Yehova Öz izzətini təvazökar insanlara açır
“Təvazökar olmağın və Rəbb qorxusunun sonu sərvət, izzət və həyatdır” (SÜLEYMANIN MƏSƏLLƏRİ 22:4).
1, 2. a) “Həvarilərin işləri” kitabı Stefanın “iman və qüdrətlə dolu” bir adam olduğunu necə göstərir? b) Stefanın təvazökar olduğu nədən görünür?
STEFAN “müqəddəs Ruh ilə dolu olan” bir adam idi. O həm də “iman və qüdrətlə dolu” idi. İsanın ilk şagirdlərindən biri kimi, o, xalq arasında böyük xariqələr və əlamətlər göstərirdi. Bir dəfə bə’zi adamlar onunla mübahisəyə girişdilər, “amma onun sözündəki hikmətə və Ruha qarşı dura bilmədilər” (Həvarilərin işləri 6:5, 8-10). Aydındır ki, Stefan Allahın Kəlamının çalışqan tədqiqatçısı idi və onu yəhudi din rəhbərlərinin qarşısında bacarıqla müdafiə edirdi. Bundan əlavə, “Həvarilərin işləri” kitabının 7-ci fəslində yazıldığı kimi, onun ətraflı şahidliyi göstərir ki, o, Allahın Öz niyyətini necə açdığı ilə dərindən maraqlanırdı.
2 Öz mövqelərinə və biliklərinə görə sadə xalqa yuxarıdan baxan din rəhbərlərindən fərqli olaraq Stefan təvazökar idi (Matta 23:2-7; Yəhya 7:49). Müqəddəs Yazılardan yaxşı mə’lumatlı olsa da, ‘süfrələrə xidmət etməyə’ böyük məmnunluqla razı oldu ki, həvarilər özlərini “dua etmək və sözü yaymaq işinə” həsr edə bilsinlər. Stefan qardaşlar arasında yaxşı ad qazanmışdır və buna görə də gündəlik yemək paylamaq tapşırığını alan, haqlarında yaxşı şəhadət olunan yeddi nəfərin sırasında seçilmişdir. O, bu tapşırığı təvazökarlıqla qəbul etdi (Həvarilərin işləri 6:1-6, İ–93).
3. Stefan Yehovanın lütfünü öz üzərində qeyri-adi tərzdə necə hiss etdi?
3 Yehova Stefanın təvazökarlığını, həmçinin ruhaniliyini və düzlüyünü görməyə bilməzdi. Stefan Sinedrionda düşmən əhval-ruhiyyəli yəhudi rəhbərlərinə şahidlik edəndə, onlar Stefanın “üzünü bir mələk üzü kimi gördülər” (Həvarilərin işləri 6:15). Onun üzü, Allahın elçisi sayılan mələk üzü kimi, izzət Allahı olan Yehovadan gələn sülhü saçırdı. Stefan Sinedrionun üzvlərinə cəsarətlə şahidlik etdikdən sonra, qeyri-adi tərzdə öz üzərində Allahın lütfünü hiss etdi. “O, Müqəddəs Ruhla dolub gözlərini göyə dikərək, Allahın izzətini və Allahın sağında duran İsanı gördü” (Həvarilərin işləri 7:55, İ–93). Bu tə’sir bağışlayan rö’ya, İsanın Allahın Oğlu və Məsih olduğuna dair Stefanın əminliyini artırdı. Bu rö’ya, təvazökar Stefanı qüvvətləndirdi və ona Yehovanın lütfünü qazandığına dair zəmanət verdi.
4. Yehova Öz izzətini kimlərə açır?
4 Stefana verilən rö’yadan aydın olduğu kimi, Yehova Öz izzətini və niyyətlərini, Onunla münasibətlərini qiymətləndirən Allah qorxusuna malik olan və təvazökar insanlara açır. Müqəddəs Kitabda deyilir: “Təvazökar olmağın və Rəbb qorxusunun sonu sərvət, izzət və həyatdır” (Süleymanın məsəlləri 22:4). Buna görə də, əsl təvazökarlığın nə olduğunu və bu vacib keyfiyyəti necə inkişaf etdirməyi, həmçinin həyatın bütün sahələrində onun nəyə görə faydalı olduğunu başa düşmək zəruridir.
Təvazökarlıq Allaha xas keyfiyyətdir
5, 6. a) Təvazökarlıq nədir? b) Yehova təvazökarlığı necə təzahür etdirir? c) Yehovanın təvazökarlığı bizə necə tə’sir bağışlamalıdır?
5 Kainatda ən yüksək və böyük izzətə malik olan Yehova Allahın təvazökarlığa dair böyük nümunə verməsi kimisə təəccübləndirə bilər. Davud padşah Yehovaya demişdir: “Mənə qurtarışının qalxanını verdin, sağ əlin məni tutdu və lütfün [“təvazökarlığın”, YD] məni böyük etdi” (Məzmur 18:35). Yehovanın təvazökarlığı haqqında danışarkən, Davud kökü “aşağı əyilmək, tə’zim etmək” mə’nasını daşıyan ibrani sözünü istifadə etmişdir. Eyni kökdən ibarət olan digər sözlərin arasında “həlimlik” və “mərhəmət” sözləri durur. Yehova qeyri-kamil insan olan Davudla yaxın münasibətdə olmaq və onu Öz nümayəndəsi olan padşah kimi tə’yin etmək üçün aşağı əyilməklə təvazökarlıq göstərmişdir. 18-ci Məzmurun ilk sözlərindən göründüyü kimi, Yehova Davudu “bütün düşmənlərinin pəncəsindən və Saulun əlindən azad” edərək müdafiə edir və ona dayaq olurdu. Davud isə öz növbəsində başa düşürdü ki, Yehova təvazökarlıqla onun rifahı üçün hərəkət etməsəydi, o, padşahlıq cah-calalına və izzətə heç zaman malik ola bilməzdi. Bu, Davuda təvazökar olaraq qalmaqda kömək edirdi.
6 Bəs bizim haqqımızda nə demək olar? Yehova bizə həqiqəti öyrətməyi məqbul saymış, ehtimal ki, Öz təşkilatında xüsusi tapşırıqlar e’tibar etmiş və ya Öz iradəsini həyata keçirmək üçün bizdən müxtəlif üsullarla istifadə etmişdir. Biz buna necə münasibət bəsləməliyik? Təvazökar olmalı deyilikmi? Yehovaya təvazökarlığına görə minnətdar olmalı və bizi fəlakətə gətirib çıxara biləcək məğrurluqdan çəkinməli deyilikmi? (Süleymanın məsəlləri 16:18; 29:23).
7, 8. a) Manasse ilə davranışında Yehova təvazökarlığı necə təzahür etdirdi? b) Yehova, həmçinin də Manasse bizə təvazökarlığa dair hansı nümunəni verirlər?
7 Qeyri-kamil insanlarla davranışında Yehova böyük təvazökarlıq təzahür etdirməklə kifayətlənmir, həmçinin təvazökar insanlara həvəslə mərhəmət göstərir, Onun qarşısında təvazökar olanları qaldırır və yüksəldir (Məzmur 113:4-7). Misal üçün, Yəhuda padşahı Manasseni götürək. O, öz yüksək mövqeyindən sui-istifadə edərək, yalan ibadət növü yaydı və “Rəbbi qəzəbləndirmək üçün onun gözündə çox pislik işlədi” (2 Tarixlər 33:6). Nəticədə Yehova Manasseni, Aşşur padşahına onu taxtdan salmağa izn verərək, cəzalandırdı. Zindana düşən Manasse “Allahı Rəbbə yalvardı və... özünü çox alçaltdı”; o zaman Yehova onu Yerusəlimə, taxtına qaytardı və o “bildi ki, Yehova, Allah odur” (2 Tarixlər 33:11-13). Gördüyümüz kimi, Manassenin təvazökarlığı Yehovaya məqbul idi və O, öz növbəsində Manasseni bağışlayaraq və onu yenidən padşah edərək təvazökarlıq göstərdi.
8 Yehovanın bağışlamağa hazır olması və Manassenin səmimi qəlbdən tövbə etməsi bizə təvazökarlığa dair vacib ibrət dərsləri öyrədir. Həmişə yadda saxlamaq lazımdır ki, bizi incidən adama qarşı münasibətimiz və günah işlətdiyimiz zaman özümüzü necə aparmağımız, Yehovanın bizimlə necə davranacağına tə’sir göstərir. Əgər biz başqalarının səhvlərini hazırlıqla bağışlayır və öz səhvlərimizi təvazökarlıqla e’tiraf ediriksə, onda Yehovanın lütfünə ümid edə bilərik (Matta 5:23, 24; 6:12).
Allahın izzəti təvazökar insanlara açılır
9. Təvazökarlıq zəiflik əlamətidirmi? İzah edin.
9 Təvazökarlıq və onunla bağlı olan keyfiyyətləri zəiflik əlaməti və ya pisliyə barmaqarası baxmaq meyli hesab etmək lazım deyil. Müqəddəs Yazılardan göründüyü kimi, Yehova təvazökar olsa da, vəziyyət tələb edəndə ədalətli qəzəbini və qorxu oyadan qüvvəsini təzahür etdirir. Çünki təvazökarlığı Yehovanı, təvazökar insanlara qarşı xeyirxahlıqla, xüsusi diqqətlə yanaşmağa təşviq edir, lakin O, məğrur insanlardan uzaqlaşır (Məzmur 138:6). Yehova Özünün təvazökar xidmətçilərinə necə xüsusi diqqət göstərir?
10. Yehova, 1 Korinflilərə 2:6-10 ayələrinə əsasən, təvazökar insanlara nəyi açır?
10 Yehova Özünün tə’yin etdiyi vaxtda və seçdiyi kanal vasitəsilə təvazökar insanlara Öz niyyəti ilə bağlı təfsilatları açır. Bu izzətli həqiqətlər, məğrurluqla insan müdrikliyinə güvənən və inadkarlıqla öz baxışlarına əsaslanan kəslərdən gizlədilmişdir (1 Korinflilərə 2:6-10). Təvazökar insanlar isə, Allahın niyyətlərinə dair düzgün anlayış aldıqda, Onun dərin tə’sir bağışlayan izzətini böyük ehtiramla dərk edir və Onu mədh etməyə təşviq duyurlar.
11. Birinci əsrdə bə’zi adamların hansı mə’nada təvazökarlığı çatışmırdı və bu onlara hansı ziyanı gətirdi?
11 Birinci əsrdə çox insanların, hətta özünü məsihçi hesab edənlərin belə təvazökarlığı çatışmırdı və buna görə də onlara, Allahın həvari Pavelin vasitəsilə Öz niyyətləri barəsində açdıqlarını qəbul etmək çətin idi. Pavel milliyətinə, təhsilinə, yaşına və ya çoxlu xeyirxah işlərinə görə “qeyri-yəhudilərə həvari” seçilməmişdi (Romalılara 11:13). Çox vaxt isə, “cismani” insanların nöqteyi-nəzərincə Yehovanın Öz iradəsini yerinə yetirmək üçün istifadə edəcəyi adamlar məhz yuxarıda sadalanan keyfiyyətlərlə tanınmalıdır (1 Korinflilərə 1:26-29; 3:1; Koloslulara 2:18). Lakin Yehova Paveli Özünün sevgi dolu lütfünə və ədalətli niyyətinə əsasən seçmişdir (1 Korinflilərə 15:8-10). Pavelin “fövqəlhəvarilər” adlandırdığı kəslər və başqa düşmənlər, onun Müqəddəs Kitab əsasındakı mülahizələri ilə razı deyildilər. Təvazökarlığın çatışmamazlığı onlara Yehovanın Öz izzətli niyyətini necə yerinə yetirdiyini öyrənib, başa düşməyə mane olurdu. Gəlin, Öz iradəsini yerinə yetirmək üçün Yehovanın seçdiyi adamları qiymətləndirək və onları heç zaman pisləməyək (2 Korinflilərə 11:4-6).
12. Yehovanın təvazökar adamları xüsusi şərəfə layiq görməsi Musanın nümunəsindən necə görünür?
12 Müqəddəs Kitabın bir çox nümunələri göstərir ki, təvazökar insanlar Allahın izzətini ötəri görmək şərəfinə layiq görülürlər. “Yer üzündəki bütün adamlardan ziyadə həlim” olan Musa, Allahın izzətini görmüş və onunla yaxın münasibətdə olmuşdur (Saylar 12:3). Bu təvazökar adam, ehtimal ki, əsas e’tibarı ilə Ərəbistan yarımadasında 40 il sadə bir çoban olmuş, Yaradan isə onu çox şeydə böyük şərəfə layiq görmüşdür (Çıxış 6:12, 30). Yehovanın köməyi ilə Musa fir’onun qarşısında israillilərin mənafeyini qoruyur və onlara başçılıq edirdi. O, Allahla qarşılıqlı ünsiyyətə malik idi. Musa rö’yada “Rəbbin surətini” görmüşdü (Saylar 12:7, 8; Çıxış 24:10, 11). Allahın bu təvazökar xidmətçisini və nümayəndəsini qəbul edənlər xeyir-dualanırdılar. Əgər Musadan daha böyük peyğəmbəri — İsanı və onun tə’yin etdiyi “sadiq və ağıllı qulu” itaətkarlıqla qəbul etsək, biz də xeyir-dualanacağıq (Matta 24:45, 46; Həvarilərin işləri 3:22).
13. Yehovanın izzəti birinci əsrdə sadə çobanlara necə açıldı?
13 Yehovanın ehtişamı kimi şəfəqləndirmiş və mələk ‘Xilaskar olan Rəbb Məsihin’ doğulması haqqındakı xəbəri kimlərə vermişdi? Heç kəsi bəyənməyən din rəhbərlərinə və yüksəkvəzifəli şəxslərə deyil, ‘gecə çöldə öz sürülərinin keşiyini çəkən’ sadə çobanlara (Luka 2:8-11). Bu insanlar yaxşı təhsil almamışdılar və onların gördüyü iş hörmətlə qarşılanmırdı. Lakin Yehova məhz onlara diqqət yönəltmiş və ilk dəfə Məsihin doğulmasını məhz onlara bildirmişdi. Bəli, Yehova Öz izzətini təvazökar və Allahdan qorxan insanlara açır.
14. Allah təvazökar adamlara necə xeyir-dua verir?
14 Bu nümunələr bizə nə öyrədir? Onlar göstərir ki, Yehova təvazökar insanlara lütf göstərir, onlara Öz niyyətini açır və onlara anlayış verir. O, ehtimal ki, başqalarının ümid etmədiyi kəsləri seçir və onları Öz nümayəndələri kimi istifadə edərək, izzətli niyyətini onların vasitəsi ilə açır. Bunu dərk etməyimiz bizi, rəhbərlik üçün bundan sonra da Yehovaya, Onun peyğəmbərlik Kəlamına və təşkilatına müraciət etməyə təşviq etməlidir. Şübhə etməmək olar ki, Yehova Öz izzətli niyyəti ilə bağlı olan yeni təfsilatları təvazökar xidmətçilərinə bəyan edəcək. Amos peyğəmbər bəyan etmişdir: “Rəbb Yehova peyğəmbər qullarına sirrini açmayınca bir şey etməz” (Amos 3:7).
Təvazökarlığı inkişaf etdir və Allahın lütfünə sahib ol
15. Nəyə görə təvazökar olaraq qalmaq üçün sə’y tələb olunur və bunu İsrail padşahı Saulun nümunəsindən necə görmək olar?
15 Allahın lütfündən məhrum olmamaq üçün, təvazökar qalmaq zəruridir. Əgər insan təvazökardırsa, bu o demək deyil ki, həmişə təvazökar olaraq qalacaq. Ehtimal var ki, insan təvazökarlığını itirib, məğrurluğa və şöhrətpərəstliyə qapıla bilər, bu isə özünə güvənməyə və həlaka gətirib çıxarar. İsrailin ilk məsh edilmiş padşahı Saul məhz bu cür davrandı. Onu padşah seçəndə, o, “öz gözündə kiçik” idi (1 Samuel 15:17). Lakin cəmi iki il hökmranlıq etdikdən sonra, o özünə arxayın surətdə davrandı. O, Yehovanın Samuel tərəfindən qurban gətirmək quruluşuna e’tinasız yanaşdı və özbaşına hərəkətinə bəraət qazandırdı (1 Samuel 13:1, 8-14). Növbəti hadisələrdən aydın şəkildə müəyyən etmək olardı ki, Saulun təvazökarlığı çatışmırdı. Nəticədə o, Allahın ruhunu və lütfünü itirdi, bu isə onu biabırçı ölümə gətirib çıxartdı (1 Samuel 15:3-19, 26; 28:6; 31:4). Dərs aydındır: biz təvazökar və itaətkar olaraq qalmaq üçün sə’y göstərməli, həm də Yehovanın narazılığına səbəb ola biləcək özünə arxayın davranışa meyl etməkdən qaçınmalıyıq.
16. Yehova və yaxınlarımızla münasibətlərimiz barəsində düşünməyimiz bizə təvazökarlıq təzahür etdirməkdə necə kömək edir?
16 Təvazökarlıq Allahın ruhunun səmərəsinə daxil olmasa da, bu keyfiyyət Allaha xasdır və onu inkişaf etdirmək lazımdır (Qalatiyalılara 5:22, 23; Koloslulara 3:10, 12). Bu keyfiyyət bizim ağlımızın vəziyyəti ilə — özümüz və başqaları haqqında hansı fikirdə olmağımızla bağlı olduğu üçün, onu inkişaf etdirmək düşüncəli sə’ylər tələb edir. Təvazökar olaraq qalmaqda bizə, Yehova və yaxınlarımızla olan münasibətlərimiz barəsində düşünmək kömək edər. Qeyri-kamil olan bütün varlıqlar Allahın gözündə bir müddət böyüyən, sonra isə solub quruyan ot kimidirlər. İnsanlar tarladakı çəyirtkələr kimidirlər (İşaya 40:6, 7, 22). Başqa otlardan bir qədər hündür olan otun qürrələnməyə əsası varmı? Və yaxud başqa həşəratlardan bir az cəld uça bildiyi üçün çəyirtkə öz məharəti ilə öyünə bilərmi? Bu barədə düşünmək hətta gülüncdür. Belə yerdə həvari Pavel öz həmimanlılarına xatırladırdı: “Səni kim üstün tutur? Almadığın nəyin var? Əgər aldınsa, nə üçün almamış kimi öyünürsən?” (1 Korinflilərə 4:7). Müqəddəs Kitabın bu cür ayələri üzərində düşünməyimiz bizə təvazökarlığı inkişaf və təzahür etdirməyə kömək edəcək.
17. Təvazökarlığı inkişaf etdirməkdə Danielə nə kömək edirdi və bunda bizə nə kömək edər?
17 İbrani peyğəmbəri Danielin nümunəsini nəzərdən keçirək. O, ‘özünü alçaltdığı’, yə’ni təvazökar olduğu üçün Allah tərəfindən “sevilmiş olan adam” idi (Daniel 10:11, 12). Təvazökarlığı inkişaf etdirməkdə Danielə nə kömək edirdi? Ən birincisi, o, daima duada Yehovaya müraciət edərək, sarsılmadan Ona güvənirdi (Daniel 6:10, 11). Bundan əlavə, Daniel düzgün meyllərdən irəli gələrək Allahın Kəlamını sə’ylə öyrənirdi ki, bu da ona nəzərini Allahın izzətli niyyətinə cəmləşdirməyə kömək edirdi. Həm də, o yalnız öz xalqının deyil, şəxsi qüsurlarını da hazırlıqla e’tiraf edirdi. Bir də ki, o bütün qüvvəsi ilə özünün deyil, Allahın salehliyini irəli sürməyə çalışırdı (Daniel 9:2, 5, 7). Təvazökarlığı inkişaf etdirərək və onu həyatımızın bütün sahələrində təzahür etdirərək biz Danielin gözəl nümunəsini təqlid edə bilərikmi?
18. Bu gün təvazökarlıq göstərənləri hansı izzət gözləyir?
18 Süleymanın məsəlləri 22:4 ayəsində deyilir: “Təvazökar olmağın və Rəbb qorxusunun sonu sərvət, izzət və həyatdır”. Yehova təvazökar insanlara lütf göstərir, onlara izzət və həyat bəxş edir. Məzmurçu Asaf az qala ki, Yehovaya xidmətini dayandıracaqdı, lakin Yehova onun düşüncə tərzinə düzəliş verdikdən sonra o, təvazökarlıqla e’tiraf etdi: “Öyüdünlə mənə yol göstərərsən və sonra məni izzətlə alarsan” (Məzmur 73:24). Bəs bu gün? Təvazökarlıq göstərənləri hansı izzət gözləyir? Bu cür insanlar xeyir-dua olaraq Yehova ilə yaxın münasibətlər əldə etməkdən və Onun lütfünə malik olmaqdan əlavə, Davud padşahın ilhamlanmış sözlərinin icrasını da görə bilərlər: “Həlimlər dünyanı miras alacaqlar və sülh bolluğunda ləzzət tapacaqlar” Həqiqətən də izzətli gələcəkdir! (Məzmur 37:11).
Xatırlayırsınızmı?
• Nəyə görə demək olar ki, Stefan Yehovanın Öz izzətini açdığı təvazökar adamın nümunəsi idi?
• Yehova Allah hansı sahələrdə təvazökarlıq göstərir?
• Yehovanın Öz izzətini təvazökar adamlara açdığı hansı nümunələrdən görünür?
• Danielin nümunəsi təvazökarlığı inkişaf etdirməkdə bizə necə kömək edir?
[22-ci səhifədəki çərçivə]
Qətiyyətli, lakin təvazökar
Müqəddəs Kitabın Tədqiqatçılarının (bu gün Yehovanın Şahidləri kimi tanınırlar), 1919-cu ildə Sidar Pointdə (ABŞ, Ohayo ştatı) keçirilən konqresində, o zamanlar ümumdünya təbliğ işinə başçılıq edən 50 yaşlı J. F. Ruterford konqresə gələn nümayəndələrin yüklərini daşımağa kömək edərək və onları otaqlarına ötürərək, onlara həvəslə qulluq göstərirdi. Konqresin axırıncı günü o, 7 000 iştirakçını bu sözlərlə ruhlandırdı: “Siz Rəbbimizin izzətli Padşahlığını... insanlara e’lan edən... şahların Şahı və rəblərin Rəbbinin səfirlərisiniz”. Ruterford qardaş qəti fikirli adam olub, çox böyük əminliklə danışsa və həqiqət saydığı şeyə münasibətdə güzəştə getməsə də, Allahın qarşısında əsl təvazökarlıq göstərirdi. Bunu onun Beyt-Eldə səhər ibadəti zamanı söylədiyi dualarda tez-tez müşahidə etmək olardı.
[19-cu səhifədəki şəkil]
Yazılardan yaxşı mə’lumatlı olan Stefan təvazökarlıqla qida paylayırdı.
[20-ci səhifədəki şəkil]
Manassenin təvazökarlığı Yehovaya məqbul idi.
[22-ci səhifədəki şəkil]
Nəyə görə Daniel Allah tərəfindən “sevilmiş olan adam” idi?