Fəsil 17
Ailədə Allaha sədaqət göstərin
1. Allahın Kəlamındakı rəhbərliyə riayət etmək bir çox ailələrə necə təsir edib?
YEHOVA nikahın Banisidir və ailə üçün ən yaxşı rəhbərliyi Onun Kəlamında tapmaq olar. Bir çoxları bu rəhbərliyə riayət etməklə ailədə səadətə qovuşmuşlar. Tərifəlayiq haldır ki, kəbinsiz yaşayanlardan bəziləri öz nikahlarını qanuni şəkildə qeydiyyata salmışlar. Digərləri nikahdan kənar əlaqələrə son qoymuşlar. Həyat yoldaşı və uşaqları ilə kobud rəftar edən kişilər, ailə üzvləri ilə mehriban və mülayim dolanmağı öyrənmişlər.
2. Məsihçilər ailə həyatında nəyi nəzərə almalıdırlar?
2 Məsihçilər ailə həyatında bir sıra amilləri — nikahın ömürlük olmasını, ailədə öz məsuliyyətlərini necə yerinə yetirdiklərini və ailə üzvləri ilə necə davrandıqlarını nəzərə almalıdırlar (Efeslilərə 5:33–6:4). Amma Müqəddəs Kitabın ailə həyatı haqda nə dediyini bilmək bir şey, onun məsləhətinə riayət etmək isə tamam başqa şeydir. Bizlərdən heç kim Allahın əmrlərindən boyun qaçırdıqlarına görə İsanın ittiham etdiyi adamlara bənzəmək istəməzdi. O adamlar üzdə möminlik göstərməyin kifayət olduğunu düşünərək yanılırdılar (Matta 15:4-9). Biz yalnız üzdə Allaha sədaqətimizi göstərib evdə bu keyfiyyəti unutmaq istəmirik. Biz Allaha həqiqətən sədaqətli olduğumuzu göstərmək istəyirik. Bu doğrudan da «böyük qazancdır» (1 Timoteyə 5:4; 6:6; 2 Timoteyə 3:5).
Nikahın ömrü nə qədər olmalıdır?
3. a) Bir çox nikahlara nə üz verir, amma biz nəyə qətiyyətli olmalıyıq? b) Müqəddəs Kitab vasitəsilə abzasdakı suallara cavab verin.
3 Bütün dünyada nikah telləri getdikcə zəifləyir. Bəziləri uzun illər birgə yaşadıqdan sonra, başqa adamla ailə qurmaq üçün həyat yoldaşından boşanırlar. Həmçinin, gənclər arasında ailə qurub tezliklə ayrılmaq artıq adi hala çevrilmişdir. Başqalarının necə hərəkət etdiklərinə baxmayaraq, biz Yehovaya məqbul tərzdə yaşamalıyıq. Ona görə də gəlin aşağıdakı sualların və ayələrin üzərində düşünərək Allahın Kəlamında nikahın ömrü haqqında nə deyildiyini araşdıraq.
Ailə quran kişi və qadın birlikdə nə qədər yaşamağa hazır olmalıdırlar? (Mark 10:6-9; Romalılara 7:2, 3).
Boşanıb başqası ilə evlənməyə Allahın izn verdiyi yeganə səbəb hansıdır? (Matta 5:31, 32; 19:3-9).
Yehova Allah Müqəddəs Kitaba görə əsası olmayan boşanma hallarına necə münasibət bəsləyir? (Malaki 2:13-16, KM).
Müqəddəs Kitab ailədəki problemləri həll etmək məqsədilə ərlə arvadın ayrı yaşamasına tərəfdardımı? (1 Korinflilərə 7:10-13).
Ərlə arvadın ayrı yaşamasına hansı hallarda haqq qazandırmaq olar? (Məzmur 11:5; Luka 4:8; 1 Timoteyə 5:8).
4. Nikahı möhkəm edən amillər hansılardır?
4 Bəzi nikahlar müvəffəqiyyətli və möhkəmdir. Bunun səbəbi nədədir? Vacib amillərdən biri odur ki, ailə qurmaq üçün kişi və qadın kifayət qədər yetkin olmalıdırlar. Həmçinin ailədə maraqların oxşarlığı və açıq ünsiyyət etmək bacarığı da vacibdir. Ən əsası odur ki, nikaha girən adamlar Yehovanı sevməli və problemlərin həllini Onun Kəlamında axtarmalıdırlar (Məzmur 119:97, 104; 2 Timoteyə 3:16, 17). Ailə həyatı arzu etdikləri kimi alınmasa, belələri istədikləri vaxt ayrı yaşayacaqlarını və ya boşanacaqlarını düşünməyəcəklər. Onlar həyat yoldaşlarının nöqsanlarını bəhanə gətirməklə öz vəzifələrindən boyun qaçırmayacaqlar. Əksinə, belə adamlar çətinliklərlə üzləşəndə onların öhdəsindən gəlməyə çalışacaqlar.
5. a) Yehovaya sədaqət ailədə hansı yeri tutmalıdır? b) Müqavimətlə üzləşəndə belə, Yehovanın normalarına sadiq qalmaq insana hansı xeyir-duaları gətirə bilər?
5 Şeytan iddia edir ki, biz dara düşəndə Yehovanın yollarını tərk edəcəyik (Əyyub 2:4, 5; Süleymanın məsəlləri 27:11). Hərçənd, Yehovanın Şahidlərinin əksəriyyəti həyat yoldaşlarının həqiqətə müqavimət göstərdiklərinə görə əziyyət çəksələr də, öz nikah əhdlərini pozmamışlar. Onlar Yehovaya və Onun əmrlərinə sadiq qalmışlar (Matta 5:37). Bəzilərinin dözümlülüyü illər ötdükdən sonra mükafatlanmışdır: həyat yoldaşları Yehovaya ibadətdə onlara qoşulmuşlar! (1 Peter 3:1, 2). Lakin bəzi məsihçilərin ər yaxud arvadları öz baxışlarını dəyişməmiş və ya həyat yoldaşları Yehovaya xidmət etdiklərinə görə onları atmışlar. Belə bacı-qardaşlarımız ailədə Allaha sədaqətli qaldıqları üçün xeyir-dua alacaqlarına əmindirlər (Məzmur 55:22; 145:16).
Ailədə hər kəsin öz rolu var
6. Nikahın uğurlu olması üçün hansı prinsipə hörmət göstərmək lazımdır?
6 Ərlə arvadın bir-birindən ayrılmaması nikahı öz-özlüyündə uğurlu etmir. Onların Yehovanın qoyduğu başçılıq prinsipinə hörmət göstərməsi çox vacibdir. Bu halda ailədə qayda-qanun yaranır, ailə üzvləri özlərini təhlükəsiz hiss edirlər. 1 Korinflilərə 11:3 ayəsində oxuyuruq: «Hər ərin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır».
7. Ailədə başçılıq necə icra olunmalıdır?
7 Ayənin əvvəlindəki fikrə diqqət yetirdin? Bəli, hər ərin Başı Məsihdir və ərlər Məsihə tabe olmalıdırlar. Bu o deməkdir ki, ər Məsihə xas keyfiyyətlərlə başçılıq etməlidir. Məsih Yehovaya tabedir, yığıncağı ürəkdən sevib onun qayğısına qalır (1 Timoteyə 3:15). Məsih hətta «onun uğrunda özünü fəda etdi». İsa təkəbbürlü və eqoist deyil, əksinə ‘həlim və qəlbdən təvazökardır’. Onun başçılığı altında olanlar ‘canlarına rahatlıq tapırlar’. Ər ailəsi ilə bu cür davrananda Məsihə tabe olduğunu göstərir. O zaman məsihçi qadına əri ilə əməkdaşlıq etmək xoş olacaq, o, ərin başçılığına tabe olmağın faydasını görəcək (Efeslilərə 5:25-33; Matta 11:28, 29; Süleymanın məsəlləri 31:10, 28).
8. a) Nə üçün elə görünə bilər ki, bəzi ailələrdə məsihçi üsulları işə yaramır? b) Belə vəziyyətə düşəndə nə etmək lazımdır?
8 Problemlər hökmən baş qaldıracaq. Ola bilsin, ailə üzvlərindən kimdəsə başqalarının göstərişlərinə qulaq asmamaq vərdişi Müqəddəs Kitab prinsiplərini tətbiq etməkdən qabaq dərin kök salmışdır. Arabir elə görünə bilər ki, şirin dil və xoş rəftar işə yaramır. Müqəddəs Kitab deyir ki, biz «hiddət, qəzəb, çığırtı» və təhqiramiz sözləri özümüzdən uzaqlaşdırmalıyıq (Efeslilərə 4:31). Bəs ailə üzvlərindən kiməsə sanki başqa heç bir şey təsir etmirsə, onda necə? İsa ona hədə-qorxu gələnlərə və onu söyənlərə tay olmurdu, əksinə Atasına güvənirdi (1 Peter 2:22, 23). Buna görə də ailədə çətinlik yarananda bu dünyanın insanları kimi davranma, duada Yehovadan kömək dilə. Bu yolla Allaha sədaqətli olduğunu nümayiş etdirəcəksən (Süleymanın məsəlləri 3:5-7).
9. Yerli-yersiz irad tutmaq əvəzinə, bir çox ərlər hansı yaxşı yolu seçiblər?
9 Dəyişikliklər özünü tez büruzə vermir, amma Müqəddəs Kitab məsləhətinə səbirlə və səylə əməl etmək mütləq bəhrə gətirəcək. Bir çox ərlər qeyd edirlər ki, Məsihin yığıncaqla necə davrandığını dərk etdikdən sonra ailələrində ab-hava yaxşılaşıb. Yığıncaq kamil insanlardan ibarət deyil. Bununla belə, İsa yığıncağı çox sevir, ona yaxşı nümunə göstərir və Müqəddəs Yazıların vasitəsilə onun yaxşılaşmasına kömək edir. O, yığıncaq uğrunda özünü fəda etdi (1 Peter 2:21). İsanın nümunəsi bir çox məsihçi ərləri yaxşı ailə başçısı olmağa və ailə həyatlarının yaxşılaşması naminə məhəbbətlə çalışmağa təşviq edib. Bunun küsməkdən və yaxud yersiz iradlardan daha çox xeyri olur.
10. a) Hətta məsihçi ər və ya arvad belə, ailədə başqaları üçün necə çətinlik yarada bilərlər? b) Vəziyyəti düzəltməkdən ötrü nə etmək olar?
10 Bəs əgər ər ailəsinin emosional tələbatlarına barmaqarası baxır, Müqəddəs Kitabın ailəvi öyrənilməsi və digər tədbirləri təşkil etmək üçün təşəbbüs göstərmirsə, nə etməli? Yaxud arvad Allaha məqbul itaətkarlıq göstərməyib əri ilə əməkdaşlıq etməkdən boyun qaçırırsa, onda necə? Bəziləri ailədə yaranmış problemləri hörmətcil formada müzakirə etməklə yaxşı nəticələr əldə ediblər (Yaradılış 21:10-12; Süleymanın məsəlləri 15:22). Nəticə gözlədiyimiz kimi olmasa da, hər birimiz həyatımızda Allahın ruhunun səmərəsini yetişdirməklə və ailə üzvləri ilə mehribancasına rəftar etməklə ailədə ab-havanın yaxşılaşmasına təsir göstərə bilərik (Qalatiyalılara 5:22, 23). Uğur başqalarının addım atmasını gözləyəndə deyil, Allaha sədaqətimizi ailədə öz vəzifəmizi icra etməklə göstərəndə gələcək (Koloslulara 3:18-21).
Cavabı haradan tapmaq olar
11, 12. Ailələrin xoşbəxtliyi üçün Yehova Allah nə təqdim edir?
11 İnsanlar ailə məsələləri ilə bağlı məsləhət üçün müxtəlif mənbələrə müraciət edirlər. Lakin biz bilirik ki, ən yaxşı məsləhətləri Allahın Kəlamında tapmaq olar. Yehovaya minnətdarıq ki, O görünən təşkilatı vasitəsilə bizə bu məsləhətlərə əməl etməyi öyrədir. Sən bu köməkdən tam istifadə edirsən? (Məzmur 119:129, 130; Mikeya 4:2).
12 Yığıncaq görüşlərinə gəlməklə yanaşı, Müqəddəs Kitabın müntəzəm ailəvi öyrənilməsinə vaxt ayırırsan? Bu, ailənizi Yehovaya ibadətdə birləşdirəcək. Allahın Kəlamındakı məsləhətləri öz şəraitinizdə tətbiq edəndə ailəniz daha da möhkəmlənəcək (Qanunun təkrarı 11:18-21).
13. a) Ailə məsələləri ilə bağlı suallara cavabları haradan tapa bilərik? b) Qəbul etdiyimiz qərarlar nəyə şəhadət etməlidir?
13 Yəqin ki, ailə həyatı ilə bağlı sualların var. Məsələn, ailəni necə planlaşdırmalı? Aborta hansısa hallarda bəraət qazandırmaq olarmı? Ruhani şeylərə maraq göstərməyən uşaqdan ailə ilə birlikdə ibadətdə nə dərəcədə iştirak etməyi tələb etmək olar? Bu növ suallardan bir çoxu Yehovanın Şahidlərinin nəşrlərində müzakirə edilmişdir. Cavabları Müqəddəs Kitab nəşrlərinin və indeksin köməyi ilə tapmağı öyrən. İndeksdə istinad edilən nəşrlər səndə yoxdursa, Padşahlıq Zalındakı kitabxanaya bax. Bəlkə bu nəşrləri kompüter vasitəsilə oxumaq imkanın var. Suallarını həm də yığıncaqdakı yetkin bacı və qardaşlarla müzakirə edə bilərsən. Ancaq hər suala «olar» və ya «olmaz» cavabı gözləmə. Çox vaxt qərarı sən özün və ya ər-arvad kimi ikiniz bir yerdə verməlisiniz. Qoy qəbul etdiyiniz qərarlar göstərsin ki, siz yalnız üzdə deyil, ailədə də Allaha sədaqətlisiniz (Romalılara 14:19; Efeslilərə 5:10).
Təkrar üçün suallar
• Yehova Allaha və həyat yoldaşına qarşı sədaqət bir-biri ilə necə bağlıdır?
• Ailədə çətinliklərlə üzləşəndə Allaha məqbul tərzdə davranmağımıza nə kömək edəcək?
• Ailədə ab-havanın yaxşılaşması üçün başqaları bir şey etməyəndə belə, biz nə edə bilərik?
[155-ci səhifədəki şəkil]
Ər Məsihə xas keyfiyyətlərlə başçılıq etməlidir
[157-ci səhifədəki şəkil]
Müqəddəs Kitabın müntəzəm ailəvi öyrənilməsi ailəni birləşdirir