Yaxşını pisdən ayırd edə bilirsinizmi?
“Rəbbə nəyin məqbul olduğunu öyrənməyə çalışın” (EFESLİLƏRƏ 5:10).
1. Bu gün həyatı çətinləşdirən nədir və nəyə görə?
“YA RƏB, bilirəm ki, insanın yolu öz əlində deyildir; addımlarını doğrultmaq yeriyən insanın əlində deyildir” (Yeremya 10:23). Yeremyanın müdrikliklə apardığı müşahidə bu gün bizim üçün daha böyük mə’na daşıyır. Nəyə görə? Müqəddəs Kitabda qabaqcadan deyilən “çətin anlar”da yaşadığımıza görə (2 Timoteyə 3:1). Hər gün, bizi qərar qəbul etməyə vadar edən qeyri-adi vəziyyətlərlə qarşılaşırıq. Vacib və ya əhəmiyyətsiz olmasından asılı olmayaraq, alınan qərarlar rifahımıza — fiziki, emosional və ruhani vəziyyətimizə güclü tə’sir göstərir.
2. Gündəlik həyatımızda etdiyimiz seçimlər nəyə görə adi kimi görünə bilər və Allaha həsr olunmuş məsihçilər belə seçimə necə yanaşırlar?
2 Çox vaxt gündəlik həyatımızda aldığımız qərarlar sadə və ya adi görünür. Məsələn, hər gün geyəcəyimizi, yeyəcəyimizi, görüşəcəyimiz adamı və sairəni seçməli oluruq. Bunları, demək olar ki, heç düşünmədən, avtomatik olaraq edirik. Bəs doğrudanmı bütün bunlar adi işlərdir? Allaha həsr olunmuş biz məsihçilər, geyimimizə, yeyib-içməyimizə, danışıq və davranışımıza çox diqqətli olmalıyıq. Bütün bunlar, Küll-İxtiyar Yeqova Allaha xidmət etdiyimizi əks etdirməlidir. Həvari Pavelin sözlərini yada salaq: “Yeyirsinizsə, içirsinizsə, nə edirsinizsə hər şeyi Allahın izzəti üçün edin” (1 Korinflilərə 10:31; Koloslulara 4:6; 1 Timoteyə 2:9, 10).
3. Seçim hansı hallarda daha ciddi əhəmiyyət kəsb edir?
3 Bə’zən seçim daha ciddi əhəmiyyət kəsb edir. Məsələn, ailə qurmaq və ya qurmamaq qərarı insana ömrü boyu güclü tə’sir göstərəcəkdir. Həmçinin ailə qurmaq istədiyin kəsi — ömrün boyu sənə həyat yoldaşı olacaq şəxsi də düzgün seçmək olduqca vacibdira (Süleymanın məsəlləri 18:22). Bundan əlavə, seçdiyimiz dost-tanışlar, təhsil, iş və hətta əyləncə belə ruhaniliyimizə və deməli, əbədi rifahımıza vacib, bə’zən də həlledici tə’sir göstərir (Romalılara 13:13, 14; Efeslilərə 5:3, 4).
4. a) Bizim üçün hansı qabiliyyət olduqca vacibdir? b) Hansı sualları nəzərdən keçirməliyik?
4 Bütün bu qərarları qəbul etmək üçün, əlbəttə ki, biz yaxşını pisdən, yaxud sadəcə olaraq yaxşı görünəni və həqiqətən də yaxşı olanı ayırd etməyi bacarmalıyıq. Müqəddəs Kitab xəbərdar edir: “Yol var ki, insanın qarşısında düz görünür, amma sonu ölümdür” (Süleymanın məsəlləri 14:12, MKŞ). Buna görə də bizdə belə suallar yarana bilər: Yaxşını pisdən ayırd etməyi necə öyrənə bilərik? Qərar qəbul etməli olduqda rəhbərliyi harada axtarmalıyıq? İnsanlar keçmişdə və müasir dövrdə necə davranırdılar və bu nə ilə nəticələnirdi?
Dünyanın “fəlsəfəsi və boş hiyləsi”
5. İlk məsihçilər necə dünyada yaşayırdılar?
5 Birinci əsrin məsihçiləri, yunan-roma dəyərlərinin və ideallarının hökm sürdüyü dünyada yaşayırdılar. Bir tərəfdən, romalıların həyat tərzinə bir çoxlarında həsəd hissi oyadan rahatlıq və cah-calal məxsus idi. Digər tərəfdən isə, əqli dairələri yalnız Platon və Aristotelin deyil, eləcə də yeni cərəyanların — epikurçuların və stoistlərin fəlsəfi nöqteyi-nəzərləri həyəcana gətirirdi. Həvari Pavel özünün ikinci missioner səyahəti zamanı Afinaya gələndə, onu “boşboğaz” adlandıran və özlərini ondan üstün tutan epikurçu və stoist filosofları onunla mübahisə etməyə başladılar (Həvarilərin işləri 17:18).
6. a) Birinci əsrdə məsihçilərin bə’zilərini cəlb edən nə idi? b) Pavel nə barədə xəbərdarlıq edirdi?
6 İlk məsihçilərdən bə’zilərini, onları əhatə edən insanların lovğa davranışları və həyat tərzlərinin özünə cəlb etməsinin səbəbini anlamaq çətin deyil (2 Timoteyə 4:10). Həmin cəmiyyətə məxsus olan kəslər, bu cəmiyyətin təqdim etdiyi bütün ne’mətlərdən və imtiyazlardan istifadə edirdilər, onlar tərəfindən qəbul olunan qərarlar isə, guya tamamilə düzgün idi. Elə gəlirdi ki, guya dünya, Allaha həsr olunmuş məsihçilərin həyatında olmayan dəyərli şeyləri təqdim edə bilərdi. Lakin həvari Pavel xəbərdarlıq edirdi: “Qardaşlar, diqqətli olun ki, Məsihə deyil, insan ən’ənəsinə, dünyanın ibtidai qüvvətlərinə əsaslanaraq, fəlsəfə və boş hiylə ilə kimsə sizi əsir almasın” (Koloslulara 2:8). Pavel bu sözləri nəyə görə deyirdi?
7. Əslində dünyanın müdrikliyi nə dərəcədə qiymətlidir?
7 Pavel bu xəbərdarlığı, dünya tərəfindən cəlb olunan insanların düşüncələrində gizlənən təhlükəni dərk etdiyi üçün yazmışdı. Onun “fəlsəfə və boş hiylə” ifadələrini istifadə etməsi xüsusilə diqqətə layiqdir. “Fəlsəfə” sözü hərfi mə’nada “müdrikliyə məhəbbət və sə’y göstərmək” deməkdir. Bu xüsusiyyətlər özlüyündə faydalı ola bilər. Müqəddəs Kitab, xüsusilə də “Süleymanın məsəlləri” kitabında, dəqiq biliyi və hikməti axtarmağa təşviq edir (Süleymanın məsəlləri 1:1—7; 3:13—18). Amma Pavel “fəlsəfəni” “boş hiylələrlə” bir araya gətirdi. Başqa sözlərlə desək, Pavel dünyanın müdrikliyini boş və aldadıcı sanırdı. Bu müdriklik əsası olan bir şey kimi təəssürat bağışlasa da, üfürülmüş şar kimi, daxili boş idi. Əlbəttə ki, dünyanın “fəlsəfəsi və boş hiyləsi” kimi qeyri-real bir şeyə güvənərək yaxşını pisdən ayırd etmək ağılsızlıq, hətta təhlükəli olardı.
“Pisə yaxşı və yaxşıya pis deyənlər”
8. a) Məsləhət üçün insanlar kimlərə müraciət edirlər? b) İnsanlar hansı məsləhətləri alırlar?
8 Bugünkü vəziyyət heç də fərqli deyil. Ekspertlərin çoxu, demək olar ki, insan həyatının bütün sahəsinə toxunan suallarla məşğuldurlar. Çoxsaylı mütəxəssislər — ailə və nikah sahəsində məsləhətçilər, icmalçılar, yalançı psixoloqlar, münəccimlər, spiritizmlə məşğul olanlar və başqaları — pul aldıqdan sonra böyük məmnuniyyətlə məsləhət verirlər. Bəs bu məsləhətlər bir fayda verirmi? Bu cür məsləhətlər çox vaxt Müqəddəs Kitabın əxlaq normalarını arxa plana salıb, əvəzində “yeni əxlaq” təqdim edir. Məsələn, Kanadanın “Qlob end meyl” qəzetində hakimiyyətin, “eyni cinsə aid olan kəslərin” nikahını qeydə almaması barədə nəşr olunmuş bir məqalədə deyilirdi: “Bir-birlərinə məhəbbət və sədaqət bəsləyən kəslər təsadüf nəticəsində eyni cinsə məxsus olduqları üçün, onların ən istəkli arzularını 2000-ci ildə həyata keçirməkdən imtina etmək cəfəngiyat sayılır”. İnsanlar bu gün hər şeyə yol verir və heç nəyi mühakimə etmirlər. Hər şey nisbi sayılır; mütləq yaxşılıq və pislik haqqında anlayış artıq mövcud deyil (Məzmur 10:3, 4).
9. Cəmiyyətdə hörmət sahibi olan insanlar çox vaxt necə davranırlar?
9 Başqaları isə qərar qəbul edərkən, ictimai və maddi cəhətdən müvəffəqiyyətə nail olan — zəngin və tanınmış kəsləri təqlid edirlər. Bu cür adamlar müasir cəmiyyətdə böyük hörmət sahibi olsalar da, düzlük və e’tibar kimi xeyirxah əməlləri çox vaxt yalnız sözdə əks etdirirlər. Çoxları hakimiyyət və qazanc dalınca qaçarkən, vicdan əzabı çəkmədən müxtəlif hiylələrə əl atır və əxlaq normalarını tapdalayırlar. Bə’ziləri, şan-şöhrətə və məşhurluğa can ataraq, sabit dəyərlərə və normalara düşüncəsiz tərzdə e’tinasız yanaşır, çox qəribə və rüsvayçı davranışı üstün tuturlar. Nəticədə cəmiyyət yalnız öz mənfəətini güdməyə başlayır, səhlənkarlığa yol verir və belə cəmiyyətdə özbaşınalıq qanunu hökm sürməyə başlayır. Söhbət nəyin yaxşı və pis olduğundan düşəndə insanların özlərini çaşqın və aciz hiss etmələrinə təəccüblənmək lazımdırmı? (Luka 6:39).
10. İşayanın yaxşılıq və pislik barədə dediyi sözlərin düzgün olduğunu nə sübut edir?
10 Hər tərəfdən, yanlış rəhbərlik əsasında qəbul edilən düşüncəsiz qərarların zərərli nəticələrini görürük: pozulmuş nikahlar, bədbəxt ailələr, narkotiklərdən və spirtli içkilərdən sui-istifadə, idarəolunmaz yeniyetmələrin quldur dəstələri, cinsi əxlaqsızlıq, cinsi yol ilə keçən xəstəliklər — bunlar yalnız bə’zi nümunələrdir. Doğrusu, nəyin yaxşı və nəyin pis olduğu barədə söhbət düşəndə insanlar bütün normaları və bir-birlərini anlamaqda onlara kömək edə biləcək dəyərləri unudurlarsa, başqa nəticə gözləmək olarmı? (Romalılara 1:28—32). Bu vəziyyət dəqiqliyi ilə, İşaya peyğəmbərin sözlərinə müvafiqdir: “Pisə yaxşı və yaxşıya pis deyənlərin; qaranlığı işıq yerinə və işığı qaranlıq yerinə qoyanların; acını şirin yerinə və şirini acı yerinə qoyanların vay başına! Öz gözlərində hikmətli olanların və özlərini ağıllı görənlərin vay başına!” (İşaya 5:20, 21).
11. Nəyin yaxşı və nəyin pis olduğunu qərara alarkən insanın özünə güvənməsi nəyə görə hikmətli davranış deyil?
11 Allah, “öz gözlərində hikmətli olan” yəhudiləri məs’uliyyətə cəlb etdiyi üçün, nəyin yaxşı və nəyin pis olduğunu qərara alarkən özümüzə güvənməmək bizim üçün daha çox vacibdir. Bu gün insanların çoxu, “ürəyinin səsinə qulaq as” və “özün bildiyin kimi davran” məsləhətinə riayət edir. Bu hikmətli davranışdırmı? Müqəddəs Kitabın göstərdiyi kimi, yox. Axı Müqəddəs Kitab: “Ürək hər şeydən ziyadə aldadıcıdır və çox çürükdür; onu kim anlaya bilər?” deyir (Yeremya 17:9). Qərar qəbul edərkən məgər siz aldadıcı və “çürük” adamın məsləhətinə riayət edərdinizmi? Əlbəttə ki, yox. Daha doğrusu, bu cür adamı dinləyərək, onun dediklərinin əksinə davranardınız. Elə buna görə də, Müqəddəs Kitab bizə xatırladır: “Öz ağlına güvənən axmaq olar, hikmətlə gəzib-dolanan qurtular” (Süleymanın məsəlləri 3:5—7; 28:26, MKŞ).
Gəlin Allaha məqbul olan şeyləri öyrənək
12. Biz “Allahın iradəsini” nə üçün dərk etməliyik?
12 Nəyin yaxşı və nəyin pis olduğunu qərara alarkən nə dünyanın müdrikliyinə, nə də özümüzə güvənməli deyiliksə bəs onda nə etməliyik? Həvari Pavelin tamamilə aydın surətdə verdiyi məsləhətinə qulaq asaq: “Bu zəmanəyə uyğunlaşmayın, ancaq Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etmək üçün ağlınızın yenilənməsi ilə kökündən dəyişin” (Romalılara 12:2). Biz Allahın iradəsini nə üçün dərk etməliyik? Bunu etməyin aydın və tutarlı səbəbini Yeqova Müqəddəs Kitabda göstərir: “Göylər necə yerdən yüksəkdirsə, yollarım sizin yollarınızdan və düşüncələrim sizin düşüncələrinizdən elə yüksəkdir” (İşaya 55:9). Buna görə də, sağlam düşüncə və ya hisslərimizə güvənmək əvəzinə, gəlin “Rəbbə nəyin məqbul olduğunu öyrənməyə” çalışaq (Efeslilərə 5:10).
13. İsanın Yəhya 17:3 ayəsindəki sözləri, Allaha məqbul olan şeyləri dərk etməyin zəruriliyini necə qeyd edir?
13 İsa Məsih bunun zəruriliyini: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar [“dərk etsinlər”, YD]”, deyərkən göstərdi (Yəhya 17:3). Burada “dərk etmək” kimi tərcümə olunan ifadə, “tanımaq” sözündən daha dərin mə’na daşıyır. Vaynın lüğətində deyildiyi kimi, “dərk etmək” ifadəsi, “dərk edənlə dərk olunan obyekt arasındakı qarşılıqlı münasibətin mövcud olduğunu göstərir: [bu ifadə], dərk olunan obyektin, onu dərk edənin gözündə dəyərli və ya vacib olduğuna işarə edir” (“Vine’s Expository Dictionary”). Bir adamla qarşılıqlı münasibətdə olmaq, sadəcə onun kimliyini və adını bilməkdən daha artıq mə’na daşıyır. Həmçinin həmin adamın nəyi xoşlayıb xoşlamadığını, nəyi qiymətləndirdiyini, hansı prinsiplər əsasında yaşadığını bilmək və bu prinsiplərə hörmət etmək lazımdır (1 Yəhya 2:3; 4:8).
Dərketmə qabiliyyətimizi inkişaf etdirək
14. Pavelin sözlərinə görə, ruhən körpə olanlarla yetkin insanlar arasındakı fərq nədən ibarətdir?
14 Yaxşını pisdən ayırd etməyi necə öyrənmək olar? Bu sualın cavabını, Pavelin I əsrdə yaşayan yəhudi məsihçilərinə ünvanladığı sözlərdən tapmaq olar. O yazmışdı: “Südlə bəslənən hər kəs salehlik haqqındakı kəlamda təcrübəsizdir; çünki o, körpə uşaqdır. Qüvvətli yemək isə, dərketmə qabiliyyətlərini tətbiq etmək vasitəsilə yaxşını pisdən ayırd etməyə alışdıran yetkinlər üçün tə’yin olunub”. Burada Pavel, əvvəlki ayədə “Allahın sözlərinin ibtidai qaydaları” kimi təsvir etdiyi “süd” sözünü, “dərketmə qabiliyyətlərini tətbiq etmək vasitəsilə yaxşını pisdən ayırd etməyə alışdıran yetkinlər üçün” tə’yin olunan “qüvvətli yemək” ilə müqayisə etdi (İbranilərə 5:12—14, YD).
15. Allah haqqında dəqiq bilik almaq üçün nəyə görə cəhdlə çalışmaq lazımdır?
15 Deməli, Allahın Kəlamı olan Müqəddəs Kitabdakı normaları dəqiq dərk etmək üçün, hər şeydən əvvəl cəhdlə çalışmalıyıq. Allahın Kəlamında, bizə nəyin caiz olub-olmadığını müəyyən edən qayda-qanunlar siyahısı tapacağımıza ümid etmirik. Müqəddəs Kitab belə kitab deyil. Pavel izah edirdi: “Hər Müqəddəs Yazı, Allahdan ilham almış və tə’lim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil [“hər şeydə təcrübəli”, YD] olub, hər cür xeyirli iş üçün təchiz edilsin” (2 Timoteyə 3:16, 17). Tə’lim, təkzib və islah olunmaqdan fayda almağımız üçün fikirləşmək və dərindən düşünmək lazımdır. Bu, sə’y tələb edir, amma əldə edilən nəticə buna dəyər: biz “hər şeydə təcrübəli” olacaq və “hər xeyirli iş üçün təchiz” ediləcəyik (Süleymanın məsəlləri 2:3—6).
16. “Dərketmə qabiliyyətini inkişaf etdirmək” nə deməkdir?
16 Bundan əlavə, Pavelin göstərdiyi kimi, yetkin insanlar “dərketmə qabiliyyətlərini... yaxşını pisdən ayırd etməyə alışdırıblar”. Biz, müzakirə edilən sualın əsas mətləbinə çatdıq. “Dərketmə qabiliyyətlərini... alışdırıblar” ifadəsi hərfi mə’nada “gimnast kimi, hissetmə orqanlarını alışdırıblar” deməkdir (“Kingdom Interlinear Translation”). Təcrübəli gimnast müəyyən alətdə — halqalarda və ya dirək üzərində bir oyun icra edəndə, sanki ümumdünya cazibə qüvvəsinə, yaxud təbiətin digər qanunlarına zidd görünən çox cəld hərəkətlər edə bilir. O həmişə öz bədənini bütünlüklə idarə edir və oyunu müvəffəqiyyətlə başa çatdırmaq üçün yerinə yetirilməsi lazım gələn hərəkətləri, demək olar ki, qeyri-iradi olaraq hiss edir. Bütün bunlar, fasiləsiz məşqlərin nəticəsidir.
17. Biz hansı mə’nada gimnastlara bənzəməliyik?
17 Əgər qərarlarımızın və seçimimizin həmişə müdrik olmasını istəyiriksə, gimnast kimi, hisslərimizi ruhani mə’nada alışdırmış olmalıyıq. Hisslərimizi və bədənimizi daima bütünlüklə idarə etməliyik (Matta 5:29, 30; Koloslulara 3:5—10). Misal üçün, gözlərinizi əxlaqsızlığa baxmamağa, qulaqlarınızı isə nalayiq mahnı və söhbətləri eşitməməyə öyrədirsinizmi? Doğrudur, bu kimi şeylər bizi hər tərəfdən əhatə edir. Lakin onların ürəyimizdə və zehnimizdə kök salmasına yol verib verməməyi özümüz seçməliyik. Biz məzmurçunu təqlid edə bilərik. O deyirdi: “Alçaq şeyi gözümün önünə qoymaram; pozğunların işindən mən nifrət eylərəm; o mənə yapışmaz... yalan söyləyən, gözlərimin önündə durmayacaqdır” (Məzmur 101:3, 7).
Öyrəndiklərinizi tətbiq etməklə dərketmə qabiliyyətinizi inkişaf etdirin
18. Dərketmə qabiliyyətini inkişaf etdirməyi izah edərkən Pavelin işlətdiyi “tətbiq etmək vasitəsilə” ifadəsi altında nə nəzərdə tutulur?
18 Gəlin yadda saxlayaq ki, dərketmə qabiliyyətimizi “tətbiq etmək vasitəsilə” yaxşını pisdən ayırd etməyə alışdıra bilərik. Başqa sözlərlə desək, hər dəfə bir qərar qəbul etmək lazım gələndə, bu məsələdə Müqəddəs Kitabın hansı prinsiplərinə toxunulduğunu və onları necə tətbiq edəcəyimizi aydınlaşdırmağı öyrənməliyik. Sizə lazım olan mə’lumatları, “sadiq və ağıllı qul” vasitəsilə təqdim olunan ədəbiyyatların köməyilə tapmağı vərdiş edin (Matta 24:45). Sözsüz ki, kömək üçün yetkin məsihçilərə müraciət etmək olar. Bununla belə, Yeqovanın Kəlamını tədqiq etmək üçün göstərdiyimiz sə’y, Onun rəhbərliyi və ruhu barədə etdiyimiz dualar, nəhayətdə bol-bol səmərə verəcəkdir (Efeslilərə 3:14—19).
19. Dərketmə qabiliyyətimizi tədricən inkişaf etdirəriksə, hansı xeyir-duaları alacağıq?
19 Dərketmə qabiliyyətimizi tədricən inkişaf etdirdikcə çalışmalıyıq ki, “insanların kələkbazlığı ilə, bizi yoldan çıxarmaq üçün hazırladıqları hiylələrlə, hər cür tə’limin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq” (Efeslilərə 4:14). Malik olduğumuz biliklərə və Allahın iradəsi barədə olan anlayışımıza əsaslanaraq, həm böyük, həm də kiçik işlərdə bizə fayda gətirəcək, həmimanlılarımızı möhkəmləndirəcək, ən vacibi isə, səmavi Atamızın qəlbini sevindirəcək müdrik qərarlar qəbul edə bilərik (Süleymanın məsəlləri 27:11). Bu doğrudan da böyük xeyir-dua, çətin anlarımızda isə müdafiədir!
[Haşiyə]
a Həkim Tomas Holms və Riçard Ra tərəfindən təşkil olunan, insan həyatında daha artıq gərgin vəziyyətə səbəb olan 40 hadisənin siyahısında ilk üç yeri həyat yoldaşının ölümü, boşanma halları və ayrı yaşamaq qərarı tutur. Ailə qurmaq isə yeddinci yerdə durur.
İzah edə bilərsinizmi?
• Müdrik qərarlar qəbul etmək üçün nə lazımdır?
• Nəyin yaxşı və nəyin pis olduğunu qərara alarkən, dünyanın məşhur adamlarını təqlid etmək və öz hisslərimizə güvənmək nə üçün hikmətli davranış deyil?
• Qərarlar qəbul edərkən Allaha nəyin məqbul olduğunu nə üçün dəqiq bilməliyik və bunu necə öyrənə bilərik?
• “Dərketmə qabiliyyətlərini... alışdırmaq” nə deməkdir?
[20-ci səhifədəki şəkil]
Zəngin və məşhur insanlardan rəhbərlik gözləmək faydasızdır.
[22-ci səhifədəki şəkil]
Gimnast kimi hisslərimizi və bədənimizi bütünlüklə idarə etməliyik.