TƏLİM MƏQALƏSİ 45
İnsanlara İsanın əmrlərinə riayət etməyə kömək edək
«Buna görə də gedin və bütün xalqların içində şagird hazırlayın,.. sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (MƏT. 28:19, 20).
NƏĞMƏ 89 Allahın sözünə əməl edənlər xoşbəxtdir
İCMALa
1. Mətta 28:18—20 ayələrinə əsasən, İsa Məsih hansı tapşırığı vermişdi?
İSA MƏSİH diriləndən sonra Cəlilədə toplaşan şagirdlərinə göründü. Onlara vacib sözü var idi. Bu haqda Mətta 28:18—20 ayələrində yazılıb. (Ayələri oxuyun.)
2. Hansı sualları araşdıracağıq?
2 İsanın şagird hazırlamaqla bağlı verdiyi tapşırıq bu gün də Allahın hər bir xidmətçisinə aiddir. Buna görə də gəlin İsanın verdiyi bu tapşırıqla bağlı üç sualı müzakirə edək. Birincisi, şagirdə Allahın buyruqlarını öyrətməkdən əlavə nə etməliyik? İkincisi, şagirdin ruhən inkişaf etməsinə yığıncaqdakı bütün təbliğçilər necə töhfə verə bilər? Üçüncüsü, qeyri-fəal dindaşlarımıza şagird hazırlamaq işində yenidən iştirak etməyə necə kömək edə bilərik?
ŞAGİRDLƏRİNİZƏ İSANIN ƏMRLƏRİNƏ RİAYƏT ETMƏYİ ÖYRƏDİN
3. İsa tapşırığına hansı vacib məqamı daxil etmişdi?
3 İsanın göstərişi aydındır: biz onun əmrlərini insanlara öyrətməliyik. Amma vacib bir məqamı nəzərdən qaçırmamalıyıq. İsa demədi: «Sizə əmr etdiyim hər şeyi onlara öyrədin». O demişdi: «Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin». Deməli, biz dərs keçərkən şagirdə təkcə nə etməli olduğunu öyrətməməliyik, bunu etməyin yolunu da göstərməliyik (Həv. 8:31). Bəs bunu necə edə bilərik?
4. Əmrlərə riayət etməyi öyrətməyin nə demək olduğunu nümunə əsasında izah edin.
4 Gəlin bir nümunəyə baxaq. Maşın sürmək üzrə təlimatçı tələbəsinə yol hərəkəti qaydalarına riayət etməyi necə öyrədir? Adətən təlimatçı əvvəlcə həmin qaydaları sinifdə başa salır. Amma bu qaydalara riayət etməyi öyrətmək üçün o, növbəti mərhələyə keçir. Tələbə sükan arxasına əyləşib öyrəndiklərini tətbiq etməyə çalışarkən, təlimatçı yanında oturub ona istiqamət verir. Bu nümunədən nə öyrənirik?
5. a) Yəhya 14:15 və 1 Yəhya 2:3 ayələrinə əsasən, şagirdə Allahın buyruqlarını öyrətməklə yanaşı, nə etməliyik? b) Şagirdə necə istiqamət verə bilərik? Nümunə çəkin.
5 Müqəddəs Kitab dərsi keçərkən insanlara Allahın buyruqlarını öyrədirik. Ancaq bu, kifayət deyil. Öyrəndiklərinə gündəlik həyatda əməl etmək üçün istiqamət verməliyik. (Yəhya 14:15; 1 Yəhya 2:3 ayələrini oxuyun.) Məsələn, şagirdə məktəbdə, işdə və istirahət zamanı Müqəddəs Kitab prinsiplərini tətbiq etməyin yolunu göstərin. Həmçinin özünüzdən danışın: Müqəddəs Kitabda deyilənlərə əməl etmək sizi təhlükələrdən necə qoruyub? Müdrik qərarlar verməyinizə necə kömək edib? Şagirdin yanında dua edib Yehovadan ona müqəddəs ruhu ilə yol göstərməsini diləyin (Yəh. 16:13).
6. İsanın əmrlərinə riayət etməyi öyrətməyə başqa nə daxildir?
6 İsanın əmrlərinə riayət etməyi öyrətməyə nə daxildir? Biz dərs keçdiyimiz insanın ürəyində şagird hazırlamaq istəyi yaratmalıyıq. Ola bilsin, bəzi şagirdləri təbliğ etmək fikri qorxudur. Ona görə də biz səbirli olmalı, Müqəddəs Kitabdakı dərin həqiqətləri başa düşməyə kömək etməliyik. Beləcə, öyrəndikləri onların imanını möhkəmləndirəcək, ürəklərinə təsir edəcək və təbliğ etməyə təşviq edəcək. Bunun üçün hansı üsuldan istifadə edə bilərik?
7. Şagirdin ürəyində xoş xəbəri başqaları ilə bölüşmək istəyini necə oyada bilərik?
7 Şagirdə növbəti sualları verə bilərik: «Müqəddəs Kitabdakı həqiqətlər sənin həyatını yaxşılığa doğru necə dəyişib? Səncə, bu həqiqətləri eşitməyə başqalarının da ehtiyacı var? Sən onlara necə kömək edə bilərsən?» (Məs. 3:27; Mət. 9:37, 38). Şagirdə xidmət üçün vəsaitlərimizdən olan bukletləri göstərin. Onun fikrincə, qohumları, dostları və iş yoldaşları üçün hansı bukletlər maraqlı ola bilər? Həmin bukletlərdən bir neçəsini ona verin. Onları nəzakətli şəkildə təqdim etməyi bir yerdə məşq edin. Əlbəttə ki, şagird vəftiz olunmamış təbliğçi olandan sonra biz onun yanında olub, ona təbliğ etməyin yolunu göstərəcəyik (Vaiz 4:9, 10; Luka 6:40).
ŞAGİRDİN İNKİŞAFINDA YIĞINCAĞIN ROLU
8. Nəyə görə şagirdin Allaha və başqalarına məhəbbətini artırması vacibdir? («Şagirdin Allaha məhəbbətini gücləndirin» adlı çərçivəyə baxın.)
8 Nəzərə alaq ki, İsa bizə insanlara onun əmr etdiyi «hər şeyə riayət etməyi» öyrətməyi tapşırıb. Bura, şübhəsiz ki, iki ən vacib əmr — Allahı və başqalarını sevmək əmri daxildir. Hər iki əmr təbliğ etmək və şagird hazırlamaq işi ilə sıx əlaqəlidir (Mət. 22:37—39). Necə? Bizi təbliğ etməyə təşviq edən əsas amil məhəbbətdir — Allaha və başqalarına olan məhəbbət. Aydındır ki, Müqəddəs Kitabı öyrənənlərin bəzilərini təbliğ etmək fikri qorxuda bilər. Amma biz onlarda əminlik yarada bilərik ki, Yehovanın köməyilə yavaş-yavaş insan qorxusuna üstün gələcəklər (Zəb. 18:1—3; Məs. 29:25). Bu məqaləyə aid olan çərçivədə göstərilir ki, şagirdin ürəyində Allah sevgisini daha da artırmaq üçün biz hansı addımları atmalıyıq. Bəs yığıncaqdakılar ona bu sahədə necə kömək edə bilər?
9. Maşın sürməyi öyrənən tələbə hansı üsullarla vacib dərslər öyrənir?
9 Maşın sürməyi öyrənən tələbə nümunəsinə qayıdaq. O hansı üsullarla öyrənir? Yanında oturan təlimatçıya diqqətlə qulaq asmaqla və digər sürücüləri müşahidə etməklə. Məsələn, təlimatçı tələbəyə başqa sürücüyə ötmə əməliyyatını icra etməyə yol verən sürücünü göstərə bilər. Yaxud da dönmə işıqlarını yandıran sürücünü göstərə bilər. Bu cür nümunələr əsasında tələbə maşın sürərkən tətbiq edə biləcəyi vacib dərslər öyrənəcək.
10. Şagirdin ruhani cəhətdən inkişaf etməsinə nə kömək edəcək?
10 Eynilə də, həqiqət yoluna qədəm qoyan şagird təkcə müəllimindən yox, Yehovanın sadiq xidmətçilərinin nümunəsindən də yaxşı şeylər öyrənir. Deməli, şagirdin ruhani cəhətdən inkişaf etməsində nəyin böyük köməyi olacaq? İbadət görüşlərində iştirak etməyin. Yığıncaqlarda eşitdiyi ilahi təlim şagirdin biliyini daha da dərinləşdirəcək, imanını möhkəmləndirəcək, Allaha məhəbbətini artırmağa kömək edəcək (Həv. 15:30—32). Həmçinin müəllim şagirdi yığıncaqda onunla oxşar vəziyyətlərdə olan bacı-qardaşlarla tanış edə bilər. Şagird yığıncaqda məsihi məhəbbətini əməldə göstərən bacı-qardaşların gözəl nümunəsinin şahidi olacaq. Misal üçün, növbəti vəziyyətlər ola bilər.
11. Şagird yığıncaqda hansı nümunələri görə bilər və bu ona necə təsir bağışlaya bilər?
11 Birinci vəziyyət: Övladını tək böyüdən şagird yığıncaqda hansısa bir bacının da eyni vəziyyətdə olduğunu müşahidə edir. Bacının balaca uşaqları ilə yığıncağa gəlmək üçün nə qədər çalışdığını görmək ona böyük təsir bağışlayır. İkinci vəziyyət: Siqareti atmağa çalışan şagird belə bir problemin öhdəsindən gəlmiş təbliğçi ilə tanış olur. Həmin təbliğçi şagirdlə bölüşür ki, Yehovaya məhəbbətinin artması onu Yehovanın əmrlərini yerinə yetirməyə necə təşviq etdi (2 Kor. 7:1; Filip. 4:13). Qardaşın həyat hekayəsi və onun şagirdə «sən də bunu bacararsan» deməsi şagirddə böyük əminlik yaradır. Üçüncü vəziyyət: Əgər şagird gənc qızdırsa, gənc bacımızın Yehovanın Şahidi kimi həyatdan necə məmnunluq duyduğunu müşahidə edir. Bacının həmişə belə sevinc dolu olması şagirddə bunun səbəbini bilmək istəyi oyadır.
12. Nəyə görə deyə bilərik ki, şagird hazırlamaq işində yığıncaqdakı hər bir təbliğçinin əməyi var?
12 Şagird sədaqətli təbliğçilərin nümunəsində İsanın «Allahı və başqalarını sevmək» əmrinə riayət etməyin nə demək olduğunu öyrənəcək (Yəh. 13:35; 1 Tim. 4:12). Bundan əlavə, qeyd etdiyimiz kimi, şagird onunla oxşar çətinliklərin öhdəsindən gələn təbliğçilərin də nümunəsindən çox şey öyrənə bilər. Bu nümunələrin əsasında o başa düşəcək ki, Məsihin şagirdi olmaq üçün hansı dəyişiklikləri etməlidir (Qan. 30:11). Yığıncaqdakı hər bir kəs şagirdin inkişafına müxtəlif yollarla töhfə verə bilər (Mət. 5:16). Yığıncağa gələn şagirdi ruhlandırmaq üçün şəxsən siz nə edirsiniz?
QEYRİ-FƏALLARA YENİDƏN TƏBLİĞDƏ İŞTİRAK ETMƏYƏ KÖMƏK EDƏK
13, 14. İsa ruhdan düşən həvarilərilə necə davranmışdı?
13 Biz istəyirik ki, qeyri-fəal bacı-qardaşlarımız İsanın «şagird hazırlayın» tapşırığını yenidən icra etsin. Bu sahədə onlara necə kömək edə bilərik? Gəlin görək İsa ruhdan düşən həvariləri ilə necə rəftar etmişdi.
14 İsanın yerüzü xidmətinin sonunda ölümünə çox az qalmış şagirdləri onu qoyub qaçdılar (Mark 14:50; Yəh. 16:32). Bəs İsa bir müddətlik zəiflik göstərən həvarilərilə necə rəftar etdi? Diriləndən qısa müddət sonra İsa bəzi şagirdlərinə dedi: «Qorxmayın, gedin qardaşlarıma deyin ki, [dirilmişəm]» (Mət. 28:10a). İsa həvarilərindən əlini üzməmişdi. Hətta onu atıb getsələr də, onlara qardaşlarım deyirdi. Yehova kimi, İsa da mərhəmətli və bağışlayan idi (2 Pad. 13:23).
15. Təbliğ etməyi dayandıran dindaşlarımıza necə yanaşırıq?
15 Eynilə, biz də təbliğ etməyi dayandıran dindaşlarımız üçün çox narahatıq. Onlar bizim bacı-qardaşımızdır, biz onları sevirik. Onların əvvəllər, bəlkə də, uzun illər Yehovanın yolunda göstərdikləri məhəbbəti hələ də xatırlayırıq (İbr. 6:10). Onlar üçün çox darıxırıq (Luka 15:4—7). İsa kimi, biz də onlara qayğımızı hansı üsullarla göstərə bilərik?
16. Qeyri-fəal bacı-qardaşlarımız üçün narahat olduğumuzu necə göstərə bilərik?
16 Qeyri-fəalları mehribanlıqla yığıncağa dəvət edin. İsa həvarilərini ruhlandırmaq üçün onları təşkil etdiyi bir görüşə çağırmışdı (Mət. 28:10b; 1 Kor. 15:6). Eynilə, biz də qeyri-fəalları ibadət görüşünə dəvət edə bilərik. Biz başa düşürük ki, bunu bir neçə dəfə etmək lazım gələ bilər. Şagirdləri dəvəti qəbul edib gələndə İsa sevinmişdi. Qeyri-fəal bacı-qardaşımız ibadət görüşünə gələndə biz də sevinəcəyik (Mət. 28:16; Luka 15:6 ayələri ilə əlaqələndirin).
17. Qeyri-fəal dindaşımız ibadət görüşünə gələndə ona necə münasibət göstərməliyik?
17 Səmimi qarşılayın. Şagirdləri ilə görüşəndə İsa onları xoş qarşıladı, söhbətə özü başladı (Mət. 28:18). Bəs qeyri-fəal dindaşımız ibadət evinə daxil olanda biz ona necə münasibət göstərəcəyik? Biz özümüz təşəbbüs göstərib onu mehribanlıqla qarşılamalıyıq. Əvvəl-əvvəl, ola bilsin, narahat olacağıq ki, ona nə deyək. Onu utandıracaq heç nə deməməli, sadəcə onu gördüyümüz üçün çox sevindiyimizi söyləyə bilərik.
18. Qeyri-fəalları yenidən təbliğ etməyə necə təşviq edə bilərik?
18 Onlarda özlərinə qarşı əminlik yaradın. Yəqin İsa bütün dünyada təbliğ etmək tapşırığını verəndə şagirdləri bunun öhdəsindən gələ bilməyəcəklərini düşünürdülər. İsa onlarda əminlik yaratmaq üçün belə demişdi: «Həmişə sizinləyəm» (Mət. 28:20). Bu sözlərin köməyi dəydi? Bəli. Bundan çox keçməmiş onlar «müjdəni durmadan bildirir, insanlara öyrədirdilər» (Həv. 5:42). Eləcə də qeyri-fəalları yenidən təbliğ etmək fikri qorxuda bilər. Buna görə də onları bunu bacaracaqlarına əmin etmək lazımdır. Biz onları arxayın edə bilərik ki, təbliğdə tək olmayacaqlar. Onlar yenidən təbliğ etməyə başlayanda onlarla əməkdaşlıq edə bilərik. Yenidən xoş xəbərin təbliğində iştirak etməyə onlara kömək etdiyiniz üçün sizə minnətdar olacaqlar. Qeyri-fəallara bacı-qardaşımız kimi yanaşsaq, onlar yenidən fəal ola bilərlər və bu, bütün yığıncağa sevinc bəxş edəcək.
BİZƏ HƏVALƏ OLUNAN İŞİ TAMAMLAMAQ ƏZMİNDƏYİK
19. Bizim amalımız nədir və nəyə görə?
19 Şagird hazırlamaq işimizi nə vaxta qədər davam etdirməliyik? Bu dövrün yekununa kimi (Mət. 28:20; Lüğətdə «Dövrün yekunu» ifadəsinə baxın). Bəs biz o vaxta qədər təbliği davam etdirə biləcəyik? Biz buna qətiyyətliyik! Biz sevə-sevə vaxtımızı, gücümüzü, vəsaitimizi «əbədi həyata aparan yolda yeriməyə meyli olanları» tapmağa sərf edirik (Həv. 13:48). Bununla İsanın nümunəsini izləmiş oluruq. O demişdi: «Mənim yeməyim məni göndərənin iradəsini yerinə yetirmək və Onun buyurduğu işi tamamlamaqdır» (Yəh. 4:34; 17:4). Bizim də amalımız budur. Bizə həvalə olunan işi tamamlamaq istəyirik (Yəh. 20:21). İstəyirik ki, bu işdə başqaları da, o cümlədən qeyri-fəal təbliğçilər də axıra kimi bizimlə olsun (Mət. 24:13).
20. Filippililərə 4:13 ayəsinə əsasən, nəyin sayəsində İsanın tapşırığını yerinə yetirə bilərik?
20 Bilirik ki, İsanın bu vacib tapşırığını yerinə yetirmək elə də asan deyil. Ancaq biz bu işdə tək deyilik. İsa bizimlə olacağına söz verib. Biz şagird hazırlamaq tapşırığını Allahın əməkdaşları kimi icra edirik (1 Kor. 3:9). Buna görə də biz bu işi bacaracağıq. Bu tapşırığı yerinə yetirmək və başqalarına da bu sahədə kömək etmək bizim üçün böyük şərəfdir! (Filippililərə 4:13 ayəsini oxuyun.)
NƏĞMƏ 79 Onlara mətin olmağı öyrədək
a İsa davamçılarına tapşırmışdı ki, şagird hazırlasınlar və əmr etdiyi hər şeyə riayət etməyi onlara öyrətsinlər. Bu məqalədən öyrənəcəyik ki, İsanın bu tapşırığına necə əməl edə bilərik. Buradakı məlumatlar «Gözətçi qülləsi» jurnalının 2004-cü il 1 sentyabr sayının 24—29 səhifələrində yerləşən məqaləyə əsaslanıb.
b ŞƏKİLLƏRİN İZAHI: Bacı şagirdə Allaha məhəbbətini gücləndirmək üçün hansı addımları atmalı olduğunu izah edir. Sonra şagird müəlliminin verdiyi üç məsləhəti tətbiq edir.