Fəsil 103
Yenidən məbəddə
NİSANIN 10-u səhər tezdən İsa şagirdləri ilə durub Yerusəlimə gedir. Onu da qeyd edək ki, onlar üç gecəni Betaniyada keçiriblər. Yolda İsa acdığını hiss edir. O, yarpaq açmış əncir ağacını görəndə yaxınlaşır ki, görsün ağacda əncir var, ya yox.
O tərəflərdə erkən əncir mövsümü iyunda başlayır, indi isə martın axırıdır. Ağac vaxtından əvvəl yarpaq açıb. Buna görə də İsa düşünür ki, erkən yarpaq açmış ağacda bəlkə əncir də var. Təəssüf ki, belə olmur, yarpaqlar ağaca aldadıcı görkəm veribmiş. Onda İsa ağacı lənətləyir: «Qoy səndə heç vaxt meyvə bitməsin». Bunun nəticəsi və simvolik mənası səhəri gün məlum olur.
Bir azdan İsagil gəlib Yerusəlimə çatırlar. İsa məbədə gedir. O, dünən burada olanda vəziyyəti gözdən keçirmişdi. Bu gün isə bütün alıcıları və satıcıları məbəddən qovur, pul dəyişənlərin masalarını, göyərçin satanların kətillərini çevirir və heç kimi məbədin içindən nəsə keçirməyə qoymur. Yadınızdadırsa, İsa 3 il əvvəl də Pasxa bayramına gələndə belə etmişdi.
İsa sərrafları və göyərçin satanları mühakimə edərək deyir: «Məgər yazılmayıb ki: “Mənim evim bütün millətlər üçün dua evi adlanacaq”? Siz isə onu quldur yuvasına döndərmisiniz». Onlar qurbanlıq heyvanların qiymətini birə-beş qaldıraraq bu heyvanları almağa məcbur olan adamları soyurlar. Məhz buna görə İsa onları quldur hesab edir.
Böyük kahinlər, mirzələr və nüfuzlu adamlar İsanın hərəkətini eşidəndə onu öldürmək üçün yol axtarmağa başlayırlar. Beləcə, onlar islahedilməz olduqlarını göstərirlər. Amma bilmirlər onu necə aradan götürsünlər, çünki İsanı dinləmək istəyən camaat ondan ayrılmır.
Pasxa bayramına yəhudilərdən savayı prozelitlər də gəliblər. Prozelitlər yəhudi dinini qəbul etmiş qeyri-yəhudi xalqlardan olan insanlardır. Prozelit olduqları ehtimal edilən bir neçə yunan Filipə yaxınlaşıb İsanı görmək istədiklərini deyirlər. Filip bu xahişlə əlaqədar gedib Andreasla məsləhətləşir. Görünür, İsa hələ məbəddədir və yunanlar onu orada görə bilərlər.
İsa bilir ki, onun ölümünə cəmi bir neçə gün qalır. O, bu haqda belə deyir: «İnsan oğlunun şöhrətlənmək vaxtı gəldi. Eşidin və agah olun, buğda dəni torpağa düşüb ölmürsə, eləcə qalır. Öləndə isə çoxlu bar verir».
Bir buğda dənəsinin, demək olar ki, heç bir dəyəri yoxdur. Amma o torpağa düşüb «öləndə» baxın nə olur: dən cücərir, boy atır və sünbül olub çoxlu dən gətirir. İsa kamil insan kimi təkdir. Əgər son nəfəsinədək Allaha sadiq qalıb ölsə, onda onun kimi fədakar və sadiq insanlar onun vasitəsilə əbədi həyata qovuşacaqlar. Buna görə də İsa deyir: «Öz canını sevən onu məhv edəcək, bu dünyada canına nifrət edən isə onu əbədi həyat üçün qoruyacaq».
İsanın növbəti sözlərindən görürük ki, o, yalnız özünü düşünmür: «Kim mənə xidmət etmək istəyirsə, ardımca gəlsin. Mən harada olsam, xidmətçim də orada olacaq. Mənə xidmət edən adamı Allah şöhrətə mindirəcək». Görün, İsanın ardınca gedib ona xidmət edənləri necə də gözəl mükafat gözləyir. Allah onları Məsihlə birgə Padşahlıqda oturmaq şərəfinə layiq görəcək.
İsa onu gözləyən əzabları və məşəqqətli ölümünü gözünün qabağına gətirərək deyir: «Ürəyim sıxılır. Nə deyim? Ata, məni qarşıdakı hadisələrdən qurtar». Kaş bu hadisələrdən qaçmaq mümkün olaydı! Amma bu, mümkün deyil. İsa özü bu barədə deyir: «Hərçənd mən elə bu gün üçün gəlmişəm». Bəli, İsa, fidyə qurbanlığı qismində veriləcək həyatı da daxil olmaqla, Allahın niyyətini bütövlüklə dəstəkləyir. Matta 21:12, 13, 18, 19; Mark 11:12—18; Luka 19:45—48; Yəhya 12:20—27.
▪ Hələ əncir mövsümü olmadığı halda, İsa nəyə görə əncir ağacında meyvə axtarır?
▪ İsa məbəddəki satıcıları nə üçün «quldur» adlandırır?
▪ İsa hansı mənada «ölən» buğdaya bənzəyir?
▪ İsa onu gözləyən əzablar və ölüm barədə nə düşünür?