İctimai rəyin təzyiqinə uyma
NƏYİN məqbul olub-olmadığına, nəyin tərifə və ya töhmətə layiq olduğuna dair fikirlər müxtəlif yerlərdə müxtəlif cürdür. Həmçinin bu dəyərlər vaxt keçdikcə dəyişikliyə uğrayır. Buna görə də uzaq keçmişdə baş vermiş hadisələri Müqəddəs Yazılardan oxuyanda yaxşı olardı ki, onlara öz nöqteyi-nəzərimizdən baxmaq əvəzinə, həmin dövrdə mövcud olan ictimai rəyi və dəyərləri nəzərə alaq.
Nümunə üçün, Yunanca Müqəddəs Yazılarda dönə-dönə təkrarlanan şərəf və rüsvayçılıq anlayışını nəzərdən keçirək. Şərəf və rüsvayçılıqdan bəhs olunan Müqəddəs Kitab parçalarını yaxşı başa düşmək üçün o dövrün adamlarının bu barədə nə düşündüklərini bilmək lazımdır.
Birinci əsrdəki insanların dəyərləri
Bir alimin sözlərinə əsasən, «yunanların, romalıların və yəhudeyalıların mədəniyyətində şərəf və rüsvayçılıq məsələsi vacib bir məsələ idi. ...İnsanlar şan-şöhrət, izzət, yaxşı ad, eləcə də başqalarının rəğbətini və hörmətini qazanmaq uğrunda canlarından belə keçməyə hazır idilər». Onlar başqaları tərəfindən qəbul olunmağı o qədər çox arzulayırdılar ki, asanlıqla insan fikirlərinin təsiri altına düşə bilərdilər.
Zadəganlardan tutmuş, qullara qədər güclü təbəqələrə bölünən cəmiyyətdə əsil-nəcabət, yüksək mövqe və şərəf hər şeydən üstün tutulurdu. İnsanın şərəfli olması təkcə insanın özünə verdiyi qiymətdən yox, həm də başqalarının ona verdiyi qiymətdən asılı idi. Kimisə şərəfləndirmək hamının ondan gözlədiyi şeyi etdiyini açıq-aşkar qəbul etmək demək idi. Həmçinin insanın var-dövlətinə, hakimiyyətinə və alicənablığına valeh olduğunu bildirmək və bundan irəli gələrək ona diqqət göstərmək də onu şərəfləndirmək demək idi. İnsan alicənablığına və ya hansısa üstünlüyünə görə başqaları tərəfindən şərəfə layiq görülə bilərdi. Bunun əksinə olaraq, ictimaiyyət tərəfindən alçaldılan və təhqir olunan insan isə biabırçılığa və ya rüsvayçılığa məruz qalırdı. Amma bu o demək deyil ki, cəmiyyətin tənqidinə tuş gələn bu insan mütləq pis iş görürdü.
İsanın məsəlində ziyafət zamanı ev sahibinin qonaqlara «yuxarı başda» və ya «aşağı yerdə» yer verməsi o vaxtın mədəniyyətinə uyğun olaraq şərəf və rüsvayçılıq məsələsi idi (Luka 14:8—10). İsanın şagirdləri arasında ‘kimin ən böyük sayılmalı’ olduğuna dair ən azı iki dəfə qızğın mübahisə düşmüşdü (Luka 9:46; 22:24). Onlar yaşadıqları cəmiyyətdə önəm verilən baxışları əks etdirirdilər. Bununla yanaşı, İsanı özünə rəqib bilən məğrur yəhudi din rəhbərləri onun təbliğini öz şərəf və hakimiyyətlərinə zərbə kimi qəbul edirdilər. İzdiham qarşısında mübahisələrdə ona üstün gəlmək cəhdləri həmişə boşa çıxırdı (Luka 13:11—17).
I əsrdə yaşayan yəhudilər, yunanlar və romalılar üçün «həbs olunmaq və ictimaiyyət arasında pis əməldə təqsirləndirilmək» də rüsvayçılıq hesab olunurdu. Həbsə atılmaq insan üçün təhqiramiz bir şey idi. Cinayətdə təqsirli olub-olmamasından asılı olmayaraq, belə rəftar onu dostları, ailəsi və ictimaiyyət qarşısında çox alçaldırdı. Bundan sonra vurulan damğa onun başqaları ilə münasibətlərinə xələl gətirirdi və bu, özünəhörmət hissini itirməsinə səbəb olurdu. İnsanın alçaldıcı şəkildə soyundurulması və ya qamçılanması isə həbs olunmaqdan daha betər idi. Belə rəftar başqalarında bu insana qarşı nifrət hissi oyadırdı və onu hörmətdən salırdı.
Ən böyük rüsvayçılıq isə işgəncə dirəyində edam olunmaq idi. Alim Martin Hengelin sözlərinə görə, bu cür ancaq «qulları cəzalandırırdılar». Və «özü-özlüyündə bu, alçaldıcı münasibətin, rüsvayçılığın və işgəncənin son həddi idi». Belə rüsvayçılığa məruz qalan adamın ailəsi və dostları başqaları tərəfindən təzyiqə məruz qalaraq ondan üz döndərməli olurdular. Elə Məsih də bu cür öldürüldüyü üçün eramızın I əsrində məsihçi olmaq istəyənlər ictimaiyyətin təhqiramiz münasibətinə məruz qalırdılar. İnsanların əksəriyyəti dirəkdə edam olunan insanın davamçısı olmaq fikrini ağılsızlıq hesab edirdi. Həvari Pavel yazırdı: «Biz isə yəhudilərin büdrəməsinə səbəb, yunanlar üçün də ağılsızlıq olan çarmıxa çəkilmiş Məsihi... təbliğ edirik» (1 Kor. 1:23, 24). Bəs erkən məsihçilər belə çətinliklərə necə sinə gərirdilər?
Əxlaqi dəyərlər dəyişikliyə məruz qalır
I əsr məsihçiləri qanunlara tabe olurdular və düzgün olmayan hərəkətlərdən uzaq durmağa çalışırdılar ki, rüsvay olmasınlar. «Qoy sizlərdən heç kim qatil, oğru, cani yaxud başqalarının işinə müdaxilə edən kimi əzab çəkməsin», — deyə həvari Peter yazırdı (1 Pet. 4:15). Lakin İsa demişdi ki, davamçıları onun adına görə təqib olunacaq (Yəh. 15:20). Peter qeyd edirdi: «Əgər insan bir məsihçi kimi əzab çəkirsə, qoy utanmasın. Qoy bu adla Allaha izzət qazandırsın» (1 Pet. 4:16). İsanın davamçıları kimi dünyanın əxlaq normalarından imtina edərək əzab çəkdiyinizə görə heç vaxt utanmayın.
Məsihçilər heç zaman digərlərinin əxlaq normalarının onların davranışına təsir etməsinə yol verməməlidirlər. İşgəncə dirəyində edam olunan Məsih I əsr cəmiyyətinin gözündə tamamilə dəyərsiz idi. Bu cür düşüncə tərzi məsihçilərə də öz təsirini göstərə bilərdi. Lakin onlar İsanın Məsih olduğuna əmin olduqları üçün, hətta rişxənd olunmalarına baxmayaraq, onun ardınca gedirdilər. İsa demişdi: «Bu vəfasız və günahkar nəsil içində kim Məndən və Mənim sözlərimdən utanarsa, İnsan Oğlu da Atasının ehtişamı ilə müqəddəs mələklərlə gəldiyi zaman, o şəxsdən utanacaqdır» (Mark 8:38).
Bu gün həqiqət yolundan dönməyimiz üçün bizə də təzyiqlər göstərilir. Sinif və ya iş yoldaşlarımız, habelə qonşularımız bizi əxlaqsız, vicdansız və ya hər hansı şübhəli bir işə sürükləməyə cəhd göstərə bilərlər. Düzgün prinsiplərə uyğun yaşadığımıza görə onlar bizi utandırmağa çalışa bilərlər. Biz bunlara necə reaksiya göstərməliyik?
Rüsvayçılığa məhəl qoymayanları təqlid edin
Yehova qarşısında nöqsansızlığını qorumaq üçün İsa ən alçaldıcı cəzaya məruz qaldı və «rüsvayçılığa etinasızlıq göstərib, çarmıxa təhəmmül etdi» (İbr. 12:2). Düşmənləri İsanı yumruqladılar, üzünə tüpürdülər, soyundurdular, qamçıladılar, işgəncə dirəyində edam edib təhqirlər yağdırdılar (Mark 14:65; 15:29—32). Lakin İsanı hamının qarşısında rüsvay edilməkdən qorxmurdu. Çünki o, bu cür münasibətdən qaçmağa çalışmırdı. İsa bilirdi ki, o, Yehovanın gözündə nöqsansızdır və heç vaxt insanların onu izzətləndirməsini gözləmirdi. Hətta qullara layiq görülən edam cəzasına məhkum olunmasına baxmayaraq, Yehova onu dirildərək əvvəlkindən üstün izzətli mövqeyə ucaltdı. Filipililərə 2:8—11 ayələrində deyilir: «Görkəm etibarilə də insan kimi, O [İsa Məsih] Öz təvazökarlığını göstərdi və ölümədək, hətta çarmıxa çəkilməklə ölümədək itaətkarlıq etdi. Buna görə də Allah Onu çox ucaltdı və Ona bütün adlardan üstün olan adı bəxş etdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına hörmətlə diz çöksün. Və Ata Allahın izzəti üçün hər dil iqrar etsin ki, İsa Məsih Rəbbdir».
Edam olunaraq rüsvay edilməsi İsanı həddən artıq narahat etmirdi. O, Allaha küfr etməkdə ittiham olunurdu. Buna görə də o, Atasının adına ləkə gətirməkdən qorxurdu. İsa Yehovadan diləyirdi ki, onu bu əzabdan qurtarsın. «Bu kasanı Məndən uzaqlaşdır», — deyə o yalvarırdı. Lakin İsa Allahın iradəsinə tabe olmağı üstün saydı (Mark 14:36). İsa keçdiyi bütün sınaqlardan üzü ağ çıxdı və rüsvayçılığa məhəl qoymadı. Əslində isə həmin dövrdə qəbul olunmuş əxlaq normaları ilə yaşayan insanlar rüsvay olacaqdılar. Sözsüz ki, İsa belə əxlaq normalarını qəbul etmədi.
İsanın şagirdlərini də həbs edib qamçılayırdılar. Bununla onlar başqalarının gözündə rüsvay olurdular. Təhqirə və alçaldıcı münasibətə baxmayaraq, onlar heç zaman ruhdan düşmürdülər. Şagirdlər ictimai rəyin təsirinə uymur və rüsvayçılığa məhəl qoymurdular (Mat. 10:17; Həv. iş. 5:40; 2 Kor. 11:23—25). Onlar işgəncə dirəyini götürüb İsanın ardınca getməli olduqlarını başa düşürdülər (Luka 9:23, 26).
Bəs bizim günlər haqqında nə demək olar? Dünyanın ağılsız, zəif və heç saydığı şeyləri Allah müdrik, güclü və şərəfli sayır (1 Kor. 1:25—28). Əgər tamamilə ictimai rəyin təsiri altına düşsək, ağılsız və dar düşüncəli olduğumuzu göstərmiş olarıq.
Əgər kimsə bu dünyada hörmət qazanmaq istəyirsə, dünyanın onun haqqında nə fikirləşdiyinə əhəmiyyət verəcək. Amma biz İsa və onun I əsrdə yaşayan davamçıları kimi Yehova ilə dost olmaq istəyirik. Buna görə də, Onun gözündə şərəfli olan şeyə yaxşı, düzgün olmayan şeyə isə pis baxırıq.
[4-cü səhifədəki şəkil]
İsa rüsvayçılığa dair dünyanın nöqteyi-nəzərini mənimsəməmişdi