Yehovanın Kəlamı canlıdır
«Yezekel» kitabından diqqətəlayiq fikirlər — I hissə
ERAMIZDAN əvvəl 613-cü ildir. Yeremya Yəhudada peyğəmbərlik edərək, Yerusəlimin tezliklə darmadağın ediləcəyini, ölkənin viranə qalacağını cəsarətlə bəyan edir. Babil padşahı Navuxodonosor artıq bir çox yəhudiləri sürgün edib. Babil sarayında xidmət edən gənc Daniel və üç dostu da onların arasında idi. Yəhudi əsirlərin əksəriyyəti «Xaldey ölkəsində» Kevar çayı sahilində yaşayır (Yezekel 1:1-3). Yehova onları elçisiz qoymur, 30 yaşlı Yezekeli peyğəmbər tə’yin edir.
Eramızdan əvvəl 591-ci ildə tamamlanmış bu kitab 22 illik dövrü əhatə edir. Yezekel hadisələri dəqiqliklə qələmə alır. O, söylədiyi peyğəmbərliklərin nəinki ilini, hətta ayını və gününü də göstərir. Yezekel əvvəlcə Yerusəlimin süquta uğrayacağı və darmadağın ediləcəyi barədə xəbər verir. Sonra ətraf xalqlara qarşı hökmləri, sonda isə həqiqi ibadətin bərpa olunacağını bəyan edir. Bu məqalədə Yerusəlimin başına gələcək hadisələrə dair vəhylər, peyğəmbərliklər və peyğəmbərliklərin səhnələşdirilməsi daxil olan Yezekel 1:1–24:27 ayələrindən diqqətəlayiq fikirlər araşdırılacaq.
«SƏNİ... GÖZƏTÇİ QOYDUM»
Yehovanın taxtına dair ehtiram doğuran vəhy aldıqdan sonra Yezekelə tapşırıq verilir. Yehova ona deyir: «Səni İsrail nəslinə gözətçi qoydum. Sən sözü ağzımdan eşidəndə Mənim adımdan onlara xəbərdarlıq et» (Yezekel 3:17). Yezekelə Yerusəlimin mühasirəsini və onun acı nəticəsini səhnələşdirmək əmr edilir. Yehova Yezekel vasitəsilə Yəhuda torpağı haqqında deyir: «Baxın Mən üstünüzə qılınc gətirəcəyəm və səcdəgahlarınızı məhv edəcəyəm» (Yezekel 6:3). Ölkənin sakinlərinə isə deyir: «Qiyamət günün çatdı» (Yezekel 7:7).
B. e. ə. 612-ci ildə Yezekel görüntüdə Yerusəlimə gətirilir. Allahın mə’bədində necə də mənfur işlər görülür! Yehova ‘altı nəfərlə’ təmsil olunan səmavi ordusunu dönüklərin üzərinə qəzəbini tökmək üçün göndərəndə yalnız ‘alnına işarə qoyulmuş’ adamlar xilas olacaqlar (Yezekel 9:2-6). Əvvəlcə isə «odlu köz», yə’ni Allahın viranəlik haqqında qəzəb dolu xəbəri şəhərin üzərinə səpələnməlidir (Yezekel 10:2). Yehova allahsız insanların ‘əməllərinin əvəzini başlarına gətirəcək’, bununla belə O, səpələnmiş israilliləri yenidən bir yerə yığmağı və’d edir (Yezekel 11:17-21).
Allahın ruhu Yezekeli yenidən Xaldey ölkəsinə qaytarır. O, Sidqiya padşahın və xalqın Yerusəlimdən qaçmasını səhnələşdirir. Yalançı peyğəmbərlər ifşa olunur. Yehova bütpərəstləri rədd edir. Yəhuda heç bir dəyəri olmayan üzüm tənəyinə bənzədilir. Qartal və üzüm tənəyi tapmacası Yerusəlimin yardım üçün Misirə üz tutmasının acı nəticələrini göstərir. Tapmaca Yehovanın ‘zərif budağı hündür dağın zirvəsində əkəcəyi’ və’di ilə bitir (Yezekel 17:22). Yəhudada isə bundan sonra «padşah əsası» olmayacaq (Yezekel 19:14).
Müqəddəs Kitab suallarına cavablar:
1:4-28 — Səmavi araba nəyi təmsil edir? Araba Yehovanın təşkilatının sadiq ruhani varlıqlardan ibarət səmavi hissəsini təmsil edir. O, Yehovanın müqəddəs ruhundan güc alır. Arabanı sürən Yehovanı təmsil edir, Onun əzəməti təsvirolunmazdır. Ondakı sülh və sakitlik heyranedici göy qurşağı ilə təsvir olunur.
1:5-11 — Dörd canlı məxluq kimdir? Yezekel görüntüdə ikinci dəfə arabanı görəndə, dörd canlı məxluqun keruvlar olduğunu deyir (Yezekel 10:1-11; 11:22). Həmin görüntüdə o, öküz üzünü «keruv üzü» adlandırır (Yezekel 10:14). Bu çox müvafiqdir, çünki öküz güc-qüvvət rəmzidir, keruvlar isə qüdrətli ruhani varlıqlardır.
2:6 — Nə üçün Yezekelə dönə-dönə «bəşər oğlu» deyə müraciət edilir? Yehova Yezekelə belə müraciət etməklə, onun ətdən və qandan ibarət olduğunu xatırlatdı, beləliklə də, insanlardan seçdiyi elçi ilə xəbəri göndərən Özü arasındakı böyük fərqi vurğulayır. İsa Məsih də Müjdələrdə təxminən 80 dəfə «İnsan oğlu» adlanır ki, buradan da Allahın Oğlunun insan görkəmini alan ruhani şəxsiyyət olduğu deyil, insan kimi doğulduğu açıq-aydın görünür.
2:9–3:3 — Nə üçün «mərsiyə, matəm» sözləri yazılmış tumarlar Yezekel üçün şirin dadırdı? Yezekel üçün tumarları şirin edən onun öz tapşırığına münasibəti idi. Yezekel Yehovaya peyğəmbər kimi xidmət etdiyinə görə minnətdar idi.
4:1-17 — Yezekel doğrudanmı Yerusəlimin yaxınlaşan mühasirəsini canlandıran səhnəcik göstərmişdi? Yezekelin yemək bişirmək üçün yanacağa dair xahişi və Yehovanın bu xahişə müsbət cavab verməsi göstərir ki, peyğəmbər doğrudan da səhnəcik göstərmişdi. Yezekel sol tərəfi üstünə onqəbiləli padşahlığın 390 illik — şimal padşahlığının b. e. ə. 997-ci ildə əsası qoyulandan Yerusəlimin b. e. ə. 607-ci ildə məhv edilməsinədək olan günahları üçün uzandı. Sağ tərəfi üstünə isə Yəhudanın 40 illik günahları üçün uzanmışdı, bu dövr Yeremyanın eramızdan əvvəl 647-ci ildən 607-ci ilədək peyğəmbərlik etdiyi müddəti əhatə edir. 430 gün ərzində Yezekel su və çörəklə yarıac-yarıtox dolanaraq göstərdi ki, Yerusəlimin mühasirəsi zamanı aclıq olacaq.
5:1-3 — Yezekelin tüklərin bir hissəsini küləyə sovurması, bir azını da paltarının ətəyinə bağlaması hansı mə’nanı daşıyır? Bununla o göstərdi ki, 70 ildən sonra yəhudilərdən bə’ziləri Yəhudaya qayıdacaq və həqiqi ibadəti bərpa edəcəkdir (Yezekel 11:17-20).
17:1-24 — İki böyük qartal kimi təmsil edir, sidr ağacının körpə budaqları necə qoparılır və Yehovanın əkdiyi ‘zərif budaq’ kimə işarə edir? İki qartal Babil və Misir padşahlarıdır. Birinci qartal Davudun nəslindən olan hökmdarı təmsil edən sidr ağacının başına qonur. Bu qartal Yəhudanın padşahı Yehoyakinin əvəzinə Sidqiyanı taxta çıxararaq ağacın körpə budaqlarının başını qoparır. Sadiq qalacağına and içsə də, Sidqiya başqa qartaldan, Misir padşahından yardım diləyir, lakin bu, uğursuzluqla nəticələnir. O, əsir ediləcək və Babildə öləcək. Yehova həm də ‘zərif budağı’, Xilaskar Padşahı qoparıb, «hündür, dik bir dağın zirvəsində», yə’ni səmavi Sion dağında əkir. Burada o, ‘möhtəşəm sidr ağacı’, yer üçün xeyir-dua mənbəyi olacaq (Vəhy 14:1).
Bizim üçün ibrət dərsləri:
2:6-8; 3:8, 9, 18-21. Biz Allahsız insanların qarşısında vahiməyə düşməməli, özünə xəbərdarlıqları da daxil edən Allahın xəbərlərini e’lan etməkdən çəkinməməliyik. Laqeydlik və müqavimətlə üzləşəndə almaz kimi möhkəm olmalıyıq. Bununla belə, özümüzü gözləməliyik ki, daşürəkli, laqeyd və kobud olmayaq. İsanın təbliğ etdiyi adamlara ürəyi yanırdı, biz də insanlara mərhəmətdən irəli gələrək təbliğ etməliyik (Matta 9:36).
3:15. Tapşırıq alandan sonra Yezekel Tel-Avivə gəlib orada qaldı, e’lan etməli olduğu xəbəri mənimsəyərək ‘yeddi gün çaşqınlıq içində yaşadı’. Biz də dərin ruhani həqiqətləri başa düşmək üçün sə’ylə öyrənməyə və düşünməyə vaxt ayırmalı deyilikmi?
4:1–5:4. Yezekeldən iki səhnəciyi göstərmək üçün həlimlik və cəsarət tələb olunurdu. Biz də Allahın hər hansı tapşırığını yerinə yetirərkən həlim, eyni zamanda cəsarətli olmalıyıq.
7:4, 9; 8:18; 9:5, 10. Allahın hökmünə düçar olan insanlar üçün heyfsilənmək və ya onlara acımaq lazım deyil.
7:19. Yehova bu sistemin üzərində hökmünü icra edəndə pulun heç bir dəyəri olmayacaq.
8:5-18. Dönüklük insanı ruhani cəhətdən öldürür. «Allahsızın dili qonşusunu məhv edər» (Süleymanın məsəlləri 11:9). Biz hətta dönüklərə qulaq asmaq fikrini belə içimizdə boğmalıyıq.
9:3-6. İşarələnmək, yə’ni Allaha həsr olunaraq vəftiz olunmaq və məsihçi xüsusiyyətlərinə yiyələnmək ‘böyük məşəqqətdən’ sağ çıxmaq üçün vacibdir (Matta 24:21). Belində yazı qutusu olan adamla təmsil olunan məsh edilmişlər insanları işarələmək — Padşahlığın təbliği və şagird hazırlamaq işinə başçılıq edirlər. Əgər biz işarəmizin silinməsini istəmiriksə, bu işdə onlara sə’ylə kömək etməliyik.
12:26-28. Hətta çatdırdığı xəbəri gülüb ələ salan insanlara belə Yezekel deməli idi ki, Yehova ‘heç bir sözünü tə’xirə salmayacaq’. Nə qədər ki, bu sistemin sonu gəlməyib, insanlara Yehovaya bel bağlamağa kömək etmək üçün əlimizdən gələni etməliyik.
14:12-23. Xilası əldə etmək bizim öz məs’uliyyətimizdir. Bunu bizim əvəzimizə heç kim edə bilməz (Romalılara 14:12).
18:1-29. Biz hərəkətlərimizin nəticələrinə görə cavabdehik.
«VİRAN, VİRAN, VİRAN QOYACAĞAM ŞƏHƏRİ!»
Eramızdan əvvəl 611-ci il, sürgünün yeddinci ilində İsrail ağsaqqalları «Rəbdən soruşmaq üçün» Yezekelin yanına gəlirlər. Onlar İsrailin üsyan qaldırmasının uzun tarixini və Yehovanın onlara qarşı ‘qılıncını qınından çıxaracağı’ haqda xəbərdarlığı dinləyirlər (Yezekel 20:1; 21:3). Yehova İsrailin rəhbəri Sidqiyaya belə deyir: «Çalmanı və tacı götür. Daha bu belə olmayacaq. Alçalanı yüksəlt, yüksələni alçalt. Viran, viran, viran qoyacağam şəhəri! Haqq sahibi [İsa Məsih] gələnə qədər bərpa olunmayacaq. Mən şəhəri ona verəcəyəm» (Yezekel 21:26, 27).
Yerusəlim günahlarına görə ittiham olunur. Ohola (İsrail) və Oholibanın (Yəhudanın) günahları ifşa olunur. Ohola artıq ‘aludə olduğu oynaşlarına Aşşur övladlarına təslim edilib’ (Yezekel 23:9). Oholibanın viranəliyi yaxındır. Eramızdan əvvəl 609-cu ildə Yerusəlimin 18 aylıq mühasirəsi başlayır. Şəhərin alınması yəhudiləri elə sarsıdacaq ki, onlar heç kədərlərini belə ifadə edə bilməyəcəklər. Yezekel ‘qaçıb qurtulan bir nəfərdən’ şəhərin dağıdılması xəbərini almayınca sürgündə olanlara Allahın xəbərini çatdırmamalıdır (Yezekel 24:26, 27).
Müqəddəs Kitab suallarına cavablar:
21:3 — Yehovanın qınından çıxardığı ‘qılınc’ nədir? Yehovanın Yerusəlim və Yəhuda üzərində hökmlərini icra etmək üçün istifadə etdiyi ‘qılınc’ Babil padşahı Navuxodonosor və onun ordusudur. Bu həm də Allahın təşkilatının qüdrətli ruhani varlıqlardan ibarət olan səmavi hissəsi ola bilər.
24:6-14 — Qazanın pası nəyi təmsil edir? Mühasirədə olan Yerusəlim qazana bənzədilir. Qazanın pası isə şəhərin əxlaqi murdarlığını — natəmizliyi, pozğunluğu və orada törədilən qırğınları bildirir. Onun natəmizliyi o qədərdir ki, odun közləri üstünə boş qazanı qoyub qızdıranda da pası təmizlənmir.
Bizim üçün ibrət dərsləri:
20:1, 49. İsrailin ağsaqqallarının Yezekelə cavabından aydın olur ki, onlar peyğəmbərin dediklərinə şübhə edirdilər. Gəlin heç vaxt Allahın xəbərdarlıqlarına qarşı ürəyimizdə şübhə yaranmasına yol verməyək.
21:18-22. Baxmayaraq ki, Navuxodonosor fala baxdı, bütpərəst padşahın Yerusəlimə hücum etməsinə Yehova yol verdi. Buradan görürük ki, hətta cinlər də Yehovanın hökmlərinin həyata keçməsinin qarşısını ala bilməz.
22:6-16. Böhtan, pozğunluq, gücdən sui-istifadə edilməsi və rüşvət Yehovada ikrah doğurur. Belə günahlardan uzaq durmaqda əzmli olmalıyıq.
23:5-49. İsrail və Yəhudanın başqa dövlətlərlə siyasi əlaqələrə girməsi müttəfiqlərindən yalan ibadəti qəbul etməsi ilə nəticələndi. Gəlin imanımızı sarsıda biləcək dünya ilə dostluqdan özümüzü gözləyək (Yaqub 4:4).
Canlı və tə’sirli xəbər
«Yezekel» kitabının ilk 24 fəslindən necə də faydalı dərslər alırıq! Buradakı prinsiplər nəyin Allahın narazılığına səbəb olduğunu, Onun lütfünü qazanmağın yolunu və pisləri nə üçün xəbərdar etməli olduğumuzu göstərir. Yerusəlimin darmadağın ediləcəyinə dair peyğəmbərlik Yehovanı ‘təzə işləri yetişməmişdən xalqına bəyan edən’ Allah kimi təsvir edir (Yeşaya 42:9).
Yezekel 17:22-24 və 21:26, 27 ayələrində yazılan peyğəmbərliklər Xilaskar Padşahlığın göylərdə qurulmasına işarə edir. Tezliklə bu hakimiyyətin sayəsində Allahın iradəsi yerdə də yerinə yetiriləcək (Matta 6:9, 10). Padşahlığın gətirəcəyi xeyir-duaları inam və əminliklə gözləyə bilərik. Bəli, ‘Allahın kəlamı canlı və tə’sirlidir’ (İbranilərə 4:12).
[18-ci səhifədəki şəkil]
Səmavi araba nəyi təmsil edir?
[20-ci səhifədəki şəkil]
Təbliğ işində sə’ylə iştirak etməklə ‘işarəmizi’ qoruya bilərik.