FƏSİL 4
İsa Məsih Allah haqqındakı biliyin açarıdır
EVİNİZİN qapısı ağzında durub, qapını açarla açmağa çalışırsınız. Hava soyuq və qaranlıq olduğundan tezcə evə daxil olmaq istəyirsiniz, lakin qapını heç cür aça bilmirsiniz. Düzgün açarı götürdüyünüzü düşünürsünüz, ancaq qıfıl açılmaq bilmir. Olduqca xoşagəlməz haldır! Açara yenidən nəzər salırsınız. Lazımi açarımı götürmüsünüz? Bəlkə onu kimsə korlayıb?
2 Bu nümunə, dünya dinlərində Allah haqqındakı biliyə dair mövcud olan dolaşıqlığı yaxşı təsvir edir. Əslində çoxları İsa Məsihin rolunu təhrif etməklə bu biliyi açan açarı korlamışlar. Bə’zi dinlər İsa Məsihi tamamilə inkar edərək, bu açarı ümumiyyətlə atmışlar. Başqaları isə İsaya bir Qadir Allah kimi ibadət edərək onun rolunu təhrif etmişlər. Hər necə olsa da, əgər biz İsa Məsihin rolunun vacibliyini ayırd etməsək, Allah haqqında bilik bizim üçün bağlı qalacaqdır.
3 İsanın dediyi sözlər, bəlkə də, yadınızdadır: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar” (Yəhya 17:3). İsa bu sözləri deməklə özünü öymürdü. Müqəddəs Kitab Məsih haqqında dəqiq biliyin vacibliyini dönə-dönə vurğulayır (2 Peter 1:8; 2:20; Efeslilərə 4:13; Koloslulara 2:2). “Bütün peyğəmbərlər Ona [İsa Məsihə] şahidlik edirlər” deyə, həvari Peter qeyd etmişdi (Həvarilərin işləri 10:43). Həvari Pavel isə yazmışdı: “Hikmətin və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir” (Koloslulara 2:3, İ–93). Bundan əlavə, Pavel demişdir ki, Yehova bütün niyyətlərini İsanın vasitəsilə həyata keçirəcəkdir (2 Korinflilərə 1:20). Beləliklə, İsa Məsih — Allah haqqındakı biliyin açarıdır. İsa haqqında biliyimiz nə onun şəxsiyyətinə, nə də Allahın niyyətlərində oynadığı rola dair heç cür təhrif olunmamalıdır. Bəs nəyə görə İsanın davamçıları Allahın niyyətlərində əsas rolu ona aid edirlər?
VƏ’D EDİLMİŞ MƏSİH
4 Habilin günlərindən bəri Allahın sadiq xidmətçiləri səbirsizliklə Yehovanın əvvəlcədən haqqında dediyi Zürriyyəti gözləyirdilər (Təkvin 3:15; 4:1-8; İbranilərə 11:4). Allah bildirmişdir ki, Zürriyyət Onun niyyətində Məsih, yə’ni “Məsh edilmiş” rolunu yerinə yetirəcəkdir. Məsih ‘günahı bitirəcəkdir’, “Məzmur” kitabında isə onun Padşahlığının əzəməti haqqında əvvəlcədən deyilmişdir (Daniel 9:24-26; Məzmur 72:1-20). Bəs həmin Məsih kim oldu?
5 Nazaretli İsanın sözlərini dinləyərkən Andrey adlı gənc yəhudinin keçirdiyi hissləri təsəvvür edin. Andrey qardaşı Şimon Peterin yanına qaçıb dedi: “Biz Məsihi tapdıq” (Yəhya 1:41). İsanın şagirdləri Onun və’d edilmiş Məsih olduğuna əmin idilər (Matta 16:16). Məsihin həqiqi davamçıları İsanın məhz əvvəlcədən deyilən Məsih olduğuna inandıqları üçün həyatlarından belə keçməyə hazır idilər. Bu cür əminlik üçün onların hansı əsasları vardı? Gəlin İsanın Məsih olduğuna dair üç əsas sübutu nəzərdən keçirək.
İSANIN MƏSİH OLDUĞUNA DAİR SÜBUTLAR
6 İsanın nəsil şəcərəsi — onun Məsih olduğuna ilk sübutdur. Yehova, xidmətçisi İbrahimə və’d edilmiş Zürriyyətin onun ailəsindən gələcəyini demişdir. Eyni və’di İbrahimin oğlu İshaq, İshaqın oğlu Yaqub və Yaqubun oğlu Yəhuda da almışdır (Təkvin 22:18; 26:2-5; 28:12-15; 49:10). Əsrlər keçdikdən sonra Məsihin nəsil xətti Davud padşaha gəlib çıxdı; gözlənilən Zürriyyətin onun nəslindən çıxacağı və’dini Davud da almışdır (Məzmur 132:11; İşaya 11:1, 10). Matta və Lukanın yazdığı Müjdələr İsanın məhz həmin nəsildən gəldiyini təsdiqləyir (Matta 1:1-16; Luka 3:23-38). İsanın çoxlu düşmənləri olsa da, onlardan heç kəs onun geniş tanınmış nəsil şəcərəsinin doğruluğuna dair mübahisə etmirdi (Matta 21:9, 15). Onun nəsil şəcərəsinə dair heç bir şübhə olmadığı aydındır. Lakin b. e. 70-ci ilində, romalılar Yerusəlimi zəbt edən zaman, özünə yəhudilərin nəsil şəcərəsini daxil edən tumarlar məhv edilmişdi. O vaxtdan e’tibarən heç kim özünün Məsih olduğunu sübut edə bilmir.
7 Yerinə yetən peyğəmbərliklər ikinci sübutdur. İbranicə Müqəddəs Yazılarda olan çoxsaylı peyğəmbərliklər Məsihin həyatının müxtəlif sahələrini işıqlandırır. B. e. ə. VIII əsrdə Mika peyğəmbər bu böyük rəhbərin kiçik Beytlehem şəhərində anadan olacağını əvvəlcədən demişdir. İsraildə iki Beytlehem vardı, buna görə də peyğəmbərlik onlardan konkret olaraq birini göstərirdi. Bu, Davud padşahın anadan olduğu Beytlehem Efrat idi (Mika 5:2). İsanın valideynləri Yusif və Məryəm, Beytlehemdən təxminən 150 kilometr şimalda yerləşən Nazaretdə yaşayırdılar. Məryəm hamilə ikən, Roma imperatoru Qeysər Avqust əhaliyə doğulduqları şəhərlərdə qeydiyyatdan keçmələrini əmr edira. Bu səbəbdən Yusif hamilə arvadı ilə bərabər Beytlehemə yola düşür; İsa orada doğulur (Luka 2:1-7).
8 B. e. ə. VI əsrdə Daniel peyğəmbər əvvəlcədən xəbər vermişdi ki, “Məsh olunan hökmdar”, Yerusəlimin bərpa olunması haqqında əmr çıxdıqdan 69 “həftə” sonra gələcəkdir (Daniel 9:24, 25). Bu “həftənin” hər biri yeddi ilə bərabər idib. Müqəddəs Kitab və ümumdünya tarixinə əsasən, Yerusəlimin bərpası haqqında əmr b. e. ə. 455-ci ildə çıxmışdır (Nehemya 2:1-8). Beləliklə, Məsih b. e. ə. 455-ci ildən 483 il (69x7) keçdikdən sonra gəlməli idi. Bu bizi b. e. 29-cu ilinə, Yehovanın İsanı müqəddəs ruhla məsh etdiyi dövrə gətirib çıxarır. Beləliklə, İsa — “Məsih” (mə’nası “Məsh edilmiş” deməkdir) oldu (Luka 3:15, 16, 21, 22).
9 Əlbəttə, İsanın və’d edilmiş Məsih olduğunu hamı qəbul etmədi, bu isə, İbranicə Müqəddəs Yazılarda əvvəlcədən deyilmişdir. Allahdan ilham alaraq Davud padşah Məzmur 2:2 ayəsində qabaqcadan demişdir: “Dünyanın padşahları qalxır və hökmdarlar Rəbbə qarşı və məsihinə qarşı bir-biri ilə müşavirə edirlər”. Bu peyğəmbərlik birdən artıq ölkənin rəhbərlərinin Yehovanın Məsh edilmişinə, yə’ni Zürriyyətinə qarşı hücum etmək üçün birləşəcəyini göstərirdi. Elə də oldu. Yəhudi din rəhbərləri, Hirod padşah və Roma hökmdarı Ponti Pilat bu və ya digər tərzdə İsanın öldürülməsinə qol qoydular. Hətta əvvəllər bir-birinə qatı düşmən olan Hirod və Pilat da həmin vaxtlar birdən-birə yaxın dost oldular (Matta 27:1, 2; Luka 23:10-12; Həvarilərin işləri 4:25-28). İsanın Məsih olduğuna dair daha çox sübutlar əldə etmək üçün, “Məsihlə bağlı yerinə yetən bə’zi mühüm peyğəmbərliklər” cədvəlinə baxın.
10 Yehova Allahın şahidliyi — İsanın Məsih olduğunu təsdiq edən üçüncü sübutdur. Yehova mələkləri göndərdi ki, İsanın və’d edilmiş Məsih olduğunu insanlara bildirsinlər (Luka 2:10-14). Bundan əlavə, İsa yer üzündə yaşayan zaman Yehova ona olan iltifatını bildirərək şəxsən göydən danışdı (Matta 3:16, 17; 17:1-5). Yehova İsaya mö’cüzələr yaratmaq qüvvəsi vermişdi. Bu mö’cüzələrdən hər biri İsanın Məsih olduğuna dair Allahdan gələn sübut idi, çünki Allah heç zaman fırıldaqçılara mö’cüzələr yaratmaq qüvvəsi verməmişdir. Yehova İncilin yazılmasına ilham vermək üçün də müqəddəs ruhdan istifadə etmişdir. Beləliklə, İsanın Məsih olduğuna dair sübutlar Müqəddəs Kitabın bir hissəsi oldu və bu kitab tarixdə ən geniş yayılmış və ən çox dillərə tərcümə olunmuşdur (Yəhya 4:25, 26).
11 Bu əsas sübutlar İsanın və’d edilmiş Məsih olduğunu təsdiq edən yüzlərlə faktı özünə daxil edir. Aydın olur ki, məsihçilərin İsanı ‘bütün peyğəmbərlərin Ona şahidlik etdiyini’ hesab etməyə hər zaman tam əsasları olub. Bəli, məsihçilər İsanı Allah haqqındakı biliyin açarı kimi görürlər (Həvarilərin işləri 10:43). Lakin İsanın Məsih olduğunu təsdiq edən faktlardan savayı, onun haqqında daha çox şey öyrənmək olar. Məsələn, onun mənşəyi və şəxsiyyəti haqqında nə demək olar?
İSANIN İNSAN OLMAZDAN ƏVVƏLKİ MÖVCUDLUĞU
12 İsanın həyatını üç dövrə ayırmaq olar. Birinci dövr onun yer üzündə doğulmasından çox-çox əvvəl başlanmışdır. Mika 5:2 ayəsində Məsihin “qədim vaxtdan, əzəli günlərdən” yarandığı haqda deyilir. İsa özünün “yuxarıdan”, yə’ni göydən gəldiyini açıqca demişdi (Yəhya 8:23; 16:28). Bəs İsa yer üzünə gəlməzdən əvvəl göydə nə qədər yaşamışdır?
13 İsanı şəxsən Yehovanın Özü yaratdığı üçün, o, Allahın “vahid Oğlu” adlanmışdır (Yəhya 3:16). Sonra Yehova, “bütün xilqətin fövqündə duran” İsanı qalan şeyləri yaratmaq üçün istifadə etmişdir (Koloslulara 1:15; Vəhy 3:14). Yəhya 1:1 ayəsində deyilir ki, “Kəlam” (İsa insan olmazdan qabaq) “əzəldən” Allahın yanında idi. Deməli, ‘göylər və yer’ yaradılan zaman Kəlam Yehova ilə birlikdə idi. Allah ‘surətimizdə insan yaradaq’ dedikdə Kəlama müraciət etmişdir (Təkvin 1:1, 26). Bundan əlavə, görünür, Kəlam Süleymanın məsəlləri 8:22-31 ayələrində müdrikliyin təcəssümü kimi təsvir edilən, qalan hər şeyin yaradılmasında Yehovanın rəhbərliyi altında çalışan istəkli “me’mar” olmuşdur. Yehova Kəlamı yaratdıqdan sonra və o, yer üzünə insan kimi gəlməzdən əvvəl, göydə Allahla uzun müddət ömür sürmüşdür.
14 Təəccüblü deyil ki, Koloslulara 1:15 ayəsində İsa “görünməyən Allahın surəti” adlanır! Çox illər ərzində sıx ünsiyyətin sayəsində itaətkar Oğul Atası Yehovaya çox bənzəmişdir. Bu, İsanın həyat verən Allah haqqındakı biliyin açarı olmasının başqa bir səbəbidir. İsanın yer üzündə gördüyü işlərin hər biri Yehovanın özünün edəcəyi işlərə müvafiq idi. Buna görə də, İsanı daha yaxşı tanımaqla biz Yehova haqqında biliyimizi genişləndiririk (Yəhya 8:28; 14:8-10). Beləliklə, tamamilə aydın olur ki, İsa Məsih haqqında daha çox öyrənmək lazımdır.
İSANIN YER ÜZÜNDƏKİ HƏYATI
15 İsanın həyatının ikinci dövrü burada — yer üzündə keçmişdir. O, könüllü surətdə razı oldu ki, Allah onun həyatını göydən dərin imana malik olan Məryəm adlı yəhudi qızının bətninə qoysun. Yehovanın qüdrətli müqəddəs ruhu, yə’ni Onun fəal qüvvəsi Məryəmin “üstünə kölgə saldı”, o, hamilə qaldı və dünyaya kamil uşaq gətirdi (Luka 1:34, 35). İsa həyatını kamil Mənbədən aldığı üçün qeyri-kamilliyi miras almadı. İsa təvazökar bir ailədə tərbiyə almışdı. O, dülgər Yusifin ögey oğlu və ailədəki digər uşaqların ilki idi (İşaya 7:14; Matta 1:22, 23; Mark 6:3).
16 İsa 12 yaşında ikən, onun Yehovaya olan dərin sədaqəti artıq aşkar idi (Luka 2:41-49). İsa böyüyüb 30 yaşında xidmətinə başlayan zaman insanlara böyük məhəbbət təzahür etdirirdi. Allahın müqəddəs ruhunun sayəsində İsa mö’cüzələr göstərmək qüvvəsini əldə etdikdə xəstələri, topalları, lalları, korları, karları və cüzamlıları şəfqətlə sağaldırdı (Matta 8:2-4; 15:30). İsa minlərlə ac insanı yedizdirirdi (Matta 15:35-38). Bir dəfə dostlarını xilas etmək üçün tufanı sakitləşdirdi (Mark 4:37-39). Bundan əlavə, o, hətta ölüləri də dirildirdi (Yəhya 11:43, 44). Bu mö’cüzələr həqiqətən baş vermiş tarixi faktlardır. Hətta İsanın düşmənləri belə onun ‘bir çox mö’cüzələr göstərdiyini’ e’tiraf etməli olurdular (Yəhya 11:47, 48).
17 İsa insanlara Allahın Padşahlığı haqqında öyrədərək bütün ölkəni səyahət edirdi (Matta 4:17). O, həmçinin səbrin və kamalın mükəmməl nümunəsi idi. Hətta şagirdləri onu pis vəziyyətdə qoyduqları zaman, o, şəfqətlə demişdi: “Ruh qeyrətli, bədən isə zəifdir” (Mark 14:37, 38). Lakin İsa həqiqətə xor baxanlara və müdafiəsiz insanları sıxışdıran kəslərə qarşı cəsarətli və sarsılmaz idi (Matta 23:27-33). İsa hər şeydən öncə, Atasının məhəbbət nümunəsini mükəmməl surətdə təqlid edirdi. Qeyri-kamil insanların gələcəyə ümid əldə etmələri üçün İsa ölməyə belə hazır idi. Deməli, İsanı Allah haqqındakı biliyin açarı hesab etməyə bizim tam əsasımız var! Bəli, o, canlı açardır! Bəs nə üçün canlı? Bu suala cavab vermək üçün onun həyatının üçüncü dövrünü nəzərdən keçirək.
İSA BU GÜN
18 Müqəddəs Kitab İsanın ölümü haqqında mə’lumat versə də, o, indi yaşayır! B. e. I əsrində yaşamış yüzlərlə insanlar İsanın dirilməsinin şahidi olmuşlar (1 Korinflilərə 15:3-8). Bundan sonra, əvvəlcədən deyildiyi kimi İsa, Allahın göydə ona padşahlıq hakimiyyəti verəcəyi vaxtı gözləyərək Atasının sağında oturmuşdur (Məzmur 110:1; İbranilərə 10:12, 13). Buna görə biz indi İsanı necə təsəvvür etməliyik? Onu heyvan üçün olan axurda köməksiz bir körpə kimimi xəyalımıza gətirməliyik? Yoxsa, ölümqabağı can verən insan kimi? Əlbəttə ki, yox. O, hökmranlıq edən qüdrətli Padşahdır! Və çox tezliklə bizim bədbəxt dünyamız üzərində öz rəhbərliyini quracaqdır.
19 Vəhy 19:11-15 ayələrində İsa Məsih pis insanları məhv etmək niyyətində olan böyük qüvvəyə malik Padşah kimi aydın surətdə təsvir edilir. Məhəbbətlə dolu olan bu səmavi Hökmdar milyonlarla insanın əzab-əziyyətinə son qoymaq üçün necə də sə’ylə çalışır! Həmçinin onun yer üzündə qoyduğu mükəmməl nümunəni təqlid etməyə çalışan insanlara da kömək etmək istəyir (1 Peter 2:21). O, həmin insanların Allahın səmavi Padşahlığının yer üzü vətəndaşları kimi əbədi yaşamaları üçün, onları iti sür’ətlə yaxınlaşan, çox vaxt Har-Megidon adlanan “Küll-İxtiyar Allahın böyük günündə” qorumaq istəyir (Vəhy 7:9, 14; 16:14, 16).
20 İsanın əvvəlcədən dediyi sülhün hökm sürəcəyi minillik rəhbərliyi zamanı, o, bütün insanların rifahına olaraq mö’cüzələr göstərəcəkdir (İşaya 9:6, 7; 11:1-10; Vəhy 20:6). İsa bütün xəstəlikləri aradan qaldıracaq və ölümə son qoyacaqdır. O, milyardlarla ölmüş insanları dirildəcək ki, onlar da yer üzündə əbədi yaşamaq imkanına malik olsunlar (Yəhya 5:28, 29). Bu kitabdan Xilaskar Padşahlıq haqqında öyrənəcəkləriniz, yəqin ki, sizə böyük tə’sir bağışlayacaqdır. Padşahlığın rəhbərliyi altında həyatımızın necə gözəl olacağını təsəvvür belə edə bilmərik. Buna görə də İsa Məsih haqqında bacardıqca daha çox bilmək zəruridir! Bəli, çox vacibdir ki, biz İsanın əbədi həyata aparan Allah haqqındakı biliyin canlı açarı olduğunu heç vaxt nəzərdən qaçırmayaq.
[Haşiyələr]
a Qədim yəhudilər arasında illik həftələr təsəvvürü geniş yayılmışdır. Misal üçün, hər yeddinci gün şənbə günü hesab edildiyi kimi, hər yeddinci il də şənbə ili hesab edilirdi (Çıxış 20:8-11; 23:10, 11).
b Əhalinin qeydiyyata alınması Roma imperiyasına vergi yığmağa gözəl imkan yaradırdı. Beləliklə, heç özü də bilmədən Avqust ‘padşahlığının diyarından vergi yığımını keçirəcək’ rəhbər haqqında peyğəmbərliyin yerinə yetməsinə səbəb oldu. Elə bu peyğəmbərlikdə “əhd hökmdarı”nın, yə’ni Məsihin həmin rəhbərin xələfinin günlərində ‘qırılacağı’ əvvəlcədən bildirilmişdi. İsa, Avqustun xələfi Tiberinin hökmranlığı zamanı öldürüldü (Daniel 11:20-22).
BİLİYİNİZİ YOXLAYIN
• İsanın nəsil şəcərəsi onun Məsih olduğunu necə sübut edirdi?
• İsanın üzərində Məsihlə bağlı olan hansı bə’zi peyğəmbərliklər yerinə yetdi?
• Allah İsanın Məsh edilmiş olduğunu bilavasitə necə göstərdi?
• İsa nəyə görə Allah haqqındakı biliyin canlı açarıdır?
[Öyrənilmə üçün olan suallar]
1, 2. Dünyanın dinləri Allah haqqındakı biliyin açarını necə korlamışlar?
3. Nəyə görə İsanı Allah haqqındakı biliyin açarı adlandırmaq olar?
4, 5. Məsihə hansı ümidləri bəsləyirdilər və İsanın şagirdləri onu kim hesab edirdilər?
6. a) Və’d edilmiş Zürriyyət hansı nəsildən gəlməli idi və İsanın məhz həmin nəsildən gəldiyini haradan bilirik? b) Nəyə görə b. e. 70-ci ilindən sonra artıq heç kim özünün Məsih olduğunu iddia edə bilmir?
7. a) İsanın Məsih olduğuna dair ikinci sübut nədir? b) Mika 5:2 ayəsindən olan peyğəmbərlik İsanın üzərində necə yerinə yetdi?
8. a) 69 “həftə” nə vaxt və hansı hadisə ilə başlandı? b) 69 “həftə” nə qədər davam etdi və sona çatdıqda nə baş verdi?
9. a) Məzmur 2:2 ayəsi necə yerinə yetdi? b) İsanın üzərində daha hansı peyğəmbərliklər yerinə yetdi? (Cədvələ baxın.)
10. Yehova İsanın və’d edilmiş Məsih olduğuna necə şahidlik etdi?
11. İsanın Məsih olduğu nə dərəcədə əsaslıdır?
12, 13. a) İsanın yer üzünə gəlməzdən əvvəl göydə yaşadığını haradan bilirik? b) “Kəlam” sözü altında kim nəzərdə tutulur və o, insan oluncaya qədər nə ilə məşğul olmuşdur?
14. Nəyə görə İsa “görünməyən Allahın surəti” adlanır?
15. Nəyə görə İsa kamil insan kimi doğuldu?
16, 17. a) İsa mö’cüzələr yaratmaq qüvvəsini haradan aldı və göstərdiyi mö’cüzələrin bə’ziləri hansılar idi? b) İsa hansı xüsusiyyətləri təzahür etdirirdi?
18. Biz İsa Məsihi bu gün necə təsəvvür etməliyik?
19. İsa yaxın gələcəkdə hansı tədbiri görəcəkdir?
20. İsa minillik rəhbərliyi zamanı bəşəriyyət üçün nə edəcəkdir?
[37-ci səhifədəki çərçivə]
Məsihlə bağlı bə’zi mühüm peyğəmbərliklər
PEYĞƏMBƏRLİK HADİSƏ YERİNƏ YETMƏ
HƏYATININ İLK İLLƏRİ
İşaya 7:14 Bakirə qızdan doğulması Matta 1:18-23
Yeremya 31:15 Onun anadan olmasından sonra
uşaqların qətlə yetirilməsi Matta 2:16-18
XİDMƏTİ
İşaya 61:1, 2 Allah ona səlahiyyət verdi Luka 4:18-21
İşaya 9:1, 2 Onun xidmətinin sayəsində
insanlar möhtəşəm bir işıq gördü Matta 4:13-16
Məzmur 69:9 Yehovanın evi üçün
göstərdiyi qeyrət Yəhya 2:13-17
İşaya 53:1 Ona iman etmədilər Yəhya 12:37, 38
Zəkarya 9:9; Yerusəlimə sıpanın belində gəldi Matta 21:1-9
Məzmur 118:26 Onu Yehovanın adı naminə
gələn padşah kimi izzətləndirdilər
XƏYANƏTƏ UĞRAMASI VƏ ÖLÜMÜ
Məzmur 41:9; 109:8 Həvarilərdən biri sədaqətsiz çıxdı;
İsaya xəyanət etdi, buna görə də
yerini başqası tutdu Həvarilərin işləri 1:15-20
Zəkarya 11:12 30 gümüşə satıldı Matta 26:14, 15
Məzmur 27:12 Ona qarşı yalançı şahidlər
istifadə edildi Matta 26:59-61
Məzmur 22:18 Paltarları üçün püşk atıldı Yəhya 19:23, 24
İşaya 53:12 Günahkarlarla sayıldı Matta 27:38
Məzmur 22:7, 8 Ölümqabağı təhqir etdilər Mark 15:29-32
Məzmur 69:21 Turş şərab verdilər Mark 15:23, 36
İşaya 53:5; Bədəni deşildi Yəhya 19:34, 37
İşaya 53:9 Zənginlərlə basdırıldı Matta 27:57-60
Məzmur 16:8-11 Çürümə görmədən dirildi Həvarilərin işləri 2:25-32; 13:34-37
[35-ci səhifədəki şəkil]
Allah İsaya xəstələri sağaltmaq qüvvəsini vermişdir.