Ürəkləri araşdıran Yehova Allahı axtarın
«Mənə tərəf dönün ki, sağ qalasınız!» (AMOS 5:4).
1, 2. Müqəddəs Yazılarda «Rəbb... ürəyə baxar» sözləri nə deməkdir?
YEHOVA ALLAH Şamuel peyğəmbərə dedi: «İnsan zahirə, Rəbb isə ürəyə baxar» (1 Şamuel 16:7). Hansı mə’nada Yehova «ürəyə baxar»?
2 Müqəddəs Yazılarda «ürək» sözü altında adətən insanın daxili aləmi, yə’ni onun istəyi, düşüncəsi, hissləri və həyəcanı nəzərdə tutulur. Buna görə də Müqəddəs Kitab «Allah insanın ürəyinə baxır» dedikdə, Allahın insanın zahiri görünüşü ilə bərabər onun daxili varlığını da gördüyü nəzərdə tutulur.
Allah İsraili araşdırır
3, 4. Amos 6:4-6 ayələrinə əsasən, İsrailin onqəbiləli padşahlığında yaşayış necə idi?
3 Ürəkləri Araşdıran Amosun günlərində İsrailin onqəbiləli padşahlığına baxarkən nələr gördü? Amos 6:4-6 ayələrində «fil dişi ilə bəzənmiş divanlarda yayxanıb, yataqlarda uzanan» insanlardan danışılır. Onlar ‘sürüdəki quzularla, axurun yanındakı danalarla’ qidalanırlar. Onlar həmçinin «müsiqi alətləri ilə nəğmə» deyir və «piyalə-piyalə şərab» içirlər.
4 İlk baxışdan bu mənzərə olduqca cəlbedici görünə bilər. Varlılar evlərində dadlı yeməklərdən və içkilərdən ləzzət alır, həmçinin gözəl musiqi alətləri ilə könüllərini şad edirlər. Onların yatağı fil sümüyündən düzəldilib. İsrail padşahlığının paytaxtı Samariyada arxeoloqlar fil sümüyündən düzəldilmiş çoxsaylı gözəl əl işləri tapmışlar (1 Padşahlar 10:22). Onların əksəriyyəti, ehtimal ki, ev avadanlıqlarını və hətta divarları bəzəyirdi.
5. Amosun günlərində Allah nəyə görə israillilərdən narazı idi?
5 Yehova israillilərin dadlı qida yeyib üstündən yaxşı şərab içmələrinin və gözəl musiqiyə qulaq asmalarının əleyhinə idimi? Əlbəttə ki, yox! Əslində insanlara sevinc gətirən bütün bu naz-ne’mətləri verən Allahın Özü deyilmi? (1 Timoteyə 6:17). Yehova insanların ürəklərinin korlandığı üçün narazı idi, bu insanlarda yanlış istəklər yaranırdı, onlar Allaha hörmətsiz yanaşır və öz yaxınlarını sevmirdilər.
6. Amosun günlərində İsrailin ruhani vəziyyəti necə idi?
6 İsraillilər yataqlarında uzanır, sürüdəki qoçların ən yaxşısını yeyir, şərab içir, yeni musiqi alətləri icad edir, gələcəyi isə düşünmürdülər. Onlar «bəla gününü uzaq» sanırdılar. Gərək onlar İsraildə baş verənlər üçün hüzünə bataydılar, lakin onlar «Yusif nəslinin qırğınına görə» narahat olmayırdılar (Amos 6:3-6). Yehova ölkənin iqtisadi sahədən çiçəklənməsinə baxmayaraq, «Yusifin», yə’ni İsrailin ruhani cəhətdən fəlatəkə uğradığını görürdü. İnsanlar isə dərdsiz-qəmsiz gündəlik işləri ilə məşğul idilər. Bu gün çoxları buna bənzər davranırlar. Bəlkə də onlar çətin günlərdə yaşadıqlarını e’tiraf edirlər, lakin fəlakət onlara şəxsən toxununcaya qədər belə insanları başqalarının ağır vəziyyəti nə narahat edir, nə də ruhani şeylərə maraq göstərirlər.
İsrail xalqı ruhani cəhətdən tənəzzülə uğrayıb
7. İsraillilər Allahın xəbərdarlıqlarına qulaq asmasalar, nə baş verəcək?
7 «Amos» kitabında qarşımızda belə bir mənzərə açılır: ilk baxışdan xalq çiçəklənsə də, tənəzzülə uğrayıb. Əgər insanlar Allahın xəbərdarlıqlarına qulaq asıb, öz nöqteyi-nəzərlərini dəyişməsələr, Yehova onları düşmən əlinə verəcək. O zaman aşşurlular gəlib onları fil sümüyündən düzəldilmiş gözəl yataqlarından sürüyüb aparacaq və qul edəcəklər. Xoş həyata artıq son qoyulacaq!
8. İsrail ruhani tənəzzülə necə uğramışdı?
8 İsrail bu vəziyyətə necə düşmüşdü? Hər şey b. e. ə. 997-ci ildə — Süleymanın yerinə oğlu Rexavamın padşah gəldiyi və İsrailin on qəbiləsinin Yəhuda və Binyamin qəbiləsindən ayrıldığı zaman başlanmışdı. Onqəbiləli İsrail padşahlığının birinci padşahı «Nevat oğlu» I Yarovam idi (1 Padşahlar 11:26). Yarovam öz ərazisində yaşayan xalqı əmin etmişdi ki, Yehovaya ibadət etmək üçün Yerusəlimə getmək çox ağır işdir. Ancaq o, əslində xalq üçün narahat olmurdu, əksinə öz maraqlarını güdürdü (1 Padşahlar 12:26). Yarovam qorxurdu ki, əgər israillilər Yerusəlim mə’bədində Yehovanın şərəfinə keçirilən bayramlara getməyə davam edərlərsə, onda əvvəl-axır onlar Yəhudanın tərəfinə keçəcəklər. Bunun qarşısını almaq üçün, Yarovam iki qızıl buzov qoyur — birini Danda, o birisini isə Bet-Eldə. Buzova sitayiş İsrail padşahlığında dövlət dininə çevrilir (2 Salnamələr 11:13-15).
9, 10. a) I Yarovam hansı dini bayramları tə’sis etmişdi? b) II Yarovamın günlərində israillilərin keçirdikləri bayramlar haqqında Yehova nə düşünürdü?
9 Yarovam yeni dinə zahirən mö’təbər görünüş verməyə çalışırdı. O, Yerusəlimdə keçirilən bayramlara bənzər dini bayramlar tə’sis etdi. Biz, 1 Padşahlar 12:32 ayəsində oxuyuruq: «Yarovam səkkizinci ayın on beşinci günü Yəhudada keçirilən bayram kimi bir bayram keçirdi. Bet-Eldə... qurban gətirmək üçün qurbangaha qalxdı».
10 Yalan dinlərin bu kimi bayramları heç zaman Yehovanın xoşuna gəlməyib. O, bunu Amosun vasitəsilə yüz il sonra, yə’ni b. e. ə. təxminən 844-cü ildə İsraildə II Yarovamın taxta ucaldığı vaxt açıq-aydın bildirmişdi (Amos 1:1). Amos 5:21-24 ayələrində Allahın sözlərini oxuyuruq: «Bayramlarınıza ikrah edirəm, xor baxıram, təntənəli toplantılarınızdan iyrənirəm. Mənə yandırma qurbanlarınızı, taxıl təqdimlərinizi gətirsəniz də, razı qalmayacağam. Mənə kökəldilmiş heyvanlarınızdan ünsiyyət qurbanı təqdim etsəniz də, onlara nəzər salmayacağam. Gurultulu ilahilərinizi Məndən uzaq edin! Çənglərinizin səsinə qulaq asmayacağam. Lakin qoy ədalət sular kimi tökülsün, salehlik davamlı sel kimi axsın!»
Müasir dövrlə oxşarlıqlar
11, 12. Özlərini Məsihin davamçısı adlandıranlarla qədim İsrail arasında hansı oxşar cəhətləri sadalamaq olar?
11 Aydındır ki, Yehova israillilərin ürəklərini araşdırıb, onların bayram və qurbanlarını rədd etmişdi. Bu gün də Allah bütpərəst ayinlərilə dolu olan Milad və Pasxa kimi kilsə bayramlarını rədd edir. Yehovanın xidmətçiləri əmindirlər ki, salehliklə qanunsuzluq və işıqla qaranlıq arasında şəriklik ola bilməz (2 Korinflilərə 6:14-16).
12 Özlərini Məsihin davamçısı adlandıranlar və buzova ibadət edən həmin israillilər arasında digər oxşar cəhətlər də var. Xristian dünyasının ayrı-ayrı nümayəndələri Allahın Kəlamının həqiqətləri ilə razılaşsalar da, ümumilikdə onda Allaha həqiqi məhəbbət çatışmır. Əks təqdirdə Xristian dünyası Yehovaya «ruhən və həqiqətən ibadət» edərdi, çünki Yehovaya məhz belə ibadət məqbuldur (Yəhya 4:24). Bundan başqa, Xristian dünyasında ədalət sular kimi, salehlik isə davamlı sel kimi axmır. Bunun əvəzinə, Allahın əxlaq normaları daima pozulur. Özlərini Məsihin davamçısı adlandıranlar əxlaqsızlığa və başqa ciddi günahlara yol verirlər. Hətta homoseksual nikahlar da bəyənilir!
«Yaxşılığı sevin»
13. Amos 5:15 ayəsində yazılmış sözlərə diqqət yetirməyimiz nəyə görə vacibdir?
13 Yehova Ona məqbul tərzdə ibadət etmək istəyənlərin hamısına deyir: «Pisliyə nifrət edin, yaxşılığı sevin» (Amos 5:15). Sevgi və nifrət simvolik ürəkdən gələn güclü hisslərdir. Ürək hiyləgər olduğundan, onu qorumaq üçün əlimizdən gələni etməliyik (Süleymanın məsəlləri 4:23; Yeremya 17:9). Əgər ürəyimizdə pis istəklərin inkişaf etməsinə yol veririksə, onda biz pisliyi sevib, yaxşılığa nifrət etməyə başlaya bilərik. Və əgər bu istəklərə güzəştə gedib günah ediriksə, onda xidmətdə nə qədər sə’y göstərməyimizdən asılı olmayaraq, bu, bizim Allahın iltifatını geri qaytarmağımıza kömək etməyəcək. Buna görə də gəlin dua edək ki, ‘pisliyə nifrət edib, yaxşılığı sevməkdə’ Allah bizə kömək etsin.
14, 15. a) İsraildə kimlər yaxşılıq edirdi və başqa israillilər onlara necə yanaşırdı? b) Tammüddətli xidmətçiləri biz necə ruhlandıra bilərik?
14 İsraillilərin hamısı Yehovanın gözündə pislik etmirdi. Məsələn, Huşə ilə Amos ‘yaxşılığı sevib’, sadiq peyğəmbərlər kimi Allaha xidmət edirdilər. Başqaları Nəziri kimi yaşamaq və’di verirdilər. Nəzirilər üzümdən düzəldilmiş məhsullardan, xüsusilə də şərabdan imtina edirdilər (Saylar 6:1-4). Bəs qalan israillilər bu cür comərd insanların fədakar həyat tərzinə necə baxırdılar? Bu sualın cavabı adamı dəhşətə gətirir və xalqın ruhən nə dərəcədə pozulduğunu göstərir. Amos 2:12 ayəsində oxuyuruq: «Siz isə Nəzirilərə şərab içirdiniz, peyğəmbərlərə “peyğəmbərlik etmə” əmri verdiniz».
15 Sadiq Nəzirilərin və peyğəmbərlərin verdikləri nümunə həmin israilliləri utandırıb, dəyişilməyə təşviq etməli idi. Lakin onlar Allahın bu sadiq xidmətçilərinə məhəbbət göstərmir, onların Allaha izzət vermələrinə isə mane olurdular. Gəlin heç vaxt pionerləri, missionerləri, səyyah xidmətçiləri və ya Bet-El ailəsinin üzvlərini tammüddətli xidmətlərinə son qoyub, «normal» adlanan həyata qayıtmaları üçün onları dilə tutmayaq. Əksinə, gəlin onları yerinə yetirdikləri həmin gözəl işlərini davam etdirməyə təşviq edək!
16. Nəyə görə Musanın günlərindəki israillilər Amosun günlərindəki israillilərdən daha zəngin idilər?
16 Amosun günlərində bir çox israillilər maddi cəhətdən çiçəklənsələr də, «Allah qarşısında zəngin» deyildilər (Luka 12:13-21). Onların ulu ata-babaları səhrada 40 il ərzində təkcə manna yemişdilər. Onlar axurun yanındakı danalardan yeyib, fil sümüyündən olan yataqlarda uzanmamışdılar. Lakin Musa onların vəziyyətinə dair düzgün nöqteyi-nəzər ifadə etmişdi: «Allahınız Rəbb əlinizdə olan hər işə xeyir-dua verib... Bu qırx il ərzində sizinlə olan Allahınız Rəbbin sayəsində heç nəyə ehtiyacınız olmayıb» (Qanunun təkrarı 2:7). İsraillilər səhrada olarkən həqiqətən ehtiyac duyduqları hər şeyləri vardı. Hər şeydən vacibi isə o idi ki, Allah Özü onları sevir, müdafiə edir və xeyir-dualandırırdı!
17. Yehova israilliləri Və’d edilmiş diyara nəyə görə gətirmişdi?
17 Yehova Amosun müasirlərinə xatırladır ki, onların ulu ata-babalarını Və’d edilmiş diyara gətirib, torpağı bütün düşmənlərdən təmizləməkdə onlara kömək etmişdi (Amos 2:9, 10). Bəs Allah nəyə görə israilliləri Misirdən çıxarıb, onlara Kən’an torpağını verdi? Məgər onların boş cah-calal içində itib-batmaları, Yaradanı unutmaları üçünmü etmişdi? Xeyr! Əksinə, O, bunu ona görə etmişdi ki, onlar Yehovaya azad və ruhən təmiz insanlar kimi xidmət edə bilsinlər. Lakin İsrailin onqəbiləli padşahlığının sakinləri pisliyə nifrət edib, yaxşılığı sevmədilər. Onlar izzəti Yehova Allaha deyil, bütlərə verirdilər. Rüsvayçılığa bax!
Yehova cavab tələb edir
18. Yehova nəyə görə bizi ruhani cəhətdən azad edib?
18 Allah israillilərin biabırçı davranışlarına dözmək niyyətində deyildi. O, Öz nöqteyi-nəzərini aydın ifadə etmişdi: «Mən bütün cəzanızı öz başınıza gətirəcəyəm» (Amos 3:2). Bu sözlər bizi də müasir Misirdən, yə’ni bu pis sistemdən azad olunduğumuzu xatırlamağa təşviq edir. Yehova bizi ruhani cəhətdən ona görə azad etməyib ki, biz xudbin məqsədlər güdək. O bunu ona görə edib ki, azad və ruhən təmiz insanlar kimi bütün ürəkdən Ona şərəf gətirə bilək. Hər birimiz verilən azadlıqdan necə istifadə etdiyimizə dair hesabat verəcəyik (Romalılara 14:12).
19. Amos 4:4, 5 ayələrinə əsasən, israillilərin əksəriyyəti nəyi sevmişdilər?
19 Təəssüf ki, israillilərin əksəriyyəti Amosun vacib xəbərini rədd etdilər. Amos 4:4, 5 ayələrindən onların ürəklərinin ruhani xəstəliyə nə dərəcədə tutulduğu görünür: «Bet-Elə gedib günah işlədin! Qilqala gəlib günahlarınızı çoxaldın... Ey İsraillilər, sizin xoşunuza gələn budur!» İsraillilər düzgün istəklər inkişaf etdirmirdilər. Onlar ürəklərini qorumurdular. Nəticədə onların çoxu pisliyi sevib, yaxşılığa nifrət edənlərdən oldu. Bu inad bütpərəstlərin dəyişilmək fikirləri yox idi. Lakin onlar Yehovanın qarşısında cavab verməli idilər və məhvdən qaçına bilməzdilər!
20. Amos 5:4 ayəsinə müvafiq necə davrana bilərik?
20 Bəli, o zaman İsrail üçün Yehovaya sadiq qalmaq asan deyildi. Axına qarşı üzmək çətindir, bunu böyüklü kiçikli bugünkü məsihçilər də başa düşür. Lakin Allaha məhəbbət və Onu razı salmaq istəyi bə’zi israilliləri Allaha həqiqətən ibadət etməyə təşviq edirdi. Amos 5:4 ayəsində Yehova belə insanları ürəkdən də’vət edir: «Mənə tərəf dönün ki, sağ qalasınız!» Allah bu gün də Onun Kəlamını öyrənərək və iradəsini yerinə yetirərək tövbə edib Allahı axtaranlara mərhəmət göstərir. Bu yolu tutmaq asan iş deyil, amma belə davranmaq əbədi həyata aparır (Yəhya 17:3).
Ruhani qıtlıq zamanı çiçəklənmə
21. Həqiqi Allaha ehtiram etməyənlər hansı qıtlığa düçar olurlar?
21 Bəs həqiqi Allaha ehtiram etməyənləri nə gözləyirdi? Qıtlığın ən dəhşətli növü olan ruhani qıtlıq! «Xudavənd Rəbb bəyan edir: “Budur, elə günlər gələcək ki, ölkəyə qıtlıq göndərəcəyəm. Bu günlərdə çörək və suyun qıtlığı deyil, Rəbbin sözlərinin qıtlığı olacaq» (Amos 8:11). Xristian dünyası da belə bir qıtlığın məngənəsindədir. Lakin orada Allahın xalqının ruhani cəhətdən çiçəklənməsini görən və Yehovanın təşkilatına qoşulan səmimi insanlar da var. Özlərini Məsihin davamçısı adlandıranların vəziyyətinin Allahın xidmətçilərinin vəziyyətindən güclü surətdə fərqləndiyi Yehovanın növbəti sözlərindən görünür: «Qullarım yeyəcək, siz isə ac qalacaqsınız, qullarım içəcək, siz isə susayacaqsınız, qullarım sevinəcək, siz isə utanacaqsınız» (Yeşaya 65:13).
22. Bizim üçün sevinməyə səbəb olan nədir?
22 Biz həqiqətənmi ruhani qidanı və ruhani xeyir-duaları qiymətləndiririk? Doğrudan da, Müqəddəs Kitabı və ona əsaslanan ədəbiyyatları öyrənən zaman, həmçinin yığıncaq görüşlərində, rayon, xüsusi və vilayət konqreslərində iştirak etdiyimiz zaman ürəyimiz sevinclə dolur və nəğmə oxumaq istəyirik. Biz ona görə sevinirik ki, Amosun peyğəmbərliyi də daxil olmaqla, Allahın Kəlamını yaxşı başa düşürük.
23. Allaha izzət verənlər nəyə nail olurlar?
23 Allahı sevən və Ona izzət vermək istəyənlərin hamısı üçün Amosun peyğəmbərliyində ümid xəbəri səslənir. İqtisadi vəziyyətimizin necəliyindən və bu narahat dünyada hansı sınaqlarla qarşılaşmağımızdan asılı olmayaraq, Allahı sevən bizlərin hamısı Allahın xeyir-duasını və ən yaxşı ruhani qidanı alır (Süleymanın məsəlləri 10:22; Matta 24:45-47). Lakin bütün bunlar üçün izzət bizə hər şeyi bolluqla verən Allaha məxsusdur. Gəlin, əbədi olaraq Allaha bütün ürəkdən izzət verək. Əgər ürəkləri araşdıran Yehova Allahı axtarırıqsa, biz bunu edə biləcəyik.
Siz necə cavab verərdiniz?
• Amosun günlərində İsraildə yaşayış necə idi?
• İsrailin onqəbiləli padşahlığının vəziyyəti ilə müasir dövrümüz arasında hansı oxşarlıqlar var?
• Amosun peyğəmbərlik etdiyi hansı qıtlıq bu gün mövcuddur, amma onun kimlərə aidiyyatı yoxdur?
[19-cu səhifədəki şəkillər]
Bir çox israillilər cah-calal içində yaşasalar da, ruhani çiçəklənmədən uzaq idilər.
[21-ci səhifədəki şəkil]
Tammüddətli xidmətçiləri ruhlandır ki, onlar xeyirxah işlərini tərk etməsinlər.