FƏSİL 14
Siz kimin hakimiyyətini qəbul etməlisiniz?
“HAKİMİYYƏT” — bu, bir çoxlarının xoşlamadığı sözdür. Bunun səbəbi aydındır, çünki iş yerində, ailədə və hökumət dairələrində hakimiyyətdən çox vaxt sui-istifadə edilir. Müqəddəs Kitabda aydın şəkildə deyilir: “Bir adamın digər adam üzərində hakimiyyəti onun zərərinədir” (Vaiz 8:9). Bəli, çoxları başqalarının üzərində qəddarcasına və xudbinliklə hökmranlıq edir.
2 Lakin hakimiyyətin hər növü zərərli deyil. Misal üçün, demək olar ki, bizi öz orqanizmimiz idarə edir. Orqanizm bizə nəfəs almağı, yeməyi, içməyi və yatmağı “əmr edir”. Məgər bu cansıxıcıdırmı? Xeyr. Bu tələblərə tabe olmaqla, biz özümüzə yalnız xeyir gətirmiş oluruq. Biz təbii tələbatlarımıza düşünmədən tabe olsaq da, elə hakimiyyət növləri var ki, bizdən şüurlu tərzdə tabeçilik tələb edir. Bə’zi nümunələri nəzərdən keçirək.
ƏN ALİ HAKİMİYYƏT
3 Müqəddəs Kitabda Yehova dəfələrlə “Hökmdar Allah” adlanır. Hökmdar — ali hakimiyyətə malik olan şəxsdir. Yehovaya bu cür mövqe tutmaq hüququ verən nədir? Vəhy 4:11 ayəsində bu suala belə cavab verilir: “Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı”.
4 Yaradanımız kimi Yehovanın Öz hakimiyyətindən istədiyi kimi istifadə etməyə haqqı var. Xüsusilə də Allahın “qüdrətinin böyüklüyünü” nəzərə alsaq, bu bizi lərzəyə gətirə bilər. O, “Küll-İxtiyar Allah” adlanır. Bu ifadə ibrani mətnində hər şeyə qalib gələn qüvvə mə’nasını verir (İşaya 40:26; Yaradılış 17:1, MKŞ). Ancaq, Yehova Öz qüvvəsini göstərməklə bərabər, eyni zamanda xeyirxah olaraq qalır, çünki Onun başlıca xüsusiyyəti — məhəbbətdir (1 Yəhya 4:16).
5 Yehova tövbə etməyən günahkarları cəzalandıracağına dair xəbərdarlıq etməsinə baxmayaraq, Musa Yehovanı ilk öncə ‘Onu sevənlər və əmirlərini tutanlar üçün inayətini qoruyan, sadiq Allah’ kimi tanıyırdı (Təsniyə 7:9, 10). Yalnız təsəvvür edin! Kainatda ali hakimiyyətə sahib olan Şəxs bizi Ona xidmət etməyə məcbur etmir. Əksinə, bizi Ona cəlb edən Onun məhəbbətidir (Romalılara 2:4; 5:8). Yehovanın hakimiyyətinə tabe olmaq hətta xoşdur, çünki Onun qanunları bizə ancaq xeyir gətirir (Məzmur 19:7, 8).
6 Ulu valideynlərimiz Allahın hökmranlığını rədd etdilər. Onlar xeyirlə şərin nə olduğunu özləri qərara almaq istədilər (Yaradılış 3:4-6, MKŞ). Bunun nəticəsində, onlar Cənnət evlərindən qovuldular. Daha sonra Yehova insanların, qeyri-kamil olsa da, mütəşəkkil bir cəmiyyətdə yaşamaq imkanı verən hakimiyyət strukturları yaratmalarına yol verdi. Hakimiyyətin belə formalarından bə’ziləri hansılardır və Allahı razı salmaq üçün, biz onlara nə dərəcədə tabe olmalıyıq?
“ALİ HAKİMİYYƏTLƏR”
7 Həvari Pavel yazırdı: “Hər adam öz üzərində olan hakimlərə [“ali hakimiyyətlərə”, YD] tabe olsun; çünki Allah tərəfindən olmayan hakim [“hakimiyyətlər”, YD] yoxdur”. “Ali hakimiyyətlər” kimlərdir? Həvari Pavelin növbəti ayələrdə dediyi sözlər “ali hakimiyyətlərin” — dövlət hakimiyyətləri olduğunu göstərir (Romalılara 13:1-7; Titusa 3:1). İnsan hakimiyyətlərini Yehova yaratmayıb, ancaq onların mövcud olmasına yol verir. Buna görə də, Pavel yazmışdır: “Mövcud olan hakimlər [“hakimiyyətlər”, YD] də Allah tərəfindən tə’yin olunmuşdur”. Bu sözlər yer üzündə mövcud olan hakimiyyətlər barədə nə deyir? Onlar Allahın hakimiyyətindən sonra ikinci yerdə, yə’ni daha aşağı səviyyədə dururlar (Yəhya 19:10, 11). Bu səbəbdən, insan qanunları ilə Allahın qanunları arasında ziddiyyət yarananda, məsihçilər Müqəddəs Kitaba əsasən tərbiyə edilmiş vicdanı rəhbər tutmalıdırlar. “İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir” (Həvarilərin işləri 5:29).
8 Lakin çox vaxt dövlət hakimiyyətləri ‘bizim yaxşılığımız üçün Allaha xidmət edirlər’ (Romalılara 13:4). Hansı tərzdə? Ali hakimiyyətlərin təqdim etdiyi çoxsaylı xidmət növlərini nəzərdən keçirək, məsələn: poçt əlaqəsi, polis xidməti, yanğın mühafizə orqanları, sanitariya sistemi, həmçinin təhsil almaq imkanları. Pavel yazırdı: “Vergini də siz buna görə ödəyirsiniz; çünki hakimlər Allaha xidmət edirlər və daim məhz bu işlə məşğuldurlar” (Romalılara 13:6). Vergilərə, yaxud qanun tərəfindən tə’sis edilmiş digər vəzifələrə dair vicdanla davranmalıyıq (İbranilərə 13:18).
9 Düzdür, hərdən ali hakimiyyətlər öz səlahiyyətlərindən sui-istifadə edirlər. Bəs bu, bizi onlara tabe olmaq məs’uliyyətindən azad edirmi? Xeyr. Yehova onların səhv hərəkətlərini görür (Süleymanın məsəlləri 15:3). Onun insanların rəhbərliyinə səbir etməsi, rüşvətxorluğa göz yumduğunu göstərmir; O, bunu bizdən də gözləmir. Əslində Allah bir azdan “padşahlıqların hamısını parçalayacaq və məhv edəcək” və onları Özünün ədalətli hökuməti ilə əvəz edəcəkdir (Daniel 2:44). Amma hələlik ali hakimiyyətlər müəyyən qədər fayda gətirirlər.
10 Pavel izah edir: “Hakimə müqavimət göstərən Allahın qurduğuna qarşı durur” (Romalılara 13:2). Ali hakimiyyətlər — Allahın quruluşudur, bunun sayəsində heç olmasa müəyyən qədər də olsun nizam-intizama riayət olunur, əks təqdirdə xaos və anarxiya hökm sürərdi. Ali hakimiyyətlərə müqavimət göstərmək Müqəddəs Kitabın nöqteyi-nəzərincə nəinki düzgün deyil, hətta ağılsızlıqdır. Misal üçün, təsəvvür edin ki, sizə cərrahiyyə əməliyyatı edib, yaranıza tikiş vurublar. Tikiş sapları orqanizm üçün yad olsa da, onlar bir qədər vaxt müəyyən məqsədə xidmət edir. Əgər siz həmin tikişi vaxtından əvvəl söksəniz, özünüzə ziyan etmiş olarsınız. Bunun kimi, dövlət hakimiyyətləri də Allahın ilk niyyətinə daxil deyildi. Lakin hələlik Allahın Padşahlığı yer üzünü bütünlüklə idarə etmədiyi üçün, insan hakimiyyətləri hal-hazırda Allahın onlara verdiyi rolu yerinə yetirərək, cəmiyyəti dəstəkləyirlər. Buna görə də, ilk əvvəl Allahın qanunlarına və hakimiyyətinə üstünlük versək də, ali hakimiyyətlərə də tabe olmalıyıq.
AİLƏDƏKİ HAKİMİYYƏT
11 Ailə — insan cəmiyyətinin təməlidir. Orada ər və arvad mükafatlandırıcı dostluq ünsiyyəti əldə edə bilər, uşaqlar isə müdafiə olunar və yetkin həyata hazırlaşa bilərlər (Süleymanın məsəlləri 5:15-21; Efeslilərə 6:1-4). Bu cür gözəl quruluşu elə təşkil etmək lazımdır ki, ailənin üzvləri sülh və razılıq içində yaşasınlar. Yehova bu quruluşu 1 Korinflilərə 11:3 ayəsində yazılmış başçılıq prinsipinin köməyi ilə təşkil edir: “Hər ərin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır”.
12 Ər ailənin başıdır. Lakin onun da başı var, bu, İsa Məsihdir. Pavel yazırdı: “Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi” (Efeslilərə 5:25). Ər arvadı ilə, İsanın həmişə yığıncaqla davrandığı kimi davranırsa, Məsihə tabe olduğunu göstərir (1 Yəhya 2:6). İsaya böyük hakimiyyət verilib, lakin o, öz hakimiyyətindən son dərəcə yumşaqlıqla, məhəbbətlə və müdrikliklə istifadə edir (Matta 20:25-28). İsa yer üzündə olanda da öz mövqeyindən heç zaman sui-istifadə etmirdi. O, “həlim və qəlbdən təvazökar” idi və öz davamçılarını “qul” deyil, “dostlar” adlandırırdı. İsa, “Mən sizə rahatlıq verərəm” deyə söz verdi və sözünün üstündə durdu (Matta 11:28, 29; Yəhya 15:15).
13 İsanın nümunəsi ərləri öyrədir ki, Allahın onlara verdiyi məsihçi başçılığından qəddarcasına istifadə etməyə onların haqqı yoxdur. Əksinə, bu, insanı hörmət və fədakar məhəbbət göstərməyə təşviq edir. Bu, həyat yoldaşı ilə rəftarında həm fiziki, həm də şifahi kobudluğu istisna edir (Efeslilərə 4:29, 31, 32; 5:28, 29; Koloslulara 3:19). Əgər məsihçi ər öz həyat yoldaşı ilə pis davranırsa, etdiyi başqa yaxşı işlərin faydası yoxdur və onun dualarına maneçilik yarana bilər (1 Korinflilərə 13:1-3; 1 Peter 3:7).
14 Ər Məsihin nümunəsini təqlid etdikdə, qadına da Efeslilərə 5:22, 23 ayələrində yazılmış sözlərə müvafiq davranmaq asan olur: “Qadınlar! Rəbbə tabe olur kimi, ərlərinizə tabe olun. Çünki... Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi, ər də arvadın başıdır”. Ər Məsihə tabe olduğu kimi, qadın da ərinə tabe olmalıdır. Müqəddəs Kitab həm də aydın şəkildə göstərir ki, xeyirxah qadınlar Allaha məqbul müdriklikləri və əməksevərlikləri üçün şərəfə və tə’rifə layiqdirlər (Süleymanın məsəlləri 31:10-31).
15 Məsihçi qadının ərinə tabe olması nisbidir. Bu o deməkdir ki, əgər hansısa məsələdə ərə tabeçilik Allahın qanununu pozursa, onda insandan çox Allaha tabe olmaq gərəkdir. Lakin belə bir vəziyyətdə də qadının möhkəm mövqeyi “həlim və sakit ruh”la yumşalmalıdır. Aydın olmalıdır ki, qadın Allah haqqındakı biliyin sayəsində bir həyat yoldaşı kimi daha da yaxşılaşıb (1 Peter 3:1-4). Eyni şeyi, həyat yoldaşı iman etməyən məsihçi ər haqqında da demək olar. Müqəddəs Kitab prinsiplərini tətbiq etməsi onu daha yaxşı ər etməlidir.
16 Efeslilərə 6:1 ayəsində uşaqlara xüsusi diqqət yetirilir: “Ey uşaqlar, Rəbb yolunda valideynlərinizə itaət edin, çünki bu ədalətlidir”. Gənc məsihçilər, böyüyənə qədər valideynlərinə tabe olan İsanın nümunəsini təqlid edirlər. Bir itaətkar uşaq kimi, İsa “hikmətdə və boy-buxunda, Allah və insanlar qarşısında lütfdə tərəqqi edirdi” (Luka 2:51, 52).
17 Valideynlərin öz vəzifələrinə necə yanaşmalarından asılı olaraq, uşaqlar hakimiyyətə ya hörmət edəcək, ya da müqavimət göstərəcəklər (Süleymanın məsəlləri 22:6). Buna görə də, valideynlər özlərindən soruşa bilərlər: “Öz hüquqlarımdan məhəbbətlə, yoxsa sərtliklə istifadə edirəm? Həddindən artıqmı güzəştə gedirəm?” Allah qorxusuna malik olan valideynlərdən gözlənilir ki, onlar sevən, diqqətli, eyni zamanda da söhbət Allaha məqbul prinsiplərdən gedəndə möhkəm olsunlar. Pavel də elə bu haqda yazmışdır: “Ey atalar, siz də uşaqlarınızı qəzəbləndirməyin [hərfi mə’nada desək, “onları qəzəblənməyə təhrik etməyin”], ancaq onları Rəbbin tərbiyə və nəsihəti ilə böyüdün” (Efeslilərə 6:4; Koloslulara 3:21).
18 Valideynlər övladlarının itaətkar olub, onları sevindirmələrini istəyirlərsə, öz tərbiyə üsullarının üzərində düşünməlidirlər (Süleymanın məsəlləri 23:24, 25). Müqəddəs Kitabda tərbiyə haqqında söz edilərkən, başlıca olaraq, öyüd-nəsihət vermək nəzərdə tutulur (Süleymanın məsəlləri 4:1; 8:33). Bu, qəzəb və kobudluqla deyil, məhəbbət və mülayimliklə bağlıdır. Buna görə də, məsihçi valideynlər öz uşaqlarını tənbeh edərkən müdrikliklə davranmalı və özlərini ələ almağı bacarmalıdırlar (Süleymanın məsəlləri 1:7).
YIĞINCAQDAKI HAKİMİYYƏT
19 Yehova nizam-intizam Allahı olduğundan, Onun Öz xalqının e’tibarlı və yaxşı təşkil edilmiş rəhbərliyə malik olmasının qeydinə qalacağını düşünmək məntiqə uyğundur. Bəli, Allah, İsanı məsihçi yığıncağının Başı tə’yin etmişdir (1 Korinflilərə 14:33, 40; Efeslilərə 1:20-23). Allah, Məsihin görünməz surətdə rəhbərlik etdiyi bir quruluş tə’sis etmişdir. Bu quruluşun sayəsində, hər bir yığıncaqda tə’yin edilmiş ağsaqqallar sürünü könüllü şəkildə, sə’ylə və məhəbbətlə idarə edirlər (1 Peter 5:2, 3). Çox şeydə onlara yığıncaqda qiymətli xidməti yerinə yetirən xidməti köməkçilər əl tuturlar (Filipililərə 1:1).
20 Məsihçi ağsaqqalları haqqında Pavel yazırdı: “Öz rəislərinizə itaət edin, onlara tabe olun; çünki hesabat verəcək olanlar kimi, onlar hər zaman sizin canlarınızın qeydinə qalırlar. Onlara tabe olun ki, onlar bunu can çəkə-çəkə deyil, sevinclə etsinlər. Çünki əgər bunu can çəkə-çəkə etsələr, sizə fayda olmaz” (İbranilərə 13:17). Allah özünəməxsus müdrikliklə məsihçi nəzarətçilərinə yığıncağın ruhani tələbatlarının qeydinə qalmağı həvalə edib. Bu ağsaqqallar ruhanilər sinfini təşkil etmirlər. Müəllimimiz İsa Məsihin etdiyi kimi, onlar da həmimanlılarının ehtiyaclarının qayğısına qalan xidmətçilər və Allahın qullarıdırlar (Yəhya 10:14, 15). Biləndə ki, Müqəddəs Kitab nöqteyi-nəzərindən yararlı olan bu kişiləri bizim nailiyyət və ruhani inkişafımız maraqlandırır, onlarla əməkdaşlıq etməyə və onlara tabe olmağa təşviq olunuruq (1 Korinflilərə 16:16).
21 Bə’zən qoyunlar sürüdən ayrı düşə bilər, yaxud da zərərli dünyəvi tə’sirlər onlar üçün təhlükə yarada bilər. Baş Çobanın rəhbərliyi altında ağsaqqallar onlara e’tibar olunan kəslərin ehtiyaclarına diqqət yetirir və bu qoyunlara şəxsi maraq göstərməyə çalışırlar (1 Peter 5:4). Onlar yığıncağın üzvlərinə baş çəkir və onları ruhlandırırlar. İblisin Allahın xalqı arasında hökm sürən sülhü pozmağa can atdığını bilərək, ağsaqqallar yuxarıdan nazil olan müdrikliklə hər cür problemi həll edirlər (Yaqub 3:17, 18). Onlar bütün qüvvələri ilə birliyi və imanda eyni rə’yi qoruyub saxlamağa çalışırlar, İsa da məhz bu haqda dua etmişdir (Yəhya 17:20-22; 1 Korinflilərə 1:10).
22 Bəs əgər məsihçi hansısa səbəb üzündən əzab çəkir və ya etdiyi günaha görə ruhdan düşübsə, onda necə? Müqəddəs Kitabın təsəlli verən məsləhəti və ağsaqqalların ürəkdən etdikləri dualar həmin insana ruhani sağlamlığını bərpa etməyə kömək edə bilər (Yaqub 5:13-15). Müqəddəs ruhla tə’yin edilən bu kişilərin, günahlı yolla gedən və ya yığıncağın ruhani və əxlaqi təmizliyi üçün təhlükə yaradan kəslərə qarşı islahedici tədbirlər görməyə və ya kimisə məzəmmət etməyə də səlahiyyətləri var (Həvarilərin işləri 20:28; Titusa 1:9; 2:15). Yığıncağın təmizliyini qorumaq üçün, yəqin ki, ciddi günah haqqında xəbər vermək lazım gələcəkdir (Levililər 5:1). Əgər ciddi günah işlətmiş məsihçi Müqəddəs Kitaba əsaslanan islahedici tədbirləri və məzəmməti qəbul edib, həqiqətən də tövbə edirsə, ona kömək göstəriləcəkdir. İnadkar olan və Allahın qanununa zidd gedib tövbə etməyən kəslər isə hökmən ünsiyyətdən məhrum ediləcəklər (1 Korinflilərə 5:9-13).
23 Müqəddəs Kitabda qabaqcadan deyilmişdir ki, Padşah İsa Məsihin rəhbərliyi altında Allahın xalqına təsəlli vermək, onu müdafiə etmək və möhkəmləndirmək üçün ruhən yetkin kişilər tə’yin ediləcəkdir (İşaya 32:1, 2). Onlar təbliğçilər, çobanlar və müəllimlər kimi rəhbərliyi öz üzərlərinə götürməli, həmçinin ruhani inkişafa kömək etməlidirlər (Efeslilərə 4:11, 12, 16). Bə’zən məsihçi nəzarətçiləri həmimanlılarını məzəmmət edə, onlara xəbərdarlıq və məsləhət verə bilərlər, bununla belə ağsaqqalların Allahın Kəlamına əsaslanan sağlam tə’limi tətbiq etmələri hamıya həyata aparan yolda qalmağa kömək edir (Süleymanın məsəlləri 3:11, 12; 6:23; Titusa 2:1).
YEHOVANIN HAKİMİYYƏTƏ OLAN NÖQTEYİ-NƏZƏRİNİ QƏBUL EDİN
24 İlk kişi və qadın hakimiyyətə tabe olmaq məsələsində sınağa mə’ruz qaldılar. Təəccüblü deyil ki, eyni sınaqla biz də hər gün qarşılaşırıq. Şeytan İblis insanlar arasında üsyankarlıq ruhu yayır (Efeslilərə 2:2). Azadlıq yolu, tabeçilik yolundan daha şirnikdiricidir.
25 Lakin biz bu dünyanın üsyankar ruhunu rədd etməliyik. Belə davranmaqla biz görəcəyik ki, Allaha məqbul tabeçilik böyük mükafat gətirir. Məsələn, biz hakimiyyətə müqavimət göstərən insanların keçirdikləri narahatçılıq və ürək ağrısından uzaq olacaq, bir çox ailələr üçün adi hal olan çəkişmələri azaldacaq və məsihçilər arasında məhəbbət dolu, ürəkdən gələn ünsiyyətdən ləzzət alacağıq. Ən başlıcası isə Allaha məqbul tabeçiliyimiz ən ali hakimiyyət Sahibi olan Yehova ilə yaxşı münasibətlərə gətirib çıxaracaq.
BİLİYİNİZİ YOXLAYIN
• Yehova Öz hakimiyyətindən necə istifadə edir?
• “Ali hakimiyyətlər” kimlərdir və biz onlara necə tabe oluruq?
• Başçılıq prinsipi ailənin hər bir üzvünü nəyə təşviq edir?
• Məsihçi yığıncağında öz tabeçiliyimizi necə göstərə bilərik?
[Öyrənilmə üçün olan suallar]
1, 2. Hakimiyyətin hər növümü zərərlidir? İzah edin.
3. Nəyə görə Yehova haqlı olaraq “Hökmdar Allah” adlanır?
4. Yehova Öz hakimiyyətini necə həyata keçirir?
5. Yehovanın hakimiyyətinə tabe olmaq nəyə görə çətin deyil?
6. Hakimiyyət məsələsi Eden bağında necə qaldırıldı və bu nəyə gətirib çıxardı?
7. “Ali hakimiyyətlər” kimlərdir və Allahın hakimiyyətinə nisbətdə onlar hansı yeri tuturlar?
8. Ali hakimiyyətlər bizə hansı faydanı gətirir və onlara öz tabeçiliyimizi necə göstərə bilərik?
9, 10. a) Allahın quruluşunda ali hakimiyyətlər hansı rolu oynayırlar? b) Ali hakimiyyətlərə müqavimət göstərmək nəyə görə düzgün olmazdı?
11. Başçılıq prinsipini siz necə izah edərdiniz?
12, 13. Ailənin başı kimdir və İsanın başçılıq nümunəsindən nə öyrənmək olar?
14, 15. Allah haqqındakı bilik ərinə tabe olmaqda qadına necə kömək edir?
16. İsa kiçik yaşlarında ikən, uşaqlara hansı nümunəni vermişdir?
17. Valideynlərin öz hüquqlarından istifadə etmə üsulları uşaqlara hansı tə’siri bağışlaya bilər?
18. Valideynlər uşaqlarını necə tərbiyə etməlidirlər?
19. Allah məsihçi yığıncağında yaxşı nizam-intizam olmasının qeydinə necə qalmışdır?
20. Nəyə görə biz tə’yin edilmiş məsihçi ağsaqqallarına tabe olmalıyıq və nəyə görə bu bizim üçün faydalıdır?
21. Tə’yin edilmiş ağsaqqallar məsihçilərə hansı ruhani köməyi göstərməyə can atırlar?
22. Kim isə günah işlətdikdə, ağsaqqallar hansı köməyi təqdim edirlər?
23. Yığıncağın rifahı naminə məsihçi ağsaqqalları nə edirlər?
24. Biz gündəlik olaraq hansı sınaqla qarşılaşırıq?
25. Bu dünyanın üsyankar ruhunu rədd etmək və Allahın istifadə etdiyi, yaxud mövcud olmalarına yol verdiyi hakimiyyətlərə tabe olmaq nəyə görə faydalıdır?
[134-cü səhifədəki çərçivə]
TƏXRİBATÇI DEYİL, İTAəTKARDIRLAR
Açıq təbliğ fəaliyyəti keçirməklə Yehovanın Şahidləri Allahın Padşahlığının əsl sülh və təhlükəsizlik arzu edən insanların yeganə ümid yeri olduğunu göstərirlər. Lakin Allahın Padşahlığının bu sə’yli təbliğçiləri heç zaman rəhbərliyi altında yaşadıqları hakimiyyəti nüfuzdan salmırlar. Əksinə, Şahidlər — ən hörmətcil və qanuna tabe olan vətəndaşdırlar. Afrika ölkələrindən birində dövlət mə’muru belə demişdir: “Əgər bütün dini qruplar Yehovanın Şahidləri kimi olsaydılar, bizdə qatillik, ev yarma, azyaşlı cinayətkarlar, dustaqlar, həmçinin atom bombaları olmazdı. İnsanlara daima qapılarını bağlamaq lazım gəlməzdi”.
Bunu qiymətləndirərək, hakimiyyət orqanları bir çox ölkələrdə Şahidlərə maneəsiz olaraq öz təbliğ xidmətlərini həyata keçirməyə icazə verirlər. Digər ölkələrdə isə hakimiyyət dairələri Yehovanın Şahidlərinin insanlara ancaq yaxşı olmağa kömək etdiklərini başa düşdükdə qadağa və məhdudiyyətlər aradan qaldırılmışdır. Həvari Pavelin hakimiyyətə itaətkarlıq haqda yazdığı kimi: “Yaxşı iş gör və o, səni tə’rifləyər” (Romalılara 13:1, 3).