Romalılara
8 Buna görə də Məsih İsa ilə vəhdətdə olanlar məhkum edilmirlər. 2 Çünki Məsih İsa ilə vəhdətdə olanlara həyat verən ruhun qanunu səni günah və ölüm qanunundan azad edib.+ 3 İnsan günahlı olduğu üçün Qanunun edə bilmədiyi şeyi Allah etdi.+ O, Oğlunu günahlı+ insanın bədəninə bənzər bir bədəndə göndərdi+ ki, günahı aradan qaldırsın.+ Beləliklə, Allah bədəndəki günahı məhkum etdi ki, 4 cismani istəklərə uymayıb ruha uyğun yaşayan bizlər+ Qanundakı ədalətli tələbləri icra edə bilək.+ 5 Çünki cismani istəklərin dalınca düşənlərin fikri-zikri cismani şeylərdədir,+ ancaq ruha uyğun yaşayanlar daima ruhani şeylər barəsində düşünürlər.+ 6 Daima cismani istəklər haqqında düşünmək ölüm,+ ruhani şeylər barəsində düşünmək isə həyat və sülh gətirir.+ 7 Çünki cismani düşüncə tərzi Allahla düşmənçiliyə gətirir,+ belə ki, cisim Allahın qanununa tabe olmur və bunu heç bacarmır da. 8 Deməli, cismani istəklərin dalınca düşənlər Allahı razı sala bilməzlər.
9 Digər tərəfdən, Allahın ruhu, doğrudan da, daxilinizdədirsə, siz cismani istəklərə uymur, ruha uyğun yaşayırsınız.+ Lakin kimdə Məsihin düşüncə tərzi* yoxdursa, o, Məsihə məxsus deyil. 10 Yox əgər Məsih sizinlə vəhdətdədirsə,+ bədən günah ucbatından ölü olsa da, müqəddəs ruh salehliyə görə sizə həyat verir. 11 Əgər İsanı dirildənin ruhu daxilinizdə yaşayırsa, deməli, Məsih İsanı dirildən+ fani bədəninizi də daxilinizdə yaşayan ruhu vasitəsilə həyata qaytaracaq.+
12 Beləliklə, qardaşlar, biz cismani istəklərə boyun əyməyə məcbur deyilik.+ 13 Çünki cismani istəklərə uyğun yaşasanız, mütləq öləcəksiniz, ancaq cismani əməlləri müqəddəs ruhun köməyilə öldürsəniz,+ yaşayacaqsınız.+ 14 Allahın ruhunun göstərdiyi yolla gedənlərin hamısı Allahın oğullarıdır.+ 15 Çünki bu ruh bizi kölə edib yenidən qorxuya salmır, bu ruhun vasitəsilə biz oğulluğa götürülürük və bu ruhun təşviqi ilə «Atacan*, Ata!»+ — deyə çağırırıq. 16 Bu ruh bizə* təlqin edir+ ki, biz Allahın övladlarıyıq.+ 17 Əgər biz övladıqsa, deməli, varisik, özü də Allahın varisləriyik və Məsihlə həmvarisik.+ Bir şərtlə ki, Məsih kimi əzab çəkək.+ Onda biz də onun kimi calala yetişərik.+
18 Belə düşünürəm ki, indi çəkdiyimiz əziyyətlər Allahın aşkar edəcəyi calalımızla müqayisədə heç nədir.+ 19 Bütün xilqət də böyük səbirsizliklə Allahın oğullarının+ calalının aşkara çıxacağı vaxtı gözləyir. 20 Axı xilqət puçluğa öz xoşu ilə tabe olmamışdı,+ onu tabe edənin iradəsi ilə tabe olmuşdu. Amma bununla yanaşı ümid də verilmişdi ki, 21 xilqət çürüklük əsarətindən qurtulub Allahın övladlarının şanlı azadlığına qovuşsun.+ 22 Biz bilirik ki, bütün xilqət indiyə kimi inildəyib əzab çəkir. 23 Bundan əlavə, mirasımızın nübarına, yəni ruha sahib olan bizlər də fidyə vasitəsilə bədənimizdən azad edilib+ oğulluğa götürülməyi+ səbirsizliklə gözləyərkən için-için inildəyirik. 24 Biz bu ümidlə xilas olduq. Lakin ümid sanılan bir şey göz qabağındadırsa, o artıq ümid deyil. Məgər insanın ümid etdiyi şey göz qabağındadırsa, o, yenə də ondan ötrü ümid edər? 25 Ancaq ümid etdiyimiz şeyi+ görmürüksə,+ dözüm göstərib onu gözləyirik.+
26 Eynilə də ruh zəif vaxtlarımızda bizə yardım edir.+ Hərdən nə haqda dua edəcəyimizi bilmirik, ürəyimizdəki iniltiləri ifadə etmək üçün söz tapmırıq. Belə anlarda ruh bizim əvəzimizə Allaha yalvarır. 27 Axı ürəkləri tədqiq edən Allah+ ruhun nəyi nəzərdə tutduğunu bilir, çünki ruh Allahın iradəsinə əsasən müqəddəslərdən ötrü Ona yalvarır.
28 Biz bir şeyi yaxşı bilirik: Allah bütün işlərini elə görür ki, bu işlər Onu sevənlərə, Onun niyyətinə əsasən çağırılmışlara fayda gətirsin.+ 29 Çünki Oğulun çoxlu qardaşları+ arasında ilkin övlad+ olması üçün Allah əzəldən nəzərdə tutduğu adamların Oğlunun şəxsiyyətini əks etdirməsini+ də əvvəlcədən müəyyənləşdirdi. 30 O, kimi əvvəlcədən müəyyən etmişdisə onları da çağırdı+ və kimi çağırdısa onları da saleh saydı.+ Nəhayət, kimi saleh saydısa, onları da şərəfə çatdırdı.+
31 Elə isə, bunlara nə deyək? Əgər Allah bizimlədirsə, kim bizə qarşı çıxa bilər?+ 32 Oğlunu əsirgəməyib hamımızın uğrunda fəda edən Allah+ məgər onunla birlikdə yerdə qalan hər şeyi də bizə bəxş etməyəcək? 33 Allahın seçdiyi adamları kim ittiham edə bilər?+ Axı Allah Özü onları saleh sayır.+ 34 Kim onları məhkum edə bilər? Ölmüş, dirilmiş və indi Allahın sağında oturan+ Məsih İsa bizdən ötrü havadarlıq edir.+
35 Məsihin məhəbbətindən bizi nə ayıra bilər?+ Dərd-bəla, ağrı-acı, təqiblər, aclıq, çılpaqlıq, təhlükə, yoxsa qılınc?+ 36 Belə yazılıb: «Sənə görə bütün günü ölümlə üz-üzə gəlirik, bizi kəsimlik qoyun hesab edirlər».+ 37 Ancaq bizi sevənin sayəsində biz hər şeyə qalib gəlirik.+ 38 Mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə hakimiyyətlər, nə indiki şeylər, nə gələcək şeylər, nə bir qüvvə+, 39 nə hündürlük, nə dərinlik, nə də mövcud olan başqa bir şey bizi Ağamız Məsih İsa vasitəsilə ifadə olunan Allahın məhəbbətindən ayıra bilməz.