Rəbbin Xatirə gecəsi necə qeyd olunur?
RƏBBİN Xatirə Gecəsinin necə qeyd edilməli olduğuna aydınlıq gətirərək, məsihçi olan həvari Pavel yazır: “Mən sizə Rəbbin Özündən aldığımı çatdırdım və dedim ki, Rəbb İsa ələ verildiyi gecə çörək götürdü və şükür edib, onu parçaladı və dedi: “Alın, yeyin. Bu, Mənim sizin üçün qırılan bədənimdir; bunu Məni anmaq üçün edin”. Eləcə də, axşam yeməyindən sonra kasanı götürüb dedi: “Bu kasa Mənim qanımla gerçəklənən Əhdi-Cədiddir; bunu, içdiyiniz hər zaman, Məni anmaq üçün edin”. Çünki bu çörəyi yediyiniz və bu kasadan içdiyiniz hər zaman, siz Rəbbin ölümünü O gəlincəyədək e’lan etmiş olursunuz” (1 Korinflilərə 11:23-26).
Pavelin sözlərinə əsasən, Rəbbin Xatirə Gecəsini İsa özünün “ələ verildiyi gecə” tə’sis etmişdir. İsanı, romalıları Məsihi dirəyə çəkməyə təhrik edib yəhudi din rəhbərlərinin əlinə Yəhuda İskaryot verməli idi. İsa Xatirə Gecəsini b. e. 33-cü ilinin 31 mart cümə axşamının gecə yarısı tə’sis etdi. O, cümə günü aprelin 1-i günortadan sonra işgəncə dirəyində öldü. Yəhudi təqviminə əsasən gün bir günün axşamı başlayıb, digər günün axşamı sona çatdığı üçün hər iki hadisə — Rəbbin Xatirə Gecəsi və İsa Məsihin ölümü — bir gündə, b. e. 33-cü ilinin 14 nisanında baş verdi.
Çörək və şərabdan qəbul edənlərə tapşırılıb ki, onlar bunu, İsanı “anmaq üçün” etsinlər. Buna görə də, Rəbbin Xatirə Gecəsinə, həmçinin Məsihin ölümünün Xatirə Gecəsi də deyilir.
İsanın ölümünü nəyə görə qeyd etmək lazımdır?
Bu sualın cavabını, Məsihin ölümünün nə ilə bağlı olduğunu anladıqdan sonra bilmək olar. İsa öz ölümü ilə göstərdi ki, o, Yehovanın hökmranlığının sadiq tərəfdarıdır. Bununla o, sübut etdi ki, insanların Allaha yalnız mənfəət güdmək məqsədi ilə xidmət etdiklərinə dair Şeytanın irəli sürdüyü iddia yalandır (Eyub 2:1-5; Süleymanın məsəlləri 27:11). İsa kamil insan olduğu üçün, eyni zamanda öz ölümü ilə “bir çoxları üçün canını fidiyə olaraq” verdi (Matta 20:28). Adəm Allaha qarşı günah işlətdikdə, kamil insan həyatını və bu həyatın ona verəcəyi hər şeyi itirdi. Lakin “Allah dünyanı [bəşəriyyəti] elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun” (Yəhya 3:16). Həqiqətən də “günahın əvəzi ölüm, Allahın ən’amı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır” (Romalılara 6:23).
Beləliklə, İsa Məsihin ölümü iki ən böyük məhəbbətin təzahürü ilə əlaqəlidir: Yehova insanlara ən böyük məhəbbəti Öz Oğlunu qurban verməklə təzahür etdirdi, İsa isə öz insan həyatını hazırlıqla qurban verməklə insanlara fədakar məhəbbət göstərdi. İsanın ölümünün Xatirə Gecəsi ilə məhəbbətin bu iki təzahürü ucaldılır. Bu məhəbbət bizə qarşı təzahür olunduğu üçün, minnətdar olmalı deyilikmi? Biz öz minnətdarlığımızı, misal üçün, Rəbbin Xatirə Gecəsinə gəlməklə bildirə bilərik.
Çörəyin və şərabın mə’nası
İsa, Rəbbin Xatirə Gecəsini tə’sis edəndə, simvollar xüsusunda çörək və bir kasa şərabdan istifadə etmişdi. İsa çörəyi götürdü, “şükür edib, onu parçaladı və dedi: “...Bu, Mənim sizin üçün qırılan bədənimdir” (1 Korinflilərə 11:24). Sudan və maya qatılmamış undan hazırlanmış çörək çox kövrək olduğundan, paylamaq və yemək üçün onu parçalamaq lazım idi. Müqəddəs Yazılarda maya günahı təmsil edir (Matta 16:11, 12; 1 Korinflilərə 5:6, 7). İsa günahsız idi. Buna görə də onun kamil insan bədəni insanlar üçün müvafiq fidiyə olaraq xidmət edirdi (1 Yəhya 2:1, 2). Məsihin günahsız bədənini təmsil edən çörəyin mayasız olması necə də münasibdir!
İsa, həmçinin bir kasa təmiz qırmızı şəraba görə də minnətdarlığını bildirib dedi: “Bu kasa Mənim qanımla gerçəklənən Əhdi-Cədiddir” (1 Korinflilərə 11:25). Kasadakı qırmızı şərab İsanın qanını təmsil edir. B. e. ə. 1513-cü ildə qurban gətirilən buzov və keçilərin qanı Allahla İsrail xalqı arasındakı Qanun əhdinə qanuni qüvvə verdiyi kimi, eləcə də İsanın tökülən qanı sayəsində yeni əhd bərqərar edildi.
Simvollardan kimlər qəbul etməlidir?
Xatirə Gecəsində simvollardan kimlərin qəbul etmək hüququna malik olduqlarını müəyyən etmək üçün, yeni əhdin nədən ibarət olduğunu və bu əhddə hansı tərəflərin iştirak etdiyini başa düşmək lazımdır. Müqəddəs Kitabda deyilir: “Budur, Rəbb deyir, İsrail evi ilə və Yaqubun evi ilə yeni bir əhd kəsəcəyim günlər gəlir [...] Şəriətimi onların içlərinə qoyub, ürəkləri üzərinə onu yazacağam; və mən onlara Allah olacağam və onlar mənə xalq olacaqlar. [Mən onların]... fəsadlarını bağışlayacağam və artıq günahlarını anmayacağam” (Yeremya 31:31-34).
Yeni əhd Yehova Allahla xüsusi münasibətlərin olmasını mümkün qılır. Bu əhdin vasitəsilə müəyyən qrup insanlar Onun xalqı, O isə onların Allahı olur. Yehovanın qanunu onların daxilində, ürəyində yazılıb və hətta cismən sünnətli yəhudi olmayanlar belə yeni əhdə daxil olub, Allahla münasibət yarada bilərlər (Romalılara 2:29). Luka “Allahın qeyri-yəhudilərdən Öz adı naminə bir xalq təşkil etmək üçün” onlara diqqət yetirmək niyyəti haqqında deyir (Həvarilərin işləri 15:14). 1 Peter 2:10 ayəsinə əsasən onlar ‘xalq deyildilər, indi isə Allahın xalqıdırlar’. Müqəddəs Yazılarda onlar haqqında “Allahın İsraili”, yə’ni ruhani İsrail kimi danışılır (Qalatiyalılara 6:16; 2 Korinflilərə 1:21). Beləliklə, yeni əhd — Yehova Allahla ruhani İsrail arasındakı əhddir.
Axırıncı axşam öz şagirdləri ilə birlikdə olarkən, İsa da onlarla əhd bağladı. “Atam mənimlə padşahlıq haqqında əhd bağladığı kimi, mən də sizinlə əhd bağlayıram” (Luka 22:29, YD). Bu əhd — Padşahlıq əhdidir. Padşahlıq əhdinə qəbul edilən qeyri-kamil insanların sayı 144 000 nəfərdir. Onlar göylər həyatına dirildikdən sonra, padşah və kahinlər kimi Məsihlə birlikdə idarə edəcəklər (Vəhy 5:9, 10; 14:1-4). Beləliklə, Yehova Allahla yeni əhdə daxil olanlar, həmçinin İsa Məsihlə Padşahlıq əhdinə də daxil olurlar. Rəbbin Xatirə Gecəsində simvollardan qəbul etmək hüququna yalnız onlar malikdirlər.
Simvollardan qəbul etmək hüququ olanlar Allahla xüsusi münasibətlərə malik olduqlarını və Məsihin həmvarisləri olduqlarını nədən bilirlər? Pavel izah edir: “[Müqəddəs] Ruh bizdəki ruha [əhval-ruhiyyəyə] şəhadət edir ki, biz Allahın övladlarıyıq. Və əgər övladıyıqsa, deməli, eyni zamanda varislərik, Allahın varisləriyik; və əgər Məsihlə bərabər izzət qazanmaq üçün Onunla iztirab çəkiriksə, Məsihin həmvarisləriyik” (Romalılara 8:16, 17).
Allah Öz müqəddəs ruhu, yə’ni fəal qüvvəsi vasitəsilə Məsihin həmvarislərini məsh edir. Bu onlara əminlik verir ki, onlar Padşahlığın həmvarisləridirlər. Məsh edilmiş məsihçilərin göylər ümidi yaranır. Onlar Müqəddəs Kitabda göylər həyatı haqqında deyilən sözlərin hamısını özlərinə müraciət kimi qəbul edirlər. Bundan əlavə, onlar yer üzündəki həyatla bağlı olan hər şeyi, o cümlədən yer üzündəki həyatın özünü və başqa insanlarla olan bütün münasibətlərini də qurban verməyə hazırdırlar. Müqəddəs ruhla məsh edilmişlər yer üzündə qurulacaq Cənnətdəki həyatın çox gözəl olacağını dərk etsələr də, bu ümid onlar üçün deyil (Luka 23:43). Onlar yalan dini baxışlara deyil, Allahın ruhunun tə’sirinin nəticəsi olan möhkəm göylər ümidinə malikdirlər, buna görə də onlar haqlı olaraq Xatirə Gecəsində simvollardan qəbul edirlər.
Əgər kim isə yeni əhdə və Padşahlıq əhdinə daxil olub-olmadığına tam əmin deyilsə, bəs onda necə? Əgər onun Məsihin həmvarisi olmasına dair Allahın ruhunun şəhadətliyi çatmırsa, onda necə? Onda həmin adamın simvollardan qəbul etməsi düzgün olmazdı. Allah, sözsüz ki, özünü göylərdə padşah və kahin olmaq üçün də’vətli kimi göstərib, əslində isə bu cür də’vətə malik olmayan adamdan razı qalmazdı (Romalılara 9:16; Vəhy 22:5).
Xatirə Gecəsini neçə dəfə qeyd etmək lazımdır?
İsanın ölümünü hər həftə və ya hətta, ola bilsin, hər gün qeyd etmək lazımdırmı? Məsih Rəbbin Xatirə Gecəsini tə’sis etdi və israillilərin Misir köləliyindən azad olunmaları qeyd olunan Pasxa zamanı ədalətsizcəsinə öldürüldü. Yəhudi Pasxası yalnız ildə bir dəfə, 14 nisanda qeyd olunurdu (Çıxış 12:6, 14; Levililər 23:5). Buna görə də “bizim pasxa quzumuz” olan Məsihin ölümünü də hər həftə və ya hər gün deyil, yalnız ildə bir dəfə qeyd etmək lazımdır (1 Korinflilərə 5:7). Rəbbin Xatirə Gecəsini qeyd etməklə, məsihçilər İsanın tə’sis etdiyi qaydaya riayət edirlər.
Bəs onda Pavelin: “Bu çörəyi yediyiniz və bu kasadan içdiyiniz hər zaman, siz Rəbbin ölümünü O gəlincəyədək e’lan etmiş olursunuz” sözlərini necə başa düşmək olar? (1 Korinflilərə 11:26). Pavel deyirdi ki, məsh edilmiş məsihçilər simvollardan nə vaxt qəbul etsələr, o zaman İsanın fidiyə qurbanlığına olan imanlarını e’lan etmiş olacaqlar.
Məsh edilmiş məsihçilər Məsihin ölümünü “O gəlincəyədək”, yə’ni İsa özünün “iştirakı” (YD) zamanı gəlib öz məsh edilmiş davamçılarını dirilmə vasitəsilə göylərə, ruhani həyata qəbul edincəyədək qeyd etməlidirlər (1 Saloniklilərə 4:14-17). Bu, Məsihin öz 11 sadiq həvarisinə müraciət etdiyi sözlərə müvafiqdir: “Əgər gedib yer hazırlasam, təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm ki, Mən haradayamsa, siz də orada olasınız” (Yəhya 14:3).
Xatirə Gecəsi sizin üçün nə əhəmiyyət kəsb edir?
İsanın qurbanlığının sizə fayda gətirməsi və sizin yer üzündə əbədi həyat almanız üçün, simvollardan mütləq qəbul etmək lazımdırmı? Yox. Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, Nuh, İbrahim, Sara, İshaq, Rebeka, Yusif, Musa və Davud kimi Allah qorxusuna malik olan insanlar yer üzündə yaşamaq üçün dirildikdən sonra, bu simvollardan qəbul edəcəklər. Lakin onlar və yer üzündə əbədi yaşamaq istəyən qalan insanlar Allaha və Məsihə, həmçinin Yehovanın təqdim etdiyi İsanın fidiyə qurbanlığına iman etməli olacaqlar (Yəhya 3:36; 14:1). Əbədi həyatı almaq üçün siz də bu cür iman təzahür etdirməlisiniz. Əgər siz Məsihin ölümünün xatirəsinə həsr olunmuş illik görüşdə iştirak etsəniz, bu, sizə həmin görkəmli qurbanlığı xatırladacaq və ola bilsin, bu qurbanlığa olan minnətdarlığınızı artıracaq.
Həvari Yəhya İsanın qurbanlığının vacibliyini belə sözlərlə qeyd etmişdir: “Bunları sizə [məsh edilmiş qardaşlara] ona görə yazıram ki, günah işlətməyəsiniz. Əgər biri günaha batsa belə, Atanın yanında Müdafiəçiyə, yə’ni adil olan İsa Məsihə malikik. O Özü günahlarımız və yalnız bizim deyil, bütün dünyanın günahları üçün əfv tə’min edən qurbandır” (1 Yəhya 2:1, 2). Məsh edilmişlər İsanın qurbanlığının günahların əfvini tə’min edən qurbanlıq olduğunu deyə bilərlər. Lakin bu, həmçinin bütün dünyanın günahları üçün verilən qurbandır, bu qurbanlığın sayəsində isə itaətkar bəşəriyyət əbədi həyatı almaq imkanına malikdir!
Siz 2004-cü il aprelin 4-də İsanın ölümünün Xatirə Gecəsində iştirak edəcəksinizmi? Bütün dünyada Yehovanın Şahidləri öz yığıncaqlarını keçirdikləri yerlərdə bu unudulmaz hadisəni qeyd edəcəklər. Əgər gəlsəniz, siz Müqəddəs Kitab əsasında söyləniləcək vacib mə’ruzədən böyük fayda əldə edəcəksiniz. Bu mə’ruzədən Yehovanın və İsa Məsihin bizim üçün nələr etdikləri barədə öyrənəcəksiniz. Siz, həmçinin Allaha və Məsihə dərindən minnətdar olan və İsanın fidiyə qurbanlığını yüksək qiymətləndirən insanlarla ünsiyyətdən ruhani fayda əldə edəcəksiniz. Tamamilə mümkündür ki, sizin burada iştirak etməyiniz sayəsində, Allahın əbədi həyata aparan mərhəmətini öz üzərinizdə hiss etmək arzunuz daha da güclənəcəkdir. Qoy səmavi Atamız Yehova Allahı sevindirən və Ona izzət gətirən bu səmimi görüşə gəlməkdə sizə heç nə mane olmasın!
[5-ci səhifədəki şəkil]
İsanın ölümü iki ən böyük məhəbbətin təzahürü ilə əlaqəlidir.
[6-cı səhifədəki şəkil]
Mayasız çörək və şərab İsanın günahsız bədəninin və tökülən qanının müvafiq simvollarıdır.