Yehova pislərə dair olan hökmünü yerinə yetirəcək
«Allahınızı qarşılamağa hazır olun» (AMOS 4:12).
1, 2. Yehovanın pisliyə son qoyacağına nəyə görə əmin ola bilərik?
YEHOVA yer üzündəki pislik və iztirablara nə vaxtsa son qoyacaqmı? Bu gün, XXI əsrin başlanğıcında, bu sual həmişəkindən daha böyük mə’na kəsb edir. Adama elə gəlir ki, amansızlıq hər yerdə baş alıb gedir. İnsanlar qəddarlıqdan, terrorizmdən və rüşvətxorluqdan azad bir dünyanın həsrətindədirlər!
2 Xoşbəxtlikdən, Yehovanın pisliyə son qoyacağına inanmaq üçün tam əsasımız var. Allahın gözəl xüsusiyyətləri haqqında bilməyimiz, Onun pislərə qarşı tədbirlər görəcəyinə əminliyimizi artırır. Yehova haqq-ədalət Allahıdır. Onun Kəlamında Məzmur 33:5 ayəsində deyilir: «Rəbb salehliyi və ədaləti sevir». Başqa məzmur isə bizi əmin edir: «[Yehova] pisə, zülmkarasa nifrət edir» (Məzmur 11:5). Əlbəttə ki, salehliyi və ədaləti sevən Qadir Yehova Allah nifrət etdiyi şeylərə əbədiyyən səbir etməyəcək.
3. Amosun peyğəmbərliyini nəzərdən keçirdikcə nəyi öyrənəcəyik?
3 Yehovanın pisliyi məhv edəcəyinə əmin olmaq üçün daha bir əsasımız var. Onun keçmişdə gördüyü işlər buna zəmanət verir. «Amos» kitabında Yehovanın pislərlə necə davrandığına dair parlaq nümunələr tapmaq olar. Amosun peyğəmbərliyini nəzərdən keçirməklə öyrənəcəyik ki, Allahın cəzası üç səciyyəvi xüsusiyyətə malikdir. Birincisi, Allah həmişə haqlı olaraq cəzalandırır. İkincisi, Onun cəzası qaçılmazdır. Üçüncüsü isə, Onun cəzası seçicidir, yə’ni Yehova pislərin üzərində hökmünü yerinə yetirir, amma düzgün əhval-ruhiyyəli ürəyə malik olub, tövbə edən insanlara mərhəmət göstərir (Romalılara 9:17-26).
Allah həmişə haqlı olaraq cəzalandırır
4. Yehova Amosu haraya və nə nəyə görə göndərmişdi?
4 Amosun günlərində qədim İsrail artıq iki padşahlığa bölünmüşdü. Bunların biri Yəhudanın ikiqəbiləli cənub padşahlığı, digəri isə İsrailin onqəbiləli şimal padşahlığı idi. Yehova Amosa peyğəmbərlik etmək tapşırığını verib, onu yaşadığı Yəhuda torpağından İsrailə göndərmişdi. Orada Amos Allahın hökmünü bəyan etməli idi.
5. Amos əvvəlcə hansı dövlətlərə qarşı peyğəmbərlik etdi və onlar hansı səbəbə görə Allahın cəzasına layiq idilər?
5 Amos öz xidmətini İsrailin inadcıl şimal padşahlığı üzərində Yehovanın hökmünü e’lan etməklə başlamır. Əvvəlcə o, Allahın hökmünü qonşuluqda yerləşən altı dövlətə qarşı e’lan edir. Bu dövlətlər Aram, Filişt, Sur, Edom, Ammon və Moav idi. Bu dövlətlər həqiqətənmi cəzaya layiq idilər? Şübhəsiz. Onları ümumi bir şey birləşdirirdi: onlar Yehovanın xalqının qəddar düşməni idilər.
6. Yehova nəyə görə e’lan edir ki, Aramın, Filiştin və Surun üzərinə fəlakət gətirəcəkdir?
6 Məsələn, Yehova aramlılara qarşı «Gileadı... vəllərlə» döydükləri üçün hökm çıxarmışdı (Amos 1:3). Aramlılar Gilead ərazisinin bir hissəsini — İordan çayının şərqində yerləşən vilayəti — zəbt edib, Allahın orada yaşayan xalqını bərk sıxışdırırdılar. Bəs Filişt və Sur haqqında nə demək olar? Filiştlilərin də günahı onda idi ki, israilliləri əsir götürüb edomlulara satırdılar və bə’zi israillilər surlu qul alverçilərinin əlinə düşürdülər (Amos 1:6, 9). Təsəvvür edin, Yehovanın xalqını kölə kimi satırlar! Buna görə də Yehovanın Aramın, Filiştin və Surun üzərinə fəlakət gətirəcəyi təəccüblü deyil.
7. Edom, Ammon və Moav dövlətlərini İsrail ilə bağlayan nə idi, lakin onlar bu xalqla necə davranırdılar?
7 Edom, Ammon və Moav xalqları İsrail üçün heç də yad deyildilər. Onlar qohum idilər. Edomlular İbrahimdən törənmişdilər və Yaqubun əkiz qardaşı İshaqın nəslindən idilər. Müəyyən mə’nada onlar israillilərlə qardaş idilər. Ammonlular və moavlılar İbrahimin qardaşı oğlu Lutdan törənmişdilər. Bəs Edom, Ammon və Moav israillilərlə qardaş kimi davranırdılarmı? Bu heç də belə deyildi! Edomlular insafsızcasına «öz qardaş xalqını» qılıncla qovur, ammonlular isə İsrail əsirləri ilə amansız davranırdılar (Amos 1:11, 13). Amos moavlıların Allahın xalqına qarşı göstərdikləri düşmənçilik haqqında birbaşa deməsə də, moavlılar da uzun müddət idi ki, İsrailə düşmən idilər. Bu üç qohum dövlətləri şiddətli cəza gözləyir. Yehova onları odla məhv edəcəyini söz vermişdir.
Allahın cəzası qaçılmazdır
8. Nəyə görə demək olar ki, altı xalqın cəzası qaçılmaz idi?
8 Doğrudan da, Amosun peyğəmbərliyinin birinci hissəsinin aid olduğu altı xalqın hamısı Allahın cəzasına layiq idi. Və onlar bu cəzadan heç cür qaçına bilməzdilər. «Amos» kitabının 1-ci fəslinin 3-cü ayəsindən 2-ci fəslinin 1-ci ayəsinə qədər Yehova altı dəfə: «Cəzasız buraxmayacağam» ifadəsini təkrar edir. Allah Öz sözünə sadiq qaldı və həmin xalqlara dair niyyətindən dönmədi. Tarix sübut edir ki, axırda onların hamısına fəlakət üz vermişdir. Və nəticədə onlardan dördü — Filişt, Moav, Ammon və Edom — hətta yer üzündən tamamilə silindi!
9. Yəhudilər nəyə layiq idilər və nə üçün?
9 Amos növbəti dəfə diqqəti yeddinci dövlətə — Yəhudaya yönəldir. Ola bilsin, İsrailin şimali padşahlığının sakinləri üçün Amosun öz vətəninə necə hökm e’lan etməsini eşitmək qəribə idi. Nəyə görə yəhudilər bu qədər ciddi hökmə layiq idilər? Amos 2:4 ayəsində deyilir: «Çünki Rəbbin qanununa xor bax»dılar. Yehova Onun Qanununa qəsdən e’tinasız yanaşanlara göz yummurdu. Amos 2:5 ayəsinə əsasən, O, əvvəlcədən demişdi: «Yəhudaya od yağdıracağam ki, Yerusəlimin qalalarını yandırıb-yaxsın».
10. Nəyə görə Yəhuda xalqı fəlakətdən yaxa qurtara bilmədi?
10 Sədaqətsiz Yəhuda xalqı yaxınlaşan bədbəxtlikdən qaçına bilməzdi. Yeddinci dəfədir ki, Yehova deyir: «Cəzasız buraxmayacağam» (Amos 2:4). Yəhuda padşahlığı peyğəmbərliyə əsasən, b. e. ə. 607-ci ildə babillilərin onu viran etdikləri vaxt cəzalandırıldı. Bu bir daha göstərir ki, pislər Allahın cəzasından yaxa qurtara bilməzlər.
11-13. Amos başlıca olaraq hansı dövlət haqqında peyğəmbərlik edirdi və oradakı zülmkarlıq hansı formaları alırdı?
11 Amos peyğəmbər Yehovanın hökmünü yeddi dövlətə e’lan etdi. Bəlkə də bə’ziləri onun peyğəmbərlik edib qurtardığını zənn edirdilər, lakin onlar yanılırdılar. Amosun hələ deməyə sözü vardı! O, ilk növbədə İsrailin şimal padşahlığına qarşı sərt hökm e’lan etmək üçün göndərilmişdi. İsrail Allahın qarşısında günah etmişdi, çünki xalq həm mə’nəvi, həm də ruhani cəhətdən acınacaqlı vəziyyətdə idi.
12 Amos peyğəmbərliyində İsrail padşahlığında yayılmış zülmkarlığı ifşa edir. Amos 2:6, 7 ayələrində bu haqda deyilir: «Rəbb belə deyir: “İsraillilərin üç-dörd qat günahına görə onları cəzasız buraxmayacağam, çünki onlar düz adamları pula, möhtacları da bir cüt çarığa satır, yoxsulları toz-torpağın içinə salıb əzir, məzlumlara yol vermir».
13 Düz adamları, yə’ni salehləri «pula» satırdılar, bu, ehtimal ki, hakimlərin rüşvət alıb günahsızları ittiham etdiklərini göstərir. Kredit verənlər, ola bilsin, cüz’i borcu geri almaq üçün yoxsulları «bir cüt çarığa» qul kimi satırdılar. Rəhmsiz insanlar yoxsulları o qədər əskildirdilə ki, onlar qəm-qüssələrinə və alçaldıldıqlarına işarə olaraq başlarına toz-torpaq səpirdilər. Rüşvətxorluq o qədər baş alıb getmişdir ki, məzlumların ədalət tapacaqlarına zərrə qədər də ümid yox idi.
14. İsrailin onqəbiləli padşahlığında kimlərə zülm edirdilər?
14 Diqqət yetirək ki, zülmə mə’ruz qalanlar düz adamlar, yoxsullar və məzlumlardır. Yehova ilə İsrail xalqı arasında bağlanan Qanun əhdi zəiflərə və möhtaclara mərhəmət göstərməyi tələb edirdi. Lakin İsrailin onqəbiləli padşahlığında yaşayan belə insanların vəziyyəti həqiqi mə’nada acınacaqlı idi.
«Allahınızı qarşılamağa hazır olun»
15, 16. a) İsraillilər nəyə görə: «Allahınızı qarşılamağa hazır olun» xəbərdarlığını almışdılar? b) Amos 9:1, 2 ayələrindən necə görünür ki, pislər Yehovanın cəzasından yaxa qurtara bilməyəcəklər? c) B. e. ə. 740-cı ildə İsrailin onqəbiləli padşahlığı ilə nə baş vermişdi?
15 İsrail xalqı əxlaqsızlığa və başqa günahlara da düçar olduğu üçün, Amos peyğəmbərin inadkar xalqa: «Allahınızı qarşılamağa hazır olun» deyə, xəbərdarlıq etməyə bütün əsası vardı (Amos 4:12). Sədaqətsiz İsrail xalqı Allahın yaxınlaşan hökmündən qaçına bilməzdi, çünki Yehova səkkizinci dəfədir ki: «Cəzasız buraxmayacağam» deyə e’lan edir (Amos 2:6). Ondan gizlənmək istəyən pis insanlar haqqında Allah deyir: «Onlardan heç kim qaçıb qurtula bilməz. Ölülər diyarına girsələr belə, onları orada ələ keçirəcəyəm. Göylərə qalxsalar belə, onları endirəcəyəm» (Amos 9:1, 2).
16 Pislər «ölülər diyarına», başqa sözlərlə desək, hətta ən dərin yerlərə girməyə çalışsalar da, Yehovanın cəzasından yaxa qurtara bilməyəcəklər. Onlar sığınacaq tapmaq üçün «göylərə», yə’ni dağların yüksəkliklərinə qalxmağa çalışsalar da, Allahın cəzasından qurtula bilməyəcəklər. Yehova kifayət qədər aydın xəbərdarlıq edir: Ondan heç yerdə gizlənmək mümkün deyil. Allahın ədaləti tələb edirdi ki, İsrail padşahlığı törətdiyi pis əməllərinə görə cavab versin. Və artıq cavab verməyin vaxtı gəlmişdi. B. e. ə. 740-cı ildə, Amosun peyğəmbərliyi yazıldıqdan təxminən 60 il sonra, İsrail aşşurlular tərəfindən zəbt edildi.
Allahın cəzası seçicidir
17, 18. «Amos» kitabının 9-cu fəslindən Allahın mərhəmətinə dair nə öyrənirik?
17 Amosun peyğəmbərliyi Allahın həmişə haqlı olaraq cəzalandırdığını və Onun cəzasının qaçılmaz olduğunu görməkdə bizə kömək etdi. Lakin «Amos» kitabından Allahın cəzasının həm də seçici olduğunu öyrənirik. Bəli, pislərin harada gizlənmələrindən asılı olmayaraq, Allah onları tapıb, üzərlərində Öz hökmünü yerinə yetirməyə qadirdir. O həm də saleh olan və tövbə edən, yə’ni mərhəmətə layiq insanları da tapa bilər. Bu fikir «Amos» kitabının sonuncu fəslində çox gözəl vurğulanır.
18 Bu kitabın 9-cu fəslinin 8-ci ayəsinə əsasən Yehova deyir: «Yaqub nəslini tamamilə silib-atmayacağam». 13-15-ci ayələrdə qeyd olunduğu kimi, Yehova söz verir ki, Öz xalqını «əsirlikdən qaytaracaq». Qayıdanlara mərhəmət ediləcək və onlar təhlükəsizlikdə və bolluq içində yaşayacaqlar. Yehova söz verir ki: «Kotan sürən biçinçiyə yetişəcək». Bu lap mö’cüzəyə oxşayır. Məhsul o qədər çox olacaq ki, onu yığıb qurtarmamış, yenidən yeri şumlayıb, toxum səpməli olacaqlar!
19. İsrailin və Yəhudeyanın qalığı ilə nə baş verdi?
19 Biz deyirik ki, Yehova Yəhudeyada və İsraildə yaşayan pis insanları seçici surətdə cəzalandırdı, belə ki, Allah ürəyi düzgün əhval-ruhiyyəyə malik olan və tövbə edən insanlara mərhəmət göstərdi. «Amos» kitabının 9-cu fəslində yazılmış bərpa haqqındakı və’d, b. e. ə. 537-ci ildə İsrailin və Yəhudeyanın tövbə etmiş qalığının Babil əsirliyindən qayıtdığı zaman yerinə yetdi. İsraillilər öz sevimli vətənlərində Allaha həqiqi ibadəti bərpa edirlər. Özlərini təhlükəsizlikdə hiss edən israillilər, yenidən evlər tikir, bağlar və üzümlüklər salırdılar.
Yehovanın hökmü tezliklə yerinə yetəcək
20. Amosun bəyan etdiyi Allahın hökmləri üzərində düşünərkən nəyə əmin oluruq?
20 Amosun bəyan etdiyi Allahın hökmləri üzərində düşünərkən, Yehovanın bizim günlərdə də pisliyə son qoyacağına əminliyimiz artır. Buna nəyə görə inanmaq olar? Birincisi, Yehovanın keçmişdə yaşamış pis insanlarla davrandığına dair nümunə, Onun bizim günlərdə necə davranacağını təsəvvür etməyə kömək edir. İkincisi isə, dönük İsrail padşahlığı üzərində Allahın hökmünün necə yerinə yetdiyini görərkən əmin oluruq ki, Allah yalan dinlərin ümumdünya imperiyası olan ‘Böyük Babildən’ ən ciddi mühakiməyə layiq olan Xristian dünyasını da məhv edəcəkdir (Vəhy 18:2).
21. Nəyə görə Xristian dünyası Allahın cəzasına layiqdir?
21 Sözsüz ki, Xristian dünyası Allahın cəzasına layiqdir. Özlərini Məsihin davamçısı adlandıranların mə’nəvi və ruhani cəhətdən acınacaqlı olan vəziyyətləri artıq çox şey deyir. Yehova Xristian dünyasına və Şeytan dünyasının qalan hissəsinə qarşı hökm çıxarmaqda haqlıdır. Bu hökmün yerinə yetməsi qaçılmazdır. Yehova Öz hökmünü icra etdiyi zaman «Amos» kitabının 9-cu fəslinin 1-ci ayəsinin sözləri yerinə yetəcəkdir: «Sağ qalanları Mən qılıncdan keçirəcəyəm. Onlardan heç kim qaçıb qurtula bilməz». Bəli, pislərin harada gizlənmələrindən asılı olmayaraq, Yehova onları tapacaq.
22. 2 Saloniklilərə 1:6-8 ayələrindən Allahın cəzasının hansı səciyyəvi xüsusiyyətləri görünür?
22 Allah həmişə haqlı olaraq cəzalandırır, Onun cəzası qaçılmaz və seçicidir. Bu, həvari Pavelin sözlərindən görünür: «Sizə əzab verənlərə əzabla və əzab çəkən sizlərə bizimlə birlikdə rahatlıqla əvəzini vermək Allah önündə doğru işdir. Bu, Rəbb İsanın qüdrətli mələkləri ilə alovlu atəş içərisində göydən zühur etdiyi zaman olacaqdır. Rəbbimiz İsa Məsih Allahı tanımayan və Özü barəsindəki Müjdəyə itaət etməyənlərə cəza verəcəkdir» (2 Saloniklilərə 1:6-8). Allahın məsh edilmiş xidmətçilərinə xətər yetirənlərə əvəzini vermək Yehovanın önündə doğru işdir, ona görə də belələri cəzaya layiqdir. Bu cəza qaçılmazdır, çünki pislər «Rəbb İsanın qüdrətli mələkləri ilə alovlu atəş içərisində... zühur etdiyi zaman» xilas olmayacaqlar. Allahın cəzası həm də seçici olacaqdır, belə ki, «Allahı tanımayan və... Müjdəyə itaət etməyən» kəslərdən İsa qisas alacaqdır. Allahın hökmünün yerinə yetməsi iztirablara dözüb, Allaha məqbul qorxuya malik olan insanlara təsəlli gətirəcəkdir.
Salehlər üçün ümid
23. «Amos» kitabından biz hansı ümid və təsəllini əldə edə bilərik?
23 Amosun peyğəmbərliyində düzgün əhval-ruhiyyəli ürəyə malik olan insanlar üçün də ümid və təsəlli haqda gözəl xəbər var. Əvvəlcədən deyildiyi kimi, Yehova qədim zəmanədə Öz xalqını tamamilə məhv etməmişdi. Sonda Allah israilliləri əsirlikdən vətənə qaytarıb, onları sülh və tərəqqi ilə xeyir-dualandırdı. Bu bizim günlər üçün nə deməkdir? Biz əmin ola bilərik ki, Yehova hökmünü yerinə yetirən zaman pislərin harada gizlənmələrindən asılı olmayaraq, onları üzə çıxaracaq və Öz mərhəmətinə layiq bildiyi insanları yerin istənilən yerindən tapacaqdır.
24. Yehovanın xidmətçiləri bu gün hansı xeyir-dualara sahibdirlər?
24 Biz, Yehovanın sadiq xidmətçiləri, Allahın pislər üzərində hökmünün yerinə yetəcəyi vaxtı gözləyərək, hansı hissləri keçiririk? Biz ruhani çiçəklənməyə və bol-bol xeyir-dualara sahibik! Allaha ibadətimiz Xristian dünyasının yalan tə’limlərindən azaddır. Yehova bizi bol-bol ruhani qida ilə tə’min edir. Lakin yadda saxlayaq ki, bu xeyir-dualarla bərabər üzərimizə həm də böyük məs’uliyyət düşür. Yehova gözləyir ki, biz başqalarını qarşıdan gələn hökm haqqında xəbərdar edək. Biz «əbədi həyata meylli olanları» tapmaq üçün əlimizdən gələni etməyə çalışırıq (Həvarilərin işləri 13:48, YD). Bəli, istəyirik ki, bizimlə bərabər mümkün qədər daha çox insanlar ruhani çiçəklənməyə sevinsinlər. Və istəmirik ki, Allah bir azdan hökmünü yerinə yetirən zaman onlar pislərlə birgə məhv olsunlar. Sözsüz ki, belə xeyir-duaları əldə etmək üçün, gərək biz düzgün əhval-ruhiyyəli ürəyə malik olaq. Növbəti məqalədən görəcəyimiz kimi, Amosun peyğəmbərliyində bu fikir də qeyd olunur.
Siz necə cavab verərdiniz?
• Amosun peyğəmbərliyi necə göstərir ki, Yehova həmişə haqlı olaraq cəzalandırır?
• Amos Allahın cəzasının qaçılmaz olduğunu necə sübut edir?
• «Amos» kitabından Allahın Öz hökmünü seçici surətdə yerinə yetirdiyi necə görünür?