Kimlər dirildiləcəklər?
«Buna təəccüblənməyin, çünki elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı Onun səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar» (YƏHYA 5:28).
1. Musa yanan kolun arasında hansı qeyri-adi sözləri eşitdi və sonralar həmin sözləri kim təkrar etdi?
TƏXMİNƏN 3 500 il bundan əvvəl olduqca qeyri-adi bir şey baş verdi. Musa, qəbilə başçısı Yetronun qoyunlarını otarırdı. Xorev dağının yanında Yehovanın mələyi Musaya kol arasından od-alov içərisində göründü. «Çıxış» kitabı xəbər verir ki, Musa ‘od içində kolun sönmədən yanmasını gördü’. Sonra kolun arasından bir səs eşidildi: «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam» (Çıxış 3:1-6). Sonralar eramızın I əsrində bu sözləri məhz İsa, Allahın Oğlu sitat gətirdi.
2, 3. a) İbrahimi, İshaqı və Yaqubu hansı ümid gözləyir? b) Hansı suallar yaranır?
2 Dirilməyə inanmayan sadukeylərlə söhbəti zamanı İsa dedi: «Ölülərin dirildiyini Musa da kol haqqındakı rəvayətdə Rəbbi İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı adlandırdığı zaman göstərib. Allah isə ölülərin deyil, dirilərin Allahıdır, çünki Onun yanında hamı diridir» (Luka 20:27, 37, 38). Bu sözlərlə İsa təsdiq etdi ki, Allahın nöqteyi-nəzərincə lap çoxdan ölmüş İbrahim, İshaq və Yaqub Onun yaddaşında yaşamağa davam edirlər. Əyyub kimi onlar da ‘növbələrinin’, yə’ni ölüm yuxularının sona çatacağı vaxtı gözləyirlər (Əyyub 14:14). Onlar Allahın yeni dünyasında diriləcəklər.
3 Bəs bəşər tarixi ərzində ölən milyardlarla insanlar haqqında nə demək olar? Onlar da dirildiləcəklərmi? Bu sualın cavabını tapmazdan qabaq, ölən insanlarla nə baş verdiyini Allahın Kəlamından öyrənək.
Ölülər haradadırlar?
4. a) İnsanlar öləndə hara gedirlər? b) Şeol nədir?
4 Müqəddəs Kitabda deyilir ki, «ölülər heç nə bilmir»lər. Ölənlər nə odlu cəhənnəmdə əzab çəkir, nə də ki iztirab içində dəhşətli hökm gününü gözləyirlər, onlar sadəcə olaraq torpağa qayıdırlar. Bu səbəbdən Allahın Kəlamı dirilərə məsləhət edir: «Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında [ibr. şeol] nə iş, nə fikir, nə bilik, nə də hikmət var» (Vaiz 9:5, 10; Yaradılış 3:19). Çox insanlara tanış olmayan ibrani sözü «şeol» Müqəddəs Kitabda ölülər diyarı kimi tərcümə edilib. Dinlərin əksəriyyəti axirət dünyasının mövcud olduğunu öyrədir. Lakin Allahın Kəlamı bildirir ki, şeolda olanların hamısı ölüdürlər, yə’ni şüursuz vəziyyətdədirlər. Şeol — bəşəriyyətin ümumi məzarıdır.
5, 6. Yaqub öləndən sonra hara getdi və orada kimə qovuşdu?
5 «Şeol» sözünə ilk dəfə Müqəddəs Kitabda Yaradılış 37:35 ayəsində rast gəlinir. Qəbilə başçısı Yaqub sevdiyi oğlu Yusifin ölüm xəbərini alanda, təsəlli tapmaq istəməyərək nida edirdi: «Kədərlə oğlumun yanına — ölülər diyarına [ibr. şeol] enəcəyəm». Oğlunun öldüyünü düşünərək, Yaqub ölmək və şeolda olmaq istəyirdi. Bir qədər sonra qıtlıq vaxtı Yaqubun doqquz böyük oğlu azuqə üçün Misirə yollanarkən kiçik qardaşları Binyamini də özləri ilə götürmək istədilər. Lakin Yaqub e’tiraz edib dedi: «Oğlum sizinlə getməyəcək, çünki onun qardaşı ölüb və tək qalıb. Əgər getdiyiniz yolda onun başına bir iş gəlsə, mənim ağ saçlı başımı kədər içində ölülər diyarına [ibr. şeol] endirəcəksiniz» (Yaradılış 42:36, 38). Müqəddəs Kitabın bu iki ayəsində şeol axirət dünyası ilə deyil, ölümlə bağlıdır.
6 «Yaradılış» kitabından öyrənirik ki, Yusif Misirdə ərzağın paylanmasına nəzarət edirdi. Bir müddət keçdikdən sonra Yaqub Yusifi görmək üçün oraya yollandı və onunla yenidən görüşmək sevincini yaşadı. Bundan sonra Yaqub Misirdə məskunlaşdı və ömrünün sonuna qədər orada yaşadı. O, 147 yaşında öldü. Yaqubun oğulları atalarının ölümqabağı iradəsini yerinə yetirərək onun cəsədini Kən’an torpağındakı Maxpela mağarasında basdırdılar (Yaradılış 47:28; 49:29-31; 50:12, 13). Beləliklə, Yaqub atası İshaqa və babası İbrahimə qovuşdu.
‘Əcdadlarına qoşuldu’
7, 8. a) Öldükdən sonra İbrahim hara düşdü? İzah edin. b) Digər insanların da öldükdən sonra şeola düşdükləri nədən görünür?
7 Bir qədər əvvəl İbrahimlə olan əhdini təsdiq edərkən və onun nəslini artıracağına və’d verərkən, Yehova İbrahimin də başına nə gələcəyini söylədi. Yehova dedi: «Sən isə atalarının yanına gedəcəksən, uzun ömür sürəndən sonra öləcəksən» (Yaradılış 15:15). Hər şey belə də oldu. Yaradılış 25:8 ayəsində deyilir: «O, uzun ömür sürərək həyatdan doymuş halda ölüb əcdadlarına qoşuldu». Onun ölərək qoşulduğu əcdadları kimlər idi? Yaradılış 11:10-26 ayələrində İbrahimin Nuhun oğlu Sama qədər olan əcdadları sadalanır. İbrahim öldükdən sonra şeolda yatan məhz bu əcdadlarına «qoşuldu».
8 «Əcdadlarına qoşuldu» ifadəsinə İbranicə Müqəddəs Yazılarda dəfələrlə rast olunur. İbrahimin oğlu İsmailin və Musanın qardaşı Harunun öldükdən sonra şeola düşdüklərini və orada diriləcəkləri vaxtı gözlədiklərini düşünmək məntiqə uyğundur (Yaradılış 25:17; Saylar 20:23-29). Qəbrinin yeri heç kimə mə’lum olmasa da, Musa da şeola düşdü (Saylar 27:13; Qanunun təkrarı 34:5, 6). Buna bənzər tərzdə Musadan sonra İsrailin rəhbəri olan Yeşua da onunla bir dövrdə yaşayan nəsil kimi öləndən sonra şeola düşdü (Hakimlər 2:8-10).
9. a) Müqəddəs Kitab ibranicə «şeolun» və yunanca «hadesin» eyni mə’na daşıdığını necə göstərir? b) Şeolda, yə’ni hadesdə olanları nə gözləyir?
9 Yüzilliklər keçdikdən sonra İsrailin 12 qəbiləsinin padşahı Davud oldu. Öldükdən sonra o, «ataları ilə uyudu» (1 Padşahlar 2:10). Bəs o da şeola düşdümü? Maraqlıdır ki, eramızın 33-cü ilinin Pentikost günündə Davudun ölümünə istinad edərək həvari Peter Məzmur 16:10 ayəsini (KM) sitat gətirdi: «Çünki sən canımı ölülər diyarına [ibr. şeol] tərk etməzsən». Davudun hələ də qəbirdə uyuduğunu xatırladaraq, Peter onun sözlərini İsaya tətbiq etdi: «[Davud] gələcəyi görüb Məsihin dirilməsindən bəhs edib dedi: “O, nə ölülər aləminə [yun. hades] tərk edildi, nə də bədəni çürüdü”. Bu İsanı Allah diriltdi. Biz hamımız bunun şahidləriyik» (Həvarilərin işləri 2:29-32). Peter «şeol» sözünün yunan ekvivalenti olan «hades» sözündən istifadə etmişdir. Deməli, həm hadesdə, həm də şeolda olanların hamısı eyni vəziyyətdədirlər. Onlar məzarda yatır və dirilməni gözləyirlər.
Saleh olmayanlar da şeoldadırlarmı?
10, 11. Nəyə görə demək olar ki, saleh olmayan bə’zi insanlar öləndən sonra şeola və ya hadesə düşürlər?
10 Musa israilliləri Misirdən çıxardıqdan sonra səhrada qiyam baş verdi. Musa xalqa qiyamçılardan — Qorah, Datan və Aviramdan uzaqlaşmağı əmr etdi. Onları faciəli ölüm gözləyirdi. Musa izah etdi: «Əgər bu adamlar hər kəsin öldüyü kimi ölsələr və yaxud hər kəsin başına gələn təcrübələrdən keçsələr, o halda Rəbb məni göndərməmişdir. Lakin Rəbb yeni bir şey etsə, yer ağzını açaraq onları və onlara aid olan hər şeyi udsa, onlar ölülər diyarına [ibr. şeol] diri-diri ensələr, bu adamların Rəbbi təhqir etdiklərini anlayacaqsınız» (Saylar 16:29, 30). Beləliklə bütün qiyamçıların — həm torpağın ağzını açaraq udduğu, həm də alovun yandırıb yox etdiyi adamların (Qorahın və onun 250 levili yoldaşlarının) həyatı şeolda və ya hadesdə başa çatdı (Saylar 26:10).
11 Davud padşahı lə’nətləyən Şimey, Davudun varisi olan Süleymanın əli ilə cəzalandırıldı. Davud oğluna vəsiyyət etdi: «Onu cəzasız qoyma, çünki sən müdrik adamsan və ona nə edəcəyini bilirsən. Onun ağarmış başını qan içində ölülər diyarına [ibr. şeol] göndər». Süleymanın əmri ilə bu hökmü Benaya həyata keçirdi (1 Padşahlar 2:8, 9, 44-46). Benayanın əli ilə öldürülən başqa bir adam isə İsrailin keçmiş ordu başçısı Yoav idi. Onun da ağarmış başı ‘ölülər diyarına [ibr. şeol] salamat enmədi’ (1 Padşahlar 2:5, 6, 28-34). Bu nümunələrin hər ikisi Davudun ilhamlanmış mahnısındakı sözlərin həqiqiliyini təsdiq edir: «Pis adamlar ölülər diyarına [ibr. şeol] düşəcək, Allahı unudan bütün millətlər də oraya gedəcək» (Məzmur 9:17).
12. Axitofel kim idi və öldükdən sonra hara düşdü?
12 Axitofel Davudun şəxsi məsləhətçisi idi. Onun məsləhətləri Yehovanın məsləhətləri kimi qiymətləndirilirdi (2 Şamuel 16:23). Əfsuslar olsun ki, bu sadiq xidmətçi xainlik edib Davudun oğlu Avşalomun başçılıq etdiyi üsyana qoşuldu. Görünür ki, Davud növbəti sözləri yazarkən bu xainliyi nəzərdə tuturdu: «Əgər məni düşmən təhqir etsəydi, dözərdim, yağı qarşımda qürrələnsəydi, gizlənərdim». Davud davam edirdi: «Qoy düşmənlərə qəfil ölüm gəlsin, onlar diri-diri ölülər diyarına [ibr. şeol] düşsün, çünki şər onların evində və qəlbindədir» (Məzmur 55:12-15). Öldükdən sonra Axitofel və onun yoldaşları şeola «düşdülər».
Gehennada olanlar kimlərdir?
13. Nəyə görə Yəhuda «həlak oğlu» adlanmışdı?
13 Davudun başına gələn hadisəni Böyük Davud olan İsanın yaşadıqları ilə müqayisə edək. Məsihin 12 həvarisindən biri olan Yəhuda İskaryot Axitofel kimi xain çıxdı. Yəhudanın günahı Axitofelin günahından daha ciddi idi. O, Allahın yeganə Oğlunu ələ vermişdir. Yer üzündəki xidmətinin sonunda etdiyi duada Allahın Oğlu davamçıları barəsində dedi: «Onlarla bərabər olduğum zaman, Mən onları adınla saxlayırdım. Mənə verdiyin kimsələri qorudum və həlak oğlundan başqa, onlardan kimsə həlak olmadı ki, Müqəddəs Yazı yerinə yetsin» (Yəhya 17:12). Yəhudanı «həlak oğlu» adlandırmaqla İsa göstərdi ki, Yəhudanın dirilməyə ümidi yoxdur. Öldükdən sonra o, Allahın yaddaşında qalmadı. O şeola deyil, gehennaya düşdü. Bəs gehenna nədir?
14. Gehenna nəyi təmsil edir?
14 İsa din rəhbərlərini ona görə mühakimə edirdi ki, onlar şagirdlərindən hər birini ‘cəhənnəmlik [yun. gehenna] edirdilər’ (Matta 23:15). O zaman zibillik kimi istifadə olunan və basdırılmağa layiq görülməyən e’dam edilmiş cinayətkarların cəsədlərinin atıldığı Hinnom dərəsi insanlara yaxşı tanış idi. İsa bir qədər əvvəl Dağüstü təbliğində gehenna haqqında danışmışdı (Matta 5:29, 30). Buna görə də onun nə haqda danışdığını insanlar çox gözəl başa düşürdülər. Gehenna dirilməyə ümid yeri qoymayan tamamilə məhvin simvolu idi. Bəs İsanın günlərində yaşayan Yəhuda İskaryotdan başqa öldükdən sonra kimlər şeola və ya hadesə deyil, gehennaya düşdü?
15, 16. Öldükdən sonra gehennaya kim düşdü və nəyə görə?
15 İlk insanlar olan Adəm və Həvva kamil yaradılmışdılar. Onlar bilərəkdən günah işlətmişdilər. Onların əbədi həyatı və ya ölümü seçmək imkanları vardı, lakin onlar Allaha itaətsizlik göstərib Şeytanın tərəfini tutdular. Öldükləri zaman Adəmlə Həvvanın Məsihin fidiyə qurbanlığından faydalanmaq ümidləri yox idi. Əksinə, onlar gehennaya düşdülər.
16 Adəmin ilk oğlu Qabil qardaşı Habili öldürdü və sonra evindən didərgin düşdü. Həvari Yəhya Qabili «Şərirdən olan» adlandırdı (1 Yəhya 3:12). Valideynləri kimi onun da öldükdən sonra gehennaya düşdüyünü ehtimal etmək məntiqə uyğundur (Matta 23:33, 35). Saleh olan Habilin vəziyyəti isə olduqca fərqlənirdi. Pavel yazırdı: «Habil, iman vasitəsilə Allaha Qabildən daha yaxşı qurban gətirdi. İman vasitəsilə saleh olduğuna şəhadət olundu; onun hədiyyələri barədə Allah müsbət şəhadət etdi və Habil, ölmüş olduğu halda, iman vasitəsilə hələ də danışır» (İbranilərə 11:4). Bəli, hazırda Habil şeoldadır və dirilməni gözləyir.
«İlk dirilmə» və «daha yaxşı dirilmə»
17. a) ‘Axır zamanda’ kimlər şeola gedir? b) Şeolda olanları və gehennaya düşənləri hansı gələcək gözləyir?
17 Yəqin ki, ‘axır zamanda’ ölənlərlə nə baş verdiyini bilmək çoxları üçün maraqlıdır (Daniel 8:19). «Vəhy» kitabının 6-cı fəsli həmin vaxt dörd simvolik atlının necə çapdığını təsvir edir. Maraqlıdır ki, həmin atlılardan sonuncusunun adı Ölümdür, ölülər aləmi də [yun. hades] onun ardınca gəlir. Beləliklə, bu atlıların ucbatından vaxtsız ölənlər hadesə düşür və Allahın yeni dünyasında dirilməni gözləyirlər (Vəhy 6:8). Şeolda (hadesdə) olanları və gehennaya düşənləri hansı gələcək gözləyir? Hadesdə olanları dirilmə, gehennadakıları isə əbədi yoxluq gözləyir.
18. «İlk dirilmədə» iştirakı olanları nə gözləyir?
18 Həvari Yəhya yazırdı: «İlk dirilmədə iştirakı olanlar bəxtiyar və müqəddəsdir. İkinci ölümün onların üzərində hakimiyyəti yoxdur. Lakin onlar Allahın və Məsihin kahinləri olacaq və Onunla bərabər min il səltənət sürəcəklər». «İlk dirilmədə» Məsihlə birlikdə hökmranlıq edəcək kəslər iştirak edirlər. Bəs qalan insanların hansı ümidi var? (Vəhy 20:6).
19. «Daha yaxşı dirilmə» bə’zilərinə hansı faydanı gətirəcəkdir?
19 İnsanların mö’cüzəvi şəkildə həyata qaytarıldıqları dirilmə halları Allahın İlyas və Elişa kimi xidmətçilərinin günlərində də baş verirdi. Pavel xatırladırdı: «Elə qadınlar var idi ki, öz ölülərini diri halda geri aldılar. Digərləri isə işgəncə çəkdilər; azadlığı qəbul etmədilər ki, daha yaxşı dirilməyə nail olsunlar». Allaha sadiq olan həmin insanlar onlara bir neçə il deyil, əbədi yaşamaq imkanı verən dirilməni səbirsizliklə gözləyirdilər! Bu həqiqətən də «daha yaxşı dirilmə» olacaqdır (İbranilərə 11:35, İ–93).
20. Növbəti məqalədə nəyi nəzərdən keçirəcəyik?
20 Yehovanın sadiq xidmətçiləri olduğumuz halda Onun bu pis sistemə son qoymasından əvvəl ölsək, əminliklə ümid edə bilərik ki, bizi əbədi həyat mə’nasını daşıyan «daha yaxşı dirilmə» gözləyir. İsa və’d etmişdir: «Buna təəccüblənməyin, çünki elə bir saat gəlir ki, qəbirlərdə olanların hamısı Onun səsini eşidəcəklər və qəbirlərindən çıxacaqlar» (Yəhya 5:28). Növbəti məqalədə dirilmənin hansı məqsədə xidmət etdiyini daha geniş müzakirə edəcək və dirilməyə olan ümidin Allaha sadiq qalmaq əzmimizi necə möhkəmləndirdiyini, həmçinin fədakarlıq ruhunu inkişaf etdirməyə necə kömək etdiyini görəcəyik.
Xatırlayırsınızmı?
• Nəyə görə Yehova dirilərin Allahı adlanır?
• Şeolda olanlar hansı vəziyyətdədirlər?
• Gehennaya düşənləri nə gözləyir?
• «Daha yaxşı dirilmə» bə’zilərinə hansı faydanı gətirəcəkdir?
[25-ci səhifədəki şəkil]
İbrahim kimi şeola düşənləri dirilmə gözləyir.
[26-cı səhifədəki şəkillər]
Adəmlə Həvva, həmçinin Qabil və Yəhuda İskaryot nəyə görə gehennaya düşdülər?