Lukanın yazdığı müjdə
21 İsa ətrafa göz gəzdirəndə varlıların xəzinə qablarına ianə* saldıqlarını gördü.+ 2 Sonra kasıb bir dul qadın da gəlib qaba iki xırda pul* saldı.+ 3 İsa dedi: «İnanın, bu kasıb dul qadın onların hamısından çox pul saldı.+ 4 Çünki onlar varlarının artıqlığından ianə verdilər, bu qadın isə yoxsul ola-ola, dolanmaq üçün nəyi vardısa, hamısını verdi».+
5 Daha sonra bəziləri məbədin özündən, onun gözəl daşlarla, Allaha təqdim edilmiş əşyalarla bəzədildiyindən danışanda+ 6 o dedi: «Elə vaxt gələcək ki, burada gördüklərinizdən daş daş üstə qalmayacaq, hamısı dağılacaq».+ 7 Onda İsadan soruşdular: «Ustad, bunlar nə vaxt olacaq? Bunların baş verəcəyi vaxt hansı əlamətdən bilinəcək?»+ 8 İsa cavab verdi: «Diqqətli olun ki, sizi aldatmasınlar.+ Çünki bir çoxları mənim adımla gəlib deyəcək: “Məsih mənəm”, “Vaxt yaxınlaşır”. Onların ardınca getməyin.+ 9 Bundan əlavə, müharibələr və iğtişaşlar barəsində eşidəndə dəhşətə gəlməyin. Çünki əvvəlcə bunlar baş verməlidir, ancaq son dərhal gəlməyəcək».+
10 Sonra əlavə etdi: «Millət millətə qarşı,+ dövlət dövlətə qarşı qalxacaq.+ 11 Güclü zəlzələlər olacaq, gah burada, gah orada qıtlıqlar və xəstəliklər* olacaq.+ İnsanlar dəhşətli mənzərələrin, göydən gələn böyük əlamətlərin şahidi olacaq.
12 Lakin bütün bunlardan əvvəl sizi tutacaqlar, təqib edəcəklər,+ sinaqoqlara verəcəklər, zindanlara atacaqlar, mənim adıma görə sizi padşahların və valilərin önünə gətirəcəklər.+ 13 Bunun sayəsində siz şəhadət verəcəksiniz. 14 Buna görə də özünüzü müdafiə etmək üçün nə deyəcəyinizi qabaqcadan düşünməyin,+ 15 çünki mən sizin dilinizə elə sözlər qoyacağam, sizə elə hikmət verəcəyəm ki, düşmənləriniz sizə bata bilməyəcək, sözünüzün qabağında söz deyə bilməyəcək.+ 16 Bundan başqa, valideynləriniz, qohum-qardaşınız, dostlarınız sizi ələ verəcək, hətta bəzilərinizi öldürəcəklər.+ 17 Mənim adıma görə hamı sizə nifrət edəcək.+ 18 Bunlara baxmayaraq, başınızdan bir tük belə, əskik olmayacaq.+ 19 Dözümlə həyatınızı xilas edəcəksiniz.+
20 Qoşunların Yerusəlimi mühasirəyə aldığını görəndə+ bilin ki, o, tezliklə viran olacaq.+ 21 Onda qoy Yəhudiyyədə olanlar dağlara qaçsın,+ şəhərdəkilər oradan çıxsın, ətraf kəndlərdə olanlar şəhərə girməsin. 22 Çünki o günlər qisas günləri olacaq* və beləliklə, bütün yazılanlar yerinə yetəcək. 23 O günlərdə hamilə qadınların, əmzikli anaların vay halına!+ Bu torpaqda böyük müsibət olacaq. Bu xalq qəzəbə tuş gələcək, 24 qılıncdan keçiriləcək, bütün ölkələrə əsir aparılacaq.+ Xalqlara verilən vaxt qurtarana qədər Yerusəlim xalqların tapdağı altında qalacaq.+
25 Həmçinin günəşdə, ayda, ulduzlarda əlamətlər olacaq.+ Yerdə dənizin nəriltisindən və çalxalanmasından çıxış yolu tapmayan xalqlar əzab çəkəcək. 26 İnsanlar qorxudan və yerin üzərinə gələcək hadisələri gözləməkdən huşunu itirəcək, çünki göylərin qüvvələri sarsılacaq. 27 Sonra insan Oğlunun+ qüdrətlə, calal içində buludda gəldiyini görəcəklər.+ 28 Bunlar yerinə yetməyə başlayanda qamətinizi düzəldib başınızı dikəldin, çünki qurtuluşunuz yaxındır».
29 Sonra İsa onlara bu məsəli çəkdi: «Əncir ağacına və başqa ağaclara fikir verin.+ 30 Onların tumurcuqlandığını görəndə bilirsiniz ki, tezliklə yay gələcək. 31 Eləcə də bütün bunların baş verdiyini görəndə bilin ki, Allahın Padşahlığı yaxındadır. 32 Yadınızda saxlayın ki, bütün bunlar bu nəsil keçib getməmiş baş verəcək.+ 33 Yer-göy yox olub gedəcək, amma mənim sözlərim qalacaq.+
34 Özünüzə fikir verin, ürəyinizi qarınqululuq, sərxoşluq+ və həyatın qayğıları+ ilə yükləməyin ki, o gün 35 üstünüzə tor kimi qəflətən,+ bir an içində gəlməsin. Çünki o gün yer üzündə yaşayan hər kəsin üstünə gələcək. 36 Buna görə də oyaq durun+ və hər zaman Allaha yalvarın+ ki, baş verəcək bu hadisələrdən qurtulasınız və insan Oğlunun qarşısında dura biləsiniz».+
37 İsa gündüzlər məbəddə vəz edir, gecələr isə gedib Zeytun dağında qalırdı. 38 Bütün xalq onu dinləmək üçün sübh tezdən məbədə gəlirdi.