Yehovanın Kəlamı canlıdır
«Yoel» və «Amos» kitablarından diqqətəlayiq fikirlər
YOELİN özü haqqında verdiyi yeganə mə’lumat «Petuelin oğlu» olmasıdır (Yoel 1:1). Adını daşıyan kitabda Yoel çatdırdığı xəbərdən başqa şey haqqında o qədər az danışır ki, hətta peyğəmbərliyinin yazıldığı ili də yalnız təxmin etmək olar — təxminən b. e. ə. 820-ci il, Uzziyanın Yəhuda üzərində padşah olmasından doqquz il sonra. Yoel özü haqqında nə üçün susur? Görünür o, diqqəti xəbəri çatdırana deyil, xəbərin özünə yönəltmək istəyir.
Uzziyanın günlərində Yəhuda sakini Amos da peyğəmbər tə’yin olundu. O, həm çoban idi, həm də ‘fir’on ənciri ağaclarını yetişdirirdi’ (Amos 7:14). Yəhudada peyğəmbərlik edən Yoeldən fərqli olaraq, Amos İsrailin onqəbiləli şimal padşahlığına göndərilmişdi. Peyğəmbər Yəhudaya qayıdandan sonra, eramızdan əvvəl təqribən 804-cü ildə tamamlanan kitab sadə, amma canlı dildə yazılmışdır.
«VAY O GÜNƏ!» — NƏ ÜÇÜN?
Yoel görüntüdə kəsici, qaynaşan və dağıdıcı çəyirtkələrin hücumunu görür. Onlar haqqında «çoxsaylı və qüvvətli», «güclü bir qoşun» kimi danışılır (Yoel 1:4; 2:2-7). «Vay o günə!», deyə Yoel içini çəkir: «Budur, Rəbbin [«Yehovanın», YD] o günü yaxındır, o gün Külli-İxtiyar fəlakət gətirəcək» (Yoel 1:15). Yehova Sion sakinlərinə məsləhət verir: «Bütün qəlbinizlə Mənə dönün». Əgər belə etsələr, Yehova «Öz xalqına rəhm edəcək» və «şimal tərəfdən gələn ordunu» — həşəratların basqınını onlardan uzaqlaşdıracaq. Ancaq Yehova möhtəşəm günü gəlməzdən əvvəl ‘bütün bəşər üzərinə Ruhunu tökəcək’, ‘göylərdə və yerdə əlamətlər göstərəcək’ (Yoel 2:12, 18-20, 28-31).
Yehova millətlərə meydan oxuyur: «Kotanlarınızdan qılınc, dəryazlarınızdan nizə düzəldin» və müharibəyə hazırlaşın. Onlara «Yehoşafat vadisinə» çıxmaq əmr olunur, burada onlar mühakimə ediləcək və məhv ediləcəklər. «Lakin Yəhuda əbədi qalacaq» (Yoel 3:10, 12, 20).
Müqəddəs Kitab suallarına cavablar:
1:15; 2:1, 11, 31; 3:14 — «Yehovanın günü» (YD) nədir? Bu, Yehovanın Öz düşmənlərinə çıxardığı hökmün icra edildiyi vaxtdır. Bu zaman düşmənlər məhv ediləcək, həqiqi xidmətçilər isə xilas olacaqlar. Məsələn, eramızdan əvvəl 539-cu ildə qədim Babil midiyalılar və farslar tərəfindən işğal ediləndə onun üçün Yehovanın günü gəlmişdi (Yeşaya 13:1, 6). Yehovanın başqa günü yaxındır. Həmin ‘gündə’ O, yalan dinlərin dünya imperiyası olan ‘Böyük Babil’ üzərində Öz hökmünü icra edəcək (Vəhy 18:1-4, 21).
2:1-10, 28 — Həşəratların basqını haqqında peyğəmbərlik necə yerinə yetdi? Yəhuda torpağının nə vaxtsa «Yoel» kitabında təsvir olunduğu qədər böyük həşərat basqınına mə’ruz qalması haqqında Müqəddəs Kitabda heç bir şey deyilmir. Buna görə də, Yoelin təsvir etdiyi basqın, görünür, 33-cü ildə baş verənlərin peyğəmbərliyi idi. O vaxt Yehova Məsihin erkən davamçılarının üzərinə Özünün müqəddəs ruhunu tökməyə, onlar da yalan dinin rəhbərlərinə əzab verən xəbəri təbliğ etməyə başlamışdılar (Həvarilərin işləri 2:1, 14-21; 5:27-33). Biz də bu gün eyni işdə iştirak etmək imkanına malikik.
2:32 — ‘Rəbbin [«Yehovanın», YD] adını çağırmaq’ nə deməkdir? Allahın adını çağırmaq həmin adı bilmək, ona dərin ehtiram bəsləmək, o cümlədən, bu adın Sahibinə arxalanmaq və inanmaq deməkdir (Romalılara 10:13, 14).
3:14 — ‘Mühakimə vadisi’ nədir? Bu, Allahın hökmlərinin icra edildiyi simvolik yerdir. Adının mə’nası «Yehova Hakimdir» olan Yəhuda padşahı Yehoşafatın günlərində Allah ətraf xalqların qoşunları arasında qarışıqlıq salaraq Yəhudanı xilas etmişdi. Həmin vaxtdan bu yer həm də ‘Yehoşafat vadisi’ adlanır (Yoel 3:2, 12). Bizim günlərdə ‘mühakimə vadisi’ xalqların üzümsıxandakı üzümlər kimi məhv ediləcəyi simvolik yeri təmsil edir (Vəhy 19:15).
Bizim üçün ibrət dərsləri:
1:13, 14. Ürəkdən tövbə etmək və Yehovanı həqiqi Allah kimi qəbul etmək xilas olmaq üçün vacibdir.
2:12, 13. Həqiqi tövbə ürəkdən gəlməlidir. Bu o deməkdir ki, biz ‘paltarlarımızı deyil, ürəyimizi yırtmalıyıq’.
2:28-32. Yalnız «Rəbbin [«Yehovanın», YD] adını çağıran» Onun ‘möhtəşəm və dəhşətli günündə’ qurtulacaq. Yehovanın bütün bəşər üzərinə Öz ruhunu tökdüyünə görə, qoca, cavan, kişi və qadınlara peyğəmbərlik işində iştirak etməyə, yə’ni ‘Allahın möhtəşəm işlərini’ bəyan etməyə icazə verdiyinə görə necə də minnətdarıq! (Həvarilərin işləri 2:11). Yehovanın günü yaxınlaşdığı üçün, biz müqəddəs və ixlaskar bir həyat yaşamalı deyilikmi? (2 Peter 3:10-12).
3:4-8, 19. Yoel peyğəmbərlik edirdi ki, Yəhudanın ətrafındakı xalqlar Allahın seçilmiş xalqı ilə pis rəftar etdikləri üçün hesabat verəcəklər. Bu peyğəmbərlik sözləri doğrudan da yerinə yetdi. Babil padşahı Navuxodonosor Surun materikdəki hissəsini darmadağın etdi. Sonralar Böyük İsgəndər şəhərin ada hissəsini işğal edəndə orada minlərlə hərbiçi və adlı-sanlı adam öldürüldü, dinc əhalidən 30 000 nəfər isə köləliyə satıldı. İsgəndər və ondan sonra olan padşahlar filiştlilərlə də eyni cür rəftar etdilər. Eramızdan əvvəl dördüncü əsrdə Edom artıq xarabalığa çevrilmişdi (Malaki 1:3). Yerinə yetən bu peyğəmbərliklər Yehovanın həmişə Öz və’dlərini həyata keçirdiyinə imanımızı möhkəmləndirir. Onlar həm də Yehovanın bu gün xidmətçilərini tə’qib edən xalqlarla necə davranacağını göstərir.
3:16-21. «Göy və yer sarsılacaq» və Yehovanın millətlərin əleyhinə çıxardığı hökm icra olunacaq. «Lakin Rəbb Öz xalqı üçün sığınacaq yer... olacaq», onlara cənnət şəraitində həyat bəxş edəcək. Bu pis dünya üzərində hökmün icra olunacağı vaxt yaxınlaşdığı üçün, biz Allahla yaxın münasibətləri qorumağa qəti qərarlı olmalı deyilikmi?
«ALLAHINIZI QARŞILAMAĞA HAZIR OLUN»
Amosun həm İsraili əhatə edən xalqlar, həm də Yəhuda və İsrail üçün xəbəri var. Suriya, Filişt, Sur, Edom və Moavı Allahın xalqına qarşı qəddar olduqları üçün məhv gözləyir. Yəhuda sakinləri də ‘Rəbbin qanunlarına xor baxdıqlarına’ görə ölümdən qaça bilməyəcəklər (Amos 2:4). Bəs İsrailin onqəbiləli padşahlığı necə? Onun günahlarına tamah ucbatından kasıblara zülm etmək, əxlaqsızlıq və Allahın peyğəmbərlərinə hörmətsiz yanaşmaq daxil idi. Amos xəbərdarlıq edirdi ki, Yehova ‘Bet-Eldəki qurbangahı cəzalandıracaq’ və ‘qışlaq evlərinin üstünə yaylaq evləri yıxacaq’ (Amos 3:14, 15).
İndiyədək verilən müxtəlif cəzalara baxmayaraq, bütpərəst israillilər inadkarlıqlarına davam edirlər. Amos onlara deyir: «Allahınızı qarşılamağa hazır olun» (Amos 4:12). İsraillilər üçün Yehovanın günü «Dəməşqin o tayına», yə’ni Aşşura əsir getmək demək olacaq (Amos 5:27). Bet-Eldəki kahin Amosa müqavimət göstərsə də, o, qorxmaz olaraq qalır. Yehova Amosa deyir: «Xalqım İsrailin axır günü yetişib. Bir də onların tərəfinə keçməyəcəyəm» (Amos 8:2). Nə ölülər diyarı, nə də uca dağlar onları Allahın hökmündən qoruya bilməz (Amos 9:2, 3). Ancaq bununla belə, Allah yaxşı bir və’d də verir. Yehova deyir: «Xalqım İsraili əsirlikdən qaytaracağam, viran şəhərləri tikib məskən salacaqlar. Üzümlüklər əkib şərabını içəcəklər, bağlar salıb meyvəsindən yeyəcəklər» (Amos 9:14).
Müqəddəs Kitab suallarına cavablar:
4:1 — Nə üçün Samariyanın qadınları ‘Başan inəklərinə’ bənzədilir? Qalileya dənizinin şərqində yerləşən hündür Başan yaylası özünün ə’la cins heyvanları, o cümlədən, inəkləri ilə tanınırdı. Çünki burada zəngin otlaqlar var idi. Buna görə də, Amos təm-tərağı sevən Samariya qadınlarını Başan inəklərinə bənzədirdi. Şübhə yoxdur ki, bu qadınlar özlərinin var-dövlətə olan hərisliklərini tə’min etmək üçün ‘ərlərini’ məzlum xalqı aldatmağa məcbur edirdilər.
5:5 — İsraillilər hansı mə’nada ‘Bet-Elə’ dönməməli idilər? Yarovam Bet-Eldə danaya ibadətin əsasını qoydu. O vaxtdan bəri şəhər yalan ibadətin mərkəzi oldu. Qilqal və Beer-Şeva da bütpərəstlik ocağı idi. Qabaqcadan deyilmiş fəlakətdən yaxa qurtarmaq üçün israillilər daha bu yerlərə ziyarətə gəlməməli, Yehovanı axtarmağa başlamalı idilər.
7:1 — «Padşahın payı» deyəndə nə nəzərdə tutulur? Yəqin ki, burada padşahın öz atlılarını və heyvanlarını saxlamaq üçün yığdığı vergi nəzərdə tutulurdu. Bu vergi «padşahın payı biçiləndən sonra əmələ gələn ot bitməyə başlayanda» ödənməli idi. Sonra camaat öz məhsulunu yığa bilərdi. Ancaq onlar bunu edənə kimi çəyirtkə sürüsü peyda olur və başqa bitkilərlə birlikdə onların məhsulunu da yeyirdi.
8:1, 2 — «Bir səbət yetişmiş meyvə [«yay meyvəsi», YD]» nəyi göstərirdi? O, Yehovanın gününün yaxın olduğunu göstərirdi. Yay meyvəsi məhsul mövsümünün sonuna yaxın yığılırdı. Yehovanın Amosa bir səbət yay meyvəsi göstərməsi o demək idi ki, İsrailin sonu yaxındır. Buna görə də Allah Amosa dedi: «Xalqım İsrailin axır günü yetişib. Bir də onların tərəfinə keçməyəcəyəm».
Bizim üçün ibrət dərsləri:
1:3, 6, 9, 11, 13; 2:1, 4, 6. Yehova İsrailə, Yəhudaya və onları əhatə edən altı xalqa qəzəbli olduğundan deyir: «Onları cəzasız buraxmayacağam». Yehovanın hökmlərindən qurtulmaq qeyri-mümkündür (Amos 9:2-5).
2:12. Biz çalışqan pionerləri, səyyar nəzarətçiləri, missionerləri və ya Bet-El ailəsinin üzvlərini «normal həyat» sürmək üçün tammüddətli xidmətə son qoymağa təşviq edərək ruhdan salmamalıyıq. Əksinə, onları yaxşı işlərini davam etdirməyə həvəsləndirməliyik.
3:8. Şirin nə’rəsini eşidəndə adamın canına necə qorxu düşürsə, Amos da Yehovanın: «Get, xalqım İsrailə peyğəmbərlik et» dediyini eşidəndə ürəyində təbliğ etmək istəyi oyandı (Amos 7:15). Allah qorxusu bizi də Padşahlıq xəbərini sə’ylə təbliğ etməyə təşviq etməlidir.
3:13-15; 5:11. Yehovanın köməyilə sadə çoban olan Amos varlı, özündən razı insanlara «xəbərdarlıq» edə bildi. Sahəmiz nə qədər çətin olursa-olsun, Yehova bizi də Padşahlıq xəbərini e’lan etmək üçün hazırlaya bilər.
4:6-11; 5:4, 6, 14. İsraillilərin inadla Yehovaya ‘dönmək’ istəməmələrinə baxmayaraq, Yehova yenə də onları Özünə ‘tərəf dönməyə və sağ qalmağa’ çağırır. Nə qədər ki, Yehova bu pis sistemin mövcudluğuna səbir edir, biz bu dünyadakı insanları Allaha dönməyə təşviq etməliyik.
5:18, 19. Yehovanın gününə hazır olmadan onun ‘həsrətini çəkmək’ ağılsızlıqdır. Belə adamın vəziyyəti şirdən qaçanda ayıya rast gələn, ayıdan isə qaçanda ilanın çaldığı adamın vəziyyətinə oxşayır. Ruhani cəhətdən ‘ayıq olmaq’ və hazır vəziyyətdə qalmaq müdriklik olardı (Luka 21:36).
7:12-17. Allahın xəbərini e’lan edərkən qorxmaz və cəsarətli olmalıyıq.
9:7-10. İmanlı adamların, o cümlədən, Misirdən Allahın seçilmiş xalqı kimi xilas edilənlərin övladı olmalarına baxmayaraq, xəyanətkar israillilər Allahın qarşısında kuşlular kimi pis ad qazandılar. Tərəfkeşlik etməyən Allahın qarşısında yaxşı ad qazanmaq insanın əsil-nəcabətindən deyil, ‘Ondan qorxmağından və haqq iş görməyindən’ asılıdır (Həvarilərin işləri 10:34, 35).
Biz nə etməliyik?
Allahın Şeytan dünyası üzərində hökmünü icra edəcəyi gün yaxınlaşır. Allah xidmətçiləri üzərinə müqəddəs ruhunu tökmüşdür ki, onlar həmin günün gələcəyindən bəşəriyyəti xəbərdar etsinlər. İnsanlara Yehovanı tanımağa və Onun ‘adını çağırmağa’ kömək etmək üçün əlimizdən gələni etməli deyilikmi? (Yoel 2:31, 32).
Amos: «Pisliyə nifrət edin, yaxşılığı sevin, məhkəmədə ədalətə üstünlük verin», — deyə çağırır (Amos 5:15). Yehovanın günü yaxınlaşdığı üçün Allaha yaxınlaşmalı və özümüzü natəmiz dünyadan və onun pozucu dostluğundan ayrı saxlamalıyıq. Müqəddəs Yazıların «Yoel» və «Amos» kitablarında bu məqsədə çatmaq üçün bizə necə gözəl kömək təqdim olunur! (İbranilərə 4:12).
[6-cı səhifədəki şəkil]
Yoel peyğəmbərlik edirdi: «Yehovanın günü yaxındır!»
[9-cu səhifədəki şəkil]
Amos kimi, biz də Allahın xəbərini qorxmadan və cəsarətlə təbliğ etməliyik.