TƏLİM MƏQALƏSİ 14
Məsihin izi ilə gedin
«Axı Məsih də sizin uğrunuzda əzab çəkdi və sizə nümunə qoydu ki, onun izi ilə gedəsiniz» (1 BUT. 2:21).
NƏĞMƏ 13 Məsih bizə örnəkdir
İCMALa
1, 2. 1 Butrus 2:21 ayəsindəki sözləri hansı nümunə əsasında izah edərdiniz?
TƏSƏVVÜR EDİN Kİ, siz bir dəstə adamla qarla örtülü, təhlükəli bir ərazidə yol gedirsiniz. Dəstənin önündə təcrübəli bələdçi gedir. O irəlilədikcə yumşaq qarın üstündə ayağının izi qalır. Amma bir qədər yol gedəndən sonra görürsünüz ki, bələdçi yoxdur. Buna baxmayaraq, təlaşa düşmürsünüz. Əksinə, siz də, yoldaşlarınız da bələdçinin qoyduğu izlərlə getməyə çalışırsınız.
2 Eynilə, biz məsihilər də təhlükəli bir ərazidə, bu şər dünyada yol gedirik. Xoşbəxtlikdən Yehova bizə kamil bir bələdçi, Oğlu İsa Məsihi verib (1 But. 2:21). Biz onun izlərilə gedə bilərik. Müqəddəs Kitab üzrə bir elmi işə əsasən, burada Butrus İsanı bələdçiyə bənzədir. İsa da bələdçi kimi iz qoyub ki, biz onun ardınca gedək. Gəlin bununla bağlı üç sualı nəzərdən keçirək. İsanın qoyduğu izlərlə getmək nə deməkdir? Biz nəyə görə onun izi ilə getməliyik? Və bunu necə gedə bilərik?
İSANIN İZİ İLƏ GETMƏK NƏ DEMƏKDİR?
3. Kiminsə izi ilə getmək nə deməkdir?
3 Kiminsə izi ilə getmək nə deməkdir? Müqəddəs Kitabda «getmək», «ayaq» sözləri bəzən insanın həyat yolunu bildirir (Yar. 6:9; Məs. 3:23). İnsanın öz həyatı ilə qoyduğu nümunəni yeriyərkən qoyduğu izə bənzətmək olar. Deməli, kiminsə izi ilə getmək ondan nümunə götürmək deməkdir.
4. İsanın izi ilə getmək nə deməkdir?
4 Bəs İsanın izi ilə getmək nə deməkdir? Sadə dillə desək, ondan örnək almaq deməkdir. Məqalənin əsas ayəsində Butrus İsanın əzablara dözməkdə qoyduğu gözəl nümunədən danışır. Bununla belə, biz digər sahələrdə də İsadan örnək götürə bilərik (1 But. 2:18—25). Bəli, İsanın bütün həyatı, dediyi və etdiyi hər şey bizim üçün gözəl nümunədir.
5. Qeyri-kamil insan İsanın mükəmməl nümunəsini izləyə bilər? İzah edin.
5 Bəs qeyri-kamil insan İsanın izi ilə gedə bilər? Bəli. Butrus demədi ki, biz İsanın izi ilə mükəmməl şəkildə gedək. O sadəcə bizi İsanın izi ilə getməyə səslədi. İsanın izi ilə getmək üçün qeyri-kamilliyimizin yol verdiyi qədər əlimizdən gələni ediriksə, onda demək olar ki, biz İsanın getdiyi yolla yeriyirik (1 Yəh. 2:6).
NƏYƏ GÖRƏ İSANIN İZİ İLƏ GETMƏLİYİK?
6, 7. İsanın izi ilə getmək bizi Yehovaya necə yaxınlaşdırır?
6 İsanın izi ilə getmək bizi Allaha yaxın edir. Nə üçün belə deyə bilərik? Birincisi, İsa Yehovanın bəyəndiyi kimi yaşamaqla bağlı gözəl nümunə qoyub (Yəh. 8:29). Deməli, İsanın izi ilə getsək, Yehova bizim də həyatımızdan razı qalar. Və biz əmin ola bilərik ki, səmavi Atamız Onunla dost olmaq üçün əlindən gələni edən kəslərə yaxınlaşacaq (Yaq. 4:8).
7 İkincisi, İsa Atasına mükəmməl surətdə bənzəyirdi. Buna görə o demişdi: «Məni görən Atanı da görüb» (Yəh. 14:9). Biz İsanın xüsusiyyətlərindən və başqaları ilə rəftarından örnək ala bilərik. Məsələn, İsanın cüzamlıya yazığı gəlmişdi. Ciddi xəstəlikdən əziyyət çəkən bir qadına şəfqət göstərmişdi və əzizini itirənlərə görə kədərlənmişdi. İsadan örnək götürəndə Yehovadan örnək götürmüş oluruq (Mark 1:40, 41; 5:25—34; Yəh. 11:33—35). Nə qədər çox Yehovaya bənzəsək, bir o qədər Ona yaxın olarıq.
8. İsanın izi ilə getmək bizə dünyaya qalib gəlməyə necə kömək edəcək?
8 İsanın izi ilə getsək, bu şər dünya diqqətimizi ibadətdən yayındırmayacaq. Yer üzündəki həyatının son gecəsində İsa demişdi: «Mən dünyaya qalib gəldim» (Yəh. 16:33). Bu sözlərlə İsa demək istəyirdi ki, bu dünyanın insanlarının düşüncə və davranış tərzi, məqsədləri onu öz qəlibinə sala bilmədi. İsa heç vaxt yer üzünə gəlişinin məqsədini — Yehovanın adını müqəddəs tutmaq məqsədini unutmadı. Bəs bizim haqqımızda nə demək olar? Bu dünyada diqqətimizi ibadətdən yayındıran şeylər çoxdur. Amma İsa kimi diqqətimizi Yehovanın iradəsini yerinə yetirməyə cəmləsək, biz də dünyaya qalib gələcəyik (1 Yəh. 5:5).
9. Əbədi həyata aparan yoldan sapmamaq üçün nə etməliyik?
9 İsanın izi ilə getsək, əbədi yaşaya biləcəyik. Bir dəfə varlı bir cavan İsaya yaxınlaşıb soruşdu ki, əbədi həyatı almaq üçün nə etməlidir. İsa isə cavabında dedi: «Ardımca gəl» (Mət. 19:16—21). Həmçinin onun Məsih olduğuna inanmayan bəzi yəhudilərə dedi: «Mənim qoyunlarım... ardımca gəlirlər. Mən onlara əbədi həyat verəcəyəm» (Yəh. 10:24—29). Bundan başqa, İsa onun təlimləri ilə maraqlanan və Sinedrionun üzvü olan Nikodemə də dedi ki, ona iman edənlərin əbədi həyatı olacaq (Yəh. 3:16). İsanın dediklərini etməklə və onun kimi davranmaqla ona iman etdiyimizi göstəririk. Belə etsək, əbədi həyata aparan yoldan heç vaxt sapmayacağıq (Mət. 7:14).
İSANIN İZİ İLƏ NECƏ GEDƏ BİLƏRİK?
10. İsanı daha yaxşı tanımaq üçün nə etməliyik? (Yəh. 17:3)
10 İsanın izi ilə getməzdən əvvəl biz Onu tanımalıyıq. (Yəhya 17:3 ayəsini oxuyun.) İsanı tanımaq daimi bir prosesdir. Biz İsanı mümkün qədər yaxşı tanımalıyıq. Onun keyfiyyətləri, düşüncə tərzi və dəyərləri barədə daima öyrənməliyik. Həqiqətdə neçə müddət olmağımızdan asılı olmayaraq, biz Yehovanı və İsanı tanımağa davam etməliyik.
11. Dörd Müjdədə nədən bəhs olunur?
11 Yehova Kəlamında yazdırdığı dörd Müjdə vasitəsilə Oğlunu bizə tanıdır. Müjdələrdə İsanın həyatı və xidməti ilə bağlı əhvalatlar yazılıb. Orada İsanın sözləri, əməlləri və hissləri qələmə alınıb. Bu dörd Müjdə İsanın qoyduğu nümunə üzərində ciddi düşünməyə kömək edir (İbr. 12:3). Bu Müjdələr bizi İsanın izləri ilə tanış edir. Odur ki, Müjdələri araşdırmaqla biz İsanı daha yaxından tanıya bilərik və beləcə, onun izi ilə gedə bilərik.
12. Müjdələrdən tam fayda əldə etmək üçün nə etməliyik?
12 Müjdələrdən tam fayda əldə etmək üçün onları sadəcə oxumaq kifayət deyil. Vaxt ayırıb orada yazılanları diqqətlə araşdırmalı və üzərində dərindən düşünməliyik. (Yuşə 1:8 ayəsindəki haşiyə ilə əlaqələndirin.) Gəlin iki məsləhətə diqqət yetirək. Görək Müjdələrdən öyrəndiklərimizin üzərində necə düşünə bilərik və oxuduqlarımıza necə əməl edə bilərik.
13. Müjdələrdə yazılmış hadisələri təsəvvürümüzdə necə canlandıra bilərik?
13 Birincisi, Müjdələrdə yazılmış hadisələri təsəvvürünüzdə canlandırın. Təxəyyülünüzü işə salaraq oxuduğunuz əhvalatı görməyə, eşitməyə, duymağa çalışın. Bunun üçün Yehovanın təşkilatının təqdim etdiyi nəşrlərdə axtarış aparın. Konteksti nəzərə alın, yəni oxuduğunuz parçadan əvvəlki və sonrakı hadisələri araşdırın. İnsanlar və yerlər haqda əlavə məlumat axtarın. Mütaliə etdiyiniz hadisənin digər Müjdələrdə necə təsvir olunduğuna diqqət yetirin. Bəzən bir Müjdədə elə təfsilatlar yer alır ki, onlara digər Müjdələrdə rast gəlinmir.
14, 15. Müjdələrdən öyrəndiklərimizə necə əməl edə bilərik?
14 İkincisi, Müjdələrdə İsa haqqında öyrəndiklərinizə əməl edin (Yəh. 13:17). Hansısa bir əhvalatı araşdırandan sonra düşünün: «Buradan öyrəndiklərimə necə əməl edə bilərəm? Öyrəndiyim bu məlumatı kimə danışıb kömək edə bilərəm?» Kiminsə barəsində düşünün və yeri gələndə nəzakətli şəkildə öyrəndiklərinizi onunla bölüşün.
15 Gəlin indi bir nümunə əsasında bu iki məsləhəti necə tətbiq edə biləcəyimizə baxaq. Kasıb dul qadının əhvalatına nəzər salacağıq.
KASIB DUL QADIN
16. Mark 12:41 ayəsindəki səhnəni təsvir edin.
16 Əhvalatı təsəvvürünüzdə canlandırın. (Mark 12:41 ayəsini oxuyun.) Bu səhnəni təsəvvür edin. Eramızın 33-cü ili, nisan ayının on biridir. İsanın ölümünə bir həftədən də az vaxt qalıb. İsa Məsih gününün çox hissəsini məbəddə təlim verməklə keçirib. Amma din xadimləri bütün günü ona aman verməyib. Əvvəl-əvvəl bəziləri onun səlahiyyətini şübhə altına aldı. Bir başqaları isə İsanı sözdə tutmaq üçün dolaşıq suallar verirdi (Mark 11:27—33; 12:13—34). İndi İsa məbədin başqa tərəfindədir, ehtimal ki, «Qadınlar həyəti» adlanan ərazisində. Burada o, divar boyunca qoyulmuş xəzinə qablarını görür. O əyləşir və camaatın xəzinə qablarına ianə atmağına baxmağa başlayır. Görür ki, varlılar xəzinə qablarına çoxlu pul atırlar. Yəqin o bu qablara yaxın əyləşib. Buna görə də qaba düşən pulların cingiltisini eşidir.
17. Mark 12:42 ayəsindəki dul qadın nə etdi?
17 Mark 12:42 ayəsini oxuyun. Bir qədər sonra İsanın gözü bir qadına sataşır. Bu, kasıb bir dul qadındır. Onun güzəranı çox çətindir. Heç zəruri şeyləri almağa belə pulu yoxdur. Amma o da xəzinə qabına yaxınlaşır və ehtiyatla iki xırda pul atır. Yəqin bu pullar qaba düşəndə heç cingiltisi də eşidilməyib. İsa onun hansı pulu atdığını bilir. O, iki lepta atıb. Bu pul həmin vaxt dövriyyədə olan ən xırda pul idi. Bu pula ən ucuz yeməli quşlardan olan bir sərçə də düşmürdü.
18. Mark 12:43, 44 ayələrinə əsasən, İsa dul qadının ianəsi barədə nə dedi?
18 Mark 12:43, 44 ayələrini oxuyun. Bu dul qadının davranışı İsaya dərin təsir bağışladı. Odur ki, şagirdlərini yanına çağırıb dul qadını göstərərək dedi: «Bunu bilin ki, bu kasıb dul qadın xəzinə qabına hamıdan çox atdı». İsa bunun səbəbini belə izah etdi: «Çünki onların hamısı [xüsusən də varlılar] varlarının artıqlığından ianə verdilər, bu qadın isə yoxsul ola-ola dolanmaq üçün nəyi vardısa hamısını verdi». Bu imanlı qadın son qəpiyini ianə verməklə Yehovanın onun qayğısına qalacağına etibar etdiyini göstərdi (Zəb. 26:3).
19. İsanın kasıb dul qadın barədə dediyi sözlərdən nə öyrənirik?
19 Öyrəndiyinizə əməl edin. Düşünün: «İsanın kasıb dul qadın haqda dediyi sözlərdən nə öyrənirəm?» Gəlin fikirləşək. Şübhəsiz, bu dul qadın da istəyərdi ki, Yehova üçün daha çox ianə etsin. Bununla belə, o, bacardığını etdi. Əlində nə var idisə, Yehovaya verdi. İsa bilirdi ki, bu qadının ianəsi Yehovanın gözündə dəyərlidir. Deməli, bu əhvalatdan vacib bir şeyi öyrənirik: Biz əlimizdən gələni edəndə, bütün qəlbimizlə, varlığımızla ibadət edəndə Yehova razı qalır (Mət. 22:37; Kol. 3:23). Yehova görəndə ki, biz bacardığımız hər şeyi edirik sevinir. Biz ibadət üçün vaxtımızı və gücümüzü əsirgəməyəndə, məsələn, təbliğdə, ibadət görüşlərində iştirak etmək üçün əlimizdən gələni edəndə Yehovanın könlü şad olur.
20. Dul qadın haqda əhvalatdan öyrəndiklərinizə necə əməl edə bilərsiniz? Nümunə çəkin.
20 Bu əhvalatdan öyrəndiklərinizə necə əməl edə bilərsiniz? Düşünün görün kimləri ruhlandıra bilərsiniz? Kimləri çəkdikləri zəhmətin Yehova üçün dəyərli olduğuna əmin edə bilərsiniz? Misal üçün, elə bir yaşlı bacı tanıyırsınızmı ki, səhhətinə görə əvvəlki qədər xidmətdə iştirak edə bilmədiyi üçün özünü dəyərsiz hiss etsin, günahlandırsın? Yaxud elə bir qardaş tanıyırsınızmı ki, xroniki xəstəliyi ucbatından görüşlərin hər birində iştirak edə bilmədiyi üçün ruhdan düşsün? Belə dindaşlarınızın imanını möhkəmləndirmək üçün «yaxşı söz söyləyin» (Efes. 4:29). Kasıb dul qadın haqda əhvalatdan öyrəndiyiniz ruhlandırıcı fikirləri onlarla bölüşün. Sizin sözləriniz onları əmin edə bilər ki, əlimizdən gələni ediriksə, Yehova razı qalır (Məs. 15:23; 1 Salon. 5:11). Yehovanın yolunda, hətta az da olsa, əlindən gələni edənləri tərifləyəndə İsanın izləri ilə getmiş olursunuz.
21. Siz nə etməyə qətiyyətlisiniz?
21 Nə yaxşı ki Müjdələrdə İsanın həyatı barədə bu qədər çox məlumat var. Bunun sayəsində biz ondan örnək alır və onun izi ilə gedə bilirik. Fərdi mütaliə zamanı və ya ailəvi ibadətinizdə Müjdələri araşdıra bilərsiniz. Həmçinin unutmayın ki, oxuduqlarınızdan tam fayda əldə etmək üçün hadisələri təsəvvürünüzdə canlandırmalı və öyrəndiklərinizə əməl etməlisiniz. Amma İsa kimi davranmaqdan əlavə, onun dediklərinə də qulaq asmalıyıq. Növbəti məqalədə araşdıracağıq ki, İsanın ölümündən əvvəl dediyi son sözlərdən nə öyrənə bilərik.
NƏĞMƏ 15 Yehovanın İlkinə təzim edək!
a Biz məsihi olduğumuz üçün İsanın izi ilə getməliyik. İsanın qoyduğu izlərlə getmək nə deməkdir? Biz nəyə görə onun izi ilə getməliyik? Və bunu necə edə bilərik? Məqalədə bu sualların cavabını tapacağıq.
b ŞƏKLİN İZAHI: Bacı İsanın kasıb dul qadın haqda dediyi sözlərin üzərində düşünəndən sonra yaşlı bacını ürəkdən etdiyi xidmətə görə tərifləyir.