Tə’qiblərə rəğmən bəxtiyardırlar
«Mənə görə insanlar sizi təhqir və tə’qib edəcəkləri, yalan söyləyib sizə hər cür böhtan atacaqları zaman, siz nə bəxtiyarsınız!» (MATTA 5:11).
1. İsa bəxtiyarlığa və tə’qiblərə dair öz şagirdlərini nəyə əmin etmişdi?
İSA ilk dəfə öz həvarilərini Padşahlıq haqqında təbliğ etməyə göndərən zaman, onların müqavimətlərlə qarşılaşacaqlarını xəbərdarlıq etmişdi. O demişdi: «Mənim adıma görə hamı sizə nifrət edəcək» (Matta 10:5-18, 22). Lakin bir az əvvəl o, öz həvarilərini və digər şagirdlərini Dağüstü təbliğində əmin etmişdi ki, müqavimətlər onları xoşbəxtlikdən hökmən məhrum etməyəcək. İsa hətta dedi ki, tə’qib olunanlar bəxtiyardırlar. Məgər tə’qib olunmaqdan da bəxtiyarlıq duymaq olarmı?
Salehlik uğrunda əzab-əziyyət
2. İsanın və həvari Peterin sözlərinə görə, əzab-əziyyət çəkənlər hansı hallarda xoşbəxtdirlər?
2 İsa səkkizinci dəfədir ki, bəxtiyarlıq haqda danışır: «Salehlik uğrunda tə’qib edilənlər nə bəxtiyardırlar! Çünki Səmavi Səltənət [Padşahlıq] onlarındır» (Matta 5:10). Əzab-əziyyət öz-özlüyündə tə’rifə layiq olmaq demək deyil. Həvari Peter yazmışdır: «Əgər günah işlədib, döyülsəniz və buna təhəmmül etsəniz, bu sizə nə şərəf gətirər? Amma əgər siz yaxşı iş görərək, ələm çəkib, təhəmmül etsəniz, bu Allah qarşısında məqbuldur». O, həmçinin də’vət etmişdir: «Qoy sizlərdən heç kim qatil, oğru, cani yaxud başqalarının işinə müdaxilə edən kimi əzab çəkməsin. Lakin əgər insan bir məsihçi kimi əzab çəkirsə, qoy utanmasın. Qoy bu adla Allaha izzət qazandırsın» (1 Peter 2:20; 4:15, 16). İsanın sözlərinə əsasən salehlik uğrunda əzab-əziyyətlərə tab gətirdikdə, xoşbəxt olmaq mümkündür.
3. a) Salehlik uğrunda tə’qib olunmaq nə deməkdir? b) Tə’qiblər erkən məsihçilərə necə tə’sir göstərdi?
3 Həqiqi salehlik Allahın iradəsini yerinə yetirməkdən və əmrlərinə əməl etməkdən ibarətdir. Beləliklə, salehlik uğrunda əziyyət çəkənlər, Allahın norma və tələblərini pozmağa təhrik etmək cəhdlərinə qarşı duranlardır. Yəhudi rəhbərləri həvarilər İsanın adından təbliğ etməyə son qoymaqdan imtina etdikləri üçün onları tə’qib edirdilər (Həvarilərin işləri 4:18-20; 5:27-29, 40). Bu, həvarilərin sevincini və xoş xəbəri bəyan etmək istəklərini söndürdümü? Qətiyyən yox! «Onlar isə Sinedrionun hüzurundan sevinərək çıxdılar. Çünki Rəbb İsanın adı üçün təhqir edilməyə layiq görülmüşdülər. Və hər gün mə’bəddə və evdən-evə tə’lim verməkdən və İsanın Məsih olduğunu müjdələməkdən vaz keçmirdilər» (Həvarilərin işləri 5:41, 42). Tə’qiblər sevincə səbəb oldu və onların təbliğ işindəki sə’ylərini daha da gücləndirdi. Daha sonra məsihçiləri imperatora ibadət etməkdən imtina etdikləri üçün romalılar tə’qib edirdilər.
4. Məsihçiləri hansı səbəblərə görə tə’qib edirlər?
4 Bizim günlərimizdə Yehovanın Şahidləri «Padşahlıq haqqında... Müjdə»nin təbliğinə son qoymaqdan imtina etdikləri üçün tə’qib edilməkdədirlər (Matta 24:14, İ–93). Şahidlərin məsihçi görüşlərinə qadağa qoyulduqda, onlar Müqəddəs Kitabın müştərək görüşlər keçirmək göstərişini pozmaqdansa, əziyyət çəkməyi daha üstün tuturlar (İbranilərə 10:24, 25). Onları məsihçi bitərəfliyi mövqeyinə və qan haqqındakı əmri pozmaqdan imtina etdikləri üçün tə’qib edirlər (Yəhya 17:14; Həvarilərin işləri 15:28, 29). Lakin bununla belə, salehlik uğrunda mübarizə Allahın xalqına daxili əmin-amanlıq və böyük xoşbəxtlik bəxş edir (1 Peter 3:14).
Məsihin adına görə təhqir olunmaq
5. Yehovanın xalqını bizim günlərdə əsas e’tibarilə nəyə görə tə’qib edirlər?
5 İsanın Dağüstü təbliğində xatırlatdığı bəxtiyarlığın doqquzuncu səbəbi də tə’qiblərlə bağlıdır: «Mənə görə insanlar sizi təhqir və tə’qib edəcəkləri, yalan söyləyib sizə hər cür böhtan atacaqları zaman, siz nə bəxtiyarsınız!» (Matta 5:11). Yehovanın xalqını əsas e’tibarilə bugünkü pis sistemin işlərində iştirak etmədikləri üçün tə’qib edirlər. İsa öz şagirdlərinə demişdir: «Əgər dünyadan olsaydınız, dünya ondan olanı sevərdi. Halbuki dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim; bunun üçün dünya sizə nifrət edir» (Yəhya 15:19). Bu haqda həvari Peter də yazmışdır: «Onlar ona görə təəccüb edirlər ki, siz onlarla bərabər eyni pozğunluq selinə atılmırsınız. Buna görə də sizi söyürlər» (1 Peter 4:4).
6. a) Məsh edilmişlərin qalığını və onların köməkçilərini nəyə görə qınayır və tə’qib edirlər? b) Təhqir olunduğumuza görə xoşbəxtliyimiz zəifləyirmi?
6 Artıq gördüyümüz kimi, erkən məsihçiləri İsanın adından təbliğ etməyi dayandırmaqdan imtina etdikləri üçün tə’qib edirdilər. Məsih öz davamçılarına tapşırıq vermişdir: «Dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız» (Həvarilərin işləri 1:8). Məsihin məsh edilmiş qardaşlarının sadiq qalığı bu tapşırığı ‘böyük izdihamdan’ olan sədaqətli köməkçilərinin yardımı ilə sə’ylə yerinə yetirir (Vəhy 7:9). Təəccüblü deyil ki, Şeytan «onun [Allahın təşkilatının göydəki hissəsi olan «qadının»] nəslindən olan, Allahın əmrlərinə riayət edib, İsaya olan şəhadətlərinə bağlı qalan digər insanlarla» vuruşur (Vəhy 12:9, 17). Biz, Yehovanın Şahidləri, göylər Padşahlığının hazırda idarə edən Padşahı İsa haqqında şəhadətlik edirik. Bu Padşahlıq Allahın salehlik ömür sürən yeni dünya quruluşuna qarşı çıxan insan hökumətlərini məhv edəcəkdir (Daniel 2:44; 2 Peter 3:13). Buna görə bizi qınayır və tə’qib edirlər, amma biz Məsihin adına görə əziyyət çəkdiyimiz üçün xoşbəxtik (1 Peter 4:14).
7, 8. Düşmənlər erkən məsihçilər haqqında hansı yalanı danışırdılar?
7 İsa demişdir ki, onun davamçıları, hətta insanlar onlar haqqında «yalan söyləyib... hər cür böhtan atacaqları zaman» belə özlərini xoşbəxt hiss etməlidirlər (Matta 5:11). Şübhəsiz ki, bununla erkən məsihçilər də qarşılaşırdılar. B. e. təxminən 59-61-ci illərində həvari Pavel Romada dustaq olduğu zaman, yəhudi rəhbərləri məsihçilər haqqında demişdilər: «Bizə mə’lumdur ki, bu təriqətə qarşı hər yerdə söz söylənir» (Həvarilərin işləri 28:22). Paveli və Silanı «dünyanı alt-üst» etməkdə və «qeysərin fərmanlarına zidd» getməkdə günahlandırırdılar (Həvarilərin işləri 17:6, 7).
8 Tarixçi Kennet Laturet Roma imperiyası dövründəki məsihçilər haqqında yazırdı: «İrəli sürülən ittihamlar müxtəlif idi. Məsihçilər bütpərəstlik ayinlərində iştirak etməkdən imtina etdikləri üçün onları ateist adlandırırdılar. Onlar cəmiyyətin həyat tərzinə daxil olan çox şeylərdən — bütpərəstlik bayramlarından, ictimai əyləncələrdən kənar dururdular... və onları bəşəriyyətə nifrət edənlər kimi ələ salırdılar. [...] Elə hesab edirdilər ki, kişi və qadınlar gecələr görüşür... və əxlaqsızcasına cinsi əlaqəyə girirlər. [...] [Məsihin ölümünün Xatirə Gecəsi] yalnız imanlıların əhatəsində qeyd olunduğu üçün, şayiə yayılmışdı ki, məsihçilər vaxtaşırı körpələri qurban gətirir, onların qanını içir və ətini yeyirlər». Bundan əlavə, erkən məsihçilər imperatora ibadət etməkdən imtina etdikləri üçün, onları dövlətin düşməni hesab edirdilər.
9. Birinci əsrin məsihçiləri yalan ittihamlara necə münasibət göstərirdilər, bəs bu gün vəziyyət necədir?
9 Yalan ittihamlar erkən məsihçilərin Padşahlıq haqqındakı xoş xəbəri təbliğ etmək tapşırığını yerinə yetirmələrinə heç də mane olmurdu. B. e. 60-61-ci illərində Pavel yazmışdır ki, xoş xəbər «bütün dünyada da səmərə verməkdə və vüs’ət almaqdadır» və «göy altında olan hər məxluqa təbliğ edilmişdir» (Koloslulara 1:5, 6, 23). Eyni şey bu gün də baş verir. Yehovanın Şahidləri də, birinci əsrin məsihçiləri kimi, yalan ittihamlara mə’ruz qalırlar. Ancaq Padşahlıq haqqındakı təbliğ işi çiçəklənir və müjdəçilərə böyük xoşbəxtlik gətirir.
Bizi də peyğəmbərlər kimi tə’qib etdikləri üçün bəxtiyarıq
10, 11. a) İsa bəxtiyarlığın doqquzuncu səbəbinin təsvirini nə ilə yekunlaşdırdı? b) Peyğəmbərləri nəyə görə tə’qib edirdilər? Nümunələr gətirin.
10 İsa bəxtiyarlığın üçüncü səbəbini belə sözlərlə yekunlaşdırır: «Sevinin... çünki sizdən qabaq peyğəmbərləri də belə tə’qib etmişlər» (Matta 5:12). Yehovanın vəfasız israillilərin yanına göndərdiyi peyğəmbərləri onlar qəbul etmir və çox vaxt tə’qib edirdilər (Yeremya 7:25, 26). Bu barədə həvari Pavel şahidlik etmişdir: «Daha nə deyim?.. başqa peyğəmbərlər haqqında nəql etmək üçün vaxtım çatmaz... [...] [Onlar] təhqir olunub döyüldülər, habelə buxovlara və həbslərə mə’ruz qaldılar» (İbranilərə 11:32-38).
11 Zalım padşah Axavın və onun arvadı İzevelin günlərində Yehovanın bir çox peyğəmbərləri qılıncla qətlə yetirilmişlər (1 Padşahlar 18:4, 13; 19:10). Yeremya peyğəmbəri kündəyə salmış, sonra isə çirkablı quyuya atmışlar (Yeremya 20:1, 2; 38:6). Daniel peyğəmbəri şirlər olan quyuya salmışlar (Daniel 6:16, 17). Bu qədim peyğəmbərlərin hamısını Yehovaya edilən təmiz ibadəti müdafiə etdikləri üçün tə’qib edirdilər. Bir çox peyğəmbərləri yəhudi din rəhbərləri tə’qib edirdilər. İsa din alimləri və fəriseyləri «peyğəmbərləri öldürənlərin oğulları» adlandırmışdı (Matta 23:31).
12. Yehovanın Şahidləri olan bizlər, qədim peyğəmbərlər kimi tə’qiblərə tab gətirməyi nəyə görə özümüzə şərəf sanırıq?
12 Bu gün Yehovanın Şahidi olan bizləri, Padşahlıq haqqındakı xoş xəbəri sə’ylə təbliğ etdiyimizə görə tə’qib edirlər. Düşmənlərimiz bizi «zəhlətökən prozelitizm»də günahlandırırlar, ancaq biz bilirik ki, Yehovanın sadiq xidmətçilərinə qədimdə də bu cür ittihamlar yağdırırdılar (Yeremya 11:21; 20:8, 11). Sadiq peyğəmbərlər kimi, biz də salehlik uğrunda əziyyət çəkməyi özümüzə şərəf sanırıq. Şagird Yaqub yazmışdır: «Qardaşlar, Rəbbin adı ilə danışmış peyğəmbərləri, məşəqqətə dözmə və səbir nümunəsi olaraq alın. Budur, biz təhəmmül edənləri bəxtiyar hesab edirik» (Yaqub 5:10, 11).
Bəxtiyarlıq üçün əsaslı səbəblər
13. a) Nəyə görə biz tə’qiblər ucbatından mə’yus olmuruq? b) Nəyin sayəsində tə’qiblərə tab gətirməyə qadirik və bu nəyi sübut edir?
13 Tə’qiblərə görə mə’yus olmaq ağlımızdan belə keçmir, peyğəmbərlərin, erkən məsihçilərin və İsa Məsihin özünün izləri ilə getməyimiz bizə təsəlli verir (1 Peter 2:21). Biz Müqəddəs Kitabda həvari Peterin yazdığı sözlərə bənzər sözləri oxumaqdan böyük məmnunluq duyuruq: «Sevimlilərim, sanki başınıza qəribə bir iş gəlirmiş kimi, aranızda baş verib, sizi sınamaq üçün olan odlu imtahana təəccüb etməyin. Əgər Məsihin adından ötrü təhqir edilirsinizsə, bəxtiyarsınız. Çünki izzətli Ruh, Allahın Ruhu üzərinizdə qalır» (1 Peter 4:12, 14). Dəfələrlə əmin olmuşuq ki, biz Yehovanın ruhunun üzərimizdə olmasının və bizi möhkəmləndirməsinin sayəsində tə’qiblərə tab gətirməyə qadirik. Müqəddəs ruhun köməyi, Yehovanın bizə xeyir-dua verdiyinə sübutdur, bu isə bizə böyük xoşbəxtlik gətirir (Məzmur 5:12; Filipililərə 1:27-29).
14. Salehlik uğrunda tə’qib ediləndə nəyə görə sevinirik?
14 Salehlik uğrundakı qarşıdurmalar və tə’qiblər bizi xoşbəxtlikdən həm də ona görə məhrum etmir ki, onlar bizim Allaha sədaqət göstərərək həqiqi məsihçilər kimi yaşadığımıza sübutdur. Həvari Pavel yazmışdır: «Allah yolunda Məsih İsaya bağlı olaraq yaşamaq istəyənlərin hamısı da tə’qibə mə’ruz qalacaqdır» (2 Timoteyə 3:12). Biz hədsiz dərəcədə xoşbəxtik ki, sınaqlarda sadiqliyimizi qorumaqla, Şeytanın, guya Yehovanın bütün xəlq etdiklərinin Allaha mənfəət üçün xidmət edirlər deyə irəli sürdüyü iddiasına cavab veririk (Əyyub 1:9-11; 2:3, 4). Şadıq ki, azlığından asılı olmayaraq, Yehovanın ədalətli hökmranlığına bəraət qazandırmaqda əlimizdən gələni edə bilirik (Süleymanın məsəlləri 27:11).
Mükafat almaq ümidilə şadlanırıq
15, 16. a) İsa ‘sevinmək və şadlanmaq’ üçün hansı səbəbi göstərdi? b) Məsh edilmiş məsihçilər üçün göydə hansı mükafat hazırlanıb və onların köməkçiləri olan «başqa qoyunlar» necə mükafatlanacaqlar?
15 İsa, qədim peyğəmbərlər kimi bizi də təhqir və tə’qib edən zaman sevinməli olmağımızın daha bir səbəbini xatırlatdı. O, bəxtiyarlığın doqquzuncu səbəbi haqqında dedi: «Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür» (Matta 5:12). Həvari Pavel yazmışdır: «Günahın əvəzi ölüm, Allahın ən’amı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır» (Romalılara 6:23). Beləliklə, böyük mükafat — həyatdır. Bu həyat ən’amdır, onu qazanmaq və ya ona layiq olmaq mümkün deyil. Bu mükafatın Yehovadan olduğu üçün, İsa onun göylərdə olduğunu demişdir.
16 Məsh edilmişlər «həyat tacını» alırlar: bu, onlar üçün göydə Məsihlə ölməz həyat deməkdir (Yaqub 1:12, 17). Yer üzündə yaşamaq ümidi olan insanlar — «başqa qoyunlar» — yer üzündə olacaq Cənnətdə əbədi həyatı gözləyirlər (Yəhya 10:16; Vəhy 21:3-5). Hər iki qrup bu mükafatı ona layiq olduqları üçün almırlar. Həm məsh edilmişlər, həm də «başqa qoyunlar» Yehovanın «göndərdiyi həddindən artıq lütfə» görə mükafat alırlar. Bu, həvari Paveli növbəti sözləri deməyə təşviq etmişdir: «Sözlə təsvir edilə bilməyən hədiyyəsi üçün Allaha şükür olsun!» (2 Korinflilərə 9:14, 15).
17. Nəyə görə tə’qib olunduğumuz zaman, əsl mə’nada xoşbəxt olur və şadlanırıq?
17 Roma imperatoru Neron tərəfindən amansız tə’qiblərə mə’ruz qalacaq bə’zi məsihçilərə həvari Pavel yazmışdır: «Sıxıntıdan dözümlülük, dözümlülükdən təcrübə və təcrübədən ümid hasil olduğunu bilərək, sıxıntılarla da öyünürük. Və ümid utandırmaz». O, həmçinin də’vət etmişdir: «Ümidlə sevinin; sıxıntıya dözümlü... olun» (Romalılara 5:3-5; 12:12). Göydə və ya yer üzündə yaşamaq ümidinə malik olmağımızdan asılı olmayaraq, sınaqlar zamanı göstərdiyimiz sədaqətliliyə görə aldığımız mükafat, bizim layiq ola biləcəyimizdən hədsiz dərəcədə artıqdır. Biz olduqca şadıq ki, göylər Padşahımız İsa Məsihin rəhbərliyi altında sevən Atamız Yehovaya xidmət edərək və Ona izzət verərək əbədi yaşamaq imkanımız olacaqdır. Biz əsl mə’nada şadlanırıq.
18. Bu sistemin sonuna az qalmış xalqlar necə davranacaqlar, bəs Yehova nə edəcəkdir?
18 Elə ölkələr var ki, orada Yehovanın Şahidləri hələ də tə’qib olunurlar. İsa bugünkü sistemin sonu haqqında peyğəmbərlik edərək, özünün həqiqi davamçılarını xəbərdar etmişdir: «Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcəklər» (Matta 24:9). Bu sistemin sonuna az qalmış Şeytan xalqları təhrik edəcəkdir ki, Yehovanın xidmətçilərinə olan nifrətlərini büruzə versinlər (Yezekel 38:10-12, 14-16). O an Yehovanın hərəkət etmək vaxtı gəlib çatacaq. «Əzəmətimi və müqəddəsliyimi göstərəcək, bir çox millətlərin gözü önündə Özümü tanıdacağam. Onda biləcəklər ki, Rəbb [«Yehova», YD] Mənəm» (Yezekel 38:23). Beləliklə, Yehova Öz böyük adını təqdis edəcək və Öz xalqını tə’qiblərdən azad edəcəkdir. Buna görə də «imtahana təhəmmül edən adam, xoşbəxtdir» (Yaqub 1:12).
19. Yehovanın böyük gününü gözləyərək, biz nə etməliyik?
19 Yehovanın böyük günü çox yaxın olduğundan, gəlin İsanın ismi naminə şərəfsizliyi qəbul etməyə layiq görüldüyümüzə sevinək (2 Peter 3:10-13; Həvarilərin işləri 5:41). Gəlin erkən məsihçilər kimi, Yehovanın salehlik ömür sürən yeni dünyasındakı mükafatımızı gözləyərək, bundan sonra da «İsanın Məsih olduğu» haqda və onun Padşahlığı haqda «tə’lim verməkdən və... müjdələməkdən vaz» keçməyək (Həvarilərin işləri 5:42; Yaqub 5:11).
Təkrar
• Salehlik uğrunda əzab çəkmək nə deməkdir?
• Tə’qiblər erkən məsihçilərə necə tə’sir göstərirdi?
• Nəyə görə demək olar ki, qədim peyğəmbərlər kimi, Yehovanın Şahidlərini də tə’qib edirlər?
• Bizi tə’qib edən zaman nəyə görə ‘sevinə və şadlana’ bilərik?
[10 və 11-ci səhifələrdəki şəkillər]
«İnsanlar sizi təhqir və tə’qib edəcəkləri... zaman, siz nə bəxtiyarsınız!»
[İcazə ilə]
Group in prison: Chicago Herald-American