«Yehovanın möhtəşəm günü yaxındır»
«Yehovanın möhtəşəm günü yaxındır, yaxındır, tez gələcək» (SEFANYA 1:14, YD).
1, 2. a) Məsihçilər hansı xüsusi günü gözləyirlər? b) Özümüzə hansı sualları verməliyik və nə üçün?
GƏNC qız toy gününün intizarındadır. Qadın uşağının dünyaya gəlişini səbirsizliklə gözləyir. Yorulub əldən düşmüş işçi mə’zuniyyət gününün tez çatmasını arzulayır. Onların arasındakı oxşarlıq nədədir? Bu adamların hər biri həyatlarında dəyişiklik edəcək xüsusi bir günü gözləyir. Onlar dərin, eyni zamanda müxtəlif hisslər keçirirlər. Gözlədikləri gün əvvəl-axır gəlib çatacaq və onlar həmin günə hazır olmaq istəyirlər.
2 Həqiqi məsihçilər də xüsusi bir günü gözləyirlər. Bu möhtəşəm gün ‘Rəbbin [Yehovanın] günüdür’ (Yeşaya 13:9; Yoel 2:1; 2 Peter 3:12). Yehovanın yaxınlaşan günü nə deməkdir və onun gəlişi bəşəriyyətə necə tə’sir edəcək? Bu günə hazır olduğumuzu necə göstərə bilərik? Çox vacibdir ki, bu suallara indi cavab axtaraq, çünki cərəyan edən hadisələr Müqəddəs Kitabın «Yehovanın möhtəşəm günü yaxındır, yaxındır, tez gələcək» sözlərinin doğruluğunu sübut edir (Sefanya 1:14, YD).
«Yehovanın möhtəşəm günü»
3. «Yehovanın möhtəşəm günü» nə deməkdir?
3 «Yehovanın möhtəşəm günü» nə deməkdir? Müqəddəs Kitabda Allahın düşmənləri üzərində hökm icra etdiyi və uca adını izzətləndirdiyi xüsusi dövrlər ‘Yehovanın günü’ adlanır. Yehova Yəhuda və Yerusəlimin xəyanətkar sakinləri, o cümlədən zalım babillilər və misirlilər üzərində hökmünü icra edəndə, onlar ‘Yehovanın gününə’ tuş oldular (Yeşaya 2:1, 10-12; 13:1-6; Yeremya 46:7-10). Ancaq ‘Yehovanın günlərindən’ ən möhtəşəmi hələ qabaqdadır. Yehova həmin ‘gün’ adını bədnam edənlər üzərində hökmünü icra edəcək. O gün yalan dinlərin dünya imperiyası olan «Böyük Babil»in məhvi ilə başlayacaq və öz zirvəsinə bu pis sistemin Har-Megidon müharibəsində məhv ediləcəyi zaman çatacaq (Vəhy 16:14, 16; 17:5, 15-17; 19:11-21).
4. Nəyə görə insanların əksəriyyəti Yehovanın sür’ətlə yaxınlaşan günü qarşısında titrəməlidir?
4 Nəyə görə insanların əksəriyyəti sür’ətlə yaxınlaşan bu günün qarşısında titrəməlidir? Yehova Sefanya peyğəmbər vasitəsilə bu suala cavab verir: «O gün qəzəb günüdür: hər tərəfi əziyyət və məşəqqətin, viran və talanın, qaranlıq və zülmətin, qara buludların bürüdüyü gündür!» Necə də dəhşətlidir! Üstəlik peyğəmbər deyir: ‘Adamlara bəla göndərəcəyəm, çünki Mən Rəbbə qarşı günah ediblər’ (Sefanya 1:15, 17).
5. Milyonlarla insanlar Yehovanın gününü necə gözləyirlər və nə üçün?
5 Milyonlarla digər insanlar isə Yehovanın gününü səbirsizliklə gözləyirlər. Nə üçün? Çünki onlar bilirlər ki, bu, salehlərin xilas və qurtuluş günüdür, həmin gün Yehova izzətlənəcək və uca adını təmizə çıxaracaq (Yoel 3:16, 17; Sefanya 3:12-17). O günün insanlar üçün dəhşətli və ya sevincli gün olması, əsas e’tibarilə onların hal-hazırda sürdüyü həyat tərzindən asılıdır. Bəs bu günün yaxınlaşması səndə hansı hissləri doğurur? Bu günə hazırsanmı? Yehovanın gününün astanasında olmağımız sənin gündəlik həyatına tə’sir edirmi?
«Rişxəndçilər istehza edərək gələcək»
6. Bir çoxları ‘Yehovanın gününə’ necə yanaşırlar və nəyə görə həqiqi məsihçilər buna təəccüb etmirlər?
6 Vaxtın az qaldığına baxmayaraq, ‘Yehovanın gününün’ yaxınlaşması yer üzünün sakinlərinin əksəriyyətini heç maraqlandırmır. Onlar dünyanın başının üstünü alan bu gün haqqında xəbərdarlıq edənləri ələ salırlar. Ancaq həqiqi məsihçilər buna təəccüb etmirlər, çünki həvari Peterin bu xəbərdarlığını unutmurlar: «Hər şeydən qabaq bunu bilin ki, axır günlərdə öz ehtiraslarına görə hərəkət edən rişxəndçilər istehza edərək gələcək, və deyəcəklər: “Bəs Onun və’d edilmiş zühuru hanı? Çünki əcdadımız gözlərini həyata yumandan bəri hər şey ilk yaranan zaman olduğu kimi qalır”» (2 Peter 3:3, 4).
7. Hansı vaxtda yaşadığımızı nəzərdən qaçırmamağa bizə nə kömək edər?
7 Bu cür mənfi düşüncə tərzinə uymayaraq hansı vaxtda yaşadığımızı nəzərdən qaçırmamağa bizə nə kömək edər? Peter məsihçilərə üz tutub deyir: «Hafizənizi canlandıraraq sizi pak düşüncəli olmağa təşviq edirəm ki, siz, müqəddəs peyğəmbərlər tərəfindən qabaqcadan söylənən sözləri və Rəbb və Xilaskarın həvariləriniz vasitəsilə e’lan edilən əmrini yada salasınız» (2 Peter 3:1, 2). Hafizəmizi Müqəddəs Kitab xəbərdarlıqlarına diqqət yetirməklə canlandıra bilərik. Bu xatırlatmaları dəfələrlə eşitmiş olsaq da, onlara diqqət yetirmək indi hər zamankından daha vacibdir (Yeşaya 34:1-4; Luka 21:34-36).
8. Nə üçün bir çoxları Müqəddəs Kitabın xatırlatmalarına məhəl qoymurlar?
8 Nəyə görə bə’ziləri bu xatırlatmalara məhəl qoymurlar? Peter davam edir: «Onlar bunu qəsdən bilmək istəmirlər ki, göylər qədim zamanlardan bəri Allahın sözü ilə yarandı, yer də sudan və su vasitəsilə təşkil edildi. O zamankı dünya da həmən sularla boğulub, məhv oldu» (2 Peter 3:5, 6, İ–93). Bəli, elələri var ki, Yehovanın gününün gəlişini istəmir. Onlar istəmirlər ki, «normal» həyatlarına nə isə mane olsun. Belələri sürdükləri xudbin həyat tərzinə görə Yehovanın qarşısında cavab verməyi lazım bilmirlər! Peterin dediyi kimi, onlar «öz ehtiraslarına görə» yaşayırlar.
9. Nuh və Lutun günlərində insanlar onların xəbərdarlığına necə münasibət göstərdilər?
9 Bu rişxəndçilər üçün Yehovanın keçmişdə bəşəriyyətin işinə müdaxilə etdiyinə məhəl qoymamaq daha sərfəlidir. Həm İsa Məsih, həm də həvari Peter Nuhun və Lutun günlərinə istinad etmişlər (Luka 17:26-30; 2 Peter 2:5-9). Daşqından qabaq insanlar Nuhun xəbərdarlığına əhəmiyyət vermədilər. Eynilə Sodom və Homorranın məhvindən əvvəl də kürəkənlərinə elə gəlmişdi ki, Lut onlarla «zarafat edir» (Yaradılış 19:14).
10. Xəbərdarlıqlara e’tinasızlıq göstərənlər haqqında Yehova nə deyir?
10 Bu gün də heç nə dəyişməyib. Ancaq görün Yehova belə insanların aqibəti haqqında nə deyir: «Firavan yaşayan qayğısızları, ürəklərində “Rəbb nə yaxşılıq, nə də pislik — heç nə etməz” deyənləri cəzalandıracağam. Var-dövlətləri talan olacaq, evləri xaraba qalacaq, tikdikləri evlərdə yaşamayacaqlar, onlar saldıqları üzümlüklərin şərablarını içməyəcəklər» (Sefanya 1:12, 13). İnsanlar gündəlik işlərilə məşğul olmağa davam edə bilərlər, lakin çəkdikləri ağır zəhmət onlara uzunmüddətli fayda gətirməyəcək. Nə üçün? Çünki Yehovanın günü qəflətən onları yaxalayacaq, topladıqları var-dövlət onları xilas etməyəcək (Sefanya 1:18).
«Gözləyin»
11. Hansı xəbərdarlığı unutmamalıyıq?
11 Biz bu pis dünyadan fərqli olaraq, Habaqquq peyğəmbərin yazdığı xəbərdarlığı unutmamalıyıq: «Bu görüntü müəyyən vaxt üçündür, başa çatmağa tələsir və yalan deyil. Sanki gecikir, amma gözləyin, çünki hökmən gələcək, gecikməyəcək» (Habaqquq 2:3). Həmin gün biz qeyri-kamil insanların nöqteyi-nəzərincə geciksə də, yadda saxlamalıyıq ki, Yehova heç vaxt yubanmır. Onun günü düz vaxtında, insanların gözləmədiyi bir saatda gələcək (Mark 13:33; 2 Peter 3:9, 10).
12. İsa qabaqcadan nə haqda demişdi, ancaq İsanın sadiq davamçıları haqqında nə demək olar?
12 Yehovanın gününü gözləməyin vacibliyini vurğuladıqdan sonra, İsa, hətta bə’zi davamçılarının da hansı vaxtda yaşadıqlarını nəzərdən qaçıracaqlarını qabaqcadan demişdi: «Həmin qul pis olar və ürəyində deyərsə ki: “Ağam gec gələcək” və öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib içməyə başlarsa, o qulun ağası, onun gözləmədiyi bir gündə və bilmədiyi bir saatda gələcək, onu şiddətlə cəzalandıracaq» (Matta 24:48-51). Onlardan fərqli olaraq, sadiq və ağıllı qul hansı vaxtda yaşadığını unutmur. Qul sinfi oyaq durub hazır olduğu üçün, İsa yerdəki ‘bütün malikanəsinin idarəsini ona tapşırdı’ (Matta 24:42-47).
Yubanmaq qətiyyən olmazdı
13. İsa yubanmadan hərəkət etməyin vacibliyini necə vurğuladı?
13 Birinci əsrdəki məsihçilərə yubanmaq olmazdı. ‘Qoşunların Yerusəlimi mühasirə etdiyini gördükləri zaman’, onlar şəhəri dərhal tərk etməli idilər (Luka 21:20, 21). Bu, eramızın 66-cı ilində baş verdi. Görün İsa o dövrdə yubanmadan hərəkət etməyin vacibliyini necə vurğuladı: «Damda olan evindən əşya götürmək üçün aşağı enməsin; tarlada olan da əbasını götürmək üçün geri dönməsin» (Matta 24:17, 18). Tarix göstərir ki, romalılar geri çəkilib dörd ildən sonra qayıtdılar. Bəs onda nəyə görə məsihçilər b. e. 66-cı ilində İsanın sözlərinə yubanmadan əməl etməli idilər?
14, 15. Nəyə görə məsihçilər qoşunların Yerusəlimi mühasirə etdiyini görəndə, yubanmadan hərəkət etməli idilər?
14 Yerusəlim Roma qoşunları tərəfindən eramızın 70-ci ilində dağıdılsa da, ötən dörd il sakitlik içində keçməmişdi. Əksinə, bu dövrdə zorakılıq və qırğınlar baş alıb gedirdi. Bir tarixçinin sözlərinə görə həmin vaxt Yerusəlimdə «dəhşətli azğınlıqlar törədilən qanlı vətəndaş müharibəsi» gedirdi. Cavan kişiləri istehkamları möhkəmləndirməyə, silahlanmağa məcbur edir və orduya yığırdılar. Hər gün hərbi məşqlər keçirilirdi. Bu işlərə qoşulmayanlar xain sayılırdılar. Əgər məsihçilər şəhərdən vaxtında çıxmasaydılar, onların vəziyyəti son dərəcə təhlükəli olardı (Matta 26:52; Mark 12:17).
15 Qeyd etmək lazımdır ki, İsa təkcə Yerusəlimdəkilərin deyil, bütün ‘Yəhudeyada olanların’ qaçmalarını tapşırmışdı. Bu çox vacib idi, çünki romalılar qoşunlarını Yerusəlimdən çəkəndən bir neçə ay sonra hərbi əməliyyatlarına yenidən başladılar. Onlar eramızın 67-ci ilində Qalileyanı istila etdikdən sonra, növbəti il, Yerusəlim istisna olmaqla, bütün Yəhudeyanı zəbt etdilər. Əhali romalıların əlindən çox əziyyət çəkirdi. Həmçinin Yerusəlimdən qaçmaq yəhudilər üçün get-gedə çətinləşirdi. Şəhər darvazaları mühafizə edilirdi, şəhərdən qaçmağa çalışanlar romalıların tərəfinə keçməkdə ittiham olunurdu.
16. Birinci əsrdə yaşayan məsihçilər xilas olmaq üçün nəyə hazır olmalı idilər?
16 Bütün bu amilləri nəzərə alaraq İsanın erkən məsihçiləri nəyə görə dərhal hərəkət etməyə çağırdığını başa düşürük. Onların diqqəti maddi şeylərə yayınmamalı idi. Məsihçilər İsanın xəbərdarlığına əməl etmək üçün ‘bütün var-yoxlarından əl çəkməyə’ hazır olmalı idilər (Luka 14:33). Xəbərdarlığa qulaq asıb dərhal İordanın o biri tayına qaçanlar xilas oldular.
Sayıqlığı qoruyaq
17. Nəyə görə indi əvvəlkindən daha çox sayıq olmalıyıq?
17 Müqəddəs Kitab peyğəmbərlikləri aydın göstərir ki, biz bu sistemin lap sonunda yaşayırıq. İndi həmişəkindən daha çox sayıq olmalıyıq. Əmin-amanlıq dövründə əsgər döyüş zamanı keçirdiyi gərginlik və qorxu hissindən uzaq olur. Ancaq sayıqlığı qorumasa, gözlənilmədən müharibə başlayanda o buna hazır olmaz və nəticəsi faciəvi olar. Bu, ruhani cəhətdən də belədir. Tədricən sayıqlığı itirsək, bizə edilən hücumları dəf etməyə hazır olmarıq və Yehovanın günü bizi qəflətən yaxalayar (Luka 21:36; 1 Saloniklilərə 5:4). Əgər kimsə Yehovanın ‘yolundan dönübsə’, indi Onu axtarmağın əsl vaxtıdır (Sefanya 1:3-6; 2 Saloniklilərə 1:8, 9).
18, 19. «Allahın Gününün zühurunu» necə ‘sür’ətləndirə’ bilərik?
18 Təəccüblü deyil ki, həvari Peter «Allahın Gününün zühurunu» ‘sür’ətləndirməyi’ nəsihət edirdi! Biz bunu necə edə bilərik? Üsullardan biri ‘müqəddəs və Allaha ixlaskar bir həyat yaşamaqdır’ (2 Peter 3:11, 12). Belə yaşamaqla diqqətimiz ‘Yehovanın günündən’ yayınmayacaq. Yehovanın «Gününün zühurunu» hərfi mə’nada sür’ətləndirə bilmərik. Ancaq daim Allaha xidmət etməklə məşğul olsaq, vaxt sanki bir göz qırpımında keçəcək (1 Korinflilərə 15:58).
19 Allahın Kəlamının və oradakı xatırlatmaların üzərində düşünməklə də biz o günün gəlişini sür’ətləndirər və ya başqa tərcümələrə əsasən onu «yaddaşımızda möhkəm saxlayar», yaxud «şiddətlə arzulaya» bilərik (2 Peter 3:11). Bu xatırlatmalara daxil olan peyğəmbərliklərdə təkcə Yehovanın gününün zühuru haqda deyil, həmçinin Onu ‘gözləyənlərin’ alacağı çoxsaylı xeyir-dualardan danışılır (Sefanya 3:8).
20. Hansı çağırışa xüsusi diqqət yetirməliyik?
20 İndi Sefanya peyğəmbərin bu sözlərinə xüsusi diqqət yetirməyin əsl vaxtıdır: «Rəbbin qızğın qeyzi başınıza gəlmədən, Rəbbin qəzəb günü sizə yetişmədən öncə toplaşın! Ey Rəbbin hökmünə əməl edən sizlər, ölkədəki həlim ürəklilər, Rəbbə meyl salın! Salehliyə meyl salın! Təvazökarlığa meyl salın! Bəlkə siz Rəbbin qəzəb günündə qurtula bildiniz» (Sefanya 2:2, 3).
21. Allahın xalqı 2007-ci il ərzində nəyə qəti qərarlıdır?
21 Necə də münasibdir ki, «Yehovanın möhtəşəm günü yaxındır» sözləri 2007-ci il üçün illik ayə seçilib. Allahın xalqı o günün yaxın olduğuna və tez gələcəyinə əmindir (Sefanya 1:14, YD). Yehovanın günü «gecikməyəcək» (Habaqquq 2:3). Gəlin o günü gözlədiyimiz müddətdə bu peyğəmbərliklərin tam yerinə yetəcəyi vaxtın yaxın olduğunu yadda saxlayaraq sayıqlığı qoruyaq!
Cavab verə bilərsinizmi?
• «Yehovanın möhtəşəm günü» nə deməkdir?
• Nəyə görə bir çoxları hansı vaxtda yaşadığımıza məhəl qoymur?
• Nə üçün birinci əsrdə yaşayan məsihçilər yubanmadan hərəkət etməli idilər?
• Sayıqlığı necə qoruya bilərik?
[11-ci səhifədəki yazı]
2007-ci il üçün illik ayə: «Yehovanın möhtəşəm günü yaxındır» (Sefanya 1:14, YD).
[8 və 9-cu səhifələrdəki şəkillər]
Yehovanın günü, Nuhun günlərində olduğu kimi, bugünkü rişxəndçiləri də qəflətən yaxalayacaq.
[10-cu səhifədəki şəkil]
Məsihçilər ‘qoşunların Yerusəlimi mühasirə etdiyini gördükləri’ zaman yubanmadan hərəkət etməli idilər.