Şeytana qarşı durun və o qaçacaq!
«Allaha tabe olun, iblisə isə qarşı durun və o, sizdən qaçacaqdır» (YAQUB 4:7).
1, 2. a) «Yeşaya» kitabının 14-cü fəslindəki parçada İblisin hansı xüsusiyyəti əks etdirilib? b) Bu məqalədə hansı sualları müzakirə edəcəyik?
İBLİS təkəbbürün təcəssümüdür. Onun qüruru Yeşaya peyğəmbərin sözlərində öz əksini tapır. O, Babilistan dünya imperiyası olmazdan 100 il əvvəl «Babil padşahı»nın özü haqqında hansı fikirdə olmasını belə təsvir edir: «Göylərə qalxacağam, taxtımı Allahın ulduzları [Davudun nəslindən olan padşahların] üzərində yüksəklərə yerləşdirəcəyəm... özümü Haqq-Taala kimi aparacağam» (Yeşaya 14:3, 4, 12-15; Saylar 24:17). «Babil padşahı»nın qüruru «bu əsrin tanrısı» olan Şeytanın ruhuna çox bənzəyir (2 Korinflilərə 4:4). Lakin Babil padşahlığı biabırçılıqla süquta yetdiyi kimi, Şeytanın təkəbbürü də fəlakətlə sona çatacaq.
2 Nə qədər ki Şeytan mövcuddur, bizi bə’zi suallar maraqlandıra bilər: bəs Şeytandan qorxmaq lazımdırmı? O, insanları nə üçün məsihçiləri tə’qib etməyə təhrik edir? Özümüzü Şeytanın kələklərindən necə qoruya bilərik?
İblisdən qorxmaq lazımdırmı?
3, 4. Məsh edilmişlər və yer üzündə əbədi yaşamaq ümidi olan digər məsihçilər İblisdən nəyə görə qorxmurlar?
3 İsa Məsihin Vəhy 2:10 ayəsindəki sözləri məsh edilmiş məsihçiləri çox ürəkləndirir: «Çəkəcəyin ələmlərdən qorxma. Budur, iblis sizlərdən bə’zilərini zindana atacaq ki, imtahan olunasınız. Və siz on gün əzab içində olacaqsınız. Ölüm bahasına da olsa sadiq qal, Mən sənə həyat tacını verəcəyəm». Məsh edilmişlər və yer üzündə əbədi yaşamaq ümidi olan məsihçilər İblisdən qorxmurlar. Lakin bu o demək deyil ki, onlar təbiətcə qorxmaz olduqlarına görə İblisdən qorxmurlar. Onların qorxmamasına səbəb Allaha olan ehtiram dolu qorxu hissidir. Məsihçilər Onun ‘qanadlarının kölgəsinə sığınırlar’ (Məzmur 34:9; 36:7).
4 İsa Məsihin erkən davamçıları qorxmazlıqla müxtəlif əzablara tab gətirmiş və ölümədək sadiq qalmışlar. Onlar Şeytan İblisdən qorxmurdular, çünki Yehovanın Öz sadiq xidmətçilərini heç vaxt tərk etmədiyini bilirdilər. Bu gün də, məsh olunmuş məsihçilər və onların əməkdaşları amansız tə’qiblərə baxmayaraq, Allaha sadiq qalmağa qəti qərarlıdırlar. Bununla belə, həvari Pavel məktublarından birində yazmışdı ki, Şeytan ölüm yetirə bilər. Məgər bu, qorxmaq üçün kifayət deyilmi?
5. İbranilərə 2:14, 15 ayələrindən biz nə öyrənirik?
5 Pavel yazırdı ki, İsa «qana və ətə müştərək oldu» ki, «ölüm üzərində hakimiyyətə malik olanı [«ölüm yetirə biləni», YD], yə’ni, iblisi ölüm vasitəsilə tə’sirsiz hala gətirsin və ömürləri boyu ölüm qorxusu səbəbilə əsarətə düşənlərin hamısını azad etsin» (İbranilərə 2:14, 15). Şeytan, «ölüm yetirə bilən» bir varlıq kimi, Yəhuda İskaryotu tə’siri altına saldı, İsanı e’dam etdirməkdən ötrü yəhudi rəhbərləri və romalılardan istifadə etdi (Luka 22:3; Yəhya 13:26, 27). Lakin İsa özünün fidiyə qurbanlığı sayəsində günahlı bəşəriyyəti Şeytanın əsarətindən qurtarır və ona əbədi yaşamaq ümidini verir (Yəhya 3:16).
6, 7. Şeytan nə dərəcədə ‘ölüm yetirə bilər’?
6 İblis nə dərəcədə ‘ölüm yetirə bilər’? Hələ başlanğıcdan, Şeytan yalanları və uydurmaları ilə insanların ölümünə səbəb oldu. Adəm Şeytanın təhriki ilə günah işlətdi, sonra günahı və onun gətirdiyi ölümü bəşər ailəsinə miras qoydu (Romalılara 5:12). Şeytanın yerdəki xidmətçiləri, İsa Məsihlə davrandıqları kimi, Yehovanın Şahidlərini də bə’zən ölümədək tə’qib etmişlər.
7 Lakin biz heç də düşünməməliyik ki, İblis istədiyi hər bir adamın ölümünə səbəb ola bilər. Yehova Ona məxsus olanları qoruyur və Şeytana heç vaxt imkan verməz ki, xidmətçilərini yer üzündən tamamilə silib atsın (Romalılara 14:8). Düzdür, Yehova xalqının tə’qiblərlə üzləşməsinə yol verir, hətta bə’zən elə olur ki, İblisin hücumları ucbatından xidmətçilərindən bə’ziləri həyatlarını belə itirir. Lakin Müqəddəs Yazılar, adları Allahın ‘yaddaş kitabına yazılanlar’ üçün gözəl bir ümid verir — onlar diriləcəklər. İblis isə bunun qarşısını heç cür ala bilməz! (Malaki 3:16; Yəhya 5:28, 29; Həvarilərin işləri 24:15).
Şeytan bizi nəyə görə tə’qib edir?
8. İblis nəyə görə Allahın xidmətçilərini tə’qib edir?
8 Biz Allahın sadiq xidmətçiləri olduğumuza görə İblisin bizi tə’qib etməsi təəccüblü deyil. Onun əsas məqsədi bizi imanımızdan döndərməkdir. Bizim üçün ən dəyərli şey səmavi Atamızla olan münasibətimizdir. Şeytan da bu münasibətləri pozmaq istəyir. Bu bizi təəccübləndirməməlidir. Hələ Eden bağında Yehova qabaqcadan Öz simvolik ‘qadını’ ilə ‘ilanın’ və onların «zürriyyətləri» arasında düşmənçiliyin olacağını xəbər vermişdi (Yaradılış 3:14, 15, KM). Müqəddəs Yazılar Şeytanı «qədim ilan» adlandırır və onun vaxtının az, qəzəbinin isə böyük olduğunu söyləyir (Vəhy 12:9, 12). İki tərəfin «zürriyyəti» arasında düşmənçilik hələ davam etdiyindən, Yehovaya sədaqətlə xidmət edənlər tə’qib olunacaqlarını gözləyirlər (2 Timoteyə 3:12). Sən Şeytanın tə’qiblərinin arxasında duran əsas səbəbi başa düşürsənmi?
9, 10. İblis hansı mübahisəli sualı ortaya qoyub və bu sual insanların davranış tərzi ilə necə bağlıdır?
9 İblis Allahın hökmranlığına dair mübahisəli sual qaldırdı və bununla əlaqədar başqa bir sual da irəli sürdü: insanlar öz Yaradanına sadiq qalacaqlarmı? Şeytan saleh Əyyubun üstünə tə’qiblər yağdırmağa başladı. Nəyə görə? O, Əyyubun nöqsansızlıq yolundan dönməsini istəyirdi. İblis o vaxt Əyyubun arvadı ilə onun üç nəfər ‘adamincidən təsəlliçilərindən’ öz məqsədləri üçün istifadə edirdi. «Əyyub» kitabında yazıldığı kimi, İblis Yehovaya meydan oxuyaraq, belə bir fikir irəli sürdü: Allah ona insanları sınamağa icazə versə, heç bir insan Allaha sadiq qalmayacaq. Lakin Əyyub nöqsansızlıq yolundan dönmədi və Şeytanın yalançı olduğu sübuta yetirildi (Əyyub 1:8–2:9; 16:2; 27:5; 31:6). Məhz bu səbəbdən Şeytan Yehovanın Şahidlərini tə’qib edib, onların nöqsansızlıq yolundan dönmələrini və öz iddiasının doğruluğunu sübut etmək istəyir.
10 Bunu bilməyimiz cəsarətli və möhkəm olmağımıza kömək edəcək (Qanunun təkrarı 31:6). Bizim Allahımız Kainatın Hökmdarıdır və nöqsansızlığımızı qorumaq üçün Özü bizə yardım edəcək. Gəlin sadiq qalmaqla Yehovanın ürəyini daima sevindirək. Bununla Allahımız Ona istehza edən Şeytan İblisə cavab verə biləcək (Süleymanın məsəlləri 27:11).
«Bizi hiyləgərdən xilas et»
11. «Bizi imtahana çəkmə» sözləri altında nə nəzərdə tutulur?
11 Nöqsansızlığı qorumaq asan iş deyil, bunun üçün Yehovaya ürəkdən dua etmək lazımdır. İsanın öyrətdiyi nümunəvi dua bu işdə xüsusilə böyük kömək ola bilər. Duanın bir hissəsində İsa belə demişdi: «Bizi imtahana çəkmə, fəqət bizi hiyləgərdən xilas et» (Matta 6:13, İ–93). Yehova bizi günahlı işlərlə imtahana çəkmir (Yaqub 1:13). Düzdür, Müqəddəs Yazıları oxuyanda hərdən elə təəssürat yaranır ki, bə’zi pis hadisələrin səbəbkarı Allahdır, ancaq həqiqətdə Yehova onların baş verməsinə sadəcə yol verir (Rut 1:20, 21). İsanın öyrətdiyi kimi dua etməklə, biz Yehovadan xahiş edirik ki, Şeytanın bizi azdırmasına yol verməsin. Biz Yehovanın buna yol verməyəcəyinə əminik, çünki Müqəddəs Kitabda Onun haqqında yazılıb: «Allah sadiqdir; O, gücünüzdən artıq imtahan olunmanıza razılıq verməz, lakin imtahan ilə yanaşı, qurtuluşu da tə’min edəcəkdir ki, tab gətirə biləsiniz» (1 Korinflilərə 10:13).
12. Nə üçün «bizi hiyləgərdən xilas et» deyə dua etməliyik?
12 Şagirdlərinə öyrətdiyi duada imtahan olunma haqqında danışdıqdan sonra İsa dedi: «Bizi hiyləgərdən xilas et». Müqəddəs Kitabın bə’zi tərcümələrində bu ayə fərqli tərcümə edilib, məsələn, 1996-cı ildə nəşr edilmiş «İncil» kitabında deyilir: «Bizi şərdən xilas et». Maraqlıdır ki, Müqəddəs Kitabda «xilas et» kimi tərcümə edilən yunan sözü əsasən şəxsiyyətə aid edilir, bu səbəbdən də «Mattanın Müjdəsi»ndə İblisin nə üçün «imtahan edən» bir şəxsiyyət simasında çıxış etməsi bizdə təəccüb doğurmur (Matta 4:3, 11). Buna görə də, «hiyləgərdən», yə’ni Şeytan İblisdən xilas olmaq üçün Yehovaya dua etmək son dərəcə zəruridir. O çalışır ki, bizi Allaha qarşı günah işlətməyə təhrik etsin (1 Saloniklilərə 3:5). Səmavi Atamıza «bizi hiyləgərdən xilas et» deyə yalvararkən, bizə İblisin kələklərinə düşməmək üçün rəhbərlik göstərməsini və kömək etməsini xahiş edirik.
İblisin sizə kələk gəlməsinə yol verməyin
13, 14. Korinflilər nəyə görə əxlaqsızlıq etmiş məsihçiyə qarşı münasibətlərini dəyişməli idilər?
13 Pavel Korinf yığıncağındakı məsihçiləri bir-birlərini bağışlamağa təşviq edirdi: «Kimə bir şey bağışlasanız, mən də bağışlayaram; çünki bağışladığım şeyi — əgər bir şey bağışladımsa — sizin üçün Məsihin hüzurunda bağışladım ki, Şeytan bizə üstün gəlməsin [«kələk gəlməsin», YD]; çünki onun fitnələrindən xəbərsiz deyilik» (2 Korinflilərə 2:10, 11). İblis bizə cürbəcür yollarla kələk gələ bilər. Bəs bu sözləri yazmağa Paveli təşviq edən nə idi?
14 Məsihçilər əxlaqsız bir insanın yığıncaqda qalmasına yol verdiklərinə görə, Pavel onları məzəmmət edirdi. Yığıncaq ‘bütpərəstlərdə belə rast gəlinməyən’ əxlaqsızlığa göz yumurdu. Bu vəziyyət gərək ki, Şeytanı sevindirirdi. Sonda, günah işlətmiş adam yığıncaqdan kənar edildi (1 Korinflilərə 5:1-5, 11-13). Bir müddətdən sonra o, tutduğu əməlindən peşman oldu. Əgər korinflilər bu adamı bağışlayıb onu yığıncaqda bərpa etməsəydilər, onda İblis onlara başqa yolla kələk gəlmiş olardı. Hansı yolla? Məsihçilər Şeytanın özü kimi sərt və mərhəmətsiz olardılar. Əgər peşmançılıq çəkən insan bu səbəbdən ‘həddindən artıq kədərə qərq olub’, Allaha xidmət etməkdən tamamilə əlini üzsəydi, onda xüsusilə ağsaqqallar, mərhəmətlə dolu olan Yehova Allahın qarşısında məs’uliyyət daşımalı olacaqdılar (2 Korinflilərə 2:7; Yaqub 2:13; 3:1). Elə bir məsihçi tapılmaz ki, qəddar, sərt və mərhəmətsiz olmaqda Şeytana bənzəmək istəsin.
Allahın zirehləri bizi qoruyur
15. Biz hansı müharibədə iştirak edirik və qələbəmiz nədən asılıdır?
15 Əgər Allahın bizi İblisdən xilas etməsini istəyiriksə, pis ruhi qüvvələrə qarşı ruhani müharibə aparmalıyıq. Bu müharibədə qalib çıxmağımız ‘Allahın bütün zirehlərini geyməyimizdən’ asılıdır (Efeslilərə 6:11-18). Məsələn, bu zirehlərdən biri ‘döşə taxılan salehlik zirehidir’ (Efeslilərə 6:14). Qədim İsrailin padşahı Şaul Allahın sözündən çıxdığı üçün Allah onu Öz müqəddəs ruhundan məhrum etdi (1 Şamuel 15:22, 23). Əgər biz saleh davranır və Allahın bütün zirehlərinin geyiriksə, onda Allah bizə Öz müqəddəs ruhunu, həmçinin Şeytan və onun cinlərindən lazımi mühafizəni verəcək (Süleymanın məsəlləri 18:10).
16. Şər ruhi qüvvələrdən daimi mühafizəni necə əldə etmək olar?
16 Şər ruhi qüvvələrdən daima qorunmaq üçün hər şeydən başqa, Allahın Kəlamını müntəzəm oxumalı və öyrənməli, ‘sadiq nökərbaşının’ təqdim etdiyi nəşrlərdən yaxşıca faydalanmalıyıq (Luka 12:42). Belə olduqda, Pavelin məsləhətinə müvafiq olaraq, zehnimizi sağlam ruhani düşüncələrlə qidalandıracağıq: «Qardaşlar, doğru, ehtiramlı, ədalətli, pak, cazibəli, e’tibarlı olan nə varsa, əgər bir fəzilət və tə’rifə layiq bir şey varsa, bunları düşünün» (Filipililərə 4:8).
17. Xoş xəbəri keyfiyyətlə bəyan etməyə bizə nə kömək edəcək?
17 Yehova ‘ayaqlarımıza sülh Müjdəsini təbliğ etmək hazırlığını geydirir’ (Efeslilərə 6:15). Biz məsihçi görüşlərində müntəzəm iştirak etməklə Allahın Padşahlığı haqqındakı müjdəni keyfiyyətlə təbliğ etmək üçün lazımi biliklərə yiyələnirik. İnsanlara Allah barədə həqiqətləri öyrədərək, Şeytanın fitnələrindən ruhani cəhətdən azad olmalarını görəndə ürəyimiz necə də sevinir! (Yəhya 8:32). ‘Ruhun qılıncı’, yə’ni Allahın Kəlamı olmadan yalan tə’limləri və «istehkamları yıxmaq» mümkünsüz olardı (Efeslilərə 6:17; 2 Korinflilərə 10:4, 5). Allahın Kəlamından məharətlə istifadə etməklə biz başqalarına həqiqəti öyrədəcək və özümüzü İblisin fırıldaqlarından qoruyacağıq.
18. Biz İblisin hiylələrinə necə qarşı dura bilərik?
18 Ruhani zirehlərimiz haqqında söhbətini Pavel belə açdı: «Rəbbdə və Onun üstün qüdrətində qüvvətlənin. İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın bütün zirehlərini geyinin» (Efeslilərə 6:10, 11). «Qarşı durmaq» kimi tərcümə edilmiş yunan sözü — əsgərin öz mövqeyində durması mə’nasını daşıyır. Şeytan birliyimizi pozmaq, tə’limlərimizi təhrif etmək və bizi tutduğumuz nöqsansızlıq yolundan döndərmək üçün müxtəlif fırıldaqlara əl atsa da, biz ruhani müharibəyə əzmlə davam etməliyik. İblis, nöqsansızlığını qorumağa qətiyyətli olan adamı dəf etmək gücündə deyil!a
İblisə qarşı durun və o sizdən qaçacaq
19. Şeytana fəal surətdə qarşı durmağın üsullarından biri hansıdır?
19 İblisə və onun hakimiyyəti altında olan pis ruhi qüvvələrə qarşı apardığımız ruhani müharibədə uğurlu ola bilərik. Şeytanın qarşısında qorxudan tir-tir əsməyə də səbəb yoxdur. Niyə? Görün şagird Yaqub nə yazır: «Allaha tabe olun, iblisə isə qarşı durun və o, sizdən qaçacaqdır» (Yaqub 4:7). Şeytana və pis ruhani varlıqlara fəal surətdə qarşı durmağın üsullarından biri — mistikadan, yə’ni cadugərliyin hər bir növündən və bu işlərlə məşğul olanlardan uzaq durmaqdır. Müqəddəs Yazılardan aydın görünür ki, Yehovanın xidmətçisi gələcəkdən xəbər verən əlamətləri izləməkdən, astrologiya və ya ulduz falından, spiritizm və baxıcılıq kimi əməllərdən imtina etməlidir. Əgər biz ruhani cəhətdən fəal və möhkəmiksə, onda kiminsə bizə cadu edəcəyindən qorxmalı deyilik (Saylar 23:23; Qanunun təkrarı 18:10-12; Yeşaya 47:12-15; Həvarilərin işləri 19:18-20).
20. Biz necə İblisə qarşı dura bilərik?
20 Biz Müqəddəs Kitab normalarına və həqiqətlərinə sadiq qalmaqla İblisə ‘qarşı dura’ bilərik. Bu dünyanın «tanrısı» Şeytan olduğu üçün, dünya öz allahının norma və qanunlarına əsasən yaşayır (2 Korinflilərə 4:4). Biz isə bu dünyaya xas olan qüruru, xudbinliyi, əxlaqsızlığı, zorakılığı və var-dövlət hərisliyini rədd edirik. Biz bilirik ki, səhrada imtahan olunan zaman İsa Müqəddəs Yazılardan istifadə edərək İblisə qarşı duranda, İblis qaçdı (Matta 4:4, 7, 10, 11). Eynilə, əgər biz Yehovaya bütün ürəyimiz və zehnimizlə tabe olur və dua etməklə ümidimizi Ona bağlayırıqsa, onda Şeytan bizdən qaçacaq (Efeslilərə 6:18). Yehova Allahın və Onun sevimli Oğlunun köməkliyi sayəsində, bizə heç kim, hətta İblis də, düzəlməz zərər vura bilməz! (Məzmur 91:9-11).
[Haşiyə]
a Allahın zirehləri haqqında daha ətraflı mə’lumatı, «Gözətçi Qülləsi» jurnalının 1992-ci il 15 may sayının 21-23-cü səhifələrində (rus.) tapa bilərsiniz.
Necə cavab verərdiniz?
• Şeytan İblisdən qorxmalıyıqmı?
• Şeytan məsihçilərin üzərinə nə üçün tə’qiblər yağdırır?
• «Hiyləgərdən» xilas olmaq üçün nəyə görə dua etmək lazımdır?
• Apardığımız ruhani müharibədə necə qələbə qazana bilərik?
[13-cü səhifədəki şəkil]
İblis Yehovanın yaddaşında olanların dirilməsinə heç cür mane ola bilməz.