Yehovanın Kəlamı canlıdır
«Mark» kitabından diqqətəlayiq fikirlər
«MARKIN MÜJDƏSİ» dörd müjdədən ən kiçiyidir. İsa Məsihin ölüb dirilməsindən təxminən 30 il sonra Yəhya Mark tərəfindən yazılan bu kitab, İsanın üç il yarım vaxt ərzində yerdəki xidmətində baş verən bir çox maraqlı hadisələri yığcam şəkildə təsvir edir.
Çox ehtimal ki, bu kitab qeyri-yəhudilər, xüsusilə də romalılar üçün nəzərdə tutulmuşdu. İsa burada möcüzələr göstərən və geniş təbliğ kampaniyası keçirən Allahın Oğlu kimi təsvir edilir. Kitabda İsanın təlimlərindən daha çox işlərindən bəhs edilir. «Markın Müjdəsi»nə diqqət yetirmək Məsihə imanımızı möhkəmləndirəcək və Allahın xəbərini səylə bəyan etməyə təşviq edəcək (İbr. 4:12).
QALİLEYADA GENİŞ XİDMƏT
Cəmi 14 ayədə Vəftizçi Yəhyanın fəaliyyəti və İsanın 40 gün səhrada olması haqda bəhs etdikdən sonra, Mark İsanın Qalileyadakı xidmətindən danışmağa başlayır. «Sudan çıxar-çıxmaz» və «elə o anda» ifadələrinin işlənməsi, İsanın aldığı tapşırığın olduqca təcili olduğunu göstərir (Mark 1:10, 12).
İsa üç ildən az vaxta Qalileyada üç təbliğ kampaniyasını başa vurur. Mark hadisələri əsas etibarilə xronoloji ardıcıllıqla danışır. İsanın bir çox uzun nitqləri kimi, Dağüstü təbliği də bu kitaba daxil edilməyib.
Müqəddəs Kitab suallarına cavablar:
1:15 — Nəyin ‘vaxtı’ tamam oldu? Bununla İsa demək istəyirdi ki, xidmətə başlamağın vaxtı gəlib çatdı. O, təyin olunmuş Padşah kimi aralarında olduğu üçün Allahın Padşahlığı yaxınlaşmışdı. İndi düzürəkli insanlar onun təbliğinə hay verə və Allahın lütfünə səbəb olacaq addımlar ata bilərdilər.
1:44; 3:12; 7:36 — Nəyə görə İsa göstərdiyi möcüzələrin insanlara məlum olmasını istəmirdi? İsa istəyirdi ki, insanlar sensasiyalı, yaxud, ola bilsin, təhrif edilmiş məlumatlara yox, öz gözlərilə gördüklərinə əsasən onun Məsih olduğu qənaətinə gəlsinlər və bundan bir nəticə çıxarsınlar (Yeşaya 42:1-4; Mat. 8:4; 9:30; 12:15-21; 16:20; Luka 5:14). Qadara civarından olan və əvvəllər cinə tutulmuş adamın hadisəsi istisna idi. İsa ona evinə gedib, baş verənləri qohumlarına danışmağı söylədi. Bu məmləkətin sakinləri İsadan oradan getməsini xahiş etdikləri üçün İsa bu ərazidə ya az təbliğ etmişdi, ya da heç etməmişdi. Cinlərdən azad edilmiş bu insan və onun verəcəyi şahidlik donuzlar əhvalatı ətrafında yaranan söz-söhbəti aradan qaldırmağa kömək edə bilərdi (Mark 5:1-20; Luka 8:26-39).
2:28 — Nəyə görə İsa ‘şənbə gününə də hakim’ adlanır? Həvari Pavel yazmışdı ki, ‘Qanun gələcək nemətlərin kölgəsinə malikdir’ (İbr. 10:1). Qanuna əsasən, altı iş gündən sonra şənbə gəlirdi, İsa da bir çox möcüzələrini məhz şənbə günləri etmişdi. Bu, Şeytanın qəddar hökmranlıq dövrü sona çatdıqdan sonra Məsihin Minillik Padşahlığı altında bəşəriyyətin əmin-amanlıqda istirahət edəcəyinin və Allahdan digər xeyir-dualar alacağının kölgəsi idi. Buna görə də, Padşahlığın Padşahı «şənbə gününə də hakimdir» (Mat. 12:8; Luka 6:5).
3:5; 7:34; 8:12 — İsanın müxtəlif vəziyyətlərdə necə hisslər keçirdiyini Mark haradan bilirdi? Mark nə İsanın 12 həvarisindən biri, nə də yaxın dostlarından idi. Əldə olan məlumata görə, Markın yazdıqlarından bir çoxunu onun yaxın dostu həvari Peter danışmışdı (1 Pet. 5:13).
6:51, 52 — Şagirdlərin başa düşmədikləri ‘çörəklərin’ mənası nə idi? Bir neçə saat bundan əvvəl İsa beş çörək və iki balıqla, qadınlarla uşaqlardan başqa, 5 000 kişini yedizdirdi. ‘Çörəklərin’ mənası o idi ki, şagirdlər bu hadisədən Yehova Allahın İsaya möcüzələr göstərmək qüvvəsini verdiyini başa düşməli idilər (Mark 6:41-44). Əgər onlar İsaya verilən qüvvənin böyüklüyünü anlasaydılar, onun möcüzəli şəkildə suyun üzərində yeridiyinə təəccüb etməzdilər.
8:22-26 — İsa kor adamı nəyə görə dərhal sağaltmadı? Ola bilsin, İsa onun vəziyyətini nəzərə alaraq bunu belə etdi. Uzun müddət qaranlığa alışmış kor insana parlaq işığa öyrənməyə vaxt vermək üçün İsa onun gözlərinə yavaş-yavaş şəfa verdi.
Bizim üçün ibrət dərsləri:
2:18; 12:18; 13:3. Mark qeyri-yəhudi oxucularına bəlkə də tanış olmayan adət-ənənələri, etiqadları və müəyyən şeylərin harada yerləşdiyini izah edirdi. O, ‘fəriseylərin oruc tutduğunu’, ‘sadukeylərin’ ‘dirilməyə’ inanmadığını və «məbədin» ‘Zeytun dağından’ göründüyünü aydın göstərdi. Məsihin nəsil şəcərəsi əsas etibarilə yəhudilər üçün maraqlı olduğundan Mark öz Müjdəsinə onu daxil etməyib. Bununla Mark bizə nümunə qoydu. Biz təbliğ edəndə, yaxud yığıncaq görüşlərində nitqlə çıxış edəndə dinləyicilərimizin kim olduğunu nəzərə almalıyıq.
3:21. İsanın qohumları onun imanına şərik deyildilər. Buna görə İsa, imanlarına görə qohumları tərəfindən təqib və ya rişxənd edilənlərin hisslərini başa düşür.
3:31-35. İsa vəftiz olunandan sonra Allahın ruhani Oğlu, «Səmavi Yerusəlim isə» onun anası oldu (Qalat. 4:26). Bu andan etibarən İsanın şagirdləri qohumlarından daha yaxın və daha əziz oldu. Bu bizə ruhani maraqları həyatımızda birinci yerə qoymağı öyrədir (Mat. 12:46-50; Luka 8:19-21).
8:32-34. Başqaları tərəfindən göstərilən yanlış xeyirxahlığı tez sezməli və onu rədd etməliyik. Məsihin davamçısı ‘özünü inkar etməyi’ və xudbin arzu və məqsədlərdən imtina etməyi bacarmalıdır. O, ‘işgəncə dirəyini götürməyə’ (YD) — lazım gələrsə, məsihçi olduğu üçün iztirab çəkməyə, təhqirlərə, təqiblərə dözməyə və hətta ölməyə belə hazır olmalıdır. O, həmçinin İsanın həyat tərzini mənimsəyərək daima onun ‘ardınca getməlidir’. İsa Məsihin bizə nümunə olaraq qoyduğu yolu tutmaq bizdən tələb edir ki, onun fədakarlıq ruhuna bənzər ruhu inkişaf etdirək və qoruyub saxlayaq (Mat. 16:21-25; Luka 9:22, 23).
9:24. Biz imanımızı insanlarla bölüşməkdən, yaxud Allahdan daha çox iman diləməkdən utanmamalıyıq (Luka 17:5).
AXIRINCI AY
Eramızın 32-ci ilinin sonuna yaxın İsa ‘Yəhudeya tərəfə, İordan çayının o biri sahilindən gəlir’ və yenə də onun ətrafına çoxlu adam yığılır (Mark 10:1). İsa burada təbliğ etdikdən sonra Yerusəlimə yola düşür.
Nisanın səkkizidir, İsa Beytanyadadır. Fəriseyin evində qonaq olanda bir qadın gəlib, onun başına ətirli yağ tökür. İsanın Yerusəlimə təntənəli girişindən dirilməsinədək baş verən hadisələr xronoloji ardıcıllıqla təsvir edilir.
Müqəddəs Kitab suallarına cavablar:
10:17, 18 — İsa onu «yaxşı Müəllim» adlandıran adamın sözlərinə nəyə görə düzəliş verdi? O bu titulu qəbul etməkdən imtina etməklə izzəti Yehovaya verdi və həqiqi Allahın bütün yaxşılıqların mənbəyi olduğunu göstərdi. Üstəlik, İsa onu da qeyd etdi ki, xeyirlə şərin nə olduğunu müəyyən etmək hüququ yalnız hər şeyi Yaradana, Yehova Allaha məxsusdur (Mat. 19:16, 17; Luka 18:18, 19).
14:25 — İsanın sadiq həvarilərinə dediyi «Allahın Səltənətində təzə şərab içəcəyim günə qədər meynənin məhsulundan bir daha içməyəcəyəm» sözlərin mənası nədir? İsa göylərdə şərab olduğunu demək istəmirdi. Müqəddəs Kitabda bəzən şərab sevinc rəmzi olduğu üçün İsa bu sözlərlə, dirilmiş məsh olunmuş davamçıları ilə Padşahlıqda bərabər olmaqdan gələn sevinci nəzərdə tuturdu (Məz. 104:15; Mat. 26:29).
14:51, 52 — ‘Çılpaq qaçan’ gənc kim idi? Bu hadisədən yalnız Mark bəhs etdiyi üçün belə qənaətə gəlmək olar ki, həmin gənc elə Markın özü idi.
15:34 — İsanın «Allahım, Allahım! Nə üçün Məni tərk etdin?» sözləri onun imanının zəiflədiyinimi göstərir? Xeyr. İsanın nə üçün belə dediyinin səbəbini dəqiq bilməsək də, ola bilsin, bu sözlər göstərirdi ki, İsa nöqsansızlığının axıradək sınanması üçün Yehovanın ondan Öz müdafiəsini götürdüyünü bilirdi. Həmçinin ola bilər ki, bununla İsa Məzmur 22:1 ayəsində onun haqqında yazılan peyğəmbərlik sözlərini yerinə yetirmək istəyirdi (Mat. 27:46).
Bizim üçün ibrət dərsləri:
10:6-9. Allahın niyyəti ərlə arvadın birlikdə olmasıdır. Buna görə də, dərhal boşanmaq əvəzinə, onlar nikahda yaranan hər problemin öhdəsindən gəlmək üçün Müqəddəs Kitab prinsiplərini tətbiq etməyə çalışmalıdırlar (Mat. 19:4-6).
12:41-44. Kasıb dul qadının nümunəsi bizi öyrədir ki, həqiqi ibadəti dəstəkləmək üçün ianə edəndə bunu təmiz niyyətlə etməliyik.
[29-cu səhifədəki şəkil]
Nəyə görə İsa bu adama onunla baş verənləri qohumlarına danışmağı tapşırdı?