Səni sevən Allahı sev
«Rəb Allahını bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev» (MATTA 22:37).
1, 2. Fəriseylər nə üçün İsadan ən böyük əmrin nə olduğunu soruşdular?
İSA MƏSİHİN günlərində fəriseylər bir sualın üstündə qızğın müzakirələr aparırdılar. Allahın Musaya verdiyi 600-dən çox qanundan hansı daha vacib idi? Görəsən bu, qurban gətirməkləmi bağlı qanun idi? Axı qurbanlar həm günahların bağışlanması, həm də Allaha minnətdarlıq bildirmək üçün gətirilirdi. Yoxsa ən böyük qanun sünnət haqqındakı qanun idi? Bu qanun da vacib idi, çünki sünnət Yehovanın İbrahimlə bağladığı əhdin əlaməti idi (Yaradılış 17:9-13).
2 Fəriseylərdən bə’ziləri bir qanunu o birisindən üstün tutmağı günah sayırdı. Onların fikrincə, ilk baxışdan əhəmiyyətsiz görünsə belə, Allahın verdiyi hər bir qanun vacib idi. Fəriseylər bu mübahisəli sualla İsanın yanına gəldilər. Onlar İsanı sözdə tutub, xalqın gözündə e’tibardan salmaq istəyirdilər. Onlardan biri İsadan soruşdu: «Müqəddəs Qanunda ən böyük əmr hansıdır?» (Matta 22:34-36).
3. İsanın sözlərinə görə ən böyük əmr hansıdır?
3 İsanın cavabı bizim üçün də xüsusi əhəmiyyət kəsb edir. Cavabında o, həqiqi ibadətin özəyində duran amili fəriseylərə xatırlatdı. Qanunun təkrarı 6:5 ayəsinə istinad edərək İsa dedi: «Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev. Bu, birinci və ən böyük əmrdir». Fəriseyi yalnız ən böyük əmr maraqlandırsa da, İsa Levililər 19:18 ayəsindən sitat gətirib, ikinci böyük əmri də dedi: «Qonşunu özün kimi sev». İsa bildirdi ki, bu iki qanun təmiz ibadətin bünövrəsidir. Sonra fəriseyin daha hansı qanunun vacib olduğunu soruşmaması üçün onu qabaqlayıb, sözlərinə yekun vurdu: «Bütün Qanun və peyğəmbərlər bu iki əmrə bağlıdır» (Matta 22:37-40). Bu məqalədə iki əmrdən ən böyüyünü araşdıracağıq. Allahı nə üçün sevməliyik? Allahı sevdiyimizi necə göstərə bilərik? Allaha məhəbbətimizi necə artıra bilərik? Bu sualların cavabını bilmək zəruridir. Çünki Yehovanı razı salmaq istəyiriksə, Onu bütün ürəyimizlə, bütün canımızla və bütün düşüncəmizlə sevməliyik.
Həqiqi ibadətdə məhəbbətin rolu
4, 5. a) İsanın sözləri fəriseyi nə üçün təəccübləndirmədi? b) Allah qurban və təqdimlərdən daha çox nəyi qiymətləndirir?
4 İsanı sorğu-suala tutan fəriseyi aldığı cavab təəccübləndirmədi, çünki bu onun üçün yenilik deyildi. Çoxlarında Allah sevgisi olmasa da, o bilirdi ki, Allaha məhəbbət həqiqi ibadətin vacib hissəsidir. O vaxtlar sinaqoqlarda Şma adlanan yəhudi duasını ucadan söylənilirdi. Bu duaya İsanın sitat gətirdiyi Qanunun təkrarı 6:4-9 ayələri də daxil idi. «Markın müjdəsi»nə əsasən, fərisey İsaya belə cavab verdi: «Müəllim! Doğru dedin ki, Allah birdir, Ondan başqası yoxdur. Və Onu bütün ürəklə, bütün zəka ilə, bütün canla, bütün qüvvətlə sevmək, qonşunu özün kimi sevmək yandırılan bütün qurban heyvanlarından və digər qurbanlardan üstündür» (Mark 12:32, 33).
5 Qanun yandırma və başqa qurbanları gətirməyi tələb etsə də, Allah üçün ən əsası xidmətçilərinin Ona olan məhəbbəti idi. Allahın gözündə məhəbbət və sədaqətlə təqdim olunan sərçə, xudbinliklə gətirilən minlərlə qoçdan daha dəyərli idi (Mikeya 6:6-8). İsanın Yerusəlim mə’bədində gördüyü kasıb dul qadın haqqında bir düşün. Onun ianə qutusuna atdığı pula heç bir dənə də sərçə almaq olmazdı. Ancaq Yehova üçün məhəbbətlə edilən ianə, imkanlı adamların varlarının artığından gətirdiyi qurbanlardan daha üstün idi (Mark 12:41-44). Hər birimiz şəraitimizdən asılı olmayaraq, Allahı sevə bilərik. Yehova da, bizdə məhz bunu qiymətləndirir!
6. Həvari Pavel məhəbbətin vacibliyini necə göstərmişdi?
6 Həvari Pavel həqiqi ibadətdə məhəbbətin rolunu vurğulayaraq yazmışdı: «Əgər mən, insan və mələk dilləri ilə danışıram, lakin məhəbbətə malik deyiləmsə deməli mən cingildəyən mis və ya səslənən sincəm. Əgər peyğəmbərlik ən’amım varsa və bütün sirrləri bilirəmsə, hər cür biliyə və dağları yerindən tərpədəcək dərəcədə tam imana malikəmsə, amma məhəbbətim yoxsa, mən heçəm. Və əgər bütün varımı paylayıb yoxsulları doyduraramsa, bədənimi yandırılmağa təslim edərəmsə, lakin məhəbbətim yoxsa, bunun mənə heç bir xeyri yoxdur» (1 Korinflilərə 13:1-3). Bu ayələrdən aydın görünür ki, Allahı razı salmaq istəyiriksə, Ona məhəbbətdən irəli gələrək ibadət etməliyik. Bəs Yehovanı sevdiyimizi necə göstərməliyik?
Yehovanı sevdiyimizi əməldə göstəririk
7, 8. Yehovanı sevdiyimizi necə göstərə bilərik?
7 Çoxları üçün sevgi idarə olunmaz bir duyğudur. Ancaq əsl məhəbbət yalnız hisslərlə bağlı deyil. O, əməllərdə görünür. Müqəddəs Kitab bizi məhəbbətə ‘can atmağa’ cağırır və onu «ə’la yol» adlandırır (1 Korinflilərə 12:31; 14:1). Məsihçilər ‘sözdə və dildə deyil, əməldə və həqiqətdə sevməlidirlər’ (1 Yəhya 3:18).
8 Allahı seviriksə Ona xoş gedən işləri görəcək, sözdə və əməldə Onun hakimiyyətinin tərəfdarı olduğumuzu göstərəcəyik. Biz həmçinin dünyanı və onun allahsız işlərini sevməyəcəyik (1 Yəhya 2:15, 16). Allahı sevən adam şərə nifrət edir (Məzmur 97:10). Allahı sevən insan həm də Onun qarşısında itaətkar olmalıdır. Müqəddəs Kitabda yazılıb: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir» (1 Yəhya 5:3). Allahı sevən insanları da sevəcəkdir. Bu mövzunu isə növbəti məqalədə müzakirə edəcəyik.
9. İsa Allahı sevdiyini necə göstərmişdi?
9 İsa Allahı sevməyin nə demək olduğunu mükəmməl surətdə nümayiş etdirmişdi. Məhəbbət onu göydəki evini tərk edib, yer üzündə insan kimi yaşamağa təşviq etdi. Məhəbbət onda sözləri və əməlləri ilə Atasını izzətləndirmək arzusu oyatdı. Məhəbbətdən irəli gələrək İsa «ölümədək itaətkarlıq etdi» (Filipililərə 2:8). İsa itaətkar qalaraq, Allahı sevdiyini göstərdi. Bunun sayəsində, sadiq insanlar Allah qarşısında saleh sayılırlar. Pavel yazırdı: «Bir adamın [Adəmin] itaətsizliyi üzündən bir çoxları necə günahkar sayıldısa, eləcə də bir Nəfərin [İsa Məsihin] itaəti sayəsində bir çoxları saleh sayılacaqdır» (Romalılara 5:19).
10. Allahı sevən insan nə üçün itaətkar olmalıdır?
10 İsa kimi biz də Allahı sevdiyimizi itaətkarlığımızla göstəririk. İsanın sevimlisi həvari Yəhya yazırdı: «Məhəbbət isə bundan ibarətdir ki, biz Onun əmrlərinə görə hərəkət edək» (2 Yəhya 6). Yehovanı ürəkdən sevənlər rəhbərliyi Ondan gözləyirlər. Onlar başa düşürlər ki, addımlarını uğurla istiqamətləndirmək öz əllərində deyil. Buna görə də Allahın müdrikliyinə bel bağlayır və Onun məhəbbətlə verdiyi rəhbərliyinə tabe olurlar (Yeremya 10:23). Belə insanlar birinci əsrdəki alicənab veriyalılara bənzəyirlər. Veriyalılar Allahın iradəsini yerinə yetirmək istədikləri üçün müjdəni «böyük şövqlə» qəbul etdilər (Həvarilərin işləri 17:11). Onlar Müqəddəs Yazıları diqqətlə araşdırırdılar ki, Allahın iradəsini daha dərindən başa düşsünlər. Bunun sayəsində, sonralar da Allaha itaət edərək Ona olan məhəbbətlərini göstərə bildilər.
11. Allahı bütün ürək, düşüncə, can və qüvvə ilə sevmək nə deməkdir?
11 İsanın söylədiyi kimi Allahı bütün ürəyimizlə, bütün düşüncəmizlə, bütün canımız və qüvvəmizlə sevməliyik (Mark 12:30). Belə məhəbbət ürəkdən gəlir, hisslərimizi, arzularımızı, ən dərin fikirlərimizi əhatə edir, bizdə Yehovanı sevindirmək arzusu yaradır. Düşüncə ilə sevmək o deməkdir ki, biz Allaha kor-koranə sadiq qalmırıq, Yehovanı tanıyır, Onun keyfiyyətlərini, normalarını və niyyətlərini bilirik. Biz canımızı — bütün varlığımızı və həyatımızı Allaha xidmətə, Onu izzətləndirməyə həsr edirik. Gücümüzü də eyni məqsədlər üçün sərf edirik.
Allahı nə üçün sevməliyik?
12. Allah Onu sevməyimizi nə üçün istəyir?
12 Birinci səbəb odur ki, Yehova Onun keyfiyyətlərini təzahür etdirməyimizi istəyir. Allah məhəbbətin həm mənbəyi, həm də ən gözəl nümunəsidir. Allahdan ilham almış həvari Yəhya yazmışdı: «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Allah insanı Öz surətində yaradıb; onu sevmək üçün yaradıb. Yehovanın hakimiyyəti də məhəbbətə əsaslanıb. Allah istəyir ki, xidmətçiləri Onun ədalətli hakimiyyətini arzulayıb sevsinlər. Bütün kainatda sülh və əmin-amanlığın hökm sürməsi üçün məhəbbətin rolu misilsizdir.
13. a) İsraillilərə nə üçün Yehovanı sevmək əmri verilmişdi? b) Yehovanın bizdən məhəbbət gözləməsi nə üçün məntiqəuyğundur?
13 Göstərdiyi qayğıya görə minnətdarlıq hissi ürəyimizdə Yehovaya qarşı məhəbbət oyadır. İsanın yəhudilərə dediyi sözləri yadına sal: ‘Rəb Allahını sev’. Yəhudilər tanımadıqları, yad ilahi varlığı deyil, onları sevən Şəxsi sevməli idilər. Yehova onların Allahı idi. Onları Misirdən çıxarıb, Və’d olunmuş diyara gətirən, müdafiə edən, qeydlərinə qalan, əzizləyən, məhəbbətlə düz yola çəkən Yehova idi. İndi Yehova bizim Allahımızdır. Əbədi həyatı almağımız üçün O bizdən Oğlunu belə, əsirgəmədi. Buna görə də Yehovanın bizdən məhəbbət gözləməsi məntiqəuyğundur. Biz Allahın məhəbbətinə cavab verir, bizi ‘birinci sevən’ Allahı sevirik (1 Yəhya 4:19).
14. Yehovanın məhəbbətini valideyn məhəbbəti ilə necə müqayisə etmək olar?
14 Yehovanın bəşəriyyətə olan məhəbbətini valideyn məhəbbəti ilə müqayisə etmək olar. Qeyri-kamil valideynlər illərlə ağır zəhmət çəkir, boğazlarından kəsib uşaqlarını böyüdürlər. Uşaqlarını həyatda xoşbəxt görmək üçün ata-ana onlara öyüd-nəsihət verir, dayaq olur, düzgün yol göstərir. Bəs əvəzində onlar övladlarından nə gözləyirlər? Məhəbbət və minnətdarlıq. Bu halda, kamil səmavi Atamızın bizdən məhəbbət və minnətdarlıq gözləməsi məntiqəuyğun deyilmi?
Allaha məhəbbətinizi artırın
15. Allaha məhəbbətimizi artırmaq üçün birinci növbədə nə etməliyik?
15 Biz Allahı nə görmüşük, nə də səsini eşitmişik (Yəhya 1:18, İ–93). Bununla belə, Allah bizi Ona yaxınlaşmağa çağırır (Yaqub 4:8). Allaha necə yaxınlaşmaq olar? İnsanla yaxın münasibət qurmaq üçün birinci növbədə onunla yaxından tanış olmaq lazımdır. Tanımadığımız adamı sevə bilmərik. Yehova bəşəriyyətə Müqəddəs Kitabı verib ki, insanlar oxuyub Onu tanısınlar. Buna görə də, O, təşkilatı vasitəsilə bizi Müqəddəs Kitabı müntəzəm olaraq oxumağa təşviq edir. Məhz Müqəddəs Kitabdan Allahın şəxsiyyəti, keyfiyyətləri, o cümlədən minilliklər boyu müxtəlif insanlarla münasibəti barədə öyrənirik. Öyrəndiklərimizin üzərində düşünəndə isə, Allahı daha çox dərk edir, Ona olan məhəbbətimiz artır (Romalılara 15:4).
16. İsanın xidməti üzərində düşünərkən Allaha məhəbbətimiz necə artır?
16 Yehovaya olan məhəbbətimizin artması üçün İsanın həyatı və xidməti haqqında düşünməliyik. Bu, ən əsas üsuldur. İsa boş yerə deməmişdi ki, onu görən «Atanı görmüş olur». O, Allahın keyfiyyətlərini mükəmməl tərzdə əks etdirirdi (Yəhya 14:9). Məgər dul qadının yeganə oğlunu dirildən İsanın şəfqəti səni mütəəssir etmirmi? (Luka 7:11-15). Ən dahi insan olan Allahın Oğlunun təvazökarlıqla şagirdlərinin ayağını yuması ürəyini riqqətə gətirmirmi? (Yəhya 13:3-5). Məgər ən müdrik və ən dahi insanın hamı ilə, o cümlədən uşaqlarla sadə davranması səni tə’sirləndirmirmi? (Mark 10:13, 14). Bunların üzərində minnətdarlıqla düşünsək, Peterin öz məktubunu ünvanladığı məsihçilərə oxşayarıq: «Siz İsa Məsihi görmədiyiniz halda, Onu sevirsiniz» (1 Peter 1:8). İsanı sevdikcə, Allaha qarşı məhəbbətimiz də artacaq.
17, 18. Nələrin üzərində düşünəndə Yehovaya olan məhəbbətimiz artır?
17 Yehovanın həyatdan həzz almağımız üçün yaratdığı gözəl təbiət, cürbəcür dadlı, ləziz yeməklər, dostluq münasibətləri və saysız-hesabsız başqa şeylər haqqında düşünəndə Allaha olan məhəbbətimiz birə-min artır (Həvarilərin işləri 14:17). Allahımız haqqında nə qədər çox öyrəniriksə, bir o qədər də Onun sonsuz xeyirxahlığı və səxavətinə görə minnətdar oluruq. Yehovanın şəxsən sənə etdiyi yaxşılıq üzərində bir düşün. Məgər razı deyilsən ki, Allah sənin məhəbbətinə layiqdir?
18 Allahın bəşəriyyətə verdiyi bəxşişlərdən biri də duadır. İnsan ‘duaları Eşidənin’ onu dinlədiyinə əmin olaraq, istənilən vaxt dua edə bilər (Məzmur 65:2). Yehova Öz sevimli Oğluna padşahlıq və hakimlik etmək səlahiyyəti versə də, nə ona, nə də başqalarına duaları dinləmək ixtiyarını verməyib. O, dualarımızı şəxsən Özü dinləyir. Yehovanın belə məhəbbətlə qeydimizə qalması bizi Ona yaxınlaşdırır.
19. Yehovanın hansı və’dləri bizi ona cəlb edir?
19 Yehovanın insanlar üçün gələcəkdə nə edəcəyi barəsində düşünməklə də Ona yaxınlaşırıq. Allah xəstəliyə, kədərə və ölümə son qoyacağını və’d edir (Vəhy 21:3, 4). Bəşəriyyət kamilliyə qovuşanda heç kəs depressiyadan əziyyət çəkməyəcək, ruhdan düşməyəcək, bəlalara düçar olmayacaq. Aclıq, yoxsulluq və müharibəyə son qoyulacaq (Məzmur 46:9; 72:16). Yer üzü Cənnətə çevriləcək (Luka 23:43). Yehova bizə bu xeyir-duaları məcburiyyət qarşısında qaldığından deyil, sevdiyindən verəcək.
20. Musa Yehovanı sevməyin hansı xeyir-duaları gətirdiyini demişdi?
20 Beləliklə, Allahı sevməyə və bu sevgini artırmağa tutarlı səbəblərimiz vardır. Bəs sən, Allaha məhəbbətini artırmaq üçün sə’ylə çalışacaqsanmı? Allahın həyatda atdığın addımları istiqamətləndirməsinə yol verəcəksənmi? İxtiyar sahibi sənsən. Musa Allahı sevməyin xeyir-dua gətirdiyini başa düşürdü. O, israillilərə demişdi: «Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz. Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın. Çünki sizin həyatınız Odur» (Qanunun təkrarı 30:19, 20).
Xatırlayırsınızmı?
• Yehovanı sevmək nə üçün vacibdir?
• Allahı sevdiyimizi nə ilə göstərə bilərik?
• Yehovanı sevmək üçün hansı səbəblərimiz vardır?
• Allaha olan məhəbbətimizi necə artıra bilərik?
[20-ci səhifədəki şəkil]
Yehova hər birimizin Ona olan məhəbbətini qiymətləndirir.