Həmişə yaxşılıq edin
«Yaxşılıq edin» (LUKA 6:35).
1, 2. Nəyə görə başqalarına yaxşılıq etmək bəzən çətin olur?
BAŞQALARINA yaxşılıq etmək həmişə asan olmur. Məhəbbət göstərdiyimiz kəs qarşılıqlı cavab verməyə də bilər. Mübarək Allahın və Onun Oğlunun izzətli Müjdəsini bölüşərək insanlara kömək etmək istəsək də, bəzən onlar laqeyd və naşükür ola bilərlər (1 Tim. 1:11). Digərləri «Məsihin çarmıxının [«işgəncə dirəyinin», YD] düşmənləri kimi hərəkət edirlər» (Filip. 3:18). Bir məsihçi kimi biz bu insanlarla necə rəftar etməliyik?
2 İsa Məsih şagirdlərinə demişdi: «Düşmənlərinizi sevin, onlara yaxşılıq edin» (Luka 6:35). Gəlin bu məsləhəti diqqətlə araşdıraq. Biz İsanın başqalarına yaxşılıq etməyə dair verdiyi digər məsləhətlərdən də faydalanacağıq.
«Düşmənlərinizi sevin»
3. a) İsanın Matta 5:43-45 ayələrində yazılan sözlərini öz sözlərinlə necə deyərdin? b) Birinci əsrin yəhudi din rəhbərləri arasında yəhudilər və qeyri-yəhudilər haqda hansı fikir vardı?
3 Məşhur Dağüstü təbliğində İsa dinləyicilərinə düşmənlərini sevməyi və onları təqib edənlər üçün dua etməyi deyirdi. (Matta 5:43-45 ayələrini oxu.) Onun dinləyiciləri Allahın əmrini — «öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev» əmrini bilən yəhudilər idi (Lev. 19:18). Birinci əsrdəki yəhudi din rəhbərləri düşünürdülər ki, ‘öz xalqın’ və ‘qonşun’ sözləri altında yalnız yəhudilər nəzərdə tutulur. Musanın Qanununa görə israillilər digər xalqlardan uzaq durmalı idilər, ancaq onlar arasında elə fikir vardı ki, sanki, bütün qeyri-yəhudilər düşməndir və onlara nifrət edilməlidir.
4. İsanın şagirdləri düşmənləri ilə necə davranmalı idilər?
4 Ancaq İsa demişdi: «Düşmənlərinizi sevin və sizi təqib edənlər üçün dua edin» (Mat. 5:44, YD). Onun şagirdləri onlara ədavətlə yanaşanlarla məhəbbətlə davranmalı idilər. «Lukanın Müjdəsi»nə əsasən, İsa demişdi: «Ey məni dinləyənlər, sizə deyirəm: “Düşmənlərinizi sevin, sizə nifrət edənlrə yaxşılıq edin. Sizə lənət oxuyanlara xeyir–dua verin və sizə əziyyət verənlər üçün dua edin”» (Luka 6:27, 28). İsanın məsləhətinə əməl edən birinci əsrdəki insanlar kimi, bizə ‘nifrət edənlərlə’ ədavətlə yox, mülayimcəsinə davranmaqla onlara ‘yaxşılıq edirik’. Bizə «lənət oxuyanlara» onlarla xoş danışmaqla ‘xeyir-dua veririk’. Həmçinin bizi şiddətlə «təqib edənlər», yaxud başqa cür ‘əziyyət verənlər’ üçün dua edirik. Belə dualar təqibçilərin ürəklərini dəyişmələri və onlara Yehovanın lütfünü gətirəcək addımlar atmaları barədə məhəbbət dolu xahişlərdir.
5, 6. Nəyə görə düşmənlərimizi sevməliyik?
5 Düşmənlərimizi nəyə görə sevməliyik? Çünki İsa demişdi ki, belə etməklə ‘göylərdə olan Atanızın oğulları olarsınız’ (Mat. 5:45). Bu məsləhətə riayət ediriksə, biz Allahın «oğulları» oluruq, yəni ‘günəşinə pis və yaxşı adamların üzərinə doğmağı əmr edən və saleh olanlar ilə olmayanların üzərinə yağışlar göndərən’ Yehovanı təqlid etmiş oluruq. Lukanın yazdığına görə, Allah «nankorlara və pis adamlara qarşı... xeyirxahdır» (Luka 6:35).
6 Şagirdlərinin öz düşmənlərini sevmələrinin nə dərəcədə vacib olduğunu vurğulayaraq İsa dedi: «Əgər sizi sevənləri sevərsinizsə, sizə nə mükafat olacaq? Vergiyığanlar da belə etmirlərmi? Və yalnız qardaşlarınızı salamlayırsınızsa, xüsusi bir şey edirsinizmi? Bütpərəstlər də elə etmirlərmi?» (Mat. 5:46, 47). Əgər yalnız məhəbbətimizə hay verənləri sevsəydik, hər hansı bir ‘mükafata’ və ya Allahın lütfünə layiq olmazdıq. Əksər insanların nifrətini qazanmış vergiyığanlar onları sevənləri sevirdilər (Luka 5:30; 7:34).
7. Yalnız ‘qardaşlarımızı’ salamlayırıqsa, nəyə görə ‘xüsusi bir şey etmirik’?
7 Yəhudilər bir-birini salamlayaraq «sülh» sözündən istifadə edirdilər (Luka 10:5; 24:36). Bununla onlar salamladıqları adama can sağlığı, müvəffəqiyyətlər və firavanlıq arzuladıqlarını göstərirdilər. Əgər yalnız ‘qardaş’ hesab etdiyimiz adamları salamlayırıqsa, ‘xüsusi bir şey etmirik’. İsanın qeyd etdiyi kimi, «bütpərəstlər də» bunu edirlər.
8. İsa «kamil olun» deməklə dinləyicilərini nəyə təşviq etdi?
8 Məsihin şagirdləri günahı miras aldıqlarından qüsursuz, kamil deyillər (Rom. 5:12). Buna baxmayaraq, İsa nitqini belə yekunlaşdırdı: «Beləliklə, Səmavi Atanız kamil olduğu kimi, siz də kamil olun» (Mat. 5:48). Bu sözlərlə İsa dinləyicilərini təşviq etdi ki, düşmənlərini sevməklə məhəbbətlərini mükəmməl etsinlər. Bununla onlar ‘Səmavi Ataları’ Yehovanı təqlid etmiş olardılar. Bizdən də eyni şey gözlənilir.
Nəyə görə bağışlamalıyıq?
9. «Bizim borclarımızı... bağışla» nə deməkdir?
9 Əgər bizə qarşı günah işlədəni mərhəmətlə bağışlayırıqsa, yaxşılıq etmiş oluruq. İsanın nümunəvi duasında belə xahiş var: «Bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bağışla» (Mat. 6:12). Əlbəttə, İsa burada pul borcundan danışmırdı. «Lukanın Müjdəsi» göstərir ki, İsa ‘borclar’ dedikdə günahları nəzərdə tuturdu: «Günahlarımızı bağışla, çünki biz də bizə borclu olan hər adamı bağışlayırıq» (Luka 11:4).
10. Bağışlayan Allahı necə təqlid edə bilərik?
10 Biz, tövbə edən günahkarları ürəkdən bağışlayan Allahı təqlid etməliyik. Həvari Pavel yazırdı: «Bir-birinizə qarşı lütfkar, şəfqətli olun və Allah Məsihdə sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın» (Efes. 4:32). Məzmurçu Davud oxuyurdu: «Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir... Bizimlə günahlarımıza görə davranmaz, təqsirlərimizin əvəzini çıxmaz... Nə qədər şərq qərbdən uzaqdırsa, asiliklərimizi bizdən o qədər uzaqlaşdırıb. Ata övladlarına rəhm etdiyi kimi, Rəbb də Ondan qorxanlara elə rəhm edir. Çünki necə yarandığımızı bilir, torpaqdan düzəlməyimizi unutmur» (Məz. 103:8-14).
11. Allah kimləri bağışlayır?
11 Günahlarının bağışlanması üçün insanlar onlara qarşı günah işlədənləri bağışlamalıdırlar (Mark 11:25). Bu məqamı vurğulayaraq İsa əlavə etdi: «Çünki insanların təqsirlərini bağışlasanız, səmavi Atanız sizi də bağışlar. Amma siz insanların günahlarını bağışlamasanız, Atanız da sizin günahlarınızı bağışlamaz» (Mat. 6:14, 15). Bəli, Allah yalnız digərlərini ürəkdən bağışlayanları bağışlayır. Yaxşılıq etməyin üsullarından biri Pavelin məsləhətinə əməl etməkdir: «[«Yehova», YD] sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın» (Kolos. 3:13).
«Mühakimə etməyin»
12. İsa başqalarını mühakimə etməməyə dair hansı məsləhəti verdi?
12 İsa Dağüstü təbliğdə yaxşılıq etməyin digər üsulunu da göstərdi. O dedi ki, başqalarını mühakimə etmək olmaz və bu fikri gücləndirmək üçün bir nümunə də gətirdi. (Matta 7:1-5 ayələrini oxu.) Gəlin İsanın «mühakimə etməyin» deməklə nəyi nəzərdə tutduğunu müzakirə edək.
13. İsanın dinləyiciləri nə etməli idilər?
13 «Mattanın Müjdəsi»ndə İsanın həmin sözləri belə yazılıb: «Mühakimə etməyin ki, mühakimə olunmayasınız» (Mat. 7:1). «Lukanın Müjdəsi»nə əsasən, İsa demişdir: «Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Məhkum etməyin, siz də məhkum edilməyəcəksiniz. Bağışlayın, siz də bağışlanacaqsınız» (Luka 6:37). Birinci əsrdə yaşayan fəriseylər insanları şifahi qanunlar əsasında amansızcasına mühakimə edirdilər. İsanın, əvvəllər digərlərini mühakimə edən dinləyiciləri artıq belə davranmalı deyildilər. Onlar başqalarının günahlarını ‘bağışlamalı’ idilər. Yuxarıda qeyd edildiyi kimi, həvari Pavel də bağışlamağa dair məsləhət vermişdi.
14. İsanın şagirdləri başqalarını bağışlamaqla onları nəyə təşviq etmiş olardılar?
14 İsanın şagirdləri insanları bağışlamaqla onları eyni cür davranmağa təşviq etmiş olardılar. İsa dedi: «Nə hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız; və hansı ölçü ilə ölçsəniz, o ölçü ilə də sizə ölçüləcəkdir» (Mat. 7:2). Başqaları ilə münasibətdə əkdiyimizi biçirik (Qalat. 6:7).
15. İsa hər şeydə irad tutmağın səhv olduğunu necə göstərdi?
15 Xatırlayaq ki, İsa hər şeydə irad tutmağın nə qədər səhv olduğunu göstərmək üçün soruşdu: «Nə üçün qardaşının gözündə tükü görürsən, öz gözündə isə tiri seçmirsən? Yaxud öz gözündə tir olduğu halda, qardaşına necə deyərsən ki, “Qoy gözündəki tükü çıxarım”» (Mat. 7:3, 4). İnsanları tənqid etməyə meylli olan kəs qardaşının «gözündə» xırda qüsura da irad tutur. Belə adam, sanki, qardaşının dərketmə qabiliyyətinin zəif olduğunu və onun hər şeyi aydın görmədiyini deyir. Qüsur tük kimi kiçik olsa da, tənqidçi onu ‘çıxarmağı’ təklif edir. O, riyakarcasına qardaşına daha aydın baxışa malik olmağa kömək etmək üçün öz köməyini təklif edir.
16. Nəyə görə demək olar ki, fəriseylərin gözündə ‘tir’ vardı?
16 Başqalarını həddən artıq tənqid etməyi xüsusilə yəhudi din rəhbərləri xoşlayırdılar. Məsələn, bir dəfə Məsih bir kor adamın gözlərinə şəfa verdi. Həmin adam fəriseylərə İsanın Allahdan gəldiyini deyəndə onlar qəzəblə cavab verdilər: «Tamamilə günah içində doğulmuş ikən, sənmi bizə dərs verəcəksən?» (Yəh. 9:30-34). Yehovanın normaları əsasında düzgün qərarlar verməyə gəldikdə, fəriseylərin gözündə ‘tir’ vardı və onlar tamamilə kor idilər. Buna görə İsa ucadan dedi: «Ey ikiüzlü! Qabaqca öz gözündən tiri çıxar. Onda qardaşının gözündəki tükü necə çıxarmağı yaxşı görərsən» (Mat. 7:5; Luka 6:42). Əgər yaxşılıq etməyə və başqaları ilə yaxşı davranmağa qəti qərarlıyıqsa, həmişə qardaşımızın gözündə «tir» axtararaq tənqidi olmayacağıq. Əksinə, qeyri-kamil olduğumuzu və buna görə də həmimanlılarımızı mühakimə və tənqid etməkdən qaçmaq lazım olduğunu etiraf edəcəyik.
Başqaları ilə necə rəftar etməliyik?
17. Matta 7:12 ayəsinə əsasən, insanlarla necə rəftar etməliyik?
17 Dağüstü təbliğində İsa qeyd etdi ki, Allah xidmətçilərinin dualarına cavab verməklə onlara ata kimi yanaşır. (Matta 7:7-12 ayələrini oxu.) Diqqətəlayiq odur ki, İsa adamlarla necə rəftar etməli olduğumuza dair qızıl qanun verdi: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Mat. 7:12). Əgər insanlarla məhz bu cür davranarıqsa, İsa Məsihin həqiqi davamçıları olduğumuzu göstərmiş olarıq.
18. İnsanların bizimlə necə rəftar etməsini istəyiriksə, onlarla o cür rəftar etməli olduğumuzu «Qanun» necə göstərirdi?
18 İnsanların bizimlə necə rəftar etməsini istəyiriksə, bizim də onlarla elə rəftar etməli olduğumuzu dedikdən sonra İsa əlavə etdi: «Çünki Müqəddəs Qanun və peyğəmbərlər belə xülasə edilir». Başqaları ilə İsanın dediyi kimi rəftar edəndə, ‘Qanunda’, yəni «Yaradılış»dan «Qanunun təkrarı»nadək kitablarda nəzərdə tutulan məqsədə uyğun davranmış oluruq. Pisliyi aradan qaldıracaq bir övladın gələcəyi barədə Yehovanın niyyətini açıqlamaqdan əlavə, bu kitablarda b. e. ə. 1513-cü ildə Allahın Musa vasitəsilə İsrail xalqına verdiyi Qanun qələmə alınıb (Yar. 3:15). Hər şeydən əlavə, Qanun aydın göstərirdi ki, israillilər ədalətli olmalı, üzgörənlik etməməli, həmçinin kasıblara və onlarla yaşayan qəriblərə xeyirxahlıq etməli idilər (Lev. 19:9, 10, 15, 34).
19. Peyğəmbərlik kitabları necə göstərdi ki, biz yaxşılıq etməliyik?
19 İsa «peyğəmbərlər» dedikdə İbranicə Müqəddəs Yazıların peyğəmbərlik kitablarını nəzərdə tuturdu. Onlarda Məsihin üzərində yerinə yetən peyğəmbərliklər yazılıb. Həmin kitablar həm də göstərir ki, Allahın xalqı Onun gözündə düz olanı edəndə və başqaları ilə yaxşı davrananda Allah onlara xeyir-dua verir. Məsələn, Yeşayanın peyğəmbərliyində israillilərə belə bir məsləhət verilirdi: «Ədaləti qoruyun, salehliyə əməl edin... Bunu edən insan, buna itaət edən bəşər oğlu nə bəxtiyardır!.. Hər cür şərdən qorunar» (Yeşaya 56:1, 2). Bəli, Allah xalqından hər zaman yaxşılıq edəcəyini gözləyir.
Başqalarına həmişə yaxşılıq edin
20, 21. Dinləyicilər İsanın Dağüstü təbliğində dediklərinə necə reaksiya göstərdilər və nəyə görə biz onun sözləri üzərində düşünməliyik?
20 İsanın müqayisə edilməz Dağüstü təbliğində söylədiyi bir çox vacib fikirlərdən yalnız bir neçəsini nəzərdən keçirdik. Buna baxmayaraq, biz bu təbliğin İsanın dinləyicilərinə necə təsir etdiyini asanlıqla təsəvvür edə bilərik. Müqəddəs Kitabda deyilir: «İsa bu sözləri bitirdikdən sonra, xalq Onun təliminə təəccübləndi. Çünki İsa onlara din alimləri və fəriseylər kimi deyil, hakimiyyət sahibi kimi təlim edirdi» (Mat. 7:28, 29).
21 Şübhəsiz, İsa Məsih peyğəmbərlik edilmiş ecazkar «Məsləhətçi» oldu (Yeşaya 9:6). Dağüstü təbliğ İsanın səmavi Atasının düşüncə tərzini başa düşdüyünə ən bariz nümunədir. Müzakirə etdiyimiz məqamlardan savayı, bu təbliğdə həqiqi xoşbəxtliyi necə tapmaq, əxlaqsızlıqdan necə qaçmaq, saleh işləri necə görmək və təhlükəsiz, xoşbəxt gələcəyi əldə etmək üçün nə etmək lazım olduğu və bir çox başqa şeylər haqda bəhs edilir. Nəyə görə Matta 5-7-ci fəsilləri bir daha diqqətlə və dua edərək oxumayasınız? İsanın burada yazılan gözəl məsləhətləri üzərində düşünün. Məsihin Dağüstü təbliğində dediklərini həyatınızda tətbiq edin. Onda Yehovanı razı salmaq, insanlarla yaxşı davranmaq və həmişə yaxşılıq etmək sizdə daha yaxşı alınacaq.
Necə cavab verərdiniz?
• Düşmənlərimizlə necə rəftar etməliyik?
• Nəyə görə insanları bağışlamalıyıq?
• İsa başqalarını mühakimə etmək barədə nə dedi?
• Matta 7:12 ayəsinə əsasən, insanlarla necə rəftar etməliyik?
[8-ci səhifədəki şəkil]
Nəyə görə bizi təqib edənlər üçün dua etməliyik?
[10-cu səhifədəki şəkil və yazı]
Sən «Qızıl qanuna» həmişə riayət edirsənmi?
Bilirsinizmi, İsa nəyə görə «mühakimə etməyin» dedi?