Yehovanın gününə hazır olun
“Hazır olun; çünki İnsan Oğlu sizin zənn etmədiyiniz saatda gələcəkdir” (MATTA 24:44).
1. Yehovanın gününü nəyə görə xatırlamalıyıq?
YEHOVANIN “qorxunc günü” döyüş və qəzəb, ağrı və fəlakət, zülmət və viranəlik günü olacaq. Tufan Nuhun günlərində mövcud olan pozğun dünyanı məhv etdiyi kimi, Yehovanın “böyük və qorxunc günü” də mütləq indiki pozğun sistemin üzərinə gələcək. Həmin gün tə’xirə salınmayacaq. Fəqət “hər kim Rəbbin ismini çağırarsa qurtulacaq” (Yoel 2:30-32; Amos 5:18-20). Allah düşmənlərini məhv edəcək, Öz xalqını isə xilas edəcək. Peyğəmbər Tsefanya zərurilik hissi ilə bəyan edir: “Rəbbin böyük günü yaxındır, yaxındır və çox tez gəlir” (Tsefanya 1:14). Bəs Allahın hökmü nə vaxt həyata keçiriləcək?
2, 3. Yehovanın gününə hazırlaşmaq nəyə görə son dərəcədə zəruridir?
2 İsa demişdir: “O günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir; Atadan başqa heç kim bilmir” (Matta 24:36). Dəqiq vaxtı bilmədiyimiz üçün 2004-cü il üçün olan ayənin sözlərini ürəkdən qəbul etməliyik. Ayə bu cür səslənir: “Oyaq durun... hazır olun” (Matta 24:42, 44).
3 İsa hazır olanların xilas üçün nə dərəcədə qəfildən toplanacaqlarını, hazır olmayanların isə qalacaqlarını göstərdi: “Tarlada iki nəfər olacaq; biri alınacaq, biri isə qalacaqdır. Dəyirmanda dən üyüdən iki qadın olacaq; biri alınacaq, biri isə qalacaqdır” (Matta 24:40, 41). Bu həlledici vaxtda bizlərdən hər birimizlə nə baş verəcək? Biz hazır olacağıq, yoxsa o gün bizi qəfil yaxalayacaq? Çox şey bizim hazırda gördüyümüz tədbirlərdən asılıdır. Yehovanın gününə hazır olmağımız üçün biz bu gün geniş yayılmış müəyyən əhval-ruhiyyədən qaçınmalı, ruhani durum üçün təhlükəli olan müəyyən vəziyyətlərdən qorunmalı və həyat tərzinin müəyyən müxtəlifliyindən qaçınmalıyıq.
Arxayınçılıq əhval-ruhiyyəsindən qaçının
4. Nuhun günlərində hansı əhval-ruhiyyə üstünlük təşkil edirdi?
4 Nuhun günlərinə nəzər salaq. Müqəddəs Kitabda deyilir: “Nuh iman vasitəsilə, hələ zahir olmayan şeylər haqqında Allah tərəfindən xəbərdar edilib, öz ailəsini xilas etmək üçün ixlaskarlıqla gəmi hazırladı” (İbranilərə 11:7). Gəmi həm qeyri-adi, həm də diqqəti cəlb edən olmalı idi. Bundan əlavə, Nuh “salehlik təbliğçisi” idi (2 Peter 2:5). Lakin nə gəminin tikilməsi, nə də ki, Nuhun təbliğ fəaliyyəti onun müasirlərini hərəkətə təşviq etmədi. Nəyə görə? Ona görə ki, onlar “yeyib, içib, evlənib, ərə gedirdilər”. Nuhun təbliğ etdiyi kəslər öz işlərinə və zövqlərinə o dərəcədə aludə olmuşdular ki, “tufan gəlib hamısını aparıncaya qədər... bixəbər idilər [“fikirləşmirdilər”, YD]” (Matta 24:38, 39).
5. Lutun günlərində Sodomun sakinləri hansı nöqteyi-nəzərə malik idilər?
5 Eyni vəziyyət Lutun günlərində də hökm sürürdü. Müqəddəs Yazılarda deyilir: “İnsanlar yeyir, içir, alır, satır, əkir, tikirdilər. Lakin Lut Sodomdan çıxdığı gün göydən od və kükürd yağdı və hamını məhv etdi” (Luka 17:28, 29). Mələklər Lutu qarşıdan gələn fəlakət barəsində xəbərdar etdikdən sonra o, olacaq şeylər barəsində kürəkənləri ilə söhbət etdi. Lakin onlar “güman etdilər ki, o zarafat edir” (Yaradılış 19:14, MKŞ).
6. Biz hansı əhval-ruhiyyədən qaçınmalıyıq?
6 Nuhun və Lutun günləri necə idisə, İsanın sözlərinə görə “İnsan Oğlunun gəlişi də bu cür olacaqdır” (Matta 24:39; Luka 17:30). Doğrudan da, bu gün insanların çoxu arxayınçılıq əhval-ruhiyyəsi ilə yaşayırlar. Bu cür əhval-ruhiyyənin bizə tə’sir etməsindən ehtiyat etməliyik. Dadlı qidaya sevinməkdə, qədərincə spirtli içki qəbul etməkdə pis bir şey yoxdur. Nikah da Allahın quruluşudur. Lakin bunlar bizim həyatımızda ən vacib məsələyə çevrilirsə və ruhani maraqlara e’tinasız yanaşmağa başlayırıqsa, onda Yehovanın qorxunc gününə hazır olduğumuzu söyləyə bilərikmi?
7. Bir işin ucundan yapışmazdan əvvəl özümüzə ən vacib olan hansı sualı verməliyik və nəyə görə?
7 Həvari Pavel deyirdi: “Vaxt azalmışdır”. “Bundan sonra arvadı olanlar olmayanlar kimi... olsunlar” (1 Korinflilərə 7:29-31). Allah tərəfindən bizə həvalə edilmiş təbliğ işinə ayrılan vaxt məhduddur (Matta 24:14). Həvari Pavel hətta ərləri və arvadları Padşahlığın maraqlarını ikinci yerə qoyacaq dərəcədə bir-birlərinə aludə olmamağa çağırır. Aydındır ki, Pavelin təşviq etdiyi düşüncə tərzi arxayınçılıq əhval-ruhiyyəsinə birbaşa ziddir. İsa demişdir: “Əvvəlcə Onun [Allahın] Padşahlığını və Onun salehliyini axtarın; və bütün bu şeylər sizə artırılacaqdır” (Matta 6:33, İ–93). Qərar qəbul edərkən və ya hansısa bir işin ucundan yapışmağa hazırlaşarkən, mütləq özümüzdən soruşmalıyıq: “Padşahlığın maraqlarını bundan sonra da həyatımda birinci yerə qoya biləcəyəmmi?”
8. Gündəlik işlər bizim üçün vacib məsələyə çevrildikdə nə etməliyik?
8 Bəs əgər gündəlik işlərin ruhani maraqları həyatımızdan sıxışdırıb çıxardığını aşkar ediriksə? Və ya bizim həyat tərzimiz Müqəddəs Kitab biliklərinə malik olmayan və Padşahlıq haqqında təbliğ etməyən qonşularımızın həyat tərzindən az fərqlənirsə? Əgər bu belədirsə, onda yaranmış vəziyyət barəsində dua etməliyik. Yehova bizə düzgün düşüncə tərzinə yiyələnməkdə kömək edəcək (Romalılara 15:5; Filipililərə 3:15). O, bizə Padşahlığın maraqlarını birinci yerə qoymaqda, hər zaman həqiqətə əsasən davranmaqda və Onun qarşısındakı borcumuzu yerinə yetirməkdə kömək edəcək (Romalılara 12:2; 2 Korinflilərə 13:7).
Ruhən mürgüləməyə qarşı durun
9. Vəhy 16:14-16 ayələrində deyilənləri nəzərə alaraq, ruhən mürgüləməyə qarşı durmaq nəyə görə zəruridir?
9 Qarşıdan gələn “Küll-İxtiyar Allahın böyük günündə baş verəcək müharibə”, yə’ni Har-Megidon barəsində xəbərdarlıq edən həmin peyğəmbərlik də göstərir ki, bə’ziləri oyaq durmaya bilər. Rəbb İsa Məsih deyir: “Budur, oğru kimi gəlirəm! Oyaq olan, çılpaq gəzməmək və xəcalətli qalmamaq üçün, paltarlarını üstündə tutan nə bəxtiyardır!” (Vəhy 16:14-16). Burada xatırlanan paltarlar, bizi Yehovanın məsihçi Şahidləri kimi tanıdan əlamətdir. Buraya Padşahlığın təbliğçiləri kimi göstərdiyimiz fəaliyyət və məsihçi davranışımız daxildir. Əgər biz mürgüləsək, simvolik məsihçi paltarımızdan məhrum ola bilərik. Bu, biabırçı və təhlükəli olardı. Biz ruhən mürgüləməyə və yorğunluğa qarşı durmalıyıq. Bunu necə edə bilərik?
10. Müqəddəs Kitabı gündəlik oxumaq bizə ruhən oyaq durmaqda nəyə görə kömək edər?
10 Müqəddəs Kitab oyaq durmağın və ayıq olmağın vacibliyini dəfələrlə vurğulayır. Məsələn, Müjdələrdə bizə yaddaşlıq edilir: “Oyaq durun” (Matta 24:42; 25:13; Mark 13:35, 37); “hazır olun” (Matta 24:44; Luka 12:40); “diqqətli və oyaq olun” (Mark 13:33). Yehovanın gününün bu dünyanın üzərinə qəfil gələcəyini söyləyərək, həvari Pavel həmimanlılarını təşviq edir: “Digərləri kimi yatmayaq; lakin oyaq durub ayıq olaq” (1 Saloniklilərə 5:6). Müqəddəs Kitabın sonuncu hissəsində, izzət qazanmış Məsih İsa öz gəlişinin gözlənilməz olduğunu vurğulayır: “Budur, tezliklə gəlirəm!” (Vəhy 3:11; 22:7, 12, 20). Bir çox qədim yəhudi peyğəmbərləri də Yehovanın böyük hökm gününü təsvir edir və bu barədə xəbərdarlıq edirdilər (İşaya 2:12, 17; Yeremya 30:7; Yoel 2:11; Tsefanya 3:8). Allahın Kəlamı olan Müqəddəs Kitabı gündəlik oxumaq və oxuduqlarımız üzərində dərindən düşünmək ruhən oyaq durmaqda bizə çox kömək edər.
11. Ruhən oyaq durmaq üçün şəxsi öyrənmə nəyə görə olduqca vacibdir?
11 Həqiqətən də, Müqəddəs Kitabı və ona əsaslanan, “sadiq və ağıllı qul” tərəfindən dərc olunan nəşrləri şəxsən sə’ylə öyrənməyimiz — ruhən oyaq qalmağımıza gözəl yardımdır! (Matta 24:45-47). Lakin şəxsi öyrənmə fayda gətirsin deyə, müntəzəm məşğul olmaq lazımdır (İbranilərə 5:14-6:3). Biz qüvvətli ruhani qidanı həmişə qəbul etməliyik. Bizim günlərimizdə şəxsi öyrənmə üçün vaxt tapmaq, ehtimal ki, asan deyil (Efeslilərə 5:15, 16). Bundan əlavə, Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri ancaq bizə rahat olan vaxtda oxumaq kifayət etmir. “İmanda sağlam” qalmaq və ruhən oyaq durmaq üçün müntəzəm şəxsi öyrənmə ilə məşğul olmaq olduqca vacibdir (Titusa 1:13).
12. Məsihçi görüşləri və konqreslər bizə ruhən mürgüləməklə mübarizə aparmaqda necə kömək edir?
12 Ruhən mürgüləməklə mübarizə aparmaqda bizə həm də məsihçi görüşləri və konqreslər kömək edir. Necə? Orada aldığımız tə’limlərin sayəsində. Bu yığıncaqlarda Yehovanın gününün yaxınlığı haqqında müntəzəm olaraq xəbərdar edilirik. Həm də hər həftə keçirilən məsihçi görüşləri bizə “bir-birimizi məhəbbətə və xeyirli işlərə” təşviq etmək imkanı verir. Bu cür təşviq ruhən oyaq qalmağa kömək edir. Təəccüblü deyil ki, “o Günün yaxınlaşdığını gördüyümüz nisbətdə” bizə müntəzəm olaraq bir yerə toplaşmaq əmri verilir (İbranilərə 10:24, 25).
13. Ruhən oyaq durmaqda məsihçi xidməti bizə necə kömək edir?
13 Oyaq durmaqda bizə həm də ürəkdən yerinə yetirdiyimiz məsihçi xidməti kömək edir. Özümüzə dövrün əlamətləri və onların mə’nası barədə yaddaşlıq etməyin, bu barədə başqaları ilə danışmaqdan daha yaxşı üsulu varmı? Müqəddəs Kitabı öyrənməyə kömək etdiyimiz adamların ruhən böyüdüyünü və əldə etdikləri bilik əsasında davrandıqlarını görəndə isə, vaxtın gözləmədiyini biz özümüz daha aydın dərk edirik. Həvari Peter deyirdi: ‘Əqlinizi fe’lə hazırlayın, ayıq olun’ (1 Peter 1:13). ‘Hər zaman Rəbbin işində tərəqqi etmək’ ruhən mürgüləməyə qarşı gözəl dərmandır (1 Korinflilərə 15:58).
Ruhanilik üçün təhlükə yaradan həyat tərzindən qaçının
14. Luka 21:34-36 ayələrində İsa hansı həyat tərzinə qarşı xəbərdarlıq edir?
14 Öz iştirakına əlamət olacaq böyük peyğəmbərlikdə, İsa daha bir şey barəsində xəbərdarlıq etdi. O dedi: “Diqqətli olun ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla, bu həyatın qayğıları ilə ağırlaşmasın və o Gün sizi qəflətən yaxalamasın. Çünki o Gün bir tor kimi yer üzündə yaşayanların hamısına rast gələcəkdir; buna görə də bütün baş verəcək bu fəlakətlərdən qaçınmağa layiq olmaq və İnsan Oğlunun hüzuruna çıxa bilmək üçün, hər an dua edin və ayıq olun” (Luka 21:34-36). İsa insanların çoxuna xas olan həyat tərzini dəqiq təsvir etdi: onlar qarınqululuğa, sərxoşluğa aludə olur, narahatçılığa və həyəcana səbəb olan həyat tərzi sürürlər.
15. Nəyə görə qarınqulu və spirtli içkilərə aludə olmamalıyıq?
15 Qarınqululuq və spirtli içkilərdən həddindən artıq qəbul etmək Müqəddəs Kitab prinsiplərinə uyğun gəlmir, buna isə yol vermək olmaz. Müqəddəs Kitabda deyilir: “Şəraba düşkün əyyaşlara, ət qapan qarınqululara qoşulma” (Süleymanın məsəlləri 23:20, MKŞ). Lakin insan həddini aşmadığı halda da yemək və spirtli içkilərdən qəbul etmək təhlükə yarada bilər. İnsan həmin vəziyyətə çatana qədər də mürgüləyib, tənbəllik edə bilər. Müqəddəs Kitab məsəli deyir: “Tənbəl arzuladığına çatmaz” (Süleymanın məsəlləri 13:4, MKŞ). Belə bir adam Allahın iradəsini yerinə yetirmək istəsə də, başısoyuqluğu ucbatından arzusu yerinə yetməmiş qalır.
16. Ailə ilə bağlı narahatçılıqlar bizə yük olmasın deyə nə etmək olar?
16 Bəs İsanın xəbərdarlıq etdiyi həyatın qayğıları nədir? Onlar özlərinə ailəni tə’min etmək və buna bənzər bir sıra müxtəlif qayğıları daxil edir. Bunun bizə yük olmasına yol vermək necə də ağılsızlıqdır! İsa soruşdu: “Sizlərdən kim qayğı çəkməklə boyunu bir arşın artıra bilər?” O, öz dinləyicilərinə öyüd verdi: “Nə yeyəcəyik?”, “Nə içəcəyik?”, “Nə geyəcəyik?” — deyə qayğı çəkməyin. Çünki bütün bu şeyləri bütpərəstlər axtarırlar; səmavi Atanız da bütün bu şeylərə ehtiyac duyduğunuzu bilir”. Padşahlığın maraqlarını birinci yerə qoymaqla və Yehovanın qayğımıza qalacağına şübhə etməməklə, narahatçılıqların əqlimizə hakim olmasına yol verməyə bilər və ruhən oyaq qalarıq (Matta 6:25-34).
17. Maddi mənfəət güdmək narahatçılığa necə səbəb ola bilər?
17 Maddi mənfəət güdmək də narahatçılığa səbəb ola bilər. Məsələn, bə’ziləri imkanlarının yol verdiyindən daha artıq şey əldə etmək istədikləri üçün həyatlarını mürəkkəbləşdirirlər. Digərləri tez varlanmaq və kapital qoymaq niyyətinə qapılıblar. Başqaları üçün isə ümid etdikləri kimi yaxşı qazanc əldə etməyə imkan yaradacaq təhsil tələyə çevrilir. Şübhəsiz ki, müəyyən dərəcədə bilik və hazırlıq iş tapmağa kömək edə bilər. Lakin fakt göz qarşısındadır — bə’ziləri təhsili artırmağa çox vaxt ayıraraq, özlərinə ruhani cəhətdən zərər gətiriblər. Yehovanın gününün yaxın olduğunu nəzərə alanda isə bu çox təhlükəlidir! Müqəddəs Kitab xəbərdarlıq edir: “Varlanmaq istəyənlər isə yoldan çıxır və tora düşürlər və insanları fəlakətə və həlaka aparan bir çox mə’nasız və ziyanverici ehtiraslara qapılırlar” (1 Timoteyə 6:9).
18. Maddi mənfəət dalınca qaçmamaq üçün biz hansı qabiliyyəti inkişaf etdirməliyik?
18 Maddi mənfəət güdməmək üçün qərar qəbul edən zaman yaxşını pisdən ayırmaq qabiliyyətini inkişaf etdirmək zəruridir. Biz bu qabiliyyəti müntəzəm olaraq “kamillər üçün” olan “qüvvətli [ruhani] yemək”lə qidalanaraq və ‘ayırd etmək üçün tərbiyə edilərək’ inkişaf etdiririk (İbranilərə 5:13, 14). Prioritetləri müəyyən edərkən, bizi düzgün olmayan qərarlardan həm də ‘ən üstün dəyərləri ayırd edə bilmək’ cəhdi qoruyacaq (Filipililərə 1:10).
19. Ruhani işlər üçün vaxtımızın az qaldığını dərk ediriksə, nə etməliyik?
19 Var-dövlətə hərislik ruhani işlərə az, ya da ki, heç vaxt saxlamadan bizi kor edə bilər. Biz özümüzü yoxlamağa və bu tələdən — bu cür həyat tərzindən qaçınmağa necə nail ola bilərik? Öz həyatımızı nə dərəcədə və hansı üsulla sadələşdirə biləcəyimizin üzərində dua edərək düşünmək lazımdır. Qədim İsrailin padşahı Süleyman demişdir: “Az yesin yaxud çox yesin, çalışan adamın yuxusu şirindir; fəqət zənginin toxluğu onu yatmağa qoymaz” (Vaiz 5:12). Lazımsız əşyalara qulluq etmək üçün çox vaxt və qüvvə sərf etməli oluruqmu? Əmlakımız nə qədər çoxdursa, ona bir o qədər də çox qulluq etmək, onu sığorta etmək və qorumaq lazım gəlir. Bə’zi əşyalardan yaxa qurtarmaqla həyatımızı sadələşdirsək, ruhani mə’nada qazanmarıqmı?
Hazır olmaq üçün qüvvənizi əsirgəməyin
20, 21. a) Yehovanın gününə dair həvari Peter bizi nəyə əmin edir? b) Yehovanın gününə hazır olmaq üçün Ona sadiqliyimiz daha nədə əks olunmalıdır?
20 Nuhun günlərindəki dünya üçün vaxt başa çatdığı kimi, hazırkı sistem üçün də başa çatacaqdır. Həvari Peter bizi əmin edir: “Rəbbin Günü isə, gecə gələn oğru kimi gələcəkdir. O Gündə göylər böyük gurultu ilə keçəcəklər, ünsürlər yanaraq əriyəcəklər, yer və orada olan bütün işlər tamamilə yandırılacaqdır”. Nə simvolik göylər (pis hökumətlər), nə də simvolik yer (Allahdan uzaqlaşmış bəşəriyyət) Allahın alovlanan qəzəbinə tab gətirə bilməyəcək. Həmin günə necə hazırlaşa biləcəyimizi göstərərək Peter deyir: “Bütün bunlar bu cür məhv ediləcəksə, siz necə insanlar olmalısınız? Allahın Gününün zühurunu gözləyib, onu sür’ətləndirərək müqəddəs və Allaha ixlaskar bir həyat yaşamalısınız” (2 Peter 3:10-12).
21 Məsihçi görüşlərinə müntəzəm gəlməklə və xoş xəbəri təbliğ etməklə də Allaha sadiqliyimizi göstəririk. Yehovanın böyük gününü səbrlə gözləyərək, özümüzü bütünlüklə Ona xidmətə həsr edə bilərik. Gəlin, ‘bu işləri gözləyərək, çalışaq ki, Onun [Allahın] hüzurunda nöqsansız, ləkəsiz və sülh içində tapılaq’ (2 Peter 3:14).
Xatırlayırsınızmı?
• Yehovanın gününə nəyə görə hazır olmalıyıq?
• Gündəlik işlər həyatda bizim üçün ən vacib işlərə çevrilibsə, nə etməliyik?
• Ruhən mürgüləməyə qarşı durmaqda bizə nə kömək edər?
• Təhlükəli həyat tərzinin hansı müxtəlifliyindən qorunmalıyıq və bunu necə etmək olar?