«Ruhən hərarətli olun»
«Səydə zəifləməyin; ruhən hərarətli olun; Rəbbə xidmət edin» (ROM. 12:11).
1. Nəyə görə israillilər heyvan qurbanları və başqa təqdimlər gətirirdilər?
YEHOVA Onu sevdiklərini və iradəsinə tabe olduqlarını göstərmək üçün xidmətçilərinin ürəkdən gətirdikləri qurbanları qiymətləndirir. Keçmişdə O, müxtəlif heyvan qurbanlarını və digər təqdimləri qəbul edirdi. Musanın Qanununa əsasən tələb olunan bu qurbanlar günahlarının bağışlanmasını və minnətdarlıqlarını bildirmək istəyən israillilər tərəfindən gətirilirdi. Bizim günlərdə Yehova məsihçi yığıncağından bu cür maddi qurbanlar tələb etmir. Lakin Romadakı məsihçilərə yazdığı məktubun 12-ci fəslində həvari Pavel göstərir ki, bizdən də qurbanlar gətirmək tələb olunur. Gəlin baxaq, bu hansı qurbanlardır.
Diri qurban
2. Bir məsihçi kimi, biz necə həyat sürürük və bu, özünə nəyi daxil edir?
2 Romalılara 12:1, 2 ayələrini oxu. Məktubun əvvəlində Pavel aydın göstərmişdi ki, istər yəhudilərdən, istərsə də qeyri-yəhudilərdən olan məsh olunmuş məsihçilər əməllərinə görə yox, Allaha göstərdikləri imana görə bəraət qazanırlar (Rom. 1:16; 3:20-24). 12-ci fəsildə isə o, məsihçilərin minnətdarlıqlarını fədakar həyat sürməklə təzahür etdirməli olduqlarını izah edir. Bunun üçün ağlımızı yeniləşdirməliyik. Miras aldığımız qeyri-kamillik ucbatından biz ‘günah və ölüm qanunu’ altındayıq (Rom. 8:2). Bu səbəbdən biz meyillərimizi kökündən dəyişməklə ‘ruhən və əqlən yeniləşməliyik’ (Efes. 4:23). Bu cür dəyişiklik yalnız Allah və Onun ruhunun köməyi sayəsində mümkündür. Amma bizdən də ciddi səy tələb olunur. Yəni biz əxlaqsız, ədəbsiz əyləncələrlə dolu olan və pozğun düşüncə tərzinin hökm sürdüyü bu dünyaya ‘uyğunlaşmamaq’ üçün əlimizdən gələni etməliyik (Efes. 2:1-3).
3. Bizi məsihçi fəaliyyətində iştirak etməyə təşviq edən nədir?
3 Pavel həmçinin bizi «Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etmək üçün» ağılla hərəkət etməyə təşviq edir. Biz nəyə görə Müqəddəs Kitabı hər gün oxuyub üzərində düşünür, dua edir, yığıncaq görüşlərində iştirak edir və xoş xəbəri təbliğ edirik? Sadəcə yığıncağımızın ağsaqqalları bizi buna təşviq etdiyi üçünmü? Düzdür, biz onların faydalı xatırlatmalarına görə çox minnətdarıq. Lakin bizim məsihçi fəaliyyətində iştirak etməyimizin əsas səbəbi Yehovanın müqəddəs ruhunun bizi Ona səmimi məhəbbət göstərməyə təşviq etməsidir. Bundan əlavə, biz şəxsən özümüz əmin olmuşuq ki, bu cür fəaliyyətdə iştirak etmək Allahın bizim üçün olan iradəsidir (Zək. 4:6; Efes. 5:10). Həqiqi məsihçi kimi yaşamaqla Allahı razı saldığımızı bilmək bizə böyük sevinc və məmnunluq gətirir.
Müxtəlif ənamlar
4, 5. Məsihçi ağsaqqallar öz ənamlarından necə istifadə etməlidirlər?
4 Romalılara 12:6-8, 11 ayələrini oxu. Pavel bizə ‘ilahi lütfə görə müxtəlif ruhani ənamların bəxş edildiyini’ yazır. Onun sadaladığı ənamlar arasında nəsihət vermək və rəislik etmək kimi ənamlar da var. Bunlar ələlxüsus «səylə» nəsihət verməyə çağırılan ağsaqqallara aiddir.
5 Pavel qeyd edir ki, nəzarətçilərin çalışqanlığı təlim vermələrindən və ‘xidməti’ icra etmələrindən açıq-aydın görünməlidir. Kontekstdən göründüyü kimi, Pavel «bir bədən»də, yəni yığıncaqda həyata keçirilən ‘xidmətə’ işarə edir (Rom. 12:4, 5). Həmin xidmət Həvarilərin işləri 6:4 ayəsində xatırlanan xidmətlə eynidir. Orada həvarilərin sözlərini oxuyuruq: «Biz... dua etmək və Allahın kəlamını yaymaq işinə davam edərik». Bu xidmət özünə nəyi daxil edir? Məsihçi ağsaqqallar ənamlarından yığıncaq üzvlərini möhkəmləndirmək üçün istifadə edirlər. Ağsaqqalların ‘xidmətdə’ fəal olmalarının göstəricisi Allahın Kəlamını dua edərək araşdırmaları, yığıncağa təlim və rəhbərlik vermələri, həmçinin təbliğçilərin ruhani rifahının qayğısına qalmalarıdır. Nəzarətçilər öz ənamlarından vicdanla istifadə edərək «nəşə ilə», yəni sevinclə sürünün qayğısına qalmalıdırlar (Rom. 12:7, 8; 1 Pet. 5:1-3).
6. Bu məqalənin əsas ayəsi olan Romalılara 12:11 ayəsində verilən məsləhətə necə riayət edə bilərik?
6 Sonra Pavel deyir: «Səydə zəifləməyin; ruhən hərarətli olun; Rəbbə xidmət edin». Əgər xidmətimizdə zəifliyə meyillilik aşkar etmişiksə, onda şəxsi öyrənməmizə yenidən nəzər salmalı, həmçinin Yehovadan təkidlə və tez-tez müqəddəs ruh diləməliyik. Allahın qüvvəsi bizə süstlüklə mübarizə aparmağa və yenidən şövqlə xidmət etməyə kömək edəcək (Luka 11:9, 13; Vəhy 2:4; 3:14, 15, 19). Müqəddəs ruh erkən məsihçiləri «Allahın möhtəşəm işləri barədə» danışmağa təşviq edirdi (Həv. iş. 2:4, 11). Eynilə, Allahın ruhu bizi də xidmətdə səyli, yəni ‘ruhən hərarətli’ olmağa təşviq edəcək.
Təvazökarlıq
7. Nəyə görə təvazökarlıqla xidmət etməliyik?
7 Romalılara 12:3, 16 ayələrini oxua. Malik olduğumuz ənamları yalnız Yehovanın «lütf»ü sayəsində almışıq. Başqa yerdə Pavel deyir: «Bizim qabiliyyətimiz Allahdandır» (2 Kor. 3:5). Buna görə də izzəti özümüzə götürməməliyik. Biz xidmətdə qazandığımız uğurlara şəxsi bacarığımız sayəsində yox, Allahın xeyir-duası sayəsində nail olduğumuzu təvazökarlıqla etiraf etməliyik (1 Kor. 3:6, 7). Buna uyğun olaraq Pavel deyir: «Özünüz haqqında lazımından artıq düşünməyin». Özünəhörmət hissi və Yehovaya xidmətdən sevinc və məmnunluq duymaq çox vacibdir. Lakin təvazökar olmaq, yəni öz məhdudiyyətlərimizi dərk etmək bizi həddən artıq özümüzdən razı olmaqdan çəkindirəcək. Biz ‘sağlam düşüncəmizi qorumağa’ çalışmalıyıq.
8. Öz gözümüzdə «aqil» olmaqdan necə çəkinə bilərik?
8 Əldə etdiyimiz nailiyyətlərə görə lovğalanmaq səfehlik olardı. Çünki «böyüdən Allahdır» (1 Kor. 3:7). Pavel qeyd edir ki, Allah yığıncağın hər bir üzvünə müəyyən qədər iman verib. Özümüzü kimdənsə üstün hesab etmək əvəzinə, başqalarının gördüyü işlərin imanlarının qədərinə görə olduğunu etiraf etməliyik. Pavel sonra deyir: «Özünüz barədə necə düşünürsünüzsə, başqaları barədə də elə düşünün». Başqa məktubunda isə o deyir: «Rəqabət və ya şöhrətpərəstliklə heç bir şey etməyin, amma təvazökarlıqla bir-birinizi özünüzdən yuxarı sayın» (Filip. 2:3). Hər bir bacı-qardaşın müəyyən şeylərdə bizdən üstün olduğunu qəbul etmək üçün əsil təvazökarlıq və böyük səy tələb olunur. Təvazökarlıq bizi öz gözümüzdə «aqil» olmaqdan çəkindirəcək. Yığıncaqda xüsusi təyinatı olan bizlərdən bəziləri yığıncaqda diqqət mərkəzində olsaq da, hamımız çox vaxt görünməyən «sadə» işləri görməkdən də böyük sevinc duyuruq (1 Pet. 5:5).
Məsihçi birliyimiz
9. Nəyə görə Pavel ruhdan doğulan məsihçiləri bədən üzvləri ilə müqayisə edir?
9 Romalılara 12:4, 5, 9, 10 ayələrini oxu. Pavel Məsihin başçılığı altında xidmət edən məsh olunmuş məsihçiləri bir bədənin üzvləri ilə müqayisə edir (Kolos. 1:18). O, ruhdan doğulan məsihçilərə xatırladır ki, bir bədəndə çoxlu üzvlər olduğu halda hamısı eyni işi icra etmədiyi kimi, ‘onlar da çox olub Məsihdə tək bir bədəni təşkil edirlər’. Eynilə, Pavel Efesdəki məsh olunmuş məsihçiləri səsləyir: «Bədənin Başı olan Məsihə doğru hər cəhətdən boy ataq. Məsihdən asılı olaraq bütün bədən, hər bir buğumun yardımı ilə həmahəng olub, təşkil olunur və hər üzvün düzgün işləməsinə görə bədən qamətini artırır ki, məhəbbətlə inkişaf etsin» (Efes. 4:15, 16).
10. ‘Başqa qoyunlar’ hansı hakimiyyəti qəbul etməlidirlər?
10 ‘Başqa qoyunlar’ Məsihin bədəninin bir hissəsi olmasalar da, bu nümunədən onlar çox şey öyrənə bilərlər (Yəh. 10:16). Pavel izah edir ki, Yehova «hər şeyi Onun [Məsihin] ayaqları altına tabe etdirdi və bütün varlıqların üzərində baş olmaq üçün, Onu imanlılar cəmiyyətinə verdi» (Efes. 1:22). Bu gün başqa qoyunlar Yehovanın Oğluna tabe etdirdiyi ‘hər şeyin’ bir hissəsidir. Onlar həmçinin Məsihin «sadiq və ağıllı qul»a həvalə etdiyi ‘malikanəyə’ daxildirlər (Mat. 24:45-47). Buna görə, yer üzündə yaşamaq ümidi olan bu insanlar Məsihin onların Başı olduğunu qəbul etməli, sadiq və ağıllı qula, onun Rəhbərlik Şurasına və yığıncaqda nəzarətçi təyin olunan qardaşlara tabe olmalıdırlar (İbr. 13:7, 17). Bu, məsihçi birliyini möhkəmləndirir.
11. Birliyimiz nəyə əsaslanıb və Pavel daha hansı məsləhəti verir?
11 Belə birlik «kamil birliyin bağı olan» məhəbbətə əsaslanıb (Kolos. 3:14). Pavel romalılara məktubunun 12-ci fəslində vurğulayır ki, məhəbbətimiz «riyasız» olmalıdır və biz ‘qardaşlıq sevgisi ilə bir-birimizi şəfqətlə sevməliyik’. Bu, qarşılıqlı hörmət doğurur. Həvari deyir: «Bir-birinizi hörmətdə qabaqlayın». Əlbəttə, məhəbbəti sentimentallıqla, yəni həddən artıq həssaslıqla qarışdırmamalıyıq. Yığıncağın təmiz qalması üçün biz əlimizdən gələni etməliyik. Məhəbbətlə məsləhət verdikdən sonra Pavel əlavə edir: «Pislikdən ikrah edin, yaxşılığa sarılın».
Qonaqpərvərlik
12. Qədim Makedoniyadakı məsihçilərin qonaqpərvərliyindən nə öyrənə bilərik?
12 Romalılara 12:13 ayəsini oxu. Qardaşlara olan məhəbbətimiz bizi imkan daxilində onların ‘ehtiyaclarını rəf etməyə’ təşviq edəcək. Kasıb olsaq belə, malik olduğumuz şeyləri başqaları ilə bölüşə bilərik. Makedoniyalı məsihçilər haqqında Pavel yazırdı: «Böyük sıxıntılarla imtahan olunduqları halda, onlar bol-bol sevincə malikdirlər; və onların dərin yoxsulluğu səxavətlərindən ötrü həddindən artıq zənginliyə çevrilmişdir. Çünki onlar imkanları daxilində və, mən şahidəm, imkanları xaricində də könüllü davrandılar. Onlar artıq dərəcədə təkid edib, bizdən xahiş etdilər ki, hədiyyələrini götürək və [Yəhudeyada] müqəddəslərə xidmət etmək işində iştirak üçün onlara icazə verək» (2 Kor. 8:2-4). Makedoniyadakı məsihçilər, kasıb olmalarına baxmayaraq, çox səxavətli idilər. Onlar ehtiyac içində olan Yəhudeyadakı qardaşları ilə bölüşməyi özlərinə şərəf bilirdilər.
13. ‘Qonaqpərvər olmağa can atmaq’ nə deməkdir?
13 «Qonaqpərvər olmağa can atın» kimi tərcümə olunan yunan ifadəsi altında təşəbbüs göstərmək nəzərdə tutulur. Biz kimisə yeməyə dəvət etməklə qonaqpərvərlik göstərə bilərik. Məhəbbətdən irəli gələn qonaqpərvərlik, həqiqətən də, tərifə layiqdir. Lakin təşəbbüsü üzərimizə götürsək, görəcəyik ki, qonaqpərvərlik göstərmək üçün çoxlu imkanlar var. Maddi vəziyyətimiz və ya zəif səhhətimiz ucbatından başqalarını yeməyə dəvət edə bilmiriksə, onda kimisə bir fincan qəhvə və ya çay içməyə dəvət etməklə də qonaqpərvərlik göstərə bilərik.
14. a) Yunan dilindən tərcümə olunan «qonaqpərvərlik» sözü hansı iki sözün birləşməsindən əmələ gəlir? b) Əcnəbilərə necə qayğı göstərə bilərik?
14 Qonaqpərvərlik bizim başqalarına olan münasibətimizi əks etdirir. «Qonaqpərvərlik» kimi tərcümə olunan yunan sözü «məhəbbət» və «qərib» sözlərinin birləşməsindən əmələ gəlir. Tanımadığımız adamlara və ya əcnəbilərə münasibətimiz necədir? Yığıncağımızın ərazisində yaşayan əcnəbilərə xoş xəbəri təbliğ etmək üçün başqa dil öyrənməyimiz də qonaqpərvərlik göstərməyin üsullarından biridir. Əlbəttə, çoxlarımızın başqa dil öyrənmək imkanı yoxdur. Bununla belə, «Bütün xalqlardan olan insanlar üçün xoş xəbər» broşürasında Müqəddəs Kitab xəbərinin bir çox dillərdə çap olunması sayəsində əcnəbilərə kömək edə bilərik. Sən bu broşüranın köməyi ilə xidmətdə yaxşı nəticələr əldə edə bilmisən?
Başqalarının hisslərinə şərik olun
15. Romalılara 12:15 ayəsindəki məsləhətə dair İsa hansı nümunəni qoymuşdur?
15 Romalılara 12:15 ayəsini oxu. Pavelin bu ayədəki məsləhətini iki sözlə ifadə etmək olar: şəfqət göstərin. Biz başqalarının hisslərini başa düşməyi, hətta sevinc və kədərlərinə şərik olmağı öyrənməliyik. Əgər ruhən hərarətliyiksə, bu, özünü büruzə verəcək. Məsihin 70 şagirdi təbliğdən sevinclə qayıdıb, əldə etdikləri yaxşı nəticələr barədə danışanda İsa ‘ruhən sevindi’ (Luka 10:17-21). O, onların sevincinə şərik oldu. Dostu Lazar öləndə isə o, ağlayanlarla ağladı (Yəh. 11:32-35).
16. Biz şəfqət hissini necə göstərə bilərik və xüsusilə kimlər bunu etməlidir?
16 Biz şəfqət göstərməkdə İsanı təqlid etməliyik. Həmimanlımız sevinəndə biz də onunla sevinməliyik. Eyni zamanda, bacı-qardaşlarımızın ağrı-acılarına qarşı da həssas olmalıyıq. İztirab çəkən həmimanlılarımıza vaxt ayırıb diqqətlə qulaq asmaqla onların ağrılarını azalda bilərik. Bəzən eşitdiklərimiz ürəyimizə elə güclü təsir edə bilər ki, göz yaşlarımızı saxlaya bilməyib ağlayarıq (1 Pet. 1:22). Şəfqət göstərməyə dair Pavelin verdiyi məsləhətə xüsusilə ağsaqqallar riayət etməlidirlər.
17. Romalılara 12-ci fəsildə araşdırdığımız ayələrdən nə öyrəndik və növbəti məqalədə söhbət nədən gedəcək?
17 «Romalılara məktub»un 12-ci fəslində araşdırdığımız ayələrdə verilən məsləhətləri öz həyatımızda və bacı-qardaşlarla münasibətdə tətbiq edə bilərik. Növbəti məqalədə isə biz bu fəslin qalan ayələrini nəzərdən keçirəcəyik. Bu ayələrdə məsihçi olmayanlara, eləcə də bizi təqib edən və müqavimət göstərən insanlara necə yanaşmalı olduğumuz göstərilir.
[Haşiyə]
a Romalılara 12:3, 16 (YD): «Mənə bəxş edilən lütfə görə hər birinizə deyirəm: özünüz haqqında lazımından artıq düşünməyin; amma Allahın hər kəsə verdiyi imanın qədərinə görə, elə düşünün ki, sağlam düşüncənizi qoruyasınız. [...] Özünüz barədə necə düşünürsünüzsə, başqaları barədə da elə düşünün; gözünüz yüksəklərdə olmasın, sadə şeylər barədə düşünün. Öz gözünüzdə aqil olmayın».
Təkrar üçün suallar
• «Ruhən hərarətli» olduğumuz nədən görünməlidir?
• Nəyə görə Allaha təvazökarlıqla xidmət etməliyik?
• Həmimanlılarımıza qarşı necə şəfqət göstərə bilərik?
[4-cü səhifədəki şəkil]
Biz nə üçün məsihçi fəaliyyətində iştirak edirik?
[6-cı səhifədəki şəkil]
Əcnəbilərin Padşahlıq haqqında öyrənməsinə hər birimiz necə kömək edə bilərik?