Müasir həyat üçün praktiki rəhbərlik
Özünə məsləhətlər daxil edən kitablar müasir dünyada çox populyardır. Ancaq onlar adətən köhnəlir və tezliklə onlarda ya düzəlişlər edilir, ya da başqaları ilə əvəz olunurlar. Bəs Müqəddəs Kitab haqqında nə demək olar? Bu kitab təxminən 2 000 il bundan əvvəl yazılıb qurtarıb. Lakin onun ilk xəbərində heç zaman dəyişikliklər və ya müasir əlavələr edilməmişdir. Bəs belə bir kitabda yaşadığımız günlər üçün praktiki rəhbərlik ola bilərmi?
BƏ’ZİLƏRİ bunun mümkün olmadığını söyləyirlər. Dr. İlay S. Çesen Müqəddəs Kitabı köhnəlmiş hesab etməsinin səbəbini izah edərək yazır: “Heç kim iddia etməz ki, müasir kimya dərsində 1924-cü ilin kimya kitabından istifadə etmək lazımdır”1. Bu dəlil əsaslı kimi görünə bilər. Çünki insan Müqəddəs Kitabın yazılmasından bəri psixi sağlamlıq və insan davranışları haqqında çox şey öyrənmişdir. Belə isə qədimi bir kitab müasir həyatda necə faydalı ola bilər?
Dəyişməz prinsiplər
Doğrudur, zəmanə dəyişib, ancaq bəşəriyyətin əsas tələbatları eynilə qalmaqdadır. İnsanlar tarix boyu məhəbbətə və şəfqətə ehtiyac duymuşlar. Onlar xoşbəxt olmaq və mə’nalı həyat sürmək istəmişlər. Maddi çətinliklərin öhdəsindən gəlməyə, nikahı müvəffəqiyyətli etməyə, uşaqlarına yüksək əxlaqi və mə’nəvi dəyərlər aşılamağa dair məsləhətlərə ehtiyac duymuşlar. Müqəddəs Kitab bu əsas tələbatları daha yaxşı tə’min etmək üçün məsləhətlər verir (Vaiz 3:12, 13; Romalılara 12:10; Koloslulara 3:18-21; 1 Timoteyə 6:6-10).
Müqəddəs Kitabın məsləhətlərində insan təbiəti ilə əlaqədar dərin anlayış əks olunur. Onun müasir həyatda da praktiki olan xüsusi, dəyişməz prinsiplərindən bə’zi nümunələri nəzərdən keçirək.
Nikaha dair praktiki rəhbərlik
“BMT-nin Xronikası”nda deyilir ki, ailə — “insan cəmiyyətinin ən qədim və ilk bünövrəli özəyi, yə’ni nəsillər arasındakı ən vacib bağdır”. Lakin bu “ən vacib bağ” həyəcan doğuracaq dərəcədə sür’ətlə parçalanmaqdadır. “BMT-nin Xronikası”nda qeyd edilir: “Bugünkü dünyada bir çox ailələr nəinki öz fəaliyyətini, hətta mövcudluğunu davam etdirmək imkanlarını belə təhlükə altına alan problemlərlə qarşılaşırlar”2. Ailələrin mövcudluğunu davam etdirə bilmələri üçün Müqəddəs Kitab hansı məsləhəti verir?
Əvvəlcə ondan başlayaq ki, Müqəddəs Kitab ərlə arvadın bir-birlərinə necə münasibət göstərmələri barədə çox şey söyləyir. Misal üçün, ərlərə aid orada deyilir: “Beləcə ərlər də öz arvadlarını, öz bədənləri qədər sevməlidirlər. Öz arvadını sevən özünü sevir. Çünki heç kim heç zaman öz bədəninə nifrət etməmişdir, lakin Rəbb cəmiyyəti etdiyi kimi, onu yedirir və bəsləyir” (Efeslilərə 5:28, 29). Qadına isə “ərinə ehtiram etməsi” məsləhət görülür (Efeslilərə 5:33).
Müqəddəs Kitabın bu məsləhətlərini tətbiq etməyin nə demək olduğunu nəzərdən keçirək. Arvadını öz bədəni kimi sevən ər, ona nifrət etməyəcək və onunla qəddarcasına davranmayacaq. Arvadını döyməyəcək, sözlərlə və emosional cəhətdən təhqir etməyəcək. Əksinə, özü qədər qiymətləndirəcək və hörmət bəsləyəcək (1 Peter 3:7). Buna görə də onun həyat yoldaşı sevildiyini və nikahının təhlükəsiz olduğunu hiss edəcək. Bununla da ər, qadınlara münasibətə dair öz uşaqlarına yaxşı nümunə verir. Digər tərəfdən, ərinə hörmət edən qadın, ərini tənqid edərək və hörmətdən salaraq, onun mənliyini alçaltmayacaq. Arvadının hörmət göstərməsi sayəsində, ər ona e’tibar edildiyini, həmçinin sayıldığını və qiymətləndirildiyini hiss edəcək.
Məgər müasir dünyada bu cür məsləhət praktiki deyilmi? Maraqlıdır ki, bu gün ailə həyatı ilə bağlı tədqiqat aparan insanlar da buna bənzər nəticəyə gəlmişlər. Ailələr üçün məsləhət proqramının müdirəsi qeyd etmişdir: “Tanıdığım ən xoşbəxt ailələr — ata ilə ana arasında güclü məhəbbət olan ailələrdir. [...] Göründüyü kimi, bu əsas münasibətlər möhkəm olduqda uşaqlar özlərini təhlükəsiz hiss edirlər”3.
Çox illər ərzində Müqəddəs Kitabın nikaha aid məsləhətləri, ailə məsləhətçilərinin ən yaxşı niyyətlərdən irəli gələrək verdikləri saysız-hesabsız məsləhətlərdən daha faydalı olmuşdur. Axı bir az əvvəl bir çox mütəxəssislər nikah uğursuz olan zaman, vəziyyətdən tez və asan çıxış yolu kimi boşanmanı müdafiə edirdilər. Bu gün onlardan çoxu nəyin bahasına olursa-olsun nikahı qorumağa təşviq edirlər. Amma bu cür dəyişiklik, ailələrə əhəmiyyətli dərəcədə zərər yetirildikdən sonra baş verdi.
Bunun əksinə olaraq, Müqəddəs Kitab nikaha dair hikmətli, tarazlaşmış məsləhətlər verir. O e’tiraf edir ki, boşanmaya bə’zi müstəsna hallarda yol verilir (Matta 19:9). Eyni zamanda əhəmiyyətsiz səbəblərə görə olan boşanmanı mühakimə edir (Malaki 2:14-16). Həmçinin ər-arvad sədaqətsizliyini də mühakimə edir (İbranilərə 13:4). Orada deyilir ki, nikah özünə məs’uliyyət daxil edir: “Bunun üçün insan anasını və atasını buraxacaq və arvadına yapışacaqdır və bir bədən olacaqlar”a (Təkvin 2:24; Matta 19:5, 6).
Müqəddəs Kitabın nikah haqqındakı məsləhəti, onun yazıldığı dövrdə olduğu kimi, bu gün də faydalıdır. Ər-arvad bir-birlərinə məhəbbət və hörmətlə yanaşdıqda, nikahı xüsusi münasibət olaraq qəbul etdikdə, çox güman ki, nikahları və ailələri mühafizə olunar.
Valideynlər üçün praktiki rəhbərlik
Bir neçə onilliklər bundan əvvəl, valideynlərin çoxu uşaqların tərbiyəsi məsələsində “qabaqcıl ideyalarla” təhrik olunaraq hesab edirdilər ki, “qadağan etmək qadağandır”8. Onlar qorxurdular ki, əgər uşaqlara məhdudiyyət qoysalar, bu, uşaqlara xəsarət yetirər və öz qüvvələrinə olan əminliklərini sarsıda bilər. Uşaqları tərbiyə etmək sahəsində məsləhətçi işləyənlər ən yaxşı niyyətlərdən irəli gələrək israr edirdilər ki, valideynlər övladlarını yüngül islah edərək sərt davranmaqdan qaçınsınlar. Ancaq bu mütəxəssislərin çoxu cəzalandırmağa olan münasibətlərini indi dəyişirlər, təlaş içində olan valideynlər isə bu məsələyə dair izahatlar axtarırlar.
Lakin Müqəddəs Kitab uşaqların tərbiyəsi məsələsində lap başlanğıcdan aydın, müdrik məsləhət təklif edir. Təxminən 2 000 il əvvəl orada deyilmişdi: “Ey atalar, siz də uşaqlarınızı qəzəbləndirməyin, ancaq onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün” (Efeslilərə 6:4). “Tərbiyə” kimi tərcümə edilən yunan ismi, “böyütmək, tə’lim, nəsihət” mə’nasını verir9. Müqəddəs Kitabda deyilir ki, bu cür “tərbiyə və ya nəsihət” — valideyn məhəbbətinə sübutdur (Süleymanın məsəlləri 13:24). Uşaqlara əxlaqla əlaqədar dəqiq rəhbərlik və xeyirlə şərə dair aydın təsəvvür verilirsə, onlar xoşbəxt böyüyürlər. Tərbiyə göstərir ki, valideynlər övladları ilə və onların necə insan olacaqları ilə maraqlanırlar.
Ancaq valideynlər “kötəklə tənbeh” etmək səlahiyyətlərindən heç vaxt sui-istifadə etməməlidirlərb (Süleymanın məsəlləri 22:15, MKŞ; 29:15). Müqəddəs Kitab valideynləri çəkindirir: “Övladlarınızı hirsləndirməyin ki, onlar mə’yus olmasınlar” (Koloslulara 3:21). Həmçinin o e’tiraf edir ki, fiziki cəza ən effektli tə’lim üsulu deyil. Süleymanın məsəlləri 17:10 ayəsində deyilir: “Anlayışlı adama bir məzəmmət, ağılsıza yüz vuruşdan ziyadə batar”. Bundan əlavə, Müqəddəs Kitab pis nəticələrdən qaçınmaq üçün uşaqları cəzalandırmağı məsləhət görür. Təsniyə 11:19 ayəsində valideynlər uşaqlarına əxlaqi dəyərləri aşılamaq üçün əlverişli imkanlardan mümkün qədər yaxşı istifadə etməyə təşviq olunurlar. (Təsniyə 6:6, 7 ayələrinə də baxın.)
Müqəddəs Kitabın valideynlərə verdiyi dəyişməz məsləhəti aydındır — uşaqları məhəbbətlə tərbiyə etmək və bu işdə ardıcıl olmaq gərəkdir. Həyat təcrübəsi göstərir ki, bu cür məsləhət həqiqətən də effektlidirc.
İnsanları ayıran maneələri dəf etmək
Bu gün irqi, milli və etnik maneələr insanları ayırır. Bu kimi sün’i divarlar, bütün dünyada baş verən müharibələrdə günahsız insanların kütləvi qırğınına səbəb olmuşdur. Tarixə nəzər yetirsək, müxtəlif irqlərə və xalqlara mənsub olan kişi və qadınların bir-birlərini bərabər sayacaqları və bir-birlərinə müvafiq tərzdə davranacaqlarına ümid, doğrudan da çox azdır. Afrikanın bir dövlət xadiminin sözlərinə görə, “problemin həlli ürəyimizdədir”11. Lakin insanların ürəyini dəyişmək asan deyil. Bununla belə, gəlin, Müqəddəs Kitabın mə’lumatının ürəklərə necə xitab etdiyini və insanlar arasında bərabərlik münasibətinə təşviq etdiyini nəzərdən keçirək.
Müqəddəs Kitabın, Allahın “bütün xalqlardan olan insanları bir qandan” yaratması haqqında tə’limi, irqi üstünlük barədə hər bir fikri aradan qaldırır (Həvarilərin işləri 17:26). Bu göstərir ki, əslində yalnız bir irq — insan irqi mövcuddur. Daha sonra Müqəddəs Kitab deyir ki, “[Allah] insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur”. Eyni zamanda Müqəddəs Kitab bizi “Allahı təqlid” etməyə təşviq edir (Efeslilərə 5:1; Həvarilərin işləri 10:34, 35). Bu biliklər, Müqəddəs Kitabı ciddi qəbul edən və həqiqətən də onun tə’limlərinə əsasən yaşamağa can atan kəsləri birləşdirir. O, insan tərəfindən yaradılmış parçalayıcı maneələri aradan qaldıraraq ürəyin dərinliklərinə işləyir. Bir nümunəni nəzərdən keçirək.
Hitler bütün Avropa üzrə müharibə aparan zaman, bir məsihçi qrupu — Yehovanın Şahidləri — günahsız insanların kütləvi qırğınında iştirak etməkdən qəti surətdə imtina etdi. Yehovanın Şahidləri başqa insanlara “qılınc” qaldırmırdılar. Onlar Allahı razı salmaq istədikləri üçün bu cür mövqe tuturdular (İşaya 2:3, 4; Mika 4:3, 5). Onlar, heç bir millətin və ya irqin digərindən üstün olmadığına dair Müqəddəs Kitabda yazılan sözlərə həqiqətən də inanırdılar (Qalatiyalılara 3:28). Yehovanın Şahidləri sülhsevər olduqları üçün, həbs düşərgəsinə salınan ilk dustaqlar arasında idilər (Romalılara 12:18).
Amma Müqəddəs Kitaba inandıqlarını iddia edənlərin hamısı bu cür mövqe tutmurdu. İkinci Dünya müharibəsindən bir az sonra alman protestant keşişi Martin Nimöller yazmışdı: “[Müharibələrin] aparılmasında Allahı günahlandırmaq istəyən hər bir kəs Müqəddəs Kitabı ya bilmir, ya da bilmək istəmir. [...] Xristian kilsələri bütün əsrlərdə müharibələrə, qoşunlara və silahlara xeyir-dua verməyə həmişə razı olmuş və düşmənlərinin məhv olması üçün xristianlığa zidd tərzdə dua etmişlər. Bütün bunlar bizim və ulu babalarımızın günahıdır, əsla Allahın günahı deyil. Və bu günün xristianları olan bizlər, hərbi xidmətdə iştirak etmədikləri və insanlara atəş açmaqdan imtina etdikləri üçün yüzlərlə və minlərlə həbs düşərgələrinə və [hətta] ölümə belə gedən, təriqət adlandırılan Müqəddəs Kitabın sə’yli Tədqiqatçılarının Yehovanın Şahidlərinin] önündə xəcalət çəkirik”12.
Bu günə qədər Yehovanın Şahidləri ərəbləri və yəhudiləri, xorvatları və serbləri, xutu və tutsiləri birləşdirən qardaşlıq kimi yaxşı tanınırlar. Lakin Yehovanın Şahidləri məmnuniyyətlə e’tiraf edirlər ki, bu cür birlik onların hamıdan yaxşı olduqları üçün deyil, Müqəddəs Kitab xəbərinin gücü sayəsində mümkün olmuşdur (1 Saloniklilərə 2:13).
Yaxşı psixi sağlamlığa kömək edən praktiki rəhbərlik
İnsanın fiziki sağlamlığına çox vaxt onun psixi və emosional sağlamlığı tə’sir göstərir. Məsələn, elmi tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qəzəb zərərli tə’sir göstərir. Dyuk Universitetinin Tibb Mərkəzində davranış araşdırmasının rəhbəri dr. Redford Uilyamz və onun həyat yoldaşı Vircinya Uilyamz “Qəzəb öldürür” adlı kitablarında deyirlər: “Mövcud olan dəlillərin çoxu təsdiq edir ki, qəzəbli insanlarda (digər xəstəliklərlə yanaşı) ürək-damar sistemi xəstəlikləri riski müxtəlif səbəblərdən yüksəkdir; bunların arasında dostlarının azalması, qəzəblənən zaman yüksək bioloji reaktivlik və sağlamlıq üçün həddindən artıq zərərli vərdişlərə yol vermək kimi səbəblər də var”13.
Bu kimi elmi tədqiqatlardan min illər öncə Müqəddəs Kitab sadə, lakin aydın sözlərlə emosional vəziyyətimizlə fiziki sağlamlığımız arasındakı bağlılığı göstərmişdir: “Ürəyin rahatlığı cana həyat verər, paxıllıqsa sümükləri çürüdər” (Süleymanın məsəlləri 14:30, MKŞ; 17:22). Müqəddəs Kitab hikmətli məsləhət vermişdir: “Hiddətdən çəkin, qəzəbi burax” və “darılmaqda ruhun tez olmasın”(Məzmur 37:8; Vaiz 7:9).
Müqəddəs Kitab qəzəbi cilovlamağa dair də müdrik məsləhət verir. Məsələn, Süleymanın məsəlləri 19:11 (MKŞ) ayəsində deyilir: “İnsanın ağlı hiddətə əngəl olar, asiliyə baxmamaq onu şərəfə çatdırar”. “Ağıl” kimi tərcümə olunan ibrani sözü, diqqəti nəyinsə “səbəbini bilməyə” cəlb edən fe’ldən əmələ gəlmişdir14. Müdrik bir məsləhət belə səslənir: “Bir işi görməzdən öncə düşün”. Başqalarının sözlərinin və davranışlarının arxasında duran səbəbləri başa düşmək cəhdi, insana daha çox səbir göstərməyə və qəzəbini cilovlamağa kömək edə bilər (Süleymanın məsəlləri 14:29).
Digər praktiki məsləhət Koloslulara 3:13 ayəsində yerləşir. Orada deyilir: “Bir-birinizə təhəmmül edin və... bir-birinizi bağışlayın”. Həyatda həmişə bizi nə isə qəzəbləndirir. “Bir-birinizə təhəmmül edin” ifadəsi, başqalarında xoşumuza gəlməyən şeylərə səbir etməyi nəzərdə tutur. “Bağışlamaq”, inciklik hissinin inkişaf etməsinə imkan verməmək mə’nasını daşıyır. Bə’zən acı duyğular bəsləməkdənsə, onlardan azad olmaq daha müdrik davranışdır; ədavət bəsləmək bizim üçün daha da ağır olacaqdır. (“İnsanlarla qarşılıqlı münasibətlərə dair praktiki rəhbərlik” adlı çərçivəyə baxın.)
Bu gün bizə hər tərəfdən məsləhət və rəhbərlik təklif olunur. Lakin Müqəddəs Kitab həqiqətən də nadirdir. Onun məsləhəti sadəcə nəzəriyyə deyil və heç zaman bizə zərər yetirməz. Əksinə, onun hikməti “çox e’tibarlıdır” (Məzmur 93:5, YD). Həmçinin, Müqəddəs Kitabın məsləhəti dəyişməzdir. Baxmayaraq ki, Müqəddəs Kitab təxminən 2 000 il bundan əvvəl yazılıb qurtarıb, onun sözləri hələ də tətbiq ediləndir. Bu sözlər, dərimizin rəngindən və yaşadığımız ölkədən asılı olmayaraq, hər birimiz üçün eyni tərzdə tətbiq ediləndir. Müqəddəs Kitabın sözləri, insanları yaxşılığa doğru dəyişdirmək qüvvəsinə də malikdir (İbranilərə 4:12). Buna görə də bu kitabı oxumaq və prinsiplərini həyata keçirmək həyatınızı yaxşılaşdıra bilər.
[Haşiyələr]
a Burada “yapışacaqdır” kimi tərcümə edilən ibrani sözü davak, “kimə isə sevgi ilə bağlanmaq və sədaqətli olmaq mə’nasını daşıyır”4. Matta 19:5 (YD) ayəsində “yapışmaq” kimi tərcümə olunan yunan sözü “yapışqanla yapışmaq”, “sementlənmək”, “möhkəm birləşmək” mə’nasını daşıyan sözə aid edilir5.
b Müqəddəs Kitabın yazıldığı dövrlərdə “kötək” (ibranicə şevet) sözü çobanın istifadə etdiyi “çomaq” və ya “əsa” mə’nasını verirdi10. Bu konteksdə kötək, yaxud valideyn səlahiyyəti qəddarlığı deyil, məhəbbət dolu rəhbərliyi nəzərdə tutur. (Məzmur 23:4 ayəsi ilə müqayisə edin.)
c Yehovanın Şahidləri tərəfindən nəşr olunan “Ailə xoşbəxtliyinin sirri” kitabında “Uşağı körpəlikdən tərbiyə edin”, “Yeniyetmənizin firavanlığına kömək edin”, “Evdə üsyankar varmı?”, “Ailənizi pis tə’sirlərdən qoruyun” adlı fəsillərə baxın.
[23-cü səhifədə olan çərçivə]
Möhkəm ailələrin səciyyəvi xüsusiyyətləri
Pedaqoq və ailə məsələləri üzrə mütəxəssis işləyən bir qadın bir neçə il bundan əvvəl geniş araşdırma aparmışdır. Araşdırma zamanı ailə məsələlərində məsləhətçi işləyən 500-dən artıq mütəxəssisdən xahiş edilmişdir ki, möhkəm ailələrdə qeyd etmək istədikləri səciyyəvi xüsusiyyətləri sadalasınlar. Maraqlıdır ki, sadalanan xüsusiyyətlər arasında Müqəddəs Kitabın çox illər öncə verdiyi məsləhətlər də vardı.
Yaxşı fikir mübadiləsi və mübahisəni yoluna qoymağın faydalı üsulu, siyahının başlanğıcında yer alır. Araşdırmanın müəllifi qeyd etmişdir ki, möhkəm ailələrin ümumi şüarı belədir: “Barışmadan yatmağa getmirik”. Hələ 1 900 il bundan qabaq Müqəddəs Kitab məsləhət edirdi: “Qəzəblənəndə günah işləməyin; qoy siz qəzəblənirkən günəş batmasın” (Efeslilərə 4:26). Müqəddəs Kitabın yazıldığı dövrlərdə günlər günbatandan günbatana hesab olunurdu. Buna görə də müasir mütəxəssislərin ailələri öyrənməyə başlamasından çox öncə, Müqəddəs Kitab müdrikliklə məsləhət edirdi: fikir ayrılıqlarını tez — bir gün bitib digəri başlamazdan əvvəl həll edin.
Həmin müəllif qeyd etdi ki, möhkəm ailələr “nə evdən çıxarkən, nə də yatmağa getməzdən öncə “mübahisə yaradacaq” mövzulara toxunmurlar. Söhbət zamanı “yerində” sözünü dəfələrlə eşidirdim”7. Belə ailələr, Müqəddəs Kitabda 2 700 il bundan əvvəl yazılmış məsəli qeyri-ixtiyari təqlid edirdilər: “Yerində söylənən söz; oyulmuş gümüşün içində qızıl almalar kimidir” (Süleymanın məsəlləri 15:23; 25:11). Bu müqayisədə Müqəddəs Kitabın yazıldığı dövrün qiymətli və gözəl avadanlıqları — oyulmuş gümüşü sinilər içində alma şəklində qızılı bəzəklər xatırlanır. Bu müqayisə, yerində söylənən sözlərin gözəlliyini və qiymətini ifadə edir. Gərgin vəziyyətdə, düzgün seçilmiş sözləri, o cümlədən vaxtında söylənən sözləri qiymətləndirməmək mümkün deyil (Süleymanın məsəlləri 10:19).
[26-cı səhifədə olan çərçivə]
İnsanlar arasındakı qarşılıqlı münasibətlərə dair praktiki rəhbərlik
“Titrəyin və suç etməyin; yataqlarınızda öz ürəyinizlə söyləşib susun” (Məzmur 4:4). Çox vaxt inciklik cüz’i olanda, sözlərimizdə diqqətli olaraq, emosiyaların qarşısını almaq müdriklik olardı.
“Adam var ki, qılınc saplanır kimi düşüncəsiz söylər; fəqət hikmətli adamların dili şəfadır” (Süleymanın məsəlləri 12:18). Bir söz söyləməzdən öncə düşünün. Düşünülmədən söylənən sözlər başqalarını yaralayar və dostluq münasibətlərini poza bilər.
“Həlim cavab hirsi yatırar, sərt söz qəzəbi alovlandırar” (Süleymanın məsəlləri 15:1, MKŞ). Həlimliklə cavab vermək üçün təmkinli olmaq lazımdır, yalnız bu cür davranış çox vaxt problemləri aradan qaldırır və sülh münasibətlərinin yaranmasına kömək edir.
“Bir davanın başlanğıcı adamın suları salması kimidir; bundan dolayı davaya atılmadan çəkişməni burax” (Süleymanın məsəlləri 17:14). Nə qədər ki, özünüzü ələ ala bilirsiniz, qəzəblənməyə səbəb olacaq vəziyyətlərdən qaçınmaq müdriklikdir.
“Darılmaqda ruhun tez olmasın, çünki darğınlıq ağılsızların bağrında bəslənir” (Vaiz 7:9). Hərəkətlər çox vaxt emosiyalardan irəli gəlir. Tez inciyən adam ağılsızdır, çünki onun davranışı ehtiyatsız sözlərə və hərəkətlərə gətirib çıxara bilər.
[24-cü səhifədə olan əlavə]
Müqəddəs Kitab ailə həyatına dair aydın, müdrik məsləhətlər verir.
[25-ci səhifədə olan şəkil]
Yehovanın Şahidləri həbs düşərgəsinə düşən ilk dustaqlar arasında idilər.