yar. 31:54). Buna görə də Yəhuda İskariotun hərəkəti ən böyük xainlikdir. İsa onu ələ verən şəxs haqda həvarilərinə deyəndə Davudun yazdığı növbəti peyğəmbərliyin yerinə yetdiyini göstərdi: «Hamınızı nəzərdə tutmuram, mən seçdiyim adamları tanıyıram. Lakin Müqəddəs Yazıların: “Mənimlə çörək kəsən mənə xəyanət etdi”, — sözləri beləcə yerinə yetməlidir» (Yəh. 13:18).
6 Xain Məsihi 30 gümüşə — qul qiymətinə ələ verəcəkdi! Zəkəriyyə 11:12, 13 ayələrinə əsaslanaraq Matta göstərdi ki, İsa belə bir cüzi, kiçik məbləğə ələ verildi. Bəs nəyə görə o, bu hadisə haqda «Yeremya peyğəmbər»in vasitəsilə deyildiyini yazır? Görünür, Mattanın günlərində «Zəkəriyyə» kitabının da daxil olduğu kitabların sırasında «Yeremya» kitabı birinci yerdə dururdu. (Luka 24:44 ayəsi ilə müqayisə et.) Yəhuda əyri yolla qazandığı bu pulları xərcləməyə macal tapmadı: o, pulları məbədə atdı və gedib intihar etdi (Mat. 26:14—16; 27:3—10).
7. Zəkəriyyə 13:7 ayəsi necə yerinə yetdi?
7 Məsihin şagirdləri pərən-pərən olacaqdı. Zəkəriyyə yazmışdı: «Çobanı vur, qoyunları pərən-pərən olsun» (Zək. 13:7). Eramızın 33-cü ilinin nisanın 14-ü İsa şagirdlərinə demişdi: «Bu gecə başıma gələcək hadisələrə görə hamınız məndən üz döndərəcəksiniz. Çünki yazılıb: “Çobanı vuracağam, qoyunlar pərən-pərən olacaq”». Bu, belə də oldu. Matta yazır: «Şagirdlərin hamısı onu [İsanı] qoyub qaçdılar» (Mat. 26:31, 56).
İttiham olundu və döyüldü
8. Yeşaya 53:8 ayəsi necə yerinə yetdi?
8 Məsih məhkəmə qarşısına gətirilib məhkum ediləcəkdi. (Yeşaya 53:8 ayəsini oxu.) Nisanın 14-ü, səhər çağlarında bütün Sinedrion toplaşdı və İsanın əl-qolunu bağlayıb vali Ponti Pilata təslim etdi. İsanı sorğu-suala tutduqdan sonra Pilat onun tamamilə günahsız olduğunu bildirdi. Lakin Pilat İsanı buraxmağı təklif edəndə izdiham: «Onu dirəyə mıxla!» — deyə qışqıraraq cani Barabbanı azad etməyi tələb etdi. Bu adamları razı salmaq üçün Pilat Barabbanı azadlığa buraxdı, İsanı isə qamçılayıb dirəyə mıxlamağı əmr etdi (Mark 15:1—15).
9. Məzmur 35:11 ayəsi İsanın üzərində necə yerinə yetdi?
9 Yalançı şahidlər məhkəmədə Məsihə qarşı ifadə verəcəkdilər. Məzmurçu Davud demişdi: «Amansız şahidlər qalxırlar, yalandan üzümə dururlar» (Məz. 35:11). Bu peyğəmbərlikdə yazıldığı kimi, «böyük kahinlər və bütün Sinedrion İsanı ölümə məhkum etmək üçün yalançı şahidlər axtarırdı» (Mat. 26:59). «Bir çoxları İsanın əleyhinə yalandan şəhadət verirdilər, lakin sözləri bir-biri ilə düz gəlmirdi» (Mark 14:56). Şahidlərin yalan danışması İsanı öldürmək istəyən qatı düşmənlərini heç narahat etmirdi.
10. Yeşaya 53:7 ayəsinin necə yerinə yetdiyini izah edin.
10 Məsih ittihamçıları qarşısında səssiz olacaqdı. Yeşaya peyğəmbərlik etmişdi: «Ona zülm etdilər, o iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, qırxımçıların qabağında dilsiz qoyun kimi ağzını açmadı» (Yeşaya 53:7). «Böyük kahinlər və ağsaqqallar onu ittiham edəndə İsa cavab vermirdi». Pilat ona dedi: «“Eşidirsən, sənə qarşı nələr deyirlər?” Amma İsa susur, bir kəlmə söz belə demirdi. Vali buna çox təəccübləndi» (Mat. 27:12—14). İsa ittihamçılarını təhqir etmirdi (Rom. 12:17—21; 1 Pet. 2:23).
11. Yeşaya 50:6 və Mikeya 5:1 ayələri necə yerinə yetdi?
11 Yeşaya peyğəmbərlik etmişdi ki, Məsihi döyəcəklər. Biz oxuyuruq: «Məni döyənlər üçün belimi açdım, üzümü saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim» (Yeşaya 50:6). Mikeya peyğəmbər yazmışdı: «İsrail hökmdarının üzünə dəyənəklə vuracaqlar» (Mik. 5:1). Mark bu peyğəmbərliyin yerinə yetdiyini təsdiqləyir: «Bəziləri İsaya tüpürdülər, onun üzünü örtüb yumruqlamağa başladılar. Onlar deyirdilər: “Peyğəmbərsənsə, sübut et! De görək səni kim vurdu?” Məhkəmə icraçıları İsanı sillələyib apardılar». Mark həmçinin yazır ki, əsgərlər «qamış çubuqla onun başına döyəcləyir, üzünə tüpürür, [istehza ilə] qarşısında diz çöküb təzim edirdilər» (Mark 14:65; 15:19). Əlbəttə ki, İsa bu cür rəftara layiq deyildi.
Son nəfəsinədək sadiq
12. Məzmur 22:16 və Yeşaya 53:12 ayələri İsanın üzərində necə yerinə yetdi?
12 Məsihin edam edilməsinin təfsilatları haqda qabaqcadan xəbər verilmişdi. Məzmurçu Davud demişdi: «Şər insanlar dəstəsi məni dövrəyə aldı,.. yan-yörəmi bürüdülər, ayaqlarımı, əllərimi deşdilər» (Məz. 22:16). Markın Müjdəsində Müqəddəs Kitabı oxuyanlara yaxşı tanış olan bir hadisə barədə deyilir: «Onu səhər saat doqquzda dirəyə mıxladılar» (Mark 15:25). Məsihin qanunsuzlara tay tutulacağı da qabaqcadan deyilmişdi. Yeşaya yazmışdı: «O, canını fəda etdi, üsyankarlara tay tutuldu» (Yeşaya 53:12). «İsa ilə bərabər iki qulduru da dirəyə mıxlamışdılar, biri onun sağında, o birisi də solunda idi» (Mat. 27:38).
13. Məzmur 22:7, 8 ayələri İsanın üzərində necə yerinə yetdi?
13 Davud Məsihin təhqirlərə məruz qalacağını söyləmişdi. (Məzmur 22:7, 8 ayələrini oxu.) İsa işgəncə dirəyində əzab çəkərkən təhqirlərə məruz qaldı. Matta yazır: «Oradan keçənlər başlarını bulaya-bulaya onu söyür və deyirdilər: “Məbədi dağıdıb üç günə tikənə bax! Özünü niyə xilas etmirsən? Əgər Allahın oğlusansa, işgəncə dirəyindən düş!”». Böyük kahinlər, mirzələr və ağsaqqallar da onu ələ salırdılar: «Başqalarını xilas edirdi, özünü isə xilas edə bilmir! Əgər o, İsrailin Padşahıdırsa, qoy işgəncə dirəyindən düşsün, onda biz ona inanarıq! Bəs nə oldu, Allaha güvənirdi?! “Mən Allahın Oğluyam”, — deyirdi» (Mat. 27:39—43). Lakin İsa bütün bunlara ləyaqətlə tab gətirdi. Bu, bizim üçün necə də gözəl nümunədir!
14, 15. Məsihin paltarı üçün püşk atılacağı və ona sirkə veriləcəyi hansı ayələrdə yazılmışdı?
14 Məsihin paltarı üçün püşk atılacaqdı. Məzmurçu yazırdı: «Aralarında paltarlarımı bölüşdürürlər, geyimim üçün püşk atırlar» (Məz. 22:18). Bu sözlər yerinə yetdi: Roma əsgərləri İsanı «dirəyə mıxladılar və püşk atıb əbasını aralarında böldülər». (Mat. 27:35; Yəhya 19:23, 24 ayələrini oxu.)
15 Məsihə sirkə və öd veriləcəkdi. Məzmurçu demişdi: «Mənə yemək əvəzinə öd verdilər, susayanda sirkə içirtdilər» (Məz. 69:21). Matta yazır: «İsaya içinə acı bir şey qatılmış şərab verdilər, amma İsa onun dadına baxıb içmədi. Onlardan biri qaçıb bir süngər götürdü, onu sirkəyə batırıb bir qamışın ucuna taxdı və içmək üçün ona uzatdı» (Mat. 27:34, 48).
16. Məzmur 22:1 ayəsindəki peyğəmbərliyin necə yerinə yetdiyini izah edin.
16 Bəziləri Allahın Məsihi tərk etdiyini düşünəcəkdilər. (Məzmur 22:1 ayəsini oxu.) Peyğəmbərliyə müvafiq olaraq, «saat üçdə İsa ucadan: “Eli, Eli, lama sabaxtani?” — yəni “Allahım, Allahım, niyə məni tərk etdin?” — dedi» (Mark 15:34). İsanın səmavi Atasına olan imanı sarsılmadı. Allah Məsih İsadan müdafiəsini çəkərək onu düşmənlərinə təslim etdi ki, nöqsansızlığı axıradək sınansın. İsa ölümqabağı həmin sözləri ucadan deməklə Məzmur 22:1 ayəsindəki peyğəmbərliyi yerinə yetirdi.
17. Zəkəriyyə 12:10 və Məzmur 34:20 ayələri necə yerinə yetdi?
17 Məsihin bədəni deşiləcəkdi, lakin onun sümüklərini qırmayacaqdılar. Yerusəlim sakinləri «bədənini deşdikləri şəxsə» baxacaqdılar (Zək. 12:10). Məzmur 34:20 ayəsində isə deyilir: «Rəbb onların [«onun», YD] hər bir sümüyünü qoruyur, heç biri zədələnməz». Bu sözləri təsdiqləyərək həvari Yəhya yazır: «Əsgərlərdən biri nizə ilə onun [İsanın] böyrünü deşdi və böyründən qan ilə su axdı. Bunları öz gözü ilə görən [Yəhya] şəhadət edir və onun şəhadəti doğrudur... Bunlar Müqəddəs Yazılardakı: “Onun bir sümüyü belə sınmayacaq”, — sözləri yerinə yetsin deyə baş verdi. Müqəddəs Yazıların başqa yerində isə yazılıb: “Onlar bədənini deşdikləri adama baxacaqlar”» (Yəh. 19:33—37).
18. Necə oldu ki, İsa varlı adamın «yanında» dəfn olundu?
18 Məsih varlı adamın «yanında» dəfn olunacaqdı. (Yeşaya 53:5, 8, 9 ayələrini oxu.) Nisanın 14-ü, «axşam düşəndə arimateyalı Yusif adında bir varlı adam» Pilatdan İsanın cəsədini istədi və onun xahişi yerinə yetirildi. Matta əlavə edir: «Yusif İsanın cəsədini götürüb onu təmiz, zərif kətana bürüdü və qayada oyulmuş təzə sərdabəsinə qoydu. Yusif sərdabənin ağzına yekə bir daş diyirlədi və çıxıb getdi» (Mat. 27:57—60).
Məsih və Padşah olan İsanı alqışlayın!
19. Məzmur 16:10 ayəsindəki peyğəmbərliyə əsasən, nə baş verdi?
19 Məsih diriləcəkdi. Davud yazır: «[Yehova,] məni ölülər diyarına atmazsan» (Məz. 16:10). Qadınlar İsanın cəsədinin qoyulduğu məzara gələndə onların necə təəccübləndiklərini təsəvvür etməyə çalışın. Onlar insan simasında bir mələklə üz-üzə gəldilər. Mələk onlara dedi: «Təəccüblənməyin. Bilirəm, siz edam edilmiş nazaretli İsanı axtarırsınız. O, burada yoxdur. O dirilib. Buyurun, onun qoyulduğu yerə baxın» (Mark 16:6). Həvari Peter eramızın 33-cü ilində Əllinci gün bayramına görə Yerusəlimə gələn camaata müraciət edərək demişdi: «[Davud] Məsihin diriləcəyini, Məzarda qalmayacağını və bədəninin çürüməyəcəyini qabaqcadan bilib xəbər vermişdi» (Həv. iş. 2:29—31). Allah yol vermədi ki, sevimli Oğlunun bədəni çürüsün. Üstəlik, İsa möcüzəli şəkildə dirildilərək ruhani aləmə qayıtdı (1 Pet. 3:18).
20. Məsihin hökmranlığı barədə Müqəddəs Kitabda hansı peyğəmbərlik yazılıb?
20 Qabaqcadan deyildiyi kimi, Allah İsanın Onun Oğlu olduğunu bəyan etdi. (Məzmur 2:7; Matta 3:17 ayələrini oxu.) İsa Yerusəlimə daxil olarkən izdiham onu və onun gələcək Padşahlığını ürəkdən alqışlayırdı. Biz də bu gün böyük sevinclə onun və Padşahlığının gətirəcəyi xeyir-dualar barədə danışırıq (Mark 11:7—10). Məsih tezliklə bütün düşmənlərini məhv edəcək, çünki o, Müqəddəs Kitabda yazıldığı kimi, «həqiqət, itaətkarlıq və salehlik naminə döyüş arabasına» qalxıb (Məz. 2:8, 9; 45:1—6). Onun Padşahlığı bütün yer üzünü idarə edəndə sülh və əmin-amanlıq hökm sürəcək (Məz. 72:1, 3, 12, 16; Yeşaya 9:6, 7). Yehovanın sevimli Oğlu İsa Məsih artıq göylərdə padşahlıq edir. Yehovanın Şahidi olmaq və bu həqiqətləri bəyan etmək necə də böyük şərəfdir!
Necə cavab verərdiniz?
• İsanı necə ələ verdilər və onu kimlər tərk etdi?
• İsa Məsihin edam edilməsi ilə əlaqədar hansı təfsilatlar barədə qabaqcadan söylənilmişdi?
• İsanın vəd olunmuş Məsih olduğuna səni əmin edən nədir?
[13 səhifədəki şəkil]
İsanın təntənəli şəkildə Yerusəlimə daxil olması ilə hansı peyğəmbərliklər yerinə yetdi?
[15 səhifədəki şəkil]
İsa bizim günahlarımızdan ötrü öldü, lakin indi göydə padşahlıq edir