‘Salehlər günəş kimi parlayacaqlar’
«O zaman salehlər Atalarının Səltənətində günəş kimi parlayacaqlar» (MAT. 13:43).
1. İsa nümunələrdən istifadə edərək Padşahlıq haqda hansı həqiqətləri izah etmişdi?
İSA MƏSİH Padşahlıqla bağlı müxtəlif həqiqətləri izah etmək üçün nümunələrdən və məsəllərdən istifadə edirdi. O, hər şeyi «xalqa məsəllərlə söyləyirdi, və onlara məsəlsiz heç bir şey söyləməzdi» (Mat. 13:34). Padşahlıq haqda həqiqət toxumunun səpilməsinə dair çəkdiyi nümunədə İsa vurğuladı ki, insanın xəbəri qəbul etməsi onun ürəyinin vəziyyətindən, ruhani inkişafı isə Yehovadan asılıdır (Mark 4:3—9, 26—29). İsa həmçinin Padşahlıq işinin ilk baxışdan aydın görünməsə də, qeyri-adi dərəcədə irəliləyəcəyini nümunə əsasında göstərmişdi. Bundan başqa, o vurğulamışdı ki, Padşahlıq xəbərinə hay verənlərin hamısı həmin Padşahlığın layiqli təbəələri olmayacaq (Mat. 13:47—50)a.
2. İsanın dəlicə və buğda məsəlində yaxşı toxum nəyi təmsil edir?
2 Lakin çəkdiyi məsəllərdən birində İsa diqqəti Padşahlıqda onunla birlikdə idarə edəcək şəxslərin yığılmasına yönəltmişdi. Çox vaxt buna dəlicə və buğda məsəli deyilir. Həmin məsəl «Matta» kitabının 13-cü fəslində yazılmışdır. Başqa bir məsəldə İsa səpilən toxumun ‘Səltənət barədəki kəlam’ olduğunu söylədiyi halda, bu məsəldə yaxşı toxumun başqa bir şeyi — ‘Səmavi Səltənətin oğullarını’ təmsil etdiyini deyir (Mat. 13:19, 38). Onlar Padşahlığın təbəələri deyillər, əksinə, ‘oğullar’, yəni Padşahlığın varisləridirlər. (Rom. 8:14—17; Qalatiyalılara 4:6, 7 ayələrini oxu.)
Dəlicə və buğda məsəli
3. Məsəldəki adam hansı çətinliklə üzləşir və o, məsələni necə həll etməyi qərara alır?
3 Məsəl bundan ibarətdir: «Səmavi Səltənət tarlasına yaxşı toxum səpmiş bir adama bənzəyir; Adam [«adamlar», MK—09] yatarkən onun düşməni gəlib buğdaların arasına dəlicə buğda səpib getdi. Buğda böyüyüb səmərə verdiyi zaman dəlicələr də göründü. Ev sahibinin qulları gəlib ona dedilər: “Ağa, sən tarlana yaxşı toxum səpmədinmi? Belə isə, dəlicə buğda haradan əmələ gəldi?” O isə qullara dedi: “Bunu düşmən adam etmişdir”. Qullar da ona dedilər: “Belə isə, istəyirsənmi gedib onları seçib yığaq?” Amma o dedi: “Xeyr, bəlkə dəlicələri seçərkən, onlarla bərabər buğdanı da qopararsınız. Biçinə qədər qoyun hər ikisi birlikdə böyüsün; biçin vaxtı mən biçinçilərə deyəcəyəm: Əvvəlcə dəlicələri toplayın və yandırmaq üçün onlardan dərz bağlayın; buğdanı isə ambarlarıma toplayın”» (Mat. 13:24—30).
4. a) Məsəldəki adam kimi təmsil edir? b) İsa səpin işi ilə nə vaxt və necə məşğul olmağa başladı?
4 Tarlasına yaxşı toxum səpən adam kimdir? İsa bir qədər sonra məsəli şagirdlərinə izah edərkən bu suala belə cavab verir: «Yaxşı toxumu səpən İnsan Oğludur» (Mat. 13:37). «İnsan Oğlu» İsa Məsih yer üzündə üç il yarım xidmət edəndə tarlasını səpin üçün hazırladı (Mat. 8:20; 25:31; 26:64). Sonra b. e. 33-cü ilinin Pentikost günündən etibarən o, yaxşı toxumu — ‘Səmavi Səltənətin oğullarını’ səpməyə başladı. Yehovanın nümayəndəsi olan İsa, görünür, şagirdlərinin üzərinə müqəddəs ruh tökəndən, yəni onları Allahın oğulları kimi məsh edəndən həmin səpin başlandıb (Həv. iş. 2:33). Yaxşı toxum böyüyüb buğda oldu. Beləliklə, yaxşı toxumu səpməyin məqsədi varislərin və Padşahlıqda İsa ilə idarə edəcək kəslərin hamısını toplamaq idi.
5. İsanın bəhs etdiyi düşmən və dəlicə kimlərdir?
5 Düşmən və dəlicə kimləri təmsil edir? İsanın sözlərinə əsasən, düşmən «iblisdir». Dəlicələr isə «şeytanın oğullarıdır» (Mat. 13:25, 38, 39). İsanın bəhs etdiyi dəlicələr əslində zəhərli olur və buğdanın inkişafının erkən mərhələsində buğdaya çox oxşayır. Bu, özünü Padşahlığın oğulları adlandırıb, əslində isə həqiqi bəhrələr gətirməyən saxta məsihçiləri necə də gözəl təsvir edir! Özlərini Məsihin davamçısı adlandıran bu riyakar məsihçilər əslində Şeytan İblisin ‘balasıdırlar’ (Yar. 3:15).
6. Dəlicələr nə zaman peyda olmağa başladı və hansı mənada o zaman adamlar yatırdılar?
6 Dəlicəyə bənzəyən məsihçilər nə vaxt peyda oldular? İsanın sözlərinə əsasən, «adamlar yatanda» (Mat. 13:25, MK—09). Bu, nə zaman olub? Sualın cavabını həvari Pavelin Efes ağsaqqallarına dediyi sözlərdən tapırıq: «Bilirəm ki, mən getdikdən sonra, sürüyə rəhmi gəlməyən azğın qurdlar aranıza girəcəkdir. Və şagirdləri ardlarınca çəkmək üçün yanlış sözlər danışan adamlar öz aranızdan çıxacaqlar» (Həv. iş. 20:29, 30). O, bundan sonra da həmin ağsaqqallara ruhani cəhətdən oyaq qalmağı tövsiyə edirdi. Dönüklüyə ‘mane olan’ həvarilər ölüm yuxusuna getməyə başlayandan sonra bir çox məsihçilər ruhani cəhətdən yuxuya getdilər. (2 Salonikililərə 2:3, 6—8 ayələrini oxu.) Böyük dönüklük məhz elə bu zaman başladı.
7. Buğdalardan bəziləri dəlicəyə çevrildimi? İzah edin.
7 İsa buğdanın dəlicəyə çevriləcəyini yox, dəlicələrin buğdaların arasına səpiləcəyini demişdi. Beləliklə, bu məsəldə həqiqətdən dönən əsil məsihçilər təsvir olunmur, əksinə, Şeytanın pis insanları məsihçi yığıncağına gətirərək onu qəsdən pozmağa çalışması vurğulanır. Axırıncı həvari olan Yəhyanın ahıl yaşa çatdığı vaxtlarda dönüklük artıq aydın nəzərə çarpırdı (2 Pet. 2:1—3; 1 Yəh. 2:18).
«Biçinə qədər qoyun hər ikisi birlikdə böyüsün»
8, 9. a) Nəyə görə Ağanın öz qullarına verdiyi tapşırıq İsanı dinləyənlər üçün məntiqi səslənirdi? b) Buğda və dəlicənin birlikdə böyüməsi necə baş verdi?
8 Ağanın qulları onu məsələdən halı etdikdən sonra soruşdular: «İstəyirsənmi gedib onları [dəlicələri] seçib yığaq?» (Mat. 13:27, 28). Ağanın cavabı qəribə görünə bilər. O dedi ki, qoy biçinə qədər buğda ilə dəlicə bir yerdə böyüsün. İsanın davamçıları üçün bu əmr məntiqi səslənirdi. Çünki buğdanı dəlicədən ayırmağın nə dərəcədə çətin olduğuna onlar yaxşı bələd idilər. Əkinçiliklə məşğul olanlar bilirdilər ki, adətən dəlicənin kökü buğdanın kökünə dolaşırc. Buna görə də, Ağanın gözləməyi tapşırması təəccüblü deyildi!
9 Buna bənzər tərzdə, əsrlər boyunca Xristian dünyasının müxtəlif təriqətləri əvvəlcə Roma Katolik və Pravoslav kilsəsi, sonra isə saysız-hesabsız protestant qrupları arasından misli görünməmiş sayda dəlicə yetişdirmişdir. Bununla yanaşı, dünyada bir qədər həqiqi buğda toxumları da səpilmişdi. Məsəldəki ev sahibi nisbətən qısa olan biçin vaxtı çatana kimi uzun müddət səbir edib onların böyüməsini gözlədi.
Çoxdan gözlənilən biçin vaxtı
10, 11. a) Biçin nə zaman başlandı? b) Simvolik buğda Yehovanın anbarına necə gətirilir?
10 İsa demişdi: «Biçin dövrün sonudur; və biçinçilər mələklərdir» (Mat. 13:39). Dəlicə ilə buğdanın bir-birindən seçilməsi, yəni Padşahlığın oğullarının toplanıb dəlicəyə bənzəyənlərdən ayrılması bu pis sistemin son günlərində baş verir. Bununla bağlı həvari Peter demişdi: «Məhkəmənin Allahın ev əhlindən başlanmasının vaxtıdır. Yox, əgər əvvəlcə bizdən başlarsa, Allahın Müjdəsinə itaətsizlik edənlərin axırı necə olar?» (1 Pet. 4:17).
11 Axır günlərin, başqa sözlə, ‘dövrün sonunun’ başlanmasından az sonra həqiqi məsihçi olduğunu iddia edənlər, istər həqiqətən Səltənətin oğulları, istərsə də «şeytanın oğulları» olanlar üçün məhkəmə başladı. Biçin başlayanda «əvvəlcə» Böyük Babil süquta uğradı, sonra isə Padşahlığın oğulları bir yerə toplandı (Mat. 13:30). Bəs simvolik buğda Yehovanın anbarına necə gətirilir? Onlar Allahın lütfünü tapdıqları və Onun himayəsinə sığındıqları bərpa olunmuş məsihçi yığıncağına gətirilirlər, ya da səmavi mükafatlarını alırlar.
12. Biçin nə qədər davam edəcək?
12 Məhkəmə nə qədər davam edəcək? İsa biçin ‘vaxtından’ danışırdı. Biçin vaxtı isə adətən müəyyən müddət davam edir (Vəhy 14:15, 16). Məsh olunmuşların ayrı-ayrı üzvlərinin məhkəməsi dövrün sonu ərzində gedir və bu məhkəmə onların sonuncu dəfə möhürlənməsinə kimi davam edəcək (Vəhy 7:1—4).
13. Dəlicələr necə pis yola çəkir və qanunsuzluq edirlər?
13 Padşahlıqdan kimlər ‘toplanır’ və onlar necə pis yola çəkir və qanunsuzluq edirlər? (Mat. 13:41). Dəlicəyə bənzəyən Xristian dünyasının ruhaniləri əsrlər ərzində milyonlarla insanı aldatmışdır. Onlar bunu ‘pis yola çəkən şeylərlə’, yəni Allahı rüsvay edən təlimləri, məsələn, əbədi cəhənnəm əzabı, çaşdırıcı və sirli Üç üqnum ehkamları ilə etmişlər. Bir çox din xadimləri bu dünya ilə dostluq edərək, bəzi hallarda isə görünməmiş əxlaqsızlığa yol verərək öz davamçıları üçün pis nümunə qoymuşlar (Yaq. 4:4). Üstəlik, Xristian dünyası öz üzvlərinin etdiyi əxlaqsızlığa getdikcə daha çox göz yumur. (Yəhuda 4 ayəsini oxu.) Bütün bunlara baxmayaraq, onlar özlərini zahirən dindar və mömin göstərməyə davam edirlər. Padşahlığın oğulları necə də xoşbəxtdirlər ki, seçilərək dəlicəyə bənzəyən bu din xadimlərinin təsirindən və pis yola çəkən yanlış təlimlərdən uzaqlaşıblar!
14. Dəlicəyə bənzəyənlər hansı mənada ağlayıb dişlərini qıcayırlar?
14 Dəlicəyə bənzəyənlər hansı mənada ağlayıb dişlərini qıcayırlar? (Mat. 13:42). ‘Səltənətin oğulları’ Şeytanın dəlicəyə bənzəyən oğullarının ruhani cəhətdən zəhərli təlimlərini ifşa edir. Bu isə onlara əzab verir. Onlar həmçinin kilsə üzvlərindən aldıqları köməyin azalmasına, eləcə də onları artıq nəzarət altında saxlaya bilmədiklərinə ağlayırlar. (Yeşaya 65:13, 14 ayələrini oxu.)
15. Dəlicələrin alovla yandırılması hansı mənanı daşıyır?
15 Dəlicələrin toplanıb alovla yandırılması hansı mənanı daşıyır? (Mat. 13:40). Bu, dəlicələrin son aqibətinə aiddir. Onların məcazi mənada odlu sobaya atılması əbədilik məhv olacaqlarına işarə edir (Vəhy 20:14; 21:8). Saxta, fırıldaqçı, dəlicəyə bənzəyən məsihçilərin ‘böyük məşəqqətdə’ kökü kəsiləcək (Mat. 24:21).
Onlar «günəş kimi parlayacaqlar»
16, 17. Malaki peyğəmbər Allahın məbədi ilə bağlı nə peyğəmbərlik etmişdi və bu, necə həyata keçməyə başladı?
16 Bəs buğdaya bənzəyənlər nə zaman «günəş kimi parlayacaqlar»? (Mat. 13:43). Allahın məbədinin təmizlənməsi ilə bağlı Malaki peyğəmbərlik etmişdi: «“Axtardığınız Xudavənd qəflətən Öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz əhd elçisi gələcək” deyir Ordular Rəbbi. “Ancaq onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki o, əridicinin odu, yuyucunun sabunu kimi olacaq. O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər”» (Mal. 3:1—3).
17 Müasir dövrdə bu peyğəmbərlik, ehtimal ki, 1918-ci ildə, Yehova «əhd elçisi» İsa Məsihlə birlikdə ruhani məbədi yoxlayanda yerinə yetməyə başladı. Malaki bu təmizlənmənin sona çatdığı vaxt nə baş verdiyi haqda belə deyir: «O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz» (Mal. 3:18). Yenidən güc əldə etmiş həqiqi məsihçilərin fəaliyyətindəki artım həmin dövrün biçin vaxtının əvvəli olduğunu göstərir.
18. Daniel bizim günlərimizdə nəyin baş verəcəyini peyğəmbərlik etmişdi?
18 Daniel peyğəmbər bizim günlərimiz haqda danışaraq peyğəmbərlik etmişdi: «Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu salehliyə döndərənlər ulduzlar kimi əbədi və daim parlayacaq» (Dan. 12:3). Bu cür parlayanlar kimlərdir? Axı bu, dəlicə və buğda məsəlində İsanın haqqında danışdığı həqiqi buğda olan məsh olunmuş məsihçilərdən başqa kim ola bilər?! Sayı daim artan və səmimi insanlardan ibarət olan böyük izdihamın üzvləri dəlicəyə bənzər saxta məsihçilərin ‘toplanmasını’ açıq-aydın başa düşürlər. Onlar ruhani İsrailin qalıqlarına qoşulanda Padşahlığın gələcək təbəələri də bu qaranlıq dünyada nur saçmağa başlayırlar (Zək. 8:23; Mat. 5:14—16; Filip. 2:15).
19, 20. Padşahlığın oğulları nəyi səbirsizliklə gözləyirlər və növbəti məqalədə nə müzakirə olunacaq?
19 Bu gün ‘Səltənətin oğulları’ səbirsizliklə öz izzətli, səmavi mükafatlarını gözləyirlər (Rom. 8:18, 19; 1 Kor. 15:53; Filip. 1:21—24). Amma nə qədər ki, həmin vaxt gəlməyib, onlar sadiq qalmalı, ‘şeytanın oğullarından’ fərqlənərək parlamağa davam etməlidirlər (Mat. 13:38; Vəhy 2:10). Bizim günlərimizdə dəlicələrin məcazi mənada ‘toplanmasının’ nəticələrini görmək bizi necə də sevindirir!
20 Bəs Padşahlığın oğulları ilə Padşahlığın təbəələri kimi yer üzündə əbədi yaşamağa ümid edən və sayı daim artan böyük izdiham arasında hansı əlaqə var? Növbəti məqalədə bu suala cavab veriləcək.
[Haşiyələr]
a Bu nümunələr «Gözətçi Qülləsi»nin 2008-ci il 15 iyul sayının 12—21-ci səhifələrində ətraflı izah olunur.
b Bu məsəldəki səpin işi məsh olunmuş məsihçi olmaq üçün yeni-yeni adamları tapmaq məqsədinə xidmət edəcək təbliğ və şagird hazırlamaq işini təmsil etmir. İsa tarlaya səpilən yaxşı toxumun səmavi Səltənətin oğulları olacağını yox, ‘oğulları olduğunu’ dedi. Səpin bütün dünyada Padşahlığın bu oğullarının məsh olunmasını təmsil edir.
c Dəlicənin kökü buğdanın kökünə elə dolaşır ki, biçindən qabaq çıxarılsa, buğda da onunla birlikdə çıxar. (Bax: «Müqəddəs Yazıların dərk edilməsi» (ing.), I cild, səhifə 1178.)
Yadınızdadırmı?
İsanın dəlicə və buğda məsəlində
• yaxşı toxum
• toxumu səpən adam
• toxumun səpilməsi
• düşmən
• dəlicə
• biçin vaxtı
• anbar
• ağlamaq və dişlərini qıcamaq
• odlu soba
kimi və ya nəyi təmsil edir?
[20-ci səhifədəki şəkillər]
Yaxşı toxum eramızın 33-cü ilinin Pentikost günü səpilməyə başlandı
[23-cü səhifədəki şəkil]
Simvolik buğda indi Yehovanın anbarına yığılır
[İcazə ilə]
Pictorial Archive (Near Eastern History) Est.