Onların imanını təqlid edin
Məyusluğa baxmayaraq, o, tab gətirə bildi
ŞAMUEL Şiloda kədər içində idi. Şəhər göz yaşlarına qərq olmuşdu. Atalarının, ərlərinin, oğullarının və qardaşlarının bir daha evə qayıtmayacaqlarını bilən qadınların və uşaqların fəryad səsi aləmi bürümüşdü. Bildiyimizə görə, filiştlilər tərəfindən dəhşətli məğlubiyyətə uğramaları nəticəsində israillilərin 30 000 əsgəri həlak olmuşdu. Bundan əvvəlki döyüşdə isə onlar 4000 əsgər itirmişdilər (1 Şamuel 4:1, 2, 10).
Bu, baş verən faciələrdən sadəcə biri idi. Həmin gün baş kahin Elinin günah içində batmış Xofni və Pinxas adlı iki oğlu müqəddəs əhd sandığı ilə birlikdə döyüş meydanına çıxmışdılar. Müqəddəs məskənin — çadırdan qurulmuş məbədin içində yerləşdirilən bu qiymətli sandıq İsraildə Allahın iştirakının rəmzi idi. Qələbə qazanmaq üçün xalq gəlib sandığı döyüşə aparmışdı. Onlar əhd sandığına döyüşdə kömək edəcək talisman kimi baxırdılar. Lakin filiştlilər Xofnilə Pinxası öldürərək əhd sandığını ələ keçirdilər (1 Şamuel 4:3—11).
Əhd sandığı əsrlər boyu Şiloda müqəddəs məskəndə yerləşdiyi üçün bu yer müqəddəs sayılırdı. İndi isə əhd sandığı əllərindən alınmışdı. Bu xəbəri eşidəndə 98 yaşlı Eli kürsüdən arxaya yıxılıb ölür. Həmin gün Elinin dul qalmış gəlininin sancısı tutur və doğarkən həyatını itirir. O: «İsrail şərəfdən düşdü», — deyib son nəfəsini verir. Həqiqətən də, artıq Şilo əvvəlki kimi deyildi (1 Şamuel 4:12—22).
Şamuel bu dərdə necə dözəcəkdi? Yehovanın müdafiəsindən və iltifatından məhrum olmuş xalqa kömək edərkən yaranan çətinliklər qarşısında imanını hifz edə biləcəkdimi? Biz hamımız imanımızı sınağa çəkən çətinliklərlə və məyusedici hallarla üzləşirik. Buna görə də, gəlin, bu sahədə Şamueldən nə öyrənə biləcəyimizi nəzərdən keçirək.
O, «salehliyi bərqərar edir»
Bu hadisələrdən sonra Müqəddəs Kitab diqqəti Şamueldən əhd sandığına yönəldərək onu ələ keçirdikləri üçün filiştlilərin hansı bəlalara tuş gəldikləri və onu qaytarmağa necə məcbur edildikləri haqqında danışır. Müqəddəs Kitabda növbəti dəfə Şamueldən danışılanda həmin hadisədən artıq 20 il keçmişdi (1 Şamuel 7:2). Bu illər ərzində o nə ilə məşğul idi? Ehtimal etməyimizə ehtiyac yoxdur, çünki Müqəddəs Kitabın özü bu suala cavab verir.
Oradan oxuduğumuz kimi, «Şamuel bütün İsrailə Allahın sözlərini çatdırırdı» (1 Şamuel 4:1, «Yeni Dünya tərcüməsi»). Burada qeyd olunduğu kimi, bu vaxt ərzində Şamuel adəti üzrə hər il İsrailin üç şəhərini dolaşaraq yaranan mübahisələri və problemləri həll edirdi. Sonra isə evinə, Ramaya qayıdardı (1 Şamuel 7:15—17). Gördüyümüz kimi, Şamuel heç vaxt boş oturmayıb və bu 20 il ərzində onun işləri başından aşıb.
Elinin oğullarının əxlaqsızlığı və pozğunluğu xalqın imanını sarsıtmışdı. Görünür, elə buna görə də çoxları bütpərəstliyə qapılmışdı. Lakin iyirmiillik çətin işdən sonra Şamuel xalqa müraciət edib dedi: «Əgər bütün qəlbinizlə Rəbbə dönürsünüzsə, yad allahları, Aştoret bütlərini atıb ürəyinizi Rəbbə verin və yalnız Ona qulluq edin. Sizi Filiştlilərin əlindən O qurtaracaq» (1 Şamuel 7:3).
«Filiştlilərin əlindən» xalq boğaza yığılmışdı. İsrail ordusu darmadağın olduğundan filiştlilər Allahın xalqına zülm edirdi və onların qarşısını alan yox idi. Lakin Şamuel xalqı əmin etdi ki, əgər onlar Yehova Allaha tərəf dönsələr, hər şey tamam başqa cür olacaq. Xalq onun bu çağırışına hay verəcəkdimi? Şamuel üçün nə qədər təəccüblü olsa da, onlar «bütlərini rədd edib yalnız Rəbbə qulluq etdilər». Şamuel xalqı Yerusəlimdən şimalda dağlıq ərazidə yerləşən Mispa şəhərinə topladı. Xalq toplaşıb oruc tutdu və bütpərəstlik etdiklərinə görə bir çox günahlarından tövbə etdi (1 Şamuel 7:4—6).
Lakin filiştlilər bundan xəbər tutub əllərinə əla fürsət düşdüyünü düşündülər. Yehovanın bu xidmətçilərini məhv etmək üçün onlar Mispaya ordu göndərdilər. İsraillilər başlarının üstünü alan təhlükədən xəbər tutdular. Dəhşətə gələn xalq Şamueldən xahiş etdi ki, onlar üçün dua etsin. O, onların xahişini yerinə yetirdi və Allaha yandırma qurbanı təqdim etdi. Elə bu zaman filiştlilərin ordusu Mispaya hücum etmək üçün yaxınlaşanda Yehova Şamuelin duasına cavab verdi. Mahiyyət etibarilə, Yehova Öz qəzəbini bildirdi. O, «güclü səslə gurlayıb Filiştlilərin üzərinə vəlvələ saldı» (1 Şamuel 7:7—10).
Filiştliləri ildırım səsini eşidib qorxudan anasının arxasına gizlənən uşaq kimi təsəvvür etmək olarmı? Xeyr, onlar güclü və müharibə görmüş əsgərlər idi. Bu səs, görünür, əvvəllər eşitdikləri heç bir səsə bənzəmirdi. Demək olarmı ki, həmin ‘güclü səs’ qulağı dəlib keçən bir səs idi? Yaxud bu, aydın səmadan gələn bir səs və ya dağlardan qopan qeyri-adi əks-səda idi? Hər necə olsa da, filiştlilərin canına qorxudan vəlvələ düşmüşdü. Əvvəlcə hücumçular qismində çıxış edən bu əsgərlər indi hədəfə çevrilmişdilər. İsraillilər Mispadan çıxıb onları Yerusəlimdən cənuba doğru yol boyunca təqib edərək məğlub etdilər (1 Şamuel 7:11).
Bu döyüş Allahın xalqı üçün dönüş nöqtəsi oldu. Şamuelin hakimlik etdiyi dövrdə filiştlilər ayaqlarını bir də İsrail torpağına basmadılar. Alınmış şəhərlər bir-bir Allahın xalqına geri qaytarıldı (1 Şamuel 7:13, 14).
Əsrlər sonra həvari Pavel ‘salehliyi bərqərar edən’ hakimlərin və peyğəmbərlərin sırasında Şamuelin də adını çəkmişdi (İbranilərə 11:32, 33). Şamuel, həqiqətən də, insanlara Allahın gözündə yaxşı və düzgün olan şeyləri etməyə kömək edirdi. Məyusluğa baxmayaraq, o, səbirlə Yehovanı gözlədiyi və ona həvalə olunmuş işi sədaqətlə yerinə yetirdiyi üçün işində uğurlu idi. O həmçinin minnətdarlıq ruhu təzahür etdirirdi. Mispadakı qələbədən sonra Şamuel Yehovanın Öz xalqına kömək etməsinin xatirəsinə abidə qoydu (1 Şamuel 7:12).
Siz də ‘salehliyi bərqərar etmək’ istəyərdinizmi? Əgər istəyirsinizsə, Şamuelin səbir və təvazökarlığından, eləcə də təzahür etdirdiyi minnətdarlıq ruhundan çox şey öyrənə bilərsiniz. Kim istəməz ki, onda bu cür keyfiyyətlər olsun?! Nisbətən gənc yaşlarından bu cür xüsusiyyətlərə yiyələnməsi və onları təzahür etdirməsi Şamuelin xeyrinə oldu, çünki bu, sonrakı illərdə qarşılaşdığı məyusluqların öhdəsindən gəlməkdə ona kömək etdi.
‘Oğulları onun yolu ilə getmirdilər’
Müqəddəs Yazılarda Şamuel haqqında növbəti dəfə xatırlananda görürük ki, artıq o, ‘qocalıb’. O zaman onun yetkin yaşlarında olan Yoel və Aviya adında iki oğlu var idi; o, hakimlik işində ona kömək etmələri üçün onlara məsuliyyət həvalə etmişdi. Təəssüf ki, onlar onun ümidini doğrultmadılar. Şamuel dürüst və saleh olduğu halda, onun oğlanları mövqelərindən xudbin məqsədlər, düzgün olmayan hökmlər vermək və rüşvət almaq üçün istifadə edirdilər (1 Şamuel 8:1—3).
Günlərin bir günü İsrail ağsaqqalları şikayət üçün qoca peyğəmbərin yanına gəlib: «Oğulların sənin yolunla getmir», — dedilər (1 Şamuel 8:4, 5). Şamuelin bu problemdən xəbəri var idimi? Kitabda bu haqda heç nə deyilmir. Elidən fərqli olaraq, Şamuel töhmətəlayiq ata deyildi. Eli oğullarının etdikləri pisliklərə göz yumaraq onları Allahdan üstün tutduğu üçün Yehova onu məzəmmət etdi və cəzalandırdı (1 Şamuel 2:27—29). Şamueli isə oğullarının günahlarına görə təqsirləndirmədi.
Müqəddəs Kitab oğullarının pis davranışlarından xəbər tutanda Şamuelin rüsvayçılıq hissi keçirdiyi, narahat və ya məyus olub-olmadığı haqda heç nə demir. Bir çox valideynlər onun hansı hissləri keçirdiyini yaxşı başa düşürlər. Yaşadığımız çətin günlərdə valideynlərə və onların verdikləri təlim-tərbiyəyə qarşı üsyankarlıq baş alıb gedir (2 Timoteyə 3:1—5). Bu cür qəlb ağrısı keçirən valideynlər Şamuelin nümunəsindən, az da olsa, təsəlli tapa bilər və necə davranacaqlarına dair rəhbərlik əldə edə bilərlər. Şamuel yol vermədi ki, oğullarının imansız hərəkətləri onun nöqsansızlığına zərrə qədər də xələl yetirsin. Unutmayın ki, sözlər və təlim-tərbiyə boşa çıxsa da, valideynlərin nümunəsi güclü təsirə malikdir. Şamuel kimi, valideynlərin də öz Atalarının — Yehova Allahın ürəyini fərəhləndirmək imkanı var.
«Bizə bir padşah təyin et»
Şamuelin oğulları heç təsəvvür edə bilməzdilər ki, onların tamahkarlığı və xudbinliyi bu qədər ciddi nəticələrə səbəb olacaq. İsrailin ağsaqqalları Şamuelin yanına gəlib dedilər: «Digər millətlərdə olduğu kimi bizə bir padşah təyin et ki, bizə hökmranlıq etsin». Şamuel onların bu tələbini onu rədd etmək istəyi kimi qəbul edə bilərdimi? Axı o, artıq neçə onilliklər idi ki, bu xalqa Yehovanın adından hakimlik edirdi. İndi isə onlar Şamuel kimi peyğəmbər yox, onlara hakimlik edəcək padşah istəyirdilər. Qonşu xalqların padşahları olduğu kimi, israillilər də öz padşahlarının olmasını istəyirdilər. Şamuel bunu necə qəbul etdi? Oxuduğumuz kimi, o, «bu sözlərdən narazı qaldı» (1 Şamuel 8:5, 6).
Görün Şamuelin bu haqda duasına Yehova necə cavab verir: «Sənə dedikləri məsələlərlə əlaqədar xalqın hər sözünə qulaq as, çünki rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər». Bu, Şamuel üçün nə qədər təsəlliverici olsa da, Külli-İxtiyar Allaha qarşı çox təhqiramiz hərəkət idi! Yehova peyğəmbərə dedi ki, insan padşahı seçmələrinin onlara baha başa gələcəyi barədə israilliləri xəbərdar etsin. Şamuel sözlərini qurtarmağa macal tapmamış xalq cavab verdi: «Yox, mütləq üzərimizdə bir padşah olsun». Həmişə Allaha itaətkar olan Şamuel gedib Yehovanın seçdiyi adamı məsh etdi (1 Şamuel 8:7—19).
Bəs Şamuel necə itaətkarlıq göstərdi? O, bu işə incikliklə və candərdimi yanaşdı? Ürəyində kin yaranmasına və kök salmasına yol verdimi? Ola bilsin, çoxları məhz belə də edərdilər, lakin Şamuel buna yol vermədi. O, Şaulu məsh etdi və onun Yehova tərəfindən seçildiyini qəbul etdi. Yeni padşahı qəbul etməsinə və ona tabe olmasına əlamət olaraq onu öpdü. Sonra xalqa üz tutub dedi: «Rəbbin seçdiyi bu xalqın arasında bənzəri olmayan adamı görürsünüzmü?» (1 Şamuel 10:1, 24).
Şamuel diqqətini Yehovanın seçdiyi şəxsin nöqsanlarına yox, onun yaxşı cəhətlərinə yönəldirdi. O, dəyişkən xalqın rəğbətini qazanmaqdan çox, Allah qarşısında nöqsansızlığını qorumaq barədə düşünürdü (1 Şamuel 12:1—4). Həmçinin Allahın xalqına qarşılaşdıqları ruhani təhlükələrdən qaçınmaq üçün məsləhətlər verərək və onları Yehovaya sadiq qalmağa təşviq edərək öz təyinatını sədaqətlə yerinə yetirdi. Xalq onun məsləhətini ürəkdən qəbul etdi və onlar üçün Allaha dua etsin deyə Şamuelə yalvardı. O da onlara gözəl cavab verdi: «Sizin üçün yalvarmağı dayandırmaqla Rəbbə qarşı günah etmək qoy məndən uzaq olsun. Mən sizə xeyirli və düz yol öyrədəcəyəm» (1 Şamuel 12:21—24).
Bəs siz necə, hansısa vəzifə və ya məsuliyyət başqasına həvalə olunanda məyus olursunuzmu? Şamuelin nümunəsi bir daha xatırladır ki, heç vaxt qısqanclığın ürəyimizdə kök salmasına yol verməməliyik. Çünki Allah hər bir sadiq xidmətçisini faydalı və məmnunluq gətirən işlə təmin edə bilər.
«Nə vaxta qədər... [Şaulun] dərdini çəkəcəksən?»
Şamuel Şaulda yaxşı cəhətlər görməkdə yanılmırdı, çünki o, çox gözəl insan idi. Şaul boylu-buxunlu, yaraşıqlı, cəsarətli və fərasətli, həmçinin sadə və təvazökar idi (1 Şamuel 10:22, 23, 27). Bu keyfiyyətlərdən əlavə, o, daha bir ənama — azad iradəyə, öz həyat yolunu seçmək və şəxsi qərarlar qəbul etmək bacarığına malik idi (Qanunun təkrarı 30:19). O bu ənamdan düzgün istifadə etdimi?
Təəssüf ki, insana hakimiyyət və səlahiyyət veriləndə çox vaxt bu onun təvazökarlığını itirməsinə gətirib çıxarır. Şaul qısa bir zamanda dikbaş bir insana çevrildi. O, Yehovanın Şamuel vasitəsilə ona verdiyi göstərişlərə itaət etmədi. Bir dəfə Şaul səbirsizlik edib yalnız Şamuelin təqdim etməli olduğu qurbanı təqdim etdi. Şamuel onu ciddi məzəmmət etdi və bildirdi ki, padşahlıq onun ailəsindən alınacaq. Bundan özünə ibrət dərsi götürmək əvəzinə, Şaul daha da betər itaətsizliklərə yol verdi (1 Şamuel 13:8, 9, 13, 14).
Yehova Şamuel vasitəsilə Şaula amaleqlilərə qarşı müharibə etməsini tapşırdı. Yehovanın göstərişlərinə zalım padşah Aqaqı öldürmək əmri də daxil idi. Lakin Şaul məhv etməli olduğu Aqaq padşahı, eləcə də ələ keçirdiyi qənimətin ən yaxşılarını saxladı. Şamuel Şaulu məzəmmət edəndə onun artıq nə dərəcədə dəyişdiyi üzə çıxdı. O, məzəmməti təvazökarlıqla qəbul etmək əvəzinə, özünə və hərəkətlərinə bəraət qazandıraraq özünü təmizə çıxarmağa və günahın hamısını xalqın üstünə atmağa çalışdı. Şaul ələ keçirilmiş qənimətin Yehovaya təqdim etmək üçün nəzərdə tutulduğunu iddia etməklə məzəmmətdən boyun qaçırmaq istəyəndə Şamuel növbəti sözləri dedi: «Bax itaət etmək qurbandan... daha yaxşıdır». Şamuel cəsarətlə ona töhmət verərək Yehovanın qərarını açıqladı: padşahlıq Şaulun əlindən alınaraq başqasına — ondan daha yaxşısına veriləcək (1 Şamuel 15:1—33).
Şaulun günahlarına görə Şamuel dərin sarsıntı keçirmişdi. O, bütün gecəni Yehovaya fəryad edib ağladı, hətta ona görə yas tutdu. Şamuel Şaulda o qədər potensial, o qədər yaxşı şeylər görürdü ki... İndi isə onun bütün ümidləri puç olmuşdu. Bir vaxtlar tanıdığı o insan artıq həmin insan deyildi — bütün yaxşı xüsusiyyətlərini itirmiş və Yehovaya qarşı çıxmışdı. Şamuel bir daha Şaulu görmək istəmədi. Lakin müəyyən müddətdən sonra Yehova Şamuelin düşüncə tərzinə düzəliş etdi: «İsrail üzərində padşah olmasın deyə Şaulu rədd etdiyim halda sən nə vaxta qədər onun dərdini çəkəcəksən? Yağ buynuzunu yağla doldur və get. Səni Bet-Lexemli [betlehemli] Yesseyin yanına göndərirəm. Çünki onun oğulları arasında özüm üçün padşah təyin etmişəm» (1 Şamuel 15:34, 35; 16:1).
Yehovanın niyyəti qeyri-kamil insanların sadiq qalıb-qalmamalarından asılı deyil. Əgər kimsə sadiqliyindən dönərsə, Yehova niyyətini həyata keçirmək üçün başqasını tapacaq. Buna görə də, ahıl yaşlı Şamuel Şaula görə kədərlənməyə son qoydu. Yehovanın göstərişilə Şamuel Yesseyin yaşadığı Beytlehemə yola düşdü və orada onun boylu-buxunlu oğullarını gördü. Lakin Şamuel böyük oğula baxanda Yehova dedi: «Onun görünüşünə və uca boyuna baxma... Ona görə ki Rəbb insanın gördüyü kimi görməz, çünki insan zahirə, Rəbb isə ürəyə baxar» (1 Şamuel 16:7). Sonda Şamuel Yesseyin ən kiçik oğlunu — Yehovanın seçdiyi Davudu gördü.
Şamuel həyatının son illərində Yehovanın Şaulu Davudla əvəz etmək qərarının düzgün olduğunu aydın görürdü. Şaul Davuda o qədər paxıllıq edirdi ki, onu öldürmək qərarına gəldi, axırda da Allaha qarşı çıxaraq dönük oldu. Davud isə cəsarət, nöqsansızlıq, iman və sədaqət kimi gözəl xüsusiyyətlər təzahür etdirirdi. Ömrünün sonuna yaxın Şamuelin imanı get-gedə daha da möhkəmlənirdi. O, bir şeyə əmin olmuşdu: elə bir məyusedici problem və ya vəziyyət yoxdur ki, Yehova onu həll edə, hətta xeyir-duaya çevirə bilməsin. Beləliklə, Şamuel təxminən 100 il gözəl ömür sürüb həyatını başa vurdu. Bütün İsrail xalqının bu sadiq insan üçün yas tutması təəccüblü deyil! Yaxşı olardı ki, Yehovanın hər bir müasir xidmətçisi özündən soruşsun: «Mən Şamuelin imanını təqlid edirəmmi?»
[25-ci səhifədəki şəkil]
Şamuel öz xalqına ağır itkinin və məyusluğun öhdəsindən gəlməyə necə kömək etdi?
[26-cı səhifədəki şəkil]
Şamuel oğullarının pis əməlləri ucbatından düşdüyü məyusluğun öhdəsindən necə gələ bildi?