Məsihçi olmağınla fəxr et!
«Öyünən, Rəbb [Yehova] ilə öyünsün» (1 KORİNFLİLƏRƏ 1:31).
1. Bu gün bir çox insanlar öz dinlərinə necə münasibət bəsləyirlər?
«E’TİNASIZLIQ». Bu sözlə dini işlər üzrə bir şərhçi bir çox insanların öz dinlərinə olan münasibətini təsvir etmişdir. O deyir: «Bu gün dinə qarşı yeni bir münasibət nəzərə çarpmağa başlayıb insanlar öz dinlərinə e’tinasız yanaşaraq onun dərinliklərinə varmaq istəmirlər». Şərhçi bu e’tinasızlığı belə açıqlayır ki, bir çoxları «Allaha inandıqlarını desələr də... Onunla maraqlanmırlar».
2. a) İnsanların ruhani cəhətdən süst olmaları nə üçün təəccüb doğurmur? b) E’tinasızlıq məsihçilər üçün hansı təhlükəni yarada bilər?
2 Bu cür e’tinasızlıq Müqəddəs Kitabı öyrənənlərdə təəccüb doğurmur (Luka 18:8). Başqa cür ola da bilməzdi. Belə ki, yalan dinlər insanları uzun müddət azdırmış və mə’yus etmişdir (Vəhy 17:15, 16). Lakin bu qədər geniş yayılmış e’tinasızlıq ruhu məsihçilər üçün əsl təhlükə yarada bilər. Biz imanımıza qarşı laqeyd olmağa, habelə Müqədddəs Kitab həqiqətlərinə və Allaha xidmətə olan sə’yimizin azalmasına yol verməməliyik. İsa Laodikiyada yaşayan birinci əsr məsihçilərini ruhani süstlük haqqında xəbərdar edərək deyirdi: «Sən nə soyuqsan, nə də isti; kaş ki, sən, ya soyuq, ya da isti olaydın! ...Amma ilıqsan» (Vəhy 3:15-18).
Kimliyimizi unutmuruq
3. Məsihçilər nə ilə fəxr edə bilərlər?
3 Ruhani e’tinasızlıqla mübarizə aparmaq üçün məsihçilər kim olduqlarını aydın dərk etməli və başqalarından onları bu qədər fərqləndirən imanları ilə fəxr etməlidirlər. Müqəddəs Kitabda Yehovanın xidmətçiləri və Məsihin davamçıları olan bizlər haqqında danışılır. Biz ‘müjdəni’ sə’ylə yaydığımız üçün Yehovanın ‘şahidləri’ və ‘Allahın əməkdaşlarıyıq’ (Yeşaya 43:10; 1 Korinflilərə 3:9; Matta 24:14). Biz ‘bir-birimizi sevirik’ (Yəhya 13:34). Göründüyü kimi, məsihçilər dərketmə qabiliyyətlərini ‘xeyirlə şəri ayırd etmək üçün tərbiyə etmişlər’ (İbranilərə 5:14). Biz ‘kainatda ulduzlar kimi parlayırıq’ (Filipililərə 2:15). O cümlədən, «iman gətirməyənlər arasında müsbət» həyat sürməyə çalışırıq (1 Peter 2:12; 2 Peter 3:11, 14).
4. Yehovanın xidmətçisi kim olmadığını necə müəyyən edə bilər?
4 Yehovanın həqiqi xidmətçiləri kim olmadıqlarını da yaxşı bilirlər. Onların Rəhbəri İsa Məsih «dünyadan olmadığı kimi, onlar da dünyadan deyillər» (Yəhya 17:16). Onlar «zehinləri qaranlıqlaşmış... Allahın həyatına yad olmuş» millətlərdən ayrı dururlar (Efeslilərə 4:17, 18). Bu səbəbdən də İsanın davamçıları «Allaha qarşı hörmətsizliyi və dünyəvi ehtirasları rədd edib, bu dünyada təmkinli, saleh və Allah yoluna uyğun» ömür sürürlər (Titusa 2:12).
5. Yehova ilə ‘öyünmək’ nə deməkdir?
5 Kim olduğumuz və Kainatın Ali Hökmdarı ilə yaxın münasibətlərimiz üzərində düşünərkən Yehova ilə öyünməyə bilmərik (1 Korinflilərə 1:31). Bəs öyünmək nə deməkdir? Bir məsihçi kimi Yehovaya xidmət etməkdən fərəh hissi duyuruq. Biz aşağıdakı məsləhətə riayət edirik: «Öyünən onunla öyünsün ki, Mən Rəbbin [Yehovanın] dünyada məhəbbət, ədalət və salehlik yaratdığını dərk edir və Məni tanıyır» (Yeremya 9:24). Biz o mə’nada öyünürük ki, Allahı tanımaq üstünlüyünə malikik. Üstəlik Allah başqalarına kömək etmək üçün bizdən istifadə edir.
Qarşılaşdığımız çətinliklər
6. Nəyə görə məsihçi olduğumuzu daima yadda saxlamaq asan olmur?
6 E’tiraf etməliyik ki, kim olduğumuzu daima yadda saxlamaq həmişə asan olmur. Məsihçi ailəsində tərbiyə almış bir gənc oğlan ruhani cəhətdən zəiflədiyi vaxtları xatırlayaraq deyir: «Elə olurdu ki, nəyə görə Yehovanın Şahidi olduğumu başa düşə bilmirdim. Həqiqəti uşaqlıqdan bilirdim. Hərdən mənə elə gəlirdi ki, bu adi dinlərdən biridir». Başqaları isə yol vermişlər ki, şəxsiyyətləri əyləncə dünyasının, kütləvi informasiya vasitələrinin və Allahı nəzərə almayan müasir baxışların tə’siri altında formalaşsın (Efeslilərə 2:2, 3). Amma elə də ola bilər ki, məsihçilərdən kimsə özünə əminlik hissini itirib həyat məqsədləri və dəyərləri üzərində yenidən düşünməyə başlayır.
7. a) Allahın xidmətçiləri özlərini necə yoxlamalıdırlar? b) Təhlükə harada gizlənir?
7 Vaxtaşırı özümüzü diqqətlə yoxlamaq haqqında nə demək olar? Həvari Pavelin məsihçiləri nəyə təşviq etdiyini xatırlayaq: «Özünüzü yoxlayın, görün iman yolundasınızmı? Özünüzü imtahan edin» (2 Korinflilərə 13:5). Həvari demək istəyirdi ki, məsihçi ürəyində kök salmış ruhani zəiflikləri obyektiv surətdə aşkar edib, onları düzəltmək məqsədilə özünü imtahan etməlidir. İmanda olduğunu yoxlayan məsihçidən əməlləri və sözlərinin imanına uyğun gəlib-gəlmədiyini müəyyən etmək tələb olunur. Lakin özümüzü yoxlayarkən, kimliyimizi və suallarımıza cavabları Yehova və məsihçi yığıncağı ilə əlaqəsi olmayan yerlərdə axtarsaq, bu, yanlış forma ala bilər. Belə olduqda özünü yoxlama faydasız, hətta ruhani cəhətdən ölümcül ola biləra. Gəlin heç vaxt imanımızın ‘gəmi qəzasına’ uğramasına yol verməyək! (1 Timoteyə 1:19).
Çətinliklərdən müdafiə olunmamışıq
8, 9. a) Musa şəxsi qüvvəsinə əmin olmadığını necə bildirdi? b) Yehova Musanın şübhələrinə necə cavab verdi? c) Yehovanın kömək edəcəyi haqda və’dlərini oxuyarkən, siz hansı hissləri keçirirsiniz?
8 Əgər məsihçi vaxtaşırı özünə əminlik hissini itirirsə, o heç nəyə yaramadığını düşünməlidirmi? Əlbəttə ki, yox! Keçmişdə belə hissləri keçirən Allahın sadiq xidmətçilərinin nümunəsi ona təsəlli verə bilər. Məsələn, qeyri-adi imanı, sə’yi və sədaqəti ilə seçilən Musanı xatırlayaq. Ona icra olunması çətin görünən tapşırıq həvalə edilən zaman, o qorxa-qorxa: «Mən kiməm?» dedi (Çıxış 3:11). Görünür, Musa «Axı mən heç kiməm! Mən bunu bacarmaram!» demək istəyirdi. Musanın həyatını xatırlasaq, onun nəyə görə özünə bu qədər əmin olmadığını başa düşmək olar. O, köləlikdə olan xalqa mənsub idi. İsraillilər onu rədd etmişdi. O, səlis danışmağı bacarmırdı (Çıxış 1:13, 14; 2:11-14; 4:10). Bundan başqa, o, çoban idi. Bu isə misirlilərdə iyrənc peşə hesab olunurdu (Yaradılış 46:34). Buna görə də təəccüblü deyil ki, o özünü Allahın köləlikdə olan xalqının xilaskarı kimi təsəvvür edə bilmirdi!
9 Yehova Musanı ruhlandırmaq üçün onu möhkəmləndirəcək iki və’d verir: «Mən səninləyəm. Mənim səni göndərdiyimə əlamət bu olacaq: sən xalqı Misirdən çıxaranda bu dağda Mənə ibadət edəcəksiniz» (Çıxış 3:12). Allah qətiyyətsiz xidmətçisini onu tərk etməyəcəyinə əmin edir. Həmçinin xalqını mütləq azad edəcəyini də söyləyir. O, xalqına dəstək olacağına dair əsrlər boyu zəmanət verirdi. Allah Və’d edilmiş diyarın astanasında duran İsrail xalqına Musanın vasitəsilə dedi: «Cəsarətli və möhkəm olun... Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!» (Qanunun təkrarı 31:6). Yehova Yeşuanı da növbəti sözlərlə ruhlandırmışdır: «Bütün ömrün boyu heç kəs sənə qarşı çıxa bilməyəcək... səninlə... olacağam, səni atmayacağam və tərk etməyəcəyəm» (Yeşua 1:5). Allah məsihçilərə də və’d edir: «Səni heç buraxmayacağam və əsla tərk etməyəcəyəm» (İbranilərə 13:5). Bu cür güclü köməyə malik olaraq, məsihçi olduğumuzla fəxr etməliyik!
10, 11. Yehovaya xidmətin dəyərli olduğunu dərk etməkdə Levili Asafa nə kömək etdi?
10 Musadan təxminən beş əsr sonra yaşamış Asaf adlı sadiq Levilidə salehlik yolu ilə getməyin nə qədər dəyərli olduğuna dair şübhə yaranır. O, sınaqlara və imtahanlara tab gətirərək, Allaha xidmətdə böyük sə’y göstərirdi, lakin Allaha istehza edənlərin firavanlığının və çiçəkləndiyinin şahidi olurdu. Bu Asafa necə tə’sir edir? O deyir: «Mənim ayaqlarım az qala büdrəmişdi, addımlarım məni yıxmışdı. Pislərin firavanlığını görərkən bu məğrurlara həsəd aparırdım». O, Yehovaya xidmət etməyin nə dərəcədə dəyərli olduğuna şübhə etməyə başlayır: «Məgər mən boş yerə qəlbimi təmizləmişdim, günahsızlıq içində əllərimi yumuşdum? Həmişə əziyyətə düşürəm» (Məzmur 73:2, 3, 13, 14).
11 Asaf onu narahat edən bu hisslərin öhdəsindən necə gəlirdi? Onları inkarmı edirdi? Xeyr. O, 73-cü Məzmurda oxuduğumuz kimi, ürəyini Allaha açır. Allahın mə’bədinə gəlməsi Asaf üçün dönüş nöqtəsinə çevrilir. Orada olarkən Allaha xidmət etməyin ən yaxşı həyat yolu olduğunu dərk edir. Asaf yenidən ruhani müvazinəti əldə edərək, Yehovanın pisliyə nifrət etdiyini və vaxt gələndə bütün pis insanların öz cəzalarını alacağını başa düşür (Məzmur 73:17-19). O, Yehovanın xidmətçisi olmasının nə qədər şərəfli olduğunu aydın dərk etməyə başlayır və Allaha belə sözlərlə müraciət edir: «Daim Səninlə olmuşam, mənim sağ əlimdən tutmusan. Nəsihətinlə mənə yol göstərirsən, sonra məni şərəfə çatdıracaqsan» (Məzmur 73:23, 24). Asaf Allaha xidmət etdiyi üçün yenidən sevinc və fərəh duymağa başlayır (Məzmur 34:2).
Onlar kim olduqlarını unutmurdular
12, 13. Müqəddəs Kitabda xatırlanan insanlardan kimlər Allaha xidmət etdikləri ilə fəxr edirdilər?
12 Məsihçi olduğumuzu unutmamağın üsullarından biri — ən çətin şəraitlərdə belə Allahla olan münasibətlərini qiymətləndirən sadiq xidmətçilərin iman nümunələrini tədqiq etməkdir. Yaqubun oğlu Yusifi xatırlayaq. Yusif gənc ikən xəyanətə uğrayıb, kölə kimi Misirə satılır. O, Allahdan qorxan atasından, həmçinin mehriban və xoş üzlü doğma ailəsindən uzaqda qalmağa məcbur olur. Allahın müdrükliyinə əsaslanan məsləhətləri almaq üçün Yusif Misirdə heç kimə müraciət edə bilmir. Bundan başqa, orada əxlaq prinsiplərinin möhkəmliyini və Allaha e’tibarının dərinliyini sınayan mürəkkəb vəziyyətlərə düşür. Bununla belə o, Allahın xidmətçisi olduğunu unutmamaq və həmişə vicdanla hərəkət etmək üçün sə’ylə çalışır. Hətta ədavətli mühitdə belə, o, Yehovanın xidmətçisi olmağı ilə fəxr edir və öz e’tiqadı haqda danışmaqdan qorxmur (Yaradılış 39:7-10).
13 Səkkiz əsrdən sonra, əsir düşən və Suriya ordu başçısı Naamanın qulluqçusu olan balaca bir israilli qız da Yehovanın xidmətçisi olduğunu unutmurdu. Bu qız fürsət düşən kimi həqiqi Allah və Onun peyğəmbəri Elişa haqqında danışmaqdan qorxmadı (2 Padşahlar 5:1-19). Gənc Yoşiya padşah Allahdan üz döndərən kəslərin arasında yaşasa da, böyük dini dəyişikliklər edərək, Allahın mə’bədini tə’mir etdi və xalqı Yehovaya döndərdi. Yoşiya həqiqi Allaha iman etdiyi ilə fəxr edirdi (2 Salnamələr, 34, 35-ci fəsillər). Babildə olan Daniel və üç dostu Yehovanın xidmətçisi olduqlarını bir an belə unutmurdular, həmçinin təzyiqlərə və imtahanlara baxmayaraq, Allaha sədaqətlərini qoruyurdular. Sözsüz ki, onlar Yehovanın xidmətçiləri olduqları ilə fəxr edirdilər (Daniel 1:8-20).
Allaha xidmət etməyinlə fəxr et
14, 15. Biz Yehova ilə necə ‘öyünə’ bilərik?
14 Adlarını çəkdiyimiz Allahın xidmətçiləri müvəffəqiyyətə nail olurdular. Çünki onlar heç zaman kim olduqlarını unutmur və həmişə Allahla olan münasibətlərini yüksək qiymətləndirirdilər. Bəs bizim haqqımızda nə demək olar? Biz Yehova ilə necə ‘öyünə’ bilərik?
15 İlk növbədə biz Yehovanın adını daşıyan xalqa mənsub olduğumuz, həmçinin Onun xeyir-duasına və iltifatına malik olduğumuz üçün ürəkdən minnətdar olmalıyıq. Allah Ona məxsus olanları yaxşı tanıyır. Dini qarışıqlıq dövründə yaşamış həvari Pavel yazmışdı: «Rəbb [Yehova] Özününküləri tanıyır» (2 Timoteyə 2:19; Saylar 16:5). Yehova ‘özününkülərlə’ fəxr edir. O bəyan edir: ‘Sizə toxunan Mənim göz bəbəyimə toxunmuş olur’ (Zəkarya 2:8). Həqiqətən də, Yehova bizi sevir. Bizim də Allahla münasibətlərimiz Ona olan dərin məhəbbətə əsaslanmalıdır. Pavel qeyd edirdi: «Kim Allahı sevirsə, o adam Onun tərəfindən tanınır» (1 Korinflilərə 8:3).
16, 17. Nəyə görə həm gənc, həm də yaşlı məsihçilər ruhani mirasları ilə fəxr edə bilərlər?
16 Yehovanın Şahidləri kimi tərbiyə olunmuş gənc oğlan və qızlar, Allahla e’tibarlı münasibətlər inkişaf etdirərək bu yolda nə qədər möhkəm durduqlarını yoxlasalar, yaxşı olardı. Onlar sadəcə valideynlərinin imanına bel bağlamalı deyillər. Pavel Allahın hər bir xidmətçisinə dair belə yazırdı: «Öz ağası qarşısında durar və ya yıxılar». Beləliklə, həvarinin qeyd etdiyi kimi, «hər birimiz özü üçün Allaha hesabat verəcəkdir» (Romalılara 14:4, 12, İ–93). Sadəcə ailə ən’ənələrini passiv surətdə davam etdirən insan, Yehova ilə yaxın münasibətləri qoruyub saxlaya bilməz.
17 Tarix boyu Yehovanın şahidləri olmuşdur. Onlar 6 000 il əvvəl yaşamış sadiq Habildən başlayaraq günlərimizə qədər «böyük izdihamı» təşkil edən Şahidlərdən ibarətdirlər. Bu qrupa gələcəkdə əbədi yaşamaq ümidi olan bir çox insanlar qoşulmaqdadırlar (Vəhy 7:9; İbranilərə 11:4). Biz də bu sadiq xidmətçilərin sırasındayıq. Doğrudan da, zəngin ruhani mirasa malikik!
18. Dəyər və normalarımız bizi bu dünyadan necə fərqləndirir?
18 Bir məsihçi kimi bizə müəyyən dəyərlər, xüsusiyyətlər və normalar xasdır. Al-laha məqbul olan bu yeganə həyat tərzi Müqəddəs Kitabda «Yol» adlanır (Həvarilərin işləri 9:2; Efeslilərə 4:22-24). Məsihçilər ‘hər şeyi tədqiq etməli’ və ‘yaxşılığa bağlı olmalıdırlar’ (1 Saloniklilərə 5:21). Məsihçiliklə Allahdan uzaqlaşmış bu dünya arasındakı uçurumun nə qədər böyük olduğunu aydın surətdə dərk edirik. Yehova həqiqi ibadətlə saxta ibadət arasındakı fərqi kəskin şəkildə göstərir. Allah Öz xidmətçisi Malakinin vasitəsilə e’lan edir: «Siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz» (Malaki 3:18).
19. Məsihçilər heç vaxt nəyin qurbanı olmayacaqlar?
19 Yaşadığımız zəmanədə qarışıqlıq və qeyri-müəyyənlik hökm sürdüyü üçün, Yehova ilə ‘öyünməyimiz’ və məsihçi olduğumuzu həmişə yadda saxlamağımız çox vacibdir. Bu sahədə bizə nə kömək edə bilər? Növbəti məqalədə buna dair faydalı məsləhətləri müzakirə edəcəyik. Bir şeyə tam əmin ola bilərik: məsihçilər heç vaxt e’tinasızlığın qurbanı olmayacaqlar.
[Haşiyə]
a Burada söhbət yalnız ruhani axtarışlardan gedir. Ola bilər ki, məsələ ruhi pozğunluqla əlaqəli olsun, belə hallarda tibbi müalicə tələb olunur.
Xatırlayırsınızmı?
• Yehova ilə ‘öyünmək’ nə deməkdir?
• Biz Musa ilə Asafın nümunəsindən nə öyrəndik?
• Müqəddəs Kitabda xatırlanan insanlardan kimlər Allaha xidmət etdikləri ilə fəxr edirdilər?
• Biz hansı mə’nada Yehova ilə ‘öyünə’ bilərik?
[8-ci səhifədəki şəkil]
Musanın özünə əmin olmadığı vaxtlar olmuşdur.
[9-cu səhifədəki şəkillər]
Yehovanın keçmişdə yaşamış bir çox xidmətçiləri Allahla olan münasibətləri ilə fəxr edirdilər.