Bəyan etməli olduğumuz xəbər
Yehova: «Sizsiniz şahidlərim... Allah Mənəm», — deməklə bizi həm böyük şərəfə layiq görmüş, həm də üzərimizə ciddi məsuliyyət qoymuşdur (Yeşaya 43:12). Biz sadəcə Allaha inanan insanlar deyilik. Biz Allahın ilhamlanmış Kəlamındakı vacib həqiqətləri açıqca bəyan edən şahidlərik. Bəs Yehova bu gün bizə hansı xəbəri çatdırmağı tapşırıb? Bu xəbər Yehova Allah, İsa Məsih və Allahın Padşahlığı haqqındadır.
«ALLAHDAN QORX, ONUN ƏMRLƏRİNİ YERİNƏ YETİR»
MƏSİHÇİLİKDƏN çox illər əvvəl Yehova sadiq xidmətçisi İbrahimə ‘dünyanın bütün millətlərinin’ xeyir-dua alacağına dair niyyətini açıqlamışdı (Yar. 22:18). O, həmçinin bütün insanlardan əsas etibarilə nə tələb olunduğunu bildirmək üçün Süleymana növbəti sözləri yazmağa ilham vermişdi: «Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur» (Vaiz 12:13). Bəs bütün xalqlardan olan insanlar bu şeyləri necə öyrənəcəkdilər?
Allahın Kəlamına inanan insanlar həmişə olub, lakin Müqəddəs Kitabda göstərilirdi ki, xoş xəbərin bütün xalqlara çatdırılmasının və dünya miqyasında şahidlik edilməsinin vaxtı «Rəbbin günündə» yetişəcək. Həmin gün 1914-cü ildə başlayıb (Vəhy 1:10). Bu vaxtla bağlı Vəhy 14:6, 7 ayələrində əvvəlcədən bildirilmişdi ki, mələyin rəhbərliyi altında «hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa» vacib xəbər bəyan ediləcək. Onlar üçün belə bir çağırış səslənəcəkdi: «Allahdan qorxun! Ona izzət verin! Çünki Onun hökmünün vaxtı gəldi. Göyü, yeri, dənizi və su bulaqlarını Yaradana səcdə edin!» Həmin xəbər Allahın iradəsi ilə çatdırılır. Bu işdə iştirak etmək şərəfi bizim də payımıza düşüb.
‘Həqiqi Allah’. Yehovanın: «Sizsiniz Mənim şahidlərim», — deyə bəyan etdiyi sözlərin kontekstinə baxsaq görəcəyik ki, burada kimin Allah olduğu müzakirə edilir (Yeşaya 43:10). Çatdırılmalı olan xəbər sadəcə insanların hər hansı dini qəbul etməli, yaxud hansısa allaha inanmalı olduqlarına dair xəbər deyil. Əksinə, onlara imkan yaratmaq lazımdır ki, göyü və yeri Yaradanın vahid həqiqi Allah olduğunu bilsinlər (Yeşaya 45:5, 18, 21, 22; Yəh. 17:3). Yalnız həqiqi Allah gələcəyi dəqiqliklə deyə bilər. Keçmişdə Yehovanın sözlərinin həyata keçməsinin Onun gələcəyə dair bütün vədlərinin də yerinə yetəcəyinə əmin olmaq üçün tutarlı sübutdur. Bizim də vəzifəmiz bunu insanlara göstərməkdir (Yeşua 23:14; Yeşaya 55:10, 11).
Düzdür, şahidlik etdiyimiz insanların çoxu ya başqa allahlara ibadət edir, ya da ümumiyyətlə heç bir allaha ibadət etmədiklərini iddia edir. Onların bizə qulaq asması üçün söhbətə ortaq mövzudan başlamaq lazım gələ bilər. Həvarilərin işləri 17:22-31 ayələrindəki nümunənin bu məsələdə bizə faydası dəyə bilər. Diqqət yetir ki, nəzakətli olmasına baxmayaraq, həvari Pavel yeri və göyü Yaradan Allah qarşısında hər kəsin məsuliyyət daşıdığını açıqca vurğuladı.
Allahın adını bildiririk. İnsanlara həqiqi Allahın adını bildirmək imkanını əldən vermə. Yehova Öz adını sevir (Çıx. 3:15; Yeşaya 42:8). O, insanların bu adı bilməsini istəyir. Yehova izzətli adının Müqəddəs Kitabda 7 000 dəfədən çox yazılmasının qeydinə qalmışdır. İnsanları bu adla tanış etmək bizim borcumuzdur (Qanun. t. 4:35).
Bütün insanların gələcəyi Yehovanı tanımalarından və Onu imanla çağırmalarından asılıdır (Yoel 2:32; Mal. 3:16; 2 Salon. 1:8). Lakin çoxları Yehovanı tanımır. Onların əksəriyyəti Müqəddəs Kitabda haqqında bəhs edilən Allaha ibadət etdiklərini iddia edənlərdir. Onların hətta Müqəddəs Kitabı olsa da, onu oxusalar da, yenə də Allahın şəxsi adını bilmirlər, çünki bu ad bir çox müasir tərcümələrdən çıxarılmışdır. Bəzi insanlar Yehova adını yalnız din rəhbərləri onlara bu adı çəkməməyi söyləyərkən eşidiblər.
İnsanları Allahın adı ilə necə tanış edə bilərik? Bu adı Müqəddəs Kitabdan, əgər mümkünsə, onların öz kitabından göstərmək ən gözəl üsuldur. Bəzi tərcümələrdə bu ada bir neçə min dəfə rast gəlinir. Azərbaycan dilində olan tərcümədə isə ona Yaradılış 22:14, Çıxış 17:15, Hakimlər 6:24, Yezekel 48:35 ayələrində və Çıxış 3:15 ayəsinin haşiyəsində «Yahve» formasında təsadüf edilir. Bir çox başqa tərcümələrdə isə orijinal mətndə Allahın şəxsi adı olan yerlərdə fərqli şriftlə «Rəbb» və «Allah» titulu yazılıb. Əlinizdə olan tərcümədə Allahın şəxsi adı tamamilə götürülübsə, vəziyyətin nə yerdə olduğunu başa salmaq üçün başqa tərcümələrdən istifadə etmək olar. Bəzi ölkələrdə insanlara Allahın adına dini mahnılarda və ya ictimai binaların üstündə rast gəlindiyini söyləmək olar.
Hətta başqa allahlara ibadət edən insanlara da türkcə Müqəddəs Kitabdan Yeremya 32:17-19 ayələrini göstərmək faydalı olardı. Orada təkcə Allahın adı göstərilmir, həm də Onun kim olduğu aydın şəkildə izah edilir.
Xristian dünyasının etdiyi kimi, Yehova adını «Rəbb» və «Allah» titulu ilə əvəz etmə. Bu o demək deyil ki, hər söhbətin lap əvvəlindən Allahın adını çəkmək lazımdır. Belə ki, qərəzli fikirlərin ucbatından bəzi insanlar söhbəti kəsə bilərlər. Lakin söhbət alınandan sonra bu adı çəkməkdən utanma.
Diqqətəlayiq haldır ki, Müqəddəs Kitabda Allahın şəxsi adı «Rəbb» və «Allah» kimi titulların ümumi sayından çox işlənir. Lakin Müqəddəs Kitabı yazanlar hər cümlədə Allahın adını yazmağa çalışmayıblar. Onu təbii, ürəkdən və hörmətcil şəkildə istifadə ediblər. Bu, bizim üçün də gözəl nümunədir.
Bu adın arxasında duran Şəxs. Allahın şəxsi adının olması öz-özlüyündə vacib həqiqət olsa da, Onu tanımaqda bu, hələ ilk addımdır.
Yehovanı sevmək və Onu imanla çağırmaq üçün insanlar Onun necə Allah olduğunu bilməlidirlər. Yehova Sina dağında adını Musaya açanda sadəcə «Yehova» sözünü təkrarlamadı. O, diqqəti Özünün gözəl keyfiyyətlərinin bəzilərinə yönəltdi (Çıx. 34:6, 7). Bu, təqlid edilməli nümunədir.
Təzə maraqlanan insanlara şahidlik etməyindən, yaxud yığıncaqda çıxış etməyindən asılı olmayaraq, Padşahlığın xeyir-duaları haqqında danışanda onların bu cür vədləri verən Allah haqqında nəyi açıqladığını göstər. Yehovanın əmrlərinə istinad edəndə onlarda əks olunan müdrikliyi və məhəbbəti vurğula. Allahın əmrlərinin heç də çətin olmadığını, əksinə, bizim xeyrimiz üçün verildiyini aydın göstər (Yeşaya 48:17, 18; Mik. 6:8). Yehovanın Öz gücünü təzahür etdirdiyi hər vəziyyətdə Onun şəxsiyyəti, normaları və niyyəti haqqında nəyin isə açıqlandığını izah et. Diqqəti Onun Öz keyfiyyətlərini tarazlı şəkildə necə təzahür etdirdiyinə yönəlt. Yehovaya duyduğun hissləri insanlar qarşısında dilə gətir. Yehovaya olan məhəbbətin başqalarının da ürəyində Ona qarşı belə məhəbbət oyada bilər.
Bizim günlərdə səslənən vacib xəbər bütün insanları Allahdan qorxmağa çağırır. Sözlərimizlə insanlarda bu hissi oyatmağa çalışmalıyıq. Allah qorxusu Yehovaya ehtiramı və dərin hörməti özünə daxil edən sağlam qorxudur (Məz. 89:7). Bu qorxuya malik olan insan Yehovanı ali Hakim kimi qəbul edir və gələcək həyatının Ona məqbul yaşamaqdan asılı olduğunu etiraf edir (Luka 12:5; Rom. 14:12). Buna görə də bu cür qorxu Allaha dərin məhəbbətlə və beləliklə də Onu razı salmaq istəyi ilə əlaqəlidir (Qanun. t. 10:12, 13). Allah qorxusu, həmçinin bizi təşviq edir ki, pisliyə nifrət edək, Allahın əmrlərinə tabe olaq və Ona bütün ürəyimizlə ibadət edək (Qanun. t. 5:29; 1 Saln. 28:9; Sül. məs. 8:13). Bu, bizi ürəyimizin yarısı dünya malında qala-qala Allaha xidmət etməkdən qoruyur (1 Yəh. 2:15-17).
Allahın adı «qüvvətli bir qaladır». Yehovanı sözün əsil mənasında tanıyanlar güclü müdafiə əldə edirlər. Bu, sadəcə Yehovanın adını çəkdiklərinin, yaxud bəzi xüsusiyyətlərini sadalaya bildiklərinin yox, Ona etibar etdiklərinin sayəsindədir. Süleymanın məsəlləri 18:10 ayəsində belə insanlar haqqında deyilir: «Rəbbin adı qüvvətli bir qaladır, saleh qaçıb ona pənah aparır».
İnsanları Yehovaya etibar etməyə təşviq etmək üçün hər fürsətdən istifadə et (Məz. 37:3; Sül. məs. 3:5, 6). Bu cür etibar Yehovaya və Onun vədlərinə imanın təzahürüdür (İbr. 11:6). İnsanlar Yehovanı Kainatın Hökmdarı kimi qəbul etdiyi, yollarını sevdiyi, həqiqi xilasın yalnız Ondan gələcəyinə tam inandığı üçün Onun ‘adını zikr edərsə’, Allahın Kəlamının bizi əmin etdiyi kimi, xilas olacaqlar (Rom. 10:13, 14). Başqalarını öyrədərkən onlara həyatlarının bütün sahələrində məhz bu cür imanı təzahür etdirməyə kömək et.
Çoxlarının problemi başından aşır. Ola bilsin, onlar çıxış yolu görmürlər. Onları Yehovanın iradəsi haqqında öyrənməyə, Ona etibar etməyə və öyrəndiklərini həyatlarında tətbiq etməyə təşviq et (Məz. 25:5). Həmçinin duada Allahdan israrla kömək diləməyə və xeyir-dualarına görə təşəkkür etməyə təşviq et (Filip. 4:6, 7). Onlar Yehovanı sadəcə Müqəddəs Kitabdan müəyyən ayələri oxumaqla yox, vədlərinin öz həyatlarında yerinə yetdiyini görməklə tanıyanda Onun adının məğzini düzgün başa düşməyin gətirdiyi müdafiəni duyacaqlar (Məz. 34:8; Yer. 17:7, 8).
Hər fürsətdən istifadə edərək insanlara həqiqi Allah Yehovadan qorxmağın və Onun əmrlərinə bağlı qalmağın müdriklik olduğunu anlamağa kömək et.
‘İSAYA OLAN ŞƏHADƏTƏ BAĞLI QALIRIQ’
DİRİLDİKDƏN sonra, göyə qayıtmazdan əvvəl, İsa Məsih şagirdlərinə növbəti göstərişi verdi: «Dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız» (Həv. iş. 1:8). Allahın bizim günlərimizdə yaşayan sadiq xidmətçiləri «İsaya olan şəhadətlərinə bağlı qalan» insanlar kimi təsvir olunurlar (Vəhy 12:17). Bəs sən şahidlik etmək işində nə qədər səylə çalışırsan?
İsaya inandıqlarını söyləyən bir çox səmimi insanlar onun insan kimi yaşamazdan əvvəlki mövcudluğu haqda heç nə bilmirlər. Onlar İsanın yer üzündə olarkən sözün hərfi mənasında insan olduğunu başa düşmürlər. Onun hansı mənada Allahın Oğlu olduğunu anlamırlar. Allahın niyyətinin yerinə yetməsində oynadığı rol haqda çox az şey bilirlər. Onun indi nə etdiyindən xəbərsizdirlər və gələcəkdə görəcəyi işlərin həyatlarına necə təsir edəcəyini dərk etmirlər. Bəziləri hətta yanlış olaraq Yehovanın Şahidlərinin İsaya inanmadığını düşünür. Bizim də üzərimizə düşən məsuliyyət odur ki, bu məsələlərlə bağlı həqiqəti insanlara çatdıraq.
Başqa bir qrup insanlar Müqəddəs Kitabda təsvir olunan İsa adında bir şəxsin nə vaxtsa yaşadığına inanmır. Bəziləri İsaya sadəcə dahi bir insan kimi baxırlar. Çoxları İsanın Allahın Oğlu olması fikrini rədd edirlər. Belə insanlar arasında ‘İsaya şəhadət etmək’ üçün nəzakətli olmaq, eləcə də çoxlu güc və səbir tələb olunur.
Hansı nöqteyi-nəzərdə olmalarından asılı olmayaraq, səni dinləyənlər Allahın təqdim etdiyi əbədi həyatı əldə etmək istəyirlərsə, İsa Məsih haqqında bilik almalıdırlar (Yəh. 17:3). Allahın aydın şəkildə ifadə olunmuş iradəsinə görə hər bir insan ‘İsa Məsihin Rəbb olduğunu iqrar etməli’ və onun hakimiyyətinə tabe olmalıdır (Filip. 2:9-11). Buna görə də yanlış nöqteyi-nəzərin, yaxud qərəzli fikirlərin möhkəm kök saldığı insanlarla qarşılaşanda bu mövzudan sadəcə olaraq yan keçə bilmərik. Bəzi hallarda, hətta ilk başçəkmədə, İsa Məsih haqqında sərbəst danışmaq mümkün olur. Digər hallarda isə, həmsöhbətimizə Məsih haqqında düzgün fikrə gəlməyə kömək etmək üçün sözləri ehtiyatla seçmək, həmçinin növbəti başçəkmələrdə bu mövzunun başqa sahələri haqda danışmaq üçün yollar axtarmaq lazım gələ bilər. Bununla belə, Müqəddəs Kitab öyrənməsi keçirənə kimi bu mövzu ilə bağlı hər şeyi müzakirə etmək mümkün olmaya bilər (1 Tim. 2:3-7).
Allahın niyyətində İsanın vacib rolu. İsanın «yol» olduğu və ‘onun vasitəçiliyi olmadan Atanın yanına heç kimin gələ bilmədiyi’ üçün İsa Məsihə iman etmədən Allahla yaxşı münasibətlər qurmağın qeyri-mümkün olduğunu insanlara başa salmaq lazımdır (Yəh. 14:6). Yehovanın ilk Oğluna ayırdığı vacib rolu dərk etməyincə insan Müqəddəs Kitabı başa düşməyəcək. Nə üçün? Çünki Yehova bütün niyyətlərinin həyata keçməsində əsas rolu Oğluna verib (Kolos. 1:17-20). Müqəddəs Kitabdakı peyğəmbərliklər bu fakt ətrafında cəmlənib (Vəhy 19:10). Şeytanın üsyanı və Adəmin günahı nəticəsində yaranan bütün problemlər məhz İsa Məsihin vasitəsilə aradan qaldırılacaq (İbr. 2:5-9, 14, 15).
Məsihin oynadığı rolu başa düşmək üçün insan bəşəriyyətin acınacaqlı vəziyyətdə olduğunu və bu vəziyyətdən öz gücü ilə qurtula bilməyəcəyini dərk etməlidir. Hamımız günah içində doğuluruq. Bu, həyatımız boyu bizə müxtəlif cür təsir etsə də, əvvəl-axır hamı ölür (Rom. 3:23; 5:12). Şahidlik etdiyin insanlarla bu haqda mülahizə yürüt. Sonra göstər ki, Yehova İsa Məsihin fidyə qurbanlığı vasitəsilə buna iman edənlərin günah və ölümdən azad olmaları üçün məhəbbətlə qayğı göstərmişdir (Mark 10:45; İbr. 2:9). Bu, onların qarşısında əbədi həyata və kamilliyə nail olmaq imkanı açır (Yəh. 3:16, 36). Heç bir başqa üsulla bunu əldə etmək mümkün deyil (Həv. iş. 4:12). İstər bir nəfərlə söhbət edərkən, istərsə də yığıncaq qarşısında çıxış edərkən bir müəllim kimi sadəcə bu faktları söyləməklə kifayətlənmə. Mehribanlıq və səbirlə insanlarda Məsihin Xilaskar kimi oynadığı rola görə minnətdarlıq oyat. Bu, insanın davranışına, əhval-ruhiyyəsinə və həyatdakı məqsədlərinə böyük təsir göstərə bilər (2 Kor. 5:14, 15).
Düzdür, İsa Məsih həyatını yalnız bir dəfə qurban vermişdir (İbr. 9:28). Buna baxmayaraq, o, indi fəal surətdə Baş Kahin kimi xidmət edir. İnsanlara bunun nə demək olduğunu başa sal. Bəlkə onlar çətinlikdədirlər, ümidləri puç olub, nədənsə əziyyət çəkirlər, yaxud ətrafdakı insanların amansızlığı ucbatından problemlərlə üzləşirlər? İsa yer üzündə olanda bütün bunları öz üzərində hiss etmişdi. O, bizim keçirdiyimiz hissləri başa düşür. Bəs biz qeyri-kamillik ucbatından Allahın mərhəmətinə ehtiyacımız olduğunu dərk edirikmi? Əgər duada Allahdan İsanın qurbanlığı əsasında əfv diləyiriksə, İsa ‘Atanın yanında Müdafiəçi’ kimi hərəkətə keçir. Şəfqətdən irəli gələrək, o, «bizim üçün vəsatət edir» (1 Yəh. 2:1, 2; Rom. 8:34). İsanın qurbanlığı əsasında və Baş Kahin kimi xidmət etməsi sayəsində biz vaxtında yardım almaq üçün «lütfkar Allahın taxtına» yaxınlaşa bilirik (İbr. 4:15, 16). Qeyri-kamil olsaq da, İsanın Baş Kahin kimi təqdim etdiyi kömək bizə Allaha təmiz vicdanla xidmət etməyə imkan verir (İbr. 9:13, 14).
Üstəlik, İsa Allah tərəfindən məsihçi yığıncağının Başı kimi təyin olunduğu üçün böyük səlahiyyətə malikdir (Mat. 28:18; Efes. 1:22, 23). Beləcə, o, Allahın iradəsinə uyğun olaraq lazımi rəhbərliyi təqdim edir. İnsanları öyrədərkən onlara başa sal ki, yığıncağın başı hər hansı insan yox, İsa Məsihdir (Mat. 23:10). İlk söhbətdən maraqlanan insanları ‘sadiq və ağıllı qulun’ vasitəsilə təqdim olunan materialın köməyilə Müqəddəs Kitabı öyrəndiyimiz yığıncaq görüşlərinə dəvət et. Onlara təkcə ‘qulun’ yox, həmçinin Ağanın da kim olduğunu başa sal ki, İsanın başçı olduğunu bilsinlər (Mat. 24:45-47). Onları ağsaqqallarla tanış et və onların Müqəddəs Yazılara əsaslanan hansı tələblərə cavab verməli olduqlarını izah et (1 Tim. 3:1-7; Tit. 1:5-9). Başa sal ki, yığıncaq ağsaqqallara məxsus deyil, onlar bizə sadəcə olaraq İsa Məsihin izləri ilə getməyə kömək edirlər (Həv. iş. 20:28; Efes. 4:16; 1 Pet. 5:2, 3). Qoy maraqlanan insanlar bu təşkilatın Məsihin başçılığı altında mütəşəkkil surətdə fəaliyyət göstərən ümumdünya cəmiyyət olduğunu görsünlər.
Müjdələrdən öyrənirik ki, İsa ölümündən bir az əvvəl Yerusəlimə daxil olanda şagirdləri: «Rəbbin adı ilə gələn Hökmdara həmd olsun!» — deyərək onu alqışladılar (Luka 19:38). İnsanlar Müqəddəs Kitabı daha dərindən araşdırdıqca Yehovanın İsaya idarə etmək səlahiyyəti verdiyini və bunun bütün xalqlardan olan insanlara təsir etdiyini öyrənirlər (Dan. 7:13, 14). Yığıncaqda çıxış edərkən, yaxud öyrənmə keçirərkən İsanın hakimiyyətinin bizim üçün nə məna kəsb etməli olduğunu başa düşməyə və buna görə minnətdar olmağa kömək et.
Bizim həyat tərzimizin İsa Məsihin Padşah olduğuna həqiqətən də inanıb-inanmadığımızı və onun rəhbərliyinə ürəkdən tabe olub-olmadığımızı göstərdiyini vurğula. Diqqəti İsanın Padşah kimi məsh olunduqdan sonra davamçılarına tapşırdığı işə yönəlt (Mat. 24:14; 28:18-20). Ecazkar Məsləhətçi olan İsanın həyatda nəyin vacib olduğuna dair dediklərini müzakirə et (Yeşaya 9:6, 7; Mat. 6:19-34). Əmin-amanlıq Hökmdarının sözlərinə əsasən, davamçılarının hansı ruhu təzahür etdirməli olduqlarını qeyd et (Mat. 20:25-27; Yəh. 13:35). Diqqətli ol ki, başqalarının bu ruhu lazım olan qədər təzahür etdirib-etdirmədiklərinə dair hökm etmək hüququnu mənimsəməyəsən. Əksinə, onları hərəkətlərinin Məsihin Padşahlığına tabe olmaqla bağlı nəyi göstərdiyini araşdırmağa təşviq et. Bu zaman özünün də eyni şeyi etməli olduğunu yaddan çıxarma.
İsa Məsih təməldir. Müqəddəs Kitab şagird hazırlamaq işini təməli İsa Məsih olan binanı tikməyə bənzədir (1 Kor. 3:10-15). Buna nail olmaq üçün insanlara İsanı Müqəddəs Kitabda təsvir olunduğu kimi tanımağa kömək et. Ehtiyatlı ol ki, onlar səni izləməli olduqlarını düşünməsinlər (1 Kor. 3:4-7). Onların diqqətini İsa Məsihə yönəlt.
Təməl düzgün qoyulsa, öyrənən başa düşəcək ki, İsa ‘izləri ilə getməyimiz’ üçün bizə nümunə qoyub (1 Pet. 2:21). Bu təməl üzərində tikmək üçün öyrənəni Müjdələri bir tarix kimi yox, rəhbərlik kimi oxumağa təşviq et. Onlara İsaya xas olan keyfiyyətləri və onun necə düşündüyünü yadda saxlamağa kömək et. Onları İsanın öz Atasına necə yanaşdığına, sınaqlara və imtahanlara necə tab gətirdiyinə, Allaha necə itaətkar qaldığına və müxtəlif vəziyyətlərdə insanlarla necə rəftar etdiyinə diqqət yetirməyə təşviq et. İsanın həyatında vacib yer tutan işi vurğula. Belə etsən, sınaq və imtahanlarla üzləşdikdə Müqəddəs Kitabı öyrənən özündən soruşacaq: «Bu vəziyyətdə İsa nə edərdi? Davranışımdan İsanın mənim üçün etdiklərinə görə minnətdar olduğum görünəcəkmi?»
Yığıncaq qarşısında çıxış edərkən elə fikirləşmə ki, həmimanlıların artıq İsaya iman etdikləri üçün ona xüsusi diqqət yetirməyə ehtiyac yoxdur. Əgər bu iman üzərində tiksən, dediklərin onlar üçün daha böyük əhəmiyyət kəsb edəcək. Görüşlər haqqında danışanda bunu İsanın yığıncağın başı kimi oynadığı rolla əlaqələndir. Təbliğ xidməti haqda söhbət edərkən diqqəti İsanın bu işi hansı əhval-ruhiyyə ilə etdiyinə yönəlt və xidmətin Məsihin bir Padşah kimi, yeni dünyada yaşayacaq insanları toplamaq üçün gördüyü işlərdən biri olduğunu izah et.
Aydındır ki, İsa haqqında əsas faktları öyrənmək kifayət etmir. Əsil məsihçi olmaq üçün ona iman etmək və onu ürəkdən sevmək lazımdır. Belə məhəbbət sədaqətlə itaət etməyə təşviq edir (Yəh. 14:15, 21). Bunun sayəsində insanlar fəlakətə düşəndə belə imanda möhkəm qalır, bütün həyatları boyu Məsihin izləri ilə gedir və möhkəm ‘kök salıb təməl qoyan’ yetkin məsihçi olurlar (Efes. 3:18). Bu cür həyat tərzi İsa Məsihin Atası və Allahı olan Yehovaya izzət gətirir.
«SƏMAVİ SƏLTƏNƏT HAQQINDA OLAN BU MÜJDƏ»
İŞTİRAKININ əlamətinin təfsilatları və bu sistemin sonu haqda danışarkən İsa peyğəmbərlik etmişdi: «Səmavi Səltənət haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir» (Mat. 24:14).
Belə geniş miqyasda çatdırılmalı olan bu xəbər konkret olaraq nədən ibarətdir? Bu, İsanın: «Səltənətin gəlsin», — deyə barəsində dua etməyi öyrətdiyi Padşahlıq haqda xəbərdir (Mat. 6:10). Vəhy 11:15 ayəsində o, yerində olaraq, «Rəbbimizin [Yehovanın] və Onun Məsihinin səltənəti» kimi təsvir olunur, çünki hakimiyyət səlahiyyətinin mənbəyi Yehovadır və bu səlahiyyət Məsihə verilib. Ancaq diqqət yetir ki, İsanın bizim günlərdə təbliğ olunacağını dediyi xəbər birinci əsrdə onun şagirdlərinin çatdırdığı xəbərdən fərqli olaraq, özünə daha çox şeyi daxil edir. Onlar xalqa deyirdilər: «Allahın Səltənəti sizə yaxınlaşdı» (Luka 10:9). Həmin vaxt Padşah olmaq üçün məsh olunmuş İsa onların arasında idi. Lakin Matta 24:14 ayəsində yazıldığı kimi, İsa Allahın niyyətinin yerinə yetməsində mühüm rol oynayan başqa hadisənin də dünya miqyasında bəyan ediləcəyini peyğəmbərlik etmişdi.
Daniel peyğəmbərə bu hadisə ilə bağlı görüntü verilmişdi. O, ‘bəşər oğluna bənzər birisinin’, İsa Məsihin ‘Əzəldən Var Olandan’, Yehova Allahdan bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ona xidmət etsin deyə, hakimiyyət, izzət və padşahlıq aldığını görmüşdü (Dan. 7:13, 14). Bütün kainat üçün böyük əhəmiyyət kəsb edən bu hadisə 1914-cü ildə göydə baş verdi. Bundan sonra Şeytan və onun cinləri yerə atıldı (Vəhy 12:7-10). Köhnə sistem öz axır günlərini yaşamağa başladı. Lakin hələ ki, o, tamamilə məhv edilməyib bütün dünyada Yehovanın məsh olunmuş Padşahının artıq səmavi taxtından idarə etdiyi haqda xəbər bəyan edilir. Bu xəbər hamıya çatdırılır. İnsanların necə hay verməsi onların Haqq-Taalaya «insan padşahlığı» üzərindəki Hökmdar kimi necə münasibət bəslədiklərini göstərir (Dan. 4:32).
İrəlidə isə bizi daha möhtəşəm hadisələr gözləyir! Biz hələ də: «Səltənətin gəlsin», — deyə dua edirik, lakin bu, Allahın Padşahlığının gələcəkdə qurulacağını bildirmir. Əksinə, bu sözlərlə Padşahlığın Daniel 2:44 və Vəhy 21:2-4 ayələrindəki kimi peyğəmbərlikləri həyata keçirmək üçün qəti hərəkətə keçəcəyi nəzərdə tutulur. O, yer üzünü Allahı və insanları sevən adamların məskun olacağı Cənnətə çevirəcək. İnsanlara ‘səmavi Səltənət haqqında olan bu Müjdəni’ təbliğ edəndə gələcəkdə baş verəcək həmin hadisələr haqda danışırıq. Bundan əlavə, biz əminliklə Yehovanın bütün hakimiyyəti Öz Oğluna həvalə etdiyini elan edirik. Padşahlıq haqqında şahidlik edərkən insanların diqqətini bu müjdəyə yönəldirsənmi?
Padşahlığın nə demək olduğunu izah et. Allahın Padşahlığını bəyan etmək tapşırığını necə yerinə yetirə bilərik? İnsanda maraq oyatmaq üçün söhbətə müxtəlif mövzular haqda danışaraq başlasaq da, tezliklə aydın olmalıdır ki, çatdırdığımız xəbər Allahın Padşahlığı haqqındadır.
Bu işin əsas hissəsi özünə Padşahlığa aid ayələri oxumağı və ya sitat gətirməyi daxil edir. Padşahlıq haqqında danışarkən insanların onun nə demək olduğunu başa düşüb-düşmədiyinə diqqət yetir. Sadəcə Allahın Padşahlığının hökumət olduğunu söyləmək kifayət etməyə bilər. Bəzilərinə gözlə görünməyən bir şeyi hökumət kimi təsəvvür etmək çətin gəlir. Belə insanlara müxtəlif dəlillər gətirmək olar. Məsələn, biz cazibə qüvvəsini görmürük, ancaq onun bizim həyatımıza güclü təsir etdiyi danılmazdır. Biz cazibə qanununu Yaradanı görməsək də, Onun böyük gücə malik olduğuna şübhə yoxdur. Müqəddəs Kitab Onu «əsrlərin Hökmdarı» adlandırır (1 Tim. 1:17). Yaxud deyə bilərsən ki, böyük ölkələrdə insanların çoxu heç vaxt ölkənin paytaxtında olmamış və ya dövlət başçısını şəxsən görməmişlər. Onlar bu haqda xəbərlərdən eşidib öyrənirlər. Buna bənzər tərzdə, 2 200-dən çox dildə nəşr olunan Müqəddəs Kitab bizə Allahın Padşahlığı haqda məlumat verir; səlahiyyətin kimə verildiyini və Padşahlığın hal-hazırda nə etdiyini açıqlayır. İstənilən dövri mətbuatdan çox dildə çıxan «Gözətçi Qülləsi», üz qabığında yazıldığı kimi, «Yehovanın Padşahlığını elan edir».
Padşahlığın nə demək olduğunu başa salmaq üçün adətən insanların hakimiyyətdən gözlədiyi bəzi şeyləri — iqtisadi sabitliyi, sülhü, cinayətdən müdafiəni, bütün etnik qrupların bərabər hüquqa malik olmasını, təhsil və tibbi xidmət almaq imkanını qeyd edə bilərsən. İnsanların düzgün arzularının yalnız Allahın Padşahlığı vasitəsilə tam şəkildə həyata keçiriləcəyini göstər (Məz. 145:16).
İnsanların ürəyində Padşahı İsa Məsih olan Padşahlığın təbəələri olmaq arzusu oyat. Onun səmavi Padşah kimi görəcəyi işlərin nümunəsi olan möcüzələrinə diqqəti yönəlt. Tez-tez təzahür etdirdiyi gözəl keyfiyyətləri haqda danış (Mat. 8:2, 3; 11:28-30). İzah et ki, o, bizim uğrumuzda öz həyatını qurban verib və bundan sonra Allah onu dirildərək göylərdə ölməzlik bəxş edib. İsa Padşah kimi məhz göylərdən idarə edir (Həv. iş. 2:29-35).
Allahın Padşahlığının artıq göylərdən idarə etdiyini vurğula. Lakin unutma ki, əksər insanlar Allahın Padşahlığının idarə etdiyinə sübut kimi bu gün dünyada baş verənləri yox, başqa şeyləri gözləyirlər. Razılaş ki, çoxları belə düşünürlər. İsa Məsihin sübut kimi hansı əlaməti söylədiyindən xəbərləri olub-olmadığını soruş. Matta 24, Mark 13 və Luka 21-ci fəsildə təsvir olunan əlaməti təşkil edən cəhətlərin bəzilərini vurğula və Məsihin göydə taxta çıxmasından sonra dünyanın nə üçün bu vəziyyətə düşdüyünü soruş. Onun diqqətini Vəhy 12:7-10, 12 ayələrinə yönəlt.
Padşahlığın hal-hazırda nə etdiyini göstərmək üçün Matta 24:14 ayəsini oxu, bu gün həyata keçirilən və Müqəddəs Kitaba əsaslanan ümumdünya təlim proqramını təsvir et (Yeşaya 54:13). Yehovanın Şahidlərinin təlim aldığı müxtəlif məktəblər haqda danış. Bu məktəblər pulsuz keçirilir və onların proqramı Müqəddəs Kitaba əsaslanır. Bizim 230-dan çox ölkə və ərazidə yalnız evdən-evə təbliğ etdiyimizi yox, həm də insanlara ayrı-ayrılıqda və ailəvi olaraq pulsuz Müqəddəs Kitab öyrənməsi təklif etdiyimizi söylə. Hansı insan hakimiyyəti nəinki öz vətəndaşları üçün, hətta bütün dünyadakı insanlar üçün bu cür geniş təhsil proqramını həyata keçirə bilər? Bu təhsilin insanların həyatına necə təsir etdiyini görmələri üçün onları Yehovanın Şahidlərinin Padşahlıq Zalına və konqreslərə dəvət et (Yeşaya 2:2-4; 32:1, 17; Yəh. 13:35).
Bəs ev sahibi bunun şəxsən onun həyatına hansı aidiyyəti olduğunu başa düşəcəkmi? Nəzakətlə izah etmək olar ki, gəlişinin məqsədi insanlarla hamının qarşısında açılan imkan — Allahın Padşahlığının təbəəsi olaraq həyatı seçmək imkanı haqda danışmaqdır. Bu seçimi necə etmək olar? Allahın tələblərini öyrənməklə və artıq indidən onlara müvafiq yaşamaqla (Qanun. t. 30:19, 20; Vəhy 22:17).
İnsanlara Padşahlığı birinci yerə qoymağa kömək et. Padşahlıq xəbərini qəbul etdikdən sonra da insana bir çox qərarlar qəbul etmək lazım gələcək. Allahın Padşahlığı onun həyatında hansı yeri tutacaq? İsa şagirdlərini ‘əvvəlcə Allahın Səltənətini axtarmağa’ təşviq edirdi (Mat. 6:33). Həmimanlılarımıza bu işdə necə kömək edə bilərik? Bu sahədə özün yaxşı nümunə qoymağa çalış və bunu etməyin necə mümkün olduğunu müzakirə et. Hərdən insanın müəyyən imkanlar haqda düşünüb-düşünmədiyini soruşmaq və bu məsələ ilə bağlı başqalarının necə davrandıqlarını danışmaq olar. Müqəddəs Kitabdakı hadisələri araşdırarkən insanın Yehovaya məhəbbətini artırmağa çalış. Padşahlığın real olduğunu vurğula. Diqqəti Padşahlığın təbliğ işinin son dərəcə vacib olduğuna yönəlt. Çox vaxt insanlara onların nə etməli olduğunu demək yox, onlarda bunu etmək istəyi yaratmaq yaxşı nəticə verir.
Tamamilə aydındır ki, təbliğ etməli olduğumuz vacib xəbər əsas diqqəti Yehova Allaha, İsa Məsihə və Padşahlığa yönəldir. Bunlarla bağlı vacib həqiqətlər şahidlik işində, yığıncaq görüşlərində və şəxsi həyatımızda vurğulanmalıdır. Belə etməklə göstəririk ki, Teokratik Xidmət Məktəbində aldığımız təlim bizə həqiqətən də fayda gətirir.